Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

«Qara dul» insanlara hücum edir

Bu ilin mayında müxalifət qəzeti və mərkəzçi qəzetlərdən tutmuş iqtidaryönlülərə qədər  on beş qəzet, demək olar ki, eyni vaxtda mənim «Əksinqilabi etüd» məqaləmi dərc etdi. Oxucuların reaksiyası da məhz müəllifin arzu edə biləcəyi kimi oldu. Adamlar küçədə, teatrda mənə yanaşır, telefon açaraq, məqalənin məzmunu ilə həmrəy olduqlarını bildirirdilər. Əlbəttə, oxucular, o cümlədən də özləri qələm əhli olanlar arasında elələri də vardı ki, baxışları bu və ya digər dərəcədə mənim baxışlarımdan fərqlənirdi. Bu da təbiidir. Lakin aşağıdakı məqalədə söhbət nə tənqidçilərdən gedir, nə rəğbət bəsləyənlərdən, nə də xuliqanlardan. Belələrinə konkret bir anlayışı şamil etmək çətindir. Deməli, vəziyyət belədir: qanuna riayət edən bir vətəndaş olaraq mən ölkəmdə baş verən və məni narahat edən proseslərdən bəhs edən «Əksinqilabi etüd»  məqaləsini yazdım və həmin məqaləni öz doğma şəhərim Bakıda çap etdirdim. Yazmaq və yazılarımı mətbuatda dərc etdirmək  mənim hüququmdur, heç kəs də bu hüququ əlimdən ala bilməz. Tanımadığım adamlar üç qəzetdə «tənqidi» məqalələrlə çıxış etmişlər, lakin həmin məqalələrdə tənqid edilən yazının heç olmazsa bircə müddəasını belə inkar, yaxud təkzib edən bircə dəlilə,bircə fikrə yer tapılmayıb. Görünür, tənqid və təhlil üçün nə qabiliyyətləri (peşəkarlıqdan heç danışmıram), nə də ağılları çatıb. Bunun əvəzində isə mən özüm hücum obyektinə çevrilmişəm. Hər üç qəzetin müəllifləri üstümə təhqir və qarğış yağdırırlar. Ədəbi tənqiddəki bu yenilik mənə maraqları göründüyündən, qərara aldım ki, öz təəssüratlarını oxucularla bölüşüm.

 

«Novoye vremya» qəzeti özünun builki 31 may tarixli sayında «Bu da keçər» sərlövhəli təhqiramiz məqalə dərc etmişdir. Güman edirəm ki,  bu hadisə uzun müddət mənim yaddaşımda qalacaqdır. Çünki bu cür qeyri-adi olayla həyatımda ilk dəfə qarşılaşmışam. Yazının altında belə bir imza qoyulmuşdur: «Amal» Ziyalılar Hərəkatı. Mən bir şeyi həmişə bilmişəm və elə indi də buna şübhə etmirəm ki, adam özü barəsində heç vaxt deməz ki, mən gözələm, mən yaraşıqlıyam, yaxud da mən ziyalıyam. Bu sadalanan məziyyətlər kimdəsə varsa, bunu ona və ətrafındakılara başqaları deyə bilər, o özü  yox. Bu, aksiomdur. Yalnız çox səfeh və miskin adam «mən   ziyalıyam» deyə hamıya car çəkər. Normal, mədəni insan, üstəlik də ziyalı özü barədə belə deyə bilməz. Həm də  əgər bir nəfər yox, bir qrup adam özünü ziyalı elan edir və öz qrupunu «ziyalılar hərəkatı» adlandırırsa, artıq bu, fəlakətdir. Hətta bizim daha heç nəyə təəccüblənməyən cəmiyyətimiz üçün də fəlakətdir. «Ziyalılar hərəkatı» ifadəsi,  təxminən deyək ki, «Üçqat bakirələr partiyası», yaxud da «Ağıllı, əzələli müdriklər hərəkatı» deyimləri qədər cəlbedici səslənir. Məqalədə maraqlı fikirlər, ya da heç olmasa bircə  maraqlı fikir tapmağa bir o qədər ümidim olmasa da, «Novoye vremya»da verilmiş «ziyalı» yazısını  oxudum. Gözlənilməz heç nə yox idi: sərsəm və qərəzli məqalənin   məziyyətləri yazıya imza qoyanların ziyalılığının səviyyəsinə tam uyğun gəlirdi. Yəni ki, məziyyət deyilən şey yerli-dibli yox idi. Məqalə o dərəcədə açıq-aşkar sarsaq və qərəzlidir ki, onun barəsində danışmaq da maraqsızdır. Həmin yazını oxumağa kiminsə həvəsi olsa, «Novoye vremya»nın 31 may tarixli sayına müraciət edə bilər. «Vedomosti» və «Bakinskiye Vedomosti» qəzetlərinin 21 may tarixli saylarında dərc olunmuş «Rəngsiz əksinqilab» və «Rəng düşməni» sərlövhəli yazılar yuxarıdakı məqaləyə baxanda daha maraqlıdır.

«Vedomosti»dən başlayaq. Məqaləni oxuyanda məndə belə bir hiss yarandı ki, qəzetin rəhbərləri anti-Azərbaycan biznesinin maliyyə zəminində firavan gün keçirən  polkovnik Yunusa və bəzi digər fırıldaqçı hüquq müdafiəçilərinə qarşı lap çoxdan ürəklərində paxıllıq  edirmişlər. Deyəsən, məhz bu paxıllıq  onları məcbur etmişdi ki, mənim məqaləmdən sitatları öz qəzetlərinin səhifələrində dərc etsinlər. Bu adamlar, necə deyərlər, bir güllə ilə iki dovşan vurublar - həm məni təhqir ediblər, həm də fürsət  tapıb öz məsləkdaşları  polkovnik Yunusu sancıblar. Öz rəfiqələrinə əcəb çəkiblər! «Vedomosti» qəzetinin mənim yazımdan gətirdiyi sitatları yada salıram: «Konstitusiya Məhkəməsinin binası önündə polkovnik Yunus və Andreas Qross cuşa gələrək, ekstaz vəziyyətində bir həngamədən çıxardılar ki, küçədən keçənlər qalardılar mat-məəttəl.»  «Riyakar şimalı və ləkəli keçmişləri olan adamlar yenidən televizor ekranlarında peyda olmuşlar və xalqın acınacaqlı aqibətinə görə yas qurmağa başlamışlar». «Hüquq müdafiəçilərini vicdanla hərəkət etməyə çağırmaq isə cinsi yetişkənliyə çatmış pişiyə ədəb-ərkan öyrətmək qədər mənasız bir işdir. Primatların, güclü inkişaf etmiş qamarlama instinktinə malik olan bu xüsusi qrupu bütün insanlara nifrət bəsləyir.» Bu faydalı fikirləri müftə-müsəlləm tirajladığına görə «Vedomosti»yə minnətdarlığımı bildirirəm. Bunun ardınca son dərəcə dərin mənalı hiyləgər söz yığını gəlir («Vedomosti» müəlliflərinin sözlərini olduğu kimi diqqətinizə çatdırıram): «Bütün bunlar «Ondan yaxşı qardaş yox idi»dəki kəsərə qətiyyən bənzəmir. Elə bil bunları yazan bambaşqa adamlardır. Bəlkə də elə başqadır». Allaha çox şükür ki, bənzəmir; ona görə bənzəmir ki, «Ondan yaxşı qardaş yox idi» povestində mən insanlardan yazmışam, «Əksinqilabi etüd» məqaləsində isə, əsas etibarilə, «Vedomosti»nin jurnalistləri kimilərdən - yəni primatların güclü inkişaf etmiş qamarlama instinktinə malik olan xüsusi qrupundan. Povestdəki insanlarla məqalədəki primatlar qətiyyən bir-birinə oxşaya bilməz! Bunlar başlıca xüsusiyyətləri, o cümlədən də əxlaqi və intellektual xüsuyyətləri baxımından seçilən fərqli varlıqlardır. Onlar arasında heç bir ümumi cəhət yoxdur və ola da bilməz. Bunu hətta olduqca məhdud düşüncə qabiliyyətinə malik insan da anlayar və hiss edər. «Vedomosti»nin «kollektiv» müəllifi isə anlamayıb. Ancaq hər halda adamı riqqətə gətirir ki, yalnız Cinayət Məcəlləsini (özü də təxirə salmadan hər gün) oxumalı olan adamlar öz qiymətli vaxtlarını mənim əsərlərimi oxumağa sərf edirlər. Yaxud  da başqa bir misal («Vedomosti»dən sitat gətirirəm): «Cənab İbrahimbəyovun «rəngbərəng» inqilablara çox ikrahlı münasibətindən başlayaq. Niyə axı ikrahlı? Mənim «Əksinqilabi etüd» məqaləmim əsas məğzi məhz elə ondadır ki, mən həyəcan təbili çalıram: maraqlı adamlar bizim satın alınmış iki yüz-üç yüz  nəfər satqın həmvətənimizin köməyi ilə Azərbaycanda iğtişaşlar törətməyə  hazırlaşırlar, yəni onlar ölkəni zülmət və xaosa qərq etməyə cəhd göstərəcəklər. Bu, çox ciddi təhlükəlidir. Bu gün Azərbaycan MDB məkanında ən perspektivli ölkədir. Çox tezliklə - payızdan başlayaraq xəzinəmizə milyardlarla dollar axıb gələcəkdir ki, bu da respublikanın hər bir vətəndaşının rifah halına çox müsbət təsir göstərəcəkdir. Ölkə tanınmaz dərəcədə dəyişiləcək. Bu xülya, layihə deyil, gerçəklikdir - Bakı-Ceyhan neft kəməri artıq istimara verilmişdir! Tezliklə böyük neft axıdılmağa başlayaq. Aydın məsələdir ki, çoxları, o cümlədən də lap yaxın və uzaq qonşularımızdan kimlərsə istəmir ki, bütün bu zəngin sərvətlər o qədər də böyük olmayan Azərbaycana və onun vətəndaşlarına qismət olsun. Bax elə buna görə də onlar burada satqınların əli ilə «rəngbərəng» inqilab təşkil etməyə cəhd göstərirlər. «Əksinqilabi etüd»ü oxuyanların (belələri isə lap çoxdur)  hamısı yəqin hiss edib ki, mən rəngbərəng inqilabların baş verə biləcəyinə görə çoz narahat oluram, belə inqilabdan yaman qorxuram və çox ehtiyatlanıram. İnanıram ki, həmin məqaləmi hətta əqli inkişaf cəhətdən geri qalmış uşaqlara oxutdursalar, mənim qorxum onlara da sirayət edər; onlar da başa düşərlər ki, əgər satqın müxalifətçilərin və jurnalistlərin qarşısı vaxtında alınmasa, necə bir fəlakət baş verə bilər. Gerizəkalı uzaqlar bunu qanardılar, «Vedomosti»nin jurnalistləri isə yox - onlar məni «rəngbərəng» inqilablara ikrahla yanaşmaqda suçlayırlar! Bəlkə onlar bəzi sözlərin mənasını anlamırlar, yəni ikrah və  qorxu sözləri arasındakı fərqi hiss etmirlər? Axı indiki halda bu, prinsipial fərqdir. Və belə adamlar hələ başqalarının məqalələrinə rəy yazmaq cəsarətində də bulunurlar! Sonrası bundan da betər gəlir («Vedomosti»dən sitat): «Təəccüb doğuran başqa şeydir - xalq yazıçısının öz xalqına nifrəti» (seçdirmə mənimdir). Bu ifadəyə şərh verməyəcəyəm. Daha bir sitat: «…qarnıtox azərbaycanlı satqında «inqilabi ruhu oyatmaqdan ötrü» ona sözügedən ölkələrdəki «həmkarlarından» on dəfə artıq pul ödəmək lazım gələcək. Cənab İbrahimbəyovun məntiqindən çıxış etsək, azərbaycanlı elə bir satqındır ki, barrikadalara çıxsa belə, bunu yalnız və yalnız yüksək muzd müqabilində edər, qətiyyən ona görə etməz ki, nüfuzlu, sivil demokratik ölkədə yaşamaq istəyir. Məgər bizim xalqımız, yazıçının dediyi kimi, ucdantutma satqınlardan ibarətdirmi? (seçdirmə mənimdir). Cəfəngiyyatdırmı? Bəli, özü də çox təhqiramiz cəfəngiyyat. Bəs buradan nə nəticə çıxır? «Vedomosti»nin məntiqinə görə, əgər bu gün bir çox ölkələrin qəzetlərində, yaxud «Yevronyus» televiziya verilişində Portuqaliya pedofillərinin ifşa edilmiş təşkilatından danışılırsa, «pedofil» anlayışı bütün portuqal xalqınamı şamil edilir? Xeyr, qətiyyən şamil edilmir. Hər hansı bir millətdən olan pedofillər və satqınlar istənilən şəraitdə ayrı-ayrı fərdlərdir. Doğrudanmı bayağı demaqoqlar  hətta bunu da anlamağa qadir deyillər? Eybi yox, mən bir az da anlaşıqlı izah edərəm. «Vedomosti»nin çox möhtərəm müəllifləri!  Əgər mən qarnıtox azərbaycanlı satqından bəhs edirəmsə və siz də özünüzü elə göstərirsinizsə ki, söhbətin kimdən getdiyini başa düşmürsünüz, bütün xalqı günaha batırmayın,  beləsini «Vedomosti»nin müəllifləri və özünüzün yaxın tanışlarınız arasında axtarın, ən yaxşısı isə, redaksiyadakı güzgüyə baxın. Mənim xalqımın adını nahaq yerə çəkməyin, çirkaba batmış murdar əlləri ona toxundurmaq olmaz!  «Vedomosti»dəki sizlərin isə hamınızın əlləri çirkaba bulaşıb, bundan sonra daha heç vaxt yuyub təmizləyə bilməzsiniz. «Əksinqilabi etüd» məqaləmdə mən yazmışdım ki, rahatlıq üçün «rəngli» və rəngarəng «gül»lü inqilabları bir ümumi termin altında birləşdirirəm: «rəngbərəng inqilablar». Burada anlaşılmayan nə var ki? Axı buna nə irad tutmaq olar? Sən demə, olarmış. Görün «Vedomosti» yetərincə sadə olan bu apaydın ifadə ilə bağlı nə yazır: «Cənab İbrahimbəyovun «rəngli» inqilablara son dərəcə ikrahlı münasibətindən başlayaq. O hətta bunları «rəngbərəng» adlandırır. Nə olar, əgər semantik araşdırmaları bir az da davam etdirsək, «rəngli», «rəngarəng» və «rəngbərəng» sözləri eyniköklüdür, hamısının da kökündə «rəng» sözü dayanır. «Rəng» kəlməsindən cənab İbrahimbəyovun nə səbəbə xoşu gəlmədiyini söyləmək çətindir». Maraqlıdır, «Əksinqilabi etüd»ü oxuduqdan sonra hansı normal adamda yalnız bircə təəssürat yarana bilərdi ki, «rəngli», yaxud «rəngbərəng» sözlərindən mənim xoşum gəlmir?

«Vedomosti» kollektivinin bu qəribə əqli nəticəsi mənə beyin pozulmasından əzab çəkən şəxsin rabitəsiz və dolaşıq fikirlərini xatırlatdı. Əgər bu cür bədbəxtə sual versən ki, məsələn, «Deyə bilərsinizmi, saat neçədir?», onun cavabı təxminən belə ola bilər: «Deyərəm, məndən bir şey getmir. Saat qədim Misirdə ixtira edilib. Qum saatı olur, qızıl saat olur, elektron saatlar var, bir də var oğurluq saat. Hə, bir də Raf Lənkəranski öz qəzetində yazmışdı ki, hər dəfə Yerevanda günəş tutulması Bakıdakından bir saat gec baş verir. Rafdan soruşdum ki, əgər belədirsə, bəs Qrinviçdə günəş nə vaxt tutulacaq? Qrinviçin məsələsini neyləyək?! Saqqallı hərif deməyə söz tapmadı».

Deyəsən, «Vedomosti»dəki məqalədən danışmağımız yetər. Onun yerdə qalan hissəsi də bundan yaxşı deyil: bilavasitə şəxsiyyəti təhqir edən ifadələr, mənasız hədyanlar, qurşaqdan aşağı zərbə vurmaq kimi plebey arzusu. Bütün bunlar belə bir məlumatı bir daha təsdiq etdi ki, «Vedomosti»nin kollektivinin «işə» cəlb edilmiş üzvləri vaxtilə nəhs bir gündə, nəhs saatda şəhər kanalizasiyasının dərinliklərindən sivişib yer səthinə çıxmışlar. Onların öz «xoş rayihəli» yurduna qaytarılacağı gün uzaqda deyil. Əvvəl-əvvəl doğma məkanla görüşqabağı sevinclə imsinən Bella Zakirovanı kanalizasiyaya buraxacaqlar, baş redaktorun ardınca da növbə ilə bütün sıravi sürünənləri. Sonra isə antisanitariyanın qarşısını almaq, onların təkrar çıxmasına yol verməmək məqsədilə, kanalizasiya quyusunun ağzını ikiqat qövsvari qaynaqla möhkəmcə bərkidəcəklər.

Hamı bilir ki, mən həlim xasiyyətli adamam. Buna baxmayaraq məqaləni oxuyanda az qaldı hirslənəm. Ancaq hirslənməyə macal tapmadım, «Vedomosti»ni oxuyandan dərhal sonra bilirsinizmi nə düşündüm? Necə olub ki, bir dəstə əqli əmək əlili («Vedomosti»nin jurnalistləri, şəkk-şübzəsiz, belələrindəndir - imza da beləcə  qoyulub -  «Vedomosti» redaksiyası) qəzet çıxarmağa girəvə tapıb? Və necə olur ki, onlar hər gün Bakı haqqında, bütün ölkəmiz haqqında, onun tanınmış insanları barədə iyrənc şeylər yazırlar və spesifik murdar üfunət iyi verən bu cızmaqaraları müqabilində hələ məvacib və qonorar da alırlar? Görəsən bu qəzeti maliyyələşdirən kimdir, gözlərini Azərbaycana nifrətin qapadığı hansı ağılsızdır? Bütün bu məlumatlar qüvvədə olan qanunlara uyğun surətdə açıqlanmalıdır.

Alfred Brem vaxtilə demişdi: əgər yer üzündə çaqqaldan daha mənfur və ziyankar bir heyvan varsa, o da goreşəndir. Böyük təbiətşünas və səyyahın bü sözlərini bir qədər dəyişərək tam əsasla belə deyə bilərik: əgər dünyada «Vedomosti»dən daha rəzil və cəmiyyət üçün ziyanlı olan daha alçaq bir qəzet varsa, o da «Bakinskiye Vedomosti»dir. Hər iki qəzetin adına, əxlaqi səviyyəsinə, əməkdaşlarının adlarına əsasən fikir yürütsək, əminliklə deyə bilərik ki, onların hər ikisi eyni bir çirkab quyusundan «doğulmuşlar».

Məqalədə xoşuma gələn yeganə məqam yazının bu yeridir ki, «Bakinskiye Vedomosti» 70 illik yubileyimin qeyd edilməsi ilə bağlı ömrümün az qaldığına görə öz sevincini ifadə edir. Bu arzu sərbəstcəsinə və məharətlə ifadə edilmişdir, buna görə də forma etibarilə mənim xoşuma gəldi. Tamamilə etibarlı mənbələrdən mənə lap dəqiq bəllidir ki, bu andan etibarən mənim 10 dəqiqədən 40 iləcən ömrüm qalıb. Və uzun illərdən bəridir, mən öz həyatımı və öz planlarımı müntəzəm olaraq yeniləşən həmin bu məlumatlara uyğun tərzdə qururam. Bundan əlavə, dünyada o qədər xoşniyyətli insanlar var ki, mənim uzun və xoşbəxt ömür sürməyimdə cani-dildən maraqlıdırlar. Buna görə də mən güclü qamarlama instinktinə malik xüsusi primatlar qrupunun heç bir nümayəndəsinin qarğışlarına məhəl qoymuram. Əksinə, əgər bilsəydim ki, bütün insanlara və mənim ölkəmə nifrət bəsləyən bu kinli primatlardan hansı birisə «Bakinskiye Vedomosti» qəzetində mənə uzun ömür və xoşbəxtlik arzulayır, özüm-özümdən şübhələnər və davranışımı hərtərəfli təhlil edərdim. Əks təqdirdə belə bir rüsvayçılıqdan ömrümün sonuna kimi qurtula bilməzdim. Təkrar edirəm: məqalənin bu hissəsi - ömrümün sonuna az qalması ilə bağlı sevinc ifadə edilən cümlələr söz sənətinə aidiyyəti olan yeganə hissədir, yerdə qalan hər şey nüfuz sahiblərinin pullu agentləri olan xroniki uğursuzların nifrətlə dolu yalan iddialarından ibarətdir. Bu da məni sevindirir. Mən yalnız indi  - «Bakinskiye Vedomosti» və «Vedomosti»nin sayəsində hiss etdim ki, yazdığım «Əksinqilabi etüd» məqaləsi həqiqətən faydalı və ölkə üçün gərəkli bir yazıdır. Vaxtında yazılıb. Bir fikir verin: bütün agentlər və onların həmtayları necə əl-ayağa düşüblər, necə səs-səsə verib haray-həşir qaldırıblar. Onlar öz məqalələrində mənim məqaləmim məzmununu və məğzini təhrif etməkdən ötrü əllərindən gələni ediblər. Deyəsən, indi mən dost-tanışlarımın fikri ilə razılaşmalı olacağam: onlar deyirdilər ki, mənim məqaləm rəngbərəng inqilab sifarişçilərinin və onların Bakıdakı nökərlərinin planlarını əməlli-başlı alt-üst edib.

Sonda bir də «Bakinskiye Vedomosti»yə qayıdaq. Hörümçəksayağı tüklü pəncələrini bir-birinə sürtə-sürtə «Bakinskiye Vedomosti»nin müəllifi yazır: «… xarici təşkilatların verdikləri məlumatlara görə, azərbaycanda əhalinin adambaşına düşən ÜDM Konqo və Qvineyada olduğu kimidir». Belə bir sual vermək istərdim: siz - «Bakinskiye Vedomosti» yazarlarından hansı birinizsə nə vaxtsa bu ölkələrdən hansı birindəsə olmuşsunuzmu? Mən isə olmuşam, özü də bir neçə dəfə. Nəzərinizə çatdırım ki, o ölkələrdən heç biri əhalinin hər nəfərinə düşən ÜDM-ə görə Azərbaycana heç yaxın da gəlmir. Qətiyyən! Özünün fikirləşin - həmin ölkələrdən birinin əhalisinin əksəriyyəti işığı, qazı, su kəməri olmayan komalarda yaşayır, özləri də necə deyərlər, sürünən (tanklardan başqa) və uçan (təyyarələrdən savayı) hər nə tapsalar, onunla qidalanırlar, yəni onların «xörəyi» həşərat, kərtənkələ, ilan, siçovul, yarasa və çəyirtkədir. Əhalinin digər hissəsi - 40-45%-i tədricən QİÇS-dən məhv olmaqdadır; təəssüflər olsun ki, dava-dərmanın yoxluğu üzündən, dilənçiliyin və savadsızlığın rəvac verdiyi tam antisanitariya şəraitində həmin o dəhşətli xəstəlikdən artıq çoxları dünyasını dəyişmişdir.  Bu baxımdan, bizim gözəl ölkəmizi Konqo ilə, yaxud da Qvineya ilə müqayisə etmək məkrli və təhqiramiz böhtandır. Yazırsınız ki, bu məlumatı xarici təşkilatlar yaymışdır. Ola bilər. Ancaq burası da var ki, xarici təşkilatlar çalışırlar, özləri heç bir şey uydurmasınlar. Çirkli işi onlar «yerli kadrlara» həvalə edirlər. Lazımi dezinformasiya mənbələri bütün postsovet respublikalarında təşkil edilmişdir. Stop! Mən bu izahatı kimin üçün verirəm? «Bakinskiye Vedomosti»dəki  sizlər hamıdan yaxşı bilirsiniz ki, beynəlxalq «demokratik təşkilatlara» Azərbaycandan bu «səhih» məlumatları ötürənlər kimlərdir. Dezinformasiyanın başlıca ilkin mənbələri  sizlərsiniz - «Bakinskiye Vedomosti» və «Vedomosti», həmçinin gəlirli antiazərbaycan biznesi sahəsindəki tərəfdaşlarınız. Azərbaycanda özlərini «hüquq müdafiəçiləri», «politoloq» və «jurnalist» adlandıran yerli agentlər ölkə daxilindəki hadisələr barədə məlumatları həyasızcasına təhrif edən arayışlar quraşdırırlar. Bu arayışlar (özü də bunları yoxlayan-filan yoxdur)  reytinqləri dərc edən Freedom House kimi müvafiq beynəlxalq təşkilatlara ötürülür, az sonra isə bütün sivil dünyaya car çəkilir ki, bizim ölkəmizdə söz azadlığı yoxdur, yaxud adambaşına düşən ÜDM-ə görə, eləcə də iqtisadi, texniki və mədəni nailiyyətlərinə görə Azərbaycan Konqo və Qvineyanın ardınca gəlir. Bu cür aşağı səviyyədə yazılmış məqalə tənqidi təhlil obyekti ola bilməz. «Bakinskiye Vedomosti»  qəzetində çox çirkin bir yazı dərc olunmuşdur. Əvvəlcə istədim ki, qısa bir məktub yazıb «B. Vedomosti»nin səyləri ilə mükəmməllik həddinə çatmış rəzalətə mat qaldığımı bildirim, ancaq birdən baxdım ki, qəzetdə redaksiyanın ünvanı göstərilməyib. Heç «Vedomosti»nin də ünvanını axtarıb tapa bilmədim. Bu məni təəccübləndirdi, axı adətən qəzet və jurnallar öz ünvanını mütləq qeyd edir, çünki normal jurnalistlərin hamısı oxucularla müəlliflərin redaksiyalarda görüşməsində son dərəcə maraqlıdırlar; məlumdur ki, belə görüşlər qəzet üçün daha qiymətli canlı informasiya mənbəyidir. Düşündüm ki, bəlkə sözügedən qəzetlər bu yolla hüquq mühafizə və ya vergi orqanlarından gizlənirlər. Sən demə, birincilərə də, ikincilərə də bu qəzetlərin yeryurdları yaxşı bəllidir. Maraqlandım və öyrəndim ki, əbəs yerə gizlənmirlər. Sən demə, döyülməkdən qorxurlarmış!  Qorxurlar ki, üstünə böhtanlar yağdırılan, layiq olmadığı halda təhqirə məruz qalmış bakılılar tək-tək və dəstə-dəstə redaksiyaya «qonaq gəlib», Allahın gözündən düşmüş bu adamcığazları (hansı löhvə vurulmuş iş yerində daldalanmaqlarından asılı olmayaraq) əzişdirərlər. Humanist işəgötürənlər öz «jurnalistlərinin», onların yaradıcılığının  qızğın «dəyərləndiriciləri» ilə görüşlərinin doğura biləcəyi nəticələri nəzərə alaraq, belə hallar üçün kompensiyalar müəyyən etmişlər: belə ki, üzlərinə tüpürməyə, şillə vurmağa və arxalarına təpik ilişdirməyə  görə əlli dollardan yüz iyirmi dollara qədər pul ödəmək nəzərdə tutulur. Əgər büzdüm sümüyü çatlamış olsa, onun müalicəsi üçün iki yüz dollar məbləğində birdəfəlik ödəniş verilməlidir. Düzdür, kompensasiya cüzidir, ancaq «Bakinskiye Vedomosti» və «Vedomosti»nin əməkdaşları bu pulu qazanmaqdan ötrü hər gün dəridən-qabıqdan çıxırlar. Əlbəttə, bu redaksiyalar ünvanlarını gizlətsələr belə, onları axtarıb tapmaq olar, ancaq hələlik buna baş qoşan yoxdur, çirkabdan çiyrinən bakılılar bu mənfur məxluqlara gigiyena mülahizələrinə görə əl bulamaq istəmirlər. Bir də ki, ola bilsin polisə düşmək istəmirlər, axı polis şübhəli jurnalist vəsiqələri sahiblərinə heç bir fərq qoymadan, onların hamısını şil-küt edilməkdən qoruyur. Odur ki, belələri nifrət etdikləri insanlar aləminə «Bakinskiye Vedomosti»nin pəncərələrindən öz soyuq hörümçək gözləri ilə baxmaqda davam edir və cəzasız qalırlar. Ancaq hər şeyin öz vaxtı var.

«B. Vedomosti»ni mən Nardarandakı bağımda oxudum. Qəribə təsadüf üzündən elə həmin axşam yüngülcə ürəyim bulandı, başım gicəlləndi, biləklərim qaşınmağa başladı, ağız suyumun ifrazı çoxaldı, odur ki, mən, pardon, tez-tez tüpürmək istəyirdim. Dostlarım - araxnoloq  alimlər izah etdilər ki, ola bilsin ki, bu, hörümçəkkimilər fəsiləsindən olan, «qaraca dul» adlandırılan həşəratın sancmasının ilk xarakterik simptomlarıdır; özü də müşahidələrə görə, heyvanat aləminin bu nadir nümayəndəsinin  yayılma ocağı «Bakinskiye Vedomosti»dədir. Onların dediyinə görə, mən zərər çəkən ilk adam deyiləm, yaz girəndən sonra Bakıda ilk dəfə olaraq, hörümçəkkimilərin bu son dərəcə təcavüzkar növünün adamlara hücumu ilə bağlı bir neçə  hal qeydə alınmışdır.

«Qaraca dul»un Rushana Vulqaris (Rusana Vulqaris) deyilən Bakı növü zəhərlidir, ancaq onun sancmasının müalicəsi mümkündür. Alimlərin dediyinə görə, bu həşəratlar - «qaraca dul»lar öz tərəf-müqabilləri üçün ölümcül təhlükə mənbəyidir. Belə ki, ciftləşmədən dərhal sonra Rusana Vulqaris, növbəti tərəf-müqabilini özünün güclü və zəhərli çənələri ilə qamarlayır və bütün yaradıcı hörümçək planları və tüklü dərisi ilə birlikdə bir göz qırpımında həzm-rabedən keçirir. Uzun pəncələrini oynatmaqla «mərasim» rəqsini ifa etdikdən və bolluca göz yaşı axıtdıqdan sonra isə hörümçək yuvasında çoxdan həsrətində olduğu yerdə - yuxarı başda əyləşir… Nədənsə yadıma zərdüştilərin qədim mahnısının qəmgin sözləri düşür: «Qaç, Şahbaz, qaç! Qaniçən yırtıcı, üzü-üzlər görmüş şəhvətpərəst əcaib məxluq sənin qanına susayıb. Qaç, Şahbaz, insanların yanına qaç, geri baxma!»

Hörümçəyin sancması mənim üçün o qədər də ağır nəticə vermədi. Simptomlar elə həmin gün keçib getdi. Ola bilsin ki, mənim belə tez sağalmağımda həmin axşam ölkəmizin rifahı şərəfinə badə qaldıraraq dostlarımla içdiyim bir neçə qədəh əla Gəncə şərabının da müsbət rolu oldu.  Tez şəfa tapmağıma,həmçinin dostlarımın «Əksinqilabi etüd»ü ayrıca kitabça şəklində nəşr etdirmək ideyası da təsir göstərdi. İndi, mən bu sətirləri yazarkən kitabça artıq masanın üstündədir. «Əksinqilabi etüd» ayrıca kitabça şəklində, həm də kütləvi tirajla  üç dildə (Azərbaycan, rus, ingilis dillərində) çapdan çıxmışdır. Mənimçün çox xoşdur ki, indi Azərbaycanın hər bir vətəndaşının bu məqalənin məzmunundan hali olmaq imkanı var, özü də «Vedomosti» və «Bakinskiye vedomosti»nin təpədən-dırnağacan satın alınmış müəlliflərinin yozumunda yox, özləri oxumaqla.

 

P.S. İndicə yazdığım «Qara dul» insanlara hücum edir» məqaləsini təkrar oxudum. Saxta təvazökarlıqdan uzaq qaçaraq etiraf etmək istəyirəm ki, məqalə xoşuma gəldi. Yeni «tənqidi» məqalələr gözləyirəm.  Yeri gəlmişkən, mən qərara almışam ki, «Qara  dul»-u publisistik məqalələrimin yeni toplusuna daxil edim. Kitab tezliklə çapdan çıxacaq. Fikrimcə, əsrin lap əvvəllərində Azərbaycanda nələr baş verdiyini bilmək gələcək nəsillər üçün faydalı olar.