Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

HAKİMİYYƏT GÜCLÜ OLMALIDIR

Xalq yazıçısı, Azərbaycan Milli Məclisinin deputatı Maksud İbrahimbəyovun "Exo planetı" jurnalının xüsusi müxbirinə müsahibəsi

 

1.Mən Sizdən necə səs vermək niyyətində olduğunuzu soruşmayacağam – bu, seçki kabinəsinin sirridir. Amma bununla belə, deyin görüm, fikrinizcə, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da güclü, nüfuzlu (bəzən, hətta avtoritar) hakimiyyətə meyilin səbəbi nədir; elektoratın böyük hissəsi borcuna müvafiq olaraq, yoxsa elə ümumiyyətlə, onu dəyişmək istəmir?

 

- Hakimiyyətin borcudur güclü olsun, yoxsa getməyi məsləhətdir. Hakimiyyətin zəifliyi - onun yoxluğu deməkdir. Gücsüzlük ölkəni çox xoşagəlməz vəziyyətə sala bilər, daha doğrusu, mütləq belə bir vəziyyətə salar; özü də çox zaman faciəvi və çıxış yolu olmayan vəziyyətə. Bu gün hakimiyyətin zəifliyinə ən əyani misal – xroniki aclıq keçirən, əhalisinin aktiv hissəsi dəniz quldurluğu və soyğunçuluqla məşğul olan Somalidir. Xalqın güclü hakimiyyəti istəməsi onunla izah olunur ki, xalq son illər xeyli ağıllanıb. Fikir verin, özünü qorumaq instinktinin artması ilə yanaşı, ağılın, zəkanın yüksəlişi postsovet məkanının o yerlərinin insanlarında özünü daha bariz şəkildə büruzə verdi ki, o yerlərdə təlatümlü 90-cı illərin hakimiyyətsizlik dövründə əhali daha çox əziyyət çəkmişdi. İnsanlar normal insan kimi yaşamaq istəyirlər. Onlar özlərinin və doğmalarının daim qorxu içində yaşamalarını istəmirlər. Onlar indiyə qədər də qorxurlar ki, əvvəllər dəfələrlə olduğu kimi, azğınlaşmış qaragüruh tutulmuş kanalizasiya xətti sayaq daşıb küçələri bassın. Ən müxtəlif insanları bəzi hallarda eyni hisslər birləşdirir. Məsələn, çox adamın günün günorta çağı tanımadığı əcaib-qəraib məxluqların küçədə mundar dəyənəklərlə onların başına-başına vurub: "intellekt oğlu intellekt, pulları görüm, sənin vaxtın çoxdan keçib" deməsi, əsla xoşuna gəlmir. İnsanların böyük əksəriyyəti günlərlə soyuq mənzillərdə işıqsız, susuz və qazsız yaşamağı xoşlamır. Eləcə də izahatsız-filansız zavodunun bağlanmasından, uşağının oğurlanmasından və yaxud qoca vaxtında halalca mənzilindən qovulmasından rəncidə olur. Onlar indi başa düşüblər ki, sabit dövlətdə yaşamaq gözəl şey imiş və istəyirlər ki, dövlət onları qorusun. Bir də, zənnimcə, onlar birdəfəlik başa düşüblər ki, insanın layiq olduğu normal həyatı onlarçün bu sabit dövlətdə normal – güclü hakimiyyət təmin edə bilər və belə bir hakimiyyəti də onlar özləri seçməlidirlər.

Bəli, məndə də, Sizin kimi, elə təsəvvür yaranıb ki, əhali Azərbaycanda güclü hakimiyyətin mövcudluğuna müsbət yanaşır. Görünür, insanlar bu qənaətə həm "Xalq cəbhəsi"nin hakimiyyəti dövründə əldə etdikləri təcrübəyə əsasən, həm də rəngli inqilabların baş verdiyi ölkələrdə gördükləri kədərli mənzərələr nəticəsində gəlmişlər. Azərbaycanda da rəngli inqilab törətmək cəhdləri olmuşdu, amma bir şey alınmadı. Özü də fikir verin, əgər 2003-cü ildə inqilab təşkilatçıları küçələrə azğınlıq edən, özlərini vəhşi kimi aparan təxminən min beş yüz nəfər "inqilab ovqatlı kütlə" çıxara bilmişdilərsə, sonrakı illərdə inqilabi dəyişikliklər həvəskarlarının ümumi sayı, təşkilatçılarla birlikdə, bir-iki yüz nəfərə endi. Buna baxmayaraq, cəhdlər hələ də olacaq. Bu il yeni inqilabi sıçrayışlara artıq hazırlıq başlanıb. "Demokratiyanın inkişafı" üçün milyonlarla dollar ünvanlara daxil olmaq üzrədir. Belə hesab edilir ki, dövlətlərdəki mövcud tarazlığı, müəyyən nizama düşmüş həyat tərzini vurub dağıdan dünya böhranı bu il rəngli inqilabı uğurla başa çatdırmaq üçün əlverişli şərait yaratmışdır. Mübahisə etmirəm, iqtisadi böhran bəlkə də hardasa nəyisə dağıdacaq; ola bilər. Amma Azərbaycanda yox, çünki buranın əhalisində inqilab virusuna qarşı çox güclü immunitet var. Bizim ölkədə inqilabi prosesin spesifik xüsusiyyətlərindən biri də "inqilab" başçılarının ixtisas səviyyələrinin çox aşağı olması və bir də öz məhdud dairələrində bir-biri ilə daim didişmələridir. Bu rəhbərlər öz nüfuzlarını, onlara olan etibarı uzun illər ərzində keçdikləri enişli-yoxuşlu yollarda dönə-dönə öz əlləri ilə çox rahatca murdarlayıblar. Onlar artıq çoxdan, hətta yaxşı havada belə qabaqcadan adambaşına "konvertdə yağlı kökə" paylanacağını vəd etsələr də, birləşmiş müxalifətin xudmani bir mitinqini keçirməyə qadir deyillər. Axı, məhz bu insanlar lazım olduğu anda qəzəbli cinayətkarlardan və gədə-güdələrdən, cibgirlərdən ibarət dağıdıcı hücum dəstələrini arxalarınca aparacaqları üçün neçə illərdi böyük pullar alırlar.

Bəli, onlar maliyyə böhranının başlanmasını səbirsizliklə gözləyirlər. Hazırlaşırlar ki, müxtəlif fəndlərdən istifadə edib aldıqları pulların hesabatını vermək xatirinə, müvəqqəti də olsa, yalnız şəxsi mənafeyini düşünən məhdud adamları - obıvatelləri qiyama qaldırsınlar. Amma onlara yol tapa bilmirlər, çünki obıvatelin indi öz oturuşmuş, əgər təxminən belə demək olarsa, mühafizəkar əqidəsi var. Bir neçə il öncə insanlar hələ də "inqilab natiqlərini" dinləməyə razılaşırdılarsa, bu gün onların heç üzlərini görmək istəmirlər. İqtisadi böhranın zirvəsini gözləyə-gözləyə Konstitusiyanın toxunulmazlığı uğrunda kampaniyaya başlayıblar. Aləmə bəyan eləyiblər ki, Konstitusiyaya heç bir dəyişiklik edilməsinə imkan verməyəcəklər. Və bu zaman məlum olub ki, nə vaxtsa özlərini demokrat kimi qələmə verən bu insanların demokratik cəmiyyət barədə təsəvvürləri belə yoxdur. Onların bəyanatlarından belə görünür ki, Konstitusiyanın Müqəddəs yazı olmadığını onlar sadəcə olaraq, bilmirlər, Konstitusiya insan əli ilə yazılmış sənəddir və nə vaxtsa hansı bir hissəsisə köhnələ bilər. Bu səbəbdən də, həyatın müəyyən reallıqlarından çıxış edərək, demokratik ölkələrdə Konstitusiyaya bəzən mühüm dəyişikliklər edirlər. Bizim bu primitiv "demokratlar" indiyə kimi bilmirlər ki, demokratiyanın ən mühüm şərtlərindən biri də, yox, darıxdıqlarından əsnəyən bir yığın öz partiya yoldaşları qarşısında fanatik çıxışlar demək deyil, qəbul olunmuş qaydalara əməl etməkdir. Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı da bütün vacib əməliyyatlar aşkar, son dərəcə dəqiq və qanunun hər bir hərifinə və ruhuna əməl olunmaqla aparılıb. Düzəlişlər müzakirədən sonra parlamentdə konstitusion səs çoxluğu ilə qəbul edilir, bundan sonra növbə ilə: əvvəlcə Konstitusiya Məhkəməsində, sonra isə ümumxalq referendumunda səs çoxluğu ilə qəbul edilir. Yalnız bu yolla düzəlişlər və dəyişikliklər Konstitusiyanın qanuni tərkib hissəsi hesab olunur.

Mart ayının 18-də Konstitusiyaya düzəlişlər və dəyişikliklərlə əlaqədar ümumxalq referendumu keçirilməlidir. Bir para qərəzli, elə bir savadı da olmayan insanlar istədikləri qədər deyə bilərlər ki, guya Konstitusiyaya dəyişikliklər və düzəlişlər hakimiyyəti gücləndirmək üçün edilir. Bu, əsla belə deyil. Bu dəyişikliklər və düzəlişlər hakimiyyəti yox, ölkəni gücləndirmək məqsədi daşıyır. Ölkə və yalnız tarixin müxtəlif mərhələsində fəaliyyət göstərən hakimiyyət müqayisəedilməz anlayışlardır.

 

2. Prezident İlham Əliyev ikinci müddətə namizədliyini irəli sürüb çox böyük üstünlüklə qələbə çaldı – səslərin 88 faizini yığdı. Bu, bəzi Qərb müşahidəçilərində istehzalı təbəssüm doğurur. Niyə Azərbaycan müxalifəti bu qədər açıq-aşkar zəifdir, yəni rəqabətəqabil bir liderin namizədliyini irəli sürə bilməzdilər?

 

- Bizim axı, hamımız əslən Sovet İttifaqındanıq və o zaman seçkilərin necə keçdiyi hələ yadımızdadır. Alternativsiz bir namizədə səs verirdik. Ondan sonra xalqa və dünya ictimaiyyətinə məlumat verilirdi ki, seçkilər seçicilərin yüz faiz iştirakı ilə keçmiş, namizəd də 97 faiz səs yığmışdır. MDB-də bu hamının yadındadır və çalışırlar ki, keçmişdəki bu səpgili seçki mərasimlərindən qaçsınlar. Mən respublikamızın seçki komissiyasının sədri M.Pənahovla və onun əməkdaşlarının çoxu ilə tanışam; bilirsiz, onlar kifayət qədər məlumatlı, istehza və yumor hissinə malik insanlardır. Bəlkə də onlar Qərb müşahidəçilərinə xüsusi olaraq prezidentliyə namizədin gərgin seçkiqabağı mübarizədə 51 faiz səs yığmağa nail olduğunu elan etməkdən əməlli-başlı həzz alardılar? Amma onlar nə etməliydilərsə, onu da etdilər; yəni dəqiq hesablamalar nəticəsində əldə olunmuş real səslərin faizini elan etdilər. Özü də bu hesablamalar çoxlu sayda ölkənin rəsmi nümayəndələrinin gözü qarşısında, o cümlədən, Qərb ölkələri müşahidəçilərinin iştirakı ilə aparılmışdı və yekun rəqəm 88 faiz olmuşdu. Yeri gəlmişkən deyim ki, o zaman səslərin hesablaması ilə bağlı Qərb müşahidəçilərinin heç bir iradı olmamışdı. Məncə bu nəticə – 88 faiz Çin müşahidəçilərinin çox xoşuna gəlməliydi, çünki Çində 8 rəqəmi düşərli rəqəm sayılır. Xoş olardı onlara. Amma iş prosesində onun nəticələrinin kimin xoşuna gəlib, kimin gəlməyəcəyi barədə düşünmək olmaz. Yalnız vəzifəni vicdanla yerinə yetirdikdən sonra, mütləq gərək aydınlaşdırasan ki, sənin gördüyün iş kimin və niyə xoşuna gəlmir. Bu, ilk növbədə siyasətdə lazımdır, siyasətdə ən xırda detalların belə dəqiqləşdirilməsində vasvasılığın heç kimə ziyanı dəyməyib. Odur ki, bir qədər sonra mən qərb müşahidəçilərinin istehzalı təbəssümləri barədə fikrimi deyəcəyəm.

Bu rəqəm – 88 faiz indi mənim başımdan çıxmır, elə heç özünü xatırladır. Ona görə də 88-i başqa bir, adamın üzünə gülən xoş bir qərəmi, 8,3-ü xatırladır mənə – İlham Əliyevin ilk prezidentliyinin 5 ili ərzində Azərbaycanda minimum əmək haqqı məhz 8,3 dəfə artmışdır. Bu gün onun seçiciləri növbəti 5 ildə prezidentin onlarçün nə edəcəyini gözləyirlər.

Bir neçə il bundan əvvəl "qurd-quş bizi qorxutmur" adlı məqaləmdə mən prezident seçkiləri barədə yazmışdım; amma Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında yox, başqa bir MDB ölkəsində keçirilən seçki barədə.

O vaxtdan beş il keçib, ona görə də həmin ölkənin adını çəkməyə ehtiyac görmürəm. Sadəcə, məqaləmdən kiçicik bir parçaya diqqəti yönəltmək istəyirəm. Orada yazmışdım: "Seçkilər necə də gözəl keçdi. Çox qısa bir müddətdə – qırx beş gündə yeni seçki komissiyası yaradıldı, seçicilərin yeni, yaxud digər siyahıları tərtib olundu və onlar təyin edilən gün bir-birini itələyərək seçki qutularına tərəf cumdular... Prezidentliyə namizəd sivil dünyanın bütün ölkələri üçün rekord sayda səs – təxminən yüz faiz toplaya bildi. Özü də şahidlərin dediyinə görə, bəzi seçki məntəqələrində "lehinə" səs verənlərin sayı 100,4 faizən 100,6 faizə qədər çatırdı. Nə iradlar oldu, nə şübhələr: AŞPA-nın və ATƏT-in nümayəndələri bütün bu hadisələrə iltifatla və açıq-aşkar təqdirlə yanaşdılar".

("Zerkalo", "Bakinski raboçi" (11 fevral 2004), və "Fraqmentlər" kitabı, 2005)

Bəs Qərb müşahidəçiləri o seçkilərə necə reaksiya verdilər? Böyük sevinc hissi və ruh yüksəkliyi ilə. Bu seçkilər demokratiyanın təntənəsi, ölkə isə Avropa Birliyinin sevimlisi, əziz-xələfi və demokratiya dəyərlərinin etibarlı keşikçisi elan olundu. Təbriklər də göndərdilər, səxavətlə, ironiyasız-filansız isti təbəssümlər də bəxş etdilər; hər şey. Hamısı da ona görə ki, bu seçkilər o ölkədə rəngli inqilabın qələbəsinin yekun mərhələsi idi. Onda rəngli inqilabın həyata keçirilməsinin mümkün olmadığı Azərbaycan növbəti dəfə ona qarşı həyasızcasına ikili standartın tədbiq olunduğunu hiss etdi.

Bu şıltaq Azərbaycanı da indiyə kimi ram etmək mümkün olmur ki, olmur. Bu qədər xərc çəkilir, amma əməlli-başlı bir ləzzəti yoxdur ki, yoxdur! Qəribədir, nə hidrogen bombası var, nə də arxasında qüdrətli bir himayəçisi, amma özünü müstəqil suveren dövlət kimi aparır!

O ki qaldı bəzi Qərb müşahidəçilərinin gülümsəməklərinə – eybi yoxdur, qoy istehzalı olsun, qoy yerli-yersiz olsun – bu, mənimçün əsil sürprizdir, kefimi açır. Çünki mən elə bilirdim, Qərbdəki, məsələn, Avropadakı müşahidəçilər bəzi səbəblər üzündən gülümsəməyi artıq tamam unudublar. Bu qorxmaz insanlar isə hələ də gülürlər. Şair elə bil lap bunlar haqqında deyib: "Bu insanlardan yaxşı paz çıxar!" amma hər halda, qəribədir; yəni bu cür peşəkar müşahidəçilər ətraflarında baş verənləri görmürlər? Bir yadınıza salın, Fransa, İngiltərə, Almaniya, İtaliya və bir sıra başqa Avropa ölkələrinin eləcə adlarında yarımca əsr öncə necə də gözəl məzmun və böyük məna ehtiva olunurdu. Onlar necə də səxavətlə bəşəriyyətə dahiyanə incəsənət və ədəbiyyat əsərləri, elmi-texniki kəşflər bəxş etmişlər. Əsrlər boyu onlar parlaq siyasi və fəlsəfi fikirlərlə dünyanı heyran qoyublar. Dahi yazıçılar, alimlər, filosoflar... Bu gün müasir sivil bəşəriyyətin bəhrələndiyi əksər maddi və mədəni dəyərlərin əsas yaradıcıları onlar olmuşlar. Avropadan nümunə götürən milyonlarla insan öz ölkələrində demokratik dəyişikliklərə və azadlıq ideyasına can atmışlar.

Etiraf etmək nə qədər acı da olsa, bütün bunlar artıq keçmişdə qalmışdır. Kommersiya demokratiyasının basqısı altında dünya tanınmaz dərəcədə dəyişilmişdir. Gözlərimiz qarşısında olduqca qısa bir müddətdə müasir sivilizasiyanın nəhəng sütunları adına Avropa Birliyi deyilən amorf bir bədənin tərkib hissələrinə çevrildikdən sonra öz misilsiz parlaqlıqlarını və möhtəşəmliklərini itirmişlər. Bir zamanlar fikirləri yönəldən, dünya elmi və mədəniyyətində ilkinliyi əlində saxlayan bu ölkələrin indi coğrafi konturları belə çətinliklə görünür. Onlar fərdi simalarını, müstəqil siyasi mövqedən tutmuş öz milli valyutalarınadək, hər şeydə itirmişlər. Xarici siyasi liderlərdən ibarət yığma komandanın kollektiv rəhbərlik etdiyi ölkələri zorla müstəqil dövlət anlayışına uyğun hesab etmək olar; hətta həmin dövlətlərin xalqları kommersiya demokratiyası baxımından tox və şən yaşasalar da.

Kollektiv rəhbərlik kommersiya demokratiyasının əbədi dəyərlərindən, hər cür söz azadlığından və ailəvi homoseksualizmin bəxtiyarlığından bəhs edən usandırıcı kupletləri yeknəsək bir tərzdə oxuya-oxuya böhranı gözdən qaçırtmışlar. Nəticədə, Avrokolxoz simasını dəyişib, əllərində boş qazanlar apara-apara dünyanın seçmə dillərində iflasa uğramış siyasi rəhbərlərinin ünvanına küçə söyüşü yağdıran tətilçilər və işsizlərlə polisin döyüş meydanına çevrilmişdir. Üstəlik də, növbənöv yüksək ixtisaslı siyasi ekspertlər çox inandırıcı və əsaslandırılmış şəkildə, təbəssümsüz-filansız 2010-cu ilin birinci yarısında Avropa Birliyinin dağılacağını qabaqcadan xəbər verirlər və onların dediyinə görə, hər şey üçüncü dünya müharibəsinin başlanmasına iki ay qalmış baş verəcək... Odur ki, indi insanlara pislik eləməkdən çəkinməyin; boş, mənasız yalan-palana bədxahcasına gülümsəməyi bir qırağa qoymağın əsil vaxtıdır. Bir il, ilyarımdan sonra hamımızın vəziyyətinin pisləşməməsi üçün, daha doğrusu, son dərəcə pisləşməməsi üçün birlikdə dua eləməyimiz məsləhətdir.

Valeri, Siz soruşursunuz ki, niyə Azərbaycanda müxalifət bu qədər açıq-aşkar zəifdir? Məncə, bu, ritorik sualdır. Bizdə axı təkcə müxalifət deyil, futbol da zəifdir. Yaxşı, indi nə etməli? Yeri gəlmişkən, futbolla müxalifət arasında ümumi oxşar cəhətlər var; müxalifətə də, futbola da böyük məbləğdə sərmayə qoyulur, əhəmiyyətsiz bir fərqlə: müxalifət o pulu "demokratiyanın möhkəmləndirilməsi" xətti ilə xarici mənbələrdən alır, futbol isə – daxili mənbələrdən. Futbolun, heç şübhəsiz, gələcəyi var. Yeni adlar üzə çıxıb. Bir də görəcəksən ki, tez-tez udmağa başlayıblar. Hər halda, insanlar artıq stadionlara gəlirlər.

Sizin, əzizim Valeri, rəqabətəqabil müxalifət liderləri barədə fikrinizə də şərikəm. Bu məsələ ilə əlaqədar mən hələ beş il öncə "Əksinqilabi etüd" məqaləmdə belə yazmışam:

"...Bizdə fəaliyyət qabiliyyətli müxalifət yoxdur. Ancaq çox istərdik ki, Azərbaycanda ağıllı, konstruktiv müxalifət mövcud olsun, onun da başında duranlar qaranlıq keçmişi olmayan abırlı, maraqlı adamlar olsunlar. İqtidar nümayəndələri ilə dolğun siyasi dialoq aparmağa qadir erudisiyalı liderlər olsunlar. Elə adamlar ki, onlar təkcə öz karyerası və şəxsi mənafeləri üçün deyil, dövlət problemləri üçün də can yandırsınlar. Bu, ölkə üçün çox fayalı olardı, çünki düzgün qərar çox vaxt adətən, ağıllı, məzmunlu polemika nəticəsində yaranır. Bəlkə belələri var? Bəlkə müxalifət cərgəsindəki bəzi kol-koslar ictimaiyyətdən Çörçill, yaxud de-Qoll kimi gələcək liderləri, ya da bədəbəddə lap Çe Gevaranı və Suxe Batoru gizlədir? Xeyr, gizlətmir. Əsas kolların arxasında heç kəs yoxdur, elə ehtiyat kolların da arxası boşdur. Müşahidə üçün kifayət qədər vaxtım olsa da, mən müxalifət liderləri arasında strateji kateqoriyalarla düşünən, öz məqsəd və prinsipləri etibarilə böyük bir siyasi xadimi gendən də olsa xatırladan bir nəfər də görmədim. Əlbəttə, müxalifət liderləri arasında yaşamağı bacaran ağıllı adamlar var və obyektiv olaraq, işlər pis getsə, onlardan bəzilərinə stadionu olan yaxşı bir şəhərin, hamamı, bərbərxanası və kimyəvi təmizləmə məntəqəsi olan böyük bir mehmanxananın idarə olunmasını etibar etmək olar. Bəli, olar - risk çox nəcib bir işdir. Lakin bu kəmsavad, ambisiyalı adamlardan hər biri rayon miqyaslı kiçik bir şəhərə deyil, ölkəyə, yəni bizim hamımıza rəhbərlik etmək – hakimiyyət arzusundadırlar! Özü də nəyin bahasına olursa-olsun; onlar hakimiyyəti ələ keçirməkdən ötrü iğtişaşlara, zorakılığa, qan tökməyə (sözsüz ki, özlərininkini yox) hazırdırlar".

("Novoye vremya", "Bakinski raboçi", "Nezavisimaya qazeta" və b. qəzetlər, 19 may 2005).

O zamandan heç nə dəyişməyib.

 

3. Bizim zəmanədə yaradıcı ziyalıların çoxu hakimiyyəti dəstəkləməyə pis bir hərəkət kimi baxırlar. Bəs, Siz necə hesab eləyirsiniz?

 

- Bu sualın cavabında yaradıcı ziyalıların hakimiyyətə münasibətinin ən azı üç variantını göstərə bilərəm: Birinci variant, yaradıcı ziyalıların, fərqi yoxdur, istənilən hakimiyyəti dəstəkləyən nümayəndələridir. Onlar hakimiyyəti hakimiyyət olduğuna görə dəstəkləyirlər və burada pis bir hərəkət yox, sadəcə, ağlın kəmliyinin əlamətləri özünü göstərir. İkinci varianta aid olanlar isə, hakimiyyətin fəaliyyətinin ölkəyə düzəlməz ziyanlar vurduğunu başa düşür, amma Sizin dediyiniz qəbildən olan həmkarlarının gözündə pis görünməməkçün oğru siçan kimi ağzına su alıb susur və eləcə yaradıcı baxışları ilə hakimiyyətin törətdiyi biabırçılıqları seyr edir. Nəhayət, üçüncü variant yaradıcı ziyalıların o nümayəndələridir ki, hakimiyyətin gördüyü işləri bəyənir, çünki bu işlərin onun xeyir və şər haqqındakı təsəvvürlərinə uyğun gəldiyini və ölkəni inkişafa, tərəqqiyə doğru apardığını hesab edir. Özü də bu ziyalıların təhtəlşüurunda keçmiş dövrlərdən belə bir məşhur fikir, belə bir mövqe kök salmışdır ki, "şair olmaya da bilərsən, amma vətəndaş olmaq sənin borcundu". Mənim qəti qənaətimə görə, yaradıcı ziyalıların yuxarıda dediyim üçüncü variantına mənsub olan nümayəndəsi, əgər namuslu, vicdanlı adamdırsa, hakimiyyəti dəstəkləməlidir; xüsusən mürəkkəb dövrlərdə. Və bu cür dəstək, heç bir yöndən pis hərəkət, pis iş sayıla bilməz.

Sizdən nə gözləyim, əzizim Valeri, üçüncü sualınız, düzü mənə güclü təsir bağışladı. Çox maraqlıdır, axı bu, necə olub, hansı məyusluq və sarsıntı səbəbindən "yaradıcı ziyalıların çoxu" yanıq və bədbinlik tamı verən nəticələrə gəlmisiz?!

İndi mənim yaddaşımda yaradıcı ziyalıların ən məşhur nümayəndələrinin bir zamanlarlar B.Yeltsin başda olmaqla, yeni demokratik hakimiyyəti necə hərarətlə müdafiə etdikləri epizodlar bütün aydınlığı ilə canlandı. Transporantlarla, plakatlarla və onlarsız hakimiyyətə qahmar çıxırdılar, atəşin nitqlərlə çıxışlar edir, filmlər çəkir, ruhlandırıcı şeirlər yazırdılar. Ah, bütün bunlar onda necə də gözəl, romantik görünürdü. Amma indi isə, buyurun, bunun adı – pis əməldir!

 

Müsahibəni Valeri Calaqoniya götürüb.

"Oko" qəzeti, 10 mart 2009, "Exo planetı" jurnalı № ... 2009