Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

SABAH GEC OLACAQ

Təssüf ki, bu günədək hamını həyəcanlandıran belə bir suala ağlabatan cavab verilməmişdir: bütün ölkəni sarsıdan, mübaliğəsiz, yenidənqurmanı və dövlətin əmin-amanlığını təhlükə altına qoyan millətçilik kükrəyişinin səbəbi nədir? Ultranasionalizmin, yaxud təcavüzkar «vətənpərvərliyin» (kim necə istəyir, elə də desin) hamı üçün gözlənilməz dalğaları artıq onlarca günahsız adamın qanına bais olmuşdur. Əgər bu gün rəhbərlik bundan sonra da qədim Roma sirkinin rəhmdil tamaşaçısı mövqeyindən əl çəkməsə, onda, demək, biz uzun dəfnlər cərgəsinin lap başlanğıcında dayanmışıq.

Son vaxtlar səbatsız adamların şüuruna ciddi cəhdlə yeridilən və səylə yayılan belə bir fikir intişar tapmışdır ki, guya barışmaz ateizm ölkəsində millətlərarası toqquşmanın az qala əsas səbəbi dini dözümsüzlükdür. Elə isə bəs Fərqanə hadisələrini bu mövqedən necə izah etməli? Axı, müsəlman sünnilərin xələfləri Fərqanə özbəkləri özlərinin sünni dindaş-ları olan mesxeti türklərinə qanlı divan tutmuşlar. Yeni-Üzen-dəki dava zamanı müsəlman azərbaycanlıların, ləzgi və çərkəzlərin eyni aqibətə düçar olmuş xristian gürcü və ermənilərlə çiyin-çiyinə yerli talançılardan müdafiə olunduq-larını necə izah etməli? Bəs gündən-günə qəddarlıqla möh-kəmlənən antisemitizmə nə ad qoyaq? Yaxud ölkənin nə indi, nə də əvvəlki dövrdə buddizmin, yəhudiliyin və islamın təsirinə məruz qalmamış rayonlarında ruslar, hətta polyaklar əleyhinə partlayışın səbəbi nədir?

Başqa bir hökmə görə, heyvani nifrətin üzə çıxması mənəvi pozğunluğa və qismən vəhşiləşməyə səbəb olmuş hamılıqca allahsızlığın və nihilizmin nəticəsidir. Belə bir fərziyyə də eşitmək olur ki, millətlərarası toqquşmalar yerli mühafizəkar partiya rəhbərləri – daha doğrusu, yenidənqur-manın düşmənləri tərəfindən ustalıqla törədilir. Bu da maraqlı fərziyyədir. Ancaq Qazaxıstanda, Gürcüstanda, Ermənistanda və Azərbaycanda baş verən hadisələr nəticəsində neçə-neçə əvvəlki rəhbərin siyasi faniliyə çəkildiyini xatırlasaq, onda həmin fərziyyə ilə razılaşmaq əvvəlki rəhbərlərin özünü qoru-maq instinktini tamamilə itirdiyinə şübhə oyadardı ki, bu da, zənnimcə, ədalətsizlik olardı.

Milli ədavətdə qüdrətli mafiyanın əli olmasını da ən incə təxminlərdən biri hesab etmək mümkündür. Ancaq vəziyyətin sabitliyini pozmaq mafiyanın nəyinə lazımdır? Axı, mafiya məhz onun sayəsində sistemə bu qədər ustalıqla uyğunlaşmış, hətta çiçəklənmişdir! Şübhəli təxmindir.

Digər səbəblər də – ərazi səbəbləri, keçmişdə bütöv xalqlara qarşı münasibətdə yol verilmiş ədalətsizlik, maaş azlığı, ilkin tələbat mallarının çatışmazlığı və s. Səbəblər, daha doğrusu, əlüstü həll edilməli olan problemlər sadalanır.

Bu gün ölkəmizdə demokratikləşdirmə prosesi tama-milə real təzahürdür. Ölkənin vətəndaşları praktikada həm öz adlarından, həm də onları vəkil etmiş icitmai və siyasi qrup-ların, bütöv xalqların adından ən mühüm məsələlər, o cümlə-dən milli məsələlər üzrə öz fikirlərini müdafiə etmək imka-nına malikdirlər. Mövcud qanunlara əsaslanmaqla, yeni qanun-lar təklif etməklə, tarixi misallara istinad etməklə, konstitu-sional cəmiyyətdə parlament vasitələri adlanan vasitələr arsenalından istifadə etməklə istənilən milli məsələlər üzrə öz tələblərini irəli sürmək və müdafiə etmək imkanına malik-dirlər. Bunun nə qədər səmərəli olduğunu zaman göstərəcək. Bu, bəşəriyyətə məlum olan yeganə üsuldur ki, cəmiyyəti qabaqcadan deyilməsi mümkün olmayan eybəcər formalarda dağılmaqdan qorumağa qadirdir.

İfrat-millətçi təşkilatların əl atdığı qeyri-qanuni üsullar-dan biri də xalqın iradəsini güruhun arzusu ilə əvəz etməkdir. Hər bir millətçi qiyam üçün dərhal bir neçə səbəb, daha doğrusu, vəsilə ola bilər və ya tamamilə olmaya bilər. Çünki mahiyyət etibarilə mütəşəkkil cinayətin müstəqil bir növü olan təcavüzkar millətçiliyin oyanması və fəallaşması bizim ölkədə hər dəfə səbəbindən asılı olmayaraq hakimiyyətin zəifləməsi dövründə baş verir. Bu dövrlərdə təcavüzkar millətçilik fəal-laşmaq üçün vəsiləni özü uydurur. Qafqazın ən yeni tarixindən bəhs edən bir səhifə də buna şahiddir: inqilabdan dərhal sonra, 1918-ci ildə ermənilərlə gürcülər arasında Gürcüstanın Axalsıx vilayəti uğrunda qanlı döyüşlər olmuşdur. Ukraynada və Rusiyada qarışıqlıqlar törənmişdir.

Ermənistanın öz ərazisini qonşu respublikanın hesabına genişləndirmək arzusu heç də yeni deyil. Bəşər tarixi bu cür hadisələrlə zəngindir. Şəraitdən asılı olaraq bu iş hərbçilər və ya diplomatlar, yaxud onların birgə səyi ilə həll edilmişdir. Daha doğrusu, torpaqlar ya zəbt olunmuş, ya satılmış, nadir hallarda isə sərhədlər bağlanmışdır. Dağlıq Qarabağ kampanii-yasının gedişində biz əvvəllər görünməyən və tamamilə orijinal olan üsullarla qarşılaşdıq.

Ötən ilin uğursuz səhərlərindən birində Azərbaycanın şəhər və kəndlərinin sakinləri öyrəndilər ki, sən demə, onlar qaniçən qatillər və zorakılarmış. Dünyanın bütün radiostan-siyaları eyni vaxtda xəbər verdilər ki, Sumqayıtda, onun ardınca hər yerdə – Bakıda və digər yaşayış məntəqələrində erməniləri qırırlar. On minlərlə adam qırılır. Bədii təfərrüatla təsvir olunurdu ki, (sözbəsöz iqtibas edirəm) «Qan qoxusundan ağlı çaşmış azərbaycanlı güruhları erməniləri qırıb-çatır». Başını divara çırparaq azyaşlı uşaqları öldürür, doğum evlərinə soxularaq hamilə qadınların qarnını bıçaqla cırırlar. Eyni zamanda Moskvada və ölkənin digər şəhərlərində insanın qanını donduran əhvalatlar – azərbaycanlıların Bakıda başsız erməni cəsədlərini meydana yığdıqları haqda əhvalatlar danışı-lırdı. «Genosid» və «qırğın» həmin günlər ən işlək sözlər idi. Azərbaycanda «kütləvi qətllərdən» bütün planet hali olmuşdu.

Ola bilsin ki, bizim ölkəmiz kompüter istehsalı sahə-sində bir qədər geri qalıb. Ancaq əhalinin qeydə alınması, pasportlaşdırma və qeydiyyat sahəsində bizim uğurlarımızı danmaq olmaz. Hər bir sahə müvəkkili öz sahəsinə nə qədər adam gəldiyini dürüst bilir. Bir sözlə, ilkin şok vəziyyəti ötüşdükdən sonra SSRİ Daxili İşlər Nazirliyi prokurorluğunun müstəntiqlərinin və Ümumittifaq ictimaiyyətinin digər məsul nümayəndələrinin iştirakı ilə «genosid» qurbanlarının sayı dəqiqləşdirildi. Məlum oldu ki, Azərbaycanda bütün dünyaya elan olunmuş qurbanların sayını, 15 azərbaycanlı, rus və ləzgini çıxdıqdan sonra cəmisi 28 erməni təşkil edir – onlardan 26-sı Sumqayıtda, 2-si Gəncədə öldürülmüşdür. Daha doğrusu, baş vermiş faciənin miqyası elan olunmuş faciə ilə tərs mütənasibdir. Ancaq oyun oynanılmışdı və DQMV hadisələri haqda ilk dəfə eşidən çox adam belə fikirləşirdi: bu çiçəklənən diyarı xunxar qatillər və zorakılar yaşayan bir respublikanın tərkibində saxlamaq olarmı?

Sumqayıtda erməniləri azərbaycanlılardan başqa kimlər öldürmüşdü? Qətl barədə ittiham rəsmi olaraq ruslara, ləzgi-lərə və ermənilərə qarşı irəli sürülmüşdür. Onlardan biri olan Qriqoryan həmin dəhşətli gündə «Paşa» ləqəbilə «işləmişdir».

Qanlı hadisələr aydın səmada şimşək kimi gurlamış, ancaq onlar heç də hamı üçün gözlənilməz olmamışdır. Sumqayıtdakı hadisələrə bir gün qalmış buraya kino və video-kameralı adamlar gəlmişlər. Çəkiliş günü tam vaxtında başla-mış və həmin dəhşətli gündə Sumqayıtda film çəkilmişdir!

Bir qədər sonra həmin film İsveçdə göstərilmişdir. Filmin ağlasığmaz təsviri hissəsini insan təxəyyülünü dəhşətə salan səslər tamamlayır. Məsələn, filmin qəhrəmanlarından biri ekrandan matı-qutu qurumuş isveçlilərə öz dostu Mişanın və onun arvadının qətl səhnəsini təsvir edirdi. Təbii ki, o, bu səhnənin «şahidi» olmuşdur. Mişanın və arvadının başını kəsdikdən sonra 30 azərbaycanlı onların gənc qızının üstünə cumublarmış. Növbə ilə onu zorladıqdan sonra onlar qızı tikə-tikə doğramış, manqalda od qalayaraq insan ətindən kabab bişirmiş və iştahla yemişlərmiş. «Siz təsəvvür edə bilməzsiniz ki, biz bu vəhşilərin əlindən nələr çəkirik!» – deyə şahid Qabrielyan sözünü bitirmişdir.

Film Sovet İttifaqından başqa Avropa və Amerikanın erməni icmaları olan bütün ölkələrində göstərilmişdir. Onlar öz məqsədlərinə çatmışlar. Təəccüblü deyil ki, baxışdan sonra tamaşaçıda (üstəlik o, kütləvi informasiya vasitələri tərəfindən hazırlanmışsa) yamyamları yalnız Dağlıq Qarabağdan deyil, ümumən Zaqafqaziyadan qovmaq kimi ədalətli arzu yaranır.

Qanlı hadisələrdən sonrakı gecə mən qoşunlar tərəfin-dən mühasirəyə alınmış Sumqayıtda oldum, müxtəlif millət-lərin nümayəndələri ilə, yerli sakinlərlə söhbət etdim. SSRİ prokurorunun müavini ilə, müstəntiqlərlə, hüquq-mühafizə orqanlarının digər işçiləri ilə görüşdüm. Həmin gün dəfələrlə belə bir müddəa eşitdim ki, Sumqayıt hadisələri bacarıqla planlaşdırılmış əməldir. Hələlik bunu inkar etməyə sübutum yoxdur.

Keçən ilin dekabrında Bakıya gəlişindən bir neçə gün əvvəl akademik Saxarov radio ilə müsahibəsində bütün dün-yaya xəbər verirdi ki, Azərbaycanda erməniləri artıq neçənci dəfədir ki, qırırlar. İndi də Gəncədə qırmağa başlayıblar. 193 nəfər öldürülüb, 187 adam yaralanıb. O, Gəncədəki qətllər münasibətilə... Dağlıq Qarabağın erməni əhalisindən ibarət silahlı özünümüdafiə dəstələri yaratmağı tələb edirdi. Onunla görüşə çağırılanlar arasında mən də vardım. Soruşuram: «Andrey Dmitriyeviç! Artıq Sizə məlum olan faktlara görə Gəncədə 8 nəfər həlak olub. Hamısının da adı, milli mənsubiyyəti bilinir: üç əsgər – rus, ukraynalı və belorus, bir azərbaycanlı, uşaqlı bir azərbaycanlı qadın və iki erməni. Siz 193 rəqəmini hardan alıbsınız?». Saxarov bildirdi ki, həqi-qətən səhv etmişdir və razılaşdı ki, rəqəmlərlə ehtiyatlı olmaq lazımdır. O, həlak olanların sayını birinci xəbər verən adamın adını çəkmədi. Onun arvadı, görüşdə ən fəal surətdə iştirak edən zabitəli xanım, bəzi detallara və Saxarovun reaksiyasına görə fövqəladə qətiyyət sahibi Əlixanyan-Bonner də bunu demədi.

Rəqəmlərlə bağlı dolaşıqlıq 40-50 adamın hüzurunda aydınlaşdı, ancaq Gəncədəki kütləvi qırğınlar haqda bəyanat artıq bütün dünyaya verilmişdi!

Bakıda «genosid»in yeganə qurbanı azərbaycanlı milisioner oldu. Artıq neçə aylardır ki, şəhərdə xüsusi vəziyyət elan edilmişdir. Bakılıların indiki əhval-ruhiyyəsini duymaq olduqca ağırdır. Çünki çoxmillətli Bakı həmişə dünyanın ən beynəlmiləl şəhərlərindən biri olmuşdur. İnanın ki, bu, Qafqaz tostu deyil! Hələ inqilabdan əvvəl dünyanın neft mərkəz-lərindən biri, böyük sənaye şəhəri olan Bakı dünyanın bir çox millətlərinin nümayəndələrini öz qoynuna almışdır. Millət-çilik, yaxud dini dözümsüzlük bütün dövrlərdə Bakı üçün ölümə bərabər sayılmışdır. Hələ qədimlərdən burada kilsə, sinaqoq və məscid dinc qonşuluqdadır. Azərbaycan heç vaxt ortodoksal islamı da tanımamışdır. XIX əsrin sonunda və XX əsrin əvvəllərində Rusiyada dini əqidələri üzündən təqib olunan sektantlar – malakanlar, baptistlər, yeddinci günün adventistləri və b. daimi yaşamaq üçün bura köçmüşlər. İndi də yaşayır və ağ gün görürlər. Bakıda «Qana susayan millət-çilər ordusu», heç olmazsa bölüyü təşkil etmək yerlilərdən ibarət buz üstə xokkey komandası yığmaqdan çətindir. Hədsiz dərəcədə hüznlü və kədərlidir ki, Dağlıq Qarabağdakı qiyamın dünya ictimaiyyətinin nəzərində xristian və müsəlman aləmini ayıran cəbhə kimi qələmə verilməsindən millətçi təşkilatlar bacarıqla istifadə etmişlər.

Azərbaycanın çoxmillətli ailəsində 500 min, o cümlə-dən Bakıda 200 min erməni yaşayır. Onlar fəhlələr, jurnalist-lər, bərbərlər, raykom katibləri, bank və prokurorluq işçiləri, mühəndislər və həkimlərdir. Ermənilər Azərbaycan millətinin bir hissəsi, dostlar, iş yoldaşları, qohumları, milliyyəti göstəril-məyən bakılılardır. Belə olmuşdur, umidvaram ki, həmişə belə olacaqdır. Dağlıq Qarabağda qarışıqlıq törətməyin qərara alındığı o məşum saatda səpilmiş zəhərli toxumların cücərti verməsinə baxmayaraq, ümidvaram. Doğrudanmı, biz bundan sonra hər adama şübhə ilə yanaşacaq, (yaddır, yoxsa özümü-zünkü) ibtidai icma qanunları ilə yaşayacağıq? Düzdür, millətçi rəhbərlər Azərbaycana mənəvi və maddi zərər vura bilmişlər. Yalnız Azərbaycanamı? Qarabağ ehtirasları sönə-cək, ancaq sözlər və əməllər uzun müddət yaddan çıxma-yacaq. İki xalqın xələfləri isə mütləq birlikdə yaşamalıdırlar. Bu, zəruridir. Bəlkə tökülən qanlar yetər? Bəlkə əl saxlamaq və ətrafa boylanmaq vaxtıdır? Dağlıq Qarabağ əsrlər boyu durduğu yerdəcə durur, ancaq qiyamdan əvvəl əhalisinin həyat səviyyəsi Azərbaycanın digər hissələrindən və Ermənistandan yüksək olan bu çiçəklənən diyar indi nəyə çevrilmişdir? Bu iki xalqın nəyin naminə məşəqqət çəkdiyi barədə fikirləşmək vaxtı çatıb?! Mənasızdır. Millətçi üçün başqasının dərdi hesab-dan deyil. Cəzasız qalmaqdan istifadə edərək, ixtilafı qanuni yolla nizama salmaq barədə hər cür təklifi rədd edir; onsuz da ağır olan vəziyyəti gərginləşdirir. Ağına-bozuna baxmayan millətçilər Qafqazın qədim tarixi ərzində heç bir xalqın liderlərinin özlərinə rəva görmədikləri üsullardan istifadə etməkdədirlər. Burada ən yüksək məqsədlər naminə də olsa, şərəfin və pak adın itirilməsinə heç vaxt haqq qazandırmaq mümkün olmamışdır.

Bu yaxınlarda Dağlıq Qarabağın azərbaycanca adının erməniləşdirilməsi – Arsax muxtar vilayəti adlandırılması qə-rara alınmışdır. Guya azərbaycanca ad erməni xalqının estetik duyğularını təhqir edir. Xalqın burda nə işi var? Ermənilərin tən yarısı Azərbaycan və ya türk familiyası daşıyır: Allahver-diyan, Ağasiyan, Aqanbekyan, Babayan, Balayan, Verdiyan, Kaputikyan, Dəmirçiyan və s. və i.a. Xalq əsla hiddətlənmir və heç kim ad-familiyasını dəyişmir. Ermənilər başqa adama müraciət edərkən onun adına azərbaycanca «can» sözünü artırırlar. Hələlik bu söz ləğv edilməyib. Azərbaycan, erməni və gürcü dillərində yazıb-yaratmış Qafqazın böyük nəğməkarı erməni Sayat-Nova özünün 105 ölməz qəzəlinin 75-ini azərbaycanca yazmışdır. Onları da ləğv etməyiblər. Oxuyurlar. Elə isə nə üçün Dağlıq Qarabağın adını dəyişdirmək lazım gəlmişdir? Hiddətləndirmək, nifrəti qüvvətləndirmək üçün. Öldürməyi, zorlamağı, evləri yandırmağı dayandırmasınlar deyə. Daim qızışdırmaq, fitnəkarlıq salmaq lazımdır, yoxsa birdən tətillər dayandırılar, allah eləməmiş, salamlaşmağa başlayarlar.

Bədbəxtçilikdir, əsl bədbəxtçilikdir. Həm də ən acınacaqlısı budur ki, dəstəbaşılardan heç biri risk etmir. Bir neçə il bundan əvvəl hələ «Dağlıq Qarabağ» əməliyyatına hazırlıq gedərkən Bakıda opera teatrını yandırdılar. Teatr büsbütün yandı. Yandıranları tutdular. Teatrı bərpa etdilər, əslində yenidən tikdilər, bir də yandırdılar. Teatr yanıb kül oldu, bunları da tutdular. Bakıda digər terror əməlləri həyata keçirənləri də tutmaq mümkün oldu. Əldəqayırma bombanı şəhər avtobusuna qoymuş bir oğlanla söhbət edirəm. Niyə belə elədin? Axı, müxtəlif millətlərdən adamlar öldü, yaşlı erməni qadını diri-diri yandı? Niyə? Bəlkə səni kimsə incidib? Yox, heç kim incitməyib. Sən demə, o, Zori Balayanın «Ocaq» kitabını oxuyubmuş. Orada yazılıb ki, azərbaycanlılar köçəri müsəlman türkləridir, deməli, onları öldürmək lazımdır. Bala-yanın kitabını mən də oxumuşam. Murdar cızmaqaradır. Cavan ağlıkəmlər üçün mizantropiya dərsliyidir. Pis yazılıb, di gəl ki, onun milli məsələ üzrə bütün mühakimələri kimi kitabının hər sətrindən təsvirəgəlməz nifrət damır. Bəs nəticəsi necədir? Metroda, avtobuslarda həlak olanların, diri-diri yananların nəşləri məzarlarda alovsuz yanır, adsız qəbirlərdə, edam edilmiş terrorçuların sümükləri çürüyür, bir dərəcə aşağı terrorçular həbsxanalarda zillət çəkir, onların ideya rəhbəri, Zori Balayanı isə SSRİ xalq deputatı seçirlər. İki xalq arasında nifrəti qızışdırmaq yolu ilə siyasi kapital yığmış adamı. Pərəstiş liderləri üçün əcəb stimuldur!

Mən inanıram ki, əgər bu gün təcili tədbirlər görül-məsə, ölkədə başlanmış dağıdıcı prosesin qarşısını almaq çox çətin olacaq. Milli məsələlər – həyati əhəmiyyəti olan məsə-lələrdir və onlar qanun yolu ilə həll edilməli, bıçaq, kəsik-lülə, əldəqayırma bombanın köməyilə, alçaq və şərəfsiz adamların qərəzli, böhtançı bəyanatları ilə dalana sıxışdırılmamalıdır. Belə adamlar bugünkü «uğurlarının» gələcəkdə necə nəticələr verə biləcəyini təsəvvür etmək istəmirlər, ya da buna qabil deyillər.

Mən artıq dedim ki, ultramillətçilər tərəfindən həyata keçirilən «Dağlıq Qarabağ» əməliyyatı böyük uğurlar qazan-mışdır. Xarici ölkələrin və Ümumittifaq icitmaiyyətinin gözündə Azərbaycan xalqı aradabir qaniçən cəlladlar yığını kimi görünür: onlara yemək vermə, içmək vermə, qoy ancaq tanımadıqları hamilə qadınların qarnını cırsınlar, ya da öz estetik, yaxud qastronomik tələbatlarını ödəmək naminə az-yaşlı uşaqları parçalasınlar. Azərbaycan xalqı homeynizm, irodizm və kannibalizm azarına tutulmuş əsilsiz-nəsilsiz tayfa şəklində təqdim olunub. Parlaq zəfərdir, elə deyilmi? Ultramillətçilər erməni xalqının adından belə çıxış edirlər. Bu, istedadlı və əməksevər erməni xalqına lazımdırmı? Bu ona sərf edirmi?

Dünyada vəziyyət durmadan dəyişir. Ola bilsin ki, müəyyən müddətdən sonra ölkənin müxtəlif rayonlarında və xaricdə (təbii ki, ermənilərin dostlarından başqa düşmənləri də var) belə bir fikir yaransın: əgər ermənilər onlara heç vaxt pislik etməmiş qonşularını bir parça torpaq naminə elliklə bu cür asanca çirkabda boğdularsa, demək, onlar bizə qarşı da hər hansı bir murdarlıq edə bilərlər, nə qədər ki, gec deyil, tədbir görməliyik. Bu və ya buna bənzər düşüncələr elə nəticələr verə bilər ki, Qarabağ ətrafındakı hadisələr onun yanında toya getməli olar. Əgər belə olsa, təəssüf, çox təəssüf! Qafqaz xalqlarından hər hansı birinin hətta sırf xudbin mülahizələrdən doğan istənilən uğurları və ya səhvləri ətrafdakı insanların şüurunda (hansı dərəcədə olursa-olsun) bütün Qafqazın əhali-sinə şamil edilir.

Bütün vasitələrlə və bütün şəraitlərdə məqsədə çatmaq qüsurlu və faydasızdır.

Ölkədə vəziyyət fövqəladə dərəcədə mürəkkəbdir. Lakin bütün bu mürəkkəbliyə baxmayaraq bir məsələ aydındır ki, əgər yaxın aylarda dövlət tərəfindən qəti tədbirlər görül-məsi nəticəsində Dağlıq Qarabağda əmin-amanlıq bərpa edil-məzsə, gələcəkdə bu «yerli» problem böyüyərək, bütün ölkəni əhatə edən vətəndaş müharibəsinə çevrilə bilər və bu çevril-mədən irəli gələn xoşagəlməz nəticələrə aparıb çıxarar. Buna görə də hesab edirəm ki, təsis yığıncağında iştirak etdiyimiz millətlərarası münasibətlər üzrə komitənin yaranması zəruri və aktualdır.

Ancaq onun fəaliyyəti yalnız belə bir dəyişməz şərtlə ola bilər ki, komitəyə, sadəcə faydalı olmaq arzusundan əlavə, həm də maliyyə və hüquqi imkanlar verilsin. Bu da lazım gəldikdə onun nümayəndələrinə dərhal ölkənin qaynar nöqtə-lərinə getmək imkanı verər. Əgər biz şayiələrlə və mətbuat xəbərləri ilə qidalanacağıqsa, əvvəlcədən deyə bilərik ki, komitənin fəaliyyəti müvəffəqiyyətsizliyə uğrayacaq. Hətta zərər verəcək.

Ermənistana üz vermiş faciə xəbəri Bakıya çatanda mən gözəl milli barışıq anının şahidi oldum. İnsanlar öz dərdlərini, qarşılıqlı iddiaları unutdular, qərəzkarlıq və şübhə-lilik atmosferi buxarlandı. Zəlzələdən zərər çəkmişlərə təcili surətdə paltar, tikinti materialları, ərzaq göndərildi. Həkim və xilasedici dəstələri yaradıldı. Hələ qəzetlərdə bizim çağırı-şımız dərc olunmazdan əvvəl könüllülər donor məntəqələrinə yollanmışdılar. Axşam isə «Zaman» proqramı ilə çıxış edən məsuliyyətsiz şərhçi bildirdi ki, Ermənistandakı zəlzələ müna-sibətilə Bakıda atəşfəşanlıq keçirilmişdir və xalq şənliyi davam edir. Həm də axşamlar bomboş olan, hərbi vəziyyət elan olunmuş, hər üç-dörd məhəllədən bir tank və zirehli transportyorlar dayanan, təsadüfən küçədə buraxılış vərəqəsi olmadan görünən adamın tutularaq sübhədək milisdə saxlan-dığı bir şəhərdə! Təsəvvür edə bilərsinizmi ki, bu fitnəkar əməl Ermənistanda və Azərbaycanda hansı nəticələr doğurdu?

Buna görə də yenə təkrar edirəm: komitə informasi-yasını ilk mənbədən almalıdır. Bizim vaxtımız azdır.

Ölkədə asayiş təhlükədədir. Hərəkət vaxtıdır! Sabah gec olacaq.           

 

«Drujba narodov» jurnalı,

oktyabr, 1989-cu il