Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

YAXŞILIQLARIN ƏVƏZİNDƏ ÖLÜM

Bu andıra qalmış arxa çantası olmasaydı, hər şey lap yaxşı olardı. Yaxşı da sözdü? Hər şey dərhal gözəlləşər, hətta, mən deyərdim, füsunkar və maraqlı olardı. Bir yandan da bu isti. Hava da elə bil od tutub yanır. Bir şey var ki, bu çanta oldu-olmadı, günəş onsuz da bəs eləyir. Elə bil kimsə böyüdücü şüşəni başına, təpənin ortasına tuşlayıb, səndən əl çəkmir, gözləyir, görsün nə olacaq.

Adamın başı o qədər qızır ki, bircə ağcaqanad da yaxın düşə bilmir, yəqin yanmaqdan qorxur. Amma mən başqa şeyə məəttəl qalmışam:

görən insan niyə bu qədər qəribə yaranıb; bütün bədənin bayırdan tamam su içindədir, gözlərinin üstünü tor basıb, burnunun ucundan damcı-damcı yerə tökülür, amma dilin-ağzın qupqurudur.

İçin-içalatın o qədər quruyub ki, boğazın qovuşur. Nə qədər əlləşsən, bir qırıq tüpürcəkdən savayı heç nə əlinə gəlməyəcək, o da ki, acı, yapışqan kimi. Necə ki yerə tüpürməmisən, elə bilirsən rəngi yaşıldır. Bu andıra qalmış cığırın da nə ucu var, nə bucağı, elə hey yuxarı qalxır. Düşərgədən çıxandan bəri heç düz yeri olmayıb, əksinə, get-gedə daha da sıldırımlaşıb! Elə hey üzüyuxarı, dağlara dırmanmışıq. Özü də bilirsən hansına? Kiçik Qafqaz sıra dağlarına.

Yaxşı ki, hələ böyüyü deyil, o yəqin bundan da çətin olardı.

Aşırıma isə nə az, nə çox, on kilometr yol qalıb. Adam az qalır hər şeyə tüpürsün, buradaca yerə döşənib, gözlərini yumsun. Addım atmağa heyim qalmayıb, axı insan nə liftdir, nə funikulyor! Ax nə bu çantanı bu saat çiynimdən çıxarıb soldakı uçuruma tullayardım!

Gör indi o, dərənin dibindəki daşlara dəyib necə danqıldayacaqdı?!

Nə rəngli fənərə, nə də fotoaparata hayıfım gələrdi. Axı mən niyə bu uşaqlara qoşuldum? Gərək hamı kimi avtobusla gedəydim. İki saatdan sonra evdə olacaqdım. Hələ gör indi evdə nə toy tutacaqlar mənə. Anam o dəqiqə deyəcək ki, Bakıya yola düşməyə bir gün qalmış, mən onun bütün istirahətinə soğan doğramışam. Elə avtobusda olmadığımı görən kimi, hövsələdən çıxacaq. Və Timka ona, narahat olmasınlar, axşamacan gələcəyimi dediyimi bildirəndən sonra tamam dilxor olacaq. Başlayacaq deyinməyə: hamının uşağı avtobusnan gəlib, bircə mən özümdən hoqqa çıxarmışam, ataanama yazığım gəlmir, kefim nə istəyir, onu da eləyirəm. Bir baxıb görəydi nə kefdəyəm! Atam, sözsüz, etiraz eləyəcək buna, deyəcək ki, nə pis iş olub, axı qoy uşaq müstəqil yaşamağı öyrənsin və s.

Belə hallarda o, həmişə mənə qahmar çıxır. Anam isə bir az da hirslənəcək. Deyəcək ki, elə atamın müstəqilliyi deyilmi onun canını boğazına yığan? O da hamı kimi başı sakit, qulağı dinc yaşamaq istəyir, tay bu cür əndişəynən yox, onun dərdini çəkməkdən vaxtından tez qocalıb, tay-tuşlarından iyirmi yaş böyük görünür. Onda atam qaqqanaq çəkib özündən gedəcək və deyəcək ki, anam nə dediyini heç özü də bilmir, çünki o nəinki rəfiqələrinin hamısından, hətta Bakıda, Azərbaycanda, bəlkə də bütün qonşu ölkələrdə yaşayan qadınların hamısından gözəldir. Doğrudan da, anam çox gözəldir və qoca-zad da deyil. O özü qəsdən belə deyir, istəyir ki, atam indiki işindən əl çəksin, axı o, neftçidir, dənizdə işləyir. Hər dəfə dənizdə yeni bir polad ada tikiləndə atam öz briqadası ilə ora köçür, quyu qazır, neft tapandan sonra onu istismarçılara təhvil verir. İndiyə kimi bütöv bir arxipelaq işə salıb. Mən onu xəritədə də görmüşəm.

Atam hər dəfə söz verir ki, yaxşı hava olan kimi, məni də özü ilə ora aparacaq, aparar da, amma anam qoymur, deyir, ovcumun içi kimi bilirəm ki, atam məni ora aparsa dənizdə güclü xəzri əsməyə başlayacaq, xəzri də başladı, nə vertolyotnan, nə də katernən sahilə qayıtmaq mümkün deyil. Ola bilər aylarla orda qalasan. Ancaq havalar sakit olanda atam hər on gündən bir evə gəlir, bir həftə qalıb dincəlir. Atamın maaşı çoxdur, amma bu da anama təsir eləmir, deyir, təki gecələr qulağı dinc, əndişəsiz yatım, o pullar mənə lazım-zad deyil. O elə doğrudan da buna görə deyingən olub, çünki atam dənizdə olarkən hər dəfə tufan başlayanda gecələr səhərə kimi yatmır. Atam hər şeydə anamla razılaşsa da, bu işindən əl çəkmək istəmir. Anam nə qədər yalvarır, onu dilə tutur, heç cür razılaşmır.

Bir dəfə atam dənizdəydi. Vasif dayı arvadı Sona xala ilə bizə qonaq gəldi. O da neftçidir, institutu atamla bir yerdə qurtarıb, amma Vasif dayı quruda, Suraxanıda işləyir. Ordan-burdan söhbət eləyirdi, birdən dedi ki, o vaxt atama şəhərdə yaxşı bir iş – neft sənayesi nazirliyində şöbə rəisi vəzifəsini təklif etdilər, özü razı olmadı.

Düzdü, Vasif dayı bu söhbəti pis niyyətnən başlamamışdı, çünki o, atamın xətrini çox istəyir. Bilsəydi, axırı bu cür qurtaracaq, heç ağzını da açmazdı, ona görə ki, bunu eşidən kimi, anamın sifəti ağappaq ağardı və birdən-birə susdu, bayaqdan bəri deyib-gülən adamdan əsər-əlamət qalmadı. Vasif dayı da, arvadı da yaman pərt oldular. Sonra Vasif dayı söhbəti dəyişməyə çalışdı, dedi ki, bəlkə ona düz deməyiblər, bəlkə də heç belə şey olmayıb, atama heç kim heç nə təklif eləməyib. Amma çox gec idi. Hamı bilirdi ki, bundan sonra anamı inandırmaq mümkün deyil. Deyəsən, Vasif dayı da bu söhbəti başladığına yaman peşman olmuşdu. Ancaq atam evə qayıdandan sonra bizim evdə qopan həngamənin yanında bunların hamısı boş şey idi. Onların bu cür möhkəm dalaşdıqlarını ömrümdə görməmişdim. O axşam gecəyə kimi, bir-biriynən deyişdilər. Yəqin onların necə qışqırdıqları küçədə də eşidilirdi. Sonra anam şeyşüylərini çamadana doldurdu, məni də götürüb nənəmgilə – öz anasıgilə apardı. Atam arabir ora zəng vururdu, ancaq anam hər dəfə atamın səsini eşidən kimi, dəstəyi asırdı və hər dəfə də dəstəyi yerinə qoyandan sonra hönkürməyə başlayırdı. Düz bir ay atamın üzünə həsrət qaldım, onsuz yaman darıxırdım o bir ayı.

Sonra barışdılar. Siftə elə bildim yuxu görürəm, ancaq tezdən mənə dedilər ki, atam doğrudan da gecə bizə gəlibmiş. Bir onu başa düşmədim ki, atam anamı necə yola gətirə bildi, axı o, iş yerini hələ də dəyişməyib, hələ də dənizdə işləyir. O vaxtdan il yarım keçib, ancaq bu günəcən bir dəfə də dalaşmayıblar. Elə burda, istirahət evində də hər şey sakit keçdi. Atam birinci gündən axırıncı günə kimi yanımızda qaldı. Əvvəllər belə olmurdu, bir də görürdün ikiüç günlüyə harasa çıxıb getdi. Bu dəfə isə ancaq bir-iki dəfə qəsəbədən Kislovodska getdi ki, Bakıya zəng vursun. Qalan günləri həmişə yanımızda idi.

Daha dözmürəm. Qıçlarım qırılır. Bəlkə uşaqlara deyim. Deyim ki, tay gücüm çatmır, addımımı ata bilmirəm. Yox, heç nə demək lazım deyil. Bir də ki, dedim, nə xeyri. “Dördgöz” deyə məni lağa qoyacaqlar, bəlkə də lap döyəcəklər. Özü də Kəmalənin gözünün qabağında. Bilmirəm, niyə razı oldum bunlarnan getməyə? Heç könlüm yox idi, elə istəyirdim Əliyə deyəm ki, yox, mən getmək istəmirəm. Sabir söz atdı, guya mən bircə dərsə gedəndə anamdan icazə almıram. Heç buna da məhəl qoymayacaqdım, ancaq birdən Kəmalə dilləndi: “Niyə ona yalvarırsınız, özü bizimlə getmək istəyir”. İstəyirə bax ey! İstəyib-eləmirdim. Amma gedirəm deyəndə özüm də qulaqlarıma inanmadım.

Bir bunlara bax, elə bil indicə xoda düşüblər. Düzdü, ta bayaqkı kimi danışıb-gülmürlər, səslərini udublar, bir azca da tövşüyürlər.

Yox, bunlar ta aşırıma çatmayınca dayanan deyillər. Bir də ki, gərək bir adam boynuna ala ki, yorulmuşam. Ölsələr də boyunlarına almazlar. Nə Əli, nə də Sabir. Hamısı də Kəmaləyə görə. Ən axmaq adam da bilər ki, ikisi də Kəmaləyə vurulub. Ancaq bir ona məəttələm ki, bəs Kəmalə niyə yorulmur? Əslinə qalsa, yaman şumal, boy-buxunlu qızdı, az qala Əliynən bir boydadır, bir az Sabirdən gödəkdir. Məndən isə düz bir baş hündürdür. Bu sizə qəribə gəlməsin, mən onsuz da sinifdə boyca hamıdan kiçiyəm, ona görə ki, altı yaşından getmişəm məktəbə. Siftə götürmək istəmirdilər.

Sonra birtəhər götürdülər, istisna kimi, RXMŞ-in icazəsi ilə. Ona görə ki, sərbəst oxuyur, ikinci sinfin riyaziyyat məsələlərini həll eləyə bilirdim. İcazə verməmişdən qabaq məni RXMŞ-də yoxladılar da. Və bu qədər düzgün oxumağıma hamısı məəttəl qaldı. İndi də sinifdə heç kim məndən tez oxuya bilmir. Ancaq bunu heç kimə bildirmirəm, qəsdən bir neçə dəfə yavaş oxuyuram, çünki bu qədər sürətlə oxuya bildiyimə heç müəllimlər də inanmır. Kim istəyir ki, onu yalançı kimi tanısınlar. Bir dəfə məktəbdə Sabirdən “Kapitan Bladın Odisseyi” kitabını aldım və sabahı gün də özünə qaytardım.

Siftə elə bildi ki, kitab xoşuma gəlməyib, ancaq mən ona “çox yaxşı kitabdır” deyəndə, bərk hirsləndi və dedi ki, oxumaq istəmirsənsə, düzünü de, daha gopa basmaq nə lazım, bu boyda kitabı da bir gecəyə oxuyub qurtarmaq olar? And-aman elədim, inanmadı. Bütün kitabı başdan-ayağa mənə danışdırdı. Sonra özündən çıxdı, boynumun kökünə bir şapalaq ilişdirib dedi ki, indi də məni dolamaq istəyirsən, yəqin əvvəllər oxumusan bu kitabı. Mən özüm o kitabı on günə gücnən oxuyub qurtarmışam. O, kitab oxuyanda sifəti codlaşır, bircə dodaqları tərpənir. O gündən bəri kimdən kitab götürürəmsə, oxuyub qurtarandan sonra bir neçə gün də özümdə saxlayıb sonra yiyəsinə qaytarıram. Belə daha yaxşıdır, şapalaq-zad vuran olmur.

Birdən Kəmalə dayandı, nəfəsini dərib soruşdu:

– Yorulmamısan ki?

– Yox, – bunu Əli dedi, hətta başını da buladı. – Mənciyəz yorulub-eləməmişəm. – Ancaq ləhləyə-ləhləyə qalmışdı.

Sabirsə dönüb elə baxdı ki, elə bil dəvədə buynuz görmüşdü, yəni bu nə sözdü?

– Bəs sən? – Kəmalə üzünü mənə tutdu. Gözümün içinə baxabaxa gülürdü.

Onun bu cür güldüyünü görəndə çənəmi əsməcə tutdu. Mənim də qəribə çənəm var e, heç gözləmədiyim bir vaxtda səyriməyə başlayır; bircə dəfə, özü də dörd tərəfə, amma nə olsun, yəqin kənardan baxan hiss eləyir. İstəyirdim deyəm ki, yorulmamışam, Kəmalə məni qabaqladı:

– Elə mən də yorulmuşam. Ayaqlarım qırılır. O ağaca çataq, orda oturub dincimizi alarıq.

Ağacın kölgəsində, otluqda uzandıq. Adama elə ləzzət eləyirdi ki, deməyə söz tapmıram. Sonra Kəmalə öz çantasından bir neçə buterbrod çıxartdı və biz onları bir andaca udduq. Adama iki dənə qayğanaq buterbrodu. Öz çantamızdakıları da yemək istəyirdik, amma Sabir qoymadı, dedi ki, yoxuşa çıxmazdan qabaq çox yemək olmaz.

Belə yaxmacın onunu da yesəm doymazdım. Ancaq Sabirnən mübahisə eləməsən yaxşıdı. Başqasına da məsləhət görmürəm. Nahardan sonra ağacın altında yarım saat da oturub, əməlli-başlı dincimizi aldıq. Yorğunluğumuz tamam çıxdı. Kəmalə dedi ki, aşırıma çatanda yola çıxarıq. Bir maşın saxlatdırıb evə gedərik. Bu təklif mənim ürəyimdən oldu, amma məncə Sabirnən Əlinin o qədər də xoşlarına gəlmədi. Ancaq bir söz demədilər, eləcə başlarını tərpətdilər, çünki onlar onsuz da sözümə məhəl qoyan deyildilər. Sonra nədənsə söhbət düşdü – əvvəlinə qulaq asdım, dalına fikir vermədim, çünki bir şeir yadıma düşdü, o şeiri mən tez-tez xatırlayıram, özü də yadıma düşən kimi ətim ürpəşir, hətta boğazım quruyur, nəfəs ala bilmirəm, qarnımı sancı doğrayır. Və o şeir hər dəfə yadıma düşəndə, xüsusən də tək olanda, heç cürə təkrar etməyə bilmirəm. Bir dəfə necə oldusa, bunu anama danışdım, o da dedi ki, yəqin mən çox həssas adamam, tez təsirə düşürəm, ona görə də bu cür şeirləri oxumaq mənim üçün hələ çox tezdir. Soruşdum ki, axı niyə? Niyəsini mənə başa salmadı, dedi: tezdi, vəssalam və narazılıqla başını buladı.

– Nə fikrə getmisən? – Kəmalə soruşdu.

– Heç, elə-belə, – dedim. – Yadıma bir şey düşmüşdü.

Elə baxdı ki, elə bil nə fikirləşdiyimi məndən də yaxşı bilirmiş, ancaq bir söz demədi. İntəhası, Əlinin dili açıldı. Mən elə hiss eləmişdim ki, o, bu dəqiqə nə isə xoşagəlməz bir söz deyəcək.

– Qorxusundan indi onun yadına heç nə düşməz. Fikri-zikri budur ki, axşam evə qayıdanda ata-anasına nə cavab verəcək.

Sataşır da mənə. Yaxşı ki, onun bu sözlərinə heç kim gülmədi, heç dodağı qaçan da olmadı. Sabir elə tərs-tərs onu süzdü ki, elə bildim bu saat vuracaq. Çünki onun nə vaxt dava eləmək istədiyini dəqiq bilirəm, amma bu dəfə yanıldım. Yəqin Kəmaləyə görə özünü saxladı.

– Yaxşı, – Kəmalə dedi və ayağa qalxdı. – Getdik, yoxsa gecəynən də evə gedib çatmarıq.

Yola düzəldik. Yaman təəccüb qalmalı iş idi, heç biri dillənmirdi.

Adətən, ikisi də Kəmaləni görən kimi, xoda düşürdülər, bir-birinə aman vermir, biri o birindən daha maraqlı danışmağa çalışır. Hələ bu nədi, vay odu ya lətifə danışmağa, ya da zarafat eləməyə başlayalar.

Onda əhvalım tamam dəyişir, bilmirəm neynəyim, axı gərək güləsən, bu boyda adam lətifə söyləyir, amma, neynəyirəm, gülməyim gəlmir. Kəmalə isə uğunub özündən gedir. Siftələr elə bilirdim, onlar gülməli danışa bilmirlər, ancaq Kəmalənin necə uğunub özündən getdiyini görəndən sonra bu qərara gəlmişəm ki, yəqin mənim yumor hissim korlanıb.

Kəmalə də lal-dinməz yeriyirdi. Adətən, o, “Oyy, laləyə bax”, “Oyy, edelveys” – deyə qışqırardı, indi isə key kimiydi, heç qabağından kərtənkələ qaçanda da qışqırmadı. Yəqin başdan xarab heyvan imiş, yoxsa, ayaq altına soxulmazdı. Sonra qabağımızdan bir neçə kərtənkələ də qaçdı. Belə şey ömrümdə görməmişəm.

Bunlar istidən başlarını itiriblər, nədi?

– Yaman bürküdü, – Kəmalə dedi və dodaqlarını yaladı.

– Deməli, tufan qopacaq, – deyərək Sabir əlindəki siqareti kənara tulladı. O da dodaqlarını yaladı. – Kərtənkələlər özlərinə yer tapmırlar, quşlar da susub. Görərsiniz, axşama bərk tufan qopacaq.

Birdən-birə ətrafın necə dərin bir sükuta qərq olduğunu hiss elədim. Heç bircə xışıltı da eşidilmirdi.

– Saat yarıma aşırımdayıq, – Sabir dedi. – Mən sizi ən kəsə yolla gətirmişəm. Düzdü, hər yerdə yoxuş olub, amma bundan kəsəsini tapa bilməzsən.

Sabirin yaxşı yaddaşı vardı. Bir dəfə gördü, bəs eləyir, ən qarmaqarışıq yol yadından çıxmır. Elə Bakıda da səni hardan-hara desən:

istəyir sirkə, istəyir kinoteatra, gözüyumulu aparar. Və ömründə havayı söz danışmaz. Buna görə onun xətrini çox istəyirəm. Həm də yalnız buna görə yox. Hayıf ki, xasiyyəti çox tünddür. Bir şey olan kimi, dava-dalaş salır. Sinifdə hamı ondan qorxur. Əlidən də qorxurlar, ancaq o qədər yox. Əli turnikdə Sabirdən üç dəfə çox dartınsa da, dəxli yoxdur, dalaşanda Sabir onun əngini əzir. Çörək zavodunun həyətində tutaşmışdılar, bütün sinif tamaşaya yığılmışdı.

Əli bizə 74 nömrəli məktəbdən gəlmişdi, çünki bizim rayonda, məktəbimizin lap böyründə təzə mənzilə köçmüşdülər. O gələnəcən Sabir sinifdə hamıdan güclü hesab olunurdu. Bir dəfə, bilmirəm nəyə görəsə, sözləri çəp gəldi, şərtləşdilər ki, dərsdən sonra görüşsünlər və ya biri bəsdi deyənəcən, ya da qan çıxanacan vuruşsunlar. Sabir Əlinin burnunu əzdi. O da aşağı əyilib, cib dəsmalı ilə burnunun qanını silə-silə dedi ki, eyibi yox, səniynən bir də görüşərik. Qəfil Sabir qolunu qaldırıb var gücü ilə Əlinin təpəsinə bir yumruq ilişdirdi! Axı bu cür qayda yox idi. Uşaqlar tökülüşüb onları aralaşdırdılar. Sonra özləri barışdılar, ancaq mən ovcumun içi kimi bilirəm ki, onların bir-birindən zəhləsi gedir və haçansa bir də dalaşacaqlar. Bircə mənnən işləri yoxdu, düzdü aradabir boynumun kökünə bir şapalaq çəkirlər, ancaq hər şey bununla da qurtarır. Çünki mənnən dalaşmağı özlərinə sığışdırmırlar.

Əsas da ona görə ki, məni bədən tərbiyəsi dərsindən azad eləyiblər.

Heç kəs azad eləməyib, bir bunu deyiblər ki, bədən tərbiyəsi dərsinə dördüncü siniflə bir yerdə gedim, çünki öz sinfimizdə hamı məndən iki yaş böyükdür. Mən də o dərsə gedə bilmirəm. Axı necə gedim, birinci gün onlara bədən tərbiyəsi olanda, bizdə riyaziyyatdır.

Bir də ona görə ki, eynək taxıram.

Sabirin niyə həmişə mənə qahmar çıxdığını özüm yaxşı bilirəm, amma nə olsun, yenə mənim üçün xoşdur. Bir partada otururuq.

Hər dəfə yoxlama işi yazanda istəyir cəbrdən, ya tarixdən, ya da lap təbiətşünaslıqdan olsun – onun variantını da mən yazıram.

Düzdü, siftə özümünkünü, sonra onunkunu. İkisinə də vaxt çatır.

Ona görə yox ki, mən yaxşı oxuyanam və ya çox çalışqanam, yox, sadəcə bizə verilən yoxlama işləri çox asan olur. Hətta bəzən buna tamam təəccüb edirəm.

Sabir dedisə, deməli, axşam yəqin ki, tufan qopacaq. Amma baxıram ki, göydə bircə bulud da yoxdur, göy üzü apaydındı. Gündüzlər yatan deyiləm, amma indi nədənsə yuxu məni basır. Deyəsən,elə o biri uşaqları da. Kəmalənin də, Əlinin də, Sabirin də gözlərindən yuxu tökülür. Bircə aşırıma çatsaydıq, bircə bir maşına otursaydıq...

bir sata evdəyik!

Külək əsməyə başlayan kimi, hava sərinləşdi. Həm də arxadan əsdiyinə görə bu andıra qalmış yoxuşu qalxmaqda yaman karımıza gəldi. Elə bil kimsə yüngülcə kürəyimizdən qabağa itələyirdi. Ancaq uzun sürmədi bu. Beş-on dəqiqə keçmişdi ki, külək güclənməyə başladı. İndi o bizə, əksinə, mane olurdu, az qalırdı adamı apara.

Ömrümdə belə şey görməmişdim. Lap kinolardakı kimi oldu. Onu demək istəyirəm ki, baxırsan ekranda gecədir, ancaq heç bir dəqiqə keçmir, səhər açılır. İndicə günün günortaçağıydı. Gün adamın təpəsini yandırırdı, birdən qaranlıq çökdü. Göyə baxdım, ürəyim qopdu. Səmanı qara buludlar örtmüşdü və buludlar o qədər aşağıdan ötüb keçirdilər ki, əl uzatsan çatardı. Dördümüz də dayandıq, yerimək mümkün deyildi. Əvvəlcə bir-birimizdən yapışıb durduq, sonra külək bizi aparmasın deyə yerə çöməlib böyürtkən kolundan yapışdıq. Tikanları əlimizə batsa da, kökü möhkəmdi. Kəmaləyə baxdım, qorxudan bənizi ağappaq ağarmışdı. Mən də onun kimi, çünki qorxurdum külək birdən bizi aşağıdakı uçuruma atar. Çox uzaq deyildi, cığırdan uçuruma iyirmi metr ancaq olardı. Hava o qədər soyudu ki, dişimiz dişimizə dəydi. Mənə desəydilər ki, avqustun axırında bu cür soyuq olar, ömrümdə inanmazdım. Böyürtkən kolundan yapışaraq bir-birimizə qısılmışdıq. Birdən altımızda yer tərpəndi, sanki burda yox, vaqonda kupedə oturmuşduq, qatar yola düşdü. Sonra yerin təkindən qəribə bir uğultu gəldi, boğuq, zəif bir uğultu. Dalınca qar yağdı, heç yan-yörəmizə boylanmağa macal tapmamış hər tərəf ağappaq ağardı. Soyuqdan əməlli-başlı donmuşdum, ancaq bunu heç kəsə bildirmədim. O biri uşaqlar kimi mən də bir şortı – qısa şalvar, bir köynək geymişdim. Çantada isti paltar adına heç nə yox idi. Nə qədər vaxt keçdi, bilmədim. Sabir başını yerdən qaldıranda hələ də qar yağırdı. O, ayaq üstə durmadı, yoxsa külək aparardı, elə çöməltmə də gücnən dayanmışdı.

– Mən gedim, – dedi, – daldalanmağa bir yer tapmaq lazımdı, yoxsa burda təmiz donarıq, qabaqdan gecə gəlir.

– Heç nə lazım deyil, – Əli dedi. – Görmürsən nə həngamədi?

Uçuruma-zada düşərsən, onda vay halına. Yəqin dalımızca gələn olacaq.

– Bu havada bura heç kim gələ bilməz. Siz məni burda gözləyin.

Özü də heç yana tərpənməyin. – Sonra geriyə dönüb kollardan tuta-tuta qabağa getdi.

Çox ürəyimdən keçdi ki, mən də durub onunla gedim, ömrümdə heç nəyi bu qədər arzulamamışdım, ancaq əlimi böyürtkən kolundan bir anlığa çəkən kimi, məni elə vahimə basdı ki, o dəqiqə koldan ikiəlli yapışdım.

– Sabir, – Əli var gücü ilə qışqırdı. – Sabir!

Ancaq o, cəmisi on metr bizdən aralıda olsa da, eşitmədi.

– Mən də səninlə gedirəm, gözlə!

Bilirdim ki, bu saat mən də durub onlarla getsəm, bu uşaqlar hər şeyi mənə bağışlayardılar və bir də heç vaxt mənə yuxarıdan aşağı baxmazdılar, ancaq böyürtkən kolundan əlimi heç cürə çəkə bilmirdim.

Kəmaləynən bir-birimizə qısılmışdıq, daha oturmağa da qorxurduq, ona görə də çantaları yerə atıb üstünə uzanmışdıq, ancaq yenə də soyuq idi, yenə də üşüyürdük. Birdən Kəmalə ağladı, siftə elə bildim yanaqlarında qar əriyib, sonra gördüm için-için hıçqırır. Ona yazığım gəldi, amma çaşıb qalmışdım, bilmirdim necə ovundurum onu.

– Qorxma, – dedim. – İndi görərsən, hər şey yaxşı qurtaracaq.

Bu andıra qalmış külək də indi kəsər.

– Yəqin onlar azdılar, – dedi və bərkdən hönkürməyə başladı.

– Belə yerdə adam azmaz, – dedim. – Sol tərəf dağdı, istəsən də ora çıxa bilməzsən, sağ tərəf uçurum.

– Uçurum yadıma düşəndə boğazım qurudu.

Bundan sonra nə o dindi, nə də mən. Sadəcə, yerdə uzanıb, donmağımızı gözləyirdik.

Deyəsən mürgüləmişdim, çünki Sabir çiynimdən yapışıb məni qaldıranda, çaşıb qaldım, bilmədim hardayam.

– Budu ey, bu yaxında, – o, qulağıma qışqırdı, – bir qaya çatdağı var, birtəhər hamımız ora sığışarıq! Dalımca gəlin!

– Bəs Əli hanı? – Kəmalə soruşdu.

– Ordadır, gözləyir ki, biz o yeri itirməyək. Təsadüfən tapdıq.

Elə yerdədir ki, heç bilinmir. Çantalarınızı götürün. Əlininkini mən apararam.

Kol-kosdan tuta-tuta sürüşkən yoxuşla üzüyuxarı qalxırdıq, tutmağa bir şey tapmayanda, gerçəkcə dizin-dizin sürünürdük. Mənə elə gəldi ki, Sabir o yeri itirib və bu yol heç vaxt qurtarmayacaq, düz aşırıma qədər elə-beləcə dizin-dizin, sürünə-sürünə gedəcəyik.

Birdən Əlini gördüm, divar kimi, sıldırım bir qayanın dibində durmuşdu və o qaya ortasından çatlamışdı.

– Gəlib çıxdıq, – Sabir dedi.

– Bəs tapdığınız yer hanı? – Kəmalə soruşdu.

– Budu ha! – Əli qayadakı ensiz çatı göstərdi. – Girin görək.

İstəyirsiniz qabaqca mən girim. Gəlin, gəlin, hələ yer çoxdur, hamıya çatar.

Sabir olmasa, neyləyərdik? Düzdü, bu yarıq çox ensiz və çox narahat yer idi, oturmağa da yer yox idi, kürəyimiz bir divarına, burnumuz da o biri divarına dirənmiş halda yan-yana ayaq üstə güclə dayanmışdıq, ancaq bayırdakı kimi soyuq deyildi, hətta mən deyərdim ki, istiydi, başlıcası, o andıra qalmış külək buranı tutmurdu.

Və bu yarıqda havadan torpaq ətri gəlirdi, özü də adi torpaq yox, nəm torpaq ətri. Torpağın ancaq onu ağac əkmək üçün qazanda belə ətri olur və mən bu ətri çox sevirəm. Hər yaz uşaqlar məktəbin həyətində ağac əkəndə o yadıma düşür. Qəribədir, bəs burda bu iy hardan gəlir.

– Yatırsan, Kəmalə? – Sabir soruşdu.

– Yox.

– Bəs onda niyə dinmirsən?

– Fikirləşirəm, – Kəmalə dedi. – Fənərimiz ola-ola niyə belə qaranlıqda qalmışıq?

Qaranlıqda qalmaq min dəfə yaxşıdı. Tutaq ki, fənərin işığını da yuxarı, ya irəliyə tuşladın, diş-diş qaya divarlarından savayı nə tapacaqsan burda. Bayıra tərəf yönəltdik – külək qarı dördnala çapırdı, sağ tərəfdə qatı qaranlıq, deyəsən, bu çatdağın lap dərinliklərinə qədər işləyir.

– Görən, irəli getsək, nə olar? – Əli dedi.

Nahaq yerə dedi bunu, dərhal dalağım sancdı.

– Bilmək istəyirsən, get bax, – Sabir dedi. – Ancaq tələsmə, ayağının altına baxa-baxa yeri, gözlə, çalaya-zada düşərsən. Belə dur, yol ver görüm. – Sonuncu söz mənə aid idi.

Mən ona necə yol verə bilərəm? Yenə dovşan boyda, toyuq boyda olsaydı, təhri vardı, axı o, nə ondandı, nə də bundan. Tutaq ki, birtəhər mənim böyrümdən sivişib keçə bildi. Bəs sonra? Kəmalənin yanından necə keçəcəydi? O da ki, maşallah, iki mən boyda.

– Gəlin, üçümüz də bir dəqiqəliyə bayıra çıxaq, – Sabir dedi, – sonra birinci mən girim. Əlinin dalınca gedim. Bəlkə bu yarıq irəlidə genişlənir, yoxsa, sabaha kimi ayaq üstə dayanmalı olacağıq.

– Əli getdi də, – mən dedim, – bir şey olsa gəlib deyəcək.

– Yaxşısı budur, sən mumla. – Sabir üstümə çəmkirdi. – Qızındın deyəsən? Bayaqdan dilin batmışdı, indi başlamısan cükküldəməyə.

Bilir ki, Kəmalə eşidir, amma vecinə deyil, bəlkə də qəsdən məni onun yanında təhqir eləyir.

– Mən heç yana çıxan deyiləm, – Kəmalə dedi, – yəqin təmiz sətəlcəm olmuşam.

– Dedim ki, bircə dəqiqəliyə, – Sabir burnunun altında mızıldandı.

O, Kəmalə ilə həmişə belə nəzakətlə davranır. Ondan başqa heç kəsnən. Həmişə də Kəmalənin yanında özünü oda-közə vurur.

Ən axmaq adam da başa düşər ki, Sabir ona vurulub. – Bundan bir az geniş yer tapsaydıq. Ayaq üstə çox dayana bilməyəcəyik.

– Olsa, Əli tapar, – Kəmalə ötkəmliklə dedi.

– Hə, hə, elədi, Əli tapar, – Sabir yenə mızıldandı.

Əlimin içi kimi bilirdim ki, Sabir innən belə on gün də burada beləcə ayaq üstə dayanmağa razı olar, təki Əli onsuz heç nə tapmasın.

Birdən hiss elədim ki, Sabir ayağımdan yapışdı.

Deməli, o qərara gəlib ki, ayaqlarımın arasından sivişib keçə bilər. Yəqin gümüş əsgər heykəlciyi kimi, yanı üstə yerə tirlənib.

Yavaş-yavaş irəli dürtülür, mən də dinib eləmirəm, nə olar, mənə nə ziyanı. Ancaq görüm Kəmalə də susacaqmı? Axı məndən sonra o gəlir, deyib-eləməmiş bu qaranlıqda onun ayaqları arasından necə sivişib keçə bilər? Bir hadisədən sonra mən qızlarnan çox ehtiyatlı dolanıram. Bir dəfə Vasif dayının qızı Məryəmlə bir yerdə dərsdən evə qayıdırdıq. Evləri bizimkinə yaxındı. Yol boyu ordan-burdan söhbət eləyirdik. Birdən ona bir fokus göstərmək istədim, o fokus hamının xoşuna gəlir və düzdü, siftə bir balaca qorxurlar, amma sonra özlərinə də ləzzət eləyir. Hə, deməli, Məryəmnən söhbət eləyə-eləyə evə qayıdırdıq. O məndən üç yaş böyükdür, özü də çox şumal, canlı-cəsədli qızdır. İl boyu işi-gücü Azneft meydanındakı tennis kortunda tennis oynamaqdır. Mən də getmək istəyirdim ora, ancaq uzağı pis gördüyümə görə götürmədilər. Üzgüçülük istəyirsən, buyur, deyirlər. Kərimov Vaqifgilin qapılarına çatdıq, bu həyətdə çox yaman bir it var. Hamı da ondan qorxur, hətta o həyətdə doğulub böyüyən Vaqif Kərimovun özü də. Ora yaxınlaşanda Məryəm səkidən düşüb, yolun kənarı ilə getməyə başladı. Onu yarımca addım qabağa buraxdım və fokusu işlətdim. Çox sadə şeydi: it kimi zingildəyə-zingildəyə yanındakı adamın ayağından yapışırsan. O da gerçəkdən elə bilir ki, it düşüb üstünə. Məryəmdən əvvəl bu fokusu on adama göstərmişdim, onu da doyunca gülmüşdü.

Ancaq bilsəydim ki, on birinci bu cür pis qurtaracaq, elə onuncuda da qalardım, on birinciyə keçməzdim. Var gücümlə zingildəyəzingildəyə barmaqlarımın ucuynan Məryəmin baldırından yapışdım.

Qızdan bir qışqırıq çıxdı ki, gəl görəsən. Sonra da başladı küçənin ortasında hönkür-hönkür ağlamağa. Bu da sənə fokus! Yaxşı ki, onda Vaqifin anası qapıya çıxmışdı, bizi gördü, gəlib Məryəmi evə apardı. Yoxsa, təmiz pərt olmuşdum. O gündən Məryəmnən danışmırıq. Əvvəllər mən salam verirdim, gördüm almır, ona görə indi mən də vermirəm. İstəmir, heç istəməsin, mənə nə.

Sabir ayaqlarımın arasından təzəcə sivişib keçmişdi ki, Əlinin səsini eşitdik. Əvvəlcə soruşdu ki, onu eşidirikmi, biz də hamımız bir ağızdan qışqırdıq: “Yaxşı eşidirik”. Onda o bizi yanına səslədi, dedi ki, çox rahat bir mağara tapıb. Dalınca da əlavə elədi ki, arxayın ola bilərik, yolda heç bir çala-zad yoxdur, hər yeri yaxşıyaxşı yoxlayıb. Kəmalə qabağa düşdü, onun dalınca Sabir, ən axırda isə mən yola düzəldik. Yazığım gəlirdi Sabirə, bu mağaranı gərək o tapaydı. Yaman ədalətsiz iş oldu. Zarafat deyil, o bizim hamımızı, demək olar ki, ölümdən qurtardı. İndi budur, mağaranı özgəsi tapıb.

Niyə? Ona görə ki, Sabir bəlkə də alicənab, qayğıkeş adam olduğu üçün yarığa girəndə Kəmaləynən məni irəli buraxdı.

Bayaq Əli bizi səsləyəndə elə bildik, hardasa lap yaxındadı, heç demə çox uzaq imiş, xeyli yol getməli olduq. Əli bizi mağaranın girəcəyində gözləyirdi. Mağaraya girdik, sonra mən geri dönüb gəldiyimiz yola işıq saldım. Elə bayırdan göründüyü kimiydi: divarları diş-diş olan ensiz bir yarıq. Ömrümdə birinci dəfəydi mağaraya düşmüşdüm, ancaq qəti deyə bilərəm ki, bu mağara çox böyük mağaraydı. Pıçıltıynan danışanda belə dərhal əks-səda verirdi.

Çoxdan mağara görməyin arzusundaydım, həmişə də belə fikirləşirdim ki, ondan maraqlı şey ola bilməz. Tom Soyerin Bekki Teçerlə mağarada azdıqları yeri dönə-dönə oxumuşam. Sayrus Smitin, onun dostlarının başına gələnləri hələ demirəm. İndi özüm mağaraya düşmüşəm, ümidlərim alt-üst olub, heç demə o qədər də maraqlı deyilmiş. Dörd tərəf çılpaq divar və bir də qatı qaranlıq.

Dördümüz də fənərlərin işığını daş döşəməyə salıb divardan tutatuta qabağa gedirdik. Birdən işığı yuxarı tuşladım, tavandan uzunsov ağ buz sırsırası sallanırdı. Nədənsə, buna yaman sevindim.

– Stalaktit, – deyə qışqırıb, tavanı göstərdim. – Bəlkə də stalaqmitdir.

Nə qədər eləyirəm, yadımda saxlaya bilmirəm ki, bunların hansı stalaktitdir, hansı stalaqmit. Yadımdadır ki, ikisi də təqribən eyni şeydir: özü də əgər biri yuxarıdan üzüaşağı sallanırsa, eynilə o cür başqa birisi də hökmən aşağıdan üzüyuxarı, ona sarı qalxmalıdır.

İntəhası hansının stalaktit, hansının stalaqmit olduğunu unutmuşam.

– Hökmən deyirsən? – Sabir tərs-tərs mənə baxdı. – Elədirsə bəs onda o biri, o aşağıdan yuxarı qalxan hanı?

– Nə bilim, – dedim, – yəqin kimsə tapdayıb əzib onu.

– Bəs onda əziyi hanı?

– Hardan bilim, yəqin özləriynən aparıblar.

– Bu dar deşikdən deyirsən?

– Onda görünür, burdan başqa çıxış yolu da var.

– Gözlə, boğazında qalar. – Sabir yenə üstümə çəmkirdi. – Görmürsən bura necə istidi? Başqa yol olsaydı, indi biz burda soyuqdan donmuşduq. Yoxsa bayırdakılar yadından çıxıb?! Sən bunları hardan bilirsən, nədi onun adı...

– Stalaktit və stalaqmit.

– Hə, onları deyirəm.

İşə düşmədik, deyən gərək, nəyinə lazım idi bu sırsıra sənin?

Bilmirsən, Kəmalənin yanında Sabir bir şeyi bilməyəndə tamam özündən çıxır.

– Sən özün də bilirsən də, – dedim, – yəqin yadından çıxıb.

Coğrafiyadan keçmişik.

– Coğrafiyadan? – Əli irişdi. – Baa, coğrafiyanı o, əzbər bilir. Nəyi soruşsan, gözüyumulu danışar.

Sabir də irişdi, çünki yaxşı bilirdi ki, bu söhbətdən Kəmalə heç nə başa düşmür, axı o bizim məktəbdə oxumur.

– Mən bilən biz onları kimyadan keçmişik, – Sabir dedi.

– Əhsən sənə, boş-boş şeylər yaxşı yadında qalır. Kəmalə, sən nə deyə bilərsən bu barədə?

– Mən heç nə bilmirəm. – Kəmalə yaman dilxor idi. – Mənim yuxum gəlir.

– Bir az da döz, – Sabir dedi. – Biz...

O, sözünün dalını gətirməyə macal tapmadı, çünki həmin anda Kəmalə elə qışqırdı ki, elə bil ətini kəsdilər.

Hövlnak Əliynən mənə sarı atıldı, biz onda yanaşı durmuşduq və bərk-bərk bizə qısıldı. Tir-tir əsirdi. Hətta cığırda donanda titrədiyindən də möhkəm. Siftə elə bildim, qaranlıqda ayağını iti daşzad parçalayıb. Məncə, uşaqlar da elə bu fikirdəydilər. Soruşuruq, nə olub, dinmir ki, dinmir. İndi titrəmək nədir, bütün bədəni uçumuçum uçunurdu. Qaranlıqda sifətini görməsək də, dişlərinin necə şaqqıltıynan bir-birinə dəydiyini eşidirdik. Sonra bu şaqqıltı bir anlığa kəsildi və kimsə onu boğurmuş kimi, gücənə-gücənə dedi:

– Orda skelet gizlənib! – Barmağını uzatsa da, üzünü o tərəfə çevirməyə qorxurdu. – Mənə baxırdı.

Yaman qorxdum. Düzdü e, ağlım kəsirdi ki, heç bir skelet adama baxa bilməz, mağarada gizlənməyi ondan betər. Bilirdim ki, Kəmaləni qara basıb, ancaq dəxli yoxdur, məni elə vahimə basdı ki, söznən deyiləsi deyil. Yerimdə qurumuşdum. Hiss eləyirdim ki, əlayağım soyuyur. Məncə Əli də qorxdu, danışığından hiss elədim.

– Sənə elə görünüb. Düz sözümdü, yəqin səni qara basıb, – desə də, özünün dili topuq vururdu.

Bircə Sabir qorxmadı. Heç gözünü də qırpmadı.

– İndi baxarıq. Görək bu nə skeletdi səni qorxudub. – Sabir fənərin işığını Kəmalənin göstərdiyi səmtə tuşladı.

O saat üçümüz də – Kəmalə, mən və bir də Əli var gücümüzlə bağırdıq. Doğrudur, sonralar Əli deyirdi guya o bağırıb eləmədi, ancaq onun qorxudan necə zarıdığını hamımız eşitdik. Öz qulağımnan eşitdim:

siftə möhkəm qışqırdı, sonra dili dolaşa-dolaşa “ay ana” dedi.

Adam gərək sözün düzünü deyə hamıdan bərk bağıran mən özüm oldum. Və o andaca harasa, burdan lap uzağa qaçmaq istədim, qaçacaqdım da, ancaq hara baxdımsa zil qaranlıq idi, mən də ki qaranlıqdan yaman qorxuram, ona görə dayandım, heç yana qaça bilmədim.

Ona görə qışqırdıq ki, skeleti biz də gördük, o da bizə baxıb gülümsünürdü.

– Ay sizə nə deyim, – Sabir dedi, – adam da skeletdən qorxar?

Gəlin, gəlin bura. Qorxmayın. Baxın, bunun əynində nə isə hərbi forma var.

İstər-istəməz yaxına gəldik, üçümüz də işığı skeletin üstünə saldıq. Yerdə oturub, kürəyini divara söykəmişdi, sən demə bayaq biz onun ancaq kəlləsini görmüşük, çünki yaxınlaşandan sonra baxıb gördük ki, bu skeletin əynində nə isə çiyni paqonlu kombinezonaoxşar bir paltar var. Qollarından ağ əl sümükləri sallanırdı.

Yan-yörəyə işıq saldıq, bura məncə emalatxanaya oxşar bir yer idi.

Divarlarda stellajlar düzəldilmişdi, döşəmədə isə cürbəcür yeşiklər düzülmüşdü. Bütün yeşiklərin üstündə başa düşmədiyimiz bir dildə müxtəlif yazılar vardı. Məktəbdə biz ingiliscə keçirik. Kəmalə fransızca. Ancaq heç birimiz bu yazılardan heç nə başa düşmədik.

Tək-tük tanış sözlər vardı: “maschine” və “motor” kimi. Bu cür sözlərsə bütün dillərdə eynidir. Sonra Əli bir tanış söz də tapdı, onu skeletdən bir neçə addım aralı, divardan asılmış iri bir şkafın qapısına yazmışdılar: “Haverieschrank”. Əli dedi ki, bu qəza avadanlığı şkafıdır. Belə şeyləri o yaxşı bilir, çünki atası taksomotor parkında baş mühəndis işləyir. Şkafı açdıq, içində heç bir qəza avadanlığızadı yox idi. Bir neçə gözdən ibarət idi, demək olar ki, hamısı da bomboş. Yalnız lap aşağıdakı gözdən karton şam qutuları tapdıq.

Həmin göz bu cür karton qutularla doluydu. Hamısının da üstünə “100 Kerze” yazılmışdı: “Kerz”in şam demək olduğunu dərhal başa düşdük. Qutular beş-beş, on-on bir-birinə yapışmışdı, amma içindəki şamlara bundan elə bir xətər dəyməmişdi, çox yaxşı yanırdılar.

Şkafın başqa bir gözündən on-on beş konserv qutusu tapdım.

Onların üstünə başa düşmədiyimiz dildə yazılmış yarlıqlar yapışdırılmışdı, ancaq balıq konservləri olduğuna şübhə yox idi. Çünki hərəsinin üstünə bir balığın şəkli çəkilmişdi. Hamısı xarab olmuşdu, həm üst, həm də alt qapaqların kənarları dombalmışdı. Karton qutuların birini açdıq, içindəki şamların hamısını birdən yandırdıq və demək olar ki, mağaranın hər yeri əməlli-başlı işıqlandı.

Şkafdan sonra gözümüzə sataşan ilk şey yenə skelet oldu. Özü də bu dəfə üçü birdən. Onları görən kimi yazıların hansı dildə olduğunu başa düşdüm. Elə əvvəldən də bu, ürəyimə dammışdı, ancaq skeletləri görəndən sonra tamam əmin oldum. Üçünün də geyimi əvvəlki skeletdən fərqli idi: qolları yazılı, qara rəngli köynək geyinmişdilər. Hər birinin önündə yerə bir avtomat düşüb qalmışdı.

Sən demə, elə kombinezonlu skeletin də önündə bir avtomat var imiş, biz görməmişik. İndi bizə hər şey aydın oldu, deməli, bu üçü, yəni esesçilər o biri kombinezonlu ilə atışırlarmış və hamısı da yerindəcə ölüb.

Əli dedi ki, yəqin kombinezonlu bizim kəşfiyyatçıymış, yoxsa nəyə görə esesçilərlə atışmalıymış. Mən özüm Əlidən də qabaq bu fikirdəydim, sonra fikirləşdim ki, bunu sübut eləmək çətin olacaq, axı o vaxtdan nə az, nə çox, düz otuz il vaxt keçib. Çox ürəyimdən keçirdi ki, onların ciblərini yoxlayım, görüm sənədləri qalmayıb üstlərində, amma skeletə toxunmağa cəsarətim çatmırdı.

– Hayıf ki, sənədləri-zadı qalmayıb, yoxsa kim olduqlarını öyrənə bilərdik, – mən bunu qəsdən Kəmaləyə bərkdən dedim ki, Sabir də eşitsin.

– Nədi, yoxsa sən almanca da bilirsən? – O, istehza ilə soruşsa da, skeletə yaxınlaşdı, əyilib əlini kombinezonun döş cibinə soxdu və ordan üzünə səliqə ilə sellofan çəkilmiş bir vəsiqə çıxartdı. Adı dərhal oxuya bildim. “Kurt Ştimmer” və onun leytenant olduğunu da başa düşdüm, ancaq “Panzergruppen” sözünün nə demək olduğunu heç cür anlamadım. Vəsiqədəki fotoşəkildə gülərüz bir sifət düz adamın üzünə baxırdı, gülməsə də, hiss eləyirdin ki, gülmək istəyir. Şəkil başıaçıq çəkdirilmişdi, əynində çiyni paqonlu və sinəsi ordenli kitel vardı. Ordenlərdən biri – xaç ordeni isə düz ortada, çənəsindən bir az aşağıda lentdən asılmışdı. Bütün bunlardan – fotodan da, yazılardan da yuxarıda şahindimi, çalağandımı, bilmirəm, caynağında svastika tutmuşdu. Mən hələ də vəsiqəyə baxırdım.

Sabir avtomatı yerdən götürdü. Lüləsini mağaranın uzaq qaranlıq küncünə tuşlayıb tətiyi çəkdi. Avtomatın içindən nə isə yavaşca xırıldadı. Amma açılmağına açılmadı. Kəmaləynən Əli yanıma gəldi və mən vəsiqəni onlara göstərdim. Bir yerdə dayanıb, nədənsə söhbət eləyirdik, – indiyə kimi də yadıma sala bilmirəm, çünki o vaxt qəfil açılan avtomat qatarının səsindən qulaqlarımız batdı.

Ağlıma gətirməzdim ki, avtomat atəşinin səsi bu qədər gur çıxarmış, lap qulaqlarımız cingildədi. Elə bildim məni qara basır, sonra məlum oldu ki, gerçəkmiş, güllələr doğrudan da lap yanımızdan ötüşüb, çünki Sabir yazıq esesçilərin birinin önündən götürdüyü avtomatın hara tuşlandığına heç fikir də verməyib. Elə bilib ki, bu da açılmayacaq. Dərhal yanımıza qaçdı, əlini sürtə-sürtə bir-bir hamımızı yoxladı və heç cür inana bilmirdi ki, hər şey öz qaydasındadır, heç kimi yaralayıb eləməyib. Sabiri ömrümdə bu qədər dilxor görməmişdim. Biz heç qorxmadıq da. Axı bilmirdik ki, avtomatın lüləsi bizə tərəfdir, hər şey yaxşı qurtarandan sonra isə niyə qorxasan.

– İndi bir yer düzəldib yatarıq, – Sabir Kəmaləyə dedi. – İntəhası, altımıza salmağa bir şey lazımdı. Heç olmasa taxtadan-zaddan.

Amma onu da deyim ki, Kəmalə skeleti görəndən bəri yuxu sözünü bir dəfə də dilinə gətirməmişdi.

Rənginə görə, onu dərhal görə bilməmişdik. Zirehli avtomobili deyirəm. Bu maşına elə rəng çəkmişdilər ki, mağara divarlarından heç cür seçilmirdi. Yalnız yan tərəfindəki svastika zil qara rəngdəydi, elə ona görə, onu görə bildik. Mağaranın o başına, gəldiyimiz yarığın yanına qayıtmaq, bütün bu skeletlərdən, lazımsız yerə qəfil açılan avtomatlardan uzaq olmaq istəyirdik, onda gördük Kəmalə dedi, bu tankdır. Bəlkə heç zirehli avtomobil də deyildi, zirehli amfibiya-zad idi, ancaq tank olmadığına şübhəm yox idi. Dörd tərəfinə fırlanıb, hər yerini ətraflı gözdən keçirdik. Yaman yekəydi, birmərtəbəli ev boyda, bir pəncərələri çatışmırdı, tırtılların üstə dayanmışdı, hər tərəfdən kip bağlıydı, bircə ön tərəfdəki deşikdən və yanlarından pulemyot lülələrinin ucları görsənirdi. Birdən-birə bu cür zirehli avtomobil tapmağımıza məəttəl qalmışdıq. Dərhal başa düşdüm ki, bəxtimiz yaman gətirib. Hələ də yerimdə dayanıb, gözlərimi ondan çəkə bilmirdim, ancaq Sabir o vaxtacan qabaq qapını axtarıb tapdı və açdı. Əlini onun dəstəyinə güclə çatdırdı, sonra onu özünə sarı dartdı və qapı dərhal açıldı. Kəmaləynən Əli tələsik onun yanına qaçdılar. Mən isə heç cür anlaya bilmirəm ki, niyə gözümü bu avtomobilə zilləmişəm, niyə ondan ayrıla bilmirəm. Məndə bəzən belə şeylər olur, qəribə bir şey görəndə onun qəribəliyinin nədə olduğunu heç cür dərk edə bilmirəm. Hiss eləməyinə, hiss eləyirəm, amma başa düşə bilmirəm.

Sonra bu fikirlərdən vaz keçdim və uşaqların yanına getdim.

Girişin aşağı qırağından tutub, pilləkənlərlə yuxarı dırmaşdım. Ora həm çox qaranlıq idi, həm də dar. Sabir Əliyə dedi ki, gedib şam gətirsin. Əli durmuşdu ki, getsin, birdən dayandı. Dedi ki, Sabirə şam lazımdırsa, gedib özü gətirsin. Dedim, indi dava düşəcək, amma yaxşı qurtardı. Əvvəlcə Sabir dinmədi, sonra acıqlı-acıqlı dedi ki, o, Əlidən yox, məndən xahiş eləyir. O dəqiqə aşağı düşüb qəza şkafına sarı yollandım. Hərçənd o skeletlərin yanından keçmək heç ürəyimdən deyildi.

Şamları yandırıb dörd yanımıza sancdıq. İçəridəki pulemyotları, bir də ön tərəfdə pəncərə əvəzinə çox ensiz deşiyi nəzərə almasaq, burda hər şey “MAZ” kimi iri yük avtomobillərinin kabinəsini xatırladırdı.

Eyni yumşaq oturacaqlar, sürəti dəyişmək üçün döşəmədə qoyulan eyni pedallar və linclər. Əli sürücünün yerində oturub, açarı axtarmağa başladı. O, maşın sürməyi bilir, atası öyrədib, hətta şəhərdən kənara çıxanda – çimərliyə-zada gedəndə, özü yanında oturub sükanı verir ona. Biz də axtarmağa başladıq, birdən gözüm qabaq panelin üstündəki bir fotoşəkilə sataşdı. Bir evin, çox güman ki, bağ evinin eyvanında qısaqol köynəkli bir kişiynən əyninə sarafan geymiş bir qadın durmuşdu, ortalarında da balaca bir qız uşağı.

İkisi də bu uşağın əlindən tutmuşdu. Üçü də gülümsəyirdi. Kişini dərhal tanıdım, vəsiqədə şəkli olan adamdı. Açarı tapdıq, sağ tərəfdə, sükanın lap altındaydı. Əli açardan yapışdı, ancaq onu burmamışdan qabaq dedi ki, motor çətin xoda düşər, çünki akkumulyator çoxdan yatıb. Belə şeylərdən onun yaxşı başı çıxır. Kəmalə o dəqiqə çiynimdən yapışdı, mən də elə bildim motor işə düşəcək.

Kabinədə hər şey öz yerindəydi və o qədər səliqə-sahmandaydı ki, deyirdin, sürücü indicə bir dəqiqəliyə bayıra çıxıb, heç açarı da üstündən götürməyib. Əli açarı bir neçə dəfə burdu, ancaq özü dediyi kimi, bundan bir şey çıxmadı. Birdən bu zirehli avtomobilin niyə mənə bu qədər qəribə gəldiyinin səbəbini başa düşdüm. Onun hər yeri həm bayırdan, həm də içəridən tərtəmiz idi, bircə toz da tapmazdın, elə bil bir saat bundan əvvəl əsgi ilə silibtəmizləmişdilər.

Yadıma düşdü ki, biz bu mağaranın heç yerində toz basmış yerə rast gəlmədik. Və fikirləşdim: yəqin ona görə bura toz düşmür ki, mağara dörd tərəfdən qapalıdır, biz gəldiyimiz yarıqdan isə bura çətin toz düşə. Çünki o həm hədsiz dərəcədə ensiz və uzundur, həm də əyri-üyrü.

İstər-istəməz kabinədə oturmaqdan bezdik, keçdik arxa hissəyə. Burda oturmaq üçün bir neçə skamya qurulmuşdu və hər yan divarda iki pulemyot var idi. Həm skamyaların üstünə, həm də ortalarına səliqəylə taxta yeşiklər yığılmışdı, pomidor, qarpız yeşikləri kimi. Hamımızı maraq bürüdü: görən bunların içində nə var.

Əli dedi, yəqin ki döyüş sursatı. Sabir isə o vaxtacan yeşiklərin birinə yaxınlaşıb üst tərəfdən bir barmaqlığı qopardı. Onun altından kağız çıxdı, şey bükmək üçün işlədilən sarı kağız. Taxta barmaqlıqların bir neçəsini də qopardı, onlar çox asan qopurdu.

Hərəsinin hər başına iki xırdaca mıx vurulmuşdu. Sonra o kağızı cırdı. Yeşik pul bağlıları ilə doluydu. Hamısı sovet pulu olsa da, ömrümdə belə pul görməmişdim. Bir-iki bağlı götürüb şam işığında baxdıq; qırmızı rəngli kağızların bir qisminin üstünə həm rəqəmlə, həm də sözlə “otuz manat”, bir qisminə isə “yüz” yazılmışdı. Sabir dedi, bunlar köhnə puldur və indi heç nəyə gərək deyil, amma bunları tapmağımız çox yaxşı oldu, yatanda altımıza döşəyərik, çantaları isə başaltı eliyərik, daş kimi çılpaq qayanın üstə uzanmaqdan bu yaxşıdır. O biri yeşikləri də açmağa başladıq, gördük ki, çoxundakı xarici puldu. Bəzilərinə ingiliscə “funtsterlinq” və ya “dollar”, bəzilərinə isə, güman ki, almanca “Reyxsmarka” yazılmışdı. Və hamısının da üstündə cürbəcür rəqəmlər – iyirmi, əlli, yüz var idi. Özü də hər pulu – manatı, dolları, funt-sterlinqi və ya reyxsmarkanı ayrı-ayrı yeşiklərə yığmışdılar. Sabir dedi ki, yəqin bu pullar da köhnəlib. Tarixlərinə baxdıq. Ən gec buraxılanı 1935 və 1937-ci ilə aid idi, amma üstündə 1901, hətta 1899-cu il yazılanlara da rast gəldik. Dalbadal bir neçə yeşik də açdıq və içindəki pulları pəncərə əvəzinə qoyulan ensiz deşikdən çölə tulladıq.

Altımıza sərməyə kifayət qədər pul götürəndən sonra zirehli avtomobili tərk etməyə hazırlaşırdıq ki, birdən mən açdığım yeşikdən pul əvəzinə hər biri ərgin pendir və marqarin paçkası boyda olan sarı ağır plitələr çıxdı. Hər birinin üstünə bir rəqəm basılmışdı. O saat bildik ki, bu qızıldır. Sabir dedi ki, avtomobildən də qiymətli tapıntıdır və bu tapıntıya görə hamımızı “Artek”ə göndərər, mükafatlandıra da bilərlər.

Ona görə də bütün yeşikləri açdıq, ancaq üçündən qızıl çıxdı, qalanları pul yeşikləriydi.

Avtomobildən azca aralı özümüzə yer saldıq. Pul bağlılarını hər kəs öz boynuna görə, ikiqat yerə düzdü, çantalarımızı da başaltımıza qoyduq. Əvvəlcə, onların içindəki bərk şeylərin hamısını – fotoaparatları, mineral kolleksiyaları, qalan yeməkləri çıxartdıq.

Kəmalə qolundakı saata baxıb, gecə saat on ikinin yarısı olduğunu desə də, heç kəsin yuxusu gəlmirdi. Mağarada bir qədər də veylləndik, hamımız şirin xəyallara dalmışdıq: camaat bizim bu kəşfimizdən xəbər tutanda gör nə həngamə qopacaq! Mağaranı ələk-vələk elədik – bir yerdə, anbarda divardan bir qapı açılmışdı, ordan içəri girdik, heç demə bura tualet imiş, elə həmin otaqda sement novçadan su axırdı, bu su divardakı deşikdən tökülürdü, göz yaşı kimi dumduru və bumbuz. Yəqin bu ya yeraltı bulaq idi, ya da sısqa və kim isə döşəməni oyub onun üçün sementdən novça düzəltmişdi: uzunluğu beş metr olardı, novça qurtardığı yerdə su şırıltıyla enli bir çalaya tökülürdü. O çalaya işıq saldıq, ancaq dibini görə bilmədik.

Yerimizə uzandıq, “döşəyimiz” yumşaq olmasa da, o qədər bərk də deyildi. Sabir Kəmalədən saatı alıb öz yanına qoydu, dedi, səhər tez oyanıb hamımızı durğuzacaq. Belə qərara gəldik ki, sabah hava yaxşı olsa, ikimiz evə gedər, ikimiz mağarada qalıb keşik çəkərik. Məncə, kimin burda qalacağını bilmək hamının ürəyindən keçirdi, ancaq nədənsə bu barədə heç kim heç nə soruşmadı. Yəqin ki, Sabir Əliylə məni burda saxlayıb, özü Kəmaləylə qəsəbəyə gedəcəkdi. Bir tərəfdən bu çox yaxşı olardı, çünki birdən-birə anamla üz-üzə gəlməkdən qorxurdum, amma Kəmaləynən Sabir ona hər şeyi danışandan sonra o qədər də qorxusu olmazdı, o biri tərəfdən də onu sakitləşdirməkdən ötrü istəyirdim mümkün qədər evə tez çatım. Yəqin deyəcəksiniz belə şey olmaz, bir adam eyni vaxtda iki şeyi birdən istəyə bilməz, ancaq belə şeylər məndə teztez olur və olanda da bundan heç bir ləzzət almıram.

Hamı susmuşdu, deyəsən yuxulayırdıq. Birdən Kəmalə yerindən durdu və “yerini” yığışdırıb mənim lap böyrümdə döşəməyə düzməyə başladı. Dərhal hamımız qalxıb oturduq. Kəmalə də dayandı və bizə dedi:

– Nə gözünüzü döyürsünüz, bəlkə biriniz kömək eləyəsiniz, təkbaşına mən bunu heç bir saata da daşıyıb qurtara bilmərəm.

Sabirnən Əli yerlərindən dik atıldılar və bağlıları ordan daşıyıb böyrümə düzməyə başladılar. Heç nə soruşmasalar da hiss eləyirəm ki, keyikə-keyikə qalıblar.

Daşıyıb qurtarandan sonra Kəmalə uzandı və dedi:– Bu dəhşətli skeletlər olan yerdə tək heç cür gözümə yuxu getməz. – Və sonra üzünü mənə tutdu: – Xahiş eləyirəm, sən bir yanı üstə, üzü mənə sarı yat, əlinin birini də ver mənə, bəlkə bu cür bir az sakitləşəm.

Əlbəttə, mən əlimi ona uzatdım. Uzanmışam, gözlərimi yumsam da, yatmamışam. Kəmalənin gəlib məhz mənim yanımda yatmasından, əlimi əlinə almasından yaman xoşhallanmışam. O qədər xoşhallanmışam ki, nəfəsimi çəkməyə belə ürəyim gəlmir.

Fikirləşirəm ki, Kəmalənin bu hərəkəti yəqin Əliynən Sabirin o qədər də ürəyincə olmadı. Görəsən, niyə onların yox, məhz mənim yanımı seçdi? Başladım bu barədə düşünməyə və o saat da başladığıma peşman oldum, çünki hər şeyi başa düşdüm. Başa düşdüm ki, Kəmalə Əlinin və ya Sabirin yanında ona görə yatmaq istəməyib ki, oğlan kimi onlardan utanıb, mənə isə elə-belə, mən bizim Pakizəyə yanaşdığım kimi yanaşır. Axı mən də anam axşamlar qonşuya gedəndə onu öz yanımda yatızdırırdım. Düzdür, mən evdə tək qalmaqdan qorxub eləmirdim, ancaq Pakizəynən yatmaq xoşuma gəlir: yorğanın altına girən kimi, elə xoruldamağa başlayır ki, elə bilirsən təkcə boğazı yox, təpədən-dırnağa bütün bədəni xoruldayır.

Sonra anam yadıma düşdü.

Onun indi neylədiyini heç ağlıma da sığışdıra bilmirdim. Atam onu səhərəcən gözləməyə razı sala bilsəydi yaxşı olardı, yoxsa axşam da gəlmədiyimizi görüb, gecəynən düşərgəyə yollanacaq. Ancaq hər halda ümid eləyirəm, atam onu sakitləşdirəcək. O, ümumiyyətlə anamı yola gətirməkdə ustadır. Onsuz bəzən çox çətin olur. İndi o nəinki anamı, elə o biri valideynləri də – yəqin onlar da indi bizə yığışıblar – başa salır ki, bizə heç nə ola bilməz, bəd ayaqda dörd nəfər az güc deyil, lap azıb-eləsək də, başımıza bir iş gəlməz; bu dağlarda hər on-on beş kilometrdən bir ya bir kənddir, ya da kurort qəsəbəsi, hələ turist düşərgələrini demirəm, ilin bu çağında onlar göbələk kimi, hər yana səpələniblər. Sözsüz, anam buna etiraz eləyəcək, deyəcək ki, bizim hələ güc olmağımıza çox var, biz çox körpəyik. Onda atam hövsələdən çıxacaq, deyəcək ki, bu yaşda da biz hələ körpəyiksə, vay halımıza, elə körpə olaraq da qalacayıq.

Bu yerdə bütün valideynlər öz uşaqlarını xatırlayacaq, cürbəcür maraqlı əhvalatlar danışmağa başlayacaqlar. Kaş elə bu cür olaydı.

Kaş anam gecə vaxtı düşərgəyə getmək fikrinə düşməyəydi. Getsə, lap dəli olacaq, çünki orda öyrənəcək ki, biz tufan başlayandan sonra geri qayıtmışıq. Onda heç atam da onu sakitləşdirə bilməz.

Axı kimin ağlına gələr ki, biz burda, mağarada özümüz üçün sakitcə uzanmışıq. Çünki bu mağaradan bircə adamın xəbəri olsaydı, bu qızıllı-pullu avtomobili, silahları burdan çoxdan aparmış, bu almanları çoxdan basdırmışdılar. Sabah burdan çıxmamış, buavtomobilin mağaraya girdiyi qapını axtarıb tapmaq lazımdı. Yəqin almanlar bayırdan o qapını elə ört-basdır eləyiblər ki, onun qapımı, qayamı olduğunu bilməzsən. Ancaq çox qəribədir, necə olub ki, onlar biz girən yarığı bağlamayıblar, bəlkə də heç onu görməyiblər, axı o, çox ensizdir. Bəs görəsən bir-birlərini niyə qırıblar? Ola bilsin, esesçilər, nəhayət, başa düşüblər ki, kombinezonlu hərbiçi bizim kəşfiyyatçıdır və onu elə oradaca öldürmək istəyiblər. Bəlkə də o, kəşfiyyatçı-zad deyilmiş, elə onlar kimi, faşistin biriymiş və bir-birləriynən bu pulların, qızılların üstə atışıblar, axı hardan biləydilər ki, bir vaxt bu pullar dəyərdən düşəcək.

Hər halda bəxtimiz yaman gətirdi: gör müharibədən sonra bu qədər vaxt keçib, amma bu günəcən bu mağaranı heç kim tapa bilməyib, biz tapmışıq. Gör neçə ildi bu alman meyitləri burada kimsəsiz qalıb. İndi, otuz ildən sonra, bura canlı adam gəlib çıxıb.

Hətta bu barədə düşünməyin özü dəhşətlidir. Otuz il! O vaxt atam məndən kiçikmiş, bunlarsa burda bir-birlərini qırırlarmış. Qəribə dərddi: görən o kombinezonlu zabitin qızı indi haralardadır? Heç ağlına da gəlməz ki, atasının meyiti otuz ildi Qafqaz dağlarında, bir mağarada yiyəsiz qalıb. Harda yaşayır-yaşasın, atasının başına nə gəldiyini bilmir. Amma mən bilirəm, bəs bu qəribə deyil? Hər halda bu almanların kim olduqlarını bilmək maraqlı olardı. Bəlkə elə çoxdan axtarılan müharibə caniləridirlər? Bu ki, məlum məsələdir, esesçidilərsə, deməli, yalnız hərbiçi kimi vuruşmayıblar, həm də dinc əhalinin başına olmazın oyunlar açıblar. Günahsız yerə güllələyiblər. Min cür işgəncə veriblər... Birdən mənim babamı, anamın atasını bunlardan biri öldürmüş olar, axı onu elə bu tərəflərdə, Şimali Qafqaz ətrafında öldürüblər. Amma məhz kimin onu öldürdüyünü indən belə heç kim dəqiq öyrənə bilməz. Anam bizə danışmışdı ki, babamı müharibəyə gedəndən ikicə ay sonra vurublar. Könüllü gedibmiş. Anam həmişə bu barədə yana-yana danışır, deyir, onu heç vaxt çağırmayacaqdılar, çünki o vaxt neftçiləri cəbhəyə aparmırdılar, babam isə heç kəs onu çağırmayaçağırmaya, ərizə yazıb özü getdi. Ona görə də yazıq anam atasız böyüdü. Bir dəfə anam bunları atama danışanda mən eşitdim.

Deyəsən, babamın cəbhəyə könüllü getməsi anamı yaman dilxor eləyib, çünki o, belə də dedi: onun ölməyi kimin nəyinə lazım idi?

Onun bütün yoldaşları – mədəndə işləməyə qalanlar da, cəbhədən qayıdanlar da indi kefi kök, damağı çağ yaşayırlar, hələ babamın yaxın dostlarından biri hətta nazir olub, o isə həm özünü məhv elədi, həm də nənəmin həyatını qara günə caladı. Uşaqlar – anamın özündən başqa iki bacısı var – bir nənəmin ümidinə qalıb, babam öləndən sonra bərk korluq çəkiblər, çünki nənəmin heç bir sənəti yox imiş, məcbur olub qənnadı fabrikində işə girib, siftə çeşidləyici, müharibə qurtarandan sonra fabrik monpası və şirnidən başqa ayrı şirniyyat məhsulları da istehsal etməyə başlayanda usta vəzifəsinə təyin olunub, çünki nənəmin bişirdiyi paxlavanı, noğulu və s.

heç kəs bişirə bilməz. Anam dedi, o, çox ağılsız hərəkət eləyib, gərək babam belə bir addım atmamışdan qabaq öz ailəsi barədə düşünəydi. Babam cəbhəyə gedəndə anamın vur-tut iki yaşı olub.

O, hər dəfə öz ailələrindən söhbət salanda, mən dərhal başa düşürdüm ki, bütün bunların hamısı atama görədir. Anam istəyir ki, bu yolla atamı dənizdəki işindən çəkindirsin, quruya qaytarsın. Bəzən mənə elə gəlir ki, anam elə babama görə atamın, mənim bu cür bərk nigarançılığımızı çəkir. Hətta evimizdə bir yaxşı hadisə olanda da: kiminsə ad günündə və ya bahalı bir şey – pianinodan, rəngli televizordan-zaddan alanda da anam özünü saxlamır: hamısı gözəldi, ancaq təki sağlıq olsun, təki Allah heç kəsin canına qıymasın.

Bu, nənəmin sözləridi, anamın da dilinə düşüb, nənəm hər gün o sözləri öz-özünə mızıldanır, elə bil ki, namaz qılır. Atam da cavabında dedi ki, Allah rəhmət eləsin, görünür, kişinin ayrı əlacı olmayıb.

Anam təəccübləndi, dedi:

– Ağzımda sənə demirəm ki, mədəndə işləyənləri cəbhəyə aparmırdılar, heç almanlar Moskvaya yaxınlaşanda da onlara toxunmadılar.

Sən də başlamısan ki, ayrı əlacı olmayıb.

Ancaq dərhal başa düşdüm ki, babamın ayrı əlacı olmayıb deməklə atam tamam başqa şeyi nəzərdə tutur. Axır vaxtlar deyəsən, anam atamla danışanda bəzən çox şeyi başa düşmür.

– Mən sənin atanı tanımırdım, – atam dedi, – ancaq məncə, o, cəbhəyə ona görə könüllü gedib ki, özüynən bacarmayıb. Bacarsaydı getməzdi.

– Belə de də, – anamın qanı qaraldı. Bunu o saat hiss elədim. – Deynən ki, müharibə başlayıb-eləsə, sənin də yadına nə bu uşaq düşəcək, nə də mən.

– Bir də müharibə olmayacaq, – atam gülə-gülə dedi.

– Birdən oldu?

Çox istərdim ki, atam bunun cavabında ona desin ki, heç bir müharibəyə-zada gedən deyil, o ki qaldı könüllü ola. Təki bir də dalaşmayaydılar. Axı bəlkə doğrudan da heç zaman başlamayacaq bir müharibənin üstündə yox yerdən dalaşmaq gülünc işdir. Hələ heç məlum deyil, bu müharibə kimnən olacaq, ancaq bunlar elə indidən bir-birləriynən dalaşmağa hazırdılar. Yaman ümidim var idi ki, bunu atam özü başa düşəcək və könüllü getməyi qərara alsa da, anama bu barədə heç nə deməyəcək.

– Bilirsən nə var, – atam dilləndi. – Əslinə qalsa, mən o qədər də nümunəvi vətəndaş deyiləm. Fəal ictimaiyyətçiliyim də yoxdur, heç olmağını da istəmirəm. Hərçənd ki, heç bir məsələdə öz fikrimi açıq deməkdən çəkinmirəm. Bircə istehsalat müşavirələrində, o da ki, bizim idarənin işi ilə bağlı olanda iştirak eləyirəm. Hətta sonuncu dəfə nə vaxt nümayişə çıxdığımı da tamam unutmuşam...

Bax bunu düz deyir, bayram günləri mən nümayişə çıxmaq üçün məktəbə gedəndə atam həmişə yatmış olur. Hər dəfə dənizdən qayıdandan sonra iki-üç gün günorta saat on ikiyəcən yerindən qalxmır.

– Amma Allah eləməsin, əgər müharibə olsa, elə birinci gündən əsgər gedərəm. Çünki insan bu dünyaya bir dəfə gəlir və bu müddət ərzində buraxdığı ən ağır səhvi də düzəldə bilər. Bircə bundan başqa. Bu cür səhvi adam ömrü boyu özünə bağışlaya bilməz.

Neynəmək olar, sənin atanın sadəcə olaraq bəxti gətirməyib, tez həlak olub, amma o biri tərəfdən çox düz iş görüb: əsl kişilik eləyib.

Ən dəhşətli şey də budur: övladların sənin yerinə hamının yanında xəcalətli ola.

Atam tək-tük hallarda anamnan bu cür ciddi danışır, ümumiyyətlə o, çox az danışan adamdır, amma indi gör necə ciddi, hökmlü, hətta mən deyərdim, təmtəraqlı danışır. O qədər təmtəraqlı danışır ki, səsinin tonundan ətim ürpəşdi. Sonra anam o biri otağa keçəndə mənə göz vurdu, ancaq nədənsə bu dəfə həmişəki kimi gülümsəmədi və mənə elə gəldi ki, o bütün bunları həm də mənim adımdan danışırmış. Sanki ovcunun içi kimi bilir ki, dinib-eləməsəm də onun dedikləri mənim də ürəyimdəndir.

Necə yuxuya getdiyimdən heç xəbərim də olmadı. Oyananda da qəfil oyandım, çünki yuxuda mənə elə gəldi ki, altımda yer tərpənir.

Deyəsən, bu təkcə mənə elə gəlməmişdi, gözümü açanda gördüm Kəmalə də oyanıb. O, yuxuda da əlimi buraxmamışdı. Qorxa-qorxa ətrafa boylandı və sonra dedi:

– Oyy, mən hardayam. – Sonra deyəsən, harda olduğu yadına düşdü, çünki özü sakitləşdi. Və bir daha soruşmadı ki, hardayam.

– Saat neçədir?

Durub Sabirin yatdığı yerə getdim. Çox bərk yatmışdı, ancaq yuxuda nə isə danışırdı. Əli də oyanmamışdı. Saat üç idi.

– Səhər tez açılsaydı, – Kəmalə pıçıltı ilə dedi və o yan-bu yana boylandı, deyəsən, yenə skeletlər yadına düşmüşdü. – Yenə ordadılar? – Guya biz yuxuda olanda skeletlər harasa getməliymiş.

Yanımızdakı şamların ikisi qurtarmaq üzrəydi, onların oduna təzələrini yandırıb yan-yana düzdüm. Sonra yerimə uzandım, yatmaq istəyirdim, hətta gözlərimi də yumdum, birdən hiss elədim ki, Kəmalə əlimi axtarır. O, ikiəlli əlimdən yapışıb onu özünə sıxdı və dərindən köks ötürdü. Hətta əlimdən daha rahat tuta bilsin deyə bir az da mənə sarı qısıldı. Birdən-birə elə xoşhallandım ki, dünyada hər şey yadımdan çıxdı. O gecə Kəmalə mağarada bir əlimi sinəsinə sıxıb yuxuya gedəndə sevindiyimdən elə bildim ki, göyün yeddinci qatındayam. Nəfəsinin istisi ovcumu yalayırdı. Bəlkə o heç məni Pakizə kimi uşaq saymır, bir qırıq da olsa, mənə də oğlan kimi yanaşır?

Elə yuxuya gethagetdə, alayuxulu yenə də uğultu səsi eşitdim, deyəsən, hardansa, yerin altından gəlirdi.

Səhər tezdən hamımızı Sabir yuxudan oyatdı. Heç durmağım gəlmirdi, amma neynəyəsən. Sabir çiynimdən yapışıb məni elə silkələdi ki, yuxum təmiz qaçdı. Saat yeddiydi. Sabir bizə elan elədi ki, düz saat səkkiz tamamda mağaradan çıxırıq, elə beləcə də dedi:

“Düz saat səkkiz tamamda”. O vaxta kimi isə mağaranın hər yerini yaxşı-yaxşı gəzib yoxlamalıydıq.

Sabir yekə kişilər kimi, çox ciddi tərzdə hər birimizdən ayrıca soruşdu ki, özümüzü necə hiss eləyirik, soyuqlayıb-eləməmişik?

Sonra dedi: “Hamımız birdən getməyəcəyik, bir nəfər qalmalıdır, ona görə ki, biz burda olmayanda heç kəs bura yaxın düşməsin”.

Sabir bizi başa saldı ki, biz burda olmayanda bura gəlib çıxan olsa, onda bu mağarı biz yox, o tapmış hesab olunacaq. Bizə heç qulaq asan da olmayacaq. Deyəcəklər, burda gecələmisiniz, çox əcəb, amma bu adam mağaranı tapan kimi, dərhal xəbər verib.

Onda bütün şan-şöhrət bizə yox, özgə adamlara çatacaq.

Kəmalə dedi, bura kim gəlib çıxacaq, neçə ildi gələn olmayıb, indi deyirsən, elə bu bir günün içində bura bizdən başqa ayrı adamın da yolu düşər? Belə şey ola bilməz.

Sabir də ona cavab verdi ki, düzdü, Kəmalə haqlıdır, amma o, bir şeyi unudur. Ağlına gəlmir ki, indi yəqin bizi axtarırlar və onlar hökmən biz gəldiyimiz cığırla gələcəklər, axı yerli adamların hamısı bu cığıra yaxşı bələddi. Düzdü, bu cığıra onların yolu az-az düşür, düşəndə də kimdir daş-qayaya baxan, ancaq indi bizi axtardıqlarına görə, bütün dəlmə-deşikləri bitdə-bitdə gözdən keçirəcəklər və çox güman ki, ayrı vaxt fikir vermədikləri bu yarığa da girib baxmaq istəyəcəklər. Öz-özümə fikirləşdim ki, Sabir düz deyir, kiminsə burda iki-üç saat artıq qalmağından ötrü risk eləməyə dəyməz. Kəmalə soruşdu ki, bəs hansımız burda qalmalıyıq.

Qorxdum ki, birdən Sabir məni burda saxlayar, heç ürəyimdən deyildi bu; əvvələn, ona görə ki, anam bircə məndən başqa uşaqların hamısının gəldiyini görüb, onlar ağızlarını açanacan, elə biləcək başıma bir iş gəlib, ya qayadan uçmuşam, ya da çayda boğulmuşam; ikincisi də sözün düzü, bu skeletlərnən bir yerdə tək qalmaq istəmirdim.

Yenə uşaqlar yanında olanda cəhənnəm, tək qalmaq isə dəhşətdir. Sabir dedi ki, bu barədə də fikirləşib və belə qərara gəlib ki, mağarada Əli qalacaq.

– Bir buna bax, kişi qərara gəlib, – Əli dedi. – Mən də qərara gəlmişəm ki, sən qalasan. Sən niyə başqasının əvəzinə qərara gəlirsən?

– Ona görə ki, belə yaxşıdır. Özün fikirləş. Kəmaləni burda qoya bilmərik, qız uşağıdır. – Sonra başıynan məni göstərdi. – O da qalmağa qorxur. Qalsa, qorxudan dəli olar.

Az qaldı qışqıram ki, mağarada özüm qalaram. Ancaq Sabir hələ danışırdı, o danışanda, gərək onun sözünü kəsməyəsən. Dedim, qoy qurtarsın, sonra deyərəm.

– Mən özüm də qala bilərəm, ancaq bu düzgün olmaz, çünki bu yolu hamınızdan yaxşı tanıyıram, bu cığırdan altı dəfə keçmişəm, dörd dəfə keçən il, iki dəfə də bu il, sən isə cəmisi bircə dəfə, o da keçən il. Yox, əgər qalmağa qorxursansa, bu başqa məsələ, bunu açıq de, onda heç başqa söz də lazım deyil, bunu üzrlü hesab eləyərik və mən özüm qalaram!

Əli mızıldandı ki, heç nədən qorxub-eləmir, sadəcə olaraq, istəyir ki, hər şey ədalətnən olsun. Ancaq hamımız bildik ki, qalmağa razıdır.

– Başqa təklifiniz-zadınız yoxdu ki? – Sabir dedi və növbə ilə bir-bir üzümüzə baxdı.

Heç kəs dinmədi, içi mən qarışıq. Fikirləşdim desəm ki, qalmaq istəyirəm, Sabir məni lağa qoyacaq. Bunusa istəmirdim, özü də Kəmalənin gözü qabağında. Həm də hər dəfə mənə lağ eləyəndə, elə tikanlı sözlər tapıb deyir ki, eşidənlərin gülməkdən qarnı cırılır.

Əlbəttə, bircə məndən başqa.

– İndi isə axtarışa başlayaq, – Sabir dedi. – O başdan başlayaq.

Mağaranın o başına yollandıq, dünən ora heç baxmamışdıq.

Sabirnən Əli əllərində fənər qabağa düşmüşdülər. Kəmaləynən mən də əlimizdə şam onların dalınca gedirdik. – Sabir belə əmr eləmişdi.

Əli nə deyir-desin, ancaq afərin Sabirə, onsuz biz təmiz batardıq.

Yarığı da o tapdı, axı çovğuna düşüb qalanda, birinci o durub getdi və burda da özünü çox ağıllı aparır. Hətta bu səhər, dünən söz verdiyi kimi, düz yeddidə oyandı. Xasiyyəti pis olsa da, çox qoçaq adamdı.

Nəinki mağaranın o başına, heç yarısına da çatmamışdıq, birdənbirə o qədər maraqlı şey tapdıq ki, nə sevinməyə, nə də təəccüblənməyə macalımız oldu.

Heç inanmaq olmurdu ki, bunların hamısını biz tapmışıq. Belə şey bir dəfə mənim başıma gəlib, bu il martın 21-də, ad günümdə.

Bir gecənin içində mənə həm durbin, həm velosiped, həm də elektromexaniki konstruksiya bağışladılar. Çoxdan ürəyim gedirdi bu şeylərdən ötrü. Ancaq heç gözləməzdim ki, hamısını bir gündə bağışlayacaqlar. Desəydilər də inanmazdım, amma bağışladılar, durbini valideynlərim, velosipedi nənəm, konstruksiyanı isə Sona xalaynan Vasif dayı gətirmişdi.

Bu gün də hər şey o günkünə bənzəyirdi. Hələ bir az da ondan yaxşıydı. Əvvəlcə divarda qara bir dəmir qapı gördük. O elə kip örtülmüşdü ki, qorxduq bağlı ola. Sabir qapının dəstəyini burdu, sonra onu özünə sarı çəkdi, qapı yavaş-yavaş, görünür, yaman ağır şey idi, açıldı. İçəri girib bir dəhlizə düşdük, orda bir neçə qapı vardı. Birdən mənə elə gəldi ki, biz yerin altında, mağarada yox, adi bir idarənin dəhlizindəyik. Burda döşəməyə əməlli-başlı parket döşənmiş, divarlara yağlı boya çəkilmişdi. Bircə fərqi var idi ki, bu dəhlizə açılan qapıların hamısı dəmirdən idi. Mən hələ istədim işığı da yandırım, düyməni çaqqıldatdım, ancaq tavandakı lampaların biri də yanmadı. Bir qapının üstünə almanca nə isə yazılmışdı, onu açıb içəri girdik, çox geniş bir otağıydı, bizim məktəbin direktorunun kabineti boyda. Bir başda üstündə ağır bürünc mürəkkəbqabı olan iri yazı stolu var idi. Stolun baş tərəfində divardan Hitlerin portreti, üzbəüz divarda isə böyük bir xəritə asılmışdı. O xəritə bütün Şimali Qafqazı və Xəzər dənizini, hətta Qara dənizin lap bəri ucu ilə birlikdə bütün Zaqafqaziyanı əhatə edirdi. Üç tərəfdən – Türkiyədən, dağları kəsərək şimaldan və bir də Xəzər dənizinin cənubundan çəkilən qırmızı ox işarələri Bakıya tuşlanmışdı. Xəritədəki yazıların hamısı almancaydı. Otaqda bir seyf də var idi, amma nə qədər elədik, dəstəyini yerindən tərpədə bilmədik. Seyf də xəritə kimi, bütün yan divarı tutmuşdu və heç adi dəmir seyflərə oxşamırdı, tamam divara hörülmüşdü. Onun lap böyründə isə dəstəyi qırmızı rənglə boyanmış yekə bir qapayıcı gördük. O, bütövlükdə elə bil şüşə qutunun içinə salınmışdı. Bu qutudan yuxarıda divara almanca nə isə yazılmışdı. Yazı nida işarəsi ilə qurtarırdı.

Axırıncı söz də böyük hərflə başlayırdı. Çox qısa olduğundan tez yadımda qaldı: “Tod!” Bu yazının qalan sözləri isə kiçik hərflə başlayırdı, bircə birinci sözdən başqa və ən qəribəsi də bu idi ki, həmin şüşə qutunu çox asanca vurub sındırmaq mümkün olduğu halda, onun ağzından kilid asılmışdı. Qutu kilidli idi!

Sabir dedi ki, burda təəccüblü heç nə yoxdur, adi şeydir. Belə şeyləri o, kinoda çox görüb. Bu qırmızı dəstək və bir də nida işarəsi ilə qurtaran o yazıya görə, belə güman etmək olar ki, qapayıcı ondan ötrüdür ki, mağaraya qəfil hücum olsa və ya geri çəkilməli olsalar, içində seyf saxlanan otağı təcili partlatmaq mümkün olsun. Görünür, bütün qiymətli şeylər və məxfi sənədlər o seyfdə saxlanırmış. Hərbi məsələlərdə qırmızı rəng həmişə ən təhlükəli şeyləri bildirir. Bu şüşə qutunun da ağzı ona görə kilidlidir ki, heç kəs ağılsızlıq eləyib, bu yazını oxumamış qapayıcıya əl vurmasın. Əlbəttə, biz də əl vurmaq fikrinə düşmədik, başladıq yazı stolunun gözlərini araşdırmağa.

Onlar cürbəcür sənədlərlə doluydu və hamısı da almancaydı.

O biri otağa girib astanada dayandıq. Bu otaq komendantın kabinetindən də böyük idi və başdan-ayağa silahla dolu idi. Yəqin burda silah anbarı yerləşirmiş. Xüsusi taxta yuvalarda sıraynan avtomatlar, tüfənglər və bir də qırmızı başlıqlı, arxasında uzun dəstəyi olan, mərmiyə və ya raketəoxşar şeylər düzülmüşdü. Divar boyu rəflərdə patron yeşikləri yığmışdılar və bir də xüsusi yuvalarda bir neçə qumbara qalmışdı. Sabir dedi ki, bunlar tank partlatmaq üçündür. Heç kim onunla mübahisə eləmədi, ancaq mən fikirləşdim ki, axı hardan bilir tank üçündür, yoxsa yox, axı kinoda bunu seçmək o qədər də asan deyil.

Üçüncü otağa da girdik, burda əsasən kağız qovluqları saxlanırdı.

Bu vaxt Sabir dedi ki, saat doqquza lap az qalıb, tez yığışıb getmək lazımdır. Gecə yatdığımız yerə qayıtdıq. Başladıq Əliynən vidalaşmağa.

Sabir dedi yükümüz yüngül olsun deyə özümüzlə fənərdən başqa heç nə götürməyək, çantaları da burda qoyaq. Çünki onda yarıqdan keçməyimiz də asan olar. Əliyə də tapşırdı ki, bizsiz bir avtomata da əl vurmasın. O, bütün bunları elə ciddi şəkildə deyirdi ki, hətta Əli də diqqətlə ona qulaq asırdı. Deyəsən, o da başa düşmüşdü ki, Sabirnən mübahisə eləməyin xeyri yoxdu. Sabir axırda bir də onu dedi ki, biz bura qayıdanacan Əli bu adamların və maşının buraya hardan gəldiyini tapa bilsə, əla olar. O, bunu deyəndə Əli tez qulaqlarını şəklədi. Növbə ilə bir-bir əlini sıxıb, yarığa sarı yollandıq, ancaq Əli də fənəri götürüb dalımızca düşdü və dedi ki, bizi çıxacağa kimi ötürəcək, çünki bilmək istəyir ki, görsün bayırda hava necədi. Amma mən bildim ki, Əli gün işığı üçün qəribsəyib, çünki şamlar nə qədər güclü işıq saçsalar da, burdakı yarıqaranlıq artıq adamı əsəbiləşdirməyə başlamışdı.

Yol boyu hər üçümüz – mən, Kəmalə və Sabir söhbət eləyirdik, Əli isə dinmirdi. Lal-dinməz dalımızca gəlirdi və hətta mənə elə gəldi ki, o bu dəqiqə burda tək qalmaqdan boyun qaçıracaq. Yox, mən demək istəmirəm ki, o, qorxaqdır, qorxaq-zad deyil. Düzdü, çoxdan tanımasam da, hiss eləyirəm ki, igid adamdır. Sinfimizdə bunu hamı bilir və ona böyük hörmətlə yanaşırlar, əlbəttə, Sabir qədər olmasa da, hörmətini saxlayırlar. Demək olar ki, bu cəhətdən o, sinifdə Sabirdən sonra ikinci adamdır. Bizim sinfə ilyarım bundan qabaq gəlib, o vaxtdan bəri xeyli dəyişib, tamam ayrı adam olub.

Siftələr çox nəzakətli, lal-dinməz uşaqdı, heç kimə dəyib-dolaşmırdı, amma əfəl də deyildi, ona sataşanın cavabını verməyə o dəqiqə hazırdı, amma özünün heç kimnən işi yox idi. Sonra tamam dəyişdi, Sabirin gününə düşdü. Mən əvvəllər arabir onlara qonaq da gedərdim, sonra tərgitdim, indi Əligilə qonaq getmək ağlıma da gəlmir. Səbəbini bilmirəm. Onlar bizim evlə üzbəüz binaya, Vidadi, 156-ya köçüblər, bizimki 149-dur. O ev elə gec tikilirdi ki, nə bir gün onun qurtaracağı, nə də orta mənə tanış adamların yaşayacağı ağlıma da gəlməzdi. İndisə, əksinə, təsəvvürümə gətirə bilmirəm ki, bir vaxtlar burda heç bir bina olmayıb. Və Əligil də orda yaşamayıblar. İlk dəfə onlara gedəndə Əligil o binaya üç ay idi köçmüşdülər. Mənzilləri çox yaxşıdır, böyük, geniş otaqları var, amma içinə o qədər mebel doldurublar ki, tərpənməyə də yer tapmırsan, otaqların birinə isə iki yekə şifoneri birdən qoyublar, hələ iki enli çarpayını və hər çarpayının yanındakı bir trilyaj və iki tumboçkanı demirəm. Heç cür başa düşə bilmirdim ki, bu evdə mənə qəribə gələn nədir, – əvvəl elə bildim günah Əlinin fotoşəkillərindədir, bütün otaqlar onun lap körpəliyindən tutmuş bu günə kimi çəkdirdiyi şəkillərlə doluydu: Əli çarpayıda, hamam vannasında və hətta qarşokda oturduğu halda. Özü də hər şəklin altında tarixi və çəkildiyi yerin adı göstərilmişdi: Bakı, Kislovodsk, Lənkəran, Moskva, Soçi... Əgər Əli bir vaxt məşhur adam ola bilsə, bu şəkillər onun yaman karına gələcək. Sonra gördüm ki, yox, məsələ şəkillərdə deyil, nə isə başqa şeydir mənə qəribə gələn. Əliylə danışa-danışa elə hey bu barədə fikirləşirdim.

O məni öz nənəsi ilə tanış elədi, onun mənim nənəmdən iki dəfə qoca olduğuna lap məəttəl qaldım. Amma Əlinin ata-anasıynan tanış olandan sonra gördüm ki, onlar da xeyli yaşlıdırlar. Heç demə, Əli çox gec doğulub, hətta bir vaxt valideynləri övlad sarıdan əllərini üzüblərmiş. Bunu mənə Əlinin özü danışdı, o vaxt hələ onuynan normal söhbət eləmək mümkün idi, indiki kimi hər şeydən ötrü bir şillə ilişdirmirdi adama, şit-şit zarafatlar eləmirdi. Adama elə sözlər deyir ki, utandığından bilmirsən başını hansı kola soxasan, özü isə sırtıq-sırtıq hırıldayır. Nənəsi bizi mürəbbəli çaya, piroqa qonaq elədi. Sonra da bir qəzet gətirib xahiş elədi ki, istiqraz vərəqələrini yoxlayaq, bəlkə bir şey udduq. Lap qocaydı, ayaqlarını gücnən atırdı, amma sən bunun həvəsinə bax, pul udmaq fikrindədir.

Səhv eləyərik deyə düz iki dəfə yoxladıq, heç bir rəqəmi də düz gəlmədi, nə seriyadan, nə də nömrədən. Əli ona elə belə də dedi.

Sonra da ağzından elə bir söz çıxartdı ki, mən mat qaldım; çox ciddi tərzdə dedi: “Nənə, səninki bu dəfə çalmadı, əksinə, uduzdun”.

Nənəsi möhkəm pərt oldu, dedi ki, bu istiqrazların hamısı başdanayağa tamam pul tələsidir, sonra da soruşdu ki, bəs bu dəfə nə qədər uduzub? Əli dedi üç manat, sonra da mənə göz vurdu. Arvad gedib qara mücrüsünü gətirdi, onun içindəki puldan üç manat götürüb Əliyə verdi. Əli ona təsəlli verməyə başladı, dedi ki, niyə narahat olursan, keçən il qırx manat udmadın, ondan bəri nə uduzmusan ki, cəmi-cümlətanı on iki manat. Sonra mənə danışdı ki, hər tiraj vaxtı bu yolla üç manat irəli düşür. Əvvəllər ataanasından çəkinirmiş, amma hər şey yaxşı qurtarıb. Bir gün nənəsi onlara elə hey uduzduğundan gileylənəndə onlar buna uşaq kimi seviniblər və onun bu fərasətindən ağızdolusu dost-tanışlarına danışmağa başlayıblar. Biz o gün o üç manatın başına yaxşıca daş saldıq. Dənizkənarı bulvara getdik, bir qayıq prokata götürüb, buxtada xeyli gəzdik, lap “İnturist”ə kimi üzüb geri qayıtdıq.

Bəxtimizdən qayıqçı da yaxşı adam çıxdı, bizə and içdirib öyrənəndən sonra ki, üzməyi bilirik, bizi tək buraxdı. Ancaq qayığa iki xilasedici kamera qoydu. Əslində buna heç bir ehtiyac da yox idi, çünki onun əlinin altında hazır xilasedici qlisser var, ikicə dəqiqəyə buxtanın harasına desən çata bilər. Belə çıxdı ki, o üç manat Əlinin nənəsindən çox bizə lazımmış, axı pul onun nəyinə gərəkdir, evdən bayıra çıxıb-eləmir, hər şeyi hazır gəlir: hər gün qulluqçu gəlib yır-yığış edir; ancaq dəxli yoxdur, mən onu xatırlayanda bapbalaca boyu, bükük beli, mehriban gözləri gəlib dururdu gözlərimin qabağında. Və o günü heç gözlərimin qabağından getmədi, nədənsə qəhər məni boğurdu, ona yazığım gəlirdi. Yəqin Sabir haqlıdır, bəlkə elə doğrudan da mən normal adam deyiləm.

Sonra başa düşdüm ki, Əligilin mənzilində mənə qəribə gələn nəymiş; bunu başa düşənəcən iki dəfə də onlara getməli oldum: bu evdə bir dənə də kitab şkafı yox idi! Otaqların heç birində! Şkaf nədi, heç bir dənə kitab rəfi də yox idi, bircə Əlinin otağında, yazı stolunun üstündəki dərsliklərdən başqa! Mənə qəribə gələn də elə buymuş. Ancaq həmişəki kimi, bu dəfə də hər şeyi çox gec başa düşdüm. O vaxt ki, onda bu barədə heç düşünmürdüm də.

Mən bunu Əliyə deyəndə çox təəccübləndi, dedi, burda qəribə nə var ki, onların heç qabaqkı mənzillərində də kitab olmayıb. Hansı kitab ona lazım olsa evlərinin böyründəki kitabxanadan götürə bilər. Axı onsuz da nə qədər eləsən, bütün kitabları alıb evə yığa bilməzsən. O bunu deyən kimi, dərhal məni şübhə bürüdü: bəlkə elə doğrudan da, burda qəribə heç nə yoxdur, kitabdır da, evdə ola da bilər, olmaya da. Amma nədənsə bu, siftə mənə qəribə gəlirdi.

Sözsüz ki, Əli qorxaq olduğuna görə susmamışdı. Kimə desən ki, bu qaranlıq mağarada tək-tənha qalmalısan, istər-istəməz özünü pis hiss eləyər, başqası heç cür razılaşmadı. Ancaq Əli razılaşdı.

Yarığın girəcəyinə lap az qalmışdı, o isə hələ də fikrini dəyişməmişdi, eləcə susurdu, ancaq qaşqabağını yaman turşutmuşdu. Bəs neyləməli idi, onu bu dəhşətli skeletlərnən baş-başa qoyub getməyimizə sevinməyəcəkdi ki?

Lap fənərimiz-zadımız olmasa da, ən qatı qaranlıqda belə o yarığa çatdığımızı gözüyumulu bilərdim, iyinə görə. Nəm torpağın ətrinə görə. Nəinki nəm, həm də təzə-tər torpağın. Elə bil indicə qazmağa başlamışdılar. Mağarada burdan başqa heç yerdən bu cür iy gəlmirdi. O yarığın girəcəyinə çatdığımızı dərhal hiss elədim. Ancaq bax bu yekə qaya parçası, məncə dünən burda deyildi. Yaman zırpı daş idi bu, lap mənim qurşağımacan, qıraqları da kələ-kötür.

Şübhəsiz, bu daş dünən burda yox idi. Ona görə dəqiq yadımda qalıb ki, dünən Sabir üçün stalaktitin qalıqlarını axtararkən bu həndəvərdə bir dənə də daş-kəsək görmədim, hər yer dümdüz idi.

– Bəs bu yarıq necə oldu? – Qabaqdan Sabirin səsi gəldi və bunu nə isə, təəccüblü adam kimi soruşdu.

Bu anda daş da yadımdan çıxdı, torpaq da, tez qabağa qaçdım.

Baxdım ki, hər yan divardır, elə bil heç burda çatlaq-zad olmayıb.

Yuxuda görmüşdük, nədir? Ay götürüldük ha! O yana, bu yana qaçır, hər yanı bitdə-bitdə yoxlayırıq, amma heç nə tapa bilmirik.

Deyəsən, hamımız bərk qorxmuşduq, hətta mənim ayaqlarım soyumuş, yüpyüngül olmuşdu. Bir bərk qorxanda, bir də bərk həyəcan keçirəndə mən həmişə belə oluram. Onu heç yerdə tapa bilmədik.

Amma bir şey bizə məlum oldu ki, dünən doğrudan da burda yarıq olub, çünki nəhayət, divarda döşəmədən tavana kimi uzanan, gözlə güclə sezilən nazik bir çat tapdıq. Ordan heç kibrit də keçməzdi.

Başa düşdük ki, bu, elə biz bura gəldiyimiz yarığın yeridir. O qədər qorxmuşdum ki, əvvəlcə ağlım heç nə kəsmədi, amma bir az keçəndən sonra gecə yerin altında qəribə uğultu eşitdiyim yadıma düşdü.

Bəlkə bu heç yuxu deyilmiş, yer həqiqətən tərpənirmiş. Yəqin yeraltı təkan olub, ona görə də yarıq örtülüb, axı o, çox ensiz idi.

Başımızı tamam itirmişdik. Kəmalə sakitcə ağlayırdı. Mən də onun yanında durmuşdum, söz deməyə qorxurdum, bilirdim ki, ağzımı açsam, ağlamaq məni tutacaq. Əli də dinmirdi, yəqin o da ağlamaqdan qorxurdu. Bilmirəm, Sabir olmasaydı, biz neyləyərdik.

Sözsüz ki, o da qorxmuşdu, amma dillənəndə bunu heç birimiz hiss eləmədik. Həmişəki kimi, sakit danışırdı. Dedi ki, indi burdan çıxmağa yol axtarmaq lazımdı. O, bizə başa saldı ki, bu mağaradan hökmən böyük çıxış yolu olmalıdır, çünki nə bu zirehli maşın, nə də bu adamlar bu mağaraya o müvəqqəti yarıqdan keçib gələ bilməzdilər. Ən axmaq adam da buna inanmaz. Hələ onlar cəhənnəm, o otaqlara nə deyəsən? Axı onları buraya haradansa gətiriblər.

Belədirsə, deməli, çıxış yolu var. O danışıb qurtaranacan biz yavaş-yavaş özümüzə gəldik, qorxumuz sovuşdu. Mən özümdən götürürəm, qorxum təmiz çəkilmişdi və artıq bu çıxışın harda ola biləcəyi barədə düşünməyə başlamışdım. Kəmalə də ağlamağını kəsdi. Kəsdi deyəndə, indi səsi çıxmırdı, ancaq arabir lap yavaşca içini çəkirdi.

Geriyə, gecələdiyimiz yerə qayıtdıq. Sabir qabağa düşmüşdü və deyirdi, ona elə gəlir ki, çıxış yolu o tərəflərdə, zirehli maşının durduğu yerdə olmalıdır. Sonra geri çevrilib, bizə tapşırdı ki, fənərlərimizi söndürək, onunku yanır, bəsdi, batareyalara qənaət eləmək lazımdı. Gör ha, birimizin də ağlı bunu kəsməyib. Yenə də Sabir!

Fikir verdim ki, Əli də öz fənərini dərhal söndürdü, daha əvvəlki kimi söz güləşdirmədi.

Əsas çıxışı o saat tapdıq. Daha doğrusu, onu bağlayan nəhəng sal dəmir darvazanı. Yaman hündür idi, iki zirehli maşın boyda, ondan da enli. Və hər yerdə kənarları qayaya elə kip bitişdirilmişdi ki, əl tutacaq bir santimetr də yer qalmamışdı. Dəmirdən olduğunu da ondan bildik ki, daşla onu döyəcləyəndə danqıldamağa başladı, amma bununla belə danqıltı o qədər boğuq çıxırdı ki, deyirdin bəs qalınlığı bir metrdi. Hətta buna görə az qalmışdı, fikrimizi dəyişək, əsas çıxışı başqa yerdə axtaraq, amma birdən döşəmədə maşın tırtıllarının izlərini gördük. Onlar qapının lap ağzında qurtarırdı.

Sabir dedi ki, indi bircə şey qalır: bu darvazanın hardan bağlandığını tapmaq və ona açar axtarmaq. Açarlar hardasa bu mağarada, çox güman ki, bu skeletlərin birinin cibində olmalıdır. Dəmir darvazanın hər yerini qarış-qarış diqqətlə axtardıq; əvvəlcə aşağı hissəsini, orda bir şey tapmayandan sonra, yeşikləri ayağımızın altına qoyub yuxarısını bitdə-bitdə aradıq. Ancaq onun hardan kilidləndiyini heç cür tapa bilmədik. Onda Sabir dedi ki, başqa bir çıxış yolu axtarmaq lazımdı. Və axtarmağa başladıq. Divar boyu bütün mağaranı ələkvələk elədik, otaqları və dəhlizi təzədən gözdən keçirdik, nə qapı tapdıq, nə də ona oxşar bir şey. Onda qəti surətdə bu qərara gəldik ki, mağaradan yeganə çıxış yolunu həmin dəmir darvaza bağlayıb.

Yaman yorulmuşduq, axtarışı qurtaranda Kəmalənin saatında iki tamam idi. Deməli, saat doqquzdan bəri, düz beş saat dalbadal bu andıra qalmış mağaradan çıxış yolu axtarmışıq.

Sabir dedi ki, gəlin bir az dincələk və bundan sonra nə edəcəyimizi yaxşı-yaxşı götür-qoy eləyək. Birdən Kəmalə qışqırdı! Elə sevincək qışqırdı ki, dərhal ona sarı atıldıq. Çox uzaqda deyildi, soruşuruq nə olub, amma özümüz də bilirik ki, nə isə yaxşı bir iş olub, axı çox sevincəkdi. O isə bizə divarı göstərdi: orda, divarda dayaz bir oyuğa balaca, quru qutu bərkidilmişdi, üstündə də iki yastı düymə vardı: biri qırmızı, biri göy. Və yuxarıdakının – qırmızının üstünə almanca nə isə yazılmışdı. Sabir heç fikirləşməyə də aman vermədi, dərhal yuxarıdakı düyməni basdı, heç nə olmadı, aşağıdakını basdı, o da həmin cür. O düymələri barmaqlarımız keyiyənə qədər basdıq-buraxdıq, basdıq-buraxdıq, ancaq bir şey çıxmadı. Dedim yəqin ki, bu düymələr əvvəllər işləyib, çünki onda burda elektrik enerjisi olub, indi isə yoxdur, ona görə də işləmir.

Sabir hirsləndi üstümə, dedi ki, sən yum ağzını, onu sənsiz də bilirik.

Kağız puldan düzəltdiyimiz döşəklərin üstündə oturub bundan sonra neyləyəcəyimizi fikirləşirdik. Sabir dedi ki, vəziyyət çox ciddidir, özümüz hökmən bir çıxış yolu axtarıb tapmalıyıq, ayrı heç nəyə ümid eləməyə ixtiyarımız yoxdur. Heç kim burda gəlib bizə kömək eləməyəcək. Bir də gərək öz aramızdan bir nəfəri başçı – komandir seçək və hər şeydə hamımız ona sözsüz tabe olaq, çünki bu vəziyyətdə hər kəs öz bildiyini eləsə, batdıq, heç bir iş görə bilməyəcəyik. Bax onda Əliyə lap məəttəl qaldım, o dərhal dedi ki, başçı Sabir olmalıdı. Bu da onun yaman xoşuna gəldi, sifətinə baxan kimi bildim, ancaq yenə də soruşdu ki, bəlkə başqa təklifi olan var? Biz də dedik ki, başqa təklifimiz yoxdu. Buna baxmayaraq o, hər halda səsə qoymağı xahiş etdi. Başqa cür guya o, razı olan deyil. Soruşdu: “Kim razıdır?” – Ondan başqa hamı əlini qaldırdı.

Sonra soruşdu ki, kim əleyhinədir, heç kəs əlini tərpətmədi, bəs kim bitərəf qalır, bircə özü əlini qaldırdı. Səsvermədən sonra dedi ki, əgər istəyiriksə, hər şey yaxşılıqla qurtarsın, gərək bu andan etibarən hamımız ona tabe olaq. Guya biz bilmirdik ki, səs verdik, səs vermədik, burda ondan böyüyü yoxdur.

Sonra o dedi ki, gərək qalan yeməyimizin dəqiq hesabını bilək.

O saat da kimin çantasında nə vardı çıxarıb bir yerə yığdıq; üç kolbasa buterbrodu, yarım şokolad plitkası, bir dənə də pendir paçkası.

Olub-qalan yeməyimiz buydu. O vaxtacan heç kəs acdım deməmişdi, səhər-səhər adama bir yaxmac yediyimiz idi, amma indi qalan yeməyin nə qədər az olduğunu görəndə ağzımız sulandı. Sabir dedi, gərək indən belə yeməyə möhkəm qənaət eləyək, buterbrodların birini xırda-xırda dörd yerə bölüb payladı. Sabir bildirdi ki, bu, bizim sabaha qədərki normamızdır. Kim haçan istəsə yeyə bilər, o, hələ sözünü qurtarmamışdı, amma biz əlimizdəkiləri o andaca udduq, qalan yeməyi isə o özündə saxlayacaq və müəyyən saatlarda aramızda bölüşdürəcək. Kibrit dənələrini də hesabladı, siqaretləri də, səkkiz kibrit çöpü qalmışdı, beş siqaret, hamısını cibinə qoydu, dedi ki, onları da bir-bir paylayacaq. Ancaq bunu yəqin xalaxətrin qalmasın deyə dedi, axı ondan başqa heç birimiz siqaret çəkən deyildik. Sonra mənə əmr elədi ki, qəza şkafındakı konservləri də gətirim. Gedib gətirdim. Hamısı salamat olmağına salamatdı, di gəl, hər iki tərəfdən qapaqları xeyli dombalmışdı, elə bil içinə hava vurmuşdular.

Konservləri gətirən kimi, dedim ki, bunları yemək olmaz, görmürsüz necə dombalıblar, deməli xarabdılar. Balıq konservindən adam yaman pis zəhərlənir, lap ölən də olur. Bizim həyətdə Vitya Şeqlov bundan öldü. Özü də o, hələ idman ustasıydı, voleybol üzrə Azərbaycan yığma komandasının üzvüydü.

Bir axşam ağ balıq yemişdi, sabahı gün ağrıdan qıvrıla-qıvrıla öldü. Ona görə ki, gec həkim çağırmışdılar. Onu xəstəxanaya apardılar, bütün günü mədəsini yudular, min cür iynə vurdular, heç bir kömək eləmədi – öldü. Biz burda zəhərlənsək, bizə heç kömək eləyən olmayacaq. Hamısı mənə diqqətlə qulaq asırdı. Mən sözümü qurtaranda, hətta Sabir özü də dedi ki, heç kim bu saat bu konservləri yemək niyyətində deyil, sonrasına isə baxarıq. Bax, o anda bir səhv elədim. Gərək ensiklopediya söhbətini araya salmayaydım.

Orda oxumuşdum ki, qapağı qabarmış konservləri yemək olmaz, çünki bu onu göstərir ki, onlarda çox kəskin zəhər əmələ gəlib və ona botulizm deyirlər. Bu söz dəqiq yadımdaydı. Mən elə bu sözü dilimə gətirən kimi, Sabir yenə hirslənib özündən çıxdı: onun bilmədiyi bir şeydən danışdın, dəli olur.

– Kitab siçovulu! – Bu onun ən ağır söyüşüdü. – Oxumadığın şey qalmayıb. Əlindən bir iş gəlmir bundan başqa. Yalan deyirsən hamısını, bilirsən ki, burda dediklərini yoxlamaq mümkün deyil, gopa basırsan. Bura girəndən əllaməlik eləməyə başlamısan – stalaktit söhbətinə eyham vurur – aman ver, fikirləşək, görək başımıza nə gəlir. Yum ağzını, elə et ki, bir də sənin səsini eşitməyim.

Ağzımı yummağına yumdum, neyləyə bilərdim, amma ürəyimdə qəti qərara gəldim ki, acından ölsəm də o konservlərə əl vurmayacağam.

Sabir üstümə qışqıranda onlar mənə baxıb, dişlərini ağardırdılar. Düzdü, belə şeylər mənim o qədər vecimə deyil, onsuz da öyrəncəliyəm, ancaq istər-istəməz adamın xətrinə dəyir. Axı onların xeyri üçün deyirəm. İstəmirsiz, özünüz bilərsiniz, yeyin, zəhərlənin. Sonra Sabir dedi ki, bir dəqiqə də vaxt itirmək olmaz, durub mağaranı axtarmağa başlamaq lazımdı. Mənə əmr elədi ki, bütün skeletlərin ciblərini axtarım, nə tapsam, gətirib ona verim.

Bildim ki, qəsdən deyir. Qəsdən deyir ki, mən etiraz eləyim, o da məni lağa qoysun. Mən də etiraz eləmədim, onun acığına. Gedib skeletləri axtardım və xeyli şey tapdım: hamısının üstündə bir tapança və bir vəsiqə, hər üç esesçinin cibində isə arvad-uşaqları ilə bir yerdə şəkilləri vardı. Onların ciblərindən nəyinsə açarı, cürbəcür cib dəsmalları, hər üç esesçinin cibində isə arton cildli kiçik bir kitabça tapdım. Və onu açan kimi, gördüm ki, tapdıqlarımın içində ən maraqlı şey elə budur, çünki o, almanca-rusca danışıq kitabçası idi. Əvvəldən bir neçə vərəqi bir-birinə yapışmışdı, heç nə oxumaq olmurdu, ancaq qalanları pis deyildi. Oxumaq olardı.

Dərhal başladım vərəqləməyə, ancaq Sabir aman vermədi, yanlarına çağırdı. Üçü də artıq dəhlizdəydilər. Tapdığım şeylərin hamısını onlara göstərdim. Sabir açarları – bir halqaya salınmış iki yoğun açarı görən kimi, sevindi və dərhal onları qapıb əlimdən aldı.

Amma yenə də özünü elə aparırdı ki, guya nədənsə narazı qalıb və hirslə soruşdu ki, yaxşı-yaxşı axtardınmı? Dedi ki, bunlar seyfin açarı olacaq, çünki çıxıntıları ikitərəflidir, hökmən onun açarlarıdır.

Elə də oldu. Açarların hər ikisi seyfə düşdü və biz ona açdıq. İçi kağız-kuğuzla doluydu. Hamısı da almanca. Yaman pərt olmuşduq.

Dördümüz də savadlı adam, amma bu kağızların birini də oxuya bilmirik. Lap kinodakı kimi. Elə bil ayrı planetdən gəlmişik. Heç nə başa düşmürdük.

Sonra Sabir üstdəki rəfdən dörd qatlanmış böyük bir vərəq çıxartdı. Açıb gördük ki, bizim mağaranın planıdı, dərhal tanıdıq.

Bu planda hər şey vardı: mağara da, dəhliz də – hər şey. Ancaq təzə heç nə yox idi. Çox ətraflı plan idi. Divarlarda gördüyümüz bütün şkaflar, dəmir darvazanın yanındakı elektrik düymələri, bu dəhliz, bu otaqlar, hətta komendantın otağındakı qırmızı qapayıcı, seyf, bir sözlə, hər şey burda işarə olunmuşdu. Və mağaradan çıxış yolu da elə biz tapdığımız yerdəydi, hətta hara – deyəsən, dağ yollarından birinə çıxdığı da qeyd olunmuşdu. Ancaq onun da yazıları bizim üçün tamam anlaşılmaz idi. Bunun bizə nə faydası! Sabir danışıq kitabçasını əlində o yan-bu yana çevirib, özümə qaytardı ki, saxlayım, bəlkə bir şeyə yaradı sonra.

Gecə düşənəcən hər yeri ələk-vələk elədik, dırmaşmadığımız yer qalmadı, hətta divarlardakı portretlərin altına da baxdıq, dedik bəlkə onların altında gizli saxlanc-zad oldu. Gecədən keçmiş qurtardıq işimizi. Lap yorulub əldən düşmüşdük.

Artıq Sabir də ruhdan düşmüşdü, ancaq hələ də özünü o yerə qoymurdu. Dedi ki, sabah hökmən bir şey fikirləşib taparıq. Sonra ağlına nə gəldisə, bir buterbrod da bölüşdürdü. Ömrümdə heç nəyi onun kimi, bu cür dəqiq bölüşdürə bilməzdim. Paylarımızı özümüzə verəndən sonra dedi: bu əlavə yemək payını ona görə verir ki, bu gün biz çox möhkəm işləmişik və ona görə də qarnımızı bərkitməliyik.

Və hamımıza şirin yuxu arzuladı, çox rəsmi şəkildə, lap əsl komandirlər kimi. Dərhal yerimizə uzandıq. Bu gecə Kəmalə yatanda əlindən tutmağı xahiş eləmədi, görünür, daha skeletlərdən qorxmur, yəqin öyrəşib. Bəlkə də Sabir onun gözü qabağında üstümə çığırdığına görə, məndən zəhləsi gedir. Ancaq bu, ağlabatan şey deyil, çünki Sabir əvvəllər də onun yanında mənim üstümə qışqırıb.

Təhqir qaqaş deyir mənə. Hər dəqiqə heç kəs eşitməsin deyə pıçıltıyla soruşur ki, öz variantımı hələ qurtarmamışam ki? Axırıncı rübdə həm mənə mane olmasın, həm də özü narahatçılıq keçirməsin deyə siftə onun variantını yazırdım, sonra özümünkünü. Ancaq bunun dəxli yoxdu, yenə mənə yuxarıdan-aşağı baxır. Sağ ol deməyinə deyir, amma həm də zəhləsi gedir.

Hələ də almanca-rusca danışıq kitabçasını oxuyurdum. Hayıf ki, lüğət deyil, danışıq kitabçasıdır. Lüğət daha çox karımıza gələrdi...

– Sən niyə yatmırsan? – Sabir yerindən dikəlib soruşdu. Görünür, əsl komandir kimi, gecə də hamının məsuliyyətini öz boynuna götürmək istəyir.

Dedim ki, yuxum gəlmir, ona görə də bu kitabçaya baxıram.

– Yenə siçovulluq eləyirsən ha! – O bu sözü elə tikanlı-tikanlı deyir ki, hirsindən bilmirsən neyləyəsən. Əlini yellədib yerinə uzandı. Bu kitabçanı artıq bir dəfə oxuyub qurtarmışdım, indi isə elə bil başımı qatmaq üçün oxuyuram. Çünki oxumasam, o dəqiqə evimiz yadıma düşür. Gör indi orda nə həngamə qopub. Anam yəqin təmiz ağlını itirib! Bu dəqiqə onun nə hala düşdüyünü təsəvvürümə gətirməyə belə qorxuram. Neynəyim, özümnən bacarmıram da!

Oxuya-oxuya yenə bu barədə fikirləşirəm. Düzünə qalsa, bu kitabçanı ona görə oxuyuram ki, vərdiş eləmişəm, oxumasam, dura bilmirəm. Ona görə də anam adımı kürt toyuq qoyub. Bəzən hətta kitabı əlimdən alıb atır, məsələn, çörək yeyəndə. Demək olar ki, xoşuma gələn kitabların hamısını iki-üç dəfə oxumuşam... Bu kitabçada isə həm qəribə və həm də gülməli şeylər çoxdur; əvvəlcə, almanca mətn verilir, sonra rusca. Bütövlükdə isə bu kitabça “Nəqliyyat”, “Hərbi əsir və ya partizanla söhbət”, “Eyş-işrət”, “Yerli əhali nümayəndəsinin cəzalandırılması barədə xəbərdarlıq” və s. kimi fəsillərə ayrılmışdı. Ümumiyyətlə, bütün həyat hadisələri nəzərə alınmışdı. Məsələn, “Alman zabiti freyleni qəhvəxanaya dəvət edir”. Mötərizədə isə “kinoya, teatra, restorana” sözləri əlavə olunmuşdu. Yaman fəndgir imişlər, deməli, hara getmək istəsə, o sözü yerinə qoyur, vəssalam. Və ya: “Bu kiçik hədiyyəmi qəbul edin”, mötərizədə isə “ətriyyat, konfet, gül dəstəsi, zərgərlik məmulatları”. Bir sözlə, bu kitabçada nə desək vardı, ən maraqlı şeylərə isə “Cəza barədə xəbərdarlıq”, “Hərbi əsir və ya partizanla söhbət” fəsillərində rast gəldim. Başdan-ayağa hədə-qorxuydu, hər şeydən ötrü ölüm cəzası – güllələnmə, ya dar ağacından asılma ilə qorxudurdular. “Axşam saat ondan sonra küçəyə çıxanlar yerindəcə güllələnməlidir”, “Evində kommunist – mötərizədə “partizan, döyüşçü” – gizlədənlər ölümə məhkum olunacaqlar. Heç demə, hər şeyə ölüm düşürmüş, hətta işə çıxmağa da. İndi başa düşdüm ki, qırmızı qapayıcının yanındakı yazıda gördüyüm “Tod” nə demək imiş. Onun “ölüm” demək olduğu bu kitabçadan aydın bilinirdi, çünki harda ölüm cəzasından söhbət gedirdisə, bu söz də orda işlənirdi. Hər xırda şeyin üstündə adamı ölüm cəzası gözləyirmiş, sanki bunlar üçün insan həyatının bir qara qəpikcə də qiyməti yox imiş. Deməli birinin saatı xarab olubsa, o da bundan xəbərsiz halda on birin yarısında küçəyə çıxıbsa, patrul onu yerindəcə güllələyə bilərmiş. Bu kitabçada oxuduqlarımdan belə çıxırdı. Bir az da oxudum, özüm də bilmədən yuxuya getdim.

Səhər tezdən hər şey təkrar olundu. Hər küncə bir neçə dəfə ayaq döydük. İndi mən o mağaranın harasına desən, gözübağlı gedərəm, hər yanı qarış-qarış, hətta barmaqlarımızla yoxladıq, amma bu dəmir darvazadan başqa heç yerdə çıxış yolu tapa bilmədik. Onu da açmağa gücümüz çatmırdı. Sabir dedi ki, kaş bu yararsız avtomatların, pulemyotların əvəzində burda bircə dənə top olaydı, onda o top atəşi ilə bu darvazanı dərhal vurub partladardı. Sözdü də, danışır, əvvəla, ona görə ki, burda top-zad yox idi, yoxdursa, onda heç ondan danışmağa da dəyməz. İkincisi, lap olsaydı da, Sabir onu atmağın təhərini bilmirdi axı. Bütün günü – səhər tezdən gecə keçənə qədər – mağarada təpik döydük, demək olar ki, daha danışıb eləmirdik, çünki başa düşmüşdük ki, işimiz fırıqdı. Axşam qalan yeməyin hamısını – ərgin pendir paçkasını dörd yerə bölüb yedik və sonra nə edəcəyimizi fikirləşməyə başladıq. Yenə heç bir qərara gələ bilmədik və mən bekarçılıqdan kitabçanı götürüb oxumağa başladım.

Bu hərəkətim Sabiri lap hövsələdən çıxartdı və o əmr elədi ki, bu dəqiqə onu örtüb kənara qoyum. Dərhal onun dediyi kimi elədim, daha əsəbiləşdirmək istəmirdim. O, təmtəraqlı bir tonda bildirdi ki, sabah da çıxış yolunu axtaracayıq, əgər tapmasaq, onda o, ya sabah axşam, ya da biri gün tezdən dəmir qapını qumbara ilə partlatmağa çalışacaq. Başqa əlac yoxdur. Fikirləşdim ki, ömründə, kinodan başqa, heç yerdə qumbara görməyən bu adam onu necə partlada bilər?

– Sən heç onu partlatmağın təhərini bilirsən?

– Ona nə var, tullamazdan qabaq dəstəyini özünə sarı çəkib, burmaq lazımdı, – dedi. – Ancaq mən tullamayacağam, gərək qapının dabanında balaca bir çala qazaq, qumbaranı ora qoyub, zirehli avto- mobilin arxasına qaçaq. Məncə, hər şey yaxşı olacaq. Onsuz da başqa əlacımız yoxdur. Yeməyimiz də qurtardı, sabahdan konservə keçməli olacağıq.

– Sabah niyə? – Əli dedi. – Elə bu gün də yemək olar.

O bu sözü deyən kimi, hamının gözü işıldadı. Ağızlarının suyu axdı. Hamımız acından ölürdük. Elə əvvəldən də bərk acmışdıq, ancaq bu pendir qırığından sonra lap ac canavara döndük. Lakin Sabir dedi ki, sabahacan konservlərə əl vurmayacayıq, gərək bir az qabağı da fikirləşəsən. Konservlərin xarab olduğunu onların yadına salmaq istədim, ancaq elə ağzımı açmamış üçü də birdən üstümə qışqırdı.

– Sən istəmirsən, yemə, – Kəmalə dedi. – Heç kim sənə yalvarmır.

Bizim işimizə də qarışma.

Bu sözləri deyəndə onun ağzı əyildi, sifəti pis hala düşdü, səsi də, sifəti də. Xüsusən də sifəti yad və eybəcər şəkil aldı. Sifətinin bu günə düşə biləcəyi yuxuma da girməzdi. Kəmalənin bu sözlərindən elə bərk dilxor oldum ki, Əliynən Sabirin nə dediyinə heç qulaq da asmadım.

Hamı yerinə uzandı. Kitabçanı bir az da vərəqləyəndən sonra mən də yatmaq istədim. Yanı üstə uzanıb gözlərimi yumdum. Elə bu vaxt Kəmalə – heç demə, o da yatmayıbmış – mənə dedi:

– İncidin məndən?

Başımı buladım, guya ki, yox.

– İncimisən, incimisən, bəyəm görmürəm!

– İnciməmişəm.

– Elədirsə, əlini mənə ver, əlin əlimdə olanda rahat yuxuya gedirəm, – əlimi əlinə alıb susdu.

Baxdım ki, yuxulayıb. Mənsə o gecə heç cür yuxulaya bilmirdim.

Elə hey sabah Sabirin bizə konserv paylayacağı barədə düşünürdüm.

Əlbəttə, mən yeyib-eləməyəcəyəm, ancaq nə olsun, uşaqların üçü ki, yeyəcək. Söz eşitmək də istəmirlər. Təmiz dilxorçuluq, heç nə qanmırlar. Axı botilizm haqqında nə yazıldığı mənim dəqiq yadımdadır. Belə şeylərə mənim yaddaşım çox güclüdür.

Bütün şeyləri, hətta pislərini də bir dəfə, oxuyan kimi, əzbər bilirəm.

Nəinki şeir, istənilən formul – nə qədər uzun olur-olsun – birdəfəyə yadımda qalır. Orda, ensiklopediyada yazılmışdı ki, bu cür xarab, yəni qapaqları dombalmış konservlərdən zəhərlənən adamı təcili xəstəxanaya götürmək lazımdır. Yoxsa ölümlə nəticələnə bilər.

Axı Vitya Şeqlovun da necə öldüyü yadımdan çıxmayıb; o boyda sağlam adam bir gecənin içində can verdi. Hələ onu, gec də olsa, xəstəxanaya aparmışdılar. Biz isə hamımız birdən zəhərlənib öləcəyik və bu skeletlər kimi həmişəlik burda qalacayıq. Axı onlar niyə mən deyənə qulaq asmırlar? Axı bunu Sabir desəydi, onlar o saat razılaşardılar. Doğrudanmı bir adamın sözü, yalnız o turnikdə otuz dəfə dartına biləndən sonra başqaları üçün keçərli olmalıdır?!

Sabirin sabah konservin birini açıb onlara necə payladığını və onların öz paylarını necə yediklərini təsəvvürümə gətirdim. Yeyəcəklər və bir saatdan, ya da saat yarımdan sonra, əlbəttə, başlarına döyəcəklər ki, niyə mən deyənə qulaq asmadılar, ancaq onda gec olacaq. Üçü də – Kəmalə də, Əli də, Sabir də – ağrıdan çığıraçığıra öləcəklər. Nədənsə bunu fikirləşəndə ürəyim bulandı.

Ehmalca əlimi Kəmalənin ovcundan çəkib çıxartdım, ayağa qalxdım, barmaqlarımın ucunda yeriyə-yeriyə Sabirin yanına gəldim.

Heç getmək istəmirdim, ancaq başqa əlacım yox idi. Onu oyatdım, gözlərini açıb təəccüblə mənə baxdı. Pıçıltıyla ona dedim ki, sabah o konservləri yesək, hamımız öləcəyik. Əvvəlcə, dinməzcə qulaq asırdı, görünür, nə dediyimi başa düşmürdü, çünki sonra başa düşəndə bərk qəzəbləndi.

– Əgər bu saat gedib yatmasan, sənə elə bir təpik ilişdirəcəm ki, ömrün boyu şikəst qalacaqsan! – Dərhal geri dönüb öz yerimə qayıtdım.

O isə dalımca qışqırdı: – Yaxşı, sabah danışaram səninlə, – və sonra elə bir söz əlavə elədi ki, Kəmalə yatmış olmasaydı, onu heç cür dilinə gətirməzdi.

Gəlib öz yerimdə uzandım. Bir az uzanandan sonra, Sabirin yuxuya getdiyinə əmin olan kimi, durdum, konservlərin səkkizini də götürüb, ayağımı yerə ehmal basa-basa mağaranın o biri, dəhliz və komendant otağı olan küncünə yollandım. Əvvəlcə onları dalda bir yerdə gizlətmək istədim, sonra fikirləşdim ki, Sabir onsuz da yerini deməyə məcbur edəcək... Və hamısını bir-bir novçadakı suyun töküldüyü quyuya atdım. Və hər qutunu atandan sonra, dayanıb qulaq verirdim, deyirdim görüm, quyunun dibinə çatanda necə səs çıxacaq, ancaq heç nə eşidə bilmədim, bu quyunun dibi yoxdu, nədi?

Səhər hamıdan tez oyandım. Oyandım və dinməzcə yerimdən tərpənmədim. Gözlərimi açmaq istəmirdim. Eşidirəm ki, Sabir durdu, əvvəlcə Kəmaləni, sonra Əlini durğuzdu, sonra mənim başımın üstündə dayanıb çiynimi dartışdırdı: “Dur, səhər açılıb”. Yuyunandan sonra bir yerə yığışdıq. Hamının qanı qaradır, sifətlərindən bilinir. Ən çox da mənim. Bircə onu fikirləşirəm ki, gör indi nə olacaq? Sabir danışırdı:

– Gecəyarısı bu ağciyər məni durğuzub ki, bəs mən konserv yeməyə qorxuram, qarnım ağrıyacaq. Deyir ki, bu dünyanın bütün ensiklopediyalarını başdan-ayağa oxumuşam... Yeri, kitab siçovulu, yeri o konservləri bura gətir.

Getdim. Dünən axşam onları yığdığımız yerəcən, beş addım.

Yavaş-yavaş, sonra geri döndüm, dedim:

– Konservlər orda yoxdur.

– Bəs hardadır?

– Hamısını tulladım.

Üçü də gözlərini bərəltdi.

– Bəs hara tulladın? – Bunu Sabir soruşdu. Hələ inanmırdı.

– Novçadakı suyun töküldüyü quyuya, – o dəqiqə hiss etdim ki, Sabir inandı. Elə o biriləri də. Ona görə Sabiri deyirəm ki, mən onda gözlərimi ancaq onun sifətinə zilləmişdim.

– Hamısını tulladın:

– Hə.

Üçü də hirsindən cilov gəmirirdi.

– Əclaf! – Əli dedi. – Sənin nə ixtiyarın vardı?

O, əlini qaldırdı, mən hətta boynumu da qısdım, dedim indi vuracaq, ancaq vurmadı, tüpürdü və kənara çəkildi. Kəmalə də hiddət və nifrətlə mənə baxırdı, o da dedi ki, mən gicbəsərəm, heyvərənin, yekəxananın biriyəm. Bircə Sabir heç nə demədi, lal-dinməz dayanıb nifrətlə məni süzürdü. İki addım məndən aralıydı, aramızda bircə mənim “döşəyim” durmuşdu. Birdən onun üstündən üstümə sıçradı.

Yumruğu sifətimdən tutdu, ağzım duz dadı verdi, başım gicəlləndi.

Eynəyim gözümdən düşdü, onu çıxartmadığıma peşman oldum.

Yəqin döşəməyə dəyəndə şüşələri qırıldı. Dedim, indi bir-ikisini vurandan sonra əl çəkər, ancaq o, əl çəkənə oxşamırdı, dalbadal vururdu, hamısını sifətimə. Üzümü əllərimlə örtdüm, o da var gücü ilə qarnıma vurdu, əlimi üzümdən çəkdim, yenə sifətimi yumruqlamağa başladı. Sonra heç üzümü də örtə bilmədim, əllərim sözümə baxmırdı, onları yuxarı qaldıra bilmirdim. İndiyəcən də başa düşə bilmirəm ki, mən niyə yıxılmırdım. O yan-bu yana səndələyirdim, amma yıxılmırdım. Yəqin Sabiri də cindən-dondan eləyən elə bu idi. Yıxılsaydım, bəlkə də ürəyi soyuyardı. Eynəksiz onsuz da pis görürəm, indi isə elə bil gözümə tor gəldi, elə bil dörd yana qatı duman çökdü. Ona görə də dizlərim qatlandı, amma tamam yıxılmadım, dizi üstə dayandım. Sabir hələ də yumruqlayırdı.

Ancaq daha heç bir ağrı hiss eləmirdim, onun sifətini isə arabir görə bilirdim – yanıb-sönən işıq kimi. Elə bil kimsə işıqla oynayırdı, əlini düyməyə basıb çəkirdi. Mənə elə gəlirdi ki, bu yumruqların ardı-arası heç zaman kəsilməyəcək, ancaq daha qorxum-zadım qalmamışdı. Bu yumruqların hamısına biganəydim, elə bil məni yox, başqasını döyürdülər. Bir də onu gördüm ki, Kəmalə Sabirin üstünə atıldı. O da geri çevrilib var gücü ilə ikiəlli Kəmalənin sinəsindən itələdi. Kəmalə bir neçə addım geriyə səndirləyib döşəməyə yıxıldı. Bir də gördüm Əli “Bəsdi!” – deyə çığıraraq Sabirin üstünə atıldı. Elə bu anda o, var gücü ilə sifətimə bir təpik ilişdirdi və ondan sonra heç nə yadımda qalmayıb. Deyəsən, yıxılanda həm də başım döşəməyə möhkəm dəyib.

Sən demə o, Əlini də döyüb, mənim qədər olmasa da, mənimlə o bir deyildi, ancaq Əli mənə dedi ki, Sabir onu da möhkəm döyüb.

Bunu eşidəndə məəttəl qaldım, axı cığallıq elədi, köynəyindən tutub özümə sarı çəkib, sifətinə bir kəllə ilişdirib, sonra badalaq atıb, onu yıxıb yerdə döyüb. Və bu vaxt Kəmalə avtomatı götürüb cumub onun üstünə. Əli deyirdi ki, onda yaman qorxdum. Qorxub ki, Kəmalə birdən onu öldürər. Sabir özü də qorxub, o dəqiqə əlini saxlayıb, dal-dalı çəkilib. Kəmalə isə avtomatı qışqıra-qışqıra ona uzadıb: “Ala, vur, öldür hamımızı, faşist köpəyoğlu!” Bunları özümə gələndən sonra Əli mənə danışdı. Kəmalə ağlaya-ağlaya sifətimə soyuq kompres qoyurdu. Özümə gəldim, elə ona görə hiss elədim ki, nə isə sifətim üşüyür. Ancaq bu kompreslərə baxmayaraq, sifətim yaman gündəydi. Əli eynəyimi gətirib yanıma qoydu. Şüşəsinin biri salamat idi, o biri isə xıncımxıncım olmuşdu. Bütün bədənim sızıldayırdı: xüsusən də sifətim.

Heç əngimi tərpədə bilmirdim: əzələləri elə ağrıyırdı ki. Axı o məni niyə belə döydü? Birin vuraydı, ikisin vuraydı! Bəs belə vəhşilik olar? Axı o məndən xeyli iridi, həm də sağlam. Deməli, kim kimdən güclüdürsə, o birisini döyməlidi? Onda bunun nə xeyri? Əgər mən də ondan yaşyarım böyük olsaydım, onda baxardı halına! Neyləyim ki, sinifdə hamıdan balacayam? Hamı bunu bilir, ona görə də mənnən heç kim dalaşmır. Sabir özü neçə dəfə deyib ki, mənnən işləri olmasın. Bircə dəfə dalaşmışam, o da beşinci “A” sinfində oxuyan Alik Sxetski ilə. Bufetdə o məni itələdi, mən də onu. Sonra o dedi: “Dərsdən sonra qalarsan, dalaşarıq”. Basketbol meydançasına getdik, dərsdən sonra orda adam olmur, çantalarımızı yerə qoyub başladıq dalaşmağa. Dərhal ona iki yumruq vurdum, amma o, lal-dinməz dayanıb üzümə baxırdı. Mən də dayandım, soruşdum ki, nəyi gözləyir. O isə acıqlı-acıqlı dedi: “Mən sənnən necə dalaşım, axı sən eynəklisən?” Və sifətində elə pərtlik vardı ki, heç nədən yazığa iki yumruq vurduğuma peşman oldum, axı demək olar ki, heç dava eləməyə başlamamışdıq. Dərhal eynəyi gözümdən çıxarıb, dedim ki, o da mənə iki yumruq vursun, sonra kişi kimi dalaşaq. O, razı olmadı, dedi, sadəcə olaraq məni vurmaq istəmir.

Hiss elədim ki, daha dalaşmaq niyyətində deyil. Elə mən də həvəsdən düşmüşdüm. Bir müddət lal-dinməz üz-üzə dayandıq, sonra ondan soruşdum ki, on qəpiyi varmı, ciblərini axtardı, tapdı. Və soruşdu ki, nəyimə lazımdı? Özümdə otuz qəpik vardı, onu götürüb bir yerdə kinoya getdik. İki bilet alıb “Bəxtiyar centlmenlər” filminə baxdıq. Çox yaxşı film idi. O vaxtdan Aliknən bərk dostlaşdıq.

Hətta bura gələndə, bizimlə olmadığına çox təəssüfləndim.

Valideynləri ilə Kubana yay istirahətinə getmişdi.

Hələ də Alik Sxetskini düşünürdüm, birdən başım fırlandı, başladım öyüməyə. Dalbadal bir neçə dəfə. Adi qusmaq əvəzinə ağzımdan qara qusuntu tökülürdü. Ona görə ki, mədəm boşdu, axırıncı dəfə bir tikə pendir yemişdim, sudan başqa nə gələcəkdi ki? Kəmaləynən Əli yaman qayğıkeş olmuşdular. Yanımda əyləşib teztez soruşurdular ki, bir şey lazım deyil mənə? Boynuma alım ki, onların bu qayğıkeşliyi yaman xoşuma gəlirdi.

Sabir isə hələ də mağaranı gəzir, çıxış yolu axtarırdı, ancaq məncə, o da artıq bundan əlini üzmüşdü, sadəcə olaraq bizə görə, özünü o yerə qoymurdu. Heç birimizlə danışmırdı, ya özü istəmirdi, ya da qorxurdu ki, biz onu dindirməyək. Kəmaləynən Əli gecə keçənə qədər yanımdan çəkilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bu gün çox tez ötüşdü. Elə indicə səhər açılmışdı, bir də baxıram ki, hamı yatmağa hazırlaşır. Məəttəl qalmışdım buna.

Sabahı hamı gec oyandı. Mənsə hamıdan gec. Ayılmışam, heç cür yadıma sala bilmirəm hardayam, bu uşaqlar – Kəmalə, Əli, Sabir niyə başıma toplaşıblar, niyə bunlar mənə belə ürkək-ürkək baxırlar? Heç nə başa düşmürəm! Hələ də bu andıra qalmış mağarada olduğum yadıma düşəndən sonra Sabir mənə dedi:

– Sən allah, bağışla məni. Dünənkinə görə. Çox xahiş eləyirəm, bağışla məni!

Kəmalə ona acıqlandı:

– Nəyi bağışlasın? Bir gör yazığı nə hala salıbsan. Səndən iyrənc adam görməmişəm.

– Yaxşısı budu, çıx get, – bunu da ona Əli dedi. – İtil burdan, yoxsa əngini əzərəm.

Sabir elə bil onları eşitmirdi, elə bir sözdən tutmuşdu.

– Bağışla. Qələt eləmişəm, bağışla!

Bunların hamısı gülməli gəlirdi adama. Mənim bağışlamağım bunun nəyinə lazımdı? Birdən gördüm Sabir ağlayır. Heç ağladığını görməmişdim. Heç vaxt belə şey olmayıb. Amma indi oturub gözümüzün qabağında, zar-zar ağlayır. Mənim də yaman qanım qaraldı, hətta yada salmaq belə istəmirəm, qanım o qədər qaraldı ki, başladım onu kiritməyə: yaxşı, bəsdi ağladın, ancaq gələn dəfə əlini qaldırmamış, yaxşı-yaxşı fikirləş! Başqa nə deyə bilərdim ki?

Əli isə tutduğunu buraxmırdı: rədd ol, yoxsa sənin üçün pis olacaq! Axırda Kəmalə də onu iyrənc tip adlandıranda durub getdi.

Elə suyu süzülə-süzülə getdi ki, yazığım gəldi ona. O gedəndən sonra Əliynən Kəmalə uzun-uzadı onun qarasına danışdılar, lakin mənim ona acığım tamam soyumuşdu. Uşaqlara bunu demədim, desəydim, yəqin ki, mənə qəzəbləri tutacaqdı, ancaq mənim hirsim tamam soyumuşdu və niyəsini özüm də bilmirdim!

Üçümüz də yanaşı uzanmışdıq, üçümüz də susurduq, nə isə süstləşmişdik, yəqin ki, acından idi. Sabir əlində qumbara gəlib deyəndə ki, durub komendantın otağına keçək, heç başımızı da qaldırmadıq. O, başa saldı ki, çıxış yolundakı dəmir darvazanı partlatmaq istəyir. Yeriməyinə, yeriyə bilirdim, amma sərxoş adam kimi, ayaqlarım bir-birinə dolaşırdı. Yaxşı ki, Əliynən Kəmalə qolumdan tutmuşdular. Otağa girən kimi, Əli bizi saxladı və Sabirin yanına qayıtdı. Küsülü olsalar da, deyəsən Əli istəmirdi ki, Sabir qumbaranı tək partlatsın.

Biz Kəmaləynən otaqda oturub, nə olacağını gözləyirdik. Bura o qədər sakit idi ki, elə bilirdin bu otaq hansı bir idarəninsə kabineti idi və bu dəqiqə müdir içəri girəcəkdi. Qırmızı dəstəyin böyründəki yazıya bir də baxdım. Kitabçanı oxuyandan sonra bilirdim ki, “Tod” ölüm deməkdir. O söz kitabçada tez-tez təkrar olunurdu. Bir də “Erschie Ben” – güllələnmə sözü. Bu da yaxşı yadımda qalmışdı, çünki hər iki sözə demək olar ki, hər səhifədə rast gəlmək olurdu.

Sonra güclü partlayış səsi eşidildi, otağın qapısı kip örtülüydü, partlayış olan kimi, zərblə açılıb divara dəydi. Şamların hamısı birdən söndü.

Əli bizə danışdı ki, Sabir qumbaranın dəstəyini özünə sarı çəkdi, yana burdu, qapının dibindəki çalaya qoydu, sonra ikimiz də dərhal qaçıb zirehli maşının dalında gizləndik. Ancaq partlayışın faydası olmadı, yalnız qapının üzü bir-iki yerdən cızıldı.

Komendantın otağında hələ xeyli oturduq. Hərə bir söz deyirdi, hamısı da boş-boşuna, çünki artıq açıq-aydın bilirdik ki, işimiz çox pisdi. Yavaş-yavaş, özümüz də hiss eləmədən, Sabirnən danışmağa başladıq. Amma ta o bizim başçımız deyildi. Sabirnən küsülü olsaq da, olmasaq da, onsuz da indən belə bizə başçı lazım deyildi.

Hamımız durub otaqdan çıxdıq.

Yaman acmışdıq. Heç kim bu barədə heç nə deməsə də, acından ölürdük. Bircə fikrimiz vardı, o da yemək. Ayrı heç nəyi düşünmək mümkün deyildi. Dördümüz də öz yerimizdə uzanıb ancaq onu fikirləşirdik. Yaxşı ki, bu kitabçanı tapmışam, yoxsa lap dəli olardım. Heç kəs dinib-eləmir, ətrafa elə bir sükut çöküb ki, elə bil bu dünyada bizdən başqa canlı adam qalmayıb. Bu skeletlər də bir yandan adamı əsəbiləşdirir. Təsəvvürümə gətirməyə çalışdım ki, bir vaxt onlar da sağ-salamat olublar, ancaq bir şey çıxmadı.

Kitabçanı vərəqləyir, o vaxtların necə qəribə bir dövr olduğuna mat-məəttəl qalırdım. Demək olar ki, hər səhifə müdhiş hədəqorxuyla doluydu, hər şeyin də bir cəzası vardı – o da ölüm! Oxuyanda adamı üşütmə tuturdu: “...güllələnmişlər”, “...ölüm cəzasına məhkum olmuşlar”. Yəqin ki, bunu rəngarənglik xatirinə eləmişdilər:

bir yerdə güllələnmə, o biri yerdə ölüm cəzası. “Tod”, ya da “Erschie Ben”. Bəlkə də ölüm cəzası deyəndə güllələnmək yox, adam öldürməyin başqa üsulu – dar ağacından asmaq və ya boynunu vurdurmaq – nəzərdə tutulurmuş. Özü də gör nəyə görə?! Fikir- ləşəndə adam az qalır dəli olsun; kommunisti və ya döyüşçünü gizlətməyə görə. Partizanlarla əlaqə saxlamağa görə. Almaniyaya getməkdən boyun qaçırmağa görə. Deməli, biri evində öz yaralı yoldaşını gizlədirmişsə, onu güllələyirlərmiş. Bəs o gizlətməyib, neynəməliymiş? Gərək sataymış, hə? Doğrudanmı, bu kitabçanı tərtib eləyənlər başa düşmürlərmiş ki, belə şeydən ötrü adam öldürmək olmaz? Axı bu kitabçanın hər səhifəsində insanın eləyə biləcəyi bütün yaxşılıqlar ölümlə hədələnirdi. Deməli, yaxşılığa ölüm, hə?!..

Heç təsəvvür eləyə bilmirəm ki, ölüm nə olan şeydi. Bilməyinə bilirəm ki, hamı axır bir gün ölür, ancaq heç cür inana bilmirəm ki, bir gün mən də öləcəm. Hər şey olduğu kimi qalacaq, bir mən olmayacağam. Bunu gözümün qabağına gətirməyə çalışıram – hər şey yaxşı alınır, bircə ölümü təsəvvür eləyə bilmirəm. İnana bilmirəm, vəssalam. Bir də bu həyatda olmayacağım günü təsəvvürümə gətirə bilmirəm. Çox qəribə işdi.

Kəmalə mənə sarı süründü, uşaq kimi başımı qucaqladı və soruşdu:

– Bərk ağrıyır?

Başımı buladım. Hələ də danışmağa çətinlik çəkirəm, ağzımı açanda çənəm sancır.

– Hamımız öləcəyik burda, – Kəmalə dedi. – Və heç kəs heç vaxt bizi tapmayacaq. – Bu zaman onun sifəti tamam sərtləşdi, sanki qəti inanmışdı ki, bizi daha heç nə qurtara bilməz.

...Yuxudan ayılanda bilmədik ki, səhərdi, yoxsa gecə, lap elə günorta da ola bilərdi. Çünki Kəmalə saatını qurmamışdı. Yadından çıxmışdı. Onsuz da indi bunun əhəmiyyəti yox idi. Yerimizdən durmağa da ərinirdik. Yaxşı ki, aclığımız tamam keçmişdi, heç yadımıza da düşmürdü. Amma yaman zəifləmişdik.

Kəmalə lap heydən düşmüşdü, gözləri açıq olsa da, başa düşmürdün ki, yatıb, yoxsa lal-dinməz uzanıb. Yaman yazığım gəldi.

Bax, indi bildim ki, onu sevirəm. Əvvəl də ağlıma gəlmişdi, ancaq indi buna qəti inandım. Kəmaləyə qədər çoxuna vurulmuşam. Elə ki, kinoya və ya teatra gedirdim, mütləq birinə vurulmalı idim. Amma bu sevgimin ömrü çox qısa olurdu: ancaq iki-üç gün davam edirdi.

Bir dəfə hətta bircə gün çəkib. Kitabdakılara da tez-tez vurulurdum.

Hamıdan çox kraliça Marqoynan madam Bonasye xoşuma gəlirdi. Xəyalən onların yanında olmaq mənə ləzzət eləyirdi. Özü də xəyala dalanda özümü üçüncü şəxs kimi fikirləşirəm. Xəyalən də olsa, heç vaxt: “Mən gedib o gözəli xilas eləyirəm” – demirəm, nədənsə! “O gedir o gözəli xilas eləyir” – deyirəm. Ayrı cür, nə qədər eləyirəm, bacarmıram. Xəyala dalanda özüm barədə həmişə üçüncü şəxs kimi fikirləşirəm. Yəqin buna bişmiş toyuğun da gülməyi tutar, ancaq nə gizlədim, bir dəfə hətta İfritəyə də vurulmuşdum.

Canım haqqı, düz deyirəm. Vurulmuşdum, vəssalam.

Yalnız bu gün başa düşdüm ki, bunların hamısı boş şey imiş.

Kəmaləni sevdiyim qədər heç kəsi sevməmişəm. Hələ istədim özünə də deyəm. Deyəcəkdim də, nədənsə indi nə Əlidən utanırdım, nə də Sabirdən. Birdən ən çox sevdiyim bir şeir yadıma düşdü və onu Kəmaləyə söylədim. O da axıracan qulaq asdı, amma bir söz demədi. Soruşdum ki, xoşuna gəlmədi, o dedi ki, “niyə, pis deyil, şeirdi də”. Bu da mənim yaman xətrimə dəydi, “xoşuma gəlmir” desəydi bundan yaxşıydı. Bir də ki, nə dəxli var, bu şeir, hökmən hamının xoşuna gəlməməlidir ki! Ancaq nə isə, mən elə bildim Kəmalənin xoşuna gələcək.

Afərin Sabirə, vallah! Bizdən az zəifləməmişdi, amma yenə o, əlayaq eləyirdi. Xahiş elədi ki, durub bir yerdə daldalanaq, çünki bir də o andıra qalmış dəmir darvazanı partlatmaq istəyir. Bu dəfə qumbaranı çox eləyəcək. Yenə də komendantın kabinetinə yolladıq, bu dəfə yol bizə yaman uzun gəldi. Ora çatanda nəfəsimiz kəsilmişdi.

Elə bil sıldırım qayaya dırmaşmışdıq. Əli yenə də Sabirnən getmək istədi, elə durmaq istəyirdi ki, birdən günahkar adam kimi gülümsündü və yerə çökdü. Başa düşdük ki, tay gücü qalmayıb.

Bu partlayışın da səsi elə əvvəlki kimi çıxdı. Sonra bildik ki, altı qumbaradan biri partlayıb. Yəqin o biriləri xarab imiş. Yenə də xeyri olmadı. Xeyir nədi, əksinə, həm də zərər çəkdik.

Siftə heç nə başa düşmədik. Kabinetdə oturub Sabiri gözləyirdik.

Nə qədər vaxt keçdi, bilmirəm, o hələ də gəlib çıxmamışdı. Deyən, hamımız mürgüləmişdik. Bir də ayıldım ki, Sabir hələ də yoxdu, tez otaqdan bayıra çıxdım. Kəmaləynən Əli də dalımca. Sabir gözə dəymirdi. Ancaq onda başa düşdük ki, nə isə bədbəxt hadisə olub.

O, zirehli avtomobilin dalında uzanmışdı, qan içindəydi. Siftə elə bildim ölüb, ancaq əlimizi vuranda bərk zarıdı. Qumbara qəlpəsi dirsəyindən azca yuxarıda ətini qoparmışdı. Əli qanı görən kimi səndirlədi, yerə çökdü. Kəmaləni əsməcə tutdu, dişi-dişinə dəydi.

Əyilib yaraya baxdım, mənə elə gəldi ki, çox dərindi, bəlkə də lap sümüyə çatıb. Köynəyimi çıxardım, ondan bir şırım cırıb Sabirin qolunu yaradan bir az yuxarı bərk-bərk bağladım. Hardasa oxumuşdum ki, bu yolla qanı dayandırmaq olar. Bağlamağına bağlamışdım, amma gördüm ki, heç kəsənə oxşamır. Birdən ağlıma gəldi ki, yəqin gücüm çatmayıb, bərk sıxa bilməmişəm. Yaxşı ki, Kəmalə kömək elədi. Hələ də əlləri əsir, dişləri şaqqıldayırdı, ancaq afərin ona, yaman dadıma çatdı. Qan dayandı və biz yaranı sarıdıq. Amma özümüz də yaxşı bilirdik ki, kirli köynək cırığıynan bağladığımız bu sarğının elə bir faydası olmayacaq. Bəlkə də əksinə, ziyan elədi.

Özümüzə də zirehli avtomobilin yanında yer saldıq. Pul bağlılarını ora daşımağa azı bir saat vaxt sərf elədik. Daşıyıb qurtarandan sonra tamam əldən düşdük. Sabir siftə sakit idi, birdən sayıqlamağa başladı. Bir-bir adlarımızı çəkirdi, hamıdan da çox mənim. Bir də tez-tez anasını çağırırdı. Özünə gələndən sonra isə elə hey su istədi. Növbə ilə ona su daşıdıq. Daha skeletlərdən qorxmurdum, su gətirməyə gedəndə əvvəlki kimi, dolayı yolla yox, düz onların böyründən keçib gedirdim. Özüm bilirəm ki, o vaxt mənə elə gəlirmiş, amma hər dəfə onların yanından keçəndə üzümə baxıb gülürdülər.

O gecə yuxuma da girdilər, elə yerə uzanan kimi. Bir də o danışıq kitabçası, içindəki müdhiş hədə-qorxularnan bir yerdə. Gördüm elə hey oxuyuram, heç cür ondan əl çəkə bilmirəm. Yuxuda da təəccüb eləyirdim ki, niyə bu kitabçada hər şeyə görə, adama ölüm düşürmüş...

Özü də yaxşı şeylərə görə.

Sonra ölməyə başladıq. İndi öz ölümümü də təsəvvürümə gətirə bilirəm. Hər şey necə var elə qalacaq, bircə mən olmayacağam.

Birdən-birə bu necə alındı, birdən-birə necə dəyişdim, özüm də baş açmıram, ancaq bir onu dəqiq bilirəm ki, mən də ölə bilərəm.

Uzanılı fikir məni götürmüşdü. Elə şeylər fikrimdən çıxmırdı ki, əvvəllər heç eynimə də gəlməzdi. Axı əvvəllər ölüm barədə heç düşünməmişdim. Niyə də düşünəydim? Tanıdığım adamlardan tək bircəciyi, Nailə adlı bir qız ölüb. Bizim küçədə yaşayırdı. Maşın vurmuşdu. Dəfninə bütün küçə yığılmışdı. Uşaqların hamısına əklil payladılar. Biz onları addım-addım tabutun dalınca aparmalıydıq.

Ancaq bizi qəbiristanlığa buraxmadılar. Nərimanov prospektinə çatanda evə qaytardılar. Yəqin hamı ağlaşırdı, ona görə də böyüklər istəmirdilər ki, uşaqlar bunu görsünlər. Nailənin anası özünü öldürürdü, amma atası ağlamırdı. Tabutun dalınca birinci o gedirdi.

Qonşularından ikisi qoluna girmişdi. Atası arabir soruşurdu: “Necə olub axı bu? Bu nəydi başımıza gəldi?” Ancaq heç kim ona cavab vermirdi. Mən də öz-özümə fikirləşirdim: “Doğrudanmı bir də Nailəni görməyəcəyik?” Belə şey olar görən? Hələ onda, dəfn günü, bir gün öləcəyimi təsəvvürümdə canlandırmağa çalışmışdım, amma heç nə alınmamışdı. Elə bil başım xarab olurdu, daha doğrusu, öləcəyimi və bir də bu dünyada mən adda adam olmayacağını təsəvvürümə gətirməyə başlayan kimi, işləmirdi, dayanırdı. Hətta bu qədər sadə bir şeyi bacarmadığıma görə, özümə acığım da tuturdu. Əvvəlcə, hər şey yaxşı alınırdı, lap dəfnimi də, ağlaya-ağlaya qəbiristanlığa yollanan adamları da gözümün qabağına gətirə bilirdim, amma elə ki, tamam yox olacağımı, nə eşidə, nə də görə biləcəyimi təsəvvürümə gətirmək istəyəndə hər şey pozulurdu. Nə qədər eləyirdim bir şey çıxmırdı. Amma indi hiss eləyirəm ki, belə şey ola bilər. Heç bu barədə düşünmək fikrində də deyildim, amma hiss elədim.

Hamımız dinməzcə uzanmışdıq, bircə Sabir zarıyırdı. Ayıq olanda o da dinmirdi, ancaq gözünə yuxu gedən kimi başlayırdı zarımağa. Qolu yaman şişmişdi, elə bil üfürüb doldurmuşdular.

Qızdırmadan od tutub yanır, qıpqırmızı qızarmışdı. Yarasını sarımışdıq.

Amma bunun xeyri az idi, get-gedə qaralırdı. Başa düşdük ki, dava-dərmansız hökmən hovlayacaq.

Uzanıb fikirləşirdim ki, bu andıra qalmış yarığa girməsəydik, heç bu bəlaya da düşməzdik. İndi hamımız Bakıdaydıq, bəlkə də məktəbə gedirdik. Məktəbi, evimizi bu qədər şirin-şirin xatırladığıma özüm də təəccüb qaldım. Əvvəllər heç oralarda elə bir şirinlik duymamışdım. Hər şeydən çox anamla atam yadıma düşürdü, cürbəcür hadisələri, özü də əlamətdar yox, ən adi hadisələri xatırlayırdım, məsələn, bir dəfə məktəbdən gələndə anam pilləkəndə dayanıb gülümsünə-gülümsünə məni gözləyir və ya axşam oturub televizora baxıram, anam atama nə isə deyir, heç nə dediyini də bilmirəm, amma heç demə, hamının bir yerdə olmağı çox yaxşı şeymiş, hətta toy-bayram olmasa da. Bütün bunları xatırlayanda qəhər məni boğdu və yenə kitabçanı götürüb vərəqləməyə başladım.

Bu kitabçada bir şey məni yaman narahat edirdi, amma nə? Heç cür anlaya bilmirdim. Soruşsalar, sətirbəsətir əzbər deyərdim. Nəyə görə adama ölüm cəzası, lap istəsən nəyə görə dar ağacından asılma, nəyə görə güllələnmə düşdüyünü dəqiq deyə bilərdim. Özüm də duymuşdum ki, o vaxtlar əgər insan ancaq özünə yaxşılıq eləyirmişsə, deyək ki, biri kommunist və ya qızıl əsgər olduğu üçün almanlardan gizlənirmişsə, onu güllələyirlərmiş, yox əgər başqasına yaxşılıq eləyirmişsə, yəni yaralını öz evində gizlədirmişsə və ya partizanlara kömək edirmişsə, asırlarmış. Bunları oxuyanda belə adamın canına üşütmə düşür. Neçə dəfə oxusam da heç cür öyrəşə bilmirdim. Hər dəfə bu hədə-qorxudan yaman vahiməyə düşürdüm.

Və bir də hiss eləyirdim ki, bu kitabçayla bağlı nə isə mühüm bir şey olmalıdı, ancaq onun nə olduğunu heç cür dərk edə bilmirdim.

Yalnız hiss eləyirdim.

Əli durub su gətirməyə getdi. Addımlarını çox ləng atır, sərxoş adam kimi ayaqları bir-birinə dolaşırdı. Hamımıza flyaqada su gətirdi. Əvvəlcə verdik Sabir doyunca içdi, sonra Kəmalə bir-iki qurtum aldı. Mən də içdim, o saat da qarnım sancdı, amma artıq buna öyrəşmişəm, bir qurtum içən kimi, adamın qarnı ağrımağa başlayırdı.

Ona görə də çalışırdıq mümkün qədər gec-gec, lap dözə bilməyəndə içək. Əli yanımda oturmuşdu, sifəti ağappaq ağarmışdı.

Birdən məndən soruşdu:

– Biz də bu skeletlər kimi, burda qalacayıqmı? – O başı ilə skeletləri göstərdi.

Kəmalə bunu eşidən kimi hönkürdü. Başını çiynimə qoyub ağladı, guya mənim ona bir köməyim-zadım dəyə bilərdi.

Mənə isə hər şey ovcumun içi kimi aydın idi. Bu skeletlər kimi, biz də həmişəlik burda qalıb çürüyəcəyik. Heç kim bir vaxt bizim burda olduğumuzdan xəbər tutmayacaq. Lap min il keçsə də heç kim bilməyəcək ki, biz burda tamam havayı yerə ölmüşük. Və bunlar kimi, biz də skeletə dönəcəyik. Ancaq bir şey var ki, biz bura təsadüfən düşmüşük, amma onlar özləri girib, özü də sağ-salamat çıxıb gedə bildikləri halda, özləri bir-birini qırıblar. Bir də ki, bu cür kitabça çıxardan adamlardan bundan artıq nə gözləyəsən?! Bəlkə də hər şeyə görə, adam öldürməyi elə bunlardan biri uydurub. Siftə başqalarını öldürüblər, sonra da növbə özlərinə çatıb.

Bu fikirlər məni rahat buraxmırdı. Bu fikirlər, bir də nə isə başqa şey. Məndə bəzən belə hallar olur ki, bir də görürsən fikir məni aparıb, amma nə fikirdi, başa düşə bilmirəm. Amma onda bəlkə də ona görə, dərhal başa düşə bilmədim ki, Kəmalə ağlayaağlaya məni qucağından buraxmırdı. Qorxudan gözləri hədəqəsindən çıxmışdı və mən birdən dedim:

– Sən qorxub-eləmə, Kəmalə, onsuz da burdan çıxacağıq, – bir yandan bunu dediyimə görə, özümdən xoşum gəldi, çünki o yaman sevindi buna, vallah, düz sözümdü, elə indicə qorxudan gözləri bərələ qalmışdı, elə bil onu vuracaqdılar, amma mən bu sözləri deyəndən sonra gördüm ki, rəngi açıldı, gözləri güldü.

O saat mənə inandı və dedi:

– Doğrudan? Sən heç siftə belə demirdin? Demirdin ki, çıxa bilərik! – Elə baxırdı ki, elə bil hər şey məndən asılıymış, o biri yandan da Kəmaləni bu cür havayı yerə aldatdığıma bərk peşman oldum.

Ən təəccüblüsü də buydu ki, Əli də mənə inanmışdı. O da sevincək məndən soruşdu:

– Deyəsən, bir şey fikirləşib tapmısan? – Və onun da gözləri güldü. Kəmaləninki kimi. Artıq iş-işdən keçmişdi. Heç nə eləyə bilməzdim, ona görə dedim ki, hə, tapmağına tapmamışam, amma gərək ətraflı götür-qoy eləyəm.

Sonra bizi yuxu apardı. Sabir yaralanan gündən bəri son üç günü elə hey yatmışıq, ayılanda da bir-iki saatlığa ayılır, sonra bir də yatırdıq.

Bu andıra qalmış kitabça yuxuda da məndən əl çəkmirdi. Elə bil beynimə həkk olub! Yatanda da, duranda da, elə hey onu fikirləşirəm, nə isə var onda, yaxamı rahat buraxmır, amma nədi? – heç cür anlaya bilmirəm. Sətirbəsətir gözümün qabağından çəkilmir. Ən qəribəsi də budu ki, tək rusca yazılanları yox, almanca yazılanları da. Almanca bir kəlmə də bilmirəm, amma sözlər, xüsusən də “Tod” və “Erschie Ben” gözümün qabağından getmir. Yəqin ona görə ki, o kitabçada bu sözlərə tez-tez rast gəlirdim. Artıq mətnə görə müəyyən eləmişdim ki, onlar “asmaq”, “güllələmək”, “öldürmək” deməkdi.

Hələ yuxudan ayılmamışdım, birdən qışqırıq səsi eşitdim. Ayılanda gördüm qışqıran Sabirdi. O yerindən dik atılıb, nə isə qışqırırdı, amma anışdıra bilmirdim. Gözlərini bərəldə-bərəldə adama baxsa da xeyri yox idi, heç birimizi tanıya bilmirdi. Ayaq üstə dayanıb xırıldaya-xırıldaya nə isə qışqırırdı. Bir sözünü də anlamaq olmurdu. Bu da bir cür sayıqlamaydı. Üçlükdə onu birtəhər yerə uzatdıq. Bütün bədəni od tutub yanırdı, hətta dodaqları da qaralmış, çat-çat olmuşdu. Ona su verdim, sonra bir qədər də mızıldandı və nəhayət, yuxuya getdi.

Burdan beləsini pis xatırlayıram. Nə qədər vaxt keçdiyi də yadımda qalmayıb. Ayıldım, baxdım ki, hamı uzanıb, ən uzaqdakı şamdan savayı hamısı sönüb, o da qurtarhaqurtardadır, görünür, çoxdan bəri heç birimiz oyanmamışıq və ona görə də şamları təzələyən olmayıb.

Durub şam dalınca getdim. Mən uzandığım yerdən çox da uzaq deyildi, ancaq gördüm ki, onlara çatanacan mənimki mənə dəyəcək.

Yolda üç dəfə dayanıb nəfəsimi dərdim, oturmağa qorxurdum, qorxurdum ki, otursam qalxa bilməyəm.

Şamı alışdırdım, ancaq onu yerə qoyub o birilərini yandırmaq əvəzinə durduğum yerdə fikrə getdim. Əlimdə yanar şam oradaca xeyli dayanmalı oldum, çünki fikrimi güclə bir yerə yığa bilirdim.

Güclə, yavaş-yavaş və birdən hər şey dağılırdı, təzədən başlayırdım.

Bir də ona görə çətin idi ki, “Tod” sözü yaman mane olurdu mənə. Gözümün qabağından getmirdi ki, getmirdi. Bir xeyli beləcə durandan sonra yerimdən tərpəndim.

Amma uşaqlar yatan yerə sarı yox, tamam əks tərəfə. Beynimə səs düşmüşdü: “Tod” sözü hələ də yaxamdan əl çəkmirdi, amma yenə də fikrimi bir yerə cəmləşdirməyə çalışırdım.

Yəqin ki, çox ləng gəlmişdim, çünki komendantın otağına keçmək üçün dəhlizə girəndə gördüm əlimdəki şamın yarısı gedib və ağlıma gəldi ki, bəlkə geri qayıtmağa çatmadı, ancaq bu fikir bircə anlığa yadıma gəldi və o andaca yadımdan çıxdı, çünki həmin vaxt var gücümü toplayıb ancaq və ancaq bircə şey barədə fikirləşirdim.

Komendantın otağında hər şey əvvəlki kimiydi. Axırıncı dəfə çıxanda necə idisə, elə də qalmışdı. Əlbəttə, heç nə dəyişməmişdi və dəyişə də bilməzdi, amma hər halda mən bura gəlmişdim.

Bütün kabineti bir də diqqətlə gözdən keçirdim, təzə heç nə tapmadım. Keçən dəfəki kimi Hitler portretdən mənə baxırdı. Çox mehriban gözləri vardı, bığları da bizim qonşu Məmməd dayının bığına oxşayırdı. Onun da burnu bu cür uzun idi. Əgər qabaqcadan bilməsəydim ki, bu portret Hitlerindi, heç ağlıma da gəlməzdi ki, bu adam bütün bu müdhiş skeletlərə – adamları kiçicik bir yaxşılıq eləməyin üstündə güllələyən və asan bu sabiq insanlara komandanlıq eləyib. Müharibə haqqında çox kitab oxumuşam, çox da kinoya baxmışam, ancaq mənə həmişə elə gəlib ki, bu müharibə çoxdan olub, əlbəttə, nə Şah İsmayılın, nə də Kventin Dorvardın vaxtında, məni o qədər küt bilməyin. O mənada çoxdan olub ki, mən bu müharibədən danışan kitablara da, kinolara da çox maraqlı bir şey kimi yanaşmışam. Ağlıma da gəlməyib ki, bu qədər qorxunc şey imiş. Və istər kitabda oxuyum və istər kinoda görüm, həmişə faşistlərə olan nifrətim nə Teaton cəngavərlərinə, nə kardinalın qvardiyaçılarına, nə də Şah Qacarın sərbazlarına olan nifrətimdən çox olmayıb. Axı bunların heç biriynən mən heç bir təmasda olmamışam. Burda isə lap yaxından hiss elədim ki, necə dəhşətli adamlarmış və necə qorxunc bir dövr olub. İndi Hitlerin sifətinə də baxanda məni vahimə basırdı. Daha mənim üçün o sifətnən bu skelet kəllələrinin heç bir fərqi yox idi. Gözlərimi Hitlerin portretinə zilləyib durmuşdum, heç cür aralana bilmirdim. Ona görə ki, çətinliynən fikirləşirdim. Sonra yadıma düşdü ki, mən bura başqa şey üçün gəlmişəm və portretlə üzbəüz divara sarı yollandım.

Burda da hər şey əvvəl necə vardı, elə də qalmışdı. Şüşə qutunun üst tərəfində yenə həmin o anlaşılmaz yazıydı durmuşdu, ancaq indi bu yazıda bir şey mənə aydın idi – “Tod”. Gör ha, burda da adamı ölümlə hədələyirmiş!

Yazı stoluna yaxınlaşıb, ağır mərmər külqabını əlimə götürdüm.

Bu dəfə o mənə lap ağır gəldi. Əslində yəqin xeyli yüngül olardı, ancaq onda mənə elə gəldi ki, qantel kimi, azı səkkiz kilo olar.

O külqabını götürüb qapayıcını örtən şüşə qutuya çırpdım, o cingiltiylə sınıb yerə töküldü. Sonra stulu ayağımın altına qoyub, əlimi qırmızı dəstəyə uzatdım. Ölümdən xəbər verən anlaşılmaz yazı da elə bu dəstəyin üstündəydi.

İndi bildim ki, bu, qapayıcı deyilmiş, çünki nə altından, nə yuxarısından heç bir elektrik xətti çıxmırdı. Dəstəyi də dəmirdəndi və özü də, deyəsən, yaman ağır idi. Onu özümə sarı çəkməmişdən qabaq fikirləşdim ki, nahaq uşaqlara demədim, gərək onlar da burda olaydılar. Hətta istədim gedib onları çağırım, amma nə fikirləşdimsə, getmədim. Sonra hər şey yadımdan çıxdı, çünki dəstək heç cür sözümə qulaq asmırdı, çünki nə qədər güc eləsəm də, yerindən tərpənmirdi. Ayrı əlac yox idi, stulu ayağımla itələyib, dəstəkdən asılı qaldım. O saat da barmaqlarım boşalmağa başladı, deyəsən məni saxlamağa gücü çatmırdı. Nə qədər sıxsam da, xeyri yox idi, bu dəqiqə əllərim dəstəkdən buraxılacaqdı. Bax, elə onda dəstək yerindən tərpəndi, üzüaşağı gəldi. Yerə dəyhadəydə boğuq partlayış səsi eşitdim, elə bil qayanın lap özəyində ildırım çaxdı.

Bir müddət oturduğum yerdən dura bilmədim, sonra əlimdə şam birtəhər ayağa qalxıb dəhlizə çıxdım. İndi heç yeriyə bilmirdim, tez-tez ayaq saxlayıb nəfəsimi dərmək üçün divara söykənirdim.

Dəhlizdən çıxanda əvvəlcə gözlərimə inanmadım – mağara təmiz işıqlanmışdı. İşıq bura dəmir darvazanın durduğu yerdən, nəhəng bir dördbucaqlı deşikdən düşürdü.

Onları gücnən durğuzdum. Kəmaləynən Əlini deyirəm. Heç oyanmaq istəmirdilər. Hətta oyanandan sonra da, nə dediyimi başa düşmürdülər, birtəhər başa saldım.

Sabiri də durğuzduq. Qoluna girib apardıq. Ayaqları işləsə də, heç nə dərk eləmirdi, çünki huşunu itirmişdi.

Darvaza yerə aşmışdı, bayır tərəfə. Mağaradan çıxıb ağac-uğac, kol-kos basmış bir dərəyə düşdük. Amma ən siftə gördüyüm şey mavi səma oldu, bir də havanın, yarpaqların ətrini ciyərlərimə çəkdim və bundan sonra başım elə pis gicəlləndi ki, az qaldı yıxılam.

Kol-kosların arasıyla yavaş-yavaş irəli getdik. Bir-iki dəfə yıxıldıq. Hər dəfə də yıxılanda heç durmağımız gəlmirdi. Xüsusən də Əli axırıncı dəfə yıxılanda dedi ki, yerindən duran deyil. Deyən kimi də yuxuladı. Onda fikirləşdim ki, bizim bircə çıxış yolumuz var. Kəmaləynən mən gücümüz çatanacan irəli gedək, adam tapaq, Əliynən Sabirə köməyə göndərək. Ancaq Kəmalə də getməkdən boyun qaçırdı, dedi ki, qüvvəm, gücüm qalmayıb. Dili də heç söz tutmurdu, gücnən danışırdı. Özüm tək getməli oldum. Ona dedim ki, qorxmasın, gedib adam göndərəcəm, amma o, mən deyəni artıq eşitmirdi. Yola düşdüm, özüm də bilmirdim hara gedirəm, necə gedirəm. Ağac gövdələrindən, ağac budaqlarından savayı heç nə görmürdüm. Sonra açıqlığa çıxdım. Heç demə, bu dərə geniş şose yoluna çıxırmış. Gəlib yolun qırağında oturdum, maşın gözləməyə başladım. Gözlədim, gözlədim, amma şose hələ də boş idi. Bir də gördüm ki, yanımda beş-altı maşın dayanıb, adamlar başıma yığışıb, hamısı da qorxa-qorxa mənə baxırdı. O yadımdadır ki, biri soruşdu: “Ay oğlan, sənə nə olub? Necə gəlib çıxmısan buralara?” Mən də dərəni göstərib dedim ki, uşaqlar orda ölür. Bundan sonra nə bir şey gördüm, nə də bir şey eşitdim.

Gözümü açanda özümü işıqlı bir otaqda gördüm və gözümə dəyən birinci adam anam oldu. Atam da ordaydı. Ancaq anamı siftə gördüm. Çarpayımın böyründə oturub, gözünü mənə zilləmişdi və dəqiq deyə bilərəm ki, ömrümdə heç kim mənə belə baxmayıb. Sən demə, bura xəstəxanaymış. Bunu mənə sonra dedilər, ilk günlər nə özümə danışmağa icazə verirdilər, nə də mənə bir şey danışırdılar.

Heç o biri uşaqların da bu xəstəxanada olduqlarını deməmişdilər.

Hamısını sonra danışdılar, dedilər ki, mən hamıdan gec özümə gəlmişəm. Yəqin ona görə ki, mən ən balacasıyam və bədəncə hamısından zəifəm. Onda yeməkdən başqa heç nə yadıma düşmürdü. Elə acmışdım ki, balışı çeynəməyə hazır idim. Ancaq ilk günlər şirədən, bir az kəsmik və dumduru bulyondan savayı nə qədər eləsəm də heç bir şey vermirdilər. Yalnız beşinci gün bir tikə paştet verdilər. Bundan dadlı şey yeməmişdim!

On gün sonra görüşdük – Əli, Kəmalə, bir də mən. Sabiri soruşdum, mənə danışdılar ki, Sabirin halı çox xarab imiş, hətta siftə elə biliblər ki, daha yaşamaz. Heç demə, onda qanqrena başlayıbmış, hətta qolunu kəsmək istəyiblər ancaq son iki gündə həkimlər bundan qəti vaz keçiblər. Onun palatasına getmək istədik, buraxmadılar, dedilər ki, bu gün gəzdiyiniz bəsdi. Dəhlizdə cəmicümlətanı on-on beş dəqiqə olmuşduq, amma palataya qayıdanda yaman yorulmuşdum, ayaqlarım sözümə baxmırdı. Kəmaləynən Əli özlərini məndən daha gümrah hiss eləyirdilər.

Yuxudan ayılanda çarpayımın böyründə iki nəfər oturmuşdu, biri mayordu. İkisi də jurnalist idi. Biri hərbi qəzetdən, biri şəhər qəzetindən gəlmişdi. Mənə dedilər ki, yaman qoçaqlıq eləmişik və bizə mükafat verəcəklər. Mənə isə, bir başçı, komandir kimi orden, ya da medal düşür. Elə bildim, nə isə qarışıq salıblar və sonra heç bir anlaşılmazlıq yaranmasın deyə onlara dedim ki, mən başçı deyiləm və heç vaxt da olmamışam. Bir-birlərinin üzlərinə baxdılar və birdən hərbiçi mənə elə bir söz dedi ki, tamam mat qaldım. Sən demə, bunu onlara uşaqlar deyiblər, özü də hər üçü – Əli də, Kəmalə də, Sabir də – bir ağızdan. Deyiblər ki, onların arasında başçı, komandir mən olmuşam. Ömrümdə inanmaram ya Əli, ya da Sabir məni, hələ başçı olmaq cəhənnəm, heç olmasa özlərinə tay hesab eləsinlər, axı ikisinin də həmişə məndən zəhləsi gedib. Ən qəribəsi də buydu ki, o dəqiqə olmasa da, mayor deyənə inandım.

İnandım ki, zarafat eləmir.

Onlar mənə bir neçə sual verdilər. Sonra mayor soruşdu ki, almanca bilməyə-bilməyə, fövqəladə partlayış cihazını işə salmaq hardan ağlıma gəlib. Axı ona görə biz azadlığa çıxa bilmişik. O, şüşə qutunun üstündəki yazını tərcümə elədi: ora yazılıbmış ki, komendantın yazılı göstərişi olmadan fövqəladə partlayış cihazı işə salan yerindəcə ölümlə cəzalandırılır! Bu cihaz partlayış vasitəsi ilə avtomatik çıxış yolunu uzun müddətə sıradan çıxarırmış, yəqin elə ona görə də fövqəladə adlanırmış və onu işə salmaq bu cür ciddi qadağan olunurmuş. Bir sözlə, ən müstəsna hal üçün nəzərdə tutulubmuş.

Fikirləşdim ki, bu müstəsna hal nəhayət ki, baş verdi!

Mayor isə məni gözləyirdi. Gözləyirdi görsün ona nə cavab verəcəm. Hətta qələm-kağızını da əlində hazır tutmuşdu. Dedim, ağlıma gəldi, vəssalam! Başqa nə deyə bilərdim? Ancaq mayor əl çəkmirdi, min cür sual verir, çıxış yolundan tamam uzaq olan bu cihazı birdən-birə niyə işə saldığımı öyrənmək istəyirdi. Yaxşı ki, elə bu vaxt yoxlama başladı, baş həkim içəri girdi. Və onlardan bayıra çıxmağı xahiş elədi. Onlar dərhal mənimlə gülərüzlə görüşdülər və bir də gələcəyik, deyib getdilər.

Onlar gedəndən sonra fikirləşdim ki, onsuz da gec-tez mən bu suala cavab verməliyəm. Yoxsa bu mayor məndən əl çəkən deyil.

Bəlkə də dərhal cavab vermədiyimə görə, məndən incidi. Buna dərhal cavab vermək olar? Bundan ötrü gərək hər şeyi başdanayağa danışasan; o bir-birini qıran esesçi skeletlərdən tutmuş bütün yaxşılıqlara ölüm vəd eləyən danışıq kitabçasına kimi. Danışasan ki, gərək əvvəlcə bu yaxşılıqları eləyən adamlar haqqında uzunuzadı düşünəydin, axı onlar ölümü gözlərinin qabağına ala-ala bu yaxşılıqları eləmişdilər... və daha nələr, nələr barədə... Beynimdə hər şeyi ölçüb-biçirdim ki, gələn dəfə mayora bunları necə izah eləyim, ona necə başa salım. Birdən ağlıma gəldi ki, əgər faşist ölüm vəd eləyirsə, deməli, hökmən nə isə yaxşı şeyə görə vəd eləyir... Bu barədə hələ çox fikirləşəcəkdim, ancaq birdən anamla atam içəri girdi və başladım onlar haqqında fikirləşməyə.

Həm onlarla danışır, həm də düşünürdüm ki, bu dünyada mənə bunlardan əziz adam yoxdur.

Onlar mənə zəlzələdən söhbət açdılar. Heç demə, mən onda səhv eləməmişəm, – yeraltı təkan həm gündüz olub, həm gecə. Həm bizim qəsəbədə, həm qonşu qəsəbədə bir neçə ev uçub, xoşbəxtlikdən ölüm-itim olmayıb. Əvvəllər heç belə şey başıma gəlməyib:

onlar yanımda ola-ola ancaq onları fikirləşirəm.