Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

TƏKİ DAXİLDƏN ZİYAN VURMASINLAR

İndi hər yerdə vətənpərvərlik hissələrinin coşması müşahidə olunur. Bu, çox yaxşıdır. Hamı işğal olunmuş torpaqlarımızın qaytarılmasını istəyir. Çoxları bu xeyirxah məqsəd üçün öz arzularını bildirir, plan və üsullarını təklif edir: sırf sülh vasitələrindən tutmuş, ta hərbi qüvvə tətbiqini nəzərdə tutan ən radikal tədbirlərədək saysız-hesabsız təkliflər  irəli sürülür. Bütün çıxışlar rəngbərəng bir mozaika yaradır ki, bu mənzərə də bizim hamımızın Dağlıq Qarabağı və ona bitişik olan işğal edilmiş əraziləri qaytarmaq əzmində olduğu-muzu son dərəcə inandırıcı şəkildə əks etdirir. Bütün bunlar yaxşıdır, lakin çıxışların əksəriyyətinə  bir ümumi cəhət xas-dır: müəlliflər bizim uduzduğumuz müharibəni ya ümumiy-yətlə, yada salmırlar, ya da onu nəsə lüzumsuz və nalayiq bir  şey kimi sözarası xatırlayırlar. Bəlkə buna görə də torpaqların qaytarılması prosesi onlara yetərincə sadələşdirilmiş, bəsit, daha dəqiq desək, asan bir iş kimi görünür.

Bəlkə onlar haqlıdırlar? Bəlkə xoşagəlməz və kədərli şeylərdən danışmaq lazım deyil ki, Allah göstərməsin, vətən-pərvərlərin və həddən artıq həssas vətəndaşların kəskin-ləşmiş  duyğularına toxuna bilərik?  Bəlkə şərəfsizcəsinə uduzduğumuz müharibəni xatırlamaq xalqın ruh yüksəkliyinə mənfi təsir göstərə bilər? Əlbəttə, uduzduğumuz müharibəni xatırlamaq hər bir normal adam üçün xoşagəlməzdir, ancaq nə etməli – lazımdır. Bu, xalqın ruh yüksəkliyinə təsir göstərmə-məlidir, çünki xalq bizim ayrı-ayrılıqda götürülmüş heç birimizdən qətiyyən ağılsız deyil, heç olmasa belə bir sadə səbəbə görə ki, xalq elə bizim hamımızın məcmusu deməkdir. Bizim rüsvayçılıqla uduzduğumuz müharibəni yada salmaq və bu barədə danışmaq isə zəruridir və heç kəs onu unutma-malıdır, çünki bu, bizim ümumi rüsvayçılığımız, bizlərdən hər birinin üz qaralığıdır, bu, şəxsən mənim rüsvayçılığımdır. Bizlərdən heç biri, əgər o, alçaqlığı boynuna götürməyibsə, özünün bu biabırçılığını  heç zaman unutmamalıdır. Uduzdu-ğumuz müharibəni yada salmaq və bir-birimizə  xatırlatmaq ona görə zəruridir ki, keçmişdə buraxdığı səhvləri yadda saxlamayan  və onlardan nəticə çıxarmağı, dərs almağı bacar-mayan insanları, vaxtilə yol verdiyi nöqsanları, zəiflik və cəsarətsizlik göstərdiyini unudan adamları, satqınları bağış-layan və onlarla əməkdaşlıq etməyə başlayan şəxsləri gələcəkdə yaxşı heç nə gözləmir. Axı, tale Azərbaycan üçün böyük, işıqlı bir gələcək yazıb. Bir halda ki, belədir – gəlin, bizim bu son iki yüzillikdə tez-tez  kor qalan yaddaşımızı dirçəltməyə və bizdən asılı olan hər şeyi etməyə çalışaq ki, böyük  ümidlər bəslədiyimiz həmin möhtəşəm istiqbala aparan yolları bizim daxili "xeyirxahlarımız" dağıdıb yerlə-yeksan etməsinlər. Sözsüz ki, cəlb olunduğumuz müharibədə qüv-vələr qeyri-bərabər idi. Düşmənimiz də adi düşmən deyildi. SSRİ-dəki hakimiyyətsizlik və Rusiyada mühafizəkar kom-munist rəhbərliyinin psevdodemokratik hakimiyyətlə əvəz-lənməsi şəklində qismətinə düşmüş tarixi şansdan çox məharətlə istifadə edən Ermənistan erməni diasporunun və Rusiyanın dəstəyi ilə öz müdafiəsiz qonşusunun – həmlə  gözləməyən Azərbaycanın üzərinə xaincəsinə hücum etmişdi.

Müdaxilənin elə ilk günündəcə erməni diasporunun və Rusiya KİV-in səyləri ilə bütün dünyada yüksək dərəcədə səmərəli təbliğat işə salındı ki, bu da Azərbaycanın üzərinə böhtan və iftiralar yağdırmaqla, onu cahanda bədnam etdi – indiyədək də biz bunun altını çəkirik. Yeri gəlmişkən, Rusiyanın o zamankı rəhbərlərinin hərəkətləri timsalında  bir daha əmin olursan ki, öz davranışında etik normalara riayət etmək dövlət üçün, lap elə hər bir şəxs üçün nə dərəcədə mühümdür. Bütün dünya gördüklərini sükut içində seyr edir və heyrətlə müşahidə edirdi ki, çoxəsrlik siyasi və əxlaqi ənənələrə malik olan böyük bir dövlət lap yaxınlaradək onun üçün  qardaş-dost olmuş qonşu dövlətin ərazisindəki separatçı qiyamı  necə dəstəkləyir. Rusiya Dağlıq Qarabağdakı separat-çılara qahmar çıxmasaydı, digər "qızmar nöqtələr" də yaran-maz, Abxaziya, Osetiya, Dnestryanı coşmaz, Çeçenistan qay-nar qazana dönməzdi.

Etik normalara riayət edilməməsi barədə daha bir misal. Gəlin görək, o zaman mahiyyətcə nə baş vermişdi? Lüt-üryan Ermənistan lüt-üryan Qarabağın üstündə lüt-üryan Azərbaycana hücum etmişdi. Rusiya isə yaranan münaqişəni beşikdəcə dərhal boğmaq (özü də bu, onun üçün su içmək kimi asan idi) əvəzinə, Ermənistanı dəstəklədi, separatçıları silah, hərbi texnika və mütəxəssislərlə təchiz etməyə başladı, Azərbaycandan isə özünü iqtisadi və nəqliyyat blokadası ilə ayırdı və elə eyni zamanda da ona qarşı informasiya mühari-bəsinə başladı. Ancaq o vaxt Rusiya bilsəydi ki... Əgər o zaman Rusiyanın psevdodemokrat  rəhbərləri Azərbaycanın necə varlı, nə qədər zəngin olduğunu bilsəydilər, inanın, onlar dərhal Ermənistana izah edərdilər ki, Azərbaycana heç olmaz-sa bircə üzrlü səbəbə görə toxunmaq olmaz: çünki Rusiya Azərbaycana minnətdar olmalıdır. Axı, ikinci dünya mühari-bəsi, "motorlar müharibəsi" dövründə neftin 87 faizini Azər-baycan verirdi. Bu neftsiz isə bütün sovet tankları, təyyarələri və avtomaşınları gərəksiz dəmir parçalarına çevrilərdi. Hitler bunu başa düşürdü və SSRİ ərazisində son dərəcə mühüm strateji obyekt olan Bakını ələ keçirmək üçün özünün ən yaxşı sərkərdələrindən biri olan Qalderin komandanlığı altında güclü "A" ordu qrupunu göndərmişdi. Ruslar özlərinin erməni müttəfiqlərinə xatırladardılar ki, o vaxt Azərbaycan əhalisinin bir qismi gecə-gündüz işləyib cəbhə üçün neft çıxarır, təyyarə və tankları təmir edir, partlayıcı qatışıqla şüşələri doldurur, yerdə qalan hissəsi isə döyüşürdü. Nəticədə Azərbaycanın hər beş vətəndaşından biri ölkəni qoruyarkən  həlak oldu. Həm-çinin onlar öz erməni müttəfiqlərinə mütləq deməli idilər ki, əgər Azərbaycan olmasaydı, yəqin ki, indi ruslar ermənilərlə və lap elə öz aralarında da almanca danışmaq məcburiyyətində qalardılar. Başqa bir mühüm məqamı da mütləq yada salmalı idilər ki, Azərbaycan xalqı bütün bunları məcburiyyət və qorxudan etməmişdi, sadəcə, etik normalara riayət etdiyinə görə, Azərbaycan xalqı ölkə üçün ən ağır zamanda Almaniyanın tərəfinə keçməmişdi, ancaq keçə bilərdi, özü də necə keçərdi! Bu, heç  kəsin ağlına gəlməmişdi. Ancaq ciddi-cəhdlə dəvət edirdilər. Özü də dəfələrlə lütfkarcasına dəvət edirdilər.

Ədalət naminə demək lazımdır ki, psevdodemokratların Azərbaycana vurduğu ziyan onların öz ölkələrini məruz qoyduqları dağıntı və talanla qətiyyən  müqayisəyə gəlmir. Qondarma demokratların on illik hakimiyyəti dövründə baş vermiş kataklizmlər öz nəticələrinə görə ölkə və onun əhalisi üçün yalnız üç yüz il sürmüş tatar-monqol istilası ilə müqayisə edilə bilər. Əgər xatırlasaq ki, indi Rusiyada dəbdə olan təbirlə "tatar-monqol milliyyəti" adlandırılan şəxsləri həmin uzaq dövrlərdə, hər necə olsa da, gəlmə adamlar sayılardılar, daha dəqiq desək, həqiqətən atlara süvar olub, ölkəni hücumla almış yadellilər idilər, psevdodemokratların isə hamısı bir nəfər kimi, sırf yerli "məhsullardır" – vəziyyətin nə qədər acınacaqlı olduğu daha aydın görünər.

Zərurət yarandıqca dövlət quruluşunu dəyişmək, sağlamlaşdırıcı islahatlar aparmaq olar və lazımdır, lakin bəs öz ölkəsini müflis etmək, heç nədə günahı olmayan on milyonlarla insanın taleyini şikəst etmək nəyə gərək idi? Siz heç təsəvvür edirsinizmi nələr törətmisiniz, möhtərəm demokratlar? Bütün bunlar məndə ancaq təəssüf və kədər doğurur. Çünki mən Rusiyanı sevirəm. Ümidvaram ki, diribaş xarizmatik prezident Putin ölkəni psevdodemokratların yuvarlatdıqları dərin bataqlıqdan çıxarmağa  müvəffəq olacaq. Ona səmimi qəlbdən uğurlar arzulayıram.

Əgər o zaman Rusiya bunları bilsəydi... Azərbaycanı necə bir qayğı və nəvazişlə himayə edərdi. Yenə əvvəlki kimi dost olardıq! Psevdodemokratik meylli kütləvi informasiya vasitələrində hər gün Azərbaycan xalqının ünvanına təhqira-miz və iyrənc uydurmalara yer ayrılmazdı, hər hansı bir az-çox sivil ölkə üçün görünməmiş bir şey olan heyvani ksenofobiyaya son qoyulardı, rus xalqını durmadan təlqin etməzdilər ki, Azərbaycan qorxunc bir kahadır və bu gün-sabah təpədən-dırnağadək silahlanmış qəddar müsəlman yaraqlıları Rusiya soxulacaqlar və daha nə bilim, nələr... Əgər o vaxt Rusiya bəzi mətləblərdən agah olsaydı... Ancaq o bunların heç birini bilmirdi. O zaman – 80-ci illərdə hələ heç kəsə məlum deyildi ki, Xəzər dənizinin dibində nə qədər tükənməz neft və qaz ehtiyatları yatır. O vaxt heç kəs bilmirdi ki, bu ehtiyatlar 21-ci yüzilin sonunadək planetimizin ayrı-ayrı regionlarının rifahının və tərəqqisinin müəyyənedici meyarı olacaq. İndiyədək kəşf edilmiş yataqlar Xəzərin dibindəki neft ümmanı ilə müqayisədə, olsa-olsa, damlalardılar və hələ insanlar bunlara gedib çatmalıdırlar.

O vaxt – 80-ci illərdə dünyada heç kəsin bundan xəbəri yox idi. Təkcə Amerika Birləşmiş Ştatlarından savayı! Öz geoloji kəşfiyyat peykləri sayəsində bu fövqəlməxfi informasiya yalnız Amerikaya bəlli idi, lakin təbii ki, ABŞ da müəyyən vaxtadək öz bildiklərini hes kəslə bölüşmürdü. Buna görə də əgər Şərq yarımkürəsinin şimal-şərq hissəsində baş verən bütün ən əhəmiyyətli, izahı heç də həmişə asan olmayan hadisələri sözü gedən fövqəlməxfi informasiya prizmasından nəzərdən keçirsək, bu gün çox şey daha aydın və anlayışlı görünər. Elə etik normaların başlıca xüsusiyyəti və gücü də bundadır: həm dövlətlər, həm də insanlar şəraitdən asılı olmayaraq, bu normalara əməl etməlidir. Əxlaqlı olmaq təkcə gözəl deyil, həm də gec-tez məlum olur ki, faydalıdır da.

Lakin bütün bu söylədiklərimiz Qarabağ probleminin yalnız bir tərəfidir. İkinci tərəf də var. Bu,  bizlərik. Elə burada da etik problemlər ortaya çıxır.

Bir çox qəzetlərin və televiziya verilişlərinin məzmunu ilə tanış olduqca, siyasətçilərin, politoloqların və ictimai xadimlərin fikirlərini dinlədikcə tam kəskinliyi ilə duyursan ki, Dağlıq Qarabağı qaytarmağın əsl məqamı yetişib. Bəs onu kim qaytarmalıdır? Tamamilə doğrudur, Prezident Heydər Əliyev. O, mütləq Ermənistan prezidenti ilə bu barədə bir razılığa gəlməlidir. Özü də yalnız real şəraitin imkan verdiyi kimi, yəni Konstitusiyaya uyğun olaraq, bizim adımızdan danışmaq səlahiyyəti verdiyimiz ölkə prezidentinin düzgün hesab etdiyi kimi yox, həm də ayrılıqda hər bir konkret fərdin - sizin, mənim, mənim qohumlarımın və dostlarımın, Bilqeyis bibi və onun qardaşı oğlu Zatıpələng İsgəndərlinin, müxalifət partiyaların liderlərinin istədiyi kimi, hamının ürəyincə olan bir razılığa gəlməlidir. Siyasi cəhətdən daha çox "irəli getmiş" müxalifət liderlərinin bəziləri Bilqeyis bibidən, onun qardaşı oğlundan fərqli olaraq, vəziyyəti çox gözəl anlasalar da, prezidenti az qala təslimçilik əhval-ruhiyyəsində suçlayır və tələb edirlər ki, heç bir güzəştə getmədən, dərhal danışıqlarda buna nail olsun ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət kimi qalsın, xarici aləmlə yalnız Azərbaycan XİN-in vasitəçiliyi ilə ünsiyyətə girsin, öz ordusunu saxlamaqdan, eləcə də özünün təhlükəsizlik və polis xidmətlə-rindən imtina etsin.

Xülasə, onlar prezidentdən tələb edirlər ki, o, elə bir iş görsün ki, ölkədə bir göz qırpımındaca əvvəlki dövran bərpa olsun və biz Qarabağdakı mənhus qiyama və Ermənistanla müharibəyə qədər olduğu kimi, sakit və dinc yaşayaq. Həm də bu zaman onun – Heydər Əliyevin sayəsində nail olduğumuz bütün demokratik dəyişikliklər də saxlanılsın. Gözəl sağlıqdır, deyilmi? Həqiqətən xoş arzudur, adama ləzzət verir və mən də ürəkdən bunu istəyirəm. Ancaq təəssüf ki, siyasətdə sağlıqlar əsasən rəsmi ziyafətlərdə badə qaldırılanda söylənilir, danışıq-larda yox. Özü də qaliblərin söylədiyi sağlıqlar daha yerinə düşən sayılır.

Bu gözəl sağlığı gerçəkliyə çevirməyi prezidentdən tələb edən həmin adamlara yaxşı bəllidir ki, prezidentdə nə Ələddinin sehrli çırağı, nə nüvə silahı var, nə də əlindən iş gələn salahiyyətli müttəfiqlərimiz.

Həmin adamlar çox gözəl anlayırlar, onlara tarixdən məlumdur ki, işğal edilmiş torpaqlar heç vaxt heç kəsə asanca qaytarılmayıb. Yəni, belə bir misal tarixdə görünməyib. Adətən, əlverişli vaxt seçərkən, torpaqların yiyələri, əldən verdikləri torpaqları özlərinin və yaxın adamlarının həyatları, qanları bahasına, qılınc və atəş gücünə geri qaytarıblar.

Diqqət yetirin: sülh danışıqlarında prezidentin dediyi və hətta heç demədiyi bütün sözlərə görə onu ən çox qızğınlıqla tənqid edənlər həm də məhz müharibə gedişində ərazilə-rimizin ermənilərə satılmasında əli olanlar, düşmənin hərbi texnikasını yanacaqla təmin edərək varlananlar, əsgərlərimizə arxadan güllə atanlar, məğlubiyyətimizi cəbhə xəttinin bu tayında düzüb-qoşanlardır. Onların bütün vətənpərvər hayqır-tıları və "siyasət" adlandırdıqları hoqqaları prezidenti sərbəst-likdən məhrum etməyə, onun əzmini qırmağa yönəlmişdir. Əslində, onların səyləri Dağlıq Qarabağı qaytarmağa yönəl-məyib, xeyr, onlar bizim hamımızın işğal edilmiş torpaqları qaytarmaq kimi ümumi arzumuzu çoxdan həsrətində olduqları hakimiyyətə yiyələnmək üçün məharətlə öz əllərində alətə çeviriblər. Belə üsullarla prezidentimizə mane olan bilməyə-cəklər, ancaq hər halda, səd heyf, min təəssüf!

Ucdantutma hər şeyi tənqid etmək, hər şeyə şəkkak-lıqla yanaşmaq arzusu bəzən ifrata varır. Məsələn, prezidentin Kemp-Devid sazişinə bənzər gizli sövdələşməyə hazır olması kimi cəfəng fikirlər səslənir. Bu, nonsensdir. "Gizli sövdə-ləşmə" sözbirləşməsi heç bir şəraitdə prezidentə münasibətdə məqbul deyildir. Prezident öz ölkəsinin bütün vətəndaşlarından fərqli olaraq, hətta lap ürəyi istəsə belə, digər ölkənin rəhbərləri ilə gizli sövdələşməyə girə bilməz. Prezidentlər heç vaxt sövdələşmirlər – onlar danışıqlar aparır və razılıq əldə edirlər. Bu razılaşmalar isə sonradan qanuni zəmində icraya yönəldilir. Sövdələşənlər isə, bəzən könülləri  xoş olsun deyə, özlərini siyasi qrup adlandıran quldur dəstə-lərinin "paxanları", "beşinci dəstə"nin rəhbərləri və satqın məmurları olur. Bir sözlə, Azərbaycanda kimlərin və hansı əsasda sövdələşdikləri bizim hamımıza yaxşı məlumdur. Prezidentin gizli və ya aşkar gördüyü heç bir işi sövdələşmə adlandırmaq mümkün deyil, çünki bütün prezidentlik müddəti ərzində öz ölkəsinin əhalisi ona səlahiyyət vermişdir ki, hər hansı bir ölkənin hər hansı bir rəhbəri ilə özü üçün əlverişli olan istənilən vaxtda, istənilən mövzuda və istənilən məqamda qanuni əsada istənilən danışıqları aparsın.

Fərdləşmiş Azərbaycan sayılan və ölkəni təmsil edən Heydər Əliyev prezident kimi Konstitusiyaya uyğun olaraq və şəraitdən, həmçinin öz arzusundan asılı olaraq, danışıqları prezident və kral saraylarında, təyyarə salonlarında, gəmilərin kayut-kompaniyalarında, restoranlarda, çimərliklərdə apara və müzakirəyə çıxarılan məsələləri öz istədiyi kimi həll edə bilər.

Əgər bu danışıqların  məzmunu həmsöhbətlərin arzusu ilə açıqlanmırsa, yəni sizə, mənə, Bilqeyis bibiyə və onun qardaşı oğluna, eləcə də müxalifət liderlərinə, "beşinci dəstə" rəhbərlərinə və xarici xüsusi xidmət orqanlarının əməkdaş-larına bəlli olmursa, belə danışıqları qapalı adlandırırlar. Bu, forma etibarilə beynəlxalq təcrübədə adi epizod sayılır. Adi qapalı görüşləri gizli sövdələşmə adlandırmaqla bizim siyasi təxribatçılar danışıqların əhəmiyyətini cüziləşdirməyə cəhd göstərirlər. Onlar əhalinin daha nadan qismini, bəsit təbliğata uyan hissəsini qabaqcadan hazırlayırlar ki, danışıqların hər hansı bir istənilən nəticəsini uğursuz elan etmək mümkün olsun. Onlar xalqın beyninə yeritməyə çalışırlar ki, həmin bu nəticə, nədən ibarət olmasından asılı olmayaraq, heç də Azərbaycana lazım olan variant deyildir. Buna görə də müxalifət və "beşinci dəstə"nin rəhbərlərinin prezidentə münasibətdə apardığı siyasətin mahiyyəti təxminən belə ifadə edilə bilər: baş tutmayan işin dalınca göndərirlər, sonra da deyirlər ki, yarıtmadı. Amma Allaha şükür ki, xalq hər şeyi başa düşür və heç də ağzına su alıb dayanmır.

Bu barədə danışmaq adamın qəlbini göynədir, lakin etiraf etməliyik ki, işğal olunmuş ərazilərimizin bir hissəsinin qaytarılması yalnız bizim tərəfimizdən  ağrılı kompromisə  razılaşmaq yolu ilə baş tuta bilər. Bir daha xatırladıram: işğal edilmiş torpaqları havayı yerə qaytarmırlar. Bəşər tarixində belə şey olmayıb. Buna görə də qarşımıza sərt şərtlər qoyurlar. Azərbaycan prezidenti, vəziyyətin son dərəcə mürəkkəbliyinə baxmayaraq, bütün dünyanın aparıcı siyasi liderlərini danı-şıqlar prosesinə cəlb etməyə müvəffəq olmuşdur. Bu, şübhəsiz, çox böyük uğurdur, yaxın gələcəkdə mütləq öz səmərəli bəhrəsini verəcək. Nə Gürcüstan prezidenti Abxaziya ilə bağlı, nə də Moldova Prezidenti Dnestryanı ilə bağlı öz ölkələri daxilindəki separatçılıq problemlərinin bu dərəcədə yüksək nüfuzlu səviyyədə baxılmasına qətiyyən yaxın belə gedə bilməmişlər. Siyasətçi Heydər Əliyev Tanrının köməyi ilə, mümkün olmayan bir işi görmüşdür: o, danışıqlar prosesini elə bir mərhələyə çatdırmışdır ki, Ermənistan əvvəl-axır hansısa güzəştlərə getməyə məcbur olacaq.

Bu gün çox şeyin aqibəti həll edilir və biz yol verməməliyik ki, prezidentimizə mane olsunlar. Danışıqlarda bizim təmsilçimiz çağdaş dünyamızın görkəmli siyasətçisi Heydər Əliyevdir. Xoşbəxt ulduz altında doğulmuş bu insan həmişə məqsədinə çatır. Hazırda o, son dərəcə çətin, həlli, demək olar ki, qeyri-mümkün olan bir problemi çözməyə çalışır. Onu tanıdığıma görə mən əminəm ki, son nəticədə danışıqlar uğurla bitəcək və o, itirdiyimiz torpaqların bir hissəsini gec-tez geri qaytarmağa müvəffəq olacaq. İkinci belə bir adamımız yoxdur. Biz hamımız onu qorumalı və ona mənəvi dəstək olmalıyıq, əlbəttə ki, əgər biz öz ölkəmizi seviriksə və vicdanımız varsa. Yeri gəlmişkən, bu yaxınlarda bir daha təsdiqləndi ki, heç bir siyasi qruplaşmanın nə beynində, nə də portfelində, ürəyəyatan sağlıqlardan, xoş arzulardan savayı, dəyərli bir şey yoxdur. Odur ki, hamımız səbr etməli, prezidentə mane olmamalıyıq.

Başqa bir çıxış yolu da var – savaş. Mən müsahibə-lərimdən birində ("Kompliment söyləmək zamanıdır") bu barədə müfəssəl danışmışdım: müharibə ilk növbədə Ermənis-tana lazımdır. Onun özü də, müttəfiqləri də hərbə hazırdırlar. Müharibə Ermənistana hava və su kimi lazımdır, onun üçün bu, düşdüyü iqtisadi girdabdan qurtulmağın yeganə səmərəli yoludur. Sonrası da, onun itirəcəyi bir şey yoxdur. Ermə-nistana müharibə günü bu gün lazımdır, o daha gözləyə bilmir, çünki zaman onun əleyhinə işləyir. Lakin bizim vaxtından əvvəl və bütün mövcud reallıqları nəzərə almadan başlaya-cağımız savaş (bu savaşa bizi necə də həvəslə sövq etməyə çalışırlar) hər bir məsuliyyətsiz avantüra kimi ağır, qarşısı-alınmaz nəticələrə, yəni fəlakətə gətirib çıxara bilər.

Azərbaycan yağlı bir tikədir və hazırda hər tərəfdən ona doğru xəbis əllər uzanmaqdadır. İnanın, bizim itirə biləcə-yimiz çox şey var!

Adı çəkilən müsahibəmdə bütün bunlar barədə ətraflı danışmışam. Müsahibəyə çoxlu sayda ən müxtəlif rəylər bildi-rilib. Onlardan bəziləri mənə daha maraqlı görünür. Digərləri isə, əksinə. Ara-sıra öz əsərlərini nəşr etdirən bir insanda hərdənbir onu anlayan müsahibin fikrini öyrənmək arzusu baş qaldırır. İki halda bu niyyətim qətiyyən baş tutmayıb. Mən tanımadığım İbrahim İsgəndərlinin "Millətin səsi" qəzetində dərc olunmuş "Üçüncü standart" sərlövhəli, fikrimcə, son dərəcə qərəzli və səfeh məqaləsini və Rəhman Bədəlovun mənim çox hörmət etdiyim "Zerkalo" qəzetində verilmiş "Ne vremya bit styokla v sobstvennom dome" məqaləsini nəzərdə tuturam.

"Komplimentlər söyləmək zamanıdır" adlı müsahibəni verərkən mən bu yazının müəyyən dairələrdə, xüsusən də "beşinci dəstə"nin mirzələri arasında necə bir kəskin və düşməncəsinə reaksiya doğuracağını duyurdum. Buna görə də səfeh və qərəzli fikirlərinə görə hər iki müəllifdən heç birinə qarşı iddiam yoxdur. Mən buna lap əvvəldən hazır idim. İndi bu iki müəllifin adını başqa səbəbdən çəkirəm – məsələ ondadır ki, bu iki tənqidi məqalədən heç birinin mənim müsahibəmin məzmununa qətiyyən – təkrar edirəm – qətiyyən aidiyyəti yoxdur. İbrahim İsgəndərlinin məqaləsini oxuyun və özünüz yəqin edəcəksiniz ki, barəsində düşünmədən və qərəzçiliklə fikir bildirdiyi müsahibəni o, oxumayıb, onun bütün mülahizələri isə buna əsaslanır ki, kimsə ona nəsə danışıb, ancaq bu "nə isə" başqa məsələyə aid olub və onun rudiment şəklində olan beyninə çatmayıb.

Rəhman Bədəlovun məqaləsini oxuyun, yaxud ədəbiyyatçı-ekspertlər və ya hər hansı digər siyasi əqidəli tənqidçiləri dəvət edin və siz əmin olacaqsınız ki, R.Bədəlovun məqaləsində yazılanların heç biri "M.İbrahim-bəyovun məqaləsi ilə bağlı fikirlər" deyil, onun, yəni R.Bədəlovun öz fikirləridir, özü də təəssüf ki, ən müxtəlif predmet və olaylarla bağlı o qədər də yeni və anlaşıqlı olmayan fikirləridir. Məqaləni oxuyarkən hiss edirsən ki, R.Bədəlov siyasət, ümumi tarix, dövlət quruluşu ilə bağlı ən müxtəlif məsələlərə dair bədxah fikirlərini açıb tökmək üçün çoxdan bəri fürsət axtarırmış, məqam gəzirmiş ki, hakimiyyətdə olanlara və bəxti gətirən digərlərinə, məsələn, "Klan, Teyp və onların daha sadələşdirilmiş formalarının" təmsilçilərinə qarşı çoxdan bəri içərisində yığılıb qalmış paxıllığını və nifrətini püskürsün. Darıxdırıcı, usandırıcı şəkildə olsa da, hər halda, o, mənim "Exo" qəzetində verilmiş müsahibəmdən sırf formal yarımsərlövhə kimi istifadə edərək, öz arzularını "Zerkalo" səhifələrində gerçəkləşdirməyə müvəffəq olub. Yeri gəlmişkən, R.Bədəlovun məqaləsindən mən əntiqə bir yenilik öyrəndim: sən demə, Azərbaycanda "Klan, Teyp və onların daha sadələşdirilmiş formaları" varmış. Düzdür, öyrənməyinə öyrəndim, amma yenə inanmadım. Azərbaycanda "Klan, Teyp və onların daha sadələşdirilmiş formaları" yoxdur. Eynilə, Azərbaycanda "praydlara" toplaş-maq və "yuvalarda" hay-küylü qruplar yaratmaq adəti də mövcud deyil. Əlbəttə, buna bənzər nə isə var, amma başqa cür adlanır.

Bununla bağlı R.Bədəlova tövsiyə etmək istərdim ki, özünə məlum olmayan sözləri işlətməzdən öncə, hər halda onların mənasını bilikli adamlardan və özünün erudisiyalı bibisi Bilqeyis xanımdan öyrənsin.

Deməliyəm ki, R.Bədəlov mənim adı çəkilən müsahibəmi də öz "əsərində" məqalə adlandırır, həm də bu sözü dəfələrlə təkrarlayır. Əslində isə məqalə, poema, müsa-hibə, dissertasiya, Kavaradossinin sonuncu ariyası və ya bir stəkan pivə zahirən bir-birlərinə çox bənzəsələr də, hər halda, bunlar ayrı-ayrı şeylərdir. Düzdür, belə xırdalıqlara varmağa ehtiyac yoxdur, ancaq bu, müəllifin peşəkarlıq səviyyəsi barədə dərhal təsəvvür yaradır.

Qeyd edim ki, İbrahim İsgəndərlinin və R.Bədəlovun həcmcə kiçik məqalələrində olduqca maraqlı yerlər də var. Bunlar o hissələrdir ki, orada müəlliflərin özlərinin fikirləri yoxdur, özgələrin fikir və aforizmləri nümayiş etdirilir və bu, həqiqətən maraqlıdır. Məsələn, İbrahim İsgəndərli Nitsşenin, Əylislinin, Brejnevin, Çörçillin, Napoleonun, Balayanın, Pet-rosyanın və ilaxırın kəlamlarından sitat gətirir, Rəhman Bədəlov isə, yeri gəldi-gəlmədi, Platonun, Kantın, Plankın deyimlərindən bolluca istifadə edir, "Demokratiyanın qızıl əsri"ndən dərhal sonra Afinada baş verənlərə, qədim Yunanıs-tandakı hadisələrə və s. və i. istinad edir. Bunlar, əlbəttə, maraqlıdır, lakin öz-özlüyündə, əsas müəllif mətnindən qətiyyən asılı olmayaraq maraqlıdır.

Rəhman Bədəlov yazır ki, "M.İbrahimbəyovla tələ-bəlik illərindən tanışam". Bu, doğrudur, biz həqiqətən cavan-lıqda az-maz tanış olmuşuq. Bu tarixi fakt – Rəhman Bədəlovla çoxdankı tanışlığımız İbrahim İsgəndərlinin və R.Bədəlovun məqalələrindən yaranmış təəssüratlarla birləşərək, məni buna sövq etdi ki, mən də öz növbəmdə gözəl tədqiqatçı və alim Alfred Bremin özündə olduqca böyük mətləblər ehtiva edən yığcam bir kəlamını sitat gətirim: "Hətta balaca siçanın da xayası var". Freydin əsərlərindən xeyli əvvəl ifadə edilmiş bu universal formul mənasız xudbinliyin, cəfəng lovğalığın, səbəbsiz çılğınlığın, arxadan yaxınlaşaraq dişləmək adətinin, eləcə də öz imkanlarının əksinə olaraq, ətrafındakıların gözündə başqasının hesabına böyük görünmək şakərinin, bir sözlə, əsas etibarilə xırda məməli heyvanların davranışında bəzən müşahidə etdiyimiz bütün əcaib-qəraib təzahürlərin mənşəyini çox gözəl izah edir.

 

«Azərbaycan» qəzeti,

11 aprel 2001-ci il