Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

KRALİÇANIN “ROLLS-ROYS”U

Bəzi personajlar, həmçinin əşyalar və hadisələrin
  cərəyan etdiyi məkanlar pyes müəllifinin təxəyyülünün
məhsuludur.

PYES

 

İştirak edirlər:

 

SEYMUR XANLAROV – tanınmış şair və esseist.

 

MƏRYƏM – Seymurun arvadı.

 

MƏNZƏR – Seymurun qaynanası.

 

TƏRLAN SALAMOV – Moskva milyarderi.

 

BÖYÜK GÖMRÜKÇÜ.

 

1-ci GÖMRÜKÇÜ.

 

2-ci GÖMRÜKÇÜ.

 

TAYGER – jurnalist.

 

ZƏFƏR TAĞIYEV – “Tarla” Analitik Mərkəzinin eksperti.

 

NİKOLAS ASPARUX – şef-kurator.

 

HƏKİM.

 

Dost-tanışlar.

 

Mavilər, lesbiyanlar.

 

Barışmaz siyasi rəhbərlər.

 

Moskvada Tərlan Salamovun evi. Sümüyə düşən “Tərəkəmə” çalınır. Dost-tanışlar süfrə

arxasında yeyib-içirlər. Ev sahibinin söz deməyə hazırlaşdığını görüb səs-küyə ara verirlər.

 

SALAMOV. Əziz dostlar, heç təsəvvür edə bilməzsiniz ki, bu gün sizin hamınızı öz evimdə görməyimə nə qədər şadam. Mən Azərbaycanı sevirəm, ancaq hər dəfə Vətənimi xatırlayanda ilk öncə sizləri – ayrılıqda hər birinizi yadıma salıram. Çünki mənim üçün Bakıda qoyub gəldiyim ən qiymətli şey məhz sizlərsiniz – bu masa arxasında əyləşən insanlardır. Bu gün Seymur bəylə tanış oldum. Mənim dəvətimi qəbul edərək buraya gəlməsini özüm üçün böyük şərəf sayıram. Biz tanış deyildik, ancaq mənə elə gəlir ki, onu lap çoxdan tanıyıram. İftixar hissi keçirirəm ki, bu gözəl insan bu gün bizimlədir. Əzizim Seymur! Mən sizin şeirlərinizin vurğunuyam, onları dönə-dönə oxuyuram, sizin poeziyanız, publisistikanız məni valeh edir. Kitablarınızın hamısını əldə etmişəm. Sizin haqqınızda mənə çox danışıblar və mən burada yaşayan bir şəxs olaraq fəxr edirəm ki, Vətənim Azərbaycanda mənim müasirim olan belə bir dahi vətəndaş yaşayır. Heç vaxt heç nədən çəkinməyən hər zaman həqiqəti söyləyən bir insan... 

 SEYMUR (zarafatla). Heç də belə deyil. Mənim  barəmdə belə xoş əfsanələri dostlarım uydururlar. Əslinə qalsa, mən lap uşaqlıqdan çox qorxağam, suyu üfürə-üfürə içirəm, fürsət düşən kimi yalan danışıram.

MƏRYƏM (Seymura). De ki, zarafat eləyirsən!

SALAMOV (təbəssümlə). Çox gözəl! Çox pakizə!.. İndi isə hamınızdan rica edirəm, masa arxasından qalxıb, bir neçə dəqiqəliyə mənimlə birlikdə aşağı mərtəbəyə enəsiniz. Orada bizi desert gözləyir, həm də  öz kolleksiyamı sizə göstərərəm.

 

Birinci mərtəbədə geniş qaraj. Buranı, bir növ, nümayiş meydançası da adlandırmaq olar. İyirmiyə yaxın dəbdəbəli qədim avtomobilin cərgə ilə düzüldüyü “səhnə” qarşısında kiçik masalar qoyulmuşdur.

 

SALAMOV (qonaqlarda yaranmış təəssüratdan məmnun halda maşınları bir-bir göstərməyə başlayır). Bu, “aston”dur, 1939-cu il buraxılışıdır, “rolls-roys”lar – 1938. 51 və 54-cü illər. “BMV” – ilk buraxılış seriyasından. 1934 və 52-ci ilin “mersedes”ləri və sair. Bu maşınların hamısı sazdır, heç birinin təmirə ehtiyacı yoxdur. (Seymura müraciətlə). Sizcə, hansı daha gözəldir?

SEYMUR (par-par yanan maşınlar cərgəsinə ötəri nəzər salaraq). Avtomobil sərrafı olmasam da, zənnimcə, bunların hamısı qəşəng maşınlardır. Sanki hər biri incə zərgər işidir. Hərəsinin öz gözəlliyi var.

SALAMOV. Deyirlər ki, şairin nə cavab verəcəyini qabaqcadan bilmək mümkün deyilmiş! (Seymurun arvadına müraciət edir). Bəs sizin hansından daha çox xoşunuz gəldi?

MƏRYƏM (“rolls-roys”a yaxınlaşır). Bu. Şahanə maşındır. Heç adamın inanmağı gəlmir köhnə olduğuna.  Qəttəzə görünür.

SALAMOV. Sizin əla zövqünüz var. Bu “rolls-roys” bütünlüklə əllə yığılıb. Təzə maşından seçilmir, yaxşı işlək vəziyyətdədir, bircə detalını belə dəyişmək lazım gəlməyib... (maşının qapısını açır). Rica edirəm, lütfən əyləşin.

MƏRYƏM (qabaq oturacaqda əyləşir). Əcəb rahatdır... Necə də genişdir (yan-yörəyə baxır). Bu metal lövhəciyin üzərində nəsə yazı var. Aha, yazılıb ki, 1951–52-ci illərdə bu maşında ülyahəzrət Böyük Britaniya kraliçası gəzirmiş. (“İlahi, kraliçanı hifz et!” himni səslənir”).

SALAMOV. Elədir ki var. Həmin illərdə bu avtomobil İngiltərə kraliçasına məxsus olub. Sonralar onu adlı-sanlı bir ingilis kolleksiyaçı satın alıb. Axırıncı beş ili  maşın bu qarajda keçirib. Bu gündən etibarən isə o, sizə məxsus olacaq. Möhtərəm Seymur bəy, rica edirəm, bu kiçicik hədiyyəni məndən qəbul edin! Sağlığınıza qismət!

SEYMUR (qəti şəkildə etiraz edir). Yox-yox , mümkün olan iş deyil. Nə münasibətlə? Axı bu, çox bahalı bir şeydir...

SALAMOV. Bilirsiniz, hədiyyə vermək ənənəsini mən icad etməmişəm, İnsanlar bizdən əvvəl də bir-birlərinə bəxşiş veriblər, bizdən sonra da verəcəklər. Bu, insanda bir məmnunluq hissi yaradır. Siz niyə məni bu ləzzətdən məhrum etmək istəyirsiniz? Bahalı olmasına gəldikdə isə, o asılıdır məsələyə hansı tərəfdən baxmaqdan. Axı mən bu maşını sizə peşkəş verməklə özümü heç nədən məhrum etmirəm, heç bir şeyi qurban vermirəm. Əgər məni ləyaqətsiz adam hesab etmək üçün  əsasınız yoxdursa, bu “rolls-roys”u qəbul edin, mən onu sizə təmiz qəlbdən hədiyyə edirəm.

SEYMUR. Bəli, əlbəttə. Ancaq o qədər gözlənilməz oldu ki... Çox sağ olun.

SALAMOV. Yanınızda şəxsiyyəti təsdiq edən hansısa bir sənəd varmı? Çox yaxşı. Mən sizi bir neçə dəqiqəlik tərk edəcəyəm, gərək pasportun surətini çıxarsınlar. (Pasportu götürüb qarajdan çıxır).

SEYMUR. Lap çaşıb qalmışam, bilmirəm nə edim. (Arvadına müraciətlə). Bəs sən bu barədə nə düşünürsən?

MƏRYƏM. Düşünürəm ki,  maşına söz yoxdur! Salamova təşəkkür etməliyik.

SEYMUR. Mən isə düşünürəm ki, bunun müqabilində Salamova heç vaxt bu cür dəyərli hədiyyə verə bilməyəcəyəm. Çox sıxıldım.

SEYMURUN DOSTU. Sən ona görə narahat olursan ki, Salamovu yaxşı tanımırsan. Hədiyyə vermək onun şakəridir, Bayaq sizi bura gətirəndə sürdüyüm “Mersedes”i də mənə elə o bağışlayıb. Elə-belə, səbəbsiz-filansız götürüb qəttəzə “Mersedes”i bağışladı mənə. Mişa Bardinin BMV-si də onun bəxşişidir – ad günü münasibətilə verib. Polad Poladova da... Hələ Zaur Ataməlibəyova Şüvəlanda bir gözəl “daça” peşkəş edib. Xasiyyəti belədir. Heç utanıb-eləmə, onun milyardlarının sayı sənin iki övladının, üstəgəl mənim övladımın yaşlarının cəmindən artıqdır.  Maşın isə, söz yox, həqiqətən, çox bahalıdır. Əntiqə şeydir bu “rolls-roys”. Raritetdir. Dallasdan bir kolleksiyaçı bir milyon altı yüz min dollar təklif edibmiş, ancaq Salamov satmağa razılaşmayıb. Bu məlumatı internetdən özüm oxumuşam. İndi sənə bağışlamasında isə qəribə heç nə yoxdur. Bu insan sənin şeirlərinin vurğunudur, kitabların əlindən düşmür, şeirlərivi əzbər bilir. Həmişə səninlə şəxsən görüşməyin həsrətində idi.

SALAMOV (qonaqların yanına qayıdaraq pasportu Seymura  qaytarır). Bazar ertəsi bütün sənədləri hazırlayacaqlar, iki gün sonra isə maşını təyyarə ilə Bakıya göndərəcəklər. Mən görürəm ki, siz nəyə görəsə pərtsiniz. Amma əbəs yerə, inanın mənə, bu elə cuzi bir hədiyyədir ki.

SEYMUR . Onu cüzi adlandırmaq çətindir.

SALAMOV. Mən həyatda çox şey görmüşəm. Lakin indi mənim üçün elə mətləblər önəm kəsb edir ki, əvvəllər bunların varlığının heç fərqinə varmazdım. Məsələn, dəyərli olan budur ki, bizim günlərdə Azərbaycanda sizin kimi insanlar var, əzizim Seymur bəy. Dostlarımız təsdiq edə bilərlər: bu fikrimi sizinlə şəxsən tanış olmağımdan qabaq da dəfələrlə bildirmişəm. Yeri gəlmişkən, mən sizə avtomobildən daha sanballı bir şey bağışlamaq istəyirdim, lakin sırf texniki səbəblər üzündən çatdıra bilmədim. Hələ neçə gün Moskvada qalacaqsınız?

SEYMUR (tələsik). Səhər tezdən birinci reyslə uçuruq.

SALAMOV. Təəssüf. Hər halda gündüz uçmaq daha rahatdır, amma ən yaxşısı axşamdır. Necə bilirsiniz?

MƏRYƏM. Məsələ ondadır ki, biz tələsirik. Mənim anam xəstəxanadadır, həm də deyəsən, xəstəliyi ciddidir. Bu gün onu hətta telefona da çağırmadılar, Seymurla mən çox nigaran qalmışıq.

SALAMOV. Arzu edirəm ananız tezliklə sağalsın. Ata-ananın sağlığı böyük səadətdir. Bilirsiniz, mənim intuisiyam güclüdür: əminəm ki, yaxın gələcəkdə sizin ananıza heç bir şey olmayacaq... Aha, bu da şampan! Dostlar, ziyafətimiz davam edir.

Xəstəxana palatası. Üzeyir Hacıbəyovun “Sənsiz” romansı səslənir. Mənzər xanımı narahat etməmək üçün həkim Seymur və Məryəmlə astadan söhbət edir.

 

HƏKİM. Biz belə hesab edirik ki, sizin ananızda sinir yorğunluğu əlamətləri var. Sanki yaşamağa marağı tamamilə sönüb. Bu, xəstəlik deyil, elə bir vəziyyətdir ki, orqanizm müqavimət qabiliyyətini bütünlüklə itirmiş olur və ətraf mühitdə baş verənlərə qətiyyən reaksiya vermir. Bu isə məni yaman narahat edir. Çünki bu ümidsizlik və biganəlik vəziyyəti gündən-günə dərinləşir... Üzr istəyirəm, mən sizi bir neçə dəqiqəlik tərk etməliyəm. (Gedir).

MƏRYƏM. Yazıq anam. Heç özünə oxşamır. Eşitdin həkim nə dedi? “Ətrafda baş verənlərə qətiyyən reaksiya vermir”.

SEYMUR. Hə, lap qanım qaraldı. Axı sənin anan həmişə... çox... söhbətcil olub. Hər şeylə maraqlanırdı, heç nəyə biganə qalmırdı... Təəssüf ki, yaş özünü göstərir. Necə olmasa, səksən dörd yaş az deyil.

MƏRYƏM. Sən də artırma anamın yaşını. Hələ onun səksən üç yaşı var. Nə yaşdır ki... Başqaları bu yaşda tennis oynayırlar.

SEYMUR. Harada görmüsən o yaşda tennis oynayanları?.. Yaxşı, yaxşı. Tennis deyirsən – olsun! Bundan ötrü durub mübahisə edəsi deyiləm ki...

MƏRYƏM. Yaxşısı budur, sən de görək “rolls-roys”u neyləyəcəyik?

SEYMUR. Qoyacağıq qaraja. Şəhərdə o maşında gəzmək olmaz, çox dəbdəbəlidir. Satmaq da olmaz, çünki Tərlan Salamovun hədiyyəsidir. Ayda bir dəfə dostlarımızı “rolls-roys” bayramına dəvət edərik, belə günlərdə də qarajdan çıxararıq ki, tamaşa edə bilsinlər.

MƏRYƏM. Deməli, “rolls-roys”u yerləşdiririk qaraja. Bəs onda öz maşınımızı harada saxlayacağıq?

SEYMUR. Başqa çıxış yolu yoxdur.  Heç elə şey olar ki, İngiltərə kraliçasının ekipajı qalsın günün altında, qarajı isə verək qaltaq “hunday”ın ixtiyarına?!

 

Bu çağadək çarpayıda hərəkətsiz uzanmış Mənzər xanım qəfil yerindən qalxıb hücuma keçməyə hazırlaşan kobra vəziyyətini alır. Elə bu vaxt həkim palataya daxil olur. Xəstədəki dəyişikliyi görəndə astanada  donub qalaraq baş verənləri heyrət içində seyr edir.

 

MƏNZƏR. İngiltərə kraliçasının “rolls-roys”u? O haradan çıxdı? Siz nədən danışırsınız?

MƏRYƏM (anasının boynuna sarılır). Ah, anacan, səni görməyimə çox şadam!

MƏNZƏR. Mən də! (Doyunca qucaqlaşdıqdan sonra qızını özündən aralayır). İndi deyin görüm, hansı kraliçadan danışırdınız? O nə “rolls-roys”dur? Hövsələm daraldı, dillənin də.

SEYMUR. Elə bir şey deyil, bizə maşın bağışlayıblar.

MƏNZƏR. Hə-ə! Bəs kraliçanın bura nə dəxli?

SEYMUR. Əvvəllər kraliçanın maşını imiş.

MƏNZƏR. Şükürlər olsun Allaha! Axır ki,  çoxdankı arzuma çatdım!

MƏRYƏM. Bəyəm sən “rolls-roys” arzulayırdın?

MƏNZƏR. Yox, mən möcüzə arzulayırdım. Ancaq o möcüzənin nə şəklində olacağını bilmirdim. Mənim yaşımda insan möcüzəni yalnız dinməz-söyləməz arzulaya bilər.

SEYMUR. Deməli, belə hesab edə bilərik ki, siz kraliçanın maşınında gəzməyi  arzulayırmışsınız. Elə isə lap bu günlərdə arzunuz çin olacaq. Nə gözəl!

MƏNZƏR. Nahaq qımışırsan, Məryəm. Seymur, siz bilirsiniz də mənim babam kim olub?

SEYMUR. Məgər şəhərdə bunu bilməyən var? Baş Poçtamtın direktoru.

MƏNZƏR. Bəli, mənim babam zadəgan idi. O dövrdə poçtmeyster mütləq zadəgan olmalı imiş.

SEYMUR. Məlum məsələdir. Mən sizi başa düşürəm: siz nəsə qeyri-adi bir şey, sıravi vətəndaşların gündəlik boz həyatının fövqündə dayanan nəsə arzulayırsınız.

MƏNZƏR. Mənim buna haqqım var. İndi isə artıq gözümün qabağına gətirirəm ki, ay yarımdan sonra təzə paltar geyinib, başıma qəşəng təzə şlyapa qoyub “rolls-roys”a əyləşəcəm və gedəcəm Buzovnaya – rəfiqəm qeybətcil Gültəkinin yubileyinə. Bir bilsəniz ki, son altmış beş ildə o mənim qanımı nə qədər qaraldıb. Maşını saxlayarıq həyətdə. Furajkalı sürücü düşüb qapını açar, camaatın hamısı görər ki, kraliçanın maşınında təşrif gətirən kimdir.

MƏRYƏM. Ana, axı bizim sürücümüz yoxdur.

SEYMUR. Bax bu isə lap boş şeydir. Maşını özüm sürərəm. Başıma da sürücü furajkası qoyaram, vəssalam. Amma anlaya bilmirəm ki, Gültəkinin qonaqlarının bura nə dəxli var?

MƏNZƏR. İstəyirəm onlar hamısı görsün ki, Gültəkin paxıllıqdan nə təhər partlayacaq. (Əl-qolunu, qismən də bədənini əsdirməklə Gültəkinin hikkəsini təqlid edir). Ay partlayacaq ha... Mən bilirdim, bilirdim ki, belə bir gün nə vaxtsa gələcək!

HƏKİM. Heyrətamizdir! Yarımca saat bundan qabaq başını qaldırmağa taqəti yox idi. (Seymura müraciətlə çaşqın halda). Siz buna necə nail oldunuz?

SEYMUR. Mənim xanımım belə hesab edir ki, onun anası hələ tennis oynaya bilər. Bununla bağlı siz nə məsləhət görərdiniz?

HƏKİM (gözlənilməz dəyişiklikdən təəccübləndiyinə görə çaşqın halda). Tennis?! Nə deyim vallah... Əsas məsələ odur ki, günün altında çox qalmasın. İdman oyunlarına gəldikdə isə, ifrata varmayanda onların hamısı – tennis də, voleybol da, basketbol da orqanizm üçün çox faydalıdır, xüsusən də inkişafda olan orqanizm üçün.

MƏRYƏM. Ana, Seymurla mən çox istəyirik ki, xəstəxanadan çıxandan sonra payızadək bizdə qalasan. Elə deyil, Seymur?

SEYMUR. Əlbəttə. Həm də ki, maşın, uzağı, gələn həftə Bakıya gətiriləcək. Gərək siz bu təntənənin şahidi olasınız. Bu müddətdə təzə paltar tikdirməyə də vaxtınız çatar, şlyapa seçməyə də...

MƏRYƏM. Doktor, anamı xəstəxanadan nə vaxt buraxacaqlar?

HƏKİM. Belə gümrah olsa, lap günü sabah.

 

Gömrükxana. "Bremen musiqiçiləri”ndən mahnı səslənir: "Biz quldurlarıq, quldurlarıq. Pif-paf! Hamınızı qırarıq! Pif-paf!”

İki nəfər cavan əməkdaş əyləşib çay içə-içə musiqiyə qulaq asır. Seymur daxil olur. Gömrükçülərlə salamlaşıb əlindəki bildiriş vərəqini onlardan birinə göstərir.

SEYMUR. Deyə bilməzsiniz bunun üçün kimə müraciət etməliyəm?

1-ci GÖMRÜKÇÜ (bildirişə tələsik  göz gəzdirir). A-a, başa düşdüm nə məsələdir. Siz şöbə rəisinə müraciət etməlisiniz. Nahar fasiləsi bitmək üzrədir, indilərdə gələr. Buyurun, əyləşin, bizimlə çay için.

2-ci GÖMRÜKÇÜ (bildiriş vərəqini alıb, diqqətlə baxır). Deməli, “rolls-roys”u siz almalısınız. Bakıda bir neçə “rolls-roys” var, amma heç belə modelə rast gəlməmişəm. Maşına söz yoxdur! Əntiqədir! Lap sualtı qayığa oxşayır. Biz onu aeroportdan gömrükxananın dayanacağına sürüb gətirənəcən hər dəfə qırmızı işıqda dayananda yoldan ötənlər ətrafımıza toplaşıb maşına tamaşa edirdilər.

  1.  SEYMUR. Təsəvvür edin ki, indi onu şəhərdə sürəndə nə olacaq da...

2-ci GÖMRÜKÇÜ. Ləzzət verəcək! Maşın deyil e, muzeydir. Mübarək olsun!

Böyük gömrükçü gəlir, Seymura salam verib tabeliyində olan əməkdaşlara sarı dönür.

BÖYÜK GÖMRÜKÇÜ. Nə baş verir burda? Bu mahnını hansınız qoşmusunuz?

1-ci GÖMRÜKÇÜ (təəccüblə). Mən. Fasilə vaxtı biz həmişə musiqiyə qulaq asırıq.

BÖYÜK GÖMRÜKÇÜ. Məgər mən musiqinin əleyhinəyəm? Söhbət musiqidən getmir. Bunun sözləri bərbaddır. ( Təqlid edir). ”Biz qulduruq. Bizə yaxın gəlmə!” Biabırçılıqdır! Camaat bizim barəmizdə nə fikirləşər? Məhəbbət, təbiət haqqında nə qədər gözəl mahnılar var, siz isə quldurlardan başqa bir şey tapmamısınız! (Əlinin işarəsi ilə Seymuru öz masasının yanına dəvət edir. Bu zaman əməkdaşlar səssizcə çıxıb gedirlər.)

BÖYÜK GÖMRÜKÇÜ (kartotekadan kağızları tapıb Seymura uzadır). Zəhmət olmasa, imzalayın.

SEYMUR ( kağızları gözdən keçirir). Mən maşını götürə bilərəmmi?

BÖYÜK GÖMRÜKÇÜ. Sizi maşınlar saxlanılan yerə ötürərlər. Yolüstü gömrük rüsumunu da ödəyərsiniz. Kassa yaxındadır, bizim mərtəbədə. Rüsumu ödəyin, maşınınızı götürün gedin. İşlək vəziyyətdədir, bakında da 20 litr benzin var.

SEYMUR (pulqabısını cibindən çıxarır). Gömrük rüsumu nə qədərdir?

BÖYÜK GÖMRÜKÇÜ (orderi ona uzadır). Burada yazılıb – 17 min manat.

SEYMUR (pərt halda). Heç bir şey başa düşmürəm. Baxın, burada sənəddə göstərilib ki, maşının dəyəri beş min dollardır. Bunu da Rusiya gömrük nümayəndəsi öz imzası və möhürü ilə təsdiq edib.

BÖYÜK GÖMRÜKÇÜ. Beş min?

SEYMUR. Beş min. Rəqəmlə də yazılıb, sözlə də.

BÖYÜK GÖMRÜKÇÜ. Yazılıb-yazılıb da. Siz elə şeylərə fikir verməyin. Neçə illər hər yerdə yazırdılar ki, Lenin yaşayır və əbədi yaşayacaq. Bəs nə oldu? Hanı? Hər yazılana inanmaq olmaz. İndi bizdə bazar iqtisadiyyatıdır – demokratiya şəraitində.

SEYMUR. Mübahisə etmirəm. Ancaq maraqlıdır – bu 17 min rəqəmi haradan peyda olub?

BÖYÜK GÖMRÜKÇÜ. Kompyuterdən. Gömrük rüsumunun məbləğinin 17 min manat olduğunu kompyuter hesablayıb.

SEYMUR. Siz bir özünüz fikirləşin – kompyutersiz. Mənə hədiyyə göndəriblər, dəyəri də aydın göstərilib – beş min. Mən isə bunun müqabilində on yeddi min ödəməliyəm. Siz bunu düzgün hesab edirsiniz?

BÖYÜK GÖMRÜKÇÜ. Biz burada özfəaliyyətlə məşğul olmuruq, bu məqsədlə də kompyuter almışıq. Hər şey tamamilə düzgün və qanunidir.

SEYMUR. Yaxşı. Elə isə, icazənizlə, mən gedim. (Kağızları və orderi həmsöhbətinə qaytarır). Narahat etdiyimə görə üzr istəyirəm. (Ayağa qalxır).

BÖYÜK GÖMRÜKÇÜ. Maşını götürmürsünüz? Niyə?

SEYMUR. Son dərəcə üzrlü bir səbəbə görə: mənim on yeddi minim yoxdur. Nə cibimdə , nə də evində.

BÖYÜK GÖMRÜKÇÜ (təəccüblə). Necə yəni yoxdur? (Elə bil nəyi isə yadına salmağa çalışır). Mən sizi televizorda görmüşəm. Səhv etmirəmsə, xalq artistisiniz, ya da... Deyəsən, müğənnisiniz, hə?

SEYMUR. Vaxt olub ki, mahnı da oxumuşam, ancaq indiki halda mən yükalanam.

BÖYÜK GÖMRÜKÇÜ. Heç yaxşı olmadı. Bəlkə bizim rəisə zəng vurasınız?

SEYMUR. Mən onunla tanış deyiləm. Lap tanış olsaydım belə, nə deyəcəkdim? Xahiş edəcəkdim ki, mənim xatirimə rüsumun məbləğini azaltsın?

GÖMRÜKÇÜ. Adam var ki, xahiş edir. Burada bir qəbahət yoxdur. Kimisinə kömək edirlər, kimisini də əliboş qaytarırlar.

SEYMUR (istehzalı təbəssümlə). Mən hələ belə şeylər üçün yetişməmişəm. Salamat qalın!

 

Seymur gedir. Gömrükçü onun arxasınca təəccüblə baxıb çiynini çəkir. 

 

Seymurun mənzili. Qonaq otağında Məryəm güzgü qarşısında anasının əyninə təzə paltarı geyindirib yoxlayır. Seymur gəlir.

SEYMUR (qonaq otağına boylanır). Üzr istəyirəm.

MƏRYƏM. Gəldin? Nə yaxşı. Keç içəri. Sənin məsləhətinə ehtiyacımız var. Xoşuna gəlir?

SEYMUR. Gözəl libasdır. Siz bu donu Gültəkinlə görüşə geyinəcəksiniz? Buna zərif bir parçadan, məsələn, deyək ki, ipəkdən, ya da şifondan göy zolaqlı al-qırmızı şərf yaxşı yaraşar. Ya da eyni rəngli, amma mavi zolaqlı şərf.

MƏRYƏM.  Haradan sənin ağlına gəldi ki, anama məhz belə qeyri-adi rəngli şərf yaraşar?

SEYMUR (əlindəki qutunu açır). Çünki mən sizin hər ikiniz üçün məhz təsvir etdiyim kimi şərf almışam.

MƏNZƏR (şərfi alıb baxır). Əcəb qəşəngdir. Payın artıq olsun. Ancaq bilirsənmi, belə zərif şərfi yalnız incə zövqü olan ürəyitəmiz adamlar dəyərləndirə bilər. Gültəkin kimi paxıl isə bunu mənim boynumda görsə, mütləq fikirləşəcək ki, yaşımdan cavan görünməkdən ötrü taxmışam. O saat da başlayacaq təzə rəfiqələri ilə baş-başa verib xısın-xısın qeybət qırmağa. Siz bilmirsiniz onun canında nələr var.

SEYMUR. Doğrudan bilmirəm. Bəs onun nə düşündüyünü siz necə başa düşürsünüz?

MƏNZƏR. Təcrübə öz sözünü deyir, əzizim Seymur. Uzun illərin acı təcrübəsi. Mən onun bütün varlığına bələdəm.

MƏRYƏM (sınayıcı nəzərlərlə ərinə baxır). Sənin niyə qanın qaradır? Ağrıyan yerin yoxdur ki?

SEYMUR. Yox, heç yerim ağrımır.

MƏNZƏR. Gedim paltarımı dəyişim. (Gedir).

MƏRYƏM. Etiraz etmirsənsə, payızacan anam bizdə qalsın. Belədə mənim də ürəyim rahat olar. Özünə hələ bir söz deməmişəm.

SEYMUR. Əcəb suallar verirsən. Xəstəxanada bu barədə artıq danışmışdıq ki səninlə. Mən nə vaxtsa ananın bizdə qalmasına etiraz etmişəm? Beş il bundan qabaq o, ilk dəfə xəstələnəndə xahiş etdim ki, köçüb gəlsin bizə, amma özü istəmədi, dedi ki, öz evimə alışmışam, elə oğlumun ailəsi ilə birlikdə yaşamaq istəyirəm. İndi sən dilə tut, qoy bizdə qalsın. Yadına sal ki, şərti adı “Gültəkin” olan "hərbi yürüşə" bərabər getməliyik.

MƏRYƏM. Bəlkə o “rolls-roys"dan imtina edək? Onsuz yaşamırdıq məgər? Bundan sonra da yaşayarıq. Axı görürəm ki, düz bir aydır bu maşın söhbətinə görə kefin pozulub, əsəbiləşirsən.

 

SEYMUR. Əsəbiləşmək deyəndə ki, həqiqətən çox pisimə gəlir – deməli, mən boyda adam göndərilmiş hədiyyəni almaq üçün tələb olunan rüsumu ödəyə biləcəyim qədər pulu hələ qazanmamışam. Amma güman var ki, işlər tezliklə düzələcək. Yadındadır, sənə demişdim, əvvəllər kiril əlifbasında çapdan  çıxmış bədii əsərlərin hamısı bu il respublikamızda latın əlifbası ilə yenidən nəşr olunacaq. Ümidvaram ki, lap yaxın günlərdə mənim əsərlərimə də növbə çatacaq. Bircə vaxtını bilsəydim...

MƏRYƏM. Bundan da ciddi problemlərlə üzləşmişik. Hər dəfə də öhdəsindən gəlmişik. Çünki Allah özü sənin işlərini düzəldir.

            SEYMUR. Etibarlı qaynaqlardan mənə bəlli olduğuna görə, Allah "rolls-roys"larla məşğul olmur. Gərək özümüz vəziyyətdən birtəhər çıxaq.

            MƏRYƏM. Gəl bu üzüyü sataq. Maraqlanmışam, zərgər dedi ki, beş minə alaram.

            SEYMUR. Çox nahaq yerə maraqlanmısan. Biz hələ o həddə gəlib çatmamışıq (arvadının üzüyü göstərdiyi əlini öz əlinə alaraq üzünə sürtür, öpür). Əşyalarımızı satıb borca düşmədən də keçinərik. Hələ bilmirəm necə, ancaq çıxış yolu tapacağıq. Ümidim nəşriyyatadır.

 

            Mənzər otağa daxil olur.

MƏNZƏR (Seymura). Sizin yanınıza bir nəfər gəlib. Dediyinə görə, sizinlə tanış deyil, görüşmək barədə razılığınızı almayıb, qabaqcadan zəng də vurmayıb. İstədim elə qapıdanca qaytarım, ancaq dedi ki, sizinlə "rolls-roys" barəsində danışmağa gəlib. Görəsən, nə deyəcək?

SEYMUR (çiynini çəkir). Qəribədir. Qoyun gəlsin.

Alçaqboy, cılız bir cavan oğlan içəri girir. Özünü həddən artıq sərbəst aparır. Əda ilə Məryəmə təzim edib, Seymura əl verir, sonra üzbəüz əyləşir.

CAVAN OĞLAN. Salam.

SEYMUR. Məgər biz tanışıq?

CAVAN OĞLAN. Minimum əlli faiz.

SEYMUR. Bu nə deməkdir?

CAVAN OĞLAN. Sizi hamı tanıyır, o cümlədən mən də. Sizsə məni tanımırsınız. Deməli, düz əlli faiz tanışıq. Özümü təqdim edim: adım Taygerdir. "Bakinskiy dnevnik" qəzetinin əməkdaşıyam. Qəzetimizin adı  sizə tanışdır?

SEYMUR (ikrahla). Bir az. Tayger!  Qeyri-adi təxəllüs götürmüsünüz. Yəqin ki, ingiliscə yaxşı bilirsiniz?

TAYGER. Təəssüflər olsun ki, mən ingilis dilini bilmirəm. Sadəcə olaraq, "tayger" – "tiqr" sözlərinin səslənməsindən xoşum gəlir, ona görə də bu sözü özümə təxəllüs seçmişəm. Bir də bilirəm ki, tiqr, yəni pələng həmişə ovunun üstünə  sakitcə, qəfildən hücum edir.

            SEYMUR. Mən fikir vermişəm, Bakıda jurnalistlərin özlərinə heyvan adlarını təxəllüs götürməsi dəbə çevrilib. Məsələn, məqaləni oxuyuram, imza qoyulub: "Ceyran". Nə biləsən, dişisidir, yoxsa erkəyi. Əsşi, bunu sözgəlişi dedim, ceyrandır da – gövşəyən çöl heyvanıdır, heç olmasa, yırtıcı deyil. Bəs siz bilən, "Zebrus" nə deməkdir?

TAYGER. Məlum məsələdir: latın dilində "zebr" deməkdir.

SEYMUR. Sizə bunu kim deyib?

TAYGER. Özüm bilirəm də... zebr-zebrus. Qanmaz da başa düşər ki, axırında "us" varsa, latıncadır.

SEYMUR. Çox sağ olun! Əmməli-başlı məlumatlandım. İndi qayıdaq Taygerə.  Deməli, siz,  cənab Tayger, mənə qəfil hücuma keçməyi  qərara almısınız?

TAYGER. Qətiyyən! Mən öz jurnalistlik borcumu yerinə yetirərək gəlmişəm sizinlə  gömrük idarəsində baş vermiş insident barədə danışam. Bir az da irəli gedərək deyə bilərəm ki,  sizə qarşı o cür sayğısız münasibət hiddət doğurur və bizim qəzetimiz buna biganə qala bilməz.

SEYMUR. Cənab Tayger! Sizin qəzetinizi və elə deyəsən özünüzü də belə hiddətləndirən konkret olaraq nədir?

TAYGER. Konkret olaraq, biz yolverilməz hesab edirik ki, sizin  kimi hörmətli bir şəxsə hədiyyə göndərilmiş maşını verməkdən gömrükxana imtina edir.

SEYMUR. Sizdə bu ilginc məlumat hardandır?

TAYGER. Elə hər yerdən. Neçə vaxtdır ki, hamı bundan danışır.

SEYMUR. Qəribədir. Mən gömrükxanada tək bircə nəfərlə söhbət etmişəm, o da təklikdə. Maşını hələlik almamışam, o da sırf şəxsi xarakterli  səbəb üzündən. Özüm də qətiyyən istəməzdim ki, sizin qəzetin səhifələrində adım hallansın. Başa düşdünüzmü, cənab Tayger?

TAYGER.  Başa düşdüm. Bəs siz bilirsinizmi Volter bu barədə nə deyib?

 SEYMUR. Heç bir təsəvvürüm yoxdur ki, mənim rayon gömrük şöbəsinə getməyimlə əlaqədar Volter nə deyə bilərdi.

            TAYGER. Volter deyib ki, insan –  ictimai heyvandır. Zənnimcə, bu o deməkdir ki, insanın başına gələnlərin heç də hamısı onun şəxsi işi hesab edilə bilməz. Doğrudanmı siz elə düşünürsünüz ki, Seymur Xanlarov kimi tanınmış bir yazardan tamamilə qanuni işə görə günün günorta çağı böyük məbləğdə rüşvət tələb edilməsinə demokratik mətbuat biganə qalacaq?

SEYMUR (Taygerin düz burnunun önündə həkimsayağı çırtma vurmaqla onun diqqətini öz əlinə yönəldir, sonra şəhadət barmağını onun gözləri səviyyəsində o tərəf–bu tərəfə hərəkət etdirir). Bura baxın, bura baxın, zəhmət olmasa, cavan oğlan, bir də baxın, indi sola... Afərin! (Heyrətlənmiş Tayger itaətkarcasına Seymurun barmağının hərəkətini izləyir. Seymur əlini aşağı salır). Çox sağ olun. Siz, Tayger, gəldiyim qənaətə görə, psixopat deyilsiniz! Lap yaxşı... İndi isə təkrar edin görüm bayaq hansı rüşvətdən danışırdınız?

TAYGER. Özünüz hər şeyi bilirsiniz. Sizdən rüşvət istəyiblər, siz də hirslənib rüşvət verməkdən imtina etmisiniz. Özü də deyilənə görə, ayaqlarınızı yerə çırpıb gömrükxana işçilərini təhqir etmisiniz. Sizi oradan zorla çıxarıblar, "rolls-roys"unuz isə gömrükxananın maşın dayanacağında açıq havada qalıb. Bu faktdır, yoxsa yox? Mən də bu faktı qələmə alacağam. Sizə hörmətim öz yerində, amma xoşunuza gəlsə də, gəlməsə də yazmalıyam. Görürsünüzmü, mən sizinlə açıq danışıram.

SEYMUR. Fakt ondan ibarətdir ki, mən, adıma yük göndərilməsi barədə bildiriş almışam, amma yükün özünü almaqdan imtina etmişəm. Vəssalam!

TAYGER. Mən bilirəm ki, gömrükxanada rüşvətsiz iş düzəlmir. İndi sizinlə bərabər onları rüsvay etməliyik. Axı siz dana bilməzsiniz ki, gömrükxanada rüşvət alırlar.

SEYMUR. İmtina etmək üçün gərək nəyi isə biləsən. Bu, ilk növbədə, sizə də aiddir. Jurnalist araşdırması aparın, yalnız bundan sonra əldə etdiyiniz faktlar əsasında ya sübuta yetirin ki, gömrükxanada rüşvət alırlar, ya da bu şayiələri təkzib edin. Güman edirəm ki, maraqlı bir məqalə alına bilər.

TAYGER. Əgər mən hər növbəti məqalə üçün təhqiqat aparmağa başlasam, onda acından ölərəm ki. Qəzet acgöz məxluq kimi, ağzını açıb hər gün "qida" gözləyir. Sonrası da, kim mənə imkan verər ki, gömrükxananın fəaliyyətini araşdırım? O yer dövlət içində dövlətdir və kənardan heç kəsin onun işinə müdaxilə etməsinə yol verməzlər.

SEYMUR. Üzr istəyirəm, ancaq sizin gömrükxana ilə münasibətləriniz, nədənsə, məni o qədər də maraqlandırmır. Gömrükxanada mən cəmi bircə dəfə olmuşam, rüşvət-filan söhbəti olmayıb. (Fikrə gedir). Deməli, belə çıxır ki, siz hələ mənim yanıma gəlməmişdən əvvəl nə yazacağınızı artıq bilirdiniz?

TAYGER. Bəli, bilirdim. Peşəkar jurnalistin ən qiymətli keyfiyyəti şəxsi fikrinin olmasıdır. Siz narahat olmayın, mən yazmaram ki, rüşvət istədiklərini siz söyləmisiniz. Mənim üçün əsas məsələ sizinlə görüşmək idi. Və biz görüşdük. Bu, faktdır. Öz məqaləmdə bu görüş barədə yazacağam və oxuculara sətiraltı çatdırmağa çalışacağam ki, söhbət əsnasında bir şeyə əmin oldum: namuslu bir vətəndaş olaraq siz rüşvət istəməklərinə qəzəblənib heç nə verməmisiniz. Demokratiya şəraitində yaşayırıq və mənim söz azadlığı hüququm var. Mən istəyirəm ki, gec də olsa, xalq həqiqəti öyrənsin.

SEYMUR. Mən sizdən təkidlə rica edirəm, belə şey etməyin. Əks təqdirdə mən əlimdən gələni edəcəyəm ki, siz cəzasız qalmayasınız.

TAYGER. Möhtərəm cənab Xanlarov, axı siz nə edə bilərsiniz? Uzaqbaşı təkzib yazacaqsınız, onu da mənim qəzetimin nüfuzuna hörmət edərək çap etməyəcəklər. Ola bilər ki, "Dostluq və həmrəylik" tipli dövlət qəzetlərindən hansısa biri təkzibi çap edər. Qoy eləsin, onu oxuyan kimdir? Daha sonra siz qəzeti məhkəməyə verə bilərsiniz. Belə təkzibləri məhkəmələr çox alır. Ancaq, bir qayda olaraq, onları dərc etmirlər, çünki heç kəs demokratiya şəraitində mətbuatın düşməni kimi tanınmaq istəmir.

SEYMUR. Gəlin bu söhbəti bitirək. Mən heç vaxt heç kəsi məhkəməyə verməmişəm və təkzib yazmamışam. Bundan sonra da belə şeylər etməyə hazırlaşmıram. Həm də siz, Tayger, məni demək olar, inandıra bildiniz ki, öz məqalənizlə məni pis vəziyyətdə qoya bilərsiniz, bütün şəhərdə bədnam edə bilərsiniz və bunun üçün heç bir cəza almazsınız.

TAYGER. Nahaq yerə məsələni belə şişirdirsiniz. Mən sizi pis vəziyyətdə qoymaq istəmirəm, ancaq bu, işin mahiyyətini dəyişmir. Çox şadam ki, haqlı olmağıma sizi inandıra bildim.

SEYMUR. Mən söylədim axı, demək olar ki, inandırdınız. Bu "demək olar ki"nin nə olduğunu indi anlayacaqsınız... Üzr istəyirəm, yarım dəqiqə sizi tək buraxacağam. (O biri otağa keçir).

 

 Seymur qayıdır, əlində zorba bir əsa var. Tayger diqqətlə onu müşahidə edir. Seymur onunla üzbəüz əyləşir.

SEYMUR. Bu əl ağacı, çəlik, əsa – necə istəyirsiniz, deyin – düz otuz ildir ki, məndədir, ona yaman alışmışam. Qoz ağacından düzəldilib. Görürsünüz də, üzərində yazı da var: Kislovodsk. Burasında da dağ şəkilləri həkk edilib... Nə isə, harada qalmışdıq? Bilirsiniz də, Bakı böyük şəhərdir, amma onun bir xüsusiyyəti var: hamı bir-birini tanıyır, adamlar, labüd olaraq, vaxtaşırı təsadüfən görüşürlər. Bu baxımdan, mən sizə söz verirəm ki, Coker, əgər dediyiniz məqaləni yazıb çap etdirsəniz, harada rastıma çıxmağınızdan asılı olmayaraq, bu ağacı təpənizə çırpacağam. Harada görüşəcəyimizin heç bir fərqi yoxdur – istər teatr olsun, istər filarmoniya, istərsə də restoran. Bunu özünüz istədiniz – mənim üçün başqa çıxış yolu qoymadınız. Özü də məqaləni hansı təxəllüslə çap etdirməyinizə fikir verən deyiləm çəliyi hazır vəziyyətdə saxlamışam. Sabahdan etibarən onu əlimdən yerə qoyan deyiləm.

TAYGER (öskürür). Siz belə şey etməzsiniz. Ziyalı adam belə kobudluq etməz. Sizin böyük nüfuzunuz var, ancaq belə etsəniz, nüfuzunuzu birdəfəlik itirərsiniz.

SEYMUR. Məgər siz də elə bunu istəmirsiniz?! Şübhəniz olmasın, dedimsə, eləyəcəyəm.

TAYGER. Jurnalisti camaatın gözü qabağında vurmaq cinayətdir və siz buna görə qanun qarşısında cavab verməli olarsınız.

SEYMUR. Bilirəm, bilirəm. Birinci dəfə olduğuna görə otuz manatdan əlli manatadək cərimə ödəmək lazım gələcək. Düzdür, xərcə düşəcəyəm, ancaq eybi yox, ödəyərəm.

TAYGER. Axı bu hərəkətinizlə, ifadəmə görə üzr istəyirəm, xuliqanlıq etməklə nəyi sübuta yerirəcəksiz? Bu sizə nə verəcək?

SEYMUR. Çox şey. Əvvəla, mənə ləzzət verəcək, bu özü də az deyil. İkincisi, qalmaqal yaranacaq. Qalmaqal haqqında bütün qəzetlər yazacaq və onda mən təfsilatı ilə söhbət aça biləcəyəm ki, hansı hərəkətinizə görə sizi camaatın gözü qarşısında ağacla vurmuşam. Mənim hərəkətimə görə heyfsilənəcəklər, sizi isə lağa qoyacaqlar. Söz verirəm ki, bunu edəcəyəm. Mən isə öz sözümün ağasıyam. Əgər inanmırsınızsa, çəkinməyin, sözünüzü deyin.

Tayger narazı halda başını bulayır , sonra qalxıb qapıya sarı gedir.

TAYGER. Sağ olun.

SEYMUR (iltifatla). Yaxşı yol. Şərəfli əmək fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzu edirəm.

TAYGER (qapının önündə ayaq saxlayır). Sizin gömrükxanadakı söhbətiniz barədə mənə danışanlar, başqalarına da danışıblar. Yəni, digər qəzetlərdə məqalələr peyda olanda özünüz başa düşməlisiniz ki, mənim o yazılara aidiyyətim yoxdur. Mən, sadəcə, istədim ki, o biri jurnalistləri qabaqlayım, ancaq alınmadı. Bax indi onlar gömrükxanadakı insident barədə yazacaqlar, özü də bayaq sizə təsvir etdiyim sxem üzrə. Əl ağacınızı isə qoruyun, o sizə hələ lazım olacaq – üstünüzə qısqırdılan köpəklərdən qorunmaq üçün.  

 

Tayger gedir. Ani fikrə dalmış Seymur çəliyi əlindən yerə qoymadan oturub. Məcməyidə çay dəstgahı gətirən Məryəm daxil olur.

MƏRYƏM. Bəs jurnalist hanı?

SEYMUR. Söhbətimiz alınmadı. Demokratiya barədə mübahisəmiz düşdü, məlum oldu ki, fikirlərimiz qətiyyən üst-üstə düşmür. O da inciyib getdi.

MƏRYƏM (əl ağacını görüb dəhşət içində). Vay, yoxsa onu vurdun?! Seymur! Axı biz ahıl adamlarıq, sənə yaraşmaz özünü belə aparmaq.

SEYMUR (gülümsünür). Bir də mənim yanımda mənim xanımımı "ahıl" adlandırma. Məgər sən elə bilmirsən ki, mən insana, ya da lap heyvana əl qaldırmaram?

MƏRYƏM (çaşqın halda). Nə bilim? Məgər qabaqcadan bilmək olurmu ki, sən növbəti gedişdə hansı addımı atacaqsan?

SEYMUR. Qulaq as, bu çəliyi buraya əyani vəsait kimi gətirdim. Onun gözünü qorxutmaq üçün. Mən heç vaxt silahsız adama əl qaldırmaram.

MƏRYƏM. Əcəbdir! Bəs birdən həmin o silahsız adam mənə hücum etsə?

SEYMUR (dişlərini qıcayır). R-r-r. Parçalayaram onu! Gördün, sən də başa düşürsən ki, fövqəladə hallarda çomağa əl atmaq olar.

 

Mənzər gəlir. Əlində bir neçə fotoşəkil var.

MƏRYƏM (alıb şəkillərə baxır). Mən bu şəkilləri birinci dəfədir görürəm. Burada necə də gözəlsiniz – sən də, Gültəkin xala da.

MƏNZƏR. Gültəkin göndərib, üstündə də kiçik bir məktub var: "Bu şəkillərə baxıb, ömrümüzün gözəl illərini xatırladım və ağladım".  

SEYMUR. Həqiqətən, adam lap kövrəlir!

MƏNZƏR. Siz belə deyirsiniz, çünki Gültəkini tanımırsınız. Sizcə, bu şəkilləri mənə niyə göndərib? Otuz ildir saxlayıb, bu gün yadına düşüb? Deyim, siz də bilin: ürəyinə damıb ki, on beş gündən sonra mən kraliçanın "rolls-roys"unda, təzə libasda ona qonaq gedəcəyəm, indi bəri başdan könlümü almaq istəyir.

MƏRYƏM. Anacan, sən nə danışırsan!

SEYMUR. Yaxşı, tutaq ki, onun yubileyini təbrik etməyə gedəcəyinizdən xəbərdardır. Ancaq başa düşə bilmirəm, məgər ovcunun içini iyləyib ki, avtomobilin markasını, sizin libasınızın fasonunu da qabaqcadan təyin edə bilsin?

MƏNZƏR. Seymur, siz təsəvvür edə bilərsinizmi, o hər şeydən xəbərdardır. Elə bütün ailəsi də özü kimidir. Onun iki oğlu var, böyüyü hələ iyirmi yaşında ikən artıq ciddi adam kimi tanınırdı, kiçiyi isə hüquq fakültəsində oxuyurdu, amma on doqquz yaşı olanda əsl narkomana  çevrilmişdi. Deyirdilər, çəkir, iyləyir, iynə vurur. Gültəkin apardı onu Leninqrada, qoydu professor Nablusovun narkoloji klinikasına. Həmin klinikada müalicə müddəti altı ay idi, ancaq xəstələrin çoxu onlar üçün əzablı olan müalicəyə dözməyib, vaxtından əvvəl oradan qaçırdılar. Bu zalım Gültəkin isə nə yolla – bilmirəm – ancaq doğmaca oğlunu düz üç il orada saxlatdırdı. Oğlan Bakıya qayıdandan sonra güc-bəla ilə ali məktəbi bitirdisə də, ondan yaxşı hüquqşünas alınmadı. Həmişə xırda oğruları, narkotik alverçilərini müdafiə edirdi. Ancaq heç udduğu məhkəmə işi olmamışdı. Əvəzində isə tamamilə təsadüfən məlum oldu ki, onun başqa qeyri-adi qabiliyyətləri var. Bu oğlan narkotik maddəni lap uzaqdan təyin edə bilirdi. Nə qədər etibarlı qablaşdırsalar da, yenə tapırdı. Əvvəl elə bilirdilər fokus-mokus göstərir, sonra başa düşdülər ki, məsələ ciddidir. Onu narkotiklərlə mübarizə idarəsinə işə götürdülər, sonra vəzifəsini də böyütdülər, orada inspektor oldu. Təsəvvürünüzə gətirin: girir zala, ətrafda min dənə əşya var. Baxır, (Mənzər narkotik axtaran adamı təqlid edərək otaqda gəzişir, burnunu çəkərək qoxunu təyin etməyə  çalışırmış kimi hərəkət edir), sonra da – ta-rap-p! –alıcı quş kimi cumur çamadanın, ya da yeşiyin üstünə! Budur, deyir,  burdadır narkotiklər! Açıb baxırlar – dübbədüz deyib.

SEYMUR. Yəqin iy bilir də?

MƏNZƏR. Nə deyim? Bəzi narkotiklər elə ustalıqla qablaşdırılmış olurdu ki, onları iyinə görə tapmaq qeyri-mümkündür, ancaq o tapırdı. Gültəkin deyir ki, bu, onlarda irsi bir qabiliyyətdir. Gültəkinin atası neftçi olub. O da bunun kimi imiş: deyirmiş ki, buranı qazın, burada neft var!  Qazırmışlar, görürmüşlər doğrudur, neft var. Şurabaddakı yatağı elə onun sayəsində tapıblar.

SEYMUR. Bəs bu dediyiniz, narkotikləri tapan oğlan, özü daha belə şeylərin daşını atıb?

MƏNZƏR. Klinikadan on üç il əvvəl buraxıblar onu. O vaxtdan bəri Gültəkinin əmri ilə ildə üç dəfə narkotikləri yoxlatdırmağa görə qanından, bir də tüpürcəyindən analiz verir. Həmişə də analizlərin cavabını Gültəkin özü alır. Hər şey təmizdir Oğlu narkotiklərdən birdəfəlik əl çəkib, amma indi də içkiyə qurşanıb.

SEYMUR. Deyəsən, sizin rəfiqəniz Gültəkin maraqlı insandır.

MƏNZƏR. Özü kimisi yoxdur. Zəng vurdum ki, şəkillərə görə təşəkkürümü bildirim, o da yalandan özünü elə göstərdi ki, guya çox sevindi. Şikayətləndi ki, evdən çölə çıxmıram, ayaqlarım ağrıyır, yoxsa mütləq köhnə məktəbimizə baş çəkərdik, ya da əvvəllərdə olduğu kimi, bulvarda gəzərdik. Mənim də ki, qəlbim kövrək, az qalmışdı şirin dilinə aldanam, ancaq vaxtında özümü ələ aldım. Öz-özümə dfikirləşdim: danış-danış, əzizim, mən sənin bu yağlı dilinə yaxşı bələdəm, dünya dağılsa da kraliçanın maşınında sənin görüşünə gələcəyəm. Görüm onda doğrudanmı sevinəcəksən?..

SEYMUR. Gedəcəyik, mütləq gedəcəyik. (Məryəmə). Jurnalist Taygerin gəlişindən sonra mən qəti qərara almışam ki, nəyin bahasına olursa-olsun, maşını oradan götürməliyəm. Ancaq necə?

MƏRYƏM. Bunun Taygerlə nə əlaqəsi var?

SEYMUR. Kimlərsə mənin gömrükxanaya getməyimlə bağlı iyrənc şayiələr uydurur. Belə şayiələrin kökünü kəsmək üçün maşını gömrükxanadan mümkün qədər tez almaq lazımdır. Bu, yeganə çıxış yoludur. (Telefon zəng çalır, Seymur dəstəyi qaldırır). Salam... Kim? Xeyr, tanımadım. A-a, salamlar. Nə tez yadına düşmüşəm? Bəlkə hələ bir yüz ildən sonra zəng vuraydın, maraqlanaydın ki, səsini tanıdım, ya yox. Məmnuniyyətlə. İşlə bağlı deyirsən? Olsun! Vacib işdir, lap yaxşı. Taparam, bildim, bəli-bəli, tanıyıram. Gecikmərəm. (Dəstəyi qoyur).

SEYMUR. Zəfər Tağıyevdir. Tələbəlik yoldaşımdır. Mən filologiya fakültəsində oxuyurdum, o, fəlsəfə. Neçə illərdir bir-birimizdən xəbərsizik. İndi zəng vurub. Deyir ki, nəsə vacib işi var.

MƏNZƏR (Seymura). O, nəşriyyatda işləmir? Yox? Bayaqdan unutmuşam deyəm ki, sizə nəşriyyatdan zəng vurmuşdular. Xahiş etdilər ki, oraya gedəsiniz.

SEYMUR. Nə xoş xəbərdir, sağ olun. Əsas məsələ budur. Sabah əvvəlcə nəşriyyata baş çəkərəm, sonra Zəfərlə görüşərəm.

 

Binanın üzərinə böyük bir lövhə vurulub: "Motosikletçilər və velosipedçilər idman cəmiyyətinin klubu". Ariya səslənir: "Metalın uğrunda can verir insan, İblis oralarda sulayır meydan". Böyük zalın yalnız bir küncü işıqlanır. Yerdə qalan məkan alaqaranlıqdır. Divarın işıq düşən hissəsi boyunca bir neçə kreslo düzülüb.

SEYMUR (zalda tək oturan şəxsə yaxınlaşır.) Salam, Zəfər. Deyəsən, gecikməmişəm.

 

Bu vaxt zalın qaranlıq hissəsindən kim isə peyda olur. Kişi olduğu bilinir, amma əynində əlabəzək qadın libası var, üz-gözünü ənlik-kirşanla bəzəyib. Söhbət edən dostlara yaxınlaşır.

GƏLƏN ADAM. Bəs mənim qrantım hanı?

SEYMUR (tələsik). Mən Qrant-zad tanımıram. Əslində, buranı da ilk dəfə görürəm. İndicə gəlmişəm.

ZƏFƏR (gələn adama). Əvvəl salam verərlər. Özünüz yaxşı bilirsiniz ki, qrantları xəzinədarla mühasib paylayır. Onlar da hələ gəlməyiblər.

GƏLƏN ADAM.  Mühasib hər dəfə özünü vurur keyliyə, guya Altsgeymer xəstəliyinə tutulub. İndi gələn kimi deyəcək ki, qrant söhbətindən heç xəbərim yoxdur. Yaxşısı budur, qrantımı ver. Axı niyə belə simiclik eləyirsən e?

ZƏFƏR (acıqlanır). Rica edirəm, qayıdın düzülün cərgəyə! Cəld olun!

GƏLƏN ADAM. Pa! Nə yaman hirsliymiş! Getdim, getdim (qadınsayağı yerişlə nazlana-nazlana uzaqlaşır, gedə-gedə donquldanır) Fu! Kobudun biri! Cındır!

SEYMUR (çaşqın halda). Zəfər! Bu nə həngamədir?

ZƏFƏR. Bu, adi iş günüdür – parada hazırlaşırlar. Bir az otursan, özün hər şeyi başa düşərsən.

SEYMUR. Çalışaram.

ZƏFƏR. Sən heç dəyişilməmisən.

SEYMUR. Özümü şux tuturam. Heç də göründüyü kimi deyiləm.

ZƏFƏR. Niyə? A-a, başa düşdüm. Yəqin, qəzetlərdə çıxan məqalələrə görə qanın qaralıb.

SEYMUR. Nə məqalə? Mən heç bir şey oxumamışam.

ZƏFƏR (əlində bir neçə qəzet var). Bizim bütün sarı mətbuat sənə hücuma keçib. Bu dörd qəzetin hamısında eyni şey yazılıb: yazırlar ki, sən gömrükxanada maşını almaq üçün yaman hay-küy qoparmısan. Gömrükxana işçilərini təhqir etmisən, ayaqlarını yerə çırpıb tələb etmisən ki, maşını sənə rüsumsuz versinlər, yəni layiq görüldüyün yüksək fəxri adlara hörmət əlaməti olaraq səndən rüsum almasınlar...

SEYMUR. Heç yaxşı olmadı. Maraqlıdır, görəsən, bütün bu çirkin uydurmalar kimə lazım imiş?

ZƏFƏR. Görünür, sənin düşmənlərindən kiməsə lazım imiş.

SEYMUR. Mənim düşmənim-zadım yoxdur. Yadından çıxıb məgər? Mən şairəm, esseistəm. Mən siyasətçi deyiləm, vəzifə davası eləmirəm, heç kəsin işinə baş qoşmuram. Evimdə, ya da bağımda oturub əsərlərimi yazıram. Mənim düşmənim yoxdur.

ZƏFƏR. Deməli, heç dostun da yoxdur. Bizim zəmanəmizdə belə yaşamaq olmaz. İnsan hiss etməlidir ki, onun arxasında dayanan qüvvələr var. Belə olanda ona batmaq çətinləşir. Sən məni başa düşdün? İndi deyirsən ki, bizim bu "şanlı" mətbuatı sənin üstünə kimin qısqırtmasından xəbərin yoxdur?

SEYMUR. Heç təsəvvürüm belə yoxdur. (Əlindəki qovluğu göstərir). İndicə nəşriyyatdan əsərlərimin ikicildliyinə görə qonorarımı almışam. İyirmi üç mindir. Bu gün gedib maşını götürəcəyəm. Və mənim guya gömrükxanada azğınlıq etməyimlə bağlı zəhlətökən şayiələrə birdəfəlik nöqtə qoyacağam.

ZƏFƏR. Sənin qoyacağın bu nöqtəni inanmıram görən olsun. Maşını alsan da, heç kəs bundan xəbər tutmayacaq. Adının hallandığı xoşagəlməz əhvalat isə insanların yaddaşından uzun müddət silinməyəcək. Mənə belə gəlir ki, bugünkü qəzetlərdə çıxan məqalələr səni ictimaiyyətin gözündən salmaq məqsədi güdən kampaniyanın hələ başlanğıcıdır.

SEYMUR. Yaxşı görək! Axı mən kimə və nəyə lazımam?

ZƏFƏR (yenə qəzetlərə işarə edir). Birinci dəfə bunları sənin üstünə kim qaldırıbsa, ona! Mən bilən, bu, hələ ilk hücumdur. Bundan sonra sənə dinclik yoxdur. Nahaq qımışırsan. Elə bilirsən, sənin həyatından mənfi faktlar tapa bilməzlər? Deyəcəksən ki, belə fakt yoxdur. Əslində isə, onlara heç fakt lazım da deyil. Onlar belə faktları özləri uyduracaqlar, hamı da inanacaq. Sənə elə qara yaxacaqlar ki, özün özünü tanımayacaqsan.

SEYMUR (rişxəndlə gülümsünür). Yaxşı, deyək ki, mən sənə inandım. Lap belə vahiməyə düşdüm. Ancaq heç olmazsa de görüm, bütün bunlar nəyə lazımdır və əgər bacarırsansa, izah elə görək, bu naməlum bədxahlar məndən nə istəyirlər?

ZƏFƏR. Mənə elə gəlir ki, sənin varlığın kimlərisə qıcıqlandırır. Çünki həyatda çox şeyə nail olmusan, məşhursan, heç kəsdən asılı deyilsən, heç kəsə yaltaqlanmırsan. Bu isə çoxlarına  rahatlıq vermir. Özün fikirləş də... Yəqin belə hesab edirlər ki, sən bütün bu əldə etdiklərinə layiq deyilsən. Görmürsən necə bir zəmanədə yaşayırıq. İncəsənət, ədəbiyyat heç kəsi maraqlandırmır. Bu gün insanlar yalnız hakimiyyətə və pula səcdə edirlər. Səndə isə bunların heç biri yoxdur. Sən, bir növ, zəmanənin  tələblərinə uyğun gəlməyən baxışların canlı mücəssəməsisən. Buna görə də səni, azad sənətkar olaraq nüfuzdan salmaq üçün bu işə girişiblər. Bir də ki, işlərinə yaraya bilərsən. Bu baxımdan istəyirlər qabaqcadan sənin ağzını bağlasınlar ki, daha üzüyola və sözəbaxan olasan. Baxaq görək sonrakı hadisələr necə cərəyan edəcək.

SEYMUR. Sən dünən mənə zəng vuranda bilirdin ki, bu gün qəzetlər nə yazacaqlar?

ZƏFƏR (bir qədər özünü itirmiş halda). Yo-ox. Əlbəttə ki, yox. Haradan bilə bilərdim?

SEYMUR (saatına baxır). Mən də elə düşünürəm. Ancaq dünən sən mənə dedin ki, hansı məsələyə görə mənimlə görüşmək istəyirsən. Bayaqdan yarım saatdır oturmuşuq, yalnız məndən və qəzetlərdən danışırıq. Keç mətləbə. Hansı işi deyirdin?

ZƏFƏR. Bəli, sən haqlısan. İş deyəndə ki, səndən bir xahişim var. Bu mənim üçün olduqca mühümdür.

SEYMUR. De görək nə məsələdir. Əlimdən gələn işdirsə, bacardığımı edərəm.

QARANLIQDAN SƏS (məlahətli bariton). Lifçiyimi qaytar, utanmaz!

2-Cİ SƏS (diskant). Biz lifçik-zad görməmişik! Bəlkə bu əskini deyirsən? Al, qulaqlarına taxarsan.

ZƏFƏR. Bizim şef-kurator səninlə görüşmək istəyir.

SEYMUR. Elə bu? Kiminlə istəyirsən görüşək.

ZƏFƏR. Özünün dediyinə görə, səninlə tanışdır, özü də lap çoxdan. Xahiş etdi ki, sizi görüşdürüm. Ciddi bir məsələ barədə səninlə söhbət etmək istəyir.

SEYMUR. Nə olar, etsin də.

ZƏFƏR. Ay sağ ol, elə bil çiynimdən ağır yük götürüldü. Bu dəqiqələrədək hələ də şübhə edirdim, incimə-e, çünki sən bir az qəribə adamsan...Necə münasibət bildirəcəyin aydın olmur.

SEYMUR. Bu sözləri mənim barəmdə deyirsən?

ZƏFƏR. Başqa kimin barəsində deyəcəyəm. Sənin xasiyyətini hamı bilir də. Odur ki, şübhə edirdim.

SEYMUR. Dediyin adamın adı nədir?

ZƏFƏR. Nikolas Asparux.

SEYMUR (azacıq düşünür). Adı yaman tanış gəlir. Bakıda yaşayır?

ZƏFƏR. Bakıya müntəzəm gəlir. İnan mənə, Nikolas Asparux zəmanəmizin sözükeçən simalarından biridir. Sən heç təsəvvürünə belə gətirə bilməzsən ki, bizim şef-kurator necə böyük nüfuz sahibidir. Dediyinə görə, siz tanışsınız.

SEYMUR. A-a, xatırladım. Mən onunla Rəhbərliyin Ümumdünya Konfransında tanış olmuşam. 1989-cu ildə Baltimorda. Mən həmin konfransın iştirakçısı idim, o isə həmsədri.

ZƏFƏR. Demək istəyirsən ki, sən Rəhbərliyin Ümumdünya Konfransının nümayəndəsi olmusan?

SEYMUR. Hə də. Oraya bir çox ölkələrdən, o cümlədən də müttəfiq respublikaların hamısında nümayəndələr dəvət olunmuşdu. Dəvətnamə ilə birlikdə təyyarə biletini də evə göndərmişdilər. Pasporta vizanı isə yola düşməzdən az öncə aeroportda qoydular.

ZƏFƏR. İşə bir bax. Camaatın bəxti gətirir də. Bəs necə olmuşdu ki, səni dəvət etmişdilər?

SEYMUR. Nə onda başa düşmüşdüm, nə də indi. Dəvət etdilər, mən də uçdum Amerikaya.

ZƏFƏR. Mənə belə gəlir ki, sən hələ indiyədək başa düşə bilməmisən ki, Rəhbərliyin Ümumdünya Konfransına dəvət edilmək nədir. Heç olmasa başa düşdün ki, söhbət hansı Rəhbərlikdən gedir?

SEYMUR. Şübhən olmasın, bəzi şeyləri hər halda başa düşdüm.

ZƏFƏR. Bəs səndən başqa Azərbaycandan daha kim vardı?

SEYMUR. Üç nəfər. Sonradan onlar Xalq Cəbhəsinin fəalları oldular, hər üçü Elçibəy hökumətinin tərkibinə daxil edildi. Onu da deyim ki, həmin Konfransa SSRİ-dən gəlmiş bütün iştirakçılar öz respublikalarına qayıtdıqdan sonra orada demokratik hərəkata başçılıq edirdilər. Üç il ərzində üç konfrans keçirilmişdi: Baltimorda, Monrealda, bir də Londonda. Mən isə yalnız birincinin işində iştirak etmişdim... Deməli, Nikolas sənin şef-kuratorundur? Boşuna deməyiblər: dağ dağa rast gəlməz, insan insana rast gələr. Bəyəm sən harada işləyirsən ki?

ZƏFƏR. "Turyan" Analitik Agentliyində. Şöbə müdiriyəm. Ölkənin bütün sahələrində işlərin vəziyyəti ilə bağlı hesabatlar tərtib edirik. İqtisadiyyat, siyasət, elm, ictimaiyyət... Bütün beynəlxalq təşkilatlar, informasiya agentlikləri bizim hesabatlarımızdan istifadə edirlər.

SEYMUR. Maraqlı işdir. Babat pul alırsan?

ZƏFƏR. Otuz beş min. Hələ üstəlik səfər, ezamiyyət,  təmsilçilik xərcləri və sair.

SEYMUR. İldə otuz beş min. Yaxşıdır, pis deyil.

ZƏFƏR (incik halda). İldə niyə? Bu, mənim aylıq maaşımdır. Nəzərinə çatdırım ki, çalışdığım Mərkəzdə mənim maaşım heç də yüksək sayılmır.

SEYMUR (rişxəndlə gülümsünür). Sənin bu "Turyan"ın yaman güclü təşkilatmış. Sevindim. Yəqin korluq çəkmirsən. Yaxşı, bəs hanı sənin şef-kuratorun?

ZƏFƏR. Nəzərinə çatdırım ki, o, yalnız "Turyan" Agentliyinin şef-kuratoru deyil, Rəhbərliyin Ümumdünya Konfransının daimi həmsədrlərindən biridir. (Seymur, təsdiq əlaməti olaraq başını tərpədir). Məndən xahiş etdi ki, səninlə görüşməzdən əvvəl bizim nə işlə məşğul olduğumuzu sənə təfərrüatı ilə və ən başlıcası, açıq-aşkar izah edim. Bura bizim məşq zalımızdır. (Xidmətçi oğlanı yanına çağırıb ona nə isə deyir, xidmətçi gedir).

ZƏFƏR (Seymura). Cənab Asparux sənin burda olduğunu artıq bilir.

Bir neçə nəfər adam yaxınlaşıb, boş stullarda əyləşir.

SEYMUR. Bunlar yəqin ki, motosikletçilər və velosipedçilərdir?

ZƏFƏR. Bunlar bizim təlimatçılardır.

SEYMUR. Bəs klubun üzvləri hanı? Motosikletçilərlə velosipedçilər?

ZƏFƏR. Yəqin iş başındadırlar – motosikletlərdə və velosipedlərdə. Xahiş edirəm, fikrimi yayındırma.

Parlaq işıq yanır. Divarlardan plakatlar asılmışdır: "Bircinsli nikahlar möhkəm ailənin təməlidir", "Vətənpərvərlik – xalq üçün tiryəkdir", "Sözlərə inan, ancaq qiymətli əşyaları girov götür", "Biz Azərbaycanın "Skuadra Adzurra"sıyıq".

Zala leysbiyanlardan, mavilərdən, transvestitlərdən və biseksuallardan ibarət bir dəstə qaçaraq daxil olur. Səs-səsə verib "Biz Azərbaycanın "Skuadra Adzurrası"yıq deyə çığırırlar. Kollektiv surətdə idman hərəkətləri edir, qəribə pozalar alırlar. Natiqlər şüarları uca səslə təkrar edirlər: "Hər bir ailəyə bircinsli nikah", "Biz bəşəriyyətin avanqardıyıq!" və i. a.

1-ci təlimatçı dəstəyə yaxınlaşır.

1-Cİ TƏLİMATÇI (əlini-əlinə vurur). Stop!"Hər bir ailəyə bircinsli nikah" şüarı ləğv edilir. Onu başqa bir şüarla əvəz edirik: "Xalq tələb edir ki, bircinsli nikahlar rəsmiləşdirilsin". Yazın! (İştirakçılardan birinə müraciət edir). Pardon! Bu nə yerişdir? Elə bil ikinci növbədən sonra evə tələsən sağıcısınız. Sizin yerişiniz tamaşaçıları coşdurmalıdır. Bax belə. (Göstərir). Aydındır? İndi isə gəlin bir də məşq edək. Hazırsınız? (Əlini əlinə vurur). Başladıq!

SEYMUR. Səndən soruşuram: bu nə hoqqadır?

ZƏFƏR. Məşq edirlər. Birinci ümumşəhər mitinqinə hazırlaşırlar, sonra da seksual azlıqların paradı keçiriləcək.

SEYMUR (şübhə ilə). Bakıda?

ZƏFƏR. Sivil dünyanın digər şəhərlərindən Bakının nəyi pisdir ki? Əlbəttə, Bakıda. İndi sənin gördüyün yalnız bir dəstə aktivistdir, parada isə onların həmkarlarından və həmfikirlərindən ibarət yüzlərlə adam gələcək.

SEYMUR. Yüzlərlə?

ZƏFƏR. Ümidvaram ki, belə olacaq. Bu il Azərbaycanda leysbiyanlar və mavilər hərəkatının inkişafı üçün bir milyon dollardan artıq vəsait ayrılıb. Bizim vəzifəmiz budur ki, həmin milyonun hər bir dollarından işin xeyrinə istifadə olunsun.

SEYMUR. Pulu kim ayırıb?

ZƏFƏR. Mütləq biləcəksən... Vaxtı gələndə.

SEYMUR. Qabaqcadan deyə bilərəm ki, bircinsli nikahlar ideyası Azərbaycanda keçməyəcək.

ZƏFƏR. Axı nəyə görə, dünyanın ən sivil və demokratik ölkələrinin bir neçəsi bircinsli nikahları qanunla artıq rəsmiləşdirdiyi halda, bu, "Azərbaycanda keçməyəcək"? Niyə ABŞ-da, Hollandiyada, Fransada, İngiltərədə bircinsli nikahlar qanuniləşdirilib, Azərbaycanda isə, sənin fikrincə, bu, mümkün deyil, hə?

SEYMUR. Niyəsini bilmirəm, ancaq bizdə belə şeyi qəbul etməzlər.

ZƏFƏR. Elə isə mən deyim. Bu halda iki variant mümkündür və hər iki variant bizi qane edər. Birinci variant daha inandırıcı görünür: İqtidar xalqın tələbinə əməl edəcək, yəni Milli Məclis bircinsli nikahlara icazə verilməsi barədə qanun qəbul etməyəcək. Bu, bizi qane edir. Belə olsa, dünyanın hər yerini etiraz dalğası bürüyəcək ki, Azərbaycanda demokratiya boğulur.

SEYMUR. Dalğanı kim qaldıracaq? (Zəfərə baxır). Başa düşdüm: vaxtı gələndə biləcəyəm... Bəs ikinci variant?

 ZƏFƏR. İkinci variant az inandırıcıdır. Əgər hakimiyyət xalqın istəyinə zidd gedərək bircinsli nikahlar haqqında qanunu qəbul etsə, bu da bizim işimizə yarayır. Xalq kütlələri arasında belə bir fikir formalaşdırmağa başlayacağıq ki, ölkə hakimiyyətində təmsil olunan şəxslər mavilərdən və lesbiyanlardan ibarətdir. İkinci variant bizi birincidən daha çox qane edir. Yəqin ki başa düşdün. Yeri gəlmişkən, bircinsli nikahlar probleminə sənin özünün münasibətin necədir?

SEYMUR. Açığını deyim ki, indiyənədək bu barədə heç düşünməmişəm... Lakin hesab edirəm ki, əgər bir əsl kişi başqa bir əsl kişi ilə evlənmək istəyirsə və o biri kişi də ona ərə getmək arzusundadırsa, başqalarının bu intim məsələyə müdaxilə etməsinə ehtiyac yoxdur. Qoy kimin kefi necə istəyir eləcə də əylənsin. Bir şeyi başa düşmürəm,  parad-marad nəyə lazımdır? Bu ki şəxsi məsələdir.

ZƏFƏR. Cəmiyyət tərəfindən qəbul edilmək üçün. Onlar da hamı kimi yaşamaq istəyirlər və buna nail olacaqlar. Müasir dünyamızda seksual azlıqların nə qədər güclü və nüfuzlu siyasi qüvvə olduğunu bilsən, çaşıb qalarsan! Dünya ilə maraqlan da! Bəzi ölkələrdə onlar artıq çoxdan bəridir ki, hakimiyyət orqanlarını, kütləvi informasiya vasitələrini, ilk növbədə də televiziyanı nəzarətdə saxlayırlar. Avropa İttifaqının parlamentində heç bilirsən, onların nümayəndələrinin necə böyük nüfuzu var? Bu qüvvəni bizim ölkəmizdə də işə salmaq lazımdır. Zəmanəmizdə əsl demokratiya seksual azlıqların nümayəndələrinin fəal iştirakı olmadan ağlasığmazdır.

SEYMUR (açıq-aşkar maraqla Zəfərə baxır). Belə çıxır ki, seksual azlıqlar, necə deyərlər, yeni bir irqdir, bəşəriyyətin inkişaf zirvəsidir.

ZƏFƏR. Bax lap düz tapdın. Məhz yeni irqdir!

SEYMUR. Səni də yeni irqin təmsilçisi saya bilərikmi?

ZƏFƏR. Xeyr, mən sadəcə onları dəyərləndirirəm. Bu, siyasi qüvvədir və biz onlardan mütləq istifadə etməyə borcluyuq! Onlarla işləmək asandır, bunların əksəriyyəti təhsilli, ziyalı insanlardır. Açıq deyim, mavilərlə və lesbiyan qadınlarla işləmək bizim müxalifət partiyalarının fəalları ilə işləməkdən qat-qat asan və xoşdur. Onlar bizim hamilik etdiyimiz müxalifətçilər kimi acgöz, davakar deyillər. Bizim təşkilat yeddi müxalifət partiyasının fəaliyyətinə nəzarət edir. Bu gün onlarla növbəti məsləhətləşmələr keçirəcəyik. Bir azdan gələcəklər. Özün görəcəksən.

(Xidmətçi oğlan onlara yaxınlaşır)

XİDMƏTÇİ (Seymura). Cənab Asparux sizi öz kabinetində gözləyir. Mən sizi ötürərəm.

SEYMUR. Zəfər, sən getmirsən?

ZƏFƏR. Səni burada gözləyirəm.

("Toska" operasından Kavaradossinin sonuncu ariyası səslənir. Nikolas Asparuxun kabineti. O, üzərinə kompyuter qoyulmuş yazı masasının arxasında əyləşib. Seymuru görəndə ayağa qalxır, onun qarşısına yeriyib gülərüzlə salamlaşır və üzbəüz kresloda əyləşməyi təklif edir).

NİKOLAS (xidmətçiyə). Bizə qəhvə gətirin. (Xidmətçi gedir). Hər şeydən əvvəl soruşmaq istərdim ki, Baltimorda bizdən ayrıldıqdan sonra Monrealdakı toplantıya niyə gəlmədiniz?

SEYMUR. Nə bilim... Heç fikirləşmədim ki, mənim yoxluğum nəzərə çarpar... Yadımdadır, Monreal konfransından təxminən bir ay əvvəl Dağlıq Qarabağda hərbi əməliyyatlar başlandı. Bundan əlavə, bilirdim ki, birinci konfransda olduğu kimi, Monrealda da mən gün ərzində bir neçə dəfə bəzi xoşagəlməz insanlarla görüşüb söhbət etməyə məcbur olacağam. Məsələn, Oskotski, Starovoytova, Kalugin, nə bilim daha kimlər...

NİKOLAS. Sizin onlardan xoşunuz gəlmirdi? Bilirsiniz, əgər məqsədə doğru hərəkət edirsənsə, kiminləsə görüşün ürəyincə olub-olmamasının fərqinə varmamalısan. İşin xeyri üçün insanları əsas iki kateqoriyaya bölmək daha sərfəlidir: gərəkli və gərəksiz.

SEYMUR (gülümsünür). Yəqin ki, həmin o dediyiniz məqsədi mən iyirmi il əvvəl görə bilməmişdim.

NİKOLAS. Siz konfransda yaxşı çıxış etmişdiniz. Sovet İttifaqında baş verəcək hadisələrin müfəssəl təhlili çıxışınızda çox gözəl verilmişdi. İki-üç ildən sonra SSRİ-nin dağılacağını o vaxtlar barmaqla sayılası qədər az adam bilirdi. Siz bundan xəbərdar ola bilməzdiniz, ona görə də sizin həmin çıxışınızı dinləyəndə ağıla gələn yeganə fikir bu idi ki, bir yazıçı olaraq siz öncəgörmə qabiliyyətinə maliksiniz.

SEYMUR. Amma orada mən Qarabağ hadisələri mövzusunda çıxış etmək istəyəndə mənə söz vermədilər. Ciddi tələb edə bilmədim, çünki digər opponentlərin də bu mövzuda çıxışlarına icazə verməmişdilər.

NİKOLAS. Unudun getsin. O vaxtdan iyirmi il keçib. Biz yenə həmin istiqamətdə işimizi davam etdiririk. Təkcə vəziyyət dəyişib. Baltimor konfransının keçirildiyi vaxtı yadınıza salın. O dövrdə bütün müstəqil dövlətlər bir növ, qalaya bənzəyirdi: onları əhatə edən "qala divarları" kənardan hər cür müdaxilənin qarşısını alırdı. Bu gün isə hər şey kökündən dəyişilib. Dövlətin bütün proseslərinə beynəlxalq nəzarət artıq onun işinə müdaxilə sayılmır. Müasir dünyada, demək olar, elə bir ölkə qalmayıb ki, onu tarixən alışdığımız anlamda müstəqil və suveren hesab etmək mümkün olsun. Düzdür, bəzi ölkələrin rəhbərləri yeni dünya qaydasını hələlik qəbul etmirlər, lakin bu, müvəqqətidir. Tezliklə onların da müqaviməti qırılacaq. Qarşıda növbəti mərhələ durur. Bu mərhələ planetimizin bütün dövlətlərini ümumi həqiqi demokratiya məkanında birləşdirəcək və orada hamı üçün məcburi olan vahid qanunlar və etik normalar qüvvədə olacaq. Sizin buna necə baxırsınız?

SEYMUR. Maraqla. Axı mən həyatımın bir çox illəri ərzində hər gün "Bütün ölkələrin proletarları, birləşin" şüarını eşitmişəm. Odur ki, indi heç bir daxili müqavimət hiss etmədən dövlətlərin və xalqların birləşməsinə dair yeni ideyaları dinləməyə hazıram.

NİKOLAS. Bəs "Bütün ölkələrin proletarları, birləşin" şüarınına sizin münasibətiniz necə idi?

SEYMUR. Bu şüar məni vahiməyə salırdı, amma susurdum. Qəlbimin dərinliklərində ümid bəsləyirdim ki, bütün ölkələrin proletarlarının birləşməsi heç vaxt baş tutmayacaq.

NİKOLAS (saatına baxır). London reysi saat yarımdan sonra yola düşür. Gələn dəfəki səfərimdə bu barədə ətraflı danışarık. Ümidvaram ki, mənimlə bir daha görüşmək istəyəcəksiniz.

SEYMUR. Mübaliğəsiz deyə bilərəm: sizinlə söhbət etmək mənə həzz verir.

NİKOLAS. Sağ olun. İndi isə konkret məsələdən danışaq. Əməkdaşlıq etməyə məcbur olduğumuz müxalifət liderləri barədə öz fikirlərimi sizinlə qısaca bölüşmək istəyirəm. Onların hamısı  radikal əhval-ruhiyyəli pul hərisləridir. İnsanın özünə tənqidi münasibəti adlandırılan keyfiyyətdən onlar tamamilə məhrumdurlar. Bununla belə, çox şöhrətpərəst və ambisiyalıdırlar. Azərbaycandan başqa heç yerdə görməmişəm ki, bu qədər çox sayda şəxs ölkə prezidenti olmağa yalnız özünü layiq bilsin.

SEYMUR. Bunun nəyi pisdir? Mən həmişə belə hesab etmişəm ki, bu keyfiyyətlər olmadan siyasətçi uğur qazana bilməz.

NİKOLAS. Şübhəsiz. Bu keyfiyyətlər sayəsində onlardan işin xeyri üçün istifadə etmək olardı. Lakin əfsuslar olsun ki, söylədiklərimdən savayı, onlarda heç bir başqa məziyyət tapmadıq. Həddən artıq nadan olduqlarına görə anlamaq iqtidarında deyillər ki, real şəraitdə ən adi şeylər barədə təsəvvürü olmayan siyasətçiyə yer yoxdur. Onların, demək olar ki, heç biri Svetoniya, yaxud Makiavelli barədə eşitməyib. Klassik yazıçıların adları onlara heç tanış deyil. Bir də başa düşə bilmirəm ki, niyə Azərbaycanda müxalifət liderləri həmişə sifətlərinə ciddi ifadə verirlər. Camaat arasında onların üzündə heç vaxt təbəssüm olmur. Üzlərindən zəhrimar yağır, bilmirsən düşmənə nifrətdəndir, yoxsa partnyorlara həsəddən. Əslində isə, siyasətçinin üzündən təbəssüm əskik olmamalıdır. Bütün bunlar bir yana. Həmin adamlar elə əməllər törədiblər ki,  təkcə iqtidarın deyil, xalqın da gözündən düşüblər. Hətta öz partiyadaşları belə, artıq onlara etibar etmirlər. Yekun sevindirici deyil. Bu gün onların hamısı siyasətdə "zay məhsul"dur. Onların heç biri lider deyil.

SEYMUR. Siyasət meydanında yer kifayət qədərdir, fəqət illərdən bəridir ki, orada ancaq bu adamları görürük. Deməli, olan budur, başqaları yoxdur. Vaxtilə Stalin Yazıçılar İttifaqının sədrinə elə-belə də demişdi: məndə sizin üçün başqa yazıçı yoxdur.

NİKOLAS (təbəssümlə). Elədir. Lakin Stalin bu sözləri deyəndən sonra başqa yazıçılar peyda oldu. Mən istərdim ki, siz də bizə qoşulasınız. Sizin təmiz adınız çox şey deməkdir. Namuslu, vicdanlı insan kimi böyük nüfuzunuz var. Bizə qoşulsanız, bu, yalnız işin xeyrinə olar, siz də uduzmazsınız. İnanın mənə, sizin qarşınızda elə üfüqlər açılacaq ki, heç ağlınıza belə gəlməz. Skeptik alimlərin proqnozlarına rəğmən, mən bəşəriyyətin nurlu gələcəyə qovuşacağına inanıram. Sizin əlinizə imkan düşüb ki, bu gün həmin o gələcəyi quranlardan biri olasınız. Bu barədə düşünün!

SEYMUR. Hər şey elə gözlənilməz oldu ki... Bu gün mən nə qədər yeni şeylər öyrəndim.

NİKOLAS. Başa düşürəm. Verəcəyiniz qərar sizin həyatınızı dəyişə bilər, odur ki, hər şeyi ölçüb-biçməlisiniz. Ancaq məsələni çox uzatmayın. Sabahadək düşünün. Öz qərarınızı Zəfər Tağıyevə bildirərsiniz. O, mənə zəng vurar.

SEYMUR. Günü sabah onunla görüşərəm. Sizə yaxşı yol.

NİKOLAS. Salamat qalın.

Seymur qapıya sarı gedir.

NİKOLAS. Cənab Xanlarov! (Seymur ayaq saxlayır). İşimizə dəxli olmasa da, demək istəyirəm ki, qəbul edəcəyiniz qərardan asılı olmayaraq, mənim sizə hörmətim və dostcasına münasibətim dəyişməz qalacaq.

Seymur dinməzcə, başını tərpətməklə sağollaşıb çıxır. "Skuadra Adzurra" ilə müxalifət partiyaları fəallarının birgə ifasında "Nabukko" operasından möhtəşəm xor səslənir. Seymur qayıdıb Zəfərin yanında əyləşir.

SEYMUR (xorda oxuyanlara baxıb, təəssüflə). Bu ki fonoqramdır!

ZƏFƏR. Əlbəttə, fonoqramdır. "La Skala" teatrının xor və orkestrinin ifasında "Nabukko" operasının lent yazısıdır. Gördüklərin isə yeddi müxalifət partiyasının və "Skuadra Adzurra"nın fəallarıdır. Hər görüşdə xorla mahnılar oxuyurlar. Görüşlərdə yeddi müxalifət partiyasının, demək olar ki, hamısının rəhbərlərini xora cəlb edirik. Nə üçün? İş naminə! Sən bilməlisən ki, bu müxalifət partiyasının yeddisi də bizim tam nəzarətimiz altındadır. Lakin öz aralarında onlar yola getmirlər. Bu adamları bir masa arxasında əyləşdirmək hər dəfə problemə çevrilir. Biz onlara tam sərbəstlik vermişik, kimini ayrılıqda amerikalılar maliyyələşdirir, digərlərini Avropa ölkələri, üçüncüləri isə İranın radikal qruplaşmaları və ya Səudiyyə Ərəbistanı. Bəziləri hətta ermənilərdən belə pul almağa çəkinmirlər. Biz belə şeylərə əhəmiyyət vermirik.

SEYMUR. Bəs bir halda ki, pulu başqaları verir, siz onlara necə nəzarət edirsiniz?

ZƏFƏR. Çünki hamıdan çox pul verən elə bizik. Onların hamısı birlikdə yalnız bizim təşkilatımıza tabedirlər. Onlar bizə yalnız birləşmiş monolit qüvvə kimi gərəkdirlər. Hər şey başlıca məqsədə yönəldilib. Bu yolda çalışır, heç nədən çəkinmirik. Fikir ver, görürsənmi, dirijor yerində dayanmış şəxs bizim psixoloqumuzdur. Diqqətlə baxır ki, hamı oxusun. Bu adam öz sahəsində görkəmli mütəxəssisdir və son elmi araşdırmaların nəticələrinə uyğun olaraq iddia edir ki, müxtəlif baxışlara malik, müxtəlif  xarakterli və fərqli tərbiyəyə malik insanlar xorda müntəzəm olaraq birlikdə mahnı oxumaq sayəsində tədricən bir-birlərinə dözümlü yanaşmağa başlayırlar. O əmindir ki, müxalifət partiyalarının liderləri xorda birlikdə oxumaqları sayəsində tədricən bir-birlərinə daha yaxşı münasibət bəsləməyə başlayacaqlar. Hər halda o əmindir ki, partiya liderləri arasındakı didişmələri dayandırmağa nail olacaq və bundan sonra onlardan təkcə mitinq və piketlərdə deyil, ciddi birgə aksiyalarda da istifadə edə biləcəyik. Bizim vəzifəmiz onları birləşdirməkdir, belə olsa, təşkilatımız qəti hərəkətlər üçün çox güclü bir qüvvə əldə etmiş olacaq. Sən də bu barədə düşün.

SEYMUR. Bugünkü şərait qəti hərəkətlər üçün yararlıdır?

ZƏFƏR (qımışır). Əlbəttə ki, yox. Bu gün Azərbaycan iqtidarı öz qüvvəsinə əmindir. Həm də, xalq dəyişikliklərə hələ hazır deyil.

            SEYMUR. Deməli, əlverişli şərait o vaxt yaranacaq ki, hakimiyyət zəifləsin və xalq çaşqınlıq içində olsun? Eləmi? Məsələn, gözlənilməz kataklizmlər təşkil etmək – dağıdıcı zəlzələ, yaxud kütləvi Sibir yarası və ya taun epidemiyası... Yarayar?

ZƏFƏR. Prinsipcə, sən haqlısan. Ancaq zəlzələ, yaxud epidemiya, Allah bilir, nə vaxt olacaq və ümumiyyətlə olacaqmı. Kimdir onları gözləyən? İstəsək, epidemiya təşkil etmək olar, ancaq bu, çox çətindir, icazə verməyə bilərlər. Biz siyasi kataklizmlərə üstünlük veririk. Onlar gözlənilməzdir və daha tez-tez baş verir... Məsələn, Dağlıq Qarabağda müharibəni təzədən qızışdırmaq. Necədir?

SEYMUR. Gör heç mənim ağlıma gəldi?! Sözsüz, ən əlverişlisi Qarabağda müharibədir! Bundan yaxşısı ola bilməz! Müharibənin qızğın çağında fürsət tapıb arxadan zərbə endirmək! Afərin, uşaqlar, hər şey lap məntiqəuyğundur! Yaxşı, mən gedim... Nikolasa söz verdim ki, cavabımı sabah bildirəcəyəm. Sənin vasitənlə.

ZƏFƏR. Sən də qəribə adamsan. Sabah! Burada fikirləşməli nə var ki? Belə təklifi insan ömrü boyu bircə dəfə ala bilər. Dərhal razılaş. Nə qədər ki, buradadır, razılığını bildir. Başa düş, ay avam, sənin istədiyin və hətta heç ağlından belə keçirmədiyin hər şeyin olacaq.

SEYMUR. Haqlısan. Bəzən mən özüm də özümə qəribə görünürəm. Yəqin qocalıqdandır. Təzə-təzə şakərlər əmələ gəlir. Məsələn, bax, mənim bir əl ağacım var. Adi çəlikdir, qoz ağacından düzəldilib, həmişə əlimdə olardı, amma bu gün yadımdan çıxarıb evdə qoymuşam. Onsuz özümü bir az narahat hiss edirəm. Qərar qəbul etmək bir yana, heç fikrimi də cəmləşdirə bilmirəm.

ZƏFƏR. Səni başa düşürəm. Siqareti tərgitdikdən sonra düz yarım il belə vəziyyətdə olmuşam.

SEYMUR. Sabahkı görüşə gələndə həmin çəliyimi də özümlə götürəcəyəm. Onda görəcəksən ki, mən nə qətiyyətli və gümrah olmağı bacarıram. Hə, yadıma düşdü. Bayaqdan səndən soruşmaq istəyirdim... Hərdən mətbuatda "Fridom haus" və "Hyumen rayts wotç" beynəlxalq təşkilatların hesabatlarını oxuyuram. Onlara Azərbaycandakı vəziyyətlə bağlı məlumatları təsadüfən sənin analitik "Turyan"ın təqdim etmir ki?

ZƏFƏR. Əsasən, biz təqdim edirik. Həm də təkcə onlara yox, xaricdə bizim müştərilərimiz çoxdur.

SEYMUR. Əla! Afərin, "Turyan"! Cəsarətinizə bərəkallah! Bəs necə olur ki, bu əməllərə görə "Turyan"a "gözün üstdə qaşın var" deyən olmur? Mənim oxuduğum məlumatlar təpədən-dırnağa yalandır.

ZƏFƏR. Sən də ağ eləmə! Yalan yox, şüurlu dezinformasiyadır... Düzdür, hərdən əndazəni aşırıq, amma sifarişçilərimiz şikayətçi deyillər. Hələ baxaq görək sən necə işləyəcəksən.

SEYMUR. Yaşayarıq, görərik.

ZƏFƏR. Deməli, sabah görüşürük. Yapon mətbəxi ilə aran necədir? Saşimi, suşi – bunları bəyənirsən?

SEYMUR. Məmnuniyyətlə yeyərəm.

ZƏFƏR. Mən səni dəvət edirəm. Söhbətləşmək üçün restoran ən münasib yerdir. Sabah saat ikidə "Mado" restoranında görüşərik. Ofisianta deyərsən ki, mənim yanıma gəlmisən, özü səni ötürər.  

SEYMUR (qətiyyətlə). Xeyr. Biz restoranın girişində, küçədə görüşək.

ZƏFƏR. Nə fərqi var? İstəyirsən, küçədə görüşək. Saat iki tamamda restoranın girişində. Söhbətimiz konkret olacaq. Sən də gərək fikrini cəmləşdirəsən. Odur ki, sənə gümrahlıq gətirən çəliyini də götürməyi unutma.

SEYMUR. Unutmaram. Çəliksiz sanki yarı canım evdə qalıb.

ZƏFƏR. Özünü yaxşı hiss edirsən? Elə bil rəngin avazıyıb?

SEYMUR. Sənə elə gəlir. Qulaq as, Zəfər, elə-belə soruşuram, hər ehtimala qarşı: necə bilirsən, ola bilərmi ki, bu sarı mətbuat sabah da məni "yıxıb-sürüsün"?

ZƏFƏR. Sən nə danışırsan, arxayın ol. Nə sabah, nə birisi gün, nə də başqa heç vaxt. Bundan sonra sənin barəndə ancaq yaxşı şeylər yazacaqlar. Gen-bol mədh edəcəklər, necə deyərlər, sabahdan etibarən başlayırıq sənin güclü təbliğatına.

SEYMUR. Yaxşı. Sabaha qədər!

Albioninin "Adajio"sundan qəmli melodiya səslənir. Seymurun mənzili. Qonaq otağı. Mənzərlə Məryəm ağlayırlar.

MƏRYƏM (gözünün yaşını silir). Mən də yaman qəmləndim, ancaq sən özünü bu qədər üzmə, hələ çox zəifsən. Gültəkin xala xəstə yatmadı. Gözlərini yumub sakitcə, quş kimi bu dünyadan köçdü. Ailəsinin, yaxınlarının əhatəsində şam kimi bir andaca söndü. Deyirlər, öləndə də dodaqlarından təbəssüm silinməyib. Mən də istərdim ki, əcəlim çatanda elə onun kimi, rahatca dəyişim dünyamı.

MƏNZƏR. Sən mənim nə çəkdiyimi başa düşə bilməzsən. Heç bilmirdim ki, ona bu qədər bağlıyam. Gültəkinin ölümü elə bil ətrafımda tam bir boşluq yaratdı. Bundan sonra yaşamağımın nə mənası?! İstəyirəm gedib bir küncdə uzanım, gözlərimi yumub ölüm.

MƏRYƏM. Belə danışmaq günahdır! Sənin övladların, nəvələrin, dostların var. Özünü ələ al, görəcəksən ki, həyat davam edir, ətrafında isə boşluq deyil, səni sevən insanlardır.

 

Seymur gəlir. Astanada ayaq saxlayır.

SEYMUR. Nə olub sizə? 

MƏRYƏM. Gültəkin xala bu gecə rəhmətə gedib... Heç bilmirəm anamı necə sakitləşdirim... Aman Allah, indicə bayılacaq! Seymur, nə edək?

            SEYMUR (keçib Mənzərlə üzbəüz əyləşir). Dərdinizə şərik oluram. Allah rəhmət eləsin. Ancaq təsəvvür edirəm ki, sizin ölüm xəbərinizi Gültəkin almış olsaydı nə edərdi. (Mənzər hönkürtüsünü kəsib gözlərini açır). Xahiş edirəm, bir anlıq təsəvvürünüzə gətirin, sizin qəfil ölüm xəbərinizi eşitsəydi, Gültəkin özünü necə aparardı?

MƏRYƏM. Seymur, sən nə danışırsan?

MƏNZƏR (hələ də zəif səslə, lakin bir az dirçəlmiş halda). Məryəm, xahiş edirəm, mane olma. (Seymura). Hə, sizcə nə edərdi?

strong>SEYMUR. Deyim də. Əlbəttə, şübhəsiz ki, ürəkdən kədərlənərdi. Amma Gültəkin xala müdrik insan idi. O, ümidsizliyə qapılmazdı. Çünki Gültəkin xala görüb-götürmüş qadın idi. Bilirdi ki, bu dünyadan köçən insanlar yaxınlarından və sevdikləri insanlardan heç də əbədi ayrılmırlar.

MƏNZƏR (bir az istehzalı tərzdə). Gültəkin bunu haradan bilə bilərdi ki? Məsələn, mən belə şey eşitməmişəm. Seymur, yoxsa siz o dünyaya, cənnət-cəhənnəm barədə mənasız, cəfəng nağıllara doğrudan inanırsınız?

SEYMUR. Nağıllara, həm də cəfəng nağıllara, təbii ki, inanmıram. Söhbət başqa şeydən gedir... Gültəkin məsələsinə qayıdaq. Məgər özünüz demirdiniz ki, onunla yola getmək çətin olsa da, dünyagörmüş insandır? Elə isə, deməli, o bilirdi ki, Tanrı ulduzları, planetləri əbəs yerə yaratmayıb. Təbiətdə heç bir şey elə-belə mövcud deyil. O cümlədən ulduzlar da. Onların yaradılışında dərin məna var. Bunu anlamağa yalnız seçilmiş insanlar qadirdir, təkrar edirəm, seçilmiş və incə duyğulu insanlar. Məni başa düşürsünüzmü?

            MƏNZƏR. Burada başa düşülməyəcək nə var ki?

            SEYMUR. Deməli, siz başa düşürsünüz ki, ilk baxışda faydasız görünən ulduzlar ondan ötrü yaradılıb ki, yer üzündə ömrünü başa vurub dünyasını dəyişən insanların ruhları o ulduzlarda qərar tutsunlar. Bu, tamamilə səhih məlumatdır.

            MƏNZƏR (hələ də razılaşmaq istəmir). Gültəkin mənə bu barədə heç nə danışmamışdı.

            SEYMUR. Yəqin vaxtı olmayıb. Bəlkə də danışmaq istəməyib... O, təbiətən qapalı insan idi. Bəs mən? Mən sizə nə vaxtsa yalan danışmışam? Gecə vaxtı, əgər fikrinizi cəmləyib ulduzlara diqqətlə baxsanız, hiss edə bilərsiniz ki, onların çoxundan sizi tərk etmiş yaxınlarınızın ruhları boylanır; özü də sizlərə sevgi ilə, gələcək görüşünüzə inamla boylanırlar. Əlbəttə, Gültəkin bütün bunları bilirdi, ona görə doğmaları ilə də vidalaşarkən dodaqlarında təbəssüm varmış, inanın mənə, siz onunla mütləq görüşəcəksiniz, ancaq hadisələri tezləşdirmək lazım deyil. Biz hamımız hansısa gözəl bir planetdə nə vaxtsa görüşəcəyik. Bu, labüddür. O vaxta qədər isə yaşamaq və yaşadığına sevinmək lazımdır.

            MƏNZƏR (fikirli halda). İnana bilmirəm, hər şey sizin təsvir etdiyiniz kimidir.

            SEYMUR. Gələn dəfə mən sizə bu barədə ətraflı, təfsilatı ilə söhbət açaram, siz də inanarsınız ki, mənim söylədiklərimə şübhə ola bilməz, onları yoxlamağa ehtiyac da yoxdur. Bu günlük bu qədər yetər. Axı siz onu son mənzilə yola salmağa gedəcəksiniz.

            MƏNZƏR (sanki birdən ayılır). Əlbəttə, mən getməliyəm! Necə də oturub arxayın söhbət edirəm! Əgər mən orada olmasam, camaat nə fikirləşər? Gedim, geyinim. (Gedir).

MƏRYƏM. Halı xeyli yaxşılaşdı, afərin sənə, anamı xilas etdin.

            SEYMUR. Bilirsən buna nə deyirlər? Xilasedici yalan.

            MƏRYƏM. Düzünü de. Ruhların ulduzlara köçməsini sən elə bu dəqiqə uydurdun?

            SEYMUR. Yox, bunu kimlərsə bizdən çox-çox əvvəl uydurub. Mən isə, sadəcə, vaxtında xatırladım və yerinə düşdü. İndi bir balaca işim var, çox vaxt aparmaz, sonra gömrükxanaya dəyəcəm, gedəndə piyada gedəcəyəm, amma "rolls-roys"la qayıdacağam.

            MƏRYƏM. Bu maşına görə əsəblərin yaman pozuldu.

            SEYMUR. Ola bilər, bir az qanım qaraldı, amma boş şeydir. Əvəzində bu maşın sayəsində çox mətləblərdən agah oldum. Hələ fikirlərimdəki təbəddülatı demirəm. Əvvəllər mənə xas olmayan fikirlərə düşmüşəm, elə bu da "rolls-roys"un sayəsindədir. Misal? Buyur. Bu gün səhərdən, daha dəqiq desək, dünən axşamdan qərara almışam ki, siyasətlə ciddi məşğul olacağam.

            MƏRYƏM. Həqiqətən, sənə xas olmayan bir qərardır! Axı sən həmişə deyirdin ki, siyasətlə yalnız peşəkarlar məşğul olmalıdır.

            SEYMUR. Doğrudur, hələ mən başqa şeylər də demişəm.

            MƏRYƏM. Çoxdan demisən, ancaq mənim hər şey yadımdadır. Hansısa yığıncaqdan gələndən sonra dedin ki, bu, mənlik deyil. Namuslu insan siyasi fəaliyyətlə yalnız o halda məşğul olmalıdır ki, onun ölkəsi təhlükə qarşısında qalmış olsun.

            SEYMUR. Məhz elə buna görə də indi qərara almışam ki, dərhal siyasətlə məşğul olmağa başlayım. Bilirsənmi, dünən hiss etdim ki, dərin yuxudan ayılmışam.

            MƏRYƏM. İndi hər yerindən duran siyasətlə məşğul olur. İstəyirsən, sən də ol. Ancaq mən bir şey başa düşmürəm: təhlükəni nədə görürsən?

            SEYMUR. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxtlar yadındadır?

            MƏRYƏM. Hərdən qorxulu yuxu kimi xatırlayıram.

            SEYMUR. İndi isə təsəvvürünə gətir ki, o vaxtkı cəbhəçilərdən qat-qat ağıllı olan birisi dövləti dağıtmaq fikrinə düşür, sadə dillə desək, Azərbaycanda "rəngli inqilaba" bənzər bir iğtişaş yaratmağa cəhd göstərir.

            MƏRYƏM. İstəsinlər də. Şükr Allaha, görmüşük bu rəngli inqilabların haralarda baş verdiyini – zəif, qorxaq rəhbərləri olan respublikalarda. Onlar könüllü olaraq özlərini dilənçi həyata məhkum ediblər. Allaha çox şükr ki, bizdə belə şey ola bilməz.

            SEYMUR. Heç də hamı belə düşünmür.

            MƏRYƏM. Bu gün Azərbaycanda kim istəyər ki, firavanlığını itirsin, rahat gün-güzəran əvəzinə, Xalq Cəbhəsinin dövründə gördüyümüz hərcmərcliyin cənginə düşsün? Anam deyirdi ki...

            SEYMUR. Aydındır. Hər şeyi başa düşdüm, deməli, xalq məni dəstəkləmir.

            MƏRYƏM. Dəstəkləyir, dəstəkləyir və söz verir ki, sənə kömək edəcək. Bəs sənin bu siyasi məşğuliyyətin hansı şəkildə olacaq?

            SEYMUR. Əsas məsələ odur ki, nə etmək lazım gəldiyini bilirəm. Amma fəaliyyətə başlamazdan öncə mən həmfikirlərimi – yazıçıları, rəssamları, kinematoqrafçıları, bütün yaradıcı insanları bir yerə toplamalıyam. Ən ağıllılarını və cəsarətlilərini. Nələr baş verdiyini onlara danışmalıyam. Qoy daha susmasınlar. Xalq onların səsini eşitməlidir. Sual var?

            MƏRYƏM. Bəli, xalqın sualı var. Misal üçün, xalq bilmək istəyir ki, biz "rolls-roys"u neyləyəcəyik?

            SEYMUR. Sürüb apararıq bağımıza. Qoy orada talvarın altında qalsın. Gələn qonaqlarımıza göstərərik.

            MƏRYƏM. Bu gün bir ətək pulu aparıb gömrük rüsumu verəcəksən ki, maşın talvarın altında qalıb çürüsün?

            SEYMUR. Bəs nə edim? Hər necə olsa, kraliçanın maşınıdır.

            MƏRYƏM. Bilirəm, kraliçanındır. Bəs mən? Düzdür, mən kraliça deyiləm, ancaq yenə də istəyirəm ki, mənim də fikrimi biləsən. Bəlkə onu sataq? Burada pis nə var ki? "Rolls-roys"u satdığımıza görə bizi heç kim qınamaz. Sənin milyarder dostun da düz başa düşər.

            SEYMUR. Bilirsənmi, bu həyatda kifayət qədər ömür sürdüyümə görə, bəzi həqiqətləri dərk etməyə vaxtım olub. Fikir vermişəm: əgər hansısa bir normal yaxşı insanın xanımı özünün kraliça olduğu fikrini zaman-zaman beynindən keçirmirsə, deməli, bu cütlüyün nikahında hansı mühüm bir məqamsa baş tutmayıb və bunun da günahı məhz kişidədir.

            MƏRYƏM. Bəs elə isə, həmin bu normal yaxşı insan nə etməlidir ki, onun həyat yoldaşı özünü kraliça hesab edə bilsin?

            SEYMUR. Əsl qadın özünü o vaxt kraliça hesab etməyə başlayır ki, həmin bu normal yaxşı insanın onu sevdiyini və onun yolunda canından belə keçməyə hazır olduğuna inanır. Budur əsas məsələ! Kraliça, hər şeydən öncə, sevdiyi insanın sevilən qadını deməkdir. Bununla müqayisədə bütün yerdə qalanlar – irsən əldən-ələ keçən tac da, kənar şəxslər üzərində hakimiyyət də – bütün bunlar boş şeylərdir.

            MƏRYƏM. Sən məni xoşbəxt etmisən, bununla razıyam, amma...

            SEYMUR. Bəli! Mən səni hər saat, hər gün həyatımdan belə, çox sevmişəm və sevirəm! Və sən həmişə mənim üçün bütün dünyanın ən baş insanı olmusan. Əgər sən bunu hiss etmisənsə, mənə inanmısansa, deməli, elə kraliçasan. Sadəcə, özünün bundan xəbərin olmayıb! Mən isə bunu həmişə bilmişəm. Bax elə indi də mən sənə kraliça kimi müraciət edirəm. Ülyahəzrət! Lütfən, məni başa düşün, mənim pulum yoxdur, qürur və ləyaqətimdən başqa qiymətli heç nəyim yoxdur, amma mən bu maşını mütləq gömrükdən almalıyam! Xatırlayın ki, bu hədiyyədir! Onu yalnız heysiyyətini itirmiş, mənəviyyatı korşalmış və artıq heç nədən abır-həya etməyən birisi sata bilər... Sən belə bir insanın arvadı olmaq istərdinmi?! Hə, nə deyirsən?

            MƏRYƏM. Yaxşı da, inandıra bildin. Deyəsən, mən özümü artıq kraliça hesab etməyə başlayıram. Ancaq fikrimcə, bu məsələni təkrar müzakirə etmək... (Seymur ağzını açıb nə isə demək istəyir, Məryəm imkan vermir). Yaxşı, yaxşı susdum! Qərar qəbul edildi. Xahişiniz təmin olundu: qoy maşın il boyu talvarın altında qalıb paslansın. (Gedir).

SEYMUR (onun ardınca). Hara gedirsən?

            MƏRYƏM. Sən bir az da fikirləş. Mən isə həmişəki kimi, kraliçanın mətbəxinə gedirəm ki, kralsayağı nahar hazırlayım. Gecikmə.

 

            "Bremen musiqiçiləri"nqdən musiqi. Gömrükxana. Cavan gömrükçülər çay içirlər. Seymur daxil olur. Əlində əsanın qırıqları var. Qoltuğunda qovluq gözə dəyir...

1-Cİ CAVAN GÖMRÜKÇÜ (sevincək halda). Biz sizi gözləyirdik! (Seymurun əlindəki sınmış çəliyə baxır). Nə gözəl əl ağacınız varmış! Heyf ki, sınıb. İstəyirsiniz, verin ataq.

            SEYMUR. Sağ olun, gərək deyil. Yadigar saxlayacağam. Otuz il mənə sədaqətlə xidmət edib, ancaq bir saat bundan əvvəl çirkabla toqquşmanın qurbanı oldu.

            2-Cİ CAVAN GÖMRÜKÇÜ. Nəyin qurbanı?

            SEYMUR. Heç, boş şeydir. Sındı, vəssalam. Olur belə şeylər. Ancaq bu xoşagəlməz əhvalatdan sonra elə bil ki, qəlbimə bir ağırlıq çöküb.

            1-Cİ CAVAN GÖMRÜKÇÜ. Belə şeylər hamıda olur.

            2-Cİ CAVAN GÖMRÜKÇÜ. Məsələn, mənim hər gün kefim pozulur, amma axşama yaxın keçir. İşimiz belədir. Fikir verməyin, öz-özünə keçəcək. Yükü almağa gəlmisiniz?

            SEYMUR. Bəli. İcazənizlə almaq istərdim.

            GÖMRÜKÇÜLƏR. Sizin yerinizə çox sevindik. Şahənə və dəbdəbəli bir şeydir! Böyük gəminin dalğası da böyük olar. Mübarəkdir!

            Böyük gömrükçü öz iş masasının arxasında əyləşib. Seymuru görəndə gülərüzlə salamlayır.

SEYMUR. Gəlmişəm avtomobili götürüm.

            BÖYÜK GÖMRÜKÇÜ. Əyləşin.

            SEYMUR. Əvvəla, sizə demək istəyirəm ki, bizim ilk görüşümüz barədə qəzetlərdə yazılanlara mənim heç bir aidiyyətim yoxdur.

            BÖYÜK GÖMRÜKÇÜ. Əbəs yerə narahat olursunuz. Abırlı adamlar bu sarı qəzetlərdəki bircə sözə belə inanmırlar. Onlar başdan-başa yalan yazırlar. Bunu hamı çoxdan bilir. İstəyirlər qoy yazsınlar – it hürər, karvan keçər... Gəlin ürəkaçan mövzulardan danışaq. Elə bu gün sizi yada salmışdıq.

            SEYMUR. Məni? Nə münasibətlə?

            BÖYÜK GÖMRÜKÇÜ. Dünən limanda idik, yaxtanı qəbul etdik. Əzəmətli görkəmi var. Ağappaq nəhəng qu quşuna oxşayır. İki göyərtə, altı kayut. Yelkənlə də üzür, motoru da var. Sağlığınıza qismət.

            SEYMUR. Mənim niyə?

            BÖYÜK GÖMRÜKÇÜ. Məgər hələ xəbəriniz yoxdur? Axı dünən sizə bildiriş göndərmişdik ki, Tərlan Salamov sizə yaxta göndərib. Bu da yükün salamat çatdırılması barədə akt. Buyura bilərsiniz!

            SEYMUR (çaşqın halda). Yaxta! Mənə? Yox, heç nədən xəbərim yoxdur. Deməli, indi də yaxta üçün gömrük haqqı ödəməliyəm? Yəqin "rolls-roys"a görə tələb olunandan xeyli çoxdur, eləmi?

            BÖYÜK GÖMRÜKÇÜ. Əlbəttə, çoxdur. Rüsumun dəqiq məbləğini kompyuterdə hesablayıb sizə verərlər. Təxmini deyə bilərəm ki, avtomobil üçün ödəniləndən on iki-on beş dəfə çoxdur. Hər necə olsa, dəbdəbəli bir yaxtadır. Hətta demək olar ki, gəmidir. Zənnimcə, gömrük rüsumu, təxminən, yüz səksən – iki yüz min civarında olar....

            Rüsumun məbləğini eşidəndə Seymur özünü itirir. Dinməz-söyləməz gözlərini gömrükçünün üzünə dikir.

BÖYÜK GÖMRÜKÇÜ. Yaxta ilə bağlı sənədlərinizi bu dəfə başqa əməkdaş tərtib edəcək. Rəhbərlik məni pensiyaya çıxmağım münasibətilə artıq təbrik edib. Sabahdan pensiyaçıyam.

            SEYMUR. Heç pensiya yaşında olana oxşamırsınız. Cavan görünürsünüz.

            BÖYÜK GÖMRÜKÇÜ. Elədir ki, var. Məsələ ondadır ki, gömrükçülər də hərbçilər kimi, digər vətəndaşlardan xeyli tez pensiyaya çıxmaq hüququna malikdirlər. Mən də ərizəmi yazdım. İndi bu gün mənim ixtiyarım var, xidməti mövzulardan kənar söhbətlər də edim. Etiraz etmirsiniz?

            SEYMUR. Düzünü desəm, ödəməli olduğum rüsumun məbləğini sizdən eşitdikdən sonra fikirlərimi yayındırmaqdan ötrü mən də sırf kənar mövzulardan danışmaq istəyirəm.

            BÖYÜK GÖMRÜKÇÜ. Məndə belə bir təəssürat yarandı ki, siz bizdən nə yaxtanı, nə də maşını götürməyə hazırlaşmırsınız. (Seymur başı ilə təsdiq edir). Qəribədir, siz onları baha qiymətə satıb çox böyük pul qazana bilərdiniz.

            SEYMUR. Yəqin ki, bu ən ağıllı çıxış yolu olardı, ancaq mənim üçün bu yol bağlıdır. Bu, qeyri-mümkündür. Mən heç nəyi satan deyiləm. Axı məsələ təkcə pulda deyil. Məsələ ondadır ki, mənə nə "rolls-roys" lazımdır, nə də yaxta. Heç bilmirəm onları neyləyim.

            BÖYÜK GÖMRÜKÇÜ. Kaş sizin yerinizdə mən olaydım. Onları neyləmək lazım gəldiyini bilərdim.

            SEYMUR. Yəqin, siz texnikanı sevirsiniz.

            BÖYÜK GÖMRÜKÇÜ. Yanılmırsınız. Mən texnikanı sevirəm, ancaq "kaş sizin yerinizdə mən olaydım" deyəndə, bunu nəzərdə tutmurdum. Sizin yerinizdə olsaydım, çoxdan arzusunda olduğum işləri görərdim. Bilmirəm xəbəriniz var, yoxsa yox, Bakıda yetim uşaqlar üçün "Şəfəq" adlı uşaq evi fəaliyyət göstərir. Dövlət onların yeməyini, geyimini verir, ancaq onlar yenə də bədbəxtdirlər. Mən bunu görürəm, çünki oraya tez-tez baş çəkirəm. Burada – gömrükxanada işlədiyim uzun illər ərzində çox varlı adamlar görmüşəm, ancaq onlardan heç biri bircə dəfə də olsa bu binəsib uşaqları yada salmayıb. Bəs axı onlar bizim balalarımızdır, onlar barəsində düşünməyə borcluyuq. Bağışlayın ki, özümə aid olmayan məsələdən danışıram, amma güman edirəm, sözlərimdən inciməzsiniz. Adam qocalanda çoxdanışan olur.

            SEYMUR. Əla ideyadır. Əzizim, yadınızda saxlayın ki, bundan sonra nə vaxt ürəyinizdən keçsə, mən sizinlə belə kənar mövzularda sizin üçün əlverişli olan istənilən vaxt söhbət etməyə həmişə hazıram... İndi isə deyin görüm, yaxta ilə maşını yetimlər evinə vermək üçün mənim hansısa qanuni imkanım varmı?

            BÖYÜK GÖMRÜKÇÜ. Təsəvvür edə bilməzsiniz ki, uşaqlar üçün necə böyük sevinc olar. Hətta deyərdim ki, bu, onları xoşbəxt edər. Ömürləri boyu yadlarından çıxmaz ki, "rolls-roys"da gəzirdilər, yaxtaları vardı.

            SEYMUR. Axı hər halda rüsumu ödəmək lazımdır.

            BÖYÜK GÖMRÜKÇÜ. Xeyr, yetim uşaqlardan bizdə rüsum tutulmur. Hələ o həddə çatmamışıq.

            SEYMUR. Lap yaxşı. Amma heç demədiniz, bu mümkündür, ya yox.

            BÖYÜK GÖMRÜKÇÜ. Yaxtanı uşaq evinə hədiyyə etmək barədə ərizə yazmağınız kifayətdir. İstəyirsiniz, elə indi yazın, mən notarius çağıraram, elə bizim binada oturur.

            SEYMUR (kağız vərəqini qarşısına çəkib yazır). Çağırın notariusu. Bilsəniz, bu məsləhətinizə görə sizə necə minnətdaram.

            BÖYÜK GÖMRÜKÇÜ. Çoxdan arzu edirdim ki, bu uşaqlar üçün nə isə bir əhəmiyyətli iş görüm. Ancaq imkanım çatmırdı. Onlara aparıb verdiklərim isə xırda-para şeylər idi. Mənim arzumu gerçəkləşdirməyi Allah sizə həvalə etdi. Siz xoşbəxt insansınız. Bilirsiniz bunu?

            Seymur yazmaqda davam edərək, başını tərpədir.

BÖYÜK GÖMRÜKÇÜ. Mən gömrükxanada dövlətimə namusla qulluq etmişəm, ancaq indi pensiyaya çıxarkən sevdiyim işlə məşğul olmağı qərara almışam. (Seymurun ərizəsini götürüb oxuyur). Hər şey düzgün və inandırıcıdır. Siz alicənab insansınız! Pensiyaya çıxandan sonra, nəhayət, mənim də arzum yerinə yetəcək. Bu, bir qismətdir. Razılaşın ki, belə təsadüf ola bilməz. Bu gün mənim pensiyaya çıxmaq məsələm bəlli olan kimi, təklif etdilər ki, yetimlər evinin direktoru olum. Mən də razılaşdım. Bu işdə işləmək üçün qayğıkeş, vicdanlı bir adam lazımdır. Fikirləşiblər ki, əsl mənim yerimdir. Əgər bu işin öhdəsindən gələcəyimə əmin olmasaydım, inanın, heç vaxt razılaşmazdım. Uşaqların qayğısını çəkmək mənim amalımdır.

            SEYMUR. Razıyam, bu, həqiqətən, təsadüfə oxşamır, bəs o dediyiniz uşaq evi təsadüfən "Şəfəq" adlanmır ki?

            BÖYÜK GÖMRÜKÇÜ. Məhz "Şəfəq" adlanır –  ərizənizdə göstərdiyiniz kimi.

            SEYMUR. Əgər sizi düz başa düşdümsə, deməli, yaxta ilə maşın bundan sonra sizin sərəncamınızda olacaq.

            BÖYÜK GÖMRÜKÇÜ. Əlbəttə! Çünki mən sabahdan oranın direktoruyam.

            SEYMUR. Axı yaxtanı hər adam sürə bilməz. Yəqin ki, dənizçi-mütəxəssis tapmalı olacaqsınız.

            BÖYÜK GÖMRÜKÇÜ. Problem yoxdur. Mən özüm beş il dəniz sərhədində – gömrük bölməsində xidmət etmişəm. Və orada kiçik tonnajlı gəmiləri idarə etmək üçün şkiper vəsiqəsi almışam. Bunun üçün narahat olmaya bilərsiniz. Yaxta etibarlı əllərdə olacaq.

            SEYMUR. Görürsünüzmü, daha bir təsadüf. Amma mən hər halda ümidvaram ki, heç olmasa, hərdənbir uşaqları da mindirəcəksiniz.

            BÖYÜK GÖMRÜKÇÜ. Hərdənbir nədir? Mən müntəzəm dəniz gəzintiləri təşkil etməyə hazırlaşıram. Uşaqların hamısının iştirakı ilə. Deyəsən, sizdə müəyyən şübhələr oyandı, yoxsa mənə belə gəlir? Şübhəniz olmasın, mən əlimdən gələn hər şeyi edəcəyəm ki, "Şəfəq"də uşaqların güzəranını yaxşılaşdırım. Çalışacağam ki, onlar özlərini bəxtəvər hiss etsinlər. Özünüz gəlib görərsiniz.

SEYMUR. Nə deyim! Balalarımızın gələcəyinə böyük ümidlər bəsləyirəm.

 CAVAN GÖMRÜKÇÜ. Yəni nə mənada?

 SEYMUR. O mənada ki, Azərbaycanın gələcəkdə necə olacağı ilk növbədə həmin uşaqlardan asılı olacaq.

 CAVAN GÖMRÜKÇÜ. Bugünkü Azərbaycanın nəyi pisdir ki? Nə xoşunuza gəlmir?

 SEYMUR. Sizdən nə gizlədim, bəzi şeylər xoşuma gəlmir. Özü də qətiyyən xoşuma gəlmir və məni narahat edir. Bir tərəfdən, ölkəmiz bütün tarixi ərzində bu cür uğurlar qazanmamış, indiki qədər zəngin olmamışdır, nailiyyətlərimiz möhtəşəmdir – bunu danmaq olmaz. İnsanların rifahı yaxşılaşıb, çoxları bu gün elə firavan yaşayır ki, keçmişdə bunu heç yuxusunda da görə bilməzdilər. Burada işlədiyiniz müddətdə yaxşı bilməlisiniz ki, son illərdə çoxsaylı zəngin insanlar peyda olub. Xüsusi evlər, şəhər kənarında imarətlər, şəxsi zavodlar, dükanlar...

CAVAN GÖMRÜKÇÜ (səbirsiz halda). Məgər bu pisdir?

 BÖYÜK GÖMRÜKÇÜ. Sözünü kəsmə. Qoy Seymur müəllim söyləsin ki, onun xoşuna gəlməyən nədir. Mənim üçün bu, çox maraqlıdır.

            SEYMUR. Sadaladıqlarım hamının ürəyincədir, o cümlədən mənim də. İndi isə başqa şeydən danışıram. Mən də belə gəlir ki, öz əvvəlki həyatını yoxsulluq içində keçirmiş bəzi insanlar son illərdə ölkəmizdə baş verən möhtəşəm dəyişikliklərdən başlarını itiriblər. Bu gün insanların bir çoxu varlanmaq azarına mübtəla olub, çoxları da istədiklərinə nail olmağın yollarını tapıblar.

CAVAN GÖMRÜKÇÜ. Aydın oldu. Xoşunuza gəlməyən budur?

 SEYMUR. Bu mənim xoşuma gələrdi, əgər varlanmaq, özü də mümkün qədər çox qazanmaq arzusu ilə mənəviyyat arasındakı təbii balans pozulmasaydı. Bu tarazlığı, balansı gözləmək normal insanın zəruri məziyyətidir. (Cavan gömrükçüyə müraciətlə). Dediyimbalansın təsirini siz öz üzərinizdə hiss edirsinizmi?

CAVAN GÖMRÜKÇÜ. Bəs necə! Şükr Allaha, burada bizim hamımızda balans məsələsi qaydasındadır.

SEYMUR. Çox şadam. Əgər balans qaydasındadırsa, hesab edə bilərsiniz ki, sizin hamınız cəmiyyətlə həmahəng yaşayırsınız. Amma bizim müasirlərimizin bəzilərində bu balans itmişdir. Onları tək bircə fikir məşğul edir – pul! Həm də onların çoxu pul naminə dövləti, işgüzar tərəfdaşı aldatmağa, oğurluq etməyə, özgə malını öz cənginə keçirməyə belə hazırdır. Hər gün bu cür hadisələrin şahidi oluruq. Ciddi ədəbiyyata maraq göstərən çox azdır. Kitab oxumaq istəyənlər isə, əsasən, ucuz detektivlərə qaçırlar. İncəsənətlə maraqlanmırlar. Əqidə, prinsipləri keçib arxa plana. Məsələ şəxsən onların özlərinə aid deyilsə, ölkədə baş verən hər şeyə biganə yanaşırlar. Təki onlara dəyib-toxunan olmasın. Dövlətin aqibəti onları maraqlandırmır. Pul, pul, yalnız pul! Nə veclərinə, pul varsa, xaricdə də kefin istəyən kimi yaşamaq olar.

BÖYÜK GÖMRÜKÇÜ. Hər şey bu qədər bəsit deyil. Əzizim Seymur müəllim, mən sizinlə razılaşa bilmərəm. Daha doğrusu, məhkəmənin qərarı ilə təqsirli bilinib cəza alanlardan söhbət gedirsə, razılaşa bilərəm. Lakin əgər söhbət təqsiri sübuta yetirilməmiş adamlardan gedirsə, məgər onları müqəssir saymaq olarmı? Hüququn əsas prinsipi budur: cinayət başında yaxalanmayan oğru deyil! Unutmayın, biz demokratiya şəraitində yaşayırıq. Siz deyirsiniz ki, adamlar incəsənətlə maraqlanmır, az mütaliə edirlər, bununla da razılaşmaq çətindir. Burada bizdə bir yoldaş işləyirdi, bütün günü fasiləsiz olaraq iş yerində oturub kitab oxuyurdu.

CAVAN GÖMRÜKÇÜ. Alfons Dodeni oxuyurdu, öz gözümlə görmüşəm.

 BÖYÜK GÖMRÜKÇÜ. Onu da, başqalarını da mütaliə edirdi. Girirdin kabinetinə – görürdün kitab oxuyur. Nə olsun? Başqasına məxsus qaimələri saxtalaşdırmaq üstündə iki il iş verdilər. İndi həbsxanada da fasiləsiz olaraq kitab oxumaqdadır. Odur ki, necə deyərlər, malı mala qatmayaq. Burda bizə elə adamlar işləyir ki, operada bircə dəfə də olmayıblar. Nə olsun? Kristal təmiz insanlardır! Uşaqlar barədə söylədiklərinizlə razıyam, onlar bizim gələcəyimizdir. Əlbəttə ki, buna qədər hələ böyüməlidirlər. İndi isə biz onların qayğısına qalmalıyıq. Özünüz görəcəksiniz mənim uşaqlara olan münasibətimi.

     SEYMUR. Mən də, dostlarım da müntəzəm olaraq çox tez-tez sizə baş çəkəcəyik. Əlbəttə, əgər etiraz etməsəniz.

  BÖYÜK GÖMRÜKÇÜ. Nə etiraz, canım, bu mənim üçün şərəfdir. Uşaqlar istəyəndə onlarla bərabər hərdən yaxtada gəzərik, hərdən də maşında.

  CAVAN GÖMRÜKÇÜ. Bilirsiniz nə fikirləşirəm? O uşaqlar hələ həyatda heç bir faydalı iş görməyiblər, siz isə onları hər gün yaxtada, "rolls-roys"da gəzdirəcəksiniz. Axı buna alışa bilərlər. Sonra hazırlaşmazlar məgər?

  BÖYÜK GÖMRÜKÇÜ. Narahat olma. Biz bütün bunları nəzərə alıb tənzimləyəcəyik. Uşaqları sevmək lazımdır, ancaq onları ərköyün böyütmək olmaz. Bu, onların özlərinə ziyandır.

 SEYMUR. Xülasə, biz birlikdə uşaqların qayğısına qalacağıq. Heç kəsi qoymarıq onlara "gözün üstdə qaşın var" desin.

  BÖYÜK GÖMRÜKÇÜ. Uşaqlar naminə biz hər şeyə hazırıq, qoymarıq onların xatirinə dəyən olsun.

 

  Otağa əməkdaşlar daxil olurlar. Onlar öz həmkarlarını pensiyaya çıxması və yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etməyə gəliblər. Qədəhlərə şampan şərabı süzürlər.

 

BÖYÜK GÖMRÜKÇÜ. İlk badəni uşaqların sağlığına qaldırmaq istəyirəm. Uşaqlar bizim gələcəyimizdir! (Hamı badələri toqquşdurur).

 "Cücələrim" mahnısı səslənir.