Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

MÜHÜM MÖVZU ƏTRAFINDA BƏZİ DÜŞÜNCƏLƏR

Siz məşhur altmışıncıların ən parlaq təmsilçilə-rindən birisiniz. Onlarınsa əksəriyyəti sovet ideologiyasına qarşı çıxırdı. Siz necə, müxalifətdə olmusunuzmu?

 

Belə demək o qədər də düzgün deyil, əzizim Lalə. O dövrdə əhalinin bütün təbəqələrindən olanların əksəriyyəti çəpik çalıb "ura" qışqırır və pərəstiş obyektlərinə sədaqət dolu nəzərlərlə baxırdılar. Hakim ideologiyaya qarşı açıq müxa-lifətdə duranları barmaqla saymaq olardı və nəhəng ölkə belələrinin acı taleyindən, əsas etibarilə, xarici radiostan-siyaların verilişlərindən xəbər tuturdu. İndi bir də görürsən mətbuatda, televiziyada kimlərsə çıxış edir və o zaman kommunist rejiminə qarşı necə cəsarətlə mübarizə apardıqları barədə aludəliklə danışırlar. İnanmayın! O başqa məsələ ki, həmin dövrdə öz əqidəsi olan insanlar vardı, onların sayı da çox deyildi və bu adamlar hər cür şəraitdə yalnız özlərinin mənəvi-əxlaqi prinsiplərinə uyğun hərəkət edirdilər. O cür yaşamaq asan deyildi və bu, çoxlarına müyəssər olmurdu. Bəlkə nədənsə sizin gözünüzdən düşəcəyəm, ancaq mən heç vaxt sovet hakimiyyətinə qarşı müxalifətdə olmamışam.

 

Lakin hamıya bəllidir ki, sizin üçün qanqaraldıcı məqamlar olub. Bir vaxtlar hətta əsərlərinizi çap etməyi belə dayandırmışdılar. Yaradıcı ziyalıların başqa təmsilçilərinin də adları bəllidir ki...

 

Artıq indi bunu təsəvvür etmək çətindir, amma o zaman müxalifət deyilən şey mövcud deyildi. Heç ondan əsər-əlamət belə yox idi. Çünki müxalifət, əslində, yalnız demokratik dövlət quruluşu şəraitində bir neçə gündən artıq duruş gətirə bilər. Burada məsələ başqadır. Yəni daha dəqiq desək, iş ondadır ki, sovet hakimiyyəti ədəbiyyat və incəsənət əsərlərinin istehsalı üzrə mütləq inhisarçı idi. Bütün istehsal vasitələrinin yeganə sahibi olan sovet hakimiyyəti heç bir xərcə-məsrəfə məhəl qoymadı, öz nöqteyi-nəzərincə ən faydalı və perspektivli müəlliflərin əməyini yüksək dəyərləndirir, onlar üçün mənzillər, maşınlar, bağ sahələri ayırır, onları ordenlər, fəxri adlarla təltif edirdi. Kitablar milyonlarla nüsxə tirajla nəşr edilir, filmlərin yüzlərcə surətləri yayılır, teatr tamaşaları ağzınadək dolu zallarda keçirdi. Bunlar var idi.

 

Fəqət?

 

Fəqət... fəqət həmin o sovet hakimiyyəti öz nöqteyi-nəzərincə, daha dəqiq desək, məmurların fikrincə, rejimin salamatlığı üçün ziyanlı, hətta təhlükəli əsərlər peyda olanda hiddətlənir, bəzi hallarda isə təsvirəgəlməz dərəcədə qeyzlənirdi. Yazıçı işi nədir? İki kəlmə ilə desək, bu, yazıçını fərəhləndirən, qəlbini sıxan, onu maraqlandıran nələrinsə süjet və obrazlarda təcəssümüdür. Çox zaman elə alınırdı ki, sanballı, hətta istedadlı əsərlər xeyir və şər haqqında yetkin sosializm cəmiyyətində bərqərar olmuş təsəvvürlərə zidd olmurdu. Təbiətdən, bitki və heyvanların həyatından bəhs edən əsərləri bu baxımdan daha uğurlu aqibət gözləyirdi. Yazıçılar, özü də istedadlı və hakimiyyətə tamamilə loyal münasibət bəsləyən yazıçılar üçün xoşagəlməz məqamlar isə bir səbəbdən yaranırdı: əgər iş prosesində müəllifin bircə an belə yadından çıxmırsa ki, onun əsəri sifarişçinin xoşuna gəlməlidir, bu halda ədəbiyyatla bilavasitə bağlılığı olan nəsə bir şey yazmaq çətin, demək olar ki, qeyri-mümkündür. Yazıçı daxilən tam azad olmalıdır. Bu daxili azadlıq olmayan yerdə ədəbi surroqat, mulyaj, qondarma, cansız nəsr nümunəsi yaranırdı. Onu isə bütün rəsmi KİV-lərdə – o zaman başqaları heç yox idi də - yüksək ədəbi hadisə kimi təqdim edirdilər. Əslində isə həmin əsər bu meyara heç yaxın gəlmirdi. Yəqin xatırlamağa dəyər ki, iqtidarın yaradıcı ziyalılara münasibətlərində istiqamətləndirmə çox zaman xeyirxah tövsiyələr və profilaktik səciyyəli məsləhətlər formasında özünü büruzə verirdi. "Düzgün" yazmaq üsulunu bədii şuralarda və ideoloji rəhbərlərlə görüşlərdə izah edir, öyrədirdilər. Bəzən iş o yerə çatırdı ki, lap gülünc əhvalatlar baş verirdi. Bir dəfə hökumət təltiflərinin təqdimatı zamanı keçmişdə tanınmış neftçi olmuş Ali Sovetin Rəyasət Heyətinin sədri Azərbaycanın ən istedadlı rəssamlarından biri olan Səttar Bəhlulzadəyə müraciətlə dedi:

– Hörmətli Səttar müəllim, ümidvarıq ki, yaxın vaxtlarda siz xalqların dahi rəhbəri Vladimir İliç Leninin parlaq obrazını kətan üzərində canlandıracaqsınız!

Həddən artıq istedadlı rəssam olan Səttar Bəhlulzadə ömrünün sonunadək uşaq kimi sadədil bir insan olaraq qala bilmişdi. Odur ki, Leninin rəsmini çəkmək barədə sədrin arzusunu da ciddi qəbul etmişdi. Hələ bu harasıdır, üstəlik də elə bilmişdi ki, bu arzu təltifi qəbul etməyin məcburi şərtidir. Sədrin əlindən ordeni açıq-aşkar çaşqın halda aldı. Protokola uyğun minnətdarlıq çıxışı əvəzinə Səttar dupduru ala gözlərini sədrin üzündə dolandırıb dedi:

– Bilirsiniz, mən bunu vəd edə bilmərəm. Axı, Lenin dəniz deyil, Lenin dağ, fındıq meşəsi deyil, ... mən peyzajistəm, – belə deyib, orden qutusunu sədrə uzatdı: – İstəyirsiniz geri götürün.

– Eybi yox, eybi yox – deyə sədr zaldan məmnun bir uğultu keçməsinin fərqinə varmayaraq, gümrah səslə dilləndi: – Yavaş-yavaş öyrənərsiniz və çəkərsiniz! Biz sizin qabiliyyətinizə şübhə etmirik!

İnsanın bir həqiqəti vaxtında dərk etməsi olduqca vacibdir ki, istənilən xoşagəlməz hadisələr ta ən böyük bəlalaradək, hər bir insanın həyatının labüd tərkib hissəsidir. Və bir də inanmaq lazımdır ki, hər zaman hər şeyin bu və ya digər dərəcədə çarəsi var – təkcə yaxın adamı və təmiz adı itirməkdən savayı. Ancaq zərbələrə nə qədər dözümlə sinə gərsə belə, yenə də pisliklər, bir qayda olaraq, insanı qəfil yaxalayır. Mən sizə öz həyatımdan tək bircə qanqaraldıcı əhvalat danışacağam. Çünki ilk baxışdan təsadüf, istisna hal təsiri bağışlasa da, mübaliğəsiz demək olar ki, həmin epizodun oynadığı mühüm rolu heç də konkret, ayrıca bir hadisə ilə bağlamaq olmaz.

Həmin əhvalatın baş verdiyi ərəfədə mən Moskvada idim, çox işləyir və həyatın hər günündən, hər saatından zövq alırdım. SSRİ Akademik Malı Teatrında bir pyesimi tamaşaya qoymaq üçün qəbul etmişdilər. Leninqrad Gənc Tamaşaçılar teatrına o birini təhvil vermişdim, ölkənin üç kinostudiyasında mənim ssenarilərim əsasında eyni vaxtda filmlər çəkilirdi, paytaxtın iki sanballı nəşriyyatında kitablarım çapa hazır-lanırdı. Səhərlərim isə bununla başlanırdı ki, az qala bütün gecəni yazı makinası arxasında keçirdikdən sonra sabah açılan kimi Ümumittifaq Müəllif Hüquqları Agentliyinin xətti ilə göndərilmiş xarici nəşriyyatlarla müqavilələri imzalayırdım. Və qəflətən bu son dərəcə xoş ovqatlı günlərimin axarı pozuldu. Bakıdan pis xəbər aldım. Tanınmış şair və görkəmli ictimai xadim olan birisi – Bakı şəhər Partiya Komitəsinin plenumunda çıxış etmiş və plenum iştirakçılarına söyləmişdi ki, yazıçı Maqsud İbrahimbəyov Moskva nəşrləri "Nedelya" və "Novıy Mir"də özünün yenicə çap olunmuş əsərlərində sosialist gerçəkliyinə ən alçaq bir tərzdə və xaincəsinə qara yaxır. Öz alovlu çıxışının sonunda həmin o məşhur şair və görkəmli ictimai xadim bəyan etmişdi ki, artıq Azərbaycanın öz Soljenitsını peyda olub və bu "Soljenitsın"ın adı Maqsud İbrahimbəyovdur, özü də naməlum səbəblərə görə həbsxanada deyil və sovet vətəndaşlığından məhrum edilməyib. Ertəsi gün "Bakinski raboçi" qəzetində "Keçmişdən gəlmiş adam" sərlövhəli yarımsəhifəlik məqalə dərc olundu. Məqalə müəllifi – sanballı tənqidçi, ədəbi-ictimai jurnalın baş redaktoru mənim yazdıqlarımın məzmununu əməllicə təhrif edərək, inandırıcı şəkildə sübuta yetirirdi ki, M.İbrahimbəyov kimi dönüklərə vicdanlı və prinsipial sovet yazıçılarının sıralarında yer olmamalıdır. Hər şey kökündən dəyişdi. Bu məqamda, əzizim Lalə, mən izah etməliyəm ki, o zamanlar kimi isə Soljenitsın adlandırmaq heç də onun üçün ürəkaçan kompliment deyildi, Azərbaycan KP MK-nın orqanı olan bir qəzetdə çap edilmiş "Keçmişdən gəlmiş adam" kimi məqaləni isə ətrafdakılar, gələcəkdə yumşaldılacağı şansları şübhə doğuran qəti hökm tək qəbul edirdilər.

Bunun ardınca Azərbaycan KP MK-nın katibi Quliyevin əmri ilə Sovet İttifaqının bütün nəşriyyatlarına, teatrlarına və kinostudiyalarına qadağanedici məktublar göndərildi. Məktublar göndərildikdən sonra, üstəlik, Bakıdan telefon zəngləri ilə də tapşırıqlar verildi. Hər yerdə də bunların təsiri dərhal özünü göstərdi: necə deyərlər, nəfəs almaq üçün oksigenin qarşısı xırp kəsildi.

Sonra baş verənləri isə yalnız möcüzə adlandırmaq olar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev xahiş etdi ki, hər iki antisovet əsəri – "Ondan yaxşı qardaş yox idi" və "Günlərin bir günü"nü ona gətirsinlər. Əsərləri oxuduqdan sonra isə göstəriş verdi ki, məni rahat buraxsınlar. O, əmr etmişdi ki, ümumiyyətlə, "əcinnə ovu"na son qoyulsun.

Bildiyimə görə, o zaman mənim başıma gələn bu hadisə partiya rəhbərliyinin ədəbi prosesə son müdaxiləsi oldu. Azərbaycan da SSRİ-də barmaqla sayıla bilən bir-iki respublikanın cərgəsinə keçdi ki, burada dissidentlər arayıb-axtarmağa, onları ittiham etməyə, yəni heç bir günahı olmayan insanları öz ölkəsində gözdən düşmüş vəziyyətə salmaq hallarına son qoyuldu. Bu, müstəsna olaraq Heydər Əliyevin iradəli qərarı sayəsində mümkün oldu. Həmin dövrdə ayrıca götürülmüş bir respublikada belə bir qərar qəbul etmək olduqca müşkül bir iş idi. Təsəvvür edə bilərsinizmi: bircə an içərisində yazıçılar – Azərbaycanın bütün yazıçıları dişbatmaz oldular. Ədəbi tənqidçilərin – ideologiya mühafizlərinin, yəni öz rifahını təmin etmək, vəzifə sahibi olmaq və pul qazanmaq yolunu ya yuxarıdan sifarişlə, ya da öz təşəbbüsü ilə yazıçıları "ifşa etmək"də görənlərin hamısının yırtıcı dişlərinin şaqqıltısı birdən kəsildi. Bu, tarixi faktdır və oxucuların ondan xəbər tutması yerinə düşər.

 

O vaxt siz Heydər Əliyevlə görüşdünüzmü?

 

O, məni dəvət etdi və biz tanış olduq. Həmin görüşdən məndə belə bir qənaət hasil oldu ki, o, çox məlumatlıdır və sözü yaxşı duyur.

 

Bəs, Quliyev barəsində nə dedi?

 

– Bircə kəlmə də demədi. Yeri gəlmişkən, Quliyev barədə. Həmin dövrün partiya xadimləri arasında o, yəqin ki, "sadiq leninçi" kimi ən çox seçiləni idi. İşdə, evdə, tanışlarla ünsiyyətdə o, söhbət əsnasında yeri düşdü-düşmədi, Marksdan, Engelsdən, Hegeldən sitatlar gətirirdi. Belə təəssürat yaranırdı ki, Kommunist Partiyasının ondan daha sadiq üzvü, Sovet dövlətinin isə bu adamdan daha sədaqətli təəbəsi yoxdur. Bəs, axırı nə oldu? Elə ki, burnuna yanıq qoxusu dəydi, yəni partiya dağılmaq, ölkə isə süqut qarşısında qaldı, Dağlıq Qarabağda qiyam qalxdı, "sadiq leninçi" dərhal AFR-ə qaçdı və deyəsən, bu günədək də oralarda nifrət etdiyi kapitalist cəmiyyətinin "ləkələrini" arayıb-axtarmaqla məşğul-dur. Bilirsiniz, Lalə, hər halda mən bu qənaətdəyəm ki, Kommunist Partiyasının parçalanmasının və SSRİ-nin dağıl-masının ilk baisləri heç də mifik müxalifət və xaricdə real fəaliyyət göstərən olduqca ciddi adamlar deyil, bəlkə də özləri istəmədən kütbeyin, vicdansız və satqın sovet məmurları və partiya "kahinləri" oldu. Kütbeyin, vicdansız, satqın məmur bizim günlərdə də hamı üçün təhlükəlidir. O da bir növ yırtıcı heyvandır və ona qalib gəlməyin təsirli üsulunu heç bir dərslikdə axtarıb tapa bilməzsiniz. Ədalət naminə demək lazımdır ki, Quliyev rüşvətxor olmayıb.

 

Qanqaraldıcı məqamlarınızın baiskarlarının-məşhur şairlə görkəmli tənqidçinin adlarını çəkmədiniz.

 

Çəkən də deyiləm. Allah bilən məsləhətdir.

 

Bəs, siz onları bağışlamısınız?

 

Əlbəttə. Amma heç nəyi unutmamışam.

 

Çoxdan bəridir bir sual məni düşündürür: söhbət sizin "Mezozoy əhvalatı" pyesinizdən gedir. Necə ola bilər ki, siz geoloq, ya da neftçi olmaya-olmaya Xəzərdə bizim günlərdə baş verənləri iyirmi beş ildən də çox bundan öncə həmin pyesinizdə təsvir etmisiniz? Beyninizə belə bir fikir necə və nə üçün gəlmişdi ki, Xəzərin dibində zəngin neft ehtiyatları var? Bəlkə bu, yazıçı intuisiyasıdır?

 

Sözün düzü, heç bilmirəm. Ancaq bu, təsadüfdür – "Mezozoy əhvalatı" ilə Xəzərdə indiki neft bumunu bütövlükdə bəlkə də, gerçəkləşmiş arzu adlandırmaq olar və bu, çox xoşdur. Yəqin o vaxtlara görə fantastik olan bu arzuda nəsə varmış ki, "Mezozoy əhvalatı"nı tamaşaya qoymağı görkəmli rus rejissoru Boris İvanoviç Ravenski boynuna çəkmişdi.

 

Gəlin yenə də müxalifət barəsindəki söhbətimizə qayıdaq. Bütövlükdə müxalifət ideyasına münasibətiniz? Daha dəqiq desək, Azərbaycanda bu gün mövcud olan müxalifətə münasibətiniz necədir?      

 

Münasibətim çox yaxşıdır. Mən bilirəm ki, müxalifəti olmayan dövlət durğunluğa, staqnasiyaya məruzdur. Müxalifətsiz tərəqqi qeyri-mümkündür. Fikir verdinizmi, mən hamıya bəlli olan adi bir həqiqəti dilə gətirdim, lakin fikrimcə, bu adi həqiqət – aksiomdur və mən ona qeyd-şərtsiz inanıram. Hər bir iqtidarın müxalifətlə fasiləsiz, bitib-tükənməyən dialoqa ehtiyacı var, amma bir mütləq şərtlə ki, bu, formal yox, konstruktiv, fəal müxalifət olsun – əks təqdirdə, hakimiyyət düzgün inkişaf yolundan sapmağa məhkumdur.

Məni, şəksiz, sevindirir ki, ərazisinə və əhalisinə görə çox da böyük olmayan ölkəmdə 38 siyasi partiya azad, sərbəst fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş 530 kütləvi informasiya vasitəsindən hər birinin öz istehlakçıları – oxucuları ilə məhz öz baxış bucağından çıxış edərək söhbətləşmək imkanı var.

 

Deməli, Azərbaycanda söz azadlığının həqiqətən olması sizin üçün mübahisə doğurmayan faktdır?

 

Mən çeşidli mətbuatı izləyirəm, hər cür yönümlü qəzet və jurnalları oxuyuram, televizora baxıram. Məmnunluqla söyləyə bilərəm ki, hər gün maraqlı, operativ, bol informasiya çatdırılır. Çoxlu yeni, layiqli jurnalist imzaları gözə dəyir.

Demək olar ki, heç bir yasaq mövzu yoxdur. Bəzi qəzet və jurnalların səhifələrində ən kəskin problemlər qaldırılır, əvvəllər Bakı nəşrlərində açıq-aşkar duyulan əyalətçilik ərpi təmizlənib. Hər şey və hər kəs barəsində yazır, yüksək səviyyəli rəhbərlərdən tutmuş ta MİS müdirlərinə və sıravi polislərədək – kimi istəsələr kəskin ifadələrdən çəkinmədən tənqid edirlər. Çox vaxt tənqid açıq-aşkar təhqirə keçir, ancaq ola bilsin ki, bu, sərbəstliyə hələ alışmamaqdan irəli gəlir. Ümid edək ki, zaman keçdikcə bu da ötüb keçəcək və adamlar azadlığa tam alışdıqdan sonra başa düşəcəklər ki, cəzasız olaraq təhqir etmək və çirkab yağdırmaq heç də azadlığın ən yaxşı təzahürləri deyil. Çoxları belə düşünməyə alışacaqlar ki, jurnalistin başlıca silahı seçdiyi mövzuya, problemə, məhz özünün təkrarolunmaz baxışını yalnız inandırıcı dəlil və sübutlara söykənməklə ifadə etməkdir. Bunu dərk etməyənlərə gələcəkdə tələbat aradan qalxacaq və onlara jurnalistikada yer olmayacaq.

Bəli, mən tam məsuliyyətlə təsdiqləyirəm ki, bizim ölkəmizdə azad mətbuat timsalında qeyri-məhdud söz azadlığı mövcuddur. Əgər siz, Lalə, nə vaxtsa görsəniz ki, ağıllı, mütaliəli, geniş vicdanlı bir şəxs bu qənaətdə deyil, zəhmət olmasa, mənə zəng edin, birlikdə təəccüblənək.

 

Qayıdaq müxalifətə.

 

Qayıdaq.

 

Bizim fəaliyyətdə olan müxalifətimiz barədə sizin fikriniz?

 

Fəaliyyətdə olan müxalifət barəsində heç kəsin konkret fikri ola bilməz, çünki müxalifət monolit deyil.

Müxalifət vahid orqanizm olmayıb, həyata və siyasətə baxışları həm siyasi, həm də ümumi mədəni səviyyəsinə görə də bir-birindən son dərəcə fərqlənən, bəzən isə biri digərinə zidd olan ayrı-ayrı partiyalardan ibarətdir. Onları birləşdirən yeganə əlamət müxalifət üçün tamamilə təbii olan bir istək-hakimiyyətə gəlmək arzusudur. Fürsət düşmüşkən, özümün bəzi müşahidələrimi də məmnuniyyətlə sizinlə bölüşmək istəyirəm. Bir çox müxalifət liderləri əvvəlkinə nisbətən, nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişmişlər. Heyrətamiz dərəcədə dəyişmişlər. Onların çoxunu sadəcə tanımaq belə olmur: nəzakətli davranış yaranıb, nitqlərinin lüğət tərkibi xeyli yaxşılaşıb, öz çıxışlarında tez-tez və yerli-yerində beynəlxalq siyasi sözlük, termin və ifadələr işlədirlər, elə çıxışların məzmunu da daha maraqlı olub, bəzən incə yumor da duyulur. Bu adamlar zövqlə geyinməyə başlayıblar: İtaliya ustalarının əl işi olan çəkmələr, Versaçi, Dior kolleksiyalarından kostyumlar, qiymətli qol saatları, köynəklər, qalstuklar... xülasə, lap elə günü bu gün apar otuzdur Lordlar Palatasında. Bu, məni ürəkdən sevindirir! Əlbəttə, yaxşı olardı ki, daha doğrusu, qat-qat yaxşı olardı ki, bu çoxsaylı partiyalardan heç olmazsa bircəsinin maraqlı, yaxud da lap elə maraqsız, lakin konstruktiv proqramı olaydı. Elə bir proqram ki, onda islahat səciyyəli fikirlər təxmini də olsa əksini tapaydı, ya da ümumiyyətlə, novatorluq adlandırıla bilən hansısa fikir və planlar əks etdiriləydi. Təəssüf ki, hələlik bunlar görünmür. Doğrudur, onlar xalqın yoxsullu-ğundan, korrupsiyadan, vəhşilikdən, ali hakimiyyət eşalonla-rındakı qalmaqallardan çox inandırıcı tərzdə, çox vaxt dəlillərlə və demək olar ki, həmişə coşğunluqla danışırlar. Ancaq bütün bunlar hamıya müxalifətsiz də çox yaxşı bəllidir. Daha dəqiq necə deyim? Məsələn, tənqidçilər çox nadir hallarda yazıçı və ya rəssam olurlar. Ona görə ki, tənqid etməyi bacarmaq azdır, yazıçı və ya rəssam olmaqdan ötrü adam gərək özü yazmağı və ya rəsm çəkməyi bacarsın. Tənqid özlüyündə çox gərəkli və faydalıdır, amma bu, yalnız o halda belədir ki, tənqid obyektivdir, ya da heç olmazsa, ətrafdakılara obyektiv görünür. Yox, əgər bütün tənqid obyektləri başdan-başa qara rəngə boyanırsa, belə tənqid adamlarda əvvəl-əvvəl inamsızlıq və ikrah oyadır, daha bir müddət keçdikdən sonra isə günün günorta çağı nə üçün, yaxud kimin üçün və hansı məqsədlərlə zülmət və vahimə xofu yayılmasını araşdırmaq arzusu yaranır.

Bəzi müxalifətçi qrupların nəşrlərini oxuyanda əhalidə belə bir daimi xof yaranır ki, irəlidə bizi fəlakət gözləyir. İndi yaşayışımız onsuz da çətindir, bir tərəfdən də təkidlə sənin beyninə yeridirlər ki, həyat ümidsiz dərəcədə ağırdır və yeganə çıxış yolu hazırkı iqtidarı – səfeh korrupsiyaya qurşanmış, köməksiz iqtidarı təcili surətdə hakimiyyətdən kənarlaşdırmaq və dərhal onu müxalifətin ağıllı, saf vicdanlı və fəaliyyət qabiliyyətli məhz bu hissəsi ilə əvəzləməkdir. Hamıya, o cümlədən müxalifətə də gün kimi aydındır ki, ölkədəki mövcud iqtidarı obyektiv səbəblər üzündən nə güc yolu ilə, nə də qanuni yolla devirmək mümkündür. Hazırkı iqtidarın möhkəmliyinin çoxsaylı səbəblərindən biri ölkədə az-maz yararlı, keyfiyyətli əvəzin olmamasıdır. Müxalifət liderləri ağıllı adamlardır – onlar bunu çox gözəl anlayırlar.

Bax, bu halda belə bir qorxunc sual doğur: bütün bunları nə üçün edirlər? Nə səbəbə xırda-para neqativ fakt və hadisələri müntəzəm olaraq ümummilli faciə həddinədək şişirdirlər? Axı, nəyə görə günbəgün gerçəkliyi tanınmayacaq qədər təhrif etməklə, dəhşətlərlə adamların bağrını yarmaqla, insanların yaxşılığa bəslədikləri ümidləri onların əllərindən alır, inamsızlıq yaradır, iradədən məhrum edirlər? Nəticə isə insultların, infarktların, ruhi xəstəliklərin kəskin surətdə artmasıdır. Cəmiyyətə daxildən təbliğat xarakterli intensiv psixi hücum gedir. Azərbaycanda sabitliyi pozmaq kimə lazımdır? Bunun arxasında kimlər dayanır? Vətəndaş müharibəsinin başlanmasında kimin marağı var? Suallar, yenə də suallar. Mən bunlara cavab tapmaqda acizəm.

 

Ancaq siz müxalifətin bu fikri ilə razısınız ki, əhalinin güzəranı pisdir?

 

Bəli, zənnimcə, bizim güzəranımız pisdir. Bu, ayrıca, ciddi söhbətin mövzusudur. Yalnız bir məqama toxunacağam. Biz istədiyimizdən qat-qat pis yaşayırıq. Ancaq gəlin özümüzdən soruşaq: nə səbəbə biz pis yaşayırıq? Əvvəla, biz Ermənistan və onun müttəfiqləri ilə müharibədə sarsıdıcı məğlubiyyətə uğramışıq – ölkə ərazisinin bir hissəsi hələ də işğal altındadır, yüz minlərlə qaçqın isə öz əməyini və qabiliyyətlərini tətbiq etməyə yer tapa bilmir. Müharibə ilə eyni vaxtda, doxsanıncı illərin əvəllərində Azərbaycan müharibəyə bərabər daha bir faciəni – Xalq Cəbhəsinin hakimiyyəti dövrünü yaşamağa məruz qalmışdı: ölkə başdan-başa talanmış, alçaldılmış, rüsvay edilmişdi. Və nəhəyat, biz, bütün postsosialist ölkələri üçün qaçılmaz olan vəhşi kapitalizm mərhələsinə qədəm qoyduq və bütün məziyyət və kəm-kəsirləri ilə birlikdə indi də bu mərhələni yaşamaqdayıq. Yaxşı, pis, babat – axı, bunlar nisbi məfhumlardır. Şəksiz, göz qabağındadır ki, Azərbaycan əhalisi ABŞ, Fransa və İsveçrə əhalisindən xeyli pis yaşayır, ancaq bizim güzəranımız Əfqanıstan, Efiopiya, yaxud Eritreyadakından qat-qat yaxşıdır. Tutaq ki, belədir. Nə olsun? Bunlar bizdən uzaq ölkələrdir, tarixləri də bambaşqadır, iqtisadiyyatları da, işgüzar əlaqələrdəki ənənələri də. Düzgün müqayisə üçün isə etalon zəruridir. Bizim üçün belə etalon keçmiş SSRİ-nin qardaş respublikaları, indi isə MDB üzvü olan müstəqil dövlətlərdir. Beləliklə, bu gün faktlara və gerçək şəraitə əsaslanaraq tam məsuliyyətlə söyləmək olar ki, bu gün Azərbaycan – çox hissəsi qızmar günəşin və sərt şaxtanın təsirindən bomboz bozarmış MDB ərazisində kiçicik yaşıl vahə kimi görünür. Bizimlə qonşu ölkələrdən birində yol polisi zabitləri cərimə və ya rüşvət yerinə bircə kömbə Bakı çörəyini sürücülərdən minnətdarlıqla qəbul edirlər. Orada həyat səviyyəsinin necəliyini elə bircə bu faktdan anlamaq olar. Qaş qaralandan sonra adamlar küçəyə çıxmağa risk etmirlər, saysız-hesabsız sifarişli qətllər, bir qayda olaraq, üstü açılmamış qalır, əslində əhali yaşamır, sağ qalmaq uğrunda çalışır. Bu və ya digər cüzi fərqlərlə bu mənzərə MDB ölkələrinin hamısında müşahidə edilir. Lakin ən pisi budur ki, ölkə hüdudlarından kənara çıxmayan bəzi Azərbaycan vətəndaşları, müxalifətin kəraməti sayəsində, bütün bunlardan bixəbərdirlər. Üstəlik də, onların çoxu ölkənin bütün iqtisadiyyatını – sənayesi, kənd təsərrüfatı, daxili və xarici borcları, eləcə də nəqliyyatı, su kəməri və kanalizasiyası ilə birlikdə – yenə də həmin müxalifətin qələmə verdiyinə görə, nəhəng ölçülü ləziz bir piroq şəklində təsəvvür edir və elə zənn edirlər ki, alimənsəb məmurlar hər gün bu piroqdan iri-iri tikələr kəsib, qeyri-məhdud miqdarda öz qohumlarına, dostlarına və dostlarının qohumlarına paylamaqdadırlar.

Bəli, mənim qənaətimə görə, biz pis yaşayırıq. Lakin çox bədxah və ya bədniyyət adamlar görmürlər ki, bu gün əhalinin yaşayışı, hər halda, bir neçə il öncəkindən bir qədər yaxşılaşıb, həyat səviyyəsi ildən-ilə, az da olsa, yüksəlir, adamların çoxu daha yaxşı geyinməyə başlayıb. Yalnız olduqca bədxah və ya bədniyyət adam görmək istəməz ki, ölkədə ilkin vəsaiti yüz milyonlarla dollar olan neft fondu yaradılıb və bu, ən yaxın gələcəkdə xalqın yüksək rifahının tamamilə real təminatıdır. Yalnız bədxah və bədniyyət adam görmək istəməz ki, doxsanıncı illərin əvvəllərində aldığı ağır zərbədən sonra çətinliklə olsa da, sənaye və kənd təsərrüfatı tədricən dirçəlir...

Bəli, güzəranımız hələlik pisdir. Bilirsinizmi, məni bir şey də çox narahat edir.

 

Korrupsiya?

 

Əlbəttə, korrupsiya bizim böyük bəlamızdır. Lakin dünyada elə bir dövlət yoxdur ki, korrupsiyadan bu və ya digər dərəcədə əzab çəkməsin. Bəlkə təkcə Qrenlandiyanı göstərmək olar. Ancaq bu da şübhə doğurur.

Korrupsiya qaçılmazdır, bu, daimi və əslində, kökünün kəsilməsi mümkün olmayan bir şeydi, bax, elə, məsələn, narkotiklər alveri kimi. Onu tam aradan qaldırmaq müşkül işdir. Onunla hər gün fasiləsiz mübarizə aparmaq lazımdır. Bu, hüquq-mühafizə orqanlarının ən mühüm vəzifələrindən biridir. Mən isə başqa məsələdən danışmaq istəyirəm. Ürəkaçan faktdır ki, ölkəmizdə çoxlu zəngin adamlar peyda olub. Belələri arasında olduqca varlı şəxslər vardır ki, bunların da 40-50 nəfərinin var-dövləti vaxtilə bizim alicənab soydaşımız Zeynalabdin Tağıyevin varidatından xeyli artıqdır. Ancaq nə fayda? Azərbaycanda xeyriyyəçilik, demək olar, yoxdur. Bu, qəribədir, təəccüblüdür.

Həmin adamlar var-dövləti bu torpaqda qazanıblar: onlardan hansı birininsə öz zəngin var-dövlətinin kiçik bir hissəsini xeyriyyəçiliyə sərf etmək arzusu yaranmalıdır axı...

Xeyriyyəçiliyə çox böyük ehtiyacın olduğu isə göz önündədir. Dövlət bütün problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Məsələn, varlı adamlarımız Pirqulu rəsədxanasının bərpasına yardım edə bilərlər, axı, onu bərpa etmək sonradan yenisini tikməkdən dəfələrlə asandır. Yaxud Bakı Filarmoniyasının gözəl binasını bərpa etdirmək, xəstəxana və məktəblər üçün müasir avadanlıq almaq olar... Nə isə, kədərləndirici haldır.   

Bir dəfə məni belə başa saldılar ki, varlı şəxslər məmnuniyyətlə kömək etməyə hazırdırlar, ancaq onları bir məsələ qorxudur: verdikləri ianələrə görə prokurorluq və istintaq orqanları onların mövcudluğundan xəbər tuta bilər, bundan sonra isə yığdıqlarının hamısını qoparmaq üçün yol taparlar. Zənnimcə, bu, bəhanədir. Əvvəla, varlı adamların hamısının adları bəllidir, bu barədə geniş məlumatı olanlar arasında fikir ayrılığı isə bir məsələdə – həmin adamların öz pullarını məhz konkret olaraq harada saxladığı barədə mübahisə düşəndə yaranır. İkincisi, bir halda ki, vəhşi kapitalizm dövründə kimlərinsə maneəsiz olaraq, zəngin var-dövlət toplamağa qabiliyyət və bacarığı çatıbsa, bu pulların cüzi bir hissəsini xeyirxah işlərə sərf etməkdən ötrü nə böyük fəndgirlik, nə də risk tələb olunur.

Yəqin görmüsünüz, neft şirkətlərinin əhəmiyyətli yardımı sayəsində bizim Opera və Balet Teatrının görkəmi necə dəyişib. Adamın gözü-könlü şad olur! Ümid etmək istərdik ki, zaman keçdikcə ölkəmizin öz xeyriyyəçiləri də üzə çıxacaq!

Xeyriyyəçilik – cəmiyyətdə sosial ədalətin qeyri-dövlət yolu ilə bərqərar olmasının ciddi, təsirli vasitəsi, alətidir. Zəruri və məcburi bir aləti. Varlı xeyriyyəçilər çox güclü maliyyə qvardiyasıdır. Nadir istisnalarla, bütün ölkələrdə bu, mövcuddur və xeyriyyəçilik fəaliyyəti hər şeyi – elm və təhsildən tutmuş ta qocalar evlərinə və kimsəsiz uşaqlar üçün yetimxanalaradək bütün sahələri əhatə edir. Xeyriyyəçiliyin mövcud olmadığı müasir dövləti təsəvvürə gətirmək çətindir. Var-dövlət, bir qayda olaraq, insanı xeyirxahlaşdırır. Bəşər təcrübəsi göstərir ki, başqasının halına yanmağa, möhtac adama kömək etməyə qadir olmayan şəxs, kapitalının həcmindən, mədəniyyət və təhsil səviyyəsindən asılı olmayaraq, yalnız və yalnız rəzil qəpikgüdənin, acgözün birisidir. Və belələrinin aqibəti çox zaman yaxşı olmur.

 

Necə bilirsiniz, Azərbaycanı Avropa Şurasına qəbul edəcəklərmi?

 

Qəbul etməlidirlər. AŞ-yə qəbul olunmaq üçün Azərbaycanın hər cür əsası var. Sizin sualınız məni məcbur edir ki, yenə də bizim bəzi müxalifətçilərin üzərinə qayıdım. Artıq iki ildir ki, mən onların çıxışlarından və mətbuatdan təxminən bu məzmunlu bir məlumat alıram: müxalifət liderlərindən hansısa, bəzən isə lap bir neçəsi birlikdə işarə vururlar ki, əgər onların hansısa konkret tələbləri təmin olunmasa, onlar elə edəcəklər ki, Azərbaycanı Avropa Şurasına qəbul etməsinlər. Məgər onlar anlamırlar ki, belə şeyi heç vəchlə etmək yaramaz? Qətiyyən yaramaz! Heç bir şəraitdə! Bu, bilirsiniz nəyə bənzəyir? Tutaq ki, birisini vəzifəyə təyin etməkdən, ya məsələn, ona mənzil orderi verməkdən (haqlı, haqsız – bunun mətləbə dəxli yoxdur) imtina edirlər, o isə cavabında hədə-qorxu gəlir ki, gedib öz anasını öldürəcək, ya da onun başına nəsə başqa bir müdhiş faciə gətirəcək. Yeri gəlmişkən deyim ki, Azərbaycan müxalifətinin bəzi təmsilçilərindən savayı, dünyada və xüsusən də MDB-də heç kəs belə şey eləmir. Dünyanın istənilən ölkəsində belə adamlara ömürlük rüsvayçılıq damğası vururlar.

Bundan əlavə, belə metodlarla hərəkət etmək müxalifətin özü üçün də sərfəli deyil. Əlbəttə, onları diqqətlə dinləyirlər, onlardan əldə olunmuş informasiyadan sonralar faydalanırlar. Lakin Avropa siyasətçiləri belə məsələlərdə lap indinin özündə də, Jozef Fuşenin – vaxtilə Fransanın daxili işlər naziri olmuş bu şəxsin iki yüz il öncə dilə gətirdiyi bir prinsipi rəhbər tuturlar: "Donoslardan xoşum gəlir, amma (donosbazlara) çuğullara nifrət edirəm". Bir qayda olaraq, bu cür açıq söhbətlərdən sonra qasid-informatorlar Bakıya siyasi meyitlər kimi dönürlər. Bu cür hərəkətlərə heç nə ilə, hətta ən yüksək təhrikedici motivlərlə də bəraət qazandırmaq olmaz. Ötən il İtaliyada Karlo Adzelio Campi ilk dəfə ölkə prezidenti seçildi. Onun səksən yaşı var. Lakin İtaliyadakı çoxsaylı müxalifətin bircə təmsilçisi belə, ölkə prezidentinin, onun istədiyindən daha yaşlı olması barədə mülahizələrlə mətbuatda çıxış edib, öz ağıl kasadlığını nümayiş etdirmək fikrinə düşmədi.

Konrad Adenauer Almaniyanın kansleri olmuşdur. Müharibədən sonrakı ən çətin dövrdə o, ölkəyə başçılıq etmiş, onun xarabalıqlardan dirçəlməsinə, Qərbi Avropa Birliyinə və NATO-ya qəbuluna müvəffəq olmuşdur. Onun hakimiyyətdə olduğu on dörd il ərzində AFR qüdrətli bir dövlətə çevrilmişdi. Konrad Adenauer tez-tez xəstələnirdi. Siyasi və dövlət fəaliyyətinin ən uğurlu zirvəsində onun 86 yaşı vardı, lakin heç bir alman bununla bağlı narazılıq etməmişdi. Bu, almanlar. Bəs, bizdə necədir? Prezident birinci dəfə xəstələnən kimi, az qala adamyeyənlərin mərasimlərinə bənzəyən bir vurçatlasın, bir həşir qopdu ki, gəl görəsən: Xəstədir? Öləcək? Yerinə hansımız keçəcəyik?

Belələri gərək öz quş beyinləri ilə dərk etməyə və öyrənməyə can ataydılar ki, zəmanəmizin görkəmli siyasətçisi Heydər Əliyev kapitan körpüsünü tərk etmədən, gözlə görünməyən sualtı qayalardan bacarıqla yan keçməklə dövlət gəmisini təlatümlü dünya okeanında Tanrının köməyi ilə necə məharətlə idarə edir. Bunları görmək əvəzinə, həmin adamlar özlərinə rəva bilərək bədxahcasına deyirlər ki, onun yetmiş yeddi yaşı var, özü də xəstədir. Həm də bütün bu rəzalət jurnal və qəzet səhifələrinə yol tapır. Ancaq şükür Allaha ki, xalq öz Prezidentini sevir, onunla fəxr edir və hələ yüz il bundan sonra da fəxr edəcək. Yenə də həmin üzdəniraqlara isə eyibdir. Adam xəcalət çəkir ki, ölkəmizdə bu sayaq siyasətçilər var. Axı, müxalifətçilər də siyasətçidirlər. Heç bir ölkədə siyasətçilər belə hərəkət etmirlər. İnsan, lap adi insan, homosapiyens belə etməz. Heyvanlar – başqa məsələ.

Gözəl yazıçı Redyard Kiplinq "Cəngəlliklər kitabı"nda buna bənzər bir situasiyanı təsvir etmişdir. Pələng Şirxanın və onun quyruqbulayanı çaqqal Tabakinin qızışdırdığı cavan müxalifətçi-canavarlar qəzəblə mırıldaşaraq, dərilərindəki birələri təmizləyə-təmizləyə bir ağızdan səs-səsə verib ulaşırlar ki, sürünün yaşlı başçısı çox qocadır və onlara təzə rəhbər gərəkdir. Onlar unutmuşdular ki, müdrik, nəhəng Akela dəfələrlə onları ölümdən necə xilas edib, sürünü ov olan yerə necə məharətlə aparıb çıxarırdı, bu canavarlar Akelanın etdiyi bütün yaxşılıqları yaddan çıxarmışdılar, çünki pələng Şirxanın vəd etdiyi təzə ət qoxusu beyinlərini dumanlandırmışdı. İnsan isə heyvandan onunla fərqlənir ki, o, vicdan və ədalət hissindən xali deyil. Və insan oğlu öz sözünü deyir – yeniyetmə Mauqli var gücünü sərf edərək, müxalifətçi-canavarları yanan məşəllə yaxşıca əzişdirir. Ütülmüş dəri iyi ətrafa yayılsa da, Mauqli onları döyməkdə davam edir və canavarlar qorxudan, ağrıdan zingildəyə-zingildəyə qaçırlar pələng Şirxanla çaqqal Tabakiyə şikayət etməyə.

Avropa Şurasına isə, ümidvaram ki, bizi qəbul edəcəklər. Müxalifətin müəyyən hissəsinin, pələng Şirxanın və çaqqal Tabakinin bütün hoqqalarına baxmayaraq, qəbul edəcəklər. Ədalət naminə etməlidirlər. Avropaya biz hələ XVII əsrin sonunda qəbul edilmişik. O zaman alman antropoloq-alimi, müasir insan irqlərinin təsnifatına dair əsərləri ilə geniş şöhrət qazanmış İohan Fridrix Blümönbax Qafqaza səyahət etmişdi. Blümönbax planet əhalisini beş əsas əks etdirən ən xalis təmsilçiləri hesab edirdi. Qafqaz irqi (ağ irq və ya avropoid irqi də deyilir) terminini məhz o işlətmişdir. Avropanın bütün yerli əhalisi – avstriyalılardan, ingilislərdən və fransızlardan tutmuş ta çexlərə və estonlara qədər (nədənsə, loparlardan başqa) – hamısı Qafqaz irqinə mənsub-durlar. "Qafqaz irqi" termini dünyanın bütün ensiklope-diyalarına daxil edilmişdir. Beləliklə, əzizim Lalə, nəinki Qafqaz artıq çoxdan Avropaya qəbul edilib, hələ yerdə qalan bütün Avropa özü də çoxdan bəri Qafqaza qəbul edilibdir.

Lakin ağlagəlməz bir hal baş versə və bizi Avropa Şurasına qəbul etməsələr, fikrimcə, təbii ki, bizim hamımızın ovqatı pozular. Amma bu nə bizim üçün, nə də Avropa Şurası üçün fəlakət olmaz. Eyb etməz, bir az gec qəbul eləyərlər...

 

(Sualları  Lalə Bağırova verib)

 

«Zerkalo», 23 sentyabr, 2000-ci il