Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Pəncərələri Avropa prospektinə açılan ev

- 2000-ci ilin sentyabrında mənə verdiyiniz müsahibədə Siz Azərbaycanın Avropa Şurasına daxil olması ilə bağlı yetərincə mürəkkəb duruma baxmayaraq, belə bir qəti inam ifadə etmişdiniz ki, Azərbaycan mütləq qəbul olunacaqdır. Bəs bu gün - Azərbaycanın Avropa Şurasına daxil olması faktı gerçəkləşdikdən sonra nə deyə bilərsiniz?

- Nə deyə bilərəm ki? Bayramdır. Strasburqda Avropa Şurasının binası önündə Azərbaycanın bayrağı qaldırılanda mənim yaralı qəlbim çoxdan unutduğum bir həyacanla, az qala lap məktəb buraxılışı gecəsindəki kimi sevincli bir ahənglə titrədi. Obrazlı desək, Avropa Şurasında tam hüquqlu üzvlük, hətta "Avropaya pəncərə"dən qat-qat böyükdür: bu, planetimizin ən füsünkar və qələbəlik guşəsində - Avropa prospekti, 43 ünvanında yerləşən baş giriş qapısı, çoxlu pəncərələri olan bir ev, bir imarətdir.

Mənim dostlarım və yaxınlarım da eyni hissləri yaşayırlar. Lakin elə adamlar da var ki, başqa cür düşünürlər. Bu baxımdan, bizim siyasətçilərin bir qisminin reaksiyası məni təəccübləndirmir. Kimlərsə gizlədə bilmədikləri bədxahlıqla iddia edirlər ki, Avropa Şurasına daxil olmağımız məkrli tələdən başqa bir şey deyil və bu olayın "kəramət"indən Azərbaycanda tezliklə iqtisadiyyat, xarici siyasət, məhkəmə sistemi və seçkilər üzərində olacaqdır. Digərləri isə ürəklərində gizlicə ümid bəsləyirlər ki, ölkəmizin bu xoş məclisdə həzz alması uzun sürməyəcək: belə ki, qarşıda gözlənilən bir sıra ifşalar nəticəsində Azərbaycan təxirə salınmadan oradan qovulacaqdır.

Onlardan bəziləri sir-sifətlərindən yağan pərtliyi gizlədə bilmədən, bu hadisəni  belə izah edirlər ki, prosesin bütün mərhələlərində iqtidar ən incə, fəndgir üsullarla Avropanın qırx iki ölkəsinin sadəlövh təmsilçilərinin hamısının diqqətini yayındırmağa və əlverişli məqam tapıb, özlərinin fikrincə, bizim feodal, hətta az qala quldarlıq dövlətimizi onlara tam hüquqlu daimi üzv kimi "sırımağa" müvəffəq olmuşdur.

Ən heyrətamizi də odur ki, - özü də bu, ya ağlın, yaxud da vicdanın yoxluğuna dəlalət edir, - həmin adamlar özlərinin bütün çıxışlarının gözünə tez-tez bir bəyanat qatırlar ki, iqtidarla fikir ayrılığına baxmayaraq, öz ölkəsinin əsl vətənpərvərləri və vətəndaşları kimi bunlar Azərbaycanın Avropa Şurasına qəbul olunması naminə öz sanballı töhfələrini vermişlər.

Ay-ay-ay! Utanmırlar görəsən? Axı,  hələ yaddan çıxmayıb ki, məhz onlar, məhz həmin adamlar iki il yarım ərzində öz təşəbbüsləri iləmi, yaxud kənardan bədxahların iradəsi iləmi, çoxlu pul və ya güzəşt və vədlər müqabilindəmi, gizli, ya aşkar surətdə böyük səy göstərirdilər ki, bizi qəbul etməkdən imtina olunsun. Onlar öz imkanlarından istifadə edərək, lazımi məqamlarda hay-küylü kütləvi iğtişaşlar törədir, boş yerdən siyasi qalmaqallar qaldırır, "sensasiyalı" bəyanatlar verir, hədələyir, şantaja, çuğulluğa əl atırdılar. Ədalət xatirinə demək lazımdır ki, ölkəmizin Avropa Şurasına qəbul olunmaması üçün onlar var qüvvələri ilə çalışaraq, əllərindən gələn hər şeyi etdilər. Bəs, nəticəsi nə oldu? Nəticəsi budur ki, yanvarın 25-də bir daha (artıq neçənci dəfə!) təsdiqləndi: siyasətlə, o cümlədən beynəlxalq siyasətlə bağlı olan bütün məsələlərdə bu boşboğaz adamlardan çox az şey asılıdır, daha dəqiqi, heç bir şey asılı deyildir. Onların bütün ümidləri, vəd və hədələri həmin gün milyonlarla insanın gözü qarşısında sabun köpüyü kimi partladı. Adətən, sabun köpüyünün yerində nə qalır - bu da hamıya bəllidir.

Bakının özəlliklərindən biri budur ki, şəhərimiz sirr saxlamaq üçün qətiyyən yaramır: ən mübhəm sirlər belə iki-üç saatın içindəcə şəhərin hər yerinə faş olur. Özü də internetsiz, fakssız və televiziyasız. İnformasiya ötürülməsinin alışdığımız əsas vasitələri səhər xaşı, sübh tezdən asta-asta qaçarkən, nahar fasiləsi zamanı kəlmə kəsmək, yas yerləri, toylar, hamamlar və bəzən, fövqəladə hallarda və istisna kimi, telefondur.

Ciddi tərif versək, bu cür informasiya şayiə adlanır. Və yenə də ciddi danışsaq, bu fikirlə razılaşmaq lazım gəlir, hərçənd söhbət sırf elə şaiyələrdən gedir ki, onlar bir qayda olaraq, doğru çıxır. İctimai rəy isə müəyyən dərəcədə bunların əsasında formalaşır. Həmin ərəfədə xarici səfirliklərdən müntəzəm, təxirəsalınmadan daxil olan xoş müjdələr böyük məmnunluqla qarşılanırdı. Azərbaycanın Avropa Şurasına qəbulu lehinə müəyyən şərtlərlə, yaxud da qeyd-şərtsiz səs verməyi öz ölkələrinin hökumətlərinə tövsiyə edən səfirlərə adamlarda hər dəfə minnətdarlıq hissi oyanırdı. Şübhə yoxdur ki, bakılılar bu cür insanları hələ uzun illər yaxşılıqla xatırlayacaqlar.

İndi hamıya dərhal bəlli olur ki, nə vaxt, kimi və hansı səfirlikdə, təbii ki, Konstitusiya çərçivəsində Azərbaycanda sırf demokratik cəmiyyətin sürətlə qurulması naminə inqilabi hünərlərə həvəsləndirirlər; dərhal faş olur ki, məhz kimləri və nəyə görə mənəvi və maddi cəhətdən dəstəkləmişlər. Prinsipcə, burada pis bir şey yoxdur. Bu cür əlaqələrin mövcudluğu ölkədə real demokratiyanın varlığının dolayı olsa da, şəksiz əlamətləridir. Əcnəbilərlə sərbəst və təhlükəsiz ünsiyyət adi məsələyə çevrilmişdir. Axı, vaxt vardı - özü də o vaxtdan çox keçməyib - vur-tut on beş-iyirmi il əvvəl adamlar xarici səfirliyin binasına yaxınlaşmağa belə qorxurdular. Özü də bu qorxu əbəs yerə deyildi: xüsusi xidmət idarələrinin icazəsi olmadan, düşünüb-daşınmadan addım atan bəzi qoçaqlar üçün əcnəbi diplomatlarla ünsiyyətə girmək ən yaxşı halda vəzifənin itirilməsi, yerdə qalan digər hallarda isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmə ilə nəticələnirdi.

Təbii ki, istənilən məsələ ilə bağlı, istənilən şəxslə görüşmək hüququnu heç kəs insanın əlindən ala, bu hüququ məhdudlaşdıra bilməz. Lakin bütün bunlarla yanaşı, nəzərə alsaq ki, indi baş verənlər gələcəkdə burada yaşayanların hamısına öz təsirini göstərə bilər, mən fürsətdən istifadə edərək, bizim möhtərəm əcnəbi filantropları bir az diqqətli olmağa çağırıram. İnanın, sizin indi bu cür qayğı ilə havadarlıq etdiyiniz tanış personajlar əgər nə zamansa sizin mənəvi dəstəyiniz və maliyyə yarıdımızla superdemokratik əhval-ruhiyyəli silahlı kütlə toplayıb şəhərin küçələrinə çıxarmağa müvəffəq olsalar və sonra həmin adamlar "Xalq", "Azadlıq" hayqırtıları altında çoxdan həsrətində olduqları hakimiyyəti ələ keçirmək cəsarətində bulunsalar, sizlərdən heç biri qaçıb özünü, hətta təyyarəyə də yetirə bilməyəcəkdir.

Özünüz də hadisələri nəzarətdə saxlaya biləcəyinizə ümid bəsləməyin. Sizin dəstəklədiyiniz adamları dərhal onlardan daha artıq həyasız və peşəkar adamlar əvəz edəcəklər ki, belələrinin mövcudluğundan indi sizin heç xəbəriniz yoxdur. Allah sizə göstərməsin ki, şəxsi təcrübənizdə bir şeyin şahidi olasınız: kimyadan hələ heç kimə məlum olmayan sirli-sehrli, möcüzəli qanunlara uyğun olaraq, idarə edilməyən hərc-mərclik dövründə neft qan qoxumağa başlayır... Biz bunu artıq iki dəfə yaşamışıq: bir dəfə iyirminci yüzilin əvvəllərində və ikinci dəfə də həmin əsrin sonunda. İyirminci yüzildə hər iki dəfə ölkəmiz yenidən dirçəlməli olub və hər dəfə də buna sıfırdan başlayıbdır. Etiraf edim ki, mən Bakıda əcnəbi səfirliklərin fəaliyyət göstərməsinin qədrini bilirəm  və ümid etmək istəyirəm ki, onlar bundan sonra da salamat, toxunulmaz qalacaqlar.

Əgər Avropa Şurasına qəbula münasibətdən danışsaq, onda yəqin ki, bu xəbəri təmkinlə və zənnimcə, eyni zamanda, riqqətlə qarşılayan insanları da xatırlamağa dəyər. Onları əsas etibarilə bir şey maraqlandırır: ölkə bundan nə kimi birbaşa fayda götürəcək və həmin şəxsin özünün konkret payı nədən ibarət olacaqdır. Bir qayda olaraq, belələri həyatı ağır keçən adamlardır, onlar arıq öz qüvvələrinə inanmırlar, yeni sistemə uyğunlaşa bilmədikləri ilə barışıblar. Vətəndaşı olduqları ölkənin Avropa Şurasına daxil olduğunu bilən kimi bu adamlar öyrənmək istəyirlər ki, bunun müqabilində onların özlərinə nə veriləcəkdir.

Hiss edirsən ki, həmin insanlarda bu ümid qığılcımını oyadan Avropa deyil (axı, Avropa bizim üçün olsa-olsa coğrafi anlayışdır), bu ümidin səbəbi əsas instinkt kimi şüurumuzda özünə yer eləmiş "şura" - "sovet" kəlməsidir. Bəlkə elə doğrudan da pulsuz mənzillər paylamağa, adamları pulsuz müalicə etməyə, uşaqları dəniz kənarına pulsuz yay istirahətinə göndərməyə başlayacaqlar? Mənim dilim dönməz bu adamlara deyim ki, Avropa Şurasına üzvlükdən dərhal və bilavasitə maddi fayda və qayğı gözləməyə dəyməz, çünki Avropa Şurası sosial təminat şöbəsi deyil və dünyada özümüzdən savayı heç kəs bizə kömək etməyəcəkdir.

Mən qətiyyətimi toplayıb belə adamlara deyə bilmirəm: axı dünyada elə şeylər var ki, onları əməli şəkildə istifadə baxımından qiymətləndirmək qeyri-mümkündür. Məsələn, dövlət himni, Üzeyir Hacıbəyovun abidəsi, yaxud yaşıl vadidən axan çay üzərindəki qövsi-qüzeh...  O cür düşünən adamları yalnız qucaqlamaq və başa salmaq lazımdır ki, heç bir şeyə baxmayaraq, ümidsizliyə qapılmaq olmaz, çünki həyat, hətta ən ağır keçən bir ömür belə, olduqca qiymətli hədiyyədir, elə bir nemətdir ki, yalnız həm kədərli, həm də sevincli anlarında onu dəyərləndirənlərə uğur gətirir.

2001-ci il yanvarın 25-də Strasburqda nələr oldu? Biz bunu hamımız gördük. Orada bizim Avropa Şurasına üzv qəbul edilməyimiz formal və huquqi cəhətdən təsbit olundu. Açıq ürəklə, səmimiyyətlə bizə əl uzatdılar və Prezident Heydər Əliyev bizlərin adından, bizim hər birimizin adından o əli sıxdı. Bu, o deməkdir ki, bizi Avropa xalqlarının möhtəşəm ailəsinə qəbul etdilər. Mən Avropada elə bir digər siyasi xadim tanımıram ki, həmin təntənəli mərasimdə iştirak etmək hüququna bu dərəcədə yüksək səviyyədə layiq olsun, daha dəqiq desəm, bu hüququ öz zəhməti müqabilində qazanmış olsun. Çünki Azərbaycanı Avropa Şurasına qəbul  etmək istəmirdilər. Bir çox səbəblərə görə istəmirdilər. Bu səbələrdən biri, heç vaxt dilə gətirilməyəni odur ki, Azərbaycan müsəlman ölkəsidir. Dünyəvi dövlətdir, lakin bununla belə hər halda müsəlman ölkəsidir. Müsəlmanlıq, islam dünyanın dörd böyük dinindən biridir. Onun ehkamları əslində, heç bir nöqteyi-nəzərdən Azərbaycanın Avropa Şurasına qəbulu üçün maneə ola bilməz.

Diqqət yetirin: nə Musa, nə Budda, nə İsa, nə Məhəmməd - onları doğum tarixlərinə müvafiq qaydada sadalayıram - öz təlimi barədə bir kəlmə yazıb; onlar yalnız danışır, Allah kəlamını şifahi təbliğ edirdilər. Onların söylədiklərini başqa şəxslər yazırdı və indi bəşəriyyət malik olduğu dəyərlərə görə həmin dövrdə peyğəmbərlərin kəlamlarını eşitmək şərəfinə nail olmuş müqəddəs insanlara borcludur. Təzə yaranan dinlərin tərəfdarları ilk növbədə bütpərəstlərin, saysız-hesabsız allahsızları özlərinə məxsus, əllərində olan üsullarla öz dinlərinə cəlb edirdilər. Sonradan ilahiyyatçılar və siyasətçi ilahiyyatçılar, daha sonralar isə sırf siyasətçilər başa düşdülər ki, dindən - istənilən dindən bir sıra məqsədlərə çatmaq üçün vasitə kimi istifadə etmək olar. Dinlər daxildən cərəyanlara bölündü ki, bu da xalqları həmin sayda hissələrə (məsələn, sünnilərə və şiələrə, katoliklərə və protestantlara və i.a.) parçalamağa və təyin olunmuş gündə qardaş qırğını törətməyə imkan verdi.

Eynilə, xalqlar arasında da əsil müharibə qızışdırmaq mümkündür. Ola da bilər ki, məsələni qırğına çatdırmadan ölkələr və xalqlar arasında qorxu, bir-birinə nifrət yayasan, "yad" dinin təmsilçilərinə qarşı mövhumat təbliğ edəsən. Bu yolla ayrı-ayrı ölkələri uzun zaman süst "soyuq müharibə" vəziyyətində saxlamaq, ürəyin istəyəndə isə bu "soyuq müharibə"ni qanlı qırğın həddinədək qızışdırmaq mümkündür. Paradoksal bir hal yaranıb: dünyada bütün insanlar vahid Tanrıya tapınsalar da, bu gün müxtəlif dinlər dünya siyasətinin idarə olunmasında çox güclü, dağıdıcı alətdir.

Buna görə də mən şadam ki, Avropa Şurası Azərbaycanı öz tərkibinə daxil etməyi lazım bildi. Azərbaycan elə bir məmləkətdir ki, burada ümumbəşəri dəyərlər hər zaman qorunmuş və qiymətdən düşməmişdir. Azərbaycan Türkiyədən sonra Avropa Şurasına qəbul edilmiş ikinci müsəlman ölkəsidir və bu, ümid etməyə imkan verir ki, əgər nə vaxtsa uzaq gələcəkdə kainat məhv olacaqsa, heç şübhəsiz, o, bəşər övladının əlindən məhv olmayacaqdır.

Biz bu gün də Ermənistanla müharibə vəziyyətindəyik, ermənilərin bütün dünyada necə bir təsirə malik olduqlarını isə izah etməyə ehtiyac yoxdur. Onlar ünsiyyət yaratmağı, hamı ilə dil tapmağı bacaran, hər cür həyat şəraitinə tez uyğunlaşan, bir çox cəhətdən istedadlı adamlardır və xaçpərəst dininə mənsub olmalarından xristian xalqlarının qanadı altına sığınmaq üçün məharətlə istifadə etməyi bacarırlar.

Mən öz xalqıma bələdəm. Demirəm bu yaxşı cəhətdir, ya pis, ancaq biz kinli deyilik, uzağı on-on beş il ötəcək, çoxlarının yarası sağalacaq, itkilərin, təhqirlərin ağrı-acısı çəkiləcək, tədricən nifrət də yox olacaqdır. Ermənilər isə hələ uzun müddət bizə nifrət edəcəklər. Bu təkəbbürlü, iddialı adamlar "Qafqaz irqi"nin layiqli təmsilçiləridir, onlar üçün "heysiyyət" məfhumu boş şey deyildir. Elə buna görə də onlar heç vaxt unutmayacaqlar və unuda bilməyəcəklər ki, bir vaxtlar Sovet İttifaqında hakimiyyətsizlik və özbaşınalığın hökm sürməsindən istifadə edib, ermənilərə heç zaman pisliyi dəyməmiş qonşularının və dostlarının üzərinə xaincəsinə hücum edərək, insanları qırmağa, soyub-talamağa başlamışlar.

Bu, mübaliğə deyil, biz və ermənilər qonşu olmuşuq, dostluq etmiş, başqa şəhərlərə bir-birimizə qonaq getmişik, aclıq illərində bir parça çörəyimizi bölmüşük, bir yerdə işləmişik, bayramlarda birgə şənlənmiş, mərhumlarımız üçün bir yerdə göz yaşı axıtmışıq, bir masa arxasında süfrə başında əyləşərək bir-birimizin gözünün içinə baxıb badə qaldırmış, bir-birimizi necə sevdiyimiz, qarşılıqlı hörmət bəslədiyimiz barədə sağlıqlar demişik.

Görəsən, doğrudanmı bütün şüurlu həyatımız boyu biz və ermənilər bir-birimizə yalan demişik? Biz yalan deməmişik. Şükür olsun Allaha ki, biz yalançı olmamışıq. Hər halda bu fani dünyada insan üçün, hətta ən güclü ərazi iştahasından da mühüm şeylər var. Bax bunu - mürgüləyən dostunun kürəyinə sapladıqları bıçağı ermənilər heç vaxt unutmayacaqlar. ABŞ-ın və bütün Avropanı aldatmaq mümkündür. Ermənilərin bizim heç yuxumuza belə girməyən zəngin var-dövləti, təsir dairəsi ayrı-ayrı hökumətləri  və xalqları buna inandırmağa imkan verir ki, guya "vəhşi və qaniçən azərbaycanlılar" qəflətən, heç nəyin üstündə, dinc, müdafiəsiz erməniləri qırmağa başlamışlar və buna görə də Dağlıq Qarabağı Azərbaycanın əlindən alıb Ermənistana birləşdirmək lazımdır. Hamını aldatmaq olar və bu yalan ayaq tutub yeriyir, ancaq öz-özünü aldada bilməzsən: ermənilər bizə necə bədxahlıq etdiklərini özləri bilirlər və onu da bilirlər ki, bunu biz də bilirik. Bu müdhiş həqiqəti bilməyimiz isə onların rahatlığını əllərindən alıbdır.

Təəssüf ki, hər şeydən göründüyü kimi, bu hissdən qurtulmaq üçün bizə daha güclü nifrət etməkdən savayı bir çıxış yolu tapmırlar. Azərbaycan isə Qarabağ probleminin sülh yolu ilə həlli barədə Ermənistanla danışıqlar aparır. Bu məsələnin dinc yolla müsbət həllindən bütün Cənubi Qafqazın və o cümlədən, təbii ki, Ermənistanın da gələcəyi asılıdır. Ancaq gözlərini nifrət pərdəsi örtmüş tərəfdaşla danışıqlar aparmaq olduqca müşküldür.

Xaricdə istifadə üçün tez-tez işə salınan daha bir dəlil də var: azərbaycanlılara nifrət etmək lazımdır, ona görə ki, "onlar türkdülər, Qars yaxınlığında bizimkiləri qırıblar". Qərbdə çoxları buna inana bilər, lap elə Rusiyada da bu cür yalanları asanca həzm edirlər, ermənilərin bəziləri də öz vicdanlarını sakitləşdirmək üçün bu uydurmaya ürəkdən inanmaq istərdilər. Ancaq bir sınayın: Qafqazda kiməsə - hər hansı bir qafqazlıya, dəxli yoxdur gürcümü, dağıstanlımı, osetinmi, çərkəzmi olsun, desəniz ki, azərbaycanlılar Qars yaxınlığında (azərbaycanlıların 99 faizi ömründə o yerlərdə olmayıb) və ya başqa bir yerdə erməniləri qırıblar, həmin qafqazlının əhvalı lap pis olsa belə, dərhal onu gülmək tutacaqdır. Axı bir bir-birimizi çox yaxşı tanıyırıq.

Biz bilirik ki, ermənilər özlərinin şərəfsiz hərəkətlərinin şahidi olmuş bizlərə həmişə nifrət edəcəklər. Hər halda indiki nəsillər bütünlüklə tam dəyişilincə belə davam edəcəkdir. Bu gün artıq heç kəs xatırlamır ki, qədimdə mübahisə nəyin üstündə düşüb, ancaq hamıya bəllidir ki, Qabil Habili öldürübdür. Görürsünüzmü? Bu da bir vaxt qardaş olanlar arasında düşmənçiliyə misal!

Azərbaycan müxalifətinin böyük əksəriyyəti ölkəmizin Avropa Şurasına qəbulunun əleyhinə idi və son iki il yarım ərzində bu müxalifət ölkəmizə ermənilərdən qat-qat böyük ziyan vurubdur. Heç olmasa, ermənilər bizim Avropa Şurasına daxil olmağımız mərhələlərində siyasətcil və nəzəri cəlb edəcək dərəcədə hörmətcil davranırdılar.

Başqa hallar da vardı, lakin onlardan başlıcası, şübhəsiz, bu idi ki, son on ildə Moskva psevdodemokratları, erməni milətçiləri və Azərbaycan müxalifəti sıx qarşılıqlı fəaliyyət göstərirdilər və biri digərini tamamlayaraq bütün sivil dünyanın gözü qarşısında Azərbaycan xalqının xoşagəlməz, ikrah doğuran obrazını yaratmağa müvəffəq olmuşdular. Onlar bunu o dərəcədə inandırıcı etmişdilər ki, Avropa Şurasının qapıları Azərbaycanın üzünə bağlana bilərdi.

Ancaq bağlanmadı, çünki şər, nifrət və paxıllıq yayan bu fond düz iki il yarım ərzində bizim siyasət qrossmeysterimiz on beş-iyirmi dövhə üzərində eyni vaxtda oyun seansı keçirirdi. Əsil böyük usta kimi o, tək oynayır, özgədən kömək ummur, oyun üsülunu rəqibin xarakterindən asılı olaraq seçir, salondan eşidilən qəzəbli çığırtılara, sezilən kinli təbəssümlərə əhəmiyyət vermədən heyrətamiz dərəcədə soyuqqanlılıqla oynayırdı.

Bu, aid siyasi fiqurlarla görüş deyildi, o, həm ağlarla, həm də qaralarla oynayıb qələbə çalır, beynəlxalq dərəcəli qrossmeysterlərlə və ustalarla, Avropa Şurası ölkələrinin, Amerikanın prezidentləri ilə, ATƏT-in, AŞPA-nın rəhbərləri ilə, parlamentlərin və hüquq müdafiəsi təşkilatlarının təmsilçiləri ilə oyundan qalib çıxırdı. Sonda o, mükafatı qazandı və biz hamımız 2001-ci ilin yanvarın 25-də Strasburqda həmin mükafatın bizim Prezidentimizə təqdim edilməsinin şahidi olduq. Biz hamımız ona minnətdar olmalıyıq.

- Yəni, Maqsud İbrahimbəyov belə hesab edir ki, Azərbaycanın Avropa Şurasına daxil olması əsil firavanlıq deməkdir?

- Azərbaycan üçün şübhəsiz, belədir. Avropa Şurasının tamhüquqlu və daimi üzvü olmaq ölkəmizin müstəqilliyini möhkəmləndirəcək, bizə iqtisadiyyatı gücləndirməyə, təkmilləşdirməyə, yəni maliyyə sistemimizi beynəlxalq normalara yaxınlaşdırmağa, qüsurları aradan qaldırmağa, əhalinin sosial təminatını, gömrük və vergi sistemlərini yaxşılaşdırmağa və s. imkan verəcəkdir.

Zənnimcə, biz Avropa ölkələri ilə əlaqələrin genişlənməsinin şəhər və kəndlərimizin məişətinə təsirini tezliklə hiss edəcəyik. Sözsüz ki, qonşu ölkələrdə özgə malana göz dikənlər üçün - mən təkcə Ermənistanı və onun müttəfiqlərini nəzərdə tutmuram - gündüzün-günorta çağı, lap elə gecənin qaranlığında belə, qırğın-qarət törətmək, hər cür separatizmi qızışdırmaq və hətta eyni bir konfessiyanın təmsilçiləri arasında ədavət yaymaq getdikcə daha çətin olacaqdır. İndi Qarabağ məsələsinin ədalətli həllinə ümid etmək üçün bizim daha çox əsasımız var. Əlbəttə ki, bütün bunlar zaman keçdikcə həyat səviyyəsində, elmin və mədəniyyətin inkişafında, insanların davranışında və bütövlükdə həyat tərzində ən müsbət təsirini göstərəcəkdir.

Bir məsələ də şəksizdir ki, yeni üzvün daxil olması ilə bağlı Avropa Şurasının ciddi problemləri yarana bilər. Mən hətta qorxuram ki, elə bu səbəbdən həmin təşkilatın sədri Lord Xonstonun və təşkilatın digər rəhbərlərinin səhhəti ilə bağlı problemlər yarana bilər.

- Yəqin ki, zarafat edirsiniz?

- Zarafatdan keçib. Bizim müxalifətin böyük əksəriyyəti üçün Avropa Şurası yanvarın 25-də boş qalan yeri doldurmuş poçt obyektindən başqa bir şey deyildir. Çoxdan həsrətində olduqları bu poçt obyektinin köməyi ilə onlar, müqabilində pul aldıqları vəzifələri həll etməyə cəhd göstərəcəklər. Bəli, bu işləri görmək naminə onlara haqq ödəyir və hərdən bir xilasedici kəmərləri atırlar ki, bunun da sayəsində həmin adamlar bir siyasətçi kimi suyun üzündə qala bilirlər. Onların öncül vəzifələrindən biri Azərbaycanın Avropa Şurasından çıxarılması və gələcəkdə ölkəmizin dünya ictimaiyyətinin gözündə nüfuzdan düşməsidir.

Əzizim Lalə, elə şeylər var ki, siz onları bilmirsiniz. Məsələn, əminəm ki, belə bir faktdan xəbəriniz yoxdur: təxminən 1991-ci ilədək Moskvaya hər ay Azərbaycandan 103-105 ton məktub göndərilirdi. Buraya bağlamalar daxil deyildi. 103-105 ton məktub, onların yarısından çoxu şikayətlər, vəsatətlər və donoslar, o cümlədən, imzasız məktublar idi. Təsəvvür edə bilərsinizmi! Özü də o dövrdə imzasız məktublar ciddi sənəd sayılırdı, müvafiq instansiyada onu diqqətlə araşdırmağa və tədbirlər görməyə borclu idilər.

Ünvanına şikayət məktubu göndərilmiş idarə hər cür araşdırma və yoxlamalardan sonra qanunla müəyyən edilmiş müddətdə (səhv etmirəmsə, bir ay) nəinki məktub müəllifinə cavab verməli, həm də şikayət və ya çulluğun mahiyyətindən asılı olaraq, qəbul edilmiş qərarları Moskvaya, ya da Bakıya göndərməli idi. Moskvadan Bakıya tez-tez gələn komissiyalar yerli partiya və sovet orqanlarının rəhbərləri ilə birlikdə araşdırmadan sonra günahkarları partiyadan çıxarır, işdən qovur, məhkəmələrə verir, həbsxanalara salırdılar. Bəzən elə olurdu ki, məktubun süjetindən və ya onu quraşdıranın tərcümeyi-halından asılı olaraq, məktub müəlliflərinin özlərini də damlayırdılar.

Adətən, şikayət və çuğulluqlar SSRİ Prokurorluğuna, Ali Məhkəməyə, DİN-ə, DTK-ya və Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinə göndərilirdi. "Zəhmətkeş məktubları" ilə on minlərlə adam məşğul olurdu. Belə məktubların çeşidlənməsi böyük zəhmət, vaxt tələb edən bir iş idi. Heç bir məktub cavabsız qalmırdı. O dövrdə hakimiyyət strukturlarında ən ciddi təşkilatlardan biri Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsi idi. Onun qərarları Sovet İttifaqı ərazisinin hər yerində sözsüz yerinə yetirilməli idi. Komitəyə uzun illər Arvid Pelşe sədrlik etmişdi. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Sov.İKP MK Siyasi Bürosunun üzvü, sədaqətli partiyaçı olan Pelşe son dərəcə sərt adam idi. Bu şəxsin əlində toplanmış hakimiyyətin həddini bizim indiki demokratiya dövründə təsəvvürə gətirmək qeyri-mümkündür. Sov.İKP MK katiblərinin, xəta etmiş müttəfiq respublika nazirlərinin, müxtəlif səviyyəli respublika rəhbərlərinin gələcək aqibəti çox zaman onun kabinetində həll olunurdu. Bu kabinetdə çıxarılan qərarlar, bir qayda olaraq, Siyasi Büroda uzun-uzadı müzakirələrsiz təsdiq edilirdi. Prinsipiallığına, sözü açıq deməsinə görə Pelşeyə hörmət edir və ondan qorxurdular. Son söz həmişə onun olurdu. 

1983-cü ilin çiskinli günlərindən birində nahar fasiləsindən sonra Partiya Nəzarəti Komitəsinin sədri öz iş otağındakı masa arxasında, köhnə, rahat kreslosunda əyləşib, fikrə dalmışdı. Onun 84 yaşı vardı, ağlı və gözləri hələ itiliyini itirməmişdi, bütövlükdə özünü sağlam hiss edirdi. Təkcə oturaq həyat tərzi və məşğuliyyəti üçün adi hal olan ateroskleroz və qan təzyiqinin tez-tez qalxıb-enməsi onu narahat edirdi. Kreml Mərkəzi Xəstəxanasında işləyən cavan həkimlərdən biri bu adlı-sanlı pasiyentində altsgeymer xəstəliyinin lap təzə-təzə nəzərə çarpan əlamətlərinin olmasından şübhələnmişdi. Lakin təbiətən ağıllı və uzaqgörən adam olan gənc həkim öz mülahizələrini açıqlamamışdı. Yeri gəlmişkən, həmin şəxs öz biliyi və tükənməz istedadı sayəsində indi akademikdir və Moskvanın ən yaxşı klinikalarından birinə başçılıq edir.

... Kabinetə Pelşenin köməkçisi DTK generalı Travkin daxil oldu. Onun əlində həmişəki kimi, imzalanası sənədlər olan qovluq vardı. Pelşe təbəssümlə yer göstərdi. Bu o demək idi ki, sədrin ovqatı yaxşıdır:

- Əyləşin, niyə belə qımışırsınız, mənim generalım?

- Bizə mavzoleydən gülməli bir məktub göndəriblər. Özü də həmin məktubu Azərbaycandan alıblar. Bakı sakini, Qəzənfərov adlı birisi Vladimir İliç Leninə məktub göndərərək xahiş edir ki, onun mənzil alması üçün göstəriş versin. Yazır ki, Bakıda MK-ya da müraciət edib, şəhər partiya komitəsinə də. Nə isə, - Travkin qımışdı. - kişi deyəsən səfehləyib.

Pelşe zərfi alıb uzun-uzadı baxdı, sonra onun içərisindəki məktubu çıxarıb diqqətlə oxuduqdan sonra Travkinə qaytardı.

Bircə andaca sifəti pörtüb qızardı. Yerində qımıldanmadan oturub, heç nə görmürmüş kimi baxışlarını bir nöqtəyə zilləmişdi.

Travkin başa düşdü ki, Pelşe  qəzəblənib. "Lazım idimi bu mənzil məsələsini ortaya atım, - deyə o təəssüfləndi, - sonrası da bu səfehin məktubu qətiyyən gülməli deyil". Belə düşünən Travkin üzr istəməyə macal tapmadı. - Adı nədir onun?

- Qəzənfərov Aslan Səməd oğlu, - Travkin məktubdan imzanı oxudu.

- Nə qulluğun sahibidir?

- İnşaatçı mühəndisdir, partiyaçıdır.

Pelşe bir neçə dəqiqəlik yenidən özünə qapıldı, sonra nə isə fikirləşib Travkinə müraciət etdi:

- Bəs axı mənə deyiblər ki, o vəfat edib?

Travkin nədənsə əmin idi ki, Qəzənfərov sağdır. Ancaq susdu, axı istisna etmək olmaz ki, Pelşeyə öz kanalları ilə nəsə bəllidir. Pelşe onun susmağını öz bildiyi kimi yozdu.

- Məgər siz bilmirdiniz ki, o vəfat edib? - sədrin məşhur nüfuzedici baxışları sanki Travkini dəlib keçirdi. - Axı zərfin də üstündə yazılıb: Mavzoley, - o, bir də sözü höccələdi. Mav-zo-ley.

Müharibə iştirakçısı, Pelşe ilə otuz beş ildən bəri işləyən general Travkin məsələnin nə yerdə olduğunu yalnız indi anlayıb, dəhşətə gəldi:

- Arvid Yanoviç, - general boğazı qurumuş halda çətinliklə soruşdu: - siz Lenini nəzərdə tutursunuz?

- Bəli, bəli, bəli. Axı o, vəfat edib? Düzdür? Niyə sualıma cavab vermirsiniz?

- Bəli, Vladimir İliç Lenin vəfat edib və onun nəşi mavzoleydə saxlanılır, - deyə Travkin sözləri ucadan tələffüz edərək cavab verdi.

- Görürsünüzmü, - Pelşe rahat nəfəs aldı, - indi verin mənə məktubu. Artıq hər şey aydındır, - o, qələmi götürüb Qəzənfərovun ərizəsinin yuxarı küncündə dərkənar qoydu: Bakı şəhər Partiya Komitəsinə tapşırıldı ki, qısa müddət ərzində Qəzənfərovun mənzil məsələsi müsbət həll olunsun. - Hərçənd fikirlərimiz üst-üstə düşməsə də, bütün bu məsələdə nəsə bir qəribəlik var...

On dəqiqədən sonra isə Travkinin çağırışı ilə özünü yetirmiş şəxsi həkim sədrin vəziyyətinin pis olduğunu görüb, titrək barmaqları ilə Kreml Mərkəzi Xəstəxanasına zəng vururdu.

Ertəsi gün ölkə sarsılmaz Pelşeni son mənzilə yola saldı. Cəmi bircə aydan sonra isə Qəzənfərov üçotaqlı mənzilə köçməsini bayram edirdi. Pelşenin dərkənarı ölümündən sonra da kara gəlmişdi.

Beləcə, hələ bir müddət Bakıdan Mavzoleyə axın-axın şikayət məktubları gedirdi. Ancaq onlar daha heç kəsə fayda gətirmirdi. Mavzoleydən məktubları təzədən Bakıya, haqqında şikayət edilən obyektlərə göndərirdilər, şikayətçiləri oraya dəvət edib, vicdan və ehtiramsızlıq barədə uzun-uzadı moizələr oxuyurdular.

Özü də bütün bunlar zarafat-filan deyil. Populyar epistolyar janrın müşahidə olunan müvəqqəti böhranı yalnız və yalnız ölkənin çökmə səbəbləri ilə bağlıdır. Lakin indi biz hazır olmalıyıq ki, tezliklə müxalifət cikimizi-bikimizi Strasburqun küçələrində faş edəcəkdir.

Onlar özlərinin bütün şikayətlərini və çuğullarını belə izah edəcəklər ki, əzab çəkən xalqın problemlərini Avropa Şurasının vasitəsilə həll etməyə, "amansız rejimi" həmin qurumun köməyi ilə devirməyə və eyni zamanda özlərinin siyasi çəkisini, heç olmasa, bir neçə qram artırmağa çalışırlar.

Hər kəsə aydındır və müxalifət rəhbərləri də bunu bilməmiş deyillər ki, yuxarıda sadalanan planları, hətta ən nüfuzlu beynəlxalq təşkilatın köməyi ilə həyata keçirmək az qala, futbol komandasının rəqibin qapısına dost yağınsöndürənlər komandasının yardımı ilə "qol" vurmasına bənzəyir. Əlbəttə, yanğınsöndürənlərin köməyi ilə topu qapıdan keçirəcəklər, amma bu top sayılmayacaq və elə meydançadaca hakim onlara qətiyyən ürəklərincə olmayan kart göstərəcəkdir.

Yenə də hər kəsə bəllidir və elə müxalifətçilərin bəziləri də bunu yaxşı bilirlər ki, Avropa Şurasına şikayət və tələblər axını mütəşəkkil surətdə Azərbaycanın Avropa Şurasından çıxarılmasına nail olunmasına, ya da heç olmasa, öz ölkəmizə ciddi mənəvi və siyasi zərbə vurulmasına yönəldiləcəkdir. Nə etməli? Tapşırıq-tapşırıqdır - onu yerinə yetirmək  lazımdır!

- Bu, onlara müyəssər olacaqmı?

- Yəqin ki, nəyəsə nail olacaqlar. Lakin bütün fəndlərə, fitnə-fəsadlara baxmayaraq, Azərbaycan Avropa Şurasının tərkibində qalacaqdır. Buna şübhə etməyə bilərsiniz. Amma bir məsələ var: bayaq sizə dediyim kimi, bizim müxalifətin coşğun fəaliyyətindən Avropa Şurasının rəhbərlərinin səhhətinə xətər toxuna bilər, bütövlükdə Avropa Şurasına və bundan daha çox Azərbaycanın onsuz da aşağı olan reytinqinə xələl gələr.

Bundan əlavə, güman edirəm ki, Azərbaycandan göndəriləcək məktubların araşdırılması üçün gələcəkdə Strasburqda təzə bir poçt şöbəsi yaratmaq və onun hər guşəsində kaktus əkilmiş dibçəklər düzmək lazım gələcək, çünki deyilənə görə, kaktus normal insanların psixi və fiziki sağlamlığı üçün ziyanlı olan şüaları udur.

 

Müsahibəni apardı:

Lalə BAĞIROVA