Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Strasburqlu  bədxah

Həmin günü Strasburqda hələ uzun zaman xatırlayacaqlar. AŞPA-dakı milli nümayəndə heyətləri üzvlərinin yarıdan çoxu bir-biri ilə mərcə girmişdi. Mübahisənin qızışması da səbəbsiz deyildi: söz gəzirdi ki, Bakıdan bir dəstə müxalifət lideri  AŞPA-ya gəlib tələb edəcək ki, Azərbaycanın səlahiyyətli rəsmi nümayəndə heyəti Avropa forumunun fəaliyyətində iştirak hüququndan məhrum edilsin. Xəbər isə Andreas Qrossdan qaynaqlanmışdı.

 - İsveçrəli deputata və İsveçrə pendirinə çox böyük hörmətim var, ancaq düşünürəm ki, belə şey ola bilməz, - deyə britaniyalı nümayəndə Samuil Conson inamsızlıqla gülümsündü, - ola bilməz ki, bir dəstə siyasətçi beynəlxalq forumda açıq-aşkar öz ölkəsinə qarşı sanksiyalar tələb etsin... Özü də deyilənə görə, birləşmiş müxalifətin tanınmış liderlərindən ibarət bir qrup gəlməlidir. Mən inanmıram. Bu, nonsensdir!

- Elə isə gəlin mərcə girək, - Ermənistan nümayəndə heyətinin üzvü Harri Sarkisyan söhbətə qoşuldu, - Hansı məbləği desəniz, on qat artıq qoyuram; gələcəklər və deyilən kimi də edəcəklər.

Conson sərfəli mərcdən boyun qaçırdı, dedi ki, mərcin nəticəsinə qəti əmin olanda, bir qayda olaraq, heç vaxt mübahisəyə girişmir. Uduzmaq şansı yoxdursa, mərcin nə ləzzəti...

Ancaq az sonra ingilis deputat yanıldığına əmin oldu. Azərbaycanlı müxalifətçilər həqiqətən AŞPA-ya təşrif gətirdilər və şahidi olduqları fenomendən çaşqın halda gözlərini döyən deputatlara alovlu çağırışla müraciət etdilər ki, Azərbaycanın rəsmi nümayəndə heyətini mandatdan məhrum etsinlər,  bu Avropa qurumunun fəaliyyətində onların iştirakına qadağa qoysunlar.    

Düzünü deyin, heç ağlınıza gətirə bilərsinizmi ki, görüb-eşitdiyiniz bu azərbaycanlıların yerində ermənilər olsun? – deyə Harri Sarkisyan təkidlə soruşdu. –  Təsəvvür edə bilərsinizmi ki, hansısa daxili olaylardan, yaxud da bütövlükdə iqtidardan narazı olan ermənilər Strasburqa gəlsinlər və israr etsinlər ki, onların ölkəsinə qarşı sanksiyalar tətbiq edilsin?

Samuil Conson bir anlıq fikrə gedib cavab verdi:

- Hər halda, indiyədək bu cür hadisə ilə qarşılaşmamışıq. Belə presedent olmayıb.

Heç ola da bilməz. Ona görə ki, ermənilər normal insanlardır. Düzmü deyirəm? Bunlar isə cumub gəliblər. Özləri də tələb edirlər ki, AŞPA-nın qapıları onların ölkəsinin üzünə bağlansın. İndi görürsünüzmü, biz yazıqlar bunlardan nə çəkirik? Yəqin daha başa düşərsiniz! On səkkiz ildir bütün dünyaya car çəkirik ki, vicdansız adamlarla, özü də müsəlmanlarla qarşı-qarşıya durmuşuq. Ancaq bizə çoxları inanmır. Əgər bunlar öz ölkələrinə belə münasibət bəsləyirlərsə, onda görün yad ölkənin – məsələn, elə Ermənistanın - başına nə oyun açarlar! Bu adamlardan nə desən gözləmək olar!

Bəs onlar öz vətənlərinə nə üzlə qayıdacaqlar? Onları orada nə cür qəbul edəcəklər? Doğrudanmı qorxmurlar? Məsələn, ingilis olsaydılar, gərək İngiltərəyə gizli yollarla qayıdaydılar. Özü də ki, qayıtsalar da, qayıtmasalar da – siyasi meyit sayılardılar. ABŞ-da isə amerikalıların ürəyindən tikan çıxarmaqdan ötrü, çox güman ki, Strasburqdan qayıdan kimi belə “siyasətçilərin” birini-ikisini səssiz-səmirsiz aradan götürərdilər – ya onların “şərəfinə” avtomobil qəzası təşkil edərdilər, ya da hansısa başqa bir “bədbəxt hadisə”. Yerdə qalanlarına isə icazə verərdilər ki, bir xəlvət guşə tapıb ömürlərinin sonunadək orada günlərini keçirsinlər; təbii ki, harayasa çıxıb getmək hüququ olmadan. Belə şeylər adi haldır. Bir qayda olaraq, dövlət bu cür yaramaz əməlləri bağışlamır. Necə bilirsiniz, bəs bu binəvaları öz ölkələrində görəsən necə qarşılayacaqlar?  

Lap adi. Bizim qəzetlər onların Strasburqdakı bəyanatlarını demokratiyanın inkişafı üçün faydalı açıqlamalar, istibdada, insan hüquqlarının pozulmasına və ucdantutma  korrupsiyaya qarşı mübarizədə zəruri bəyanatlar kimi şərh edəcəklər. Heç onları əclaf adlandıran da olmayacaq. İnanmırsınız? Bircə həftədən sonra mən sizə qəzetləri gətirərəm, özünüz əmin olarsınız ki, Azərbaycan ictimaiyyəti bütün bu rəzaləti necə rahatca həzm edib, heç səsini də çıxarmayıb.

“Bizim qəzetlər” deyəndə nəyi nəzərdə tutursunuz? - deyə Conson maraqlandı.

Yəni, həqiqi demokratik qəzetləri, - deyə, Harri Sarkisyan izahat verdi, -  belədirsə, deməli bizimkidir. Məsələn, Bakıda rus dilində “Realnıy Azerbaydjan” qəzeti nəşr olunur, mən onun hər bir nömrəsini əvvəldən-axıradək məmnunluqla oxuyuram. Oradakı mətnlər işimiz üçün müstəsna dərəcədə faydalıdır. Bundan başqa, Bakıda rusca daha iki qəzet çıxır: “Bakinskiye vedomosti” və “Vedomosti”. Onlar da “Realnıy Azerbaydjan” kimi bizlər üçün faydalı, özlərininkilər üçünsə  yetərincə təcavüzkardır: hamını yıxıb-sürüyürlər.

“Yıxıb-sürüyürlər” nə deməkdir?

Bu ifadə bütöv bir anlayışlar kompleksini özündə ehtiva edir, - erməni həmsöhbət həvəslə izahatını davam etdirdi. – Bu qəzetlərin fəaliyyətinin maddi zəmini başlıca olaraq xaricdən verilən qrantlardır. Gəlirin digər mənbəyi yerli mənşəlidir. Hansısa oliqarxlar öz nüfuzlarını gücləndirmək arzusuna düşərək müəyyən qəzetləri – konkret halda “Realnıy Azerbaydjan”ı və yuxarıda adlarını çəkdiyim digər iki qəzeti maliyyələşdirirlər. Onlar da bunun müqabilində mütəmadi olaraq, bütün ölkə rəhbərliyini, görkəmli siyasətçiləri, incəsənət və ədəbiyyat xadimlərini, yəni bizimtək həqiqi demokratlar üçün təhlükə törədə biləcək hər kəsi hörmətdən salaraq, alçaldıcı tənqidin hədəfinə çevirirlər. Demək lazımdır ki, bu işin öhdəsindən pis də gəlmirlər. Bizim qəzetlərin sayəsində bu gün Azərbaycanda elə bir nüfuzlu, hörmətli şəxs qalmayıb ki, xalq onun dediyi ilə oturub-dursun. Heç kəs də belə şeylərə görə narahat olmur.

Bəs həmin o oliqarxlar anlamırlar ki, belə etməklə öz oturduqları budağa, öz nüfuzlarına və var-dövlətlərinə balta çalırlar? - Conson təəccüblə soruşdu – Axı, bu, gün kimi aydındır.

Öz aramızdır, əgər həmin o azərbaycanlı oliqarx belə incə mətləbləri qanan olsaydı, onda mən onu erməni oliqarx adlandırardım. Allaha şükürlər olsun ki, Ermənistanda belə şeylər əslində qeyri-mümkündür. Bu sayaq qəzetlərin hamısını bircə anın içində qapadarlar, elə o oliqarxa da yaxşıca bir qulaqburması verərlər. Cənab Qross və bizim qəzetlər azərbaycanlıların beyninə birdəfəlik yeridiblər ki, əgər bircə söyüş, cüzi təhqir belə əskik olsa, “söz azadlığı”nın tamlığına xələl gələr. İndi onlar hər cür söz azadlığını qorumaqdan ötrü könüllü olaraq sinələrini sipər ediblər. Buna görə də bizim dostlarımız istədiklərini yazırlar. Əhsən onlara! Necə istəyirlər, kimi istəyirlər - yıxıb-sürüyürlər. Yetənə yetirlər, yetməyənə də  bir daş atırlar.

       Rusiyalı deputat Nikolay Çijov onlara yaxınlaşdı. O, bir neçə mərci udmuşdu, bu səbəbdən də kefi kök idi.

Təbriklər! – Conson gülümsəyərək ona müraciət etdi, - mərcləri udduğunuzdan xəbərim var. Ancaq mümkünsə, izah edin görək, belə ağlasığmaz hadisələrin baş verəcəyini öncədən necə görə bildiniz? Sözsüz ki, azərbaycanlı müxalifətçilərin tələblərini nəzərdə tuturam.

  

Analogiyaya əsasən. Eynilə buna bənzər mərhələ bizdə də olub. Vaxtı ilə bizim ölkəmizdə də belə muzdlu vətənpərvərlər vardı, bütün dünyanı gəzib-dolaşır, fürsət düşəndə öz çirkin əməlləri ilə hər yeri murdarlayırdılar. “Demokratiya bizim doğma anamızdır” tipli şüarlar dillərindən düşmürdü. İndi isə biz sırf demokratik qanunlara söykənməklə onların bütün yollarını kəsmişik. Onlara icazə veririk ki, yalnız evin içində ziyankarlıq etsinlər, ancaq, heç onda da həddi aşmasınlar. Odur ki, belələri indi öz muzdları müqabilində yalnız ölkə hüdudları daxilində çıxışlar etməklə kifayətlənməyə məcburdurlar, elə pullarını da oradaca xərcləməli olurlar. Heç olmasa, iqtisadiyyatımız üçün faydalıdır. Yetərincə alçaq adamcığazlardır, lakin “demokratiya”nın ən yüksək həddə çatdığı vaxtlarda belə, Avropa Şurası, BMT, yaxud NATO kimi mötəbər beynəlxalq təşkilatlarda çıxış etmək onlara müyəssər olmayıb. Çünki belə yerlərə yaraşmırlar. Bunlar isə, Qrossa dəstək qrupu qismində gör haralara pərvazlanıblar! Çox güman, kim isə kənardan onlara yaxşıca yardım göstərir. Nazir Fuşenin bir dahiyanə fikrini xatırlayıram: “xəbərçilərin verdiyi xəbərləri dəyərləndirirəm, amma xəbərgətirənlərin özlərini görməyə gözüm yoxdur.”

Məncə, bu sözləri Çörçill söyləyib, - Conson ağızucu qeyd etdi.

Siz ingilisləri razı salmaq çətindir, - deyə, Çijov donquldandı. – Müəllifin kimliyi fikrin məğzini onsuz da dəyişmir. Çörçill deyirsiniz, olsun Çörçill.

Gedək. Ancaq mən bir şeyi başa düşmək istəyirəm. Bu adamlar nə qədər nadan olsalar da, yəqin onlara məlumdur ki, AŞPA Azərbaycan parlamentini buraxmaq və yeni seçkilər təyin etmək səlahiyyətinə malik deyildir. Bəs görəsən, AŞPA-nın qapılarının Azərbaycanın üzünə örtülməsinə nail olacaqları təqdirdə onlar özləri üçün nə kimi real fayda əldə etmək ümidindədirlər?

Marksizm-leninizm klassiklərinin təbirincə desək, onlar minimum və maksimum proqramlar üzrə yararlanmağa ümid bəsləyirlər. Minimum proqram belədir: artıq istifadə müddəti başa çatmış siyasi material sayılan bu adamların hamısına kənardakı maraqlı şəxslər bu “uğur”un sayəsində hələ bir müddət pul yardımı ödəməkdə davam edəcəklər. Maksimum proqram üzrə isə, onlara elə gəlir ki, prezident seçkilərinə hazırlıq yönündə ilk mühüm destruktiv addımı atırlar. 2008-ci ildə Azərbaycanda prezident seçkiləri keçirilməlidir, onlar da indidən qayığı yırğalamağa başlayıblar. Mən isə bəri başdan sizə deyə bilərəm ki, həmin qayıq üzməkdə davam edəcək. Katamaranlar heç vaxt çevrilmirlər.

İndi əmin oldunuzmu ki, bunlar təhlükəli adamlardır? Düzünü deyin, - Harri Sarkisyan ümidlə britaniyalıya baxdı.

Daha dəqiq desək, zay adamlardır. Zay və miskin. Məndə belə bir təəssürat yaranıb ki, bunların şərəf və ləyaqət barədə təsəvvürləri tamamilə korşalıb. Ancaq, hər halda, razılaşın ki, heç kəs tərəfindən səlahiyyətləndirilməyən bir neçə nəfər bütün xalqı qətiyyən təmsil edə bilməz.

Üzr istəyirəm, Samuil-can, siz nahaq belə düşünürsünüz. Axı, sizə bəllidir ki, onlar birləşmiş müxalifətin liderləridir və onlardan hər birinin arxasında partiya, yaxud da hər hansı bir çoxsaylı ictimai-siyasi təşkilat dayanır. Odur ki, bütün xalqı olmasa da, hər halda, onun müəyyən bir sanballı hissəsini təmsil edirlər!

Onların danışıq tərzini və ədalarını görəndən sonra nədənsə məndə belə bir təəssürat yarandı ki, onlar, olsa-olsa, kütlənin qaragüruh adlandırıla bilən bir hissəsini təmsil edirlər. Üstəlik, bu şəxslərin zövqü də çox bayağıdır. Fikir verdinizsə, öz ölkəsində siyasətçi adlanmaq iddiasında olan bu adamlar bizim auditoriyada böyük bir bəlağətlə mister Sorosun əsərlərindən sitat gətirirdilər. Hər nə isə, mənə belə gəlir ki, bəlkə də, əslində gülünc olan bu olayın əhəmiyyətini siz bir qədər şişirdirsiniz.

      

Yəqin ki, haqlısınız. Bəlkə də, mən həddən artıq çox danışıram, ancaq bu, həyəcanlı olmağımdan irəli gəlir. Məni düz başa düşün, əzizim Samuil, Siz bilirsiniz ki, bizim Ermənistan nümayəndə heyəti üzvlərinin hamısı təbiətən beynəlmiləlçidirlər və bütün xalqlara hörmətlə yanaşırlar. Lakin bununla belə, bizim üçün dünyada ən başlıca şey ölkəmizin mənafeyidir. Bu gün buraya Azərbaycandan gəlmiş müxalifətçilər kimilərini görəndə mənim qəlbimdə bütün sivil dünyanın aqibəti üçün qorxu və narahatlıq hissi baş qaldırır. Heç bir qayda tanımayan, üstəlik də nadan adamlarla ünsiyyətdə olmaq müşkül məsələdir, - Harri Sarkisyan fikrini belə izah etdi.

Mən sizin hisslərinizi başa düşürəm, ancaq narahatlığınızı bölüşmürəm... Görünür, siz unutmusunuz ki, Azərbaycanın rəsmi nümayəndə heyəti də buradadır. Gəlin qulaq asaq görək, onlar bizə nə deyəcəklər. Axı, hər halda, ölkəni parlament nümayəndə heyəti təmsil edir.

Bu zaman Çijov yenə söhbətə müdaxilə etdi:

Mən təkid edirəm ki, “xəbərçilərin gətirdiyi xəbərləri dəyərləndirirəm, lakin özlərini görməyə gözüm yoxdur” sözləri Napoleonun vaxtında Fransanın daxili işlər naziri olmuş Fuşeyə məxsusdur. Hətta bunu “Fransa tarixi”nin hansı səhifəsində oxuduğumu da xatırladım.

Fuşe deyirsiniz, olsun  Fuşe - ingilis tövrünü pozmadan cavab verdi, - Siz rusları razı salmaq çətindir.

Həmsöhbətlər gülə-gülə zala daxil olub öz yerlərinə doğru getdilər. Bu vaxt azərbaycanlı deputatları gürcülər saxladılar.

Qanını qaraltma, qardaş, - deyə, azərbaycanlı deputatın köhnə dostu Ramaz Maysuradze ona müraciət etdi. – Bilirsən ki, qadir Allah aslanlar və nəcib marallarla yanaşı, üfunət qoxuyan çaqqallar da yaradıb. Bizim Gürcüstanda da öz çaqqallarımız yetərincədir. Amma bizimkilər öz yerlərini yaxşı tanıyırlar, yuvalarından ancaq qaranlıqda çıxırlar. Gürcüstanda hansı inqilab baş verirsə-versin, onlar öz yerlərinin harada olduğunu unutmurlar. Gərək düzünü deyəsən – bizim milli bədxahların heç ağlına da gəlməz ki, harayasa gedib xarici dövlətlərdən Gürcüstanı cəzalandırmağı tələb etsinlər. Belə hərəkətin üstündə valideynləri də onlardan üz döndərər, camaat da onların nəinki özlərini, hətta nəvə-nəticələrini də lənətləyər. Buna görə də bizim tariximizdə belə şey olmayıb və mən əminəm ki, gələcəkdə də olmayacaq. Bakıya dönən kimi öz çaqqal-çuqqallarınızı yuvalarına təpin, onda hər şey qaydasına düşər. Digər tərəfdən, hər necə olsa da, onlar zahirən, insanabənzər məxluqlardır və mənə belə gəlir ki, hərdənbir başa düşürlər: ananı və vətəni heç bir pula satmaq olmaz. Yəqin ki, hələ vicdanların tamam itirməyiblər. Sən bir maraqlan, bəlkə də onlar axşamlar bir yerə toplaşıb utandıqlarından göz yaşı axıdırlar, öz əməllərindən peşimançılıq çəkirlər…  

Mənimçün nə fərqi ki, onlar axşamlar nə edirlər, - deyə, Xanlar Əsədov qüssəli halda gülümsündü. – Səhər tezdən burada çıxardıqları hoqqa bəsimdir. Özün eşitdin ki! Rüsvayçılıqdır! Allaha bax, qardaş, - deyə, Ramaz etiraz etdi, - bir-iki nəfər nadan və ədabaz, nüfuzu get-gedə artmaqda olan Azərbaycan kimi gözəl bir ölkəni məgər rüsvay edə bilərmi?

- Ancaq indi bu zalda hamı elə düşünür ki, mənim ölkəmin müxalifətini məhz onlar təmsil edirlər. Əslində isə, müxalifətin sıralarında ağıllı, ziyalı adamlar da az deyil.

- Mən sənə AŞPA-dakı deputatların nə düşündüyünü deyə bilərəm. Səsvermədən yarımca saat sonra özün də əmin olacaqsan ki, mən haqlıyam. Adamlar bu fikirdədirlər və hətta dəqiq bilirlər ki, Azərbaycanda seçkilər düzgün, ən yüksək səviyyədə keçirilib. İyirmi beş müstəqil ölkədən getmiş min beş yüz nəfər müstəqil müşahidəçi də bunun şahidi olub, öz mötəbər rəyini şifahi və yazılı şəkildə bildirib. Onların rəyi isə şübhə altına alına bilməz! Məni başqa şey təəccübləndirdi – Andreas Qrossun çıxışı. Diplomat və deputat olan bir kəs AŞPA-nın təmsilçisi olduğu ölkə barədə forma və məzmun etibarilə bu dərəcədə kəskin danışa bilməz, onun buna ixtiyarı yoxdur. Qrossun çıxışı olduqca əsəbi idi. Bəzi yerlərində hətta açıq-aşkar şəxsi qərəzçilik notları duyulurdu... Nə isə. Sədr gəldi, keçib  əyləşək. İndi görəcəksən ki, onlar heç nəyə nail olmayıblar. Hər şey qaydasında olacaq! 

AŞPA-nın iclasında gözlənilməz heç nə olmadı. Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışını deputatlar təqdirəlayiq qarşıladılar, belə ki, Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə bu iclasdan xeyli əvvəl fikir formalaşmışdı. İclasda iştirak edən AŞPA deputatlarının çoxu Azərbaycanda seçkilərin gedişini bilavasitə müşahidə etmişdi. Azərbaycan nümayəndə heyətinin mandatı həmin gün böyük səs çoxluğu ilə təsdiq edildi. 183 nəfər parlament üzvündən 100-ü Azərbaycan Respublikasının mandatının təsdiqinə, 67-si əleyhinə səs verdi, 16 nəfər isə bitərəf qaldı.

İclasdan sonra Xanlar Azərbaycan nümayəndə heyətinin otağına hamıdan sonra daxil oldu, əhvalı da açıq-aşkar pozulmuşdu.    

Sevinirsiniz?.. Ancaq heç də hər şey göründüyü qədər ürəkaçan deyil.

Niyə qanın qaralıb? – deyə ondan soruşdular.

Gizlətməyəcəyəm, həqiqətən də bir az narahatam. Buraya gələrkən mənə xəbər verdilər ki, bizim yorulmaq bilməyən gizli “xeyirxahımız” Andreas Qross Azərbaycanla bağlı yeni bir təşəbbüsün gerçəkləşdirilməsinə başlayıb və deyilənə görə, bunun üçün lazımi səlahiyyətləri də artıq alıb.

Bir dayan! Bu, şayiədir, yoxsa rəsmi məlumatdır? -  nümayəndə heyətinin mətbuat katibi Cavanşir Mirzəyev eşitdiyini dəqiqləşdirmək istədi.

Söylədiklərimi mötəbər mənbədən alınmış qeyri-rəsmi məlumat hesab edin, - deyə Xanlar cavab verdi. – Əhvalınızın dəyişməsindən görürəm ki, bu xəbər sizi də narahat etdi. Deməli belə: sizə məlumdur ki, Avropa İttifaqının üzvü olan ən iri beş ölkədə bircinsli nikahlar qanuniləşdirilib. Həmin beş ölkə haqlı olaraq planetimizdə demokratiyanın həqiqi dayaqları sayılır. Bunlar Böyük Britaniya, Almaniya, İspaniya...

Xahiş edirəm, keç mətləbə. Axı eynicinsdən olan insanlar arasındakı nikahların Azərbaycana nə dəxli? – deyə, mətbuat katibi soruşdu.

Eşitdiyimə görə, bircinsli nikahlar məsələsi üzrə AŞPA-da tanınmış mütəxəssis sayılan Andreas Qross və Azərbaycanda onu dəstəkləyən qrup yaxın vaxtlarda məsələ qaldıracaqlar ki, bizim ölkəmizdə də bircinsli nikahlar tətbiq edilsin.

Otağa ölü sükut çökdü. Deputat Qərib bəy Muxtarbəyov tüstülənən demisini dodaqlarından ayırdı:

Nə etməli, əgər bir əsl kişi başqa bir əsl kişi ilə evlənmək istəyirsə, yəqin ki, ona mane olmaq faydasız və hətta təhlükəli bir işdir. Ümumiyyətlə, sevgi-məhəbbət məsələlərinə incə yanaşmaq lazımdır. Belə şeylərə müdaxilə etmək olmaz. Məsələn, Romeo ilə Cülyettanın faciəli taleyini yadınıza salın. İndiki demokratiya şəraitində isə...

Bax, siz zarafata salırsınız, məsələ isə heç də düşündüyünüz qədər sadə deyil, - Xanlar məyus halda dilləndi. – Onlar nail olacaqlar ki, bircinsli nikahlar barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılsın. Eyni zamanda özləri də çox yaxşı başa düşürlər ki, deputatlarımız dərhal qəti etirazlarını bildirəcək və bu bəndi gündəlikdən çıxaracaqlar. Bax, həngamə də elə bundan sonra başlanacaq! İndi onların artıq deməyə sözü, irad tutmağa bəhanəsi qalmayıb, dediyim halda isə əllərinə imkan düşəcək və “insan hüquqlarının pozulması, qeyri-insani totalitar rejimdə demokratiyadan əsər-əlamət olmaması və özbaşınalıq” barədə boşboğazlıq etmək üçün qarşılarında sonsuz perspektivlər açılacaq. İnandırıram sizi, onlar suyu elə bulandıracaqlar ki, köpüklü dalğalar 2008-ci ilədək gedib çatsın.

Sən çox həyəcanlısan. Unutma ki, yarım saat öncə AŞPA-nın sessiyasında bizim nümayəndə heyətinin mandatı təsdiq edildi. Əgər elə bir şey olsa, biz yenə buraya gələrik, deputatlara izah edərik ki, bircinsli nikahlar Qafqaz xalqlarının ənənələrinə, əxlaq normalarına daban-dabana ziddir və buna görə də bircinsli nikahlar haqqında qanunun qəbulundan imtina edilməsinin demokratiyaya heç bir aidiyyəti yoxdur. Əminəm ki, bizi başa düşəcəklər, buna şübhən olmasın, - deyə Qərib bəy sözünü bitirdi.

Xanlar etiraz etdi:

Hər şey belə asan olsaydı, nə vardı ki… Başa düşün, onlar hər şeyi ölçüb-biçiblər. Elə biz gəlməyə hazırlaşanda Bakıdan da buraya – AŞPA-ya Andreas Qrossa dəstək qrupu yola düşəcək. Həm də məsələyə lazımi don geydirməkdən ötrü qabaqcadan həmin kişilərin hamısı öz aralarında  nikahlar bağlayacaq, yəni bir-birilə evlənəcəklər, Sonra da parlament üzvlərinə bəyan edəcəklər ki, Qafqaz xalqlarının adət-ənənələri lap qədim zamanlardan bircinsli nikahları təqdir edir, onlar özləri də buna canlı sübutdurlar. Üstəlik şikayət də edəcəklər ki, nikah bağlamaqdan ötrü İngiltərəyə, Almaniyaya, daha nə bilim haralara getmək zorunda qalıblar. Deyəcəklər ki, guya yüzlərcə digər binəva isə pulsuzluq ucbatından xarici ölkələrə gedib bircinsli nikahda öz səadətini tapmaq imkanından məhrumdur, çünki xalq kütlələrinin ürəkdən arzulamasına baxmayaraq, Azərbaycandakı qəddar rejim şəraitində qanun belə nikahlara icazə vermir. Möhtərəm cənab Qross da, həmişəki kimi, onların bu bəyanatlarının hamısını mötəbər şəkildə təsdiqləyəcək.

Əslinə qalsa, elə mən də inanıram ki, onlar bu dediklərimizin hamısını eləyərlər. Əlbəttə, yaxşı pul qoparandan sonra, - Qərib bəy fikrini bir az da dəqiqləşdirdi, - hətta bu pulu onlara kimlərin verəcəyini də bilirəm.

Mətbuat katibi inamsız halda dilləndi:

Xanlar müəllim, siz Allah, şişirtməyin! Necə yəni “hamısı öz aralarında evlənəcəklər”? Unutmayın ki, onların əksəriyyəti ailəli adamlardır. Demək istəyirəm ki, hətta ən pis halda, bütövlükdə ölkə üzrə eynicinsli nikaha girən beş-altı cütlük ola, ya olmaya.

- “Demokratiyanın”  təntənəsi naminə arvad-uşağı olanların da bəziləri ailəsindən ayrıla bilər. Ancaq sözsüz ki, bir mühüm şərtlə: bunun müqabilində onlara gərək kalan pul versinlər. Məgər bizim müxalifəti tanımırsınız?!

Mətbuat katibi:

Rica edirəm, istilahları qarışdırmayın. Sırf formal baxımdan onlar müxalifətçidirlər, əslində isə onların bir hissəsi – bizə adbaad bəlli olan adamlar – mahiyyət etibarilə, müəyyən nüfuzlu dairələrin muzdlu agentləridir. Lütfən, bundan sonra onları məhz belə adlandırın.

Qərib bəy:

Qəm dəryasına batmayın, cənablar, - dedi. - Sizin mülahizələriniz çox düzgün və məntiqlidir. Ancaq bir məqamı yaddan çıxarmayaq: hər şeydən yüksəkdə Allah durur. Tanrı öz lütfünü Azərbaycanın üzərindən əskik etməz. Allahın köməyi ilə ölkəmiz hər cür bəladan qurtular. Bircinsli nikahlar məsələsini də yoluna qoyarıq, başqa  çətinliklərin də öhdəsindən gələrik!

Deputatlar hamılıqla qalxıb hotelə yollandılar. İki saatdan sonra onların təyyarəsi Bakıya uçacaqdı.