Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

MÜDRİK SFİNKS GÜLÜMSƏYİR

Personajların real şəxslərlə hər hansı

oxşarlığı tamamilə təsadüfidir.

 

 

İştirak edirlər:

 

Şahlar Mehmandarov – varlı neft sahibkarı, dul

Seymur Mehmandarov – onun oğlu

Ayişə Yüzbaşova – Seymurun arvadı

İohan Şvedenkley – tarixçi, qədim Misir üzrə mütəxəssis

Peter Omre – Seymurun universitet yoldaşı

Pavel Aleksandroviç Martınov – qubernator

Nina Vladimirovna – qubernatorun arvadı

Aloizi Çempanski – yoxsullaşmış polyak qrafı

Eldar Qasımbəyov – jandarm rotmistri

Raf Lənkəranski – jurnalist

Marion Dübarri – «Belaya noç» varyetesinin ulduzu

Aslan Avtarxanov – müstəntiq

Vasili Fioletov – inqilabçı

Qulam – nökər

Prokuror

Hakim

Müstəntiq

Qulluqçu

Dalandar

Mühafizəçilər

 

Bakı. Əsilzadələr cəmiyyətinin salonunda təntənəli qəbul. Ön planda neft sənayeçilərinin şüarı gözə dəyir: «Biz bütün dünyanı nura qərq edəcək, Avropanı başdan-başa sürtkü yağları ilə yağlayacağıq!». Əsl bayramdır. Ziyafət libasları, fraklar, qızıl işləməli mundirlər, gül-çiçəklər… Brilyantlar bərq vurur, ordenlər şəfəq saçır. Orkestr çalır, şampan şüşələrinin tıxacları partıltı ilə atılır, diribaş lakeylər o yan-bu yana qaçırlar.

 

Yavər (ucadan). Zati-aliləri general-qubernator knyaz Pavel Aleksandroviç Martınov xanımı ilə.

 

Səs-küy səngiyir. Martınovla xanımı diqqət mərkəzin­dədirlər. Qubernatoru dövrəyə almış adamlar arasından Şahlar Mehmandarov irəli çıxır.

 

Şahlar Mehmandarov. Zati-aliləri, icazənizlə, oğlum Seymuru Sizə təqdim etmək istəyirəm. Peterburqda universiteti bitirib. Bakıya dünən qayıdıb. Bu isə onun tələbə yoldaşı Peter Omredir. O da neftçi-geoloqdur.

Martınov. Oxşayır… Eynən özünüzə oxşayır! Səhv etmirəmsə, bəy, bu sizin yeganə oğlunuzdur. (Seymura) Atanızla birlikdə sizi öz evimdə görməyə şad olaram. (Peterə müraciətlə) Siz necə, bizim tərəflərə uzun müddətəmi gəlmisiniz?

Peter. Deyəsən, uzun müddətə. Cənab Mehmandarov mənə peşəm üzrə iş təklif edib.

Şahlar Mehmandarov. Cənab Omre hazırda Balaxanıda neft verən iki mədənimizin idarə edilməsi, bir də Sabunçudakı neftli sahələrin kəşfiyyatı ilə məşğul olacaq.

Nina Vladimirovna. Sizin hər ikiniz mütləq bizim «Qədim Misir cəmiyyəti»nə üzv olmalısınız. Bu, son dərəcə maraqlıdır. Cənab Şvedenkley elə heyrətamiz şeylər danışır ki…Bunlar insanı bəzən dəhşətə gətirsə də, hər halda çox maraqlıdır.

Martınov (mızıldanır). Hə, hə. Elədir… Adamın yuxusunu qaçırır.

Nina Vladimirovna. Aydın məsələdir: elm insan beyninə oyadıcı təsir göstərir. Cənab İohan Şvedenkley alman alimidir. Bütün həyatnı qədim Misirə həsr edib, düz üç il orada yaşayıb. İndi də həmişəlik oraya qayıtmaq istəyir.

Martınov. Əzizim, sən hər şeyi qarışdırdın. O, qədim Misirdə yaşamayıb, indikində yaşayıb…

Nina Vladimirovna. Hər halda dünyanın o başıdır.

 

Üç nəfər – əynində epoletli, qızıl saplarla işlənmiş mundiri olan jandarm rotmistri Eldar Qasımbəyov, şəhər qəzeti «Kaspi»nin redaktoru Raf Lənkəranski və polyak qrafı Aloizi Çempanski görüşmək üçün qubernatora və onun xanımına yaxınlaşırlar.

 

Martınov. Sizi görməyimə çox şadam! Siz tanışsınız. Cənab rotmistr Qasımbəyov, bunlar isə cənab Mehmandarov və cənab Omredir.

Qasımbəyov. Cənab Seymur Mehmandarovla biz lap çoxdanın tanışıyıq. Ümidvaram ki, cənab Omre ilə də yaxından tanış ola biləcəyəm.

Peter (Seymura). Bu yaraşıqlı rotmistr çox təhlükəli adam təsiri bağışlayır.

Seymur. Elədir ki, var. Qatı mizantropdur. Özü də ya­man paxıldır. Lap uşaqlıqdan tanıyıram onu. Ancaq bizə dişi batmaz, o özü də bunu yaxşı bilir.

Martınov. Cənablar, bu, qraf Aloizi Şampyanskidir. Xahiş edirəm, hörmətini saxlayasınız.

Çempanski (nəzakətlə onun sözünə düzəliş verir). Üzr istəyirəm, Çempanski. Qraf Çempanski.

Martınov. Əfv ediniz, dünəndən bəri beynimə düşüb, elə hey Şampanski, Şampanski deyirəm. Yəqin bu da ondan irəli gəlir ki, Bakıda «şampan» şərabının adının çox tez-tez işlənməsinə adət etmişik. Cənab Mehmandarov, qrafa söz vermişdim ki, onu sizə təqdim edəcəym. Qrafın bir sıra yeni fikirləri var və o sizin bunlarla maraqlanacağınıza ümid edir.

Seymur (Peterə). Əcəb təzə xəbərlər varmış! Mən isə hamıdan axırda eşidirəm bu xəbərləri. Axı biz qərara almışdıq ki, bir aydan sonra Peterburqa qayıdaq, indi isə eşidirəm ki, sən Bakıda qalıb işləməyə, vəzifə tutmağa razılıq vermisən. Bunu necə başa düşək, cənab Peter Omre?

Peter. Nahardan sonra, sən hələ yatırdın, atan məni yanına dəvət etdi, əyləşdik faytona; Balaxanı, Sabunçu və Bibi-Heybətdəki bütün mədənləri gəzdik. Kişi mənə üç min məvacib, üstəlik, müvəqqəti yaşamağım üçün dəniz kənarındakı ikimərtəbəli mülkünü təklif etdi. Bədxərclik eləməsən, bu qədər pula bir il rahat dolanmaq olar.

Seymur. Doğru deyirlər ki, adamlar qızıldan-puldan ötrü canlarından da keçərlər. Özü də necə adamlar! Bəs bizim planlarımız? O saat da razılaşdın, hə?

Peter. Bəli, əlbəttə, biləndə ki, həmin üç mini mənə bir ildə yox, hər ay verəcəklər, razılaşdım. Evə qayıdan kimi də paltarımızı dəyişib bura gəldik. Səni də indi burada görürəm. Artıq sən hər şeyi bilirsən. Ancaq məni qınamağa tələsmə. Belə təkliflər insana ömrü boyu bircə dəfə qismət olur.

Seymur (təəccüblə). Mənim atam, öz işi üçün faydalı olmasa, bircə qəpik də xərləməz. Sənin kimi cavan, təcrübəsiz mühəndisə bu qədər donluq təyin etməsi həqiqətən təəccüblü bir şeydir. Səhv etmirəmsə, hətta bizim işlər müdiri bundan az məvacib alır.

Peter. Kaş ki atan fikrini dəyişməsin.

Seymur. Bax, buna şübhə etməyə bilərsən. Ancaq sənin Bakıda qalmaq qərarın bizim bütün planlarımızı alt-üst etdi. Axı sən nə ağılla bu işə qol qoydun?.. Bəs yoldaşlar bizim barəmizdə nə düşünərlər? Biz onlara qayıdacağımızı vəd etmişdik. Hələ xanım Marionu demirəm. O nə fikirləşər? Elə biləcək ki, aldatmışam onu.

Peter. Yaxşı, bir halda ki, təkid edirsən, mən bu vəzifədən imtina edərəm. Məni Bakıya sən qonaq çağırmısan, işi də mənə sənin atan təklif edib! Əgər sən Peterburqa qayıtmağı qərara alsan, mən burada qalan deyiləm. Son qərar sənindir. Ancaq mənə elə gəlir ki, Piterə görə belə bir cənnət məkanı tərk edib getmək bağışlanmaz səfehlik olar. Piterdə artıq bütün yerlər tutulub, özü də həmişəlik, bizə heç nə qalmayıb, indi bizim oralarda fərli bir məşğuliyyət tapmağımız müşkül məsələdir. Burada isə işləyən, zirək adam üçün geniş meydan var.

Seymur. Bəs yoldaşlar, bəs təşiklat? Bəs bizim ümumi işimiz necə olsun?

Peter. Bakıda yaşamaqla biz ümumi işimizə daha çox xeyir verə bilərik. Əminəm ki, Piterdəki dostlarımız bunu bə-yənərlər.

Şahlar bəy. Yaxşı, mötərəm cənab Çempanski, Sizin işinizdə mənim iştirakım nədən ibarət ola bilər?

Çempanski. Məgər qubernator mənim planlarım bapədə Sizə heç nə deməyib?

 Şahlar bəy. Nə dedisə, Sizin yanınızda dedi. Tapşırdı ki, imkan daxilində işinizə kömək göstərək. Mən də böyük məmnuniyyətlə bunu etmək istərdim. Fəqət işinizin mahiyyəti barədə bir kəlmə də söyləmədi.

Çempanski. Cənab Martınovla qabaqcadan məktub mübadiləsi etdikdən sonra mən neft sənayesi ilə məşğul olmaqçün Bakıya gəlmişəm. Cənab Martınovla epistolyar əlaqənin yaranması şərəfinə isə mən əlahəzrət qraf Leşşinskinin vasitəçiliyi sayəsində nail olmuşam. Siz cənab Leşşinski ilə tanışsınızmı?.. Təəssüf, mən isə əmin idim ki, bu ad Sizə yaxşı tanışdır.

Şahlar bəy.  Leşşinski Bakıda məşhur familiyadır. Keçən ilədək Bakı birjasının başçısı idi. Sonra məlum oldu ki, dələduzun və fırıldaqçının biri imiş. Bu sayaq əməllərinə görə üç il katorqa cəzasına məhkum edildi, getdi.

Çempanski. Soyadlarının eyniliyi heç nə demir. Qraf Leşşinski dövlət adamıdır. Belə bir şəxsiyyətin nüfuzuna heç bir fırıldaqçı kölgə sala bilməz!

Şahlar bəy. Xülasə, mənə dair qulluğunuz?

Çempanski. Mən Bakıda elə bir torpaq sahəsi almaq istəyirəm ki, oradan neft çıxara bilim. Və bütün Avropa bunda dərin bir rəmzi məna görəcək.

Şahlar bəy. Hm… Dərin mənalar heç də dərhal gözə çarpmır… Lütfən izah edin görüm, bu məna nədən ibarətdir?

Çempanski. Şübhəsiz, Sizə bəllidir ki, ağ neft lampasını ixtira etmiş şəxs milliyyətcə polyakdır. Bu gün Avropada bütün evlər və küçələr Bakı ağ nefti ilə işləyən polyak fənərləri ilə işıqlandırılır. İlk dəfə olaraq polyak əsilzadəsinin özünün neft çıxarmasında dərin məna var və bunu hamı görməlidir.

Şahlar bəy. Sizin fikirləriniz məni heyran edir. Çünki neçə müddətdir biz hamımız xoşagəlməz iyi olan bu qapqara mayeni torpağın dərin qatlarından heç bir məna-filan axtarmadan yalnız pul xatirinə çıxarırıq.

Çempanski. Mən neftli torpaq almaq istəyirəm.

Şahlar bəy.  Bundan asan nə var ki. Şəhər bələdiyyə­sinin binasında, ikinci mərtəbədə yerləşən torpaqayırma idarəsinə müraciət edin. Satılası torpaq sahələrinin planını dərhal sizə verərlər. Nə qədər istəyirsiniz alın, sağlığınıza qismət!

Çempanski. Bilirsinizmi, bəzi incə məqamlar vardır və mən də Sizinlə məhz bunlar barədə təkbətək danışmaq istərdim.

Şahlar bəy. Yaxşı. Lütfən, sabah günorta bizə buyurun.

Martınov. Dünən ilk dəfə olaraq neftçilərin qurultayında səsləndirilən bu deviz necədir, xoşunuza gəlirmi? (pafosla) «Biz bütün dünyanı nura qərq edəcəyik və Avropanı başdan-başa sürtkü yağları ilə yağlayacağıq!» Qüvvətli deyimdir. Hə?!

Seymur. Gözəl sözlərdir. Ancaq üzr istəyirəm, zati-aliləri, bu deviz bir qədər köhnəlib.

Nina Vladimirovna. Necə yəni köhnəlib, bir halda ki, onu hələ dünən axşam elan ediblər, bir gündə necə köhnələ bilər?

Martınov. Görünür, cənab Mehmandarovun bəzi mülahizələri var ki, onları hələ bizə açıqlamağa macal tapma­yıbdır.

Seymur. Bizim universitetin professoru admiral Besso­nov ötən həftə Böyük Britaniyadan qayıdıb. O, məzunlar qarşısındakı çıxışında bildirdi ki, İngiltərənin gənc hərbi naziri ser Uinston Çörçill krallığın hərbi donanmasının bütün gəmilərində daş kömürdən istifadəni qadağan edib və yanacaq kimi mazut işlətmək barədə əmr verib. Bu məqsədlə İngiltərədə, həmçinin onun bütün müstəmləkələrində gəmilərin yanacaq yerlərini mazutla işləməyə uyğunlaşdırmağa başlayıblar. Admiral belə hesab edir ki, İngiltərənin ardınca, həmişə olduğu kimi, digər dəniz dövlətləri də bu addımı atacaq.

Peter. Admiral Bessonov əmindir ki, ən yaxın zamanda Rusiya donanması da maye yanacaqdan istifadəyə keçəcək. Ola bilsin ki, bunun dalınca elə dəmir yolu da. Belə olan halda isə Rusiyada və Avropada Bakı neftinə tələbat birə min artacaq. Bu neftdən, əsasən, işıqlandırma məqsədi ilə, mexanizmləri yağlamaq və elektrik enerjisi hasil etmək üçün istifadə edirlər. Lap cüzi bir hissəsini isə aeroplanlar və avtomobillər işlədir. Gələcəkdə gəmi və lokomotiv mühərriklərinin tələb edəcəyi neft dəyrası ilə müqayisədə bu, bir damladır.

Nina Vladimirovna. Bu Bakıda xəbərlər bizə elə gec gəlib çatır ki! Qəzetlərin isə işi-peşəsi elə hey əxlaqi dəyərlərin korlanmasından və cıdır yarışlarından yazmaqdır… siz başqa adamlara da bu barədə bir söz deməmisiniz ki?!...

Peter. Xeyr.

Nina Vladimirovna. Bu, çox yaxşı oldu. Çünki belə xəbərlər birjada qiymətlərin qalxıb-enməsinə dərhal təsir göstərir. Sizin kimi cavanlar bundan istifadə etməlidirlər.

Peter. Axı necə?

Şahlar bəy. Elə cavanlar da, biz də günü sabah, birja işə başlayan kimi mütləq Nobel qardaşları şirkətinin səhmlərindən bir qədər alarıq. Olduqca etibarlı səhmlərdir.

Martınov (hamıya eşitdirərək ucadan). Mən birja oyunlarına qatılmıram!

Nina Vladimirovna. Heç lazım da deyil. Sizin dövlət işləriniz onsuz da başınızdan aşır. Bununla mən özüm məşğul olaram.

Martınov. Cənablar, siz çox sevindirici xəbərlər gətir­misiniz. Ən başlıcası isə odur ki, bunlar Bakının gələcək tərəqqisinə kömək edəcək. Neft «bum»unun yüksəlişi davam edəcək və şükr allaha ki, bunu dayandırmaq mümkün olma-yacaq!

Nina Vladimirovna (yavəri yanına çağırır). Hamını süfrəyə dəvət edin!

 

Pəncərə arxasında top atəşləri eşidilir. Fişənglər rəngbərəng ulduzcuqlar kimi səmaya səpələnir.

 

Çempanski. Gözəl atəşfəşanlıqdır!

Nina Vladimirovna. Atəşfəşanlıq? Bu ki, yalnız uzaq­dan gözəl görünür, əslində isə baş ağrısından başqa bir şey deyil. Milad bayramında təzə dəniz hamamına od düşdü ondan, üstəlik, qorodovoyun da saçları ütüldü. Özü də ki, atəş onun başını elə qarsalamışdı ki, yazığın başında saç əvəzinə hələ də dələ xəzi kimi əcaib tüklər bitir. Camaatı qorxuzmasın deyə, əmr etmişik ki, adam arasında papağını çıxarmasın.

Seymur (Peterə). Bir halda ki, biz burada ləngiyəsi olduq, onda elə günü bu gün Mariona teleqram göndərəcəyəm. Qoy o da gəlsin bura.

Peter. Qəribə adamsan, o, necə gələ bilər? Varyete ilə kontraktı var.

Seymur. Lap elə bütün varyete ilə birlikdə gəlsin. Özüm hər şeyi yoluna qoyaram. Bulvardakı yay konsert zalında oxuyub-rəqs edərlər. Hamının ürəyindən olar, inan mənə. Cəmi bircə gündür buradayıq, ancaq mən dözə bilmirəm, onsuz yaman darıxıram. Bəs sonra necə tab gətirəcəm?..

Peter. Alışacaqsan. Zaman ən yaxşı təbibdir.

Seymur. İnsan yalnız yaxşı şeylərə alışmalıdır. Belə olsa, heç təbibə-filana da ehtiyac qalmaz.

Şahlar bəy (Nina Vladimirovnaya). Yüzbaşovla qızı indicə təşrif buyurdular. Baxın, Sizə sarı gəlirlər. Rica edirəm, oğlum Seymuru onun qızına təqdim edin.

Nina Vladimirovna. Əla zövqünüz var. Gözəl qızdır. Tərbiyəli, təhsilli, zəngin də ailədəndir. Ancaq vasvası və ərköyün böyüyüb. Heç kəsi bəyənmir. Bütün elçiləri qapıdan qaytarır. İki ay bundan əvvəl əməlli-başlı qalmaqal qopmuşdu. Rotmistr Qasımbəyov ona elçi göndərmişdi. Atası razılıq versə də, qız iki ayağını bir başmağa dirəyib «yox» dedi. Jandarm xidmətində olması xoşuna gəlmir. Şəxsi işidir, ancaq mən də buna sevindim. Sözün doğrusu, mənim də ondan heç xoşum gəlmir. Olduqca pis baxışları var. Elə bil hipnozçudur. Yəqin siz fikir verməmisiniz.

Şahlar bəy. Jandarm elə olar da. Bildiyimə görə, vəzfəsinin öhdəsindən yaxşı gəlir.

Nina Vladimirovna (həvəssiz halda razılaşır). Söz yox, çalışqandır.

Şahlar bəy. Gəlirlər. Seymur, yaxın gəl.

Nina Vladimirovna (cavanları bir-biri ilə tanış edir). Seymur Mehmandarov, Peter Omre. Sankt-Peterburqda universiteti bitirdikdən sonra buraya gəliblər. Ayişə Yüzbaşova. Nəcib xanımlar litseyini əla qiymətlə bitirib. Ümidvaram ki, dostlaşacaqsınız.

 

Cavanlar bir-birlərinə təzim edirlər.

 

Ayişə. Paytaxtdan sonra Bakı sizə darıxdırıcı görünmür ki?

Seymur. Deyirlər, adam o yerdə darıxar ki, orada maraqsız insanlar yaşasın. Bakıya isə bu sözlərin aidiyyatı yoxdur. Buna görə də mənə elə gəlir ki, burada yaşamaq və hətta hə-yatdan zövq almaq da mümkündür.

Ayişə. Belə sözləri eşitmək çox xoşdur. Deməli, ya mənim qarşıma çıxan adamların hamısı bir nəfər kimi darıxdırıcı adamlardır, ya da mən özüm maraqlı insan deyiləm. Nədənsə, məndə daim belə bir hiss var ki, biz nəhəng bir imperiyanın ən ucqar yerində, gözdən-könüldən uzaq bir əyalətdə yaşayırıq. Maraqlı hadisələr barədə xəbərlər bizə çox gec gəlib çatır. Hər halda, bu fikirdəyəm ki, Sankt-Peterburqda yaşamaq Bakıda yaşamaqdan qat-qat maraqlıdır.

Seymur. Sankt-Peterburq paytaxtdır, nəhəng şəhərdir. Ancaq Bakını da dəyişmək olar. Bizim özümüzdən çox şey asılıdır. Məsələn, Bakıda adamlar atlı konkalara mindikləri halda, Sankt-Peterburqda artıq iki ildir ki, iki və üç vaqonlu elektrik tramvayları işləyir, bu ildən Neva prospekti elektrik lampaları ilə işıqlandırılır. Başqa şeylər də var və bütün bunlar Bakıda da ola bilər.

Ayişə. Yəqin ki, ola bilər. Ancaq bütün bunları kim edəcək?

Peter. Biz cəmi ikicə gündür buradayıq, Seymur isə artıq Sankt-Peterburqdan ən yaxşı paytaxt varyetesini müqavilə ilə buraya dəvət etməyə hazırlaşır. Bu, hələ ilk addımdır. Özünüz görəcəksiniz, o necə ideyalar atacaq ortaya.

Ayişə. Ömrümdə heç vaxt varyetedə olmamışam. Yəni bizim də şəhərdə belə şey mümkündür?

Seymur. Varyete bir yana qalsın. Varyete, əlbəttə ki, gələcək, ancaq mahnı və rəqslərdən daha mühüm şeylər var. Demək istəyirəm ki, Bakı, bir növ, üfunətli bataqlığa bənzəyir. Azadlıqsevərliyin sərin mehi buralara gəlib çatmır. Azadlıq, bərabərlik, qardaşlıq – bu cür yüksək dəyərlərə burada hələ önəm verən yoxdur. Bu vəziyyəti ancaq biz düzəltməliyik.

Peter. Şair demiş, «Nə qədər ki, azadlıq eşqi ilə yanırıq, nə qədər ki, ürəyimiz şərəf hissilə çırpınır...».

Ayişə. Təəssüf ki, Bakıda belə məsələlərdən danışmaq dəb deyil. Mənim tanıdığım adamların hamısının fikri-zikri ancaq neft və puldur.

Seymur. Biz, yəni mən və dostum Peter Omre adamlara başa salmağa çalışacağıq ki, bu yüksək ideallarsız həyat – insana layiq olmayan miskin, acınacaqlı güzəran keçirməkdən başqa bir şey deyil.

Ayişə. Siz çox cəsarətli adamsınız.

 

Qasımbəyov bir kənarda durub sakitcə onları müşahidə edir. Cənab Şvedenkley gəlir. Yaxınlaşıb qubernatoru salamlayır, Nina Vladimirovnanın əlini öpür.

 

Nina Vladimirovna. Bu da bizim əzizimiz cənab Şve­denkley. Sizi görməyimə şadam. Əminəm ki, cənab Şvedenkley sizin hamınızı misirşünaslar cəmiyyətinin növbəti iclasına dəvət edəcək.

Şvedenkley. Tamamilə düz buyurursunuz. Cənablar, bazar günü günorta hamınızı gözləyəcəyəm.

Peter və Seymur. Təşəkkür edirik, mütləq gələrik.

Peter (Seymura). Təbrik edirəm. Zənnimcə, qızda güclü təəssürat oyatdın. Azadlıq mehi barədə ehyamların isə şəxsən mənə qoca yabıya nağara səsinin təsir göstərdiyi kimi təsir etdi.

Şahlar bəy (Nina Vladimirovnaya). Mən sizə olduqca minnətdaram.

Nina Vladimirovna. Təki ulduzları barışsın! Elə bil bir-birləri üçün yaranıblar.

Şahlar bəy. Allah bilən məsləhətdir!

Peter. Gözəl qızdır.

Şahlar bəy. Özü də çox alicənab ailədəndir. Atası ona səkkiz yüz min qızıl pul, bir də gəmi tərsanəsini cehiz verir. Buna nə deyirsən?

Seymur. Qız mənim xoşuma gəldi. Adam arasına çıxarmaq olar.

Şahlar bəy. Onunla evlənsən, məni çox sevindirmiş olarsan.

Seymur. Niyə də yox? Onsuz da gec-tez evlənməliyəm. Bu qız isə həmin məqsəd üçün əməlli-başlı yarayır. Bircə  problem qalır ki, mən də onun xoşuna gəlim...

Şahlar bəy. Hər şey səndən asılıdır. Çalış ki, xoşuna gələsən.

Seymur (Peterə). Çox yorulmamısansa, gəl birlikdə te-leqrafa gedək, Peterburqa Mariona teleqram vuraq. Onsuz qala bilmirəm, yaman darıxmışam.

Peter. Bu rotmistrin yaman pis, iblisanə baxışları var. Atanın səni evləndirməklə bağlı planlarından xəbər tutsa, mənə elə gəlir ki, bu adam çox təhlükəli ola bilər.

Seymur. Deyəsən, sən hələ hər şeyi yerli-yerində anlamamısan. Bakıda geniş nüfuz dairən və sanballı əlaqə­lərinin olması hər şey deməkdir. Qabağında kimsə dura bilməz. Hər adamın üstündə onun dəyərlərini göstərən yarlığı var. Burada biz hər şeyin sahibiyik, hər şey bizim üçündür. Bakıda heç nə və heç kim bizim üçün təhlükəli ola bilməz. Getdik teleqrafa!

 

Şahlar bəyin kabineti. Nökər içəri girir.

 

Qulam. Bəy! Cənab Şampanski gəlib. Buraxım?

Şahlar bəy. Şampanski yox, Çempanski. «Şampanski» dedikləri şərabdır, yəni şampan çaxırı. Çempanski isə qrafdır. Başa düşdün?

Qulam. Düzünü siz bilərsiz. Buraxım?

Şahlar bəy. Qulam, sən Peterburqa gedəndə nəzakət qaydalarını əməlli-başlı öyrənmişdin. O vaxtlar mən hətta düşünmüşdüm ki, zaman keçdikcə, sən qonaq-qaranın qarşılanması işində bizim xidmətçilərə nümunə ola bilərsən. İndi bu nə sözdür işlədirsən – «buraxım?» Ov tulasını bura­xarlar, atları, döyüş xoruzlarını buraxarlar. Qonaqları isə içəri dəvət edərlər. Anladın? İndi get dəvət elə!

Qulam. Bəy! Mən bilirəm ki, məsələ nə Şampans­kidədir, nə xoruzlarda. Siz mənə ona görə qəzəblənirsiz ki, Seymurun inqilabçılara qoşulduğunu Peterburqdan Sizə xəbər verməmişəm.

Şahlar bəy (hirslənmədən). Rədd ol bayıra!

 

Çempanski kabinetə daxil olur. Şahlar bəy ayağa qalxıb onu qarşılayır.

 

Şahlar bəy.  Bu kresloda əyləşin, o, daha rahatdır. Lüt­fən deyin, nə içəcəksiz – çay, qəhvə?... Qulam, qəhvə gətir!

Çempanski. Vaxtınızı aldığıma görə üzr istəyirəm...

Şahlar bəy.  Vaxtım bütünlünklə Sizin ixtiyarınızdadır. Mən heç yerə tələsmirəm... Deməli, dünən biz onda qalmışdıq ki, Bakıda boş torpaq sahəsi almaq istəyirsiz...

Çempanski. Neftli torpaq.

Şahlar bəy. Bunu hamı istəyir, ancaq belə bir arzunun yerinə yetəcəyinə təminat vermək qeyri-mümkündür. Çünki zahirən torpaq sahəsi nə qədər xoşagələn olsa da, onu ayırd etmək çətindir, altında nə var: neft, yoxsa heç nəyə yaramayan acı, şor su? Bax, belə olanda bütün çəkilən xərc zay olur. Özü də ən pisi bu deyil.

Çempanski. Bəs Sizcə, bundan da pis nə ola bilər ki?

Şahlar bəy. Qaz. Qazdan betər heç nə yoxdur. Çox böyük zəhmətlə qazılmış quyudan fısıltı ilə çölə çıxır və kiçicik bir qığılcımdan alovlanır. Bunun da nəticəsində bahalı mexanizmlər yanıb sıradan çıxır, fəhlələr həlak olur. Torpaq sahibi isə çəkdiyi bütün xərclərdən əlavə, üstəlik də, çörək qazananını itirmiş ailələrə müavinət ödəməli olur.

Çempanski. Siz məni qorxudursunuz!

Şahlar bəy. Hər şey bəxtin gətirməyindən asılıdır. Bu, bir növ ruletka oyununu xatırladır. Siz ya qırmızı, ya da ki, qara bölgünü seçirsiz, vəssalam. Sonrası daha sizdən asılı deyil. Bakıda çox adamlar var ki, bircə həftədə varlanıblar. Ancaq son qəpiyinəcən itirib, müflis olanların sayı bunlardan yüz dəfə artıqdır. Sizin öncəgörmə qabiliyyətiniz varmı?

Çempanski. Bəs Sizin? Birinci dəfə torpaq alanda orada neft olduğunu qabaqcadan hiss edirdizmi?

Şahlar bəy. Heç ağlıma də gəlmirdi. On beş il bundan əvvəl atam qəfildən vəfat etdi. Mən poruçik rütbəsində hərbi xidmətdən istefaya çıxdım və Buzovnadakı (bu, Bakı yaxınlığında bir kənddir) mülkümüzdə yaşamağa başladım. İndi Siz qətiyyən təsəvürünüzə gətirə bilməzsiniz ki, o zamanlar mən necə ehtiyac içində dolanırıdım. Heç kəsi qonaq çağırmırdım ki, ailəmizin dilənçi kökündə yaşadığını bilməsinlər. Bax, bu gördüyünüz nökər Qulam təkbaşına həm aşpaz idi, həm bağban, həm də faytonçu. Üstü yamaqlı köhnə faytona iki arıq qoca yabı qoşub sürdürürdüm. Tanrının xoş günlərindən birində gördük ki, evimizin on addımlığındakı quyuda suyun səthində yağlıtəhər ləkələr gözə dəyir və oradan neft iyi gəlir. Mən rəhmətlik anamın qır-qızılını satdım, bu pulla fəhlə arteli və bir mühəndis tutdum. Kəşfiyyat işlərindən sonra evimizi sökməli olduq: sən demə, düz binanın altından neft fontan vuracaqmış! Hər şey də elə bundan başlandı. Gördüyünüz kimi, bu halda yalnız bəxtin gətirməsindən danışmaq olar.

Çempanski. Bununla belə, mən risk etmək istərdim.

Şahlar bəy. Lap əla! Risk nəcib işdir. Sizə nədə kömə-yim dəyə bilər?

Çempanski. Mən cənab Martınovdan xaşih etmişdim ki, barəmdə bəzi incə mətləbləri Sizə çatdırsın. Konkret olaraq, söhbət ondan gedir ki, mən, müvəqqəti olaraq pul vəsaiti sarıdan bir qədər korluq çəkirəm. Hətta bunu lap qısamüddətli çətinlik də adlandırardım. Cənab Martınov isə qraf Leşşinskinin vasitəçiliyi ilə mənə vəd vermişdi ki, torpaq sahəsi almağım üçün kifayət qədər ssuda ayırmağı sizdən xahiş edəcək.

Şahlar bəy. Mənimlə söhbətində zati-aliləri ssuda-borc barədə heç nə deməyib, əlbəttə, onu başa düşmək olar. Bizim tərəflərdə, cənab Çempanski, adət belədir ki, riskli işləri hər kəs yalnız və yalnız öz hesabına görür.

Çempanski. Bu o deməkdir ki, siz mənə borc vermək­dən imtina edirsiniz?

Şahlar bəy. Elədir ki var. Lakin mən öz vədimdən qaçmıram və sizə yardım göstərməyə hazıram.

Çempanski. Anlamıram, sizin bu yardımınız nədən ibarət  ola bilər?

Şahlar bəy. Bakı böyk şəhərdir, dünyanın neft paytaxtıdır. Buna görə də biz, yəni şəhərin nüfuzlu zəngin adamları Bakının iri Avropa paytaxtlarına oxşaması üçün pul və səylərimizi əsirgəmirik. Və mənə elə gəlir ki, artıq bəzi şeylərə nail olmuşuq. Şəhərdə iki teatr, sirk, bir neçə hamam tikdirmişik, cıdır meydanı, kazino var. Ancaq Qafqazın iri şəhərlərindən heç birində – nə Dərbənddə, nə Tiflisdə, nə də Bakıda zoopark yoxdur. Biz öz tərəfimizdən bunun üçün pul ayırmağa hazırıq. Bir şərtlə ki, Siz də öz tərəfinizdən bacarıq və əlaqələrinizi işə salmağa razı olasınız. Qərar Sizindir, cənab Çempanski.

Çempanski (yerindən qalxır). Mən səhv eşitmədim ki? Siz mənə heyvanxana təşkil etməyi təklif edirsiniz?!

Şahlar bəy. Təkcə təklif etmirəm, həm də məsləhət görürəm ki, bu təklifi qəbul edəsiniz.

Çempanski. Cənab Mehmandarov, siz zadəgansınız?

Şahlar bəy. Bəli, Rusiya İmperiyasının zadəganların­danam. Necə məgər, niyə soruşursunuz ki?

Çempanski. Siz məni təhqir etdiniz. Bu təhqiri qanla yumaq olar.

Şahlar bəy. Cənab Çempanski, siz məni öldürmək istə-yirsiz?

Çempanski. Hər halda, cəhd göstərəcəyəm. Siz zadə-gansınız və bu bizə vuruşmaq imkanı verir. Silah seçimini Sizin ixtiyarınıza buraxıram.

Şahlar bəy. Vuruşmağa vaxt taparıq, ancaq gəlin əvvəlcə məni axıradək dinləyin. Biz fond yaratmışıq və iri neft sahibkarlarının – Yüzbaşov, Qukasov, Tağıyev, Mantaşov, Nobel qardaşları, Dadaşov və bunların içərisində Allahın itaətkar bəndəsi mən də hər il fonda vəsait ödəyirik. Mənim sizə etdiyim bu təklif neft sahibkarı karyerasına aparan ilk addımdır. Fondun qərarı ilə sizin üçün yaxşı məvacib ayrılacaq, zooparkın tikintisi və ekzotik heyvanların alınmasından ötrü hesab açılacaq. Fondun verəcəyi məvacib Sizə imkan yaradacaq ki, şərəf və ləyaqətinizi alçaltmadan cəmi iki il – iki il yarımdan sonra torpaq sahəsi alasınız. Və ola bilər ki, həmin sahədən neft çıxsın. Cənab Çempanski, bir halda ki, duelə çıxacağımız labüddür, izn verin Sizə bildirim ki, məqsədinizə nail ol-maqdan ötrü yanlış yol seçmisiniz. Bu gün səhər sırf  təsadüf nəticəsində mənə bəlli oldu ki, bizim fondun bir neçə üzvünə də Sizi təqdim ediblər və onların hamısı Sizə borc verməkdən növbə ilə boyun qaçırıblar.

Çempanski (əyləşir). Qəribədir. Axə mən bu danışıqları şəxsən onların özləri ilə təkbətək, məxfi şəraitdə aparmışam.

Şahlar bəy. Bilirəm, bilirəm. Hamısı də rədd cavabı verib. Buna görə də onları qınamaq olmaz. Sizə kiçicik bir sirr açım, cənab Çempanski. Bakı neft paytaxtına çevriləndən bəri dünyanın hər yerindən buraya yeganə bir məqsədlə – varlanmaq üçün axışıb gəlirlər. Lakin bu günədək əcnə­bilərdən heç kəsin bu arzusu həyata keçməyib. Təkcə Nobel qardaşlarının bəxti gətirib. Özü də bilirsiz niyə? Çünki onlar xülyalarla yaşamırlar, onlar işgüzar adamlardır. Əvvəlcə düz yarım il buradakı vəziyyəti öyrəndilər, sonra isə böyük məbləğdə böyük sərmayə qoydular. İndi də yaxşı gəlir götürürlər. O biriləri isə əliboş qayıtmalı oldular. Çünki bu yerdə köhnə məlum bir qanun öz sözünü dedi.

Çempanski. O hansı qanundur elə?

Şahlar bəy. Əminəm ki, o qanun sizə də tanışdır. Heç nədən yalnız heç nə əldə etmək olar. Başqa sözlə, pul qoy – pul götür. Ancaq... mən sizə kömək etmək istəyirəm. Və bunu necə etməyin yolunu bilirəm.

Çempanski. Bütün bu izahatlarınızdan sonra sizin arzunuz qəribə səslənir.

Şahlar bəy. Mən bunu özümçün sərfəli olduğuna görə edirəm.

Çempanski. Sizin üçün sərfəli olan nədir? Onu mən görə bilmirəm...

Şahlar bəy (gülümsəyir). Axı dünən başqa bir məsələ ilə bağlı mən sizə söyləmişdim ki, dərin mənalar dərhal aşkar olmur. Hə, cənab Çempanski. Mən bu gün səhər təsadüfən onu da öyrəndim ki, siz «Bakport» mehmanxanasında yerləşmisiniz. Neft fondunun sanballı təmsilçisi üçün belə şeylər yaramaz. «Bakport»da, pardon, fahişələr, cındır müxbirlər və fırıldaqçı qumarbazlar – bir sözlə, fərsiz adamlar qalırlar. Daha bahalı bir mehmanxanaya, tutaq ki, «Köhnə Avropa»ya köçsəniz, məni məmnun etmiş olarsız. Mehmanxanada qalma xərciniz təxirəsalınmadan ödəniləcək. Hər şey sizin qərarınızdan asılıdır.

 

Qulam Şahlar bəyin sözünü yarıda kəsir.

 

Qulam. Bəy, Seymurla cənab Omre sizi görmək istəyirlər...

Şahlar bəy. Çox yaxşı. Qoy gəlsinlər.

 

Çempanski Seymurla Peteri qarşılamaq üçün qalxır. Şahlar bəy cəld kabinetin dərinliyindəki masaya yaxınlaşır. Heç kəsin gözləmədiyi halda musiqi səslənir. Orkestrin ilk çalğı sədalarının ardınca gözəgörünməz müğənni gözəl səslə bir italyan mahnısı oxumağa başlayır. Otaqdakılar çaşqınlıq içindədirlər.

 

Seymur. Bu nədir belə? (qapını açıb qonşu otağa boylanır). Bəs hanı musiqiçilər?

Peter. Elə bil, lap bu otaqda oxuyur. Orkestr də... bu lap möcüzədir!

Çempanski (çaşqın halda). Matka boska! Göylər aralanıb, mələk özü oxuyur.

Şahlar bəy (bu hadisənin yaratıdığı effektdən məmnun qalmış halda). Hiss edirəm ki, xoşunuza gəldi (zərfin üstündəki yazını oxuyur). Enrike Karuzo. Belkanto.

Seymur, Peter və Çempanski (hamısı birlikdə). Nədir axı bu?!

Şahlar bəy. Bu, puldur. Pul. Bəli, pul, yenə də pul, cənablar! Qarşınızdakı qramofondur. Elmin son nailiyyəti. Mən onu Berlindən yazdırıb gətirtmişəm, «Pate» Amerika şirkətinin orada filialı yaradılıb. Bakıda bu, hələlik yeganə qramofondur. Mən bunu sizin qarşınızda ona görə nümayiş etdirdim ki, bir mətləbi xatırladım: pul müxtəlif yollarla qazanılır, lakin hansı yolla qazanılmasından asılı olmayaraq, son nəticədə bütün pullar eynidir. Mahiyyətcə, pul insana azadlıq, sərbəstlik, sağlamlıq, gözəl yaşayış, hər cür zövq və hörmət bəxş edir. Razısınızmı mənimlə, cənab Çempanski? Pul qazanın, cənablar!

Çempanski. Onu qazanmağın üsulunu da bilsəydik, lap yaxşı olardı.

Şahlar bəy. Cavanların gəlişindən əvvəl biz Sizinlə məhz elə o barədə danışırdıq.

Seymur. Pul heç də hər şey demək deyil.

Çempanski (həyəcandan dili topuq vurur). Necə yəni hər şey deyil? Necə yəni hər şey deyil? İlahi, bu uşağın günahından keç. Nə dediyini heç özü də başa düşmədi.

Seymur (təəccüblə). Məni deyirsiz?

Çempanski (özünü itirir). Xeyr. Biz Sizin atanızla zoopark barədə danışırdıq. Buna görə də mən indi burada eşitdi-yim uşaq şerini yadıma salmaq istəyirdim. Necə deyir orda? «Getdim gördüm bir dərədə kar, kor tülkü...»

Seymur. Yəqin siz, heyvanları çox sevirsiz?

Çempanski. Elədir, elədir ki, var. Poni, sarı bülbül, pudel – bir sözlə, bütün heyvanları sevirəm.

Şahlar bəy. Cənab Çempanski, icazənizlə, mən Bayıla gedib zoopark üçün yer bələdləmək istəyirəm. Ürəyinizdən keçirsə, mənə qoşula bilərsiniz.

Çempanski. Böyük məmnuniyyətlə.

Seymur. Bakıda zoopark açıblar? Mən bilmirdim.

Şahlar bəy. Yaxın vaxtlarda açacaqlar. Belə bir məsul işin öhdəsindən isə yalnız bizim əzizimiz cənab Çempanski gələ bilər.

Çempanski. Mən istəyirəm həm uşaqlar, həm də bö-yüklər ekzotik heyvanları seyr edib yorulandan sonra, təlim keçmiş xidmətçilərin nəzarəti altında fillərin, dəvələrin belinə minib gəzsinlər. Heç Varşavada da belə şey yoxdur. Bunu mən ancaq uşaq vaxtı Vyana zooparkında görmüşəm.

Seymur. Siz də filə minmisiniz?

Çempanski. Bəli, bu, mənə də nəsib olub. Filin belində yəhər əvəzinə skamyaları olan balaca bir arabacıq yerləşdirmişdilər. Üstəlik də, bu arabacıqda əyləşən uşaqların hamısını Amerikadan gətirilmiş ləzzətli eskimo dondurmasına qonaq edirdilər.

Peter. Xoşbəxt adamsınız. Mən heç yuxumda da filə minməmişəm.

Çempanski. Ən təəccüblüsü də odur ki, cənablar, sən demə, fillər də dondurma yeyir. Mən bunu öz gözlərimlə görmüşəm.

Qulam. Fayton gəldi.

Şahlar bəy. Ay yaramaz! Söhbəti ən maraqlı yerində kəsdin.

 

Çempanski ilə Şahlar bəy gedirlər.

Seymur (kiçik zəngi cingildədir. Qulam gəlir). Bu gün Yüzbaşovun evinə bir dəstə ağ zanbaq apararsan. Başqasına tapşırma. Özün apar.

Qulam. Baş tutan iş deyil.

Seymur. Nə çərənləyirsən? Necə yəni baş tutan iş deyil?

Qulam. İndi zanbaq mövsümü deyil. Haradan tapım zanbağı?

Seymur. Onda qəşəng ağ qızılgüllər al, apar; axşam isə tünd qırmızılarını apararsan. Özü də hər gün. Yadından çıxmasın: səhər bir dəstə ağ qızıl gül, axşam bir dəstə qırımızı qızıl gül. Heç bir izahat vermə. Dinməz-söyləməz çiçəkləri ver, qayıt gəl. İndi isə monoqramlı zərflərdən birini gətir. Bilirsən hansılardan? Peterburqdan gətirdiklərimdən.

Qulam (Gedə-gedə). Çəhrayı zərflərdən deyirsiniz? Mamzel Mariona çiçək aparanda içərisinə qoyduqlarınızdan?

Peter. Adaxlıbazlıq məsələlərin nə yerdədir?

Seymur. İşlər yağ kimi gedir. Arada gizlicə görüşürük. Bilirsən, qəribədir, o mənə nağıllardan gəlmiş şahzadə kimi baxır, məndən böyük hünərlər gözləyir. Mən də çalışıram ki, onu məyus etməyim. Arada isə onun necə gözəl olduğundan danışıram. Həddən artıq sadəlövhdür. İndicə yadıma könə bir lətifə düşdü: Adəm Allahdan soruşur ki, «İlahi, nəyə görə Həvvanı belə gözəl yaradıbsan?» Allah cavab verir: «Ona görə ki, sən onu sevəsən». «Ya Allah, bəs niyə belə ağılsız?» «Ona görə ki, o səni sevsin!»

Peter. Ayişə Yüzbaşova mənə qətiyyən səfeh qız təsiri bağışlamadı.

Seymur. Sən də elə hər şeyi hərfi mənasında başa düşürsən. Lətifə onun barəsində deyil ki, Həvva barəsindədir.

 

 

Qulam əlində zərf daxil olur.

 

Seymur (Masa arxasında əyləşib özü-özünə diqtə edərək yazır). «Fikirlərim yalnız Sizinlədir». (Məktubu zərfə qoyub, Qulama verir).

Qulam. Vizitkasız da olar. Yüzbaşovun həyəti nökərlərlə doludur. Biri o birinə aman vermədən qaçıb qıza xəbər çatdıracaqlar ki, Seymur Mehmandarov Qulamla çiçək göndərib. Arxayın olun. Günü bu gün bütün Bakı xəbər tutacaq ki, siz ona gül göndərmisiniz.

Seymur. Yaxşı, yaxşı. Qoy hamı bilsin ki, mən Ayişə Yüzbaşovayla evlənirəm. Get. (Qulam gedir). Bu gün mənim yanıma fəhlə komitəsindən adamlar gəlmişdi. Xeyli söhbətləşdik. Avam, savadsız adamlardır, ancaq çox ağıllı mülahizə yürüdürlər. Komitənin ehtiyacları üçün dörd yüz rubl verdim.

Peter. Bəlkə bir az tələsmisən, amma prinsipcə ilk tanışlıq üçün düzgün hərəkət etmisən. Bəs pulu haradan tapdın?

Seymur. İtirmişdim ki, tapam? Bankdan götürdüm. Atamın göstərişi ilə dünəndən etibarən mənim imzam icra üçün əsas sayılır. İki min rubl da Peterburqa – varyetenin hesabına köçürdüm. Bu yaxınlarda gəlməlidirlər. Enrike Karuzo necə oxuyurdu? O, Mari, o, Mari! Sən mənim səbr-qərarımı əlimdən almısan. Gedək qulaq asaq.

 

«Qədim Misir» cəmiyyətinin iclası. Zaldakı simaların hamısı tanışdır.

 

Şvedenkley (Divarda sfinksin proyeksiyası görünür). Cənablar, sizin bu gördüyünüz həqiqətən dünya miqyaslı müəmmalardan sayılan sfinksdir. Bu nəhəng daş heykəl bir neçə minillik ərzində səhrada qum laylarının atında qalmışdır. Onun yalnız başı görünürmüş. Bu heykəli qumdan təmizləmək üçün on min qul düz yeddi il çalışıb tər tökməli olmuşdur.

Çempanski. Pardon, Siz bunu haradan bilirsiniz?

Şvedenkley. İcazənizlə, bu barədə bir az sonra. Üç min il yarım bundan qabaq fironun kiçik oğlu Tutmos sonralar çin çıxacaq bir yuxu görür. Yuxuda sfinks ona gələcəkdə firon olacağını xəbər verir. Tutmos ailədə kiçik oğul idi və onun taxt-taca yiyələnmək ehtimalı çox az idi. Ancaq bununla belə, o, həqiqətən firon olur. Minnətdarlıq əlaməti olaraq, Tutmos sfinksi qum qalağından təmizlətdirir və sfinksin qabaq ayaqları arasında daş kitabə yerləşdirərək, bu əhvalatı təfsilatı ilə oraya həkk etdirir. Bayaq söylədiyim qulların sayı və bu işə sərf edilmiş vaxt da orada göstərilmişdir.

Çempanski. İcazənizlə, daha bir sual. Mən əvvəllər də sfinksin şəklini görmüşəm. Hər dəfə də məni maraqlandırıb ki, sfinks kişidir, yoxsa qadın, pardon, yəni erkəkdir, yoxsa dişi? Heç kəs də bunu bilməyib. Mən əminəm ki, qədim Misir üzrə tanınmış bir mütəxəssis kimi, cənab Şvedenkley, bu Sizə bəllidir.

Şvedenkley (çaşqın halda). Dişidir  ya erkək? Mən sfinks barədə yazılmış məlum elmi əsərlərin hamısını oxumuşam, ancaq heç yerdə bu barədə bir söz deyilmir. Maraqlı sualdır. Qədim Misir allahlarının kişi cinsindən olanlarının hamısı şəkildə saqqallıdır. Sfinksin isə saqqalı yoxdur... Onun çiyinlərinə tökülən saça bənzər xətlərə əsasən, ehtimal etmək olardı ki, bunlar erkək şirin yalıdır. Lakin, digər tərəfdən dəqiq məlum olmuşdur ki, bu təsvir qədim Misirdə həm qadınların, həm də kişilərin istifadə etdiyi baş geyimidir... Xeyr, cənab Çempanski, təəssüf ki, mən bu sualın cavabını bilmirəm.

Çempanski. Bir halda ki, Siz bilmirsiniz, deməli, heç kəs bilmir. Ancaq bunu öyrənmək olar. Və bu işi biz – Bakı «Qədim Misir» cəmiyyətinin üzvləri görəcəyik. Bildiyimə görə, cəmiyyətin hamiləri bizim üzvlərdən bir neçəsinin ehramlar və sfinkslərlə tanşılıq məqsədilə Misirə səfərinin xərcini ödəməyə razılıq vermişlər. Deməli belə, əgər biz smetanı bir balaca artırmağa onları razı sala bilsək, onda muzdla fəhlə tutub, lazımi yerdə sfinksin altından lağım atdıra bilərik. Belə etsək, bizim sayəmizdə, nəhayət, bütün mədəni dünya da üç min illik sirdən agah olar, hamı bilər ki, əslində sfinks erkəkmiş, yoxsa dişi. Bu, dünya miqyaslı bir kəşf olar, bizim adımız tarixə düşər.

Şvedenkley (gülümsəyir). Maraqlı görünür. Ancaq əfsuslar olsun ki, cənab Çempanski, hər şey o qədər də sadə deyil. Belə bir tədqiqat olduqca böyük xərc tələb edir.

Nina Vladimirovna. Neft Fondunun təsisçiləri mənim vəsatətimə görə, qədim Misirə elmi ekspedisiyanı maliyyələşdirməyə razılıq vermişlər, fəqət sfinksin altından lağım atmağa pul verəcəklərinə şübhə edirəm.

Çempanski. Çox təəssüf. Biz dünya əhəmiyyətli bir kəşfin astanasındayıq.

 

Seymurla Ayişənin toyu. İştirakçıların hamısı tanış şəxslərdir. Məclisin qızğın çağıdır.

 

Seymur (Ayişəyə). Əzizim, mən sənə and içirəm ki, biz bu gördüyün adamlar kimi maraqsız, mənasız həyat sürmə-yəcəyik. İki ildən sonra seçkilərdir. Mən dövlət Dumasına Bakı quberniyasından öz namizədliyimi verəcəyəm. Seçiləndən sonra biz Sankt-Peterburqda yaşayacağıq. O çağacan isə mütləq Venesiyaya gedəcəyik. Oranın ilahi gözəlliyini sən heç təsəvvürünə belə gətirə bilməzsən. Ayişə. Mənə heç bir şey gərək deyil. Ancaq sən necə istəsən, elə də edərik. Mən onsuz da xoşbəxtəm! Təki sən həmişə yanımda olasan. Kaş biləydin, mən necə bəxtiyaram!

 

Peter gəlir, bəylə gəlinə yaxınlaşıb onları təbrik edir.

 

Peter (Seymura). Bütün truppa Bakıya gəlib.

Seymur. Marion haradadır?

Peter. O, Briston mehmanxanasında yaşayacaq.

Seymur. Şükürlər olsun. Qorxutmuşdun məni, yoxsa üzünün ifadəsindən elə bildim nəsə bir hadisə baş verib.

Peter. Açığını desəm, bu iki hadisənin üst-üstə düşməsi heç ürəyimcə deyil. Eyni gündə: bir tərəfdən, sənin toyundur, o biri tərəfdən də Marion gəlib... Sən axı bilirsən, mən mövhumatçıyam...

Seymur. Gör bu sözləri deyən kimdir? Qatı materialist! Rədd olsun mistika! Bu, uğurlu nişanədir. Yaxşısı budur ki, badəni qaldır, içək xoş gələcəyimizin şərəfinə (qədəhləri bir-birinə vururlar).

 

Seymur Mehmandarovun evi. Ayişə güzgü qarşısında yeni libasını geyinir. Qulluqçu qız gəlir.

 

Qulluqçu. Cənab Qasımbəyov gəlib. Seymur bəyi görmək istəyir.

Ayişə. Sən ki, bilirsən, o gedib.

Qulluqçu. Dedik. Ancaq o Sizinlə danışmaq istəyir.

Ayişə. Dəvət elə. Özü də o nə qədər ki, burada olacaq, sən çıxıb getmə.

 

Qasımbəyov gəlir.

 

Qasımbəyov. Mən Sizin ərinizlə görüşmək istəyirdim, ancaq bir halda ki, o yoxdur, qərara aldım ki, Sizinlə salamlaşım və onun üçün gətirdiyim məktubu Sizə verim.

Ayişə. Çox gözəl (rotmistrə əyləşməyi təklif etmir).

Qasımbəyov. Bəs cənab Mehmandarov haradadır?

Ayişə. Dünən axşam ova gedib. Bu gün günorta qayıdacaq. Buyurub, gələrsiniz.

Qasımbəyov (gülür). Siz də inanırsınız ki, o indi ovdadır, quş vurur?

Ayişə. Başa düşmürəm, burada gülməli nə var? Dedim ki, buyurub sabah gələrsiniz.

Qasımbəyov.  Axı Sizin ərinizin aludə olduğu məşğuliy­yəti ov adlandırmaq, doğrudan da, gülməlidir.

Ayişə. Həddinizi aşırsınız, mən Sizi eşitmək istəmirəm.

Qasımbəyov.  Mən gedirəm. Lakin getməmişdən əvvəl bütün şəhərin lağ hədəfinə çevrilmiş bir məsələni nəzərinizə çatdırmaq istərdim: əriniz varyete müğənnisi ilə sizə xəyanət edir.

Ayişə. Mən Sizin əvəzinizə xəcalət çəkirəm. Belə də alçaqlıq olarmı – özgənin evinə gəlib ev sahibi evdə olmaya-olmaya xanımına iyrənc uydurmalar danışırsınız.

Qasımbəyov.  Bəli, bu həm alçaqlıqdır., həm gülüncdür. Mən çox təəssüf edirəm ki, əriniz evdə yoxdur. Yoxsa ona izah edərdim ki, məşhur, əsil-nəcabətli bir ailədən olan məğrur gözəl qızla evlənib, sonra onu bütün şəhərin gülüş hədəfinə çevirmək yaramaz.

Ayişə. Çox istərdim ki, Seymurun barəsində dedyiniz bu böhtana görə onun Sizin başınıza nə oyun açacağını öz gözlərimlə görəydim...

Qasımbəyov.  İndi bu saat onun məşuqəsi ilə öz meh­manxana nömrəsində çıxardığı oyunlarla müqayisədə mənim başıma nə oyun aça biləcəyinin əhəmiyyəti varmı?

Ayişə. Çıxın gedin deyirəm Sizə! Mən Seymura hər şeyi danışacağam.

Qasımbəyov. Əlbəttə, danışmalısınız. Bu Sizin borcu­nuzdur. Sadəcə, hər şeyin öz vaxtı var. Əgər siz ərinizin ovçu, mənimsə rəzil bir böhtançı olduğuma əmin olmaq istə­yirsinizsə, cəmi iki-üç gün də dözün. Və onda növbəti «ov» günü həmin «ovçu» oğlanın quşla birlikdə konsertdən sonra onun qaldığı mehmanxanaya getdiklərini öz gözlərinizlə görə bilərsiz.

Ayişə. Özünüzü gözləyin! O evə gələn kimi mən hər şeyi danışacağam.

Qasımbəyov.  Danışın. Bu o demək olacaq ki, Siz həqi­qəti bilmək istəmirsiz. Və heç vaxt da bilməyəcəksiz. Sonrası da, bu Sizin öz işinizdir (masanın üstünə zərf qoyur). Bu məktubu Seymur Mehmandarova verərsiz. Vacib bir işlə bağlı onu görmək istəyirəm. Salamat qalın. (Qapıya sarı yönəlir).

Ayişə (Qasımbəyovun ardınca). O qadının adı nədir?

Qasımbəyov.  Marion Dübari. Bilsəydiz necə gözəldir. Elə bil məhəbbət ilahəsinin özüdür. Ərinizi də çox sevir. (Çıxıb gedir).

Ayişə. Elə bil dünya başıma hərləndi! Heç vaxt ağlıma da gəlməzdi ki, rotmistr Qasımbəyov belə bir alçaqlığa qadirdir. Elə bilir ki, ona inanacağam.  

Qulluqçu. Qanınızı qaraltmayın, xanım. Aydın məsələdir: siz ona rədd cavabı vermişdiniz, indi o da əvəzini çıxdı.

Ayişə. Necə yəni əvəzini çıxdı? O nə deməkdir? Sözün var söz danış.

Qulluqçu. Mən heç nə bilmirəm, ancaq rəhmətlik anam deyərdi ki, kişilərə etibar yoxdur, çünki onların hamısı məkrli iblislərdir.

Ayişə. Rəhmətlik anan başqa nə deyirdi?.. De görüm... Tez elə.

Qulluqçu. Heç... Xanım, Seymur bəyin dörd tüfəngi var, iş otağında divardan asılır, bu gün səhər oranın tozunu alanda  dördü də yerində idi.

Ayişə (Otaqda var-gəl edir). Bu nə bəladır düşdük! Heç bilmirəm neyləyim.

Qulluqçu. Necə yəni neyləyim? Bundan asan nə var ki? Gələn dəfə Seymur yığışıb ova gedəndə biz də gedərik teatra, baxıb görərik Qasımbəyov doğru deyir, yoxsa paxıllıqdan ona şər atır.

Ayişə. Necə? Mən öz ərimi güdüm?!.. İlahi! Yəni bu   həngamə doğrudanmı mənim başıma gəlir?

 

Qasımbəyovun kabineti. Divardan imperatorun hərbi mərasim geyimində portreti asılmışdır. Polis nəfəri daxil olur.

 

Polis. Mehmandarovun oğlu yanınıza gəlib.

Qasımbəyov. Görkəmi necədir?

Polis (sualdan bir az duruxur). Yaxşı görünür. Sağlamdır.

Qasımbəyov. Ay səfeh! Sən həkimsən, yoxsa polis... Mən səndən onun sağlamlığını soruşmuram, soruşuram ki, həyəcanlı görünmür ki, pis niyyəti olana oxşamır ki? Bir də görürsən, qarşındakı adam çox sakit danışır, ancaq gözləri qan çanağına dönüb, xata törədənə oxşayır. Anladın?!

Polis. Elədir ki var, cənab. O, çox sakitdir, özü də gülümsəyir.

Qasımbəyov. Qoy gəlsin. (Seymuru qapının ağzında qarşılayır). Əyləşin, rahatlanın. Mən Sizi evdə tapmadım, qərara aldım ki, öz yanıma dəvət eləyim. Ümidvaram ki, narahat etdiyimçün inciməmisiniz?

Seymur. Qətiyyən.

Qasımbəyov. Xırda məsələdir, ancaq o qədər də irəkaçan deyil. Mən əmr etmişəm ki, sizin iki fəhlənizi – sosialist inqilabçılarını, Sabunçu özəyinin başçılarını həbs etsinlər.

Seymur. Niyə? Elə eser olduqlarına görə?

Qasımbəyov. Onların bu partiyanın üzvləri olduqları bizə çoxdan məlumdur. Ancaq indi onları silah saxladıqlarına görə həbs etmişik.

Seymur. Mənim nə köməyim dəyə bilər?

Qasımbəyov. Onlara?

Seymur (istehza ilə gülümsünür). Tutaq ki, istintaqa.

Qasımbəyov. Təşəkkür edirəm, buna heç bir zərurət yoxdur. Belə xoşagəlməz işlərlə məşğul olmaq nəyinizə gərəkdir? Hərçənd ki, biz müəyyənləşdirmişik ki, silah-sursat almaq üçün pulu onlara Siz vermisiniz. Bununla belə, Sizə qarşı heç bir iddiamız yoxdur.

Seymur. Siz hadisəni öz baxımınızdan yozursunuz. Mən pulu silah almaqdan ötrü yox, təşkilatın ehtiyacları üçün vermişəm. Pulların nəyə xərcləndiyini isə indi sizdən eşidirəm.

Qasımbəyov. Razıyam. Mən də müstəntiqə məhz belə başa saldım. Dedim ki, cənab Mehmandarov öz pullarından ürəyi istədiyi kimi istifadə edə bilər. Onun xəbəri olmadan bu pulların nəyə xərcləndiyini müəyyənləşdirmək isə onun yox, ilk növbədə bizim işimizdir. Amma müstəntiqi bir təsadüf də narahat edir. Bildiyimizə görə, Siz Sankt-Peterburqda olarkən dostunuz cənab Omre ilə birlikdə marksist-inqilabçı yönlü   toplantıların daimi iştirakçıları olmusunuz.

Seymur. Gənab rotmistr! Yoxsa məni izləyirsiniz?

Qasımbəyov. Allah eləməsin. Sırf təsadüf nəticəsində öyrənmişəm.

Seymur. Mən bunu qətiyyən gizlətmək fikrində deyiləm. Toplantılara getmişəm, çünki dünyada hamı tərəfindən qəbul edilmiş baxışlardan fərqli olan başqa bir nöqteyi-nəzərin mövcudluğunu bilmək hər bir insan üçün faydalıdır.

Qasımbəyov. Görün bir ey, sizin fikrinizlə mənim fikrim tam üst-üstə düşür. Mən müstəntiqə elə-belə də dedim. Ola bilsin ki, bu kiçicik anlaşılmazlıq o səbəbdən bizim diqqətimizdən yayınıb ki, şəhərdə varlı təbəqədən çıxan müxtəlif yönlü, mütərəqqi fikirli adamlar çoxalıb.

Seymur. Buna sevinmək lazımdır.

Qasımbəyov. Məni isə bu narahat edir. Müxalifətin mövqeyi və davranışı mənimçün aydındır. Onun təmsilçiləri aranı qatır, avam camaatı yolundan sapdırırlar ki, xalqın köməyi ilə sənin və mənim əlimdən hakimiyyəti, var-dövlətimizi alsınlar. Aydın məsələdir ki, nəticədən asılı olmayaraq, qara camaata yalnız xırda-para tör-töküntü, «süfrə artıqları» qalacaq. Lakin mən öz barışmaz düşmənlərimi müdafiə edən hakimiyyət və var-dövlət sahiblərini başa düşə bilmirəm. Diqqət yetirin, birdən-birə hamı siyasətlə məşğul olmağa başlayıb, heç kimin də ondan qandığı, başı çıxdığı bir şey yoxdur. Odla oynamaq dəbdə olan məşğuliyyətə çevrilib... Sizə elə gəlmirmi ki,  belə bir çətin zamanda bizimlə sizin kimi adamlar barrikadanın eyni tərəfində olmalıdır?

Seymur. Əksinə. Mənim fikrimcə, mütərəqqi adamlar xalqla bizim aramızdakı səddi, ya da sizin təbirinizcə desək, barrikadaları mümkün qədər tez bir zamanda uçurmağa çalışmalıdırlar. Ədalətsizliyin  kökünü yalnız biz kəsə bilərik və biz bunu etməliyik.

Qasımbəyov.  Mən Sizinlə razı deyiləm, çünki bu əqidədəyəm ki, dövlətə xidmətdə və məhəbbətdə insan həmişə birinə sadiq olmalıdır. Ancaq hər halda, Sizin fikrinizi eşitmək mənimçün xoş olardı.

Seymur. Sağlıqla qalın, cənab rotmistr. (Gedir).

Qasımbəyov (Seymur gedəndən sonra). Deməli, Siz həm kapitalist, həm də eyni zamanda inqilabçı olmaq istəyirsiz, evdə saf məhəbbət arzusundasınız, kənarda isə əyyaşlıqla məşğulsuz? Nə deyirəm, baxarıq, görək siz bu sevdanın öhdəsindən necə gələcəksiz, möhtərəm cənab Mehmandarov. (Kabinetə girən polis nəfərini görmür. Çiynindən dağ götürülmüş kimi). Ancaq əsas məsələ odur ki, o heç nə deməyib!

Polis. Kim deməyib, cənab?

Qasımbəyov. Kim? Tale! Qismət! Məğrur və barışmaz xanım... Nə istəyirsən?

Polis. Sizin tapşırığınıza əməl edib, bu dəfə diqqətli oldum. Cənab Mehmandarov  çıxıb gedəndə mənə dedi ki: «Sənin işin yaman ağırdır, qardaş». Sonra da ah çəkdi, gülümsündü.

Qasımbəyov. Afərin, müşahidə qabiliyyətin yaxşıdır.

 

Şahlar bəyin kabineti. Seymur gəlir.

 

Şahlar bəy. Mən Peteri seçməkdə səhv etməmişəm. Bizim işlər müdirinin çoxdan ümidini üzdüyü «kor» quyuları Peter bərpa etdi. Təkcə son ayda bu quyular əlli-altmış min pud neft verib. Özü də bu qədər işə cüzi miqdarda əlavə xərc çəkib. Son dərəcə az – qəpik-quruş.

Seymur. Belə şad xəbərləri eşitmək nə qədər xoşdur. Qulam dedi ki, sən bu gün evdən çölə çıxmamısan. Xəstə-zad deyilsən ki?

Şahlar bəy. İndi başa düşürsən, sənin Peterburqdan tez qayıtmağını niyə səbirsizliklə gözləyirdim?! Burada olsan bilərəm ki, işlərimizlə məşğul olmağa adam var. Mən də kefim istəyəndə evdə oturram. Fikirləşərəm özümçün, dincələrəm.

Seymur. İstirahət yaxşı şeydir, ancaq günün günorta çağı səni işsiz görməyə adət etməmişəm.

 Şahlar bəy. Yavaş-yavaş alışarsan. Bundan sonra işlərimizlə, əsasən, sən məşğul olacaqsan.

Seymur. Əlbəttə, olacağam. Şübhə etməyə bilərsən.

Şahlar bəy. Bir-iki gün dincəlmək istəyirdim, ancaq sabah evdən çıxmalı olacağam. Cəmi müsəlmanların bayramıdır. Sən də mənimlə gedəcəksən. Namazdan sonra şeyxülislamla birlikdə, meydana toplaşmış adamların arasına çıxmalıyıq.

Seymur. Mənə elə bircə bu çatmırdı!

Şahlar bəy. Neyləyək, lazımdır. Tutduğumuz mövqe belə tələb edir. Sən yaxşı bilirsən ki, mən heç vaxt dindar adam olmamışam. Ancaq məscid tikintisi üçün ianə verirəm, bayramlarda şeyxülislamla görüşürəm – çünki... bu, zəruridir. Sən başa düşməlisən ki, din – hansı din olursa-olsun, qayda-qanunun əsasıdır. Dinsiz xalq bütpərəstliyə qapılar, bu isə başıpozuqluq və mənasız vandalizm deməkdir.

Seymur. Yaxşı, sən deyən olsun, mübahisə etməyə­cəyəm... Ancaq yenə də hiss edirəm ki, sözlü adama oxşayırsan. Bəlkə qanını qaraldan nəsə var?

Şahlar bəy. Yox əşşi, narahat olma. Sadəcə, elə şeylər var ki, əvvəllər bu barədə düşünməmişəm. Ətrafda elə hadisələr baş verir ki, onların qarşısını almasaq, təhlükə yarana bilər. Bunu hamı bilir, ancaq özlərini elə aparırlar ki, guya heç nə görmürlər.

Seymur. Kimə qarşıdır dediyin təhlükə?

Şahlar bəy. Dövlətə, sənə, mənə, bütövlükdə cəmiy­yətə qarşı. Görmürsən? Altdan-altdan tüstülənir. Bir gün aləm od tutub yanacaq. Bütün mədənlərdə, zavodlarda gizli tətil komitələri təşkil olunub. Addımbaşı təbliğatçı-təşviqatçılar fəhlələri qızışdırırlar ki, özlərinin qazanmadığını tələb etsinlər, heç vaxt onlara məxsus olmayan əmlakdan pay istəsinlər. Ən təəccüblüsü isə odur ki, Tağıyev, Mantaşov, Dadaşov kimi adamlar, bizim dostlarımız, tanışlarımız belə komitələrin rəhbərlərinə pul verirlər. Sən ağıllı adamsan, məni başa sal görüm, doğrudanmı onlar başa düşmürlər ki, üstündə oturduqları budağı baltalayırlar?

Seymur. İmperiya heç zaman olmadığı qədər güclüdür və bizi heç bir təhlükə gözləmir. Belə proseslər hər yerdə gedir. Bu baxımdan Bakı Peterburqla müqayisədə yuxulu bir səltənətdir. Baş verənlər normal prosesdir. İnsanların gözləri açılıb, yaxşı yaşamaq istəyirlər. Biz də bunu başa düşməliyik.

Şahlar bəy.  Fəhlələr heç zaman indiki kimi yaxşı yaşa­mayıblar. Dünyanın hər yerindən, başqa ölkələrdən adamlar axınla Bakıya gəlirlər ki, burada iş tapsınlar. Əlbəttə, xalq bizdən pis yaşayır, ancaq bizim təqsirimiz deyil ki, insanların yalnız az bir hissəsi yaxşı yaşamalı, yerdə qalanları isə bir qarın çörək üçün qan-tər içində işləməlidir. Həmişə və hər yerdə belə olub, belə də olacaq.

Seymur. Ədalətsizlik elə bundadır. Allah insanı özünə bənzər yaradıb. Bütün insanların yaxşı yaşamaq hüququ vardır.

Şahlar bəy. Məgər mən bunun əleyhinəyəm? İşləsinlər, qazansınlar, istədikləri kimi də yaşasınlar.

Seymur. Bununçün yalnız biz onlara kömək edə bilərik və etməliyik.

Şahlar bəy. Necə? Əlbəttə, biz bütün pullarımızı götürüb onlara paylaya bilərik; ancaq bundan bir şey çıxmaz. Əvvəla, hamıya pul çatmayacaq. İkincisi, onlar bir göz qırpımında pulları xərcləyəcəklər, pulunu paylayanlar isə özləri dilənçi kökünə düşəcəklər. Belə getsə, bütün xalq dilənçi kökünə düşər.

Seymur. Niyə ki, bunun başqa yolları da var.

Şahlar bəy. Biz də elə həmin yollardan istifadə edirik. Heç kəs bizi məcbur eləmir, ancaq ürəyimiz yandığına görə, onların yaşaması üçün daş baraklar tikdiririk, iş başında həlak olanların ailələrinə təqaüdlər, əlillərə müavinətlər ödəyirik. Oğlum, inan mənə, fəhlələr razıdırlar və bundan artıq heç nə istəmirlər. Ancaq kimlərsə səhər-axşam fəhlələrin başını doldurur ki, biz onları aldadırıq, hər şeyi onların ziyanına edirik. Bu yaxınlarda mən on səkkiz min rubl xərcləyib yetimlər və əlillər üçün üçmərtəbəli bina tikdirdim, beş yüz rublluq mebel aldırdım. Altmış nəfərin gündə üç dəfəlik yemək haqqını ödəyirəm, üstəlik də, xidmətçilərə məvacib verirəm. Düz iş görürəm?

Seymur. Əlbəttə.

Şahlar bəy. Ancaq bu köpəkoğlu  Raf Lənkəranski özü­nün rəzil «Kaspi» qəzetində yazır ki, guya mənim xeyrim olmasaydı, bu binəvalar üçün əlimi də tərpətməzdim. Deməli, o şübhələnir ki, mən bu tikintidən hansı yollasa qazanc götürmüşəm, vergi ödəməmişəm. Ancaq sən bilirsən ki, bu belə deyil. Biz indi Bakı-Batumi neft kəmərini tikdiririk, hamısı da öz hesabımıza. Risk edən də özümüzük. Bu tikinti nə vaxt öz xərcini çıxaracaq, məlum deyil. Həmin yoluq qəzetçi isə bu iş üçün bircə bankın belə ssuda ayırmadığını billə-bilə, elan edir ki, bunu bir qrup plutokratın varlanma­sından ötrü edirik. Nə abırı var, nə həyası.

Seymur. Çox qəribədir. Nəsə bir anlaşılmazlıq var. Mən maraqlanaram, görüm məsələ nə yerdədir. Raf Lənkəranski də, onun qəzeti də öz mütərəqqi baxışlarına görə fərqlənir və çox populyardır.

Şahlar bəy.  Əcəb tərəqqipərvərdir! Özün görürsən də, burada olmadığın beş il müddətdə biz şəhəri, demək olar ki, yenidən tikmişik. Neçə-neçə gözəl binalar inşa edilib, su kəməri çəkilib, bağlar salınıb. Hər yerdə təmizlik, səliqə-səhman. Özü də dövlətin köməyi olmadan, hər şey neft səna-yeçilərinin pulu ilə edilib. İndi sən get oxu gör həmin qəzet nə yazır. Hamımızı çirkaba batırır. Qədimlərdə bir şah olub: Midas. O, əlini nəyə toxundururmuşsa, qızıla dönürmüş, bu isə, əksinə, hamını və hər şeyi çirkaba batırır, yaxşı nə varsa, üstündən qara qələm çəkir.

Seymur. Yaxşı, bəs siz hamınız yığışıb birlikdə onun öhdəsindən gələ bilmirsiniz?

Şahlar bəy.  Hamımız? Hamımız niyə? Elə təkcə mən özüm istəsəm, o Lənkəranskini Bakıdan ilim-ilim, izsiz-tozsuz itirtdirərəm. Ancaq şəhərin adına ləkə gətirmək istəmirəm.

Seymur. Bax, onu düz eləyirsən.

Şahlar bəy.  Bəli, sonra bütün dünyaya car çəkəcəklər ki, ay haray, Bakıda qəzetləri bağlayırlar. Sonrası da, axı o, tək deyil. Bəs bayaqdan sənə demirəm ki, nəsə dalağım sancır? Lənkəranski kimi bütün bu cırtdanların dalında isə bizə məlum olmayan hansısa təhlükəli qüvvələr durur. Görəsən, kimdir bu suyubulandıran?

Seymur. Nahaq yerə narahat olursan. Bu, normal prosesdir, inan mənə. Şükr Allaha ki, imperiyada qayda-qanunu yaxşılaşdırmağa cəhd göstərən ictimai qüvvələr meydana gəlib. Mən burada heç bir təhlükə görmürəm. Özüm şahidəm, böyük knyaz Mixail Aleksandroviç, pencəyinin yaxasına bayraqcıq taxmışdı, buna sözün nədir? Hamı dəyişiklik istəyir.

Şahlar bəy. Mənim belə şeylərdən başım çıxmır, ancaq ürəyimdə bir nigarançılıq var. Əslinə qalsa, indi çox şeyi başa düşməkdə çətinlik çəkirəm. Deyəsən, mənim zəmanəm keçib. İndi dövran sənindir, işlərimizi də sən idarə etməlisən,

Seymur. Səninlə birlikdə. Hələ qarşıda bizi böyük-böyük işlər gözləyir. Onların öhdəsindən biz səninlə birlikdə gəlməliyik. Hər şey öz əlimizdədir.

Şahlar bəy.  Bayaq səhər köhnə dostum, keçmiş şərikim Sarkis Qukasov gəlmişdi; vidalaşmağa. Parisə yola düşür. Bakıdakı bütün əmlakını, neft mədənlərini, mülklərini, gəmilərini satıb, gedir.

Seymur. Heç nə başa düşmürəm. Bildiyimə görə, onun işləri əla gedirdi axı...

Şahlar bəy (gülür). Ermənilərdən qorxur. Deyir, elə ki,  ermənilər bir yerə çox cəmləşdilər, gec-tez ağıllarını itirirlər və belə olanda da qan su yerinə axır. Qukasovun dediyinə görə, lap bu yaxınlarda belə bir şey gözlənilir. Odur ki, abırlı erməninin belə yerdən uzaq durması məsləhətdir. Bakıya isə son illərdə həqiqətən çoxlu erməni gəlib. Onlar hər il Qukasovdan pul istəyirdilər, o da heç vaxt imtina etmirdi. Beləcə, sakit-salamat yaşayırdı. İndi isə deyir ki, nə qədər gec deyil, baş götürüb qaçmaq lazımdır.

Seymur. Qəribədir. Qukasov mənə ağıllı adam təsiri bağışlayırdı.

Şahlar bəy.  O, doğrudan da, çox ağıllıdır. Həm də Qukasov sadəcə ağıllı yox, olduqca varlı və nüfuzlu adamdır. Belə adamlar heç nədən qorxmurlar, ancaq əgər onlar qabaqcadan nəyisə hiss edir və bundan çəkinirlərsə, nadir hallarda səhv edirlər. Vaxt gələcək, özün buna əmin olacaqsan.

 

Seymurun evi. Seymur divardan tüfəngi götürür. Ayişə otağa daxil olur.

 

Ayişə. Xeyir ola, tüfəng nəyinə lazımdır?

Seymur. Möcüzə! Bu həftə ərzində birinci dəfədir ki, sən nə iləsə maraqlanırsan. Göründüyü kimi, ova hazırlaşıram.

Ayişə. Nə ovuna?

Seymur. Qaban ovuna gedirik.

Ayişə. Bu, qorxulu deyilmi?

Seymur. Uşaq-zadıq bəyəm! Martınov təcrübəli ovçu­dur, Məmmədxanovun də gülləsi nadir hallarda boşa çıxır. Orada bizi peşəkar ovçular və bələdçilər gözləyir. Nigaran qalma, sabah sağ-salamat qayıdıb, səni bağrıma basacağam.

Ayişə. Darıxacaqsan məndən ötrü?

Seymur. Darıxacaqsan nədir? Hər dəqiqəm sənin fikrinlə geçəcək. (Yaxınlaşıb onu qucaqlamaq istəyir, ancaq Ayişə geri çəkilib, onu diqqətlə süzür.)

Seymur. Hə... Yenə özünə qapıldı. Bəsdir, de görüm nə olub sənə, gecə-gündüz nəyin fikrini çəkirsən?

Ayişə. Çox şeyin. Bax, məsələn, indi sənə baxa-baxa düşünürəm ki, səndən ideal yalançı şahid çıxar. Məsum baxışlar, səmimi səs və... yalan sözlər, saxta ifadələr. Hər dəfə Marionun yanına gecələməyə gedərkən sən mənə ov barədə bu əfsanələri danışırsan. Seymur, mən hər şeyi bilirəm.

Seymur. Bu cəfəngiyyatı sənə kim deyib?

Ayişə. Məndən başqa hamı bunu dilir. Hamıya da məlumdur ki, sən öz arvadını – Ələkbər bəy Yüzbaşovun qızını ağıldankəm və səfeh hesab edirsən. Mən sənin hər kəlmənə inanırdım, çünki səni sevirdim. Və bir də ona görə ki, səni, yəni ərimi həyatda özümə ən yaxın insan sanırdım. Düşünürdüm ki, dünyada təkcə ona etibar edə bilərəm. Sən isə gözlərimin içinə baxa-baxa məni aldadırmışsan. İndi mən sənə nifrət edirəm. Sən buna layiqsən.

Seymur. Bir dayan. Fikirləş görə, bir nə danışırsan! Axı mən səni sevirəm! Sən də həmişə deyirdin ki, məni sevirsən. Özüm də həmişə hiss etmişəm ki, sevirsən məni. İndi birdən-birə... Mən sənə hər şeyi izah edərəm. Ancaq bundan sonra bir də mənə «sənə nifrət edirəm» demə. 

Ayişə. Bəli, nifrət edirəm, zəhləm gedir səndən! (Seymur susur). Deyəsən, sən mənə nəyisə izah etmək istəyirdin?

Seymur. Mən səni sevirəm, səninlə, heç vaxt olmadığım qədər xoşbəxtəm. Başa düş, bu, həqiqətdir. Və əsas məsələ də budur.

Ayişə. Eh, kim bilir həyatda əsas məsələ nədir... Mən fəxr edirdim ki, Seymur Mehmandarovun arvadıyam, o məni sevir. Özüm-özümə dünyanın ən ağıllı və gözəl qadını kimi görünürdüm. İndi isə bütün bunlar o biri həyatımda qalıb. İndi mən evdən çıxmağa utanıram, xəcalət çəkirəm. Atamla da görüşmək istəmirəm. Bilirəm ki, hər şeydən xəbərdardır. Dünyada bircə sən vardın mənimçün. Daha heç kimim yoxdur. Mənim qürurumu sındırdın sən. Bunu heç vaxt sənə bağışlamayacağam.

Seymur. Sən başa düşməyə çalış ki, heç də hər şey göründüyü qədər sadə deyil. Bu məsələ mən səninlə tanış olmamışdan üç il əvvəl başlanıb. O vaxt Sankt-Peterburqda yaşayanda mən Marionla görüşməyə başlamışam. Bakıya da varyeteni dəvət edəndə hələ səninlə tanış deyildim. İndi isə bütün dünyada mənimçün yalnız sən varsan. Mən səni canımdan artıq sevirəm. Rica edirəm, Ayişə, bunu başa düş.

Ayişə. Mən hər şeyi başa düşdüm. Belə çıxır ki, elə mənə olan bu sevgin xatirinə də indicə onun yanına getməyə hazırlaşırdın.

Seymur. Axı mən onu yiyəsiz pişik kimi çölə ata bilmərəm. Artıq bizim münasibətlərimiz əvvəlki kimi deyil. O bilir ki, mən evlənmişəm, hiss edir ki, səni sevirəm. Hesab et ki, mən Marionla birdəfəlik qurtardım.

Ayişə. Məsələ təkcə Marionda deyil. Mənim üçün ən dəhşətlisi odur ki, sən məni aldatmısan. Gözlərimin içinə baxa-baxa yalan söyləmisən. Sənə əvvəlki kimi münasibət bəsləyə bilmərəm. İndi sən mənimçün tamamilə başqa bir adamsan.

Seymur. Zaman bunu sənə unutduracaq. Əlimdən gələni edəcəyəm ki, günahımdan keçəsən.

Ayişə. Ola bilər. Ancaq nə qədər ki, bunu unutmamışam, səni görmək istəmirəm. Səninlə danışmaq belə mənə iyrənc görünür.

 

Seymur çıxır. Qulluqçu gəlir.

 

Ayişə. Mən isə qəlbimin dərinliklərində ümid edirdim ki, Qasımbəyov Seymura şər atır.

Qulluqçu. Kim nə deyirsə-desin, Seymur bəy yaxşı adamdır. Siz ona görə belə qəzəblisiniz ki, onu sevirsiniz.

Ayişə. Kaş heç sevməyəydim.

 

«Qədim Misir» cəmiyyətinin toplantısı.

 

Şvedenkley. Bir qədər qüssəli olsa da, bilirəm ki, bu günkü toplantı Misirə iki aylıq səyahət ərəfəsində sonuncudur. Lakin bu gün Nobel qardaşları şirkətinin səxavəti sayəsində mən bizim toplantının üzvlərinə son dərəcə xoş bir sürpriz çatdırmaq imkanına malikəm. İndi biz hamımız birlikdə Allah Ranın məbədində yeni kahin seçilməsi mərasimini canlandırmağa çalışacağıq. Qayaüstü yazılardan məlum olduğuna görə, həmin gün məbəddə ortaya müxtəlif metal külçələri düzürlərmiş. Hamısının üstü papirusla örtülürdü. Şagirdlər papirusun üstündən əllərini  sürtərək, külçələrdən birini götürməli idilər. Beləliklə, hansı şagird səhv etmədən əlini qızıl külçəsinin üstünə qoyardısa, o, Ra mədəninin kahini seçilərdi. İnandırıram sizi ki, qədim misirlilərin bildikləri və etdikləri çox şeyin bizim zəmanəmizdə dərin mənası var. Qədim Misir kahinlərinin inancına görə, allahlar belə insanlara sağlığında qeyri-adi qabiliyyətlər bəxş edərmişlər. Həmin qabiliyyətlərdən düzgün istifadə olunması həm onların özlərinə, həm də təsir göstərə bildikləri insanlara böyük fayda gətirərmiş. İndi papirus olmadığından, biz külçələrin hər birini ayrılıqda kağıza bükmüşük. Burada ölçüsünə görə eyni olan otuz külçə var: qızıl, gümüş, melxior, bürünc, dəmir və qalay – hərəsindən beş ədəd. Beləliklə, başlayırıq, cənablar! Hansı külçəyə əliniz toxunsa, o, sizinkidir.

 

Cəmiyyət üzvləri masaya yaxınlaşır, hərəsi kağıza  bükülmüş kiçik kubşəkilli külçələrdən birini götürür.

 

Çempanski (diqqətlə baxır). Qızıla oxşamır. Heç gümüşə də.

Şvedenkley. Siz dəmir kub götürmüsünüz. Qızıl isə cənab Mehmandarova qismət oldu. Təkcə ona.

Çempanski. İndi nə demək istəyirsiniz, cənab Meh­mandarov Ra məbədinin kahini olacaq?

Lənkəranski. Mən, «Kaspi» qəzetinin redaktoru kimi, əmin olmaq istərdim ki, masa üzərindəki qızıl kubların sayı bir dənə yox, Sizin bayaq dediyiniz kimi, beş dənədir. Oxucuların marağı naminə, həqiqətin açılmasını tələb edirəm.

Şvedenkley. Elə də olmalıdır. Lakin icazənizlə, siz bükülüləri açmamışdan əvvəl, mən də bir kub seçmək istərdim (götürüb açır). Bürüncdür! İndi isə, lütfən buyurun! Yeri gəlmişkən, sizə hansı metal düşüb?

Lənkəranski. Qalay (kublara bir-bir baxır). Hamısı qiymətli metallardır: dördü qızıl, dördü gümüş, və beşi melxior. Bu, böyük sərvətdir, cənablar. Xalqın səfalət içində yaşadığı bir zamanda biz onun hesabına çox mənasız əyləncələrə dalmışıq. Mən təklif edirəm ki, buradakı bütün qızılı, gümüşü və melxioru yoxsulların istifadəsinə verək.

Şvedenkley. Cənab Lənkəranski, siz heç narahat olmayın. Nobel qardaşları şirkətinin məktubunda göstərilir ki, masanın üstündə qalan kublar Suraxanıdakı yetimxanaya verilməlidir. Bundan başqa, cənab Lənkəranski, bir cəhəti xüsusi diqqətinizə çatdırıram ki, biz xalqın hesabına heç nə etmirik. Bu külçələri elə həmin şirkət hazırlayıb.

Çempanski (Şvedenkleyə). Siz nə dediniz, Lənkə­ranski?!

Çempanski (Lənkəranskiyə). Həqiqətən siz Lənkərans­kisiniz?

Lənkəranski (nəzakətlə təzim edir). Qulluğunuzda hazıram: Raf Lənkəranski.

Çempanski. Yox, bu ola bilməz. Xoşbəxtliyə bax!   Ancaq mən əmin olmaq istyirəm ki, həqiqətənmi siz «Kaspi» qəzetinin baş redaktoru məşhur Raf Lənkəranskisiniz?

Lənkəranski. Elədir ki, var.

Çempanski. Deməli,  o mənfur sarı qəzetciyəzin redak­toru Sizsiz! (Lənkəranskiyə qüvvətli bir sillə çəkir). Psya krev! Dünəndən bəri hirsimdən özümə yer tapmıram, az qalır ürəyim partlasın. (İkinci silləni ilişdirir, Lənkəranski kənara sıçrayır).

Nina Vladimirovna (sevinclə). Nə qədər xoş bir sürpriz! Axır ki, bu alçağın dərsini verdilər.

Çempanski. İcazənizlə, izah edim, cənablar. İnanın ki, mən qalmaqal sevən adamlardan deyiləm. Ancaq başqa yolum yox idi. Vicdanlı bir şəxs kimi, mən bu murdar böhtançıya hamının arasında sillə vurmalı idim. Yəqin sizə bəllidir ki, mən zoopark yaratmaqla məşğulam. Bakı kimi böyük, gözəl bir şəhər üçün zoopark zəruridir. Siz isə görün, cənab Lənkəranski öz qəzetində nə yazır (cibindən qəzeti çıxarır, açıb oxuyur). «Zəhmətkeşlərin ağlasığmaz məhrumiyyətləri və səfaləti fonunda təzəlikcə yekə bir «ləkə» peyda olub: neft işbazları Bakıda zoopark yaratmaq fikrinə düşüblər. Necə deyərlər, düzəlmişdi hər yarağımız, qalmışdı... zooparkımız. Etibarlı qaynaqlardan bizə bəlli olduğuna görə, bu şübhəli işi əvvəllər zoolo-giya ilə heç bir əlaqəsi olmayan növbəti gəlmə fırıldaqçı – əcnəbi Şampanskiyə həvalə ediblər». Güman edirəm, cənab Lənkəranskini başa sala bildim ki, mənim soyadım Şampanski yox, Çempanskidir. Növbə sizindir, cənab Lənkəranski. Dueldə silah seçimini sizin ixtiyarınıza buraxıram.

Qasımbəyov. Cənab Çempanski, sizi məyus etməli olacağam. Duel iki səbəbdən baş tuta bilməz. Birinci səbəb odur ki, imperator həzrətlərinin fərmanı ilə xeyli vaxtdır ki, duel ölkədə yasaq edilib...

Çempanski. Qəribədir. Polşada isə əsilzadələrin öz şərəfini silahla qorumaq hüququnu saxlayıblar... İkinci səbəb hansıdır?

Qasımbəyov. Cənab Lənkəranski kiminləsə vuruşmağı heç ağlına belə gətirməz, çünki təbiətən həddən artıq qor-xaqdır. Onun silahı qələmidir. Qələmi ilə də hər şeyə qara yaxır.

Lənkəranski (xeyli uzaqdan, təhlükəsiz məsafədən qışqıra-qışqıra Çempanskiyə deyir). Siz məhkəmə qarşısında cavab verəcəksiniz!

Qasımbəyov. O, yalan demir. Məhkəmə olacaq. Siz də məhkəmənin qərarı ilə ona 200 rubl cərimə ödəyəcəksiniz. Hər ikiniz yəqin ki, razı qalacaqsınız.

Nina Vladimirovna. Bu ləzzətə görə pul verməyinə dəyər!

Şvedenkley. Cənablar, cənablar! Biz toplantının möv­zusundan xeyli uzaqlaşdıq. Diqqət! Bizim bugünkü toplantımızın sonunda «Belaya noç» varyetesinin rəqs truppası sizin üçün mərasim rəqsi ifa edəcək.  Sizə bir sirr açım: axırıncı bir ay ərzində mən bu xoreoqrafik etüdün quruluşu ilə truppaya xeyli məsləhətlər vermişəm. Sizi əmin edirəm ki, cənablar, üç min il əvvəl, firon Exnatonun dəfni günündə Qədim Misir rəqqasələri eynən bu cür rəqs paltarlarında, üzlərində maska, dəfn rəqsi ifa etmişlər. Exnaton Qədim Misir allahlarına sitayişi qadağan edib və təkallahlılığın əsasını qoyub. Onun dövründə Qədim Misirin əsas və yeganə allahı – günəş allahı Amon olmuşdur. Gözəl arvadı Nefertitini o, sağlığında allah səviyyəsinə yüksəldibmiş və Nefertiti məbəddə əri ilə yanaşı, Amonun önündə dayanarmış.

 

Rəqs.

 

Nina Vladimirovna. Necə də tükürpədici rəqsdir! Ada­mı lap vahimə basır.

Seymur (Peterə). Neçə gündür sənə demək istəyirəm. Cənab Şvedenkley mənə səfərdə iştirak etməyi təklif etdi, mən də razılıq verdim.

Peter. Görüləsi işlərin tökülüb qalıb, indii hər şeyi atıb Misirə səfərə gedəcəksən?

Seymur. Olub-keçənləri götür-qoy etmək istəyirəm.

Peter. Sfinkslə təkbətək, eləmi?

Seymur. Lağ eləmə.  Arvadımla aramız möhkəm dəyib. Məsələ ciddidir. Bir müddət tək qalmaq istəyirəm.

Peter. Getməyindən atanın xəbəri var?

Seymur. Var. Bir söz demədi, ancaq hiss edirəm ki, narazıdır.

Peter. Sən də yaman qəm dəryasına qərq olmusan.

Seymur. Mən Ayişəni çox sevirəm.

Peter. Ən başlıcası da elə budur, qalan şeylər boş şeydir. Məhəbbətini qoru, həyatdan zövq al.

 

 Seymurun evi. Qulam gəlir. Qapıda dayanır.

 

Seymur. Nə istəyirsən?

Qulam. Fikirləşirəm ki, bəd xəbərləri sizə nahardan əvvəl çatdırım, yoxsa gözləyim ki, yeyib qurtarasız.

Seymur. De görək nə olub. Tez ol!

Qulam. İndicə... Biri var e... Ölü fironlardan danışan... Onu indicə tutdular. İki nəfər polis qollarını qandallayıb, üstüörtülü faytonda apardı.

Seymur. Sən hardan bildin?

Qulam. Onca dəqiqə əvvəl öz gözlərimlə gördüm.   «Bristol» mehmanxanasına getmişdim, mamzel Mariona gülləri verdim, qayıdanda dəhlizdə iki nəfər polis gördüm. 10 nömrəli otaqdan rotmistr Qasımbəyovla həmin o mumiyalardan danışan kişi çıxdılar.

Seymur. Şvedenkleyi deyirsən?

Qulam. Bəli. Onun əllərini qandallayıb, arxa qapıya tərəf apardılar. Mən isə cəld baş qapıya qaçdım. Elə həmin dəqiqə üstüörtülü fayton yaxınlaşdı, polislər onu mindirib apardılar. Cənab rotmistr isə əl ağacını oynada-oynada «Böyük dəniz» küçəsi ilə jandarm departamentinə sarı yönəldi.

 

Seymur tələsik otaqdan çıxır.

Qasımbəyovun kabineti. O, yazı masası arxasında əyləşib. Xəbər verirlər ki, Seymur Mehmandarov gəlib.

Qasımbəyov (İçəri girən Seymura). İşə bir bax. Mən elə indicə sizinlə keçən dəfəki söhbətimizi xatırlayırdım.

Seymur. Bunu eşitmək xoşdur məniçün, ancaq gəlişimin məqsədi başqadır. Soruşmaq istəyirəm ki, cənab Şvedenkleyi həbs etmək barədə əmri hansı əsasla vermisiz?

Qasımbəyov. Əyləşin... (kefi pozulmuş halda). Bakı qəri­bə şəhərdir! Birini dama basan kimi hamı xəbər tutur. Ləzzəti də qaçır! Çay istəyirsiz?

Seymur. Xeyr, təşəkkür edirəm. Bilmək istəyirəm: cənab Şvedenkleyi niyə həbs etmisiz?

Qasımbyov. Möhtərəm cənab Mehmandarov, siz məni çətin vəziyyətdə qoyursunuz. İşin və cənab Şvedenkleyin özünün maraqları naminə mən bu qəbildən olan suallara cavab verməli deyiləm... Lakin sizinlə köhnə tanışlığımızı və misirşünaslar cəmiyyətində birgə üzvlüyümüzü nəzərə alaraq, istisna kimi deyərəm. Cənab Şvedenkleyin həbs olunmasını mən əmr etmişəm, çünki belə düşünməyə əlimdə əsas var ki, o, alman casusudur. Yəni ki, təhlükəli canidir, azadlıqda qala bilməz.

Seymur. Bu ziyansız insanın, alimin casus oluğunu düşünməyə sizin nə kimi əsasınız var?

Qasımbəyov. Bax bunu mən sizə deyə bilmərəm. Qətiyyən deyə bilmərəm.

Seymur. Bir aydan çoxdur ki, sizə bəllidir ki, cəmiyyətin bir neçə üzvü cənab Şvedenkleylə birlikdə Misirə yola düşməyə hazırlaşır. Və məhz bu gün bilə-bilə ki, artıq gəmiyə biletlər alınıb və Qahirədə mehmanxanada yerlər sifariş verilib, siz onu həbs edirsiniz. Belə bir təsadüf sizə qəribə gö-rünmürmü?

Qasımbəyov. Hər gün o qədər təsadüflər olur ki, hamısını nəzərdə saxlamaq mümkün deyil. Hər nə isə, mən onu həbs etmişəm.

Seymur. Özü də mən əminəm ki, səfərin baş tutma­yacağından və bütün səfər iştirakçılarının ovqatının pozulacağından həzz alırsız.

Qasımbəyov. Lütfən deyin, siz Allaha inanırsınız?

Seymur. Qəribə sualdır. Əlbəttə, inanıram.

Qasımbəyov. Lap yaxşı. Elə isə deyim ki, biləsiz, mən özüm Allaha ürəkdən inanan bir adamam və Tanrı şahiddir ki, şəxsən sizin sabah sağ-salamat Bakıdan getməyinizi çox arzulayıram. Yəni demək istəyirəm ki, siz də, yol yoldaşlarınız da sağ-salamat Misirə gedəcəksiniz. Lakin vəzifə borcu mənim üçün hər şeydən üstündür. Buna görə də mən cənab Şvedenkleyi həbs etdim (ayağa qalxır). Sizi görməyimə şad oldum.

 

Qubernatorun evində qonaq otağı. Martınov, əynində xalat, kresloda əyləşib çubuq çəkir. Nina Vladimirovna  çay içir. Qulluqçu qız gəlir.

 

Qulluqçu (Nina Vladimirovnaya). Cənab Mehman­darovun oğlu təcili iş üçün onu qəbul etməyinizi xahiş edir.

Martınov (arvadına). Bizə gələcəyi barədə o səni xəbərdar etmişdimi?

Nina Vladimirovna. Səhər biz cəmiyyətin iclasında görüşdük, ancaq bu barədə bir söz demədi.

Martınov. Heç vaxt bizim evimizdə olmayıb, indi birdən-birə dəvətsiz-filansız təşrif gətirib. Elə bil mənim evim restoran-zaddır onunçün. Axı, onun səninlə nə təcili işi ola bilər?

Nina Vladimirovna. Ümid edirəm ki, indicə öyrənərik.

Martınov. Özün bilərsən (qonşu otağın qapısına sarı yönəlir).

Nina Vladimirovna (qulluqçuya). Dəvət elə.

Seymur. Rica edirəm, qəfil gəlişimə görə məni əfv edin. Fövqəladə bir hadisə məni buna məcbur etdi.

Nina Vladimirovna.  Buyurun-buyurun. Əyləşin. Danı­şın görüm, nə olub axı?

Seymur. Yarım saat əvvəl Qasımbəyov cənab Şve­denkleyi həbs edib və qandallayaraq həbsxanaya göndərib.

Nina Vladimirovna (gözlənilməz xəbərdən sarsılır). O nə cəsarətlə belə edib? Siz çox düzgün edibsiz ki, bu azğınlıq barədə dərhal mənə xəbər verdiz. Əlimdən gələni edəcəyəm.

Seymur. Bu, özbaşınalıqdır.

Nina Vladimirovna.  Sağ olun. Siz hələlik gedin, onu tezliklə həbsdən çıxarmaq lazımdır. (Seymur gedəndən sonra ucadan çağırır). Paşa!

 

Martınov qapıda görünür.

 

Nina Vladimirovna.  Eşitdin?

Martınov. Mən sizin söhbətinizə qulaq asmırdım.

Nina Vladimirovna.  Qasımbəyov Şvedenkleyi həbs etdirib.

Martınov (masaya yaxınlaşır, çubuğunun külünü bo­şaldır). Ürəyini sıxma! Şükr allaha, düzələsi işdir (kiçik zəngi çalır. Yavər qapıda görünür). Bu saat rotmistr Qasımbəyovu tapıb, yanıma gətirin.

Yavər. Baş üstə, zati-aliləri!

 

Martınov arvadına yaxınlaşır, nəvazişlə əllərini öz əlinə alır.

 

Martınov. Sakit ol, əzizim, hər şey öz əlimizdədir. Gedim otağıma, paltarımı dəyişim.

 

Martınov qızıl işləməli general-qubernator geyimində. Yavər daxil olur.

 

Yavər. Rotmistr Qasımbəyov sizin əmrinizlə gəlmişdir.

Martınov. Qoy gəlsin.

 

Qasımbəyov içəri girib, əsgəri təzim edir.

 

Martınov. Keçin, rotmistr, əyləşin. Söyləyin görüm şəhərdə nələr baş verir?

Qasımbəyov. Allaha şükr, hələlik heç bir hadisə baş verməyib. Bibi-Heybətdəki yanğın barədə Sizə dünən məruzə etmişəm. Gecə ikən söndürdülər.

Martınov. Yanğın – lap yaxşı. Ancaq siz mənə deyin görüm, nə səbəbə cənab Şvedenkleyi həbs etmisiz və guya  qatil yaxud oğru imiş kimi, əl-qolunu qandallayıb həbsxanaya göndərmisiz.

Qasımbəyov. Mən Sizə bu barədə günün sonunda məlumat verməyə hazırlaşırdım. Şvedenkleyi dünən Sankt-Peterburqdan əlahəzrət imperatorun baş jandarm idarəsindən aldığım sərəncama əsasən həbs etmişəm. Sərəncamda əmr olunur ki, Bakıda İohan Şvedenkley adı ilə tanıdığımız cənab, qollarına qandal vurulmaqla, iki nəfər mühafizəçinin müşayiəti ilə paytaxta göndərilməlidir.

Martınov. «Bakıda Şvedenkley adı ilə tanıdığımız» nə deməkdir?

Qasımbəyov. Rəsmi məktubdan aydın olur ki, Peter-burqda o, Qotlib adı ilə yaşayıb. Baron Henrix Qotlib. Spritik   seanslar keçirmələrlə məşgul olub. Həmin seanslara paytaxtın say-seçmə adamları gələrmişlər.

Martınov. Məgər belə şeyə görə adamı qandallayıb, zindana salarlar?

Qasımbəyov. Heç də yox, zati-aliləri! Dəqiq müəyyən edilmişdir ki, cənab Şvedenkley yaxud da baron fon Qotlib Almaniya kəşfiyyatının casusudur.

Martınov. Ölkələrimiz arasındakı münasibətlərin kəs­kinləşməsi ilə bağlı germanofobiya-almanlara nifrət, bunun nəticəsində isə həm də casus maniyası günü-gündən artır. Peterburqdakı məmurların çoxusu bu azara tutulub. Yeri gəlmişkən, əgər onlar həmin şəxsin casus olduğuna əmin­dirlərsə, maraqlıdır, bəs nə üçün bir il əvvəl onu Peterburqda özləri həbs etməyiblər? Nəyi gözləyirmişlər?

Qasımbəyov. Məndə olan məlumata görə, onu ələ keçirməkdən ötrü fövqəladə tədbirlər görülüb, paytaxtdan bütün çıxış yolları nəzarət altına alınıbmış.

Martınov. Bununla belə, o, aradan çıxa bilib, eləmi? Heç ağlıma da gəlməzdi ki, cənab Şvedenkley bu dərəcədə zirəkmiş.

Qasımbəyov. Bildiyimə görə, Peterburqdan Bakıya o sizin vaqonla gəlib, sizin vaqon isə bir qayda olaraq yoxlanılmır.

Martınov. Bəli-bəli, mən bu maraqlı adamı öz vaqonuma dəvət etmişdim. Təkbaşına səkkiz sutka yol getmək insanı darıxdırır... Siz artıq Peterburqa bu barədə xəbər vermisiniz?

Qasımbəyov. Xeyr, zati-aliləri. Bu, təkcə mənə məlumdur.

Martınov. Bəs cənab Şvedenkleyi nə vaxt göndərmək niyyətindəsiniz?

Qasımbəyov. Bu gün. Onu artıq Peterburq qatarlarının dustaq vaqonuna çatdırıblar.

 

Martınov saata baxır, zəngi çalır. Yavər gəlir.

 

Martınov. Təcili surətdə vağzala gedin, Bakı-Peterburq qatarının yola düşməsini təxirə salın. Sizin ixtiyarınızda cəmi on beş dəqiqə var.

 

Yavər gedir.

 

Martınov. Siz hər şeyi dəqiq ölçüb-biçmisiniz, rotmitsr... Lap yaxşı, mən sizin hərəkətlərinizi təqdir edirəm.

Qasımbəyov. Zati-alilərinizin təqdiri böyük şərəfdir.

Martınov. Bəs Peterburqdan necə öyrənə biliblər ki, cənab Şvedenkley Bakıdadır?

Qasımbəyov. Öz şübhələrimi mən hələ bir ay əvvəl baş idarə­yə bildirmişdim. Cənab Şvedenkleyin xüsusi əlamət­lərinin və həyat tərzinin də müfəssəl təsvirini əlavə etmişdim.

Martınov. Siz öz borcunuzu yerinə yetirmisiniz... Lakin açıq danışaq, mən cənab Şvedenkleyin təqsirkar olduğuna inanmıram. Güman edirəm ki, mənim bu fikrim gələcəkdə təsdiqlənəcək. Buna görə də xoşagəlməz səhvə yol veril­məsinin qarşısını almaqdan ötrü vağzala gedin və onu həbsdən azad etdirin. Bundan əlavə, cənab rotmistr, rica edirəm, elmi məqsədlərlə xaricə səfərə əngəl törətməyəsiniz. Məni başa düşürsünüz?

Qasımbəyov. Mən sizi çox gözəl başa düşdüm, zati-aliləri.

Martınov. Bu, əmrdir. Əgər istəyirsinizsə, əmri yazılı surətdə də ala bilərsiniz.

Qasımbəyov. Əlahəzrət imperatorun fərmanına əsasən, general-qubernatorun əmrləri, şifahi yaxud yazılı şəkildə verilməsindən asılı olmayaraq, onun tabeliyində olan bütün ərazidə təcili və müzakirəsiz olaraq məcburi qaydada icra edilməlidir. Əmr yerinə yetiriləcək, zati-aliləri!

Martınov. Peterburqa da yazın ki, cənab Şvedenkley sizin onu həbs etmək barədə əmri almağınızdan bir az əvvəl xaricə yola düşüb.

 

Nina Vladimirovna gəlir.

 

Nina Vladimirovna. Sizi görmək xoşdur, cənab Qasım­bəyov. Bizə işlə bağlı təşrif  buyurmusunuz, yoxsa qonaq kimi?

Qasımbəyov. Xidməti vəzifəmlə bağlı, zati-aliləri.

Nina Vladimirovna. Pavel Aleksandroviç, cənab rot­mistrə birinci dərəcəli müqəddəs Vladimir ordeninə təqdim edildiyini dedinmi?

Martınov. Hm, bəli... Doğrudan a... Necə də yadımdan çıxıb... Təbrik edirəm, rotmistr!

Nina Vladimirovna. Mən eşidəndə ki, Pavel Alek­sandroviç sizi ordenə təqdim edib, ona dedim ki, Pavel, bu ədalətli və düzgün hərəkətdir. Bir fincan çayla aranız necədir?

Martınov. Qalsın gələn dəfəyə, əzizim. Cənab rot­mistrin təcili işi var.

Qasımbəyov gedir.

 

Nina Vladimirovna. Mən hər şeyi eşitdim. Hiyləgər şeytan! Hər şeyi də necə bicliklə edib – birbaşa dustaq vaqonuna! Yəqin ki, axşam sənə məruzə edəcəkdi, ancaq nə fayda. Kim idi sürət qatarını saxlayan?! Gör bir necə altdan-altdan iş tutub?

Martınov. Heç bilirsən Şvedenkleyi aparan qatar yola düşüb getsəydi, bunun axırı nə ola bilərdi?!

Nina Vladimirovna. Başını yorma. Şükr allaha ki, bizim qatarımız bizsiz heç yana gedən deyil.

Martınov. Hər halda, afərin Seymur Mehmandarova.

Nina Vladimirovna. Hesab edək ki, biz ona borcluyuq.

Martınov. Nə olar, borclu borclunun sağlığını istər. Vaxt gələr, əvəzini çıxarıq.

 

Mehmanxana nömrəsi. Səhər tezdən. Marion qapının döyülməsinə oyanır.

 

Marion. Kimdir?

Qasımbəyov (qapı dalından). Polisdir. Zəhmət olmasa, açın.

Marion. Çaşmısınız nədir! Hələ saat yeddidir... Nə olub?

Qasımbəyov. Mən sizə hər şeyi söyləyərəm, made­muazel! Ancaq qapını açın. Əks təqdirdə qapıçını çağırmalı olaram və onda mənim bu gəlişimdən bütün şəhər xəbər tutar.

Marion. Gözləyin, geyinim (özünü qaydaya salır). Buyurun.

Qasımbəyov. Siz Allah, əfv edin, mademuazel! Mən bu xoşagəlməz missiyanı yerinə yetirməyi yalnız sizin maraqlarınız və mənim köhnə dostum Seymur Mehman­darovun xatirinə yerinə yetirməyi öhdəmə götür­müşəm.

Marion. Sizi indi tanıdım. Biz ki, tanışıq sizinlə.

Qasımbəyov. Əlbəttə, tanışıq. Bəlkə də diqqət yetir­misiniz ki, sənətinizin pərəstişkarlarından biri kimi sizin tamaşalarınıza tez-tez gəlirəm.

Marion. Təşəkkür edirəm. Fəqət belə erkən gəlişinizin səbəbi nədir?.. Seymurun başına bir iş gəlməyib ki?

Qasımbəyov. Bax, bu sarıdan narahatlıq üçün heç bir əsas yoxdur. Seymur bəxtəvər insandır və əgər onun başına nə isə gələ bilərsə, bu da yalnız növbəti ürəkaçan bir sürpriz olar. Bu dəfə söhbət sizdən gedəcək. Bilirsinizmi, mademuazel, Seymur Mehmandarovla sizin romantika və şeriyyətlə dolu sevgi macəranız çoxsaylı  bədxahların və paxılların diqqətindən yaynmamışdır.

Marion. Deməli, indi siz  də məni yuxudan oyatmısınız ki, kimlərinsə mənə paxıllıq etdiyini deyəsiniz?

Qasımbəyov. Əlbəttə, yox! İmkan verin, bu paxıl və bədxahların kim olduğunu söyləyim. Bunlar çox nüfuzlu adamlardır. Xüsusən də, onun gənc arvadının ailəsi. Əfsuslar oslun ki, mademuazel, nə siz,  nə də Seymur aranızdakı münasibətləri gizli saxlamaq qayğısına qalmamısınız.

Marion. Nə olsun? Məgər bu, qanunla qadağandır?

Qasımbəyov. Bəli, mademuazel. Sizin ətrafdakılara meydan oxuyan davranışınız əxlaq və abır-həya qaydalarının kobudcasına pozulması kimi dəyərləndirilib. Təəssüf hissi ilə bildirirəm ki, mənə sizi şəhərdən çıxarmaq barədə əmr verilib. (Məktubu ona uzadır).

Marion (oxuyur). «Bakı şəhəri hüdudlarından çıxa­rılsın... Meşşan qadın Mariya Qorşkovaya şəhər polisinin hesabına Xarkovadək dəmir yol qatarına bilet verilsin...» Təhqirə bax! Yalnız küçə qadınları ilə belə rəftar edərlər.

Qasımbəyov. Bax, elə buna görə də mən özüm gəlmişəm. Bu işi yerli polis məmuru kimi kobud erkəklərdən birinə tapşırmamışam. Şəxsən özüm sizi vağzaladək müşayiət etmək istərdim. Fayton bizi qapıda gözləyir.

Marion. Seymur buna necə baxar, onu fikirləşmisiz?

Qasımbəyov (Qəmgin halda gülümsəyərək). Dünən axşamdan xeyli keçmiş – Seymur yola düşməzdən qabaq mən onunla görüşdüm... Sizə deməliyəm: mən yeganə adamam ki, onun məndən gizli sirri yoxdur...

Marion (Onu tələsdirir). Hə, bəs o nə dedi?

Qasımbəyov (Ani fasilədən sonra cibindən bir zərf çıxarıb, Mariona verir). Burada Tiflisdən və Kiyevdən keçib Xarkova gedən qatarın birinci dərəcəli vaqonuna bilet var. Seymur xahiş etdi,sizə çatdırım ki, qayıdandan sonra o, mütləq sizi axtarıb tapacaq, harada olsanız da. Zənnimcə, baş verənlər onu çox məyus etmişdi.

Marion. Mənim əsl adımı kimdən öyrənmisiniz?

Qasımbəyov. Mən hətta onu da bilirəm ki, sizin ananız Xarkovda məşhur tikmə ustası, yaxşı dərzidir. Bu, çox ağır zəhmətdir (Narahat halda saatına baxır). Biz vağzala gecikə bilərik, tələsmək vaxtıdır.

Marion. Axı mən gərək teatra baş çəkəm, direktoru xəbərdar edəm, axşam çıxışım var. Məvacibimi də almalıyam.

Qasımbəyov. Heç bir şeyə görə narahat olmayın. (Cibindən zərf çıxarır). Seymur hər şeyin qayğısına qalıb. Burada iki min rubl var. Seymur xahiş etdi ki, hər şeydən əvvəl Siz ananıza xudmani bir şirniyyat dükanı alasınız. Bu ona xoş olar... Qalan işlər mənim boynuma. Buyurun, qələm-kağız. Direktora qısaca məktub yazın... Yazın ki, təcili olaraq, iki aylığa getmək məcburiyyətindəsiniz. Belə bir məktub mütləq lazımdır. Yoxsa, başlayacaqlar Sizi axtarmağa, polisə müraciət edəcəklər. Bu da ki, lazımsız söz-söhbətə, dedi-qoduya səbəb olacaq. Qalan izahatı Seymur qayıdandan sonra verəcəksiz. Truppa ilə görüşünüz, vəziyyətdən asılı olaraq, ya Bakıda, ya da Sankt-Peterburqda olacaq. Rica edirəm, made­muazel, tələsin! Biz ləngiyə bilərik.

 

Seymurun evi. Ayişə ilə qulluqçusu.

 

Ayişə. Seymur yoxdur, elə bil ev də əvvəlki ev deyil.

Qulluqçu. Hər şey həmişəki kimidir. Səhər tezdən bütün otaqları yığışdırıb səliqəyə salmışıq. Təkcə birinci mərtəbədə səhər Qulam pəncərənin şüşəsini sındırıb, siz hələ bunu görməmisiniz?

Ayişə (gülür). Sən haqlısan. Ev elə həminkidir, bircə Seymur yoxdur.

 

Qulam gəlir.

 

Qulam. Eldar Qasımbəyov gəlib. Dedim ki, Seymur bəy səfərdədir, ancaq o, çıxıb getmir. Deyir, get xanıma söylə ki, rotmistr Qasımbəyov çox vacib bir iş üçün onu qəbul etməyi xahiş edir.

Ayişə. Bu, mümkün deyil. Qoy ay yarımdan sonra – Seymur qayıdanda gəlsin.

 

Qulam çıxır.

 

Qulluqçu. Bəlkə o, Seymur bəy barədə sizə nəsə mühüm bir söz demək istəyirdi?

Ayişə. Şübhə etmirəm... Ancaq Eldar Qasımbəyovsuz da mənə hər şey bəllidir.

 

Qulam əlində zərf qayıdır.

 

Qulam. O sizə məktub verdi.

 

Qulam zərfi masanın üstünə qoyub gedir.

 

Ayişə. Apar məktubu, Seymurun kabinetində masanın üstünə qoy. Mən oxumaq istəmirəm.

Qulluqçu. Ay xanım, Seymur bəy bir də nə vaxt qayıdacaq? Bəlkə indi məktubda vacib bir şey yazılıb?

Ayişə. Onda sən oxu. Əgər iyrənc şayiələrdən başqa bir şey olsa, danışarsan mənə.

Qulluqçu. Rəhmətlik anam mənə min dəfə deyirdi ki, məktəbə get. Özü çox ağıllı qadın olsa da, savadsız idi. Mən gicbəsəri elə hey dilə tuturdu ki, oxu-oxu! Çifayda. Odur ki, özünüz oxuyun, sonra verərsiniz aparıb qoyaram Seymur bəyin kabinetinə.

 

Ayişə masaya yaxınlaşıb, məktubu zərfdən çıxarır, oxuduqdan sonra dinməz-söyləməz gedib kresloda əyləşir.

 

Qulluqçu. Sizə nə oldu? Rənginiz ağardı?

Ayişə (məktubu ucadan oxuyur). «Sizin əriniz elmi      ekspedisiyaya «Belaya noç» varyetesinin müğənnisi Marion Dübarri ilə gedib. Bunu bilməlisiniz. Mən sizin üçün bütün dünyanı ram etməyə hazır idim, siz isə şəhvətpərəst, varlı avaranı məndən üstün tutdunuz. Ölənədək sizin: Eldar Qsımbə-yov»... Bu qətiyyən ola bilməz!

Qulluqçu. Bir tərəfə baxanda, o, əlbəttə ki, yalan danışır. Ancaq o biri tərəfdən çox qəribədir. Əgər, Seymur bəy səfərə yola düşəndən sonra da həmin bu Marion burada oxuyub-oynamaqda davam edirsə, cənab Qasımbəyov həyasız­casına belə ağ yalan danışa bilərmi? Elə günü sabah teatra adam göndərin, hər şeyi öyrənin.

Ayişə. Bu ola bilməz! Bu, ağ yalandır.

Yarıqaranlıq zalda varyetenin çıxışı davam edir. Seymurun arvadı Ayişə gəlir. O, zala keçmədən qapının ağzında da-yanır. Musiqi ara verəndə konferansye səhnəyə çıxır.

 

Konferansye. Xanımlar və cənablar! Bir neçə həftə ərzində biz gözəl mademuazel Marion Dübarrini seyr etmək zövqündən məhrum olacağıq. Dünən gecə o, Aralıq dənizi sahilindəki mülkünə istirahətə yola düşüb. Lakin şənliyimiz davam edir. İndi sizin qarşınızda bütün truppanın müşayiəti ilə, ilahi gözəlliyə malik xanım Atenais de Montespan çıxış edəcək... İndi isə, kann-kan...

 

Yarıqaranlıqda Ayişənin yanında Qasımbəyov peyda olur.

 

Qasımbəyov. Konferansyenin nə dediyini eşitdinizmi? Bu avara – Seymurun dostudur. Bir yerdə əyyaşlıq edirlər, bir-birinə bayağı lətifələr danışırlar. Bir-iki həftə əvvəl restorana getmişdim, təsadüfən Seymurun ona dediyi sözləri eşitdim. Deyirdi ki, mən gəmi tərsanəsi ilə evlənmişəm. Onun da ən qiymətli hissələri metaldır, ağacdır, bir az da duzlu su. Əlbəttə, bu bir zarafatdır, lakin mənə çox pis təsir etdi. Gəlin gedək, sizin belə gec burada qalmağınız məsləhət deyil. Sizi görə bilərlər.

 

Ayişə cavab vermir. Qasımbəyov ehmalca əlini onun çiyninə qoyur.

 

Qasımbəyov. Bütün vücudunuz əsir! Özünüzü ələ alın. Görərsiniz, zaman hər şeyi yoluna qoyacaq. Üzr istəyirəm, nə dediniz?

Ayişə. Mən ölmək istəyirəm!

Qasımbəyov. Sizi burada kiminsə görməsi yaxşı deyil­dir. Gedək.

 

Nəvazişlə onun çiyinlərindən tutaraq qapıdan çıxarır.

Böyük bir gəminin üst göyərtəsi. Zəngin libaslı sərnişinlər. Çempanski durbinlə ətrafı seyr edir. Masalardan birinin arxasında çətirin altında Şvedenkley və Seymur əyləşmişlər.

 

Çempanski (çığırır). Timsah! Timsah!

Şvedenkley. Delfindir. İcazənizlə deməliyəm ki, bu, delfindir. Sizin, cənab Çempanski, bir zooparkın yaradıcısı kimi bunu bilməyiniz, hər halda, faydalı olar ki, Aralıq dənizində timsahlar yaşamır.

Çempanski (deyinir). Nəzərinizə çatdırım ki, möhtərəm cənab, mən zoopark direktoruyam, akvarium yox. Sonrası da, bütün üzən heyvanların fərqini bilmək nəcabətli bir zadəgan üçün heç də məcburi deyil.

Şvedenkley. Üzr istəyirəm, əfv edin. Çox ola bilsin ki, mənim bu tərəflərə gəlmədiyim müddətdə bu yerlərdə timsahlar peyda olub.

 

Masanın yanına qayıdır.

 

Şvedenkley. Dünən axşam Pireydə mənə yunan qəzetləri gətirmişdilər. Ötən on gün ərzində Avropada mühüm hadisələr baş verib. Avstriya-Macarıstan Serbiyanı və Bosniyanı zorla özünə ilhaq edib. Buna cavab olaraq, bütün slavyan xalqlarının müdafiəçisi və himayədarı kimi, Rusiya ümumi səfərbərlik elan edib. Fransa da onu dəstəkləyib.

Seymur. Bu o deməkdir ki, ehtiyada olan zabit kimi, mən geri qayıtmalıyam.

Şvedenkley. Tələsməyin. Almaniya kansleri səfərbərliyi hədə kimi dəyərləndirib və bununla bağlı Rusiya imperatoruna etirazını bildirib. Səfərbərlik müvəqqəti dayandırılıb.

Seymur. Bu mənim heç xoşuma gəlmədi. Kanslerin tələbi ilə səfərbərliyin dayandırılması imperiyanın ləyaqə­tinin alçalması təsiri bağışlayır.

Şvedenkley. Ola bilər. Lakin hər şeydən öncə, bu, real qüvvələrin imkanlarını etiraf etməkdir. Rus ordusu koman­danlığın nadanlığı və xəzinə oğurluğu nəticəsində döyüş qabiliyyətini itirmişdir. Hökumət əleyhinə işləyən cürbəcür təbliğatçılar və təşviqatçılar ölkəni daxildən didib parçalayır. Şərəfsiz məmurlar, iradəsiz, satqın ziyalılar. Bu faktlar sizin    itaətkar bəndənizin şəxsi müşahidələri ilə üst-üstə düşür. Bir sözlə, Rusiya zəifdir və Almaniya kimi qüdrətli rəqiblə müharibəyə hazır deyil.

Seymur. Bu, qətiyyən belə deyil! Məncə, siz səhv edirsiz, cənab Şvedenkley.

Şvedenkley. Bağışlayın! Bizim müsahibəmiz bir qədər ritorik xarakter aldığından, gəlin, onu saxlayaq. Lakin inanın mənə, müharibə labüddür.

Seymur. Bax, onda aydın olacaq ki, kim qalib gəlir.

Çempanski. Gəlib çatdıq. Ancaq qəribədir, buradan ehramlar heç durbinlə də görsənmir. Başqa binalar ovuc içindəki kimi görünür, ehramlar isə gözə dəymir. Siz isə, cənab Şvedenkley, deyirdiz ki, Misirdə ən uca tikililər ehramlardır.

Şvedenkley (gəminin kənarına yaxınlaşır). Görünür, mən yanılmışam... Sarı bayraqlar. Bu, epidemiya deməkdir.

Gəmi kapitanı. Cənablar! Sizə bəd bir xəbəri çatdırmalıyam. Misirdə vəba epidemiyası tüğyan edir, karantin elan olunub. Sahilə çıxmaq qadağandır. Gəmiyə adi marşrutla qayıtmaq əmri verilib. Bütün sərnişinlərdən üzr istəyirəm.

Çempanski. Çox qəribədir, elə deyilmi? Biz birinci dərəcənin sərnişinləriyik, ancaq az qala gəminin anbarında gedən digər sərnişinlər kimi, bizə də sahilə enməyə icazə vermirlər.

Şvedenkley. Bu – siniflərin ümumi bərabərliyinə bariz nümunədir.

Seymur. Vəba önündə bərabərlik.

Şvedenkley. Bir neçə saatdan sonra biz Pireyə qayıdacağıq və orada ayrılacağıq. Nə qədər kədərli olsa da, yəqin ki, həmişəlik ayrılacağıq.

Seymur. Mən sizi Bakıya qayıtmaq üçün dilə tutmaq istəmirəm. Çünki orada sizi casus maniyasına düçar olmuş rotmistr Qasımbəyov səbirsizliklə gözləyir.

Şvedenkley (gülümsünür). Görünür, Pireydə biz uzun müddətə, bəlkə də həmişəlik vidalaşmalı olacağıq. Buna görə də ədalət naminə deməliyəm ki, bu rotmistr öz xidməti vəzifələrini bacarıqla yerinə yetirir və köhnə hərbçi kimi, bu məndə ona qarşı, azacıq da olsa, ehtiram oyadır. Sizin səyiniz olmasaydı, indi mən burada yox, zindan kamerasında, dəmir barmaqlıqlar arxasında çürüyərdim. Bu yaxşılığınızın əvəzini,  təəssüf ki, heç vaxt qaytara bilməyəcəyəm. Olduqca ciddi və təhlükəli rəqibin pəncəsindən qurtulmağım əsl dost əli ilə baş tutmuş bir möcüzədir.

Seymur. Rica edirəm, bircə dəqiqə... Qasımbəyov sizin əllərinizə qandal vurdu, sizi alman casusu adlandırdı. Siz isə nəinki özünüzü təhqir olunmuş saymırsınız, hətta üstəlik də belə hesab edirsiniz ki, o öz vəzifələrinin öhdəsindən yaxşı gəlir?

Şvedenkley (gülümsünür). Açıq danışmaq mənim nə məziyyətlərim, nə də qüsurlarım sırasına daxil deyil. Ancaq indi mən açıq danışmağı özümə rəva görə bilərəm. Hər şeydən öncə, gəlin terminləri dəqiqləşdirək. Mənim fikrimcə, casus hər hansı bir vicdanlı, bəli, məhz vicdanlı vətəndaşdır ki, qonaq olduğu ölkənin xüsusiyyətləri ilə tanış olduqdan sonra əldə etdiyi yeni bilgilərdən və müşahidələrdən gələcəkdə öz dövlətinin xeyri üçün istifadə edir. Bu, dünya elminin və sənayenin inkişafına kömək edir, siyasətə fayda gətirir.

Seymur. Lakin indiyədək heç kəs, məsələn, Marko Polonu casus adlandırmayıb, hərçənd o, sizin dediyiniz yaxşı müşahidə qabiliyyətinə malik vicdanlı vətəndaş roluna ideal surətdə uyğun gəlir.

Şvedenkley. Əsas məsələ terminlərdədir. Mahiyyət etibarilə, o, şübhəsiz ki, casus olmuşdur, lakin həvəskar casus olmuşdur. Peşəkar casuslar isə o kəslərdir ki, öz istəyi ilə sə-yahət etmir, hansı ölkəyə getməyi ona əmr edirlərsə, oraya da yollanır. Bu, yalnız çoxlarının içərisindən seçilmiş şəxslərin şərəfli borcudur. Məhz buna görə də mən cənab Qasım­bəyovun mənim barəmdə irəli sürdüyü iddiaları təhqiramiz saymıram.

Seymur. Bu o deməkdir ki, ... Deməli, Qasımbəyov haqlı imiş?

Çempanski. Nə? Qasımbəyov dediniz? Son dərəcə yaxşı müşahidə qabiliyyətinə  malik adamdır. Eşitdiniz də, o gün həmin o yaltaq Raf  Lənkəranskini necə gözəl ifşa elədi. Həqiqətən də o farmazonun biridir... Cənablar, nədənsə qanınız qaraldı. Allah qoysa, Misirə hələ səfər edəcəyik... Hər pis işin bir yaxşı tərəfi də var. Tezliklə bizimçün bir fil,  bir cüt də şir gətirəcəklər. Belə olan surətdə mənim Bakıda olmağım yerinə düşər. Bu məsələ ortaya çıxmasaydı, mən məmnu­niyyətlə Frankfurta yollanardım.

Seymur (biganə halda). Orada dostlarınız var?

 Çempanski. Bəli, var. Orada mən qraf Leşşinski ilə görüşərdim. Sizə onun barəsində danışmışam gərək ki...

Seymur. Soyadını eşitmişəm...

Çempanski. Dostumdur. Çox nüfuzlu adamdır. Mən sizin şəhərə də elə onun Bakı general-qubernatoruna zəmanət məktubu ilə gəlmişəm. Onlar çoxdan bəri dost, həm də şərikdirlər. Frankfurtda, Roznanda, Lyejdə toxuculuq manufakturaları var.

Seymur. Heç ağlıma da gəlməzdi ki, cənab Martınovun toxuculuqdan başı çıxır.

Çempanski. Nəyinə gərəkdir? Toxuculuqdan qraf Leş­şinskinin işlər müdirinin başı çıxır, bəsdir. Onların işi maya qoyub gəlir götürməkdir.

Şvedenkley. Ağıllı adamdır. Rusiyada çox tezliklə vəziyyət pisləşəcək, mənə inana bilərsiniz. Xeyirxah məslə­hətimə qulaq asın. Atanızı razı salın ki, bütün kapitalını xaricə, məsələn, İsveçrəyə köçürsün, elə özünüz də köçüb gedin.

Seymur. Cənab Şvedenkley, doğrudanmı siz düşü­nürsünüz ki, mənim ölkəmdə, sizin iddia etdiyiniz kimi, çətin bir dövr başlansa, zadəgan və zabit olan mən Vətənimi atıb gedə bilərəm? Görünür, barəmdə belə düşünməyə mən nəsə bir əsas vermişəm.

Çempanski. Afərin, əsl zadəgana layiq mərdanə söz­lərdir! Bunun şərəfinə mütləq badə qaldırmaq lazımdır. Qarson, şampan gətirin! İki şüşə! Mənim hesabıma.

 

Gecədir. Faytonun yaxınlaşması eşidilir. Seymur fayton­çunun müşayiəti ilə öz evinin qapısına yaxınlaşır. Qaz lampası tutqun işıq saçır. Seymur faytonçunun pulunu verir. Qapının döyülməsinə  evdə heç kəs cavab vermir.

 

Seymur (ucadan). Qulam! Zibeydə! Tənbəl uşağı tənbəllər! Ölü kimi yatırlar. (Ciblərini qurdalayıb açarı tapır və qapını açır. İkinci mərtəbəyə qalxır. Bu zaman yataq otağının qapısı arxasından pıçıltı eşidir. Qapını açır, Qasımbəyovla arvadını görür. Qasımbəyov, əynində xalat, taxtın üstündə əyləşib. Seymur qapıda donub qalır).

Seymur. Gözlərimə inana bilmirəm!

Qasımbəyov (yerindən sıçrayır). Gəl bura, danışaq.

Seymur. Hə, əsl vaxtdır. (Qasımbəyovun divanın üstünə necə gəldi atılmış pal-paltarına baxır, onun silah asılan aşırma qayışını götürür. Tapançanı qoburundan çıxarıb çaxmağı çəkir).

Qasımbəyov. Ehtiyatlı ol! Doludur. Siz nə edirsiniz? Tapançanı qoyun yerinə. Siz axı əsl zadəgansınız, silahsız adamı öldürə bilməzsiz... Mən sizinlə atışmağa hazıram. Nə vaxt desəz. Azı Siz namuslu adamsız.

Seymur (istehza ilə qımışıb tapançanı Qasımbəyova tuşlayır). Mən namuslu adam sayılırdım, cənab rotmistr – sizi öz yataq otağımda görənədək! Axı özünüz demişdiniz ki, padşahın fərmanı ilə duel yasaq edilib! (Atəş açır).

 

Qanına bulaşmış Qasımbəyov pəncərəyə tərəf qaçır. Əlləri əsə-əsə çətinliklə pəncərə taxtalarını itələyib açır.

 

Qasımbəyov. Kömək edin! Öldürürlər!

Seymur. Təəssüf ki, hətta sənin kimisini də cəmi bircə dəfə öldürmək mümkündür. (Ona bir neçə dəfə atəş açır).

 

Qasımbəyovun cəsədi pəncərədən aşıb yerə çırpılır. Seymur dönüb arvadına baxır.

 

Ayişə. Məni də öldür. Yalvarıram, öldür.

Seymur (Paltarını onun üstünə atır). Get öz otağına. İndi buraya adamlar tökülüşüb gələcək. Sən heç nə eşitməmisən, heç nə görməmisən! Sonuncu dəfə bizim üçün edə biləcəyin yalnız bu ola bilər.

Ayişə. Mən sənin günahın ucbatından çirkaba batdım. Səni görüm lənətə gələsən! (Gedir).

Səs (pəncərə arxasından). Adam öldürüblər!

Seymur (pəncərəyə yaxınlaşır). Kimsən?

Haykaz. Sizsizmi, ağa! Allaha şükr, özünüz evdəsiniz. Mənəm, dalandar Haykaz. Səs-küyə çıxdım, bir də gördüm ki, pəncərədən kimsə gumbultu ilə gəldi yerə. Az qala başıma düşəcəkdi. İndi buradadır. Ölüb, özü də xalatda.

Seymur (pəncərədən Qasımbyovun par-paltarını tul­layır). Geyindir onu. Qulamı da çağır, sənə kömək eləsin.

 

Seymur fikirli halda otaqda gəzişir. Qulam gəlir.

 

Qulam. Şükr Allaha, sağ-salamatsınız, ağa! Həmişə evdə-eşikdə!

Seymur. Sən niyə evdə yox idin?

Qulam. Xanım dünən axşamdan nökər-qulluqçuların hamısını buraxıb dedi ki, sabahacan ona heç birimiz lazım de-yilik... Qasımbəyovun meyidi orda - aşağıdadır.  

Seymur. Geyindirdiniz onu?

Qulam. Bəli, ağa, mundirini də, çəkmələrini də, necə lazımdır. İndi əməlli-başlı görünür, tfu-tfu, göz dəyməsin.

Seymur. Onda, tez elə, get polisə xəbər ver ki, Qasım­bəyovu öldürüblər.

Qulam. Soruşacaqlar, kim öldürüb?...

Seymur. Deyərsən, Seymur bəy.

Qulam. Sizin barənizdə belə şey deməyə dilim gəlməz (hönkürtü ilə ağlayır). Qaçım Şahlar bəyin yanına, yaxşısını o bilər, nə etmək lazımdır.

Seymur. Sən heç yerə getməyəcəksən. Otur burda. (Pəncərəyə yaxınlaşır). Haykaz! Neynirsən orda?

Haykaz. A bəy, raxmatliyin çəkməsinin biri palçığa batıb, onu təmizləyirəm.

Seymur. Tez qaç polisə de ki, rotmistr Qasımbəyovun meyiti həyətimizdədir.

Qulam. Ağa, nəyə görə polisə deməliyik ki, onu siz öldürmüsüz?

Seymur. Bəs nə deyək? Bu rotmistr intihar edənə oxşamır axı...

Qulam. Siz bizim camaata bələdsiz, hər şeydən sonra söz eləyirlər. Sorğu-sual başlanacaq, nə vaxt öldürüb, niyə öldürüb? Siz axı Şahlar bəyin oğlusunuz. İcazə verin, deyim ki, cənab Qasımbəyovu mən öldürmüşəm.

Seymur. Qulam, səni zindana salarlar, Sibirə göndə­rərlər.

Qulam. Göndərsinlər də, ağa. Mən subay adamam, ailə-uşaq dərdi də çəkmirəm. Mağıl gedib Sibiri də görərəm.

Seymur. Sibirə mənim yanıma gələrsən. Ancaq bu səmimi sözlərinə görə sağ ol.

 

İki polis gəlir. Qapının kandarında dayanırlar.

 

Seymur. Sizi ona görə çağırtmışam ki, jandarm rotmistri cənab Qasımbəyovun qətlə yetirildiyini xəbər verim. Onu mən öldürmüşəm. Meyidi də həyətdədir.

Polsilər. Gördük, cənab Seymur bəy. Ona görə də Sizi həbs etməliyik.

Qulam. Belə işlərdə tələsmək nəyə lazım?! Ziyanınıza olar. Mənim məsləhətim budur ki, hələlik Siz rotmsitrin meyidini aparın, sabah tezdən bir də gələrsiniz.

Polis (təkrar edir). Bu, qətldir, cənab Seymur bəy, Siz bizimlə getməlisiz.

 

Hamısı gedirlər.

 

General-qubernator xanımı ilə.

 

Yavər. Cənab hakimlə cənab prokuror gəlmişlər.

Nina Vladimirovna. Mən qalıram.

Martınov. Buyursunlar.

 

Hakimlə prokuror daxil olurlar.

 

Martınov. Cənablar, mənə məlumat verdilər ki, rotmitsr Qasımbəyovun qətli işinə bu günlərdə məhkəmədə baxılacaq. Buna görə də sizi məsləhətləşməkçün dəvət etmişəm. Bu, qeyri-adi işdir, ona görə də xüsusi diqqət tələb edir. Cənablar,  Şahlar bəy Mehmandarov şəhərimizin ən hörmətli ağsaq­qallarından biridir. O öz yeganə oğluna və varisinə qərəzli münasibət bəslənilməyəcəyinə arxayın olmalıdır. Sizin  fikri­nizi bilmək istərdim, cənab prokuror.

 

Prokuror ayağa qalxmaq istəyir, ancaq Martınov qoymur.

 

Prokuror. Zati-aliləri, uzunillik təcrübəmdə ilk dəfədir ki, müttəhimin özünü bu dərəcədə qəribə apardığını görürəm. İstintaq nəticəsində dəqiq müəyyən edilmişdir ki, gözlənil­mədən, yəni səfərdə olduğuna görə, cənab Mehmandarov gecə saat ikidə Bakıya qayıdıb, üçün yarısında öz evinə çatıb və arvadını rotmistr Qasımbəyovla bir yerdə tutub. Ehtimal edilir ki, rotmitsrlə cənab Mehmandarovun arvadı həmin gecə zinakarlıq etmişlər. Cənab Mehmandarov da rotmitsrə məxsus tapançadan bir neçə dəfə atəş açmaqla onu qətlə yetirmiş,   sonra meyidi geyindirməyi əmr etmişdir. Paltarlarda bircə dənə belə güllə yeri aşkar edilməmişdir. İşin bütün hallarını nəzərə aldıqda, qanuna müvafiq olaraq, aldadılmış ərin öz evində bu cür davranışı yolverilən və cəzalandırılmayan bir hərəkət sayılır. Və cənab Mehmandarov bəlkə də indi azadlıqda olardı, bəzi aşkar faktları inkar etməsəydi... Cənab Mehmandarov bütün dəlil-sübutlara baxmayaraq, iddia edir ki, qətl baş verən gün onun arvadı başqa yerdə, daha konkret desək, öz atası cənab Yüzbaşovun evində  olub. Cənab Mehmandarovun dediyinə görə, rotmistri guya ona görə qətlə yetirmişdir ki, bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, Qasımbəyov qumar oyunu zamanı dələduzluq edirmiş, kart basırmış. Əgər hadisə cənab Mehmandarovun təsvir etdiyi kimi olsaydı, o, xüsusilə ağır cinayət törətmiş sayılardı və ona azı iyirmi beş il katorqa cəzası kəsilərdi. Hələ Mehmandarov Allaha dua etməli olardı ki, ölkədə ölüm cəzası ləğv edilib.

Martınov. Siz ki, cənab Mehmandarova inanmırsız.

Prokuror. Özünüz bir fikir verin, zati-aliləri! Səfərdən qayıtdıqdan sonra Seymur bəy öz evində cəmi bir neçə dəqiqə olub. Belə çıxır ki, bu müddət ərzində o, kart oynamağa da macal tapıb, hələ üstəlik, rotmistri  onun öz tapançasından qətlə də yetirib. Özü də elə məharətlə atəş açıb ki, güllələr pen-cəyi və köynəyi deşmədən birbaşa rotmistrin bədəninə sancılıb. Bu cəfəngiyyat ədalət məhkəməsini məsxərəyə qoymaq kimi də qiymətləndirilə bilər.

Nina Vladimirovna. Bəs onun arvadı ilə danışma­mısınız?

Müstəntiq. O, görüşməkdən imtina etdi. İş material­larında ərinin tam etirafı var ikən, həmin qadını mənimlə gö-rüşməyə məcbur etmək üçünsə istintaqın heç bir qanuni əsası yoxdur.

Nina Vladimirovna. Cənablar, sizin hamınıza aydındır ki, cənab Mehmandarov arvadının rüsvayçılığını ört-basdır etməkdən ötrü qəsdən özünü pis vəziyyətdə qoyur. Bu namuslu cavan hələ də öz ailəsinin şərəfini qorumaq istəyir və onun deyib-deməməsindən asılı olmayaraq, ona kömək etmək bizim borcumuzdur.

Prokuror. Zati-aliləri, əgər o, həmin vaxt arvadını da öldürsəydi, iş indi bağlanmışdı.

Nina Vladimirovna. Əlbəttə... Əslinə baxsan, gərək o ləçəri elə yerindəcə güllələyəydi. Məqam da əlverişli idi, heç kəs Seymur bəyi qınamazdı – namus üstə öldürüb, vəssalam. Ancaq nə etməli, olan olub, keçən keçib.

Martınov. Bir sözlə, cənablar, kömək etmək lazımdır. Göndərin onu Bayıl həbsxanasına, orada bir neçə rahat otaq var. Gəzintiyə də meyvə bağına çıxararlar. Cəzaçəkmə müddəti uzaqbaşı üç-dörd il olsun, bundan artıq yox. Elə ilk çar amnistiyası olanda biz onun həbsdən azad edilməsi qayğısına qalarıq.

Hakim. Zati aliləri, onda bir məsləhət verin, andlı iclasçıların gözü qarşısında mən bunu necə edə bilərəm?

Martınov. Andlı iclasçıları etibarlı adamlar cərgəsindən seçin. Hərəsi ilə ayrı-ayrılıqda ata-bala kimi söhbət edin... Nə bilim... Elə sizi ona görə çağırmışam ki, siz hüquqşünassız. İşi nə sayaq düzüb-qoşmağı özünüz yaxşı bilərsiz. Axı, Allah şahiddir, elə sizə də məlumdur ki, Mehmandarov günahsızdır. İşi sizin necə qələmə verəcəyinizdən çox şey asılıdır.

 

Geniş həbsxana kamerası. Çarpayı, yanında stullar olan masa, iki kreslo. Həbsxana komendantı ilə Seymur.

 

Komendant. Gündüzlər qaranlıq düşənəcən siz bağda gəzə bilərsiz. Verdiyiniz siyahıya əsasən, yanınıza gələnləri maneəsiz içəri buraxacaqlar. Siyahını mənə verin. (Seymurdan alıb oxuyur). Şahlar bəy – aydındır, bu sizin möhtərəm atanızdır. Peter Omre – əlbəttə ki, tanıyıram. Qulam Nəbiyev. Bağışlayın, bəs bu kimdir?

Seymur. Qulam?.. Köhnə dostumdur.

Komendant. Elə-belə də yazarıq. Bütün günü, bəy, dostlarınızın biri gedir, o biri gəlir, Sizinlə görüşmək istəyirlər. Buraxaqmı?

Seymur. Bura həbsxanadır, yoxsa pansionat? Mən heç kəsi görmək istəmirəm.

Komendant. Lap yaxşı, mümkündür.

Seymur. Buralarda kitab tapmaq olar?

Komendant. Sizin üçün bizdə hər şey tapılar. Xanım Çarskayanın əsərləri də varımızıdır. Mən özüm bu yaxınlarda onun təzə romanını oxudum: «Gizli məhəbbət faciəsi». O qədər təsirli idi ki, gözlərim yaşardı. Özü də iş vaxtı. Gətirsinlər?

Seymur. Sağ olun, gərək deyil. Deyərəm, evdən bir şey göndərərlər.

Komendant. Kitabxananı bizim idarəyə sizin atanız bağışlayıb. Hələ üstəlik böyük bir hamam da tikdirib. Əvvəllər dustaqları əli qandallı sıraya düzüb, həftədə bir dəfə şəhərin bu başından o başına hamama aparardıq. İndi isə elə burada – həbsxananın həyətində iki yüz nəfərlik hamam var. Sabun, kisə, ləyən, başqa ləvazimat işlənib sıradan çıxdıqca, sizin möhtərəm atanızın səxavətindən, onları bizə tez-tez göndərirlər. Lazaretimizçün dava-dərmanın da xərcini bəy həzrətləri çəkir. Çox yaxşı insandır. Sizə bir şey lazım olsa, növbə çəkən mühafizəçini dərhal dalımca göndərin. Kameranı bəyəndinizmi? Adətən, burada altı dustaq yerləşdirirk.

 

Komendant gedir. Dəmir qapı örtülür. Seymur başını əlləri içinə alaraq kresloda əyləşib. Mühafizəçi Şahlar bəyi kameraya gətirir, onunçün kreslo çəkib əyləşdirir. Sonra gedir.

 

Şahlar bəy. Görəcək günlərimiz varmış!

Seymur. Bağışla, ata. Qarşında çox günahkaram.

Şahlar bəy. Sən hər şeyi düz eləmisən. Ailənin namu­sunu qorumusan. Əslində hər şeyin təqsirkarı mənəm. Bunu heç vaxt özümə bağışlamayacağam. Çünki bu izdivac mənim səhvim idi. O qızı sənə mən caladım. Əfi ilanı sənin evinə mən səfeh gətirib saldım. Sən özünü heç nədə günahlandırma. Bu, bir bədbəxtlikdir. Hamının başına gələ bilər. Neyləyək, bəxtin gətirmədi.

 

Seymur nə isə demək istəyir, lakin əlini ümidsiz halda yelləməklə kifayətlənir.

 

Mühafizəçi (qapıda görünür). Gənab Peter Omre gəlib. Deyim gözləsin?

Şahlar bəy. Lap yaxşı, qoy gəlsin. Mən gedim evə, bir az dincəlim (Seymuru qucaqlayır). Özündən muğayat ol! (Gedir).

 

Peter gəlir.

 

Peter. Bu nədir, deyəsən, ruh düşkünlüyünə qapılmısan?

Seymur. İstəyirsən ruh düşgülüyü de, istəyirsən qəm dəryası... Tam səmimiyyətlə deyirəm, ömrümdə təsəvvür edə bilməzdim ki, insan bu dərəcədə ümidsizliyə dücar olarmış. Bircə şeyi başa düşə bilmirəm, necə oldu ki, özüm öz əlimlə evimi yıxdım. Heç bilirsən necə xoşbəxt idim! Ancaq qədrini bilmədim. Məni elə bir məhəbbətlə sevən qadını uçuruma sürüklədim. Öz əlimlə hər şeyi dağıtdım.

Peter. Keçənə güzəşt deyərlər. Zaman hər yaranı sağal­dır. Hələ sənin həyatın irəlidədir.

 

Seymurun kamerası. Şahlar bəylə Peter gəlir.

 

Şahlar bəy. Çox pis xəbərlə gəlmişəm. Sənin vəkilin məhkəməyə apellyasiya şikayəti verib. Hakim elə həminkidir – sənə beş il kəsən. O dəfə sənə xüsusi rəğbətlə yanaşırdı. Buna görə də mən ümid edirdim ki, burada keçirdiyin üç ili yetərli cəza hesab edib, səni azadlığa buraxarlar. Amma... sən saydığını say, gör fələk nə sayır. Qəzetlər haradansa iyləyib xəbər tutublar, möhkəm hay-küy qaldırıblar. O Raf Lənkə-ranski lap dəridən-qabıqdan çıxır. Heç qubernatorun müdaxiləsi də kömək etmədi. İndi dövran dəyişib, hamı mətbuatdan çəkinir. Ancaq buna baxmayaraq, hələ ümid var: hakim apellyasiya şikayətini rədd etməyib. Söz verir ki, təxminən yarım ildən sonra sənin işinə təzədən qayıdacaq. Neyləyək, gözləməkdən başqa çarəmiz yoxdur.

Seymur. Hər şeyi ürəyinə salma. Məndən ötrü də narahat olma. Burada keçirdiyim bu üç ildə mən çox dəyişmişəm. Əvvəllər mənə elə gəlirdi ki, günlər çox ləng keçir. Oturub hər gün yenilik gözləyirdim. Amma indi hər şeyə çox biganəyəm. Buradan çıxmağa qətiyyən tələsmirəm. Çox qəribə bir hissdir.

Şahlar bəy. Aydın məsələdir, hələ yaraların tam qaysaqlanmayıb. Allahın  köməyi ilə keçib gedər. Gəldim sənə deyim ki, iki-üç həftəliyə İstanbula gedirəm. Bakıda vəziyyət çox pisləşib, qarışıqlıqdır. Bütün Avropa döyüş – çaxnaşma içindədir. İstanbul yeganə sakit guşədir. Buna görə də mən öz kapitalımın bir hissəsini İstanbul bankına köçürürəm. Sonra özüm də ora gedəcəyəm. Bakıda olmadığım müddətdə bütün işləri Peter idarə edəcək. Özündən muğayat ol. Tez qayıdacağam.

Seymur. Zindanda mənə nə olasıdır? Tez qayıt gəl. Fikrim hər dəqiqə sənin yanındadır. (Atasını qucaqlayıb vidalaşır). Gözləyirəm səni! (Şahlar bəy getdikdən sonra). Atam yaman qocalıb. Özü də yəqin ki, mənim ucbatımdan.

Peter. Cünahkar zəmanədir, dostum. Elə bilirsən, biz qocalmırıq?

Seymur. Yaxşısı budur, danış görək, təzə nə var, nə yox?

Peter. Hər gün tətildir, hər gün mitinq. Adları heç kimə tanış olmayan bir neçə partiya fəal iş aparır. Həmin partiyaların başında duranların hamısı iddia edir ki, binəsib xalqa yalnız o və onun ardıcılları xoşbəxt həyat bəxş etmək iqtidarındadırlar.

Seymur. Demokratik dövlətə gedən yol belə olmalıdır. Başqa üsul yoxdur (Cibindən bir məktub çıxarır). Qasım­bəyovun məktubudur. Bunu sənə göstərməmişəm? Oxu.

Peter (oxuyur). İndi mənə çox şey aydın olur. Hər halda, mərhum cənab Qasımbəyov tükənməz fantaziyası olan bir əclaf imiş. Bu məktubu haradan tapmısan?

Seymur. Qulam onu Ayişənin qulluqçusundan yalvarıb alıb.

Peter. Yəqin atan sənə Yüzbaşovun getməyini deyib?

Seymur. Bu üç ildə atamla mən onun adını bircə dəfə də çəkməmişik.

Peter. Bakıda bütün əmlakını satıb, qızını da götürüb həmişəlik köçüb Venesiyaya. Cənubi Amerikaya. Deyirlər, orada da neft tapılıb.

Seymur. Mən isə ona Venesiyanı göstərməyi vəd et­mişdim.

 

Seymurun kamerası. Gecədir. Seymur yatır. Güllə səslərinə gözünü açır. Sonra təzədən yuxuya gedir.

Seymurun kamerası. İki nəfər həbsxana mühafizəçisi gəlir. Kameraya dəmir çarpayı, yataq şeyləri daşımağa başlayırlar.

 

Seymur. Cənab komendant deyib ki, məndən savayı bu kameraya başqa dustaq gətirməyəcəklər.

Mühafizəçi. Bizə əmr ediblər, biz də gətiririk. Əl-ayağa dolaşma.

Seymur. Xahiş edirəm komendantı çağırın.

Mühafizəçi. Haradan çağıraq? O dünyadan? Komendant-zad yoxdur, gəbərdi. Sənin kef eləməyin qurtardı.

 

Həbsxana. Müstəntiq Avtarxanovun kabineti. Qarşı­sındakı masanın üstündə bir qalaq qəzet var. Mühafizəçilər döyülüb-əzilmiş, yazıq-yazıq inildəyn Lənkəranskini gətirirlər (onu stulda otuzdurmağa çalışırlar).

 

Lənkəranski. Otura bilmirəm. Büzdümüm sınıb.

Avtarxanov. Yenə inad edirsən? 

Lənkəranski. Cənab müstəntiq, məni fasiləsiz döyüblər. Həm yumruqla, həm təpiklə, həm də dəyənəklə.

Avtarxanov. Əvvəla, mənə «vətəndaş» deyə müraciət edin, «vətəndaş müstəntiq». Sonrası. Necə yəni fasiləsiz? (mühafizəçilərə sarı dönüb soruşur). Yəni nahara da get­məmisiz?

Mühafizəçi. Elə şey olar, yoldaş Avtarxanov?! Əlbəttə, getmişik. Üstəlik, hərəmiz də on dəqiqə-on dəqiqə papiros çəkməyə çıxmışıq.

Müstəntiq. Bax, görürsünüzmü, vətəndaş Lənkəranski, siz şişirdirsiz. Sizin sakit şəraitdə oturub sərbəst düşünməyə əməlli-başlı imkanınız olub. Nahaq yerə inadkarlıq edirsiniz. Mən sizin qəzetin bütün saylarını diqqətlə gözdən keçirdim. Qəribə mənzərə alınır. Siz az qala açıq-açığına mütləqiyyət quruluşu əleyhinə çıxış etmiş, kapitalistləri söymüş, məmurları tənqid etmiş, zəhmətkeş xalqı fəhlə sinfinin qanını soranlara qarşı çıxmağa çağırmısınız. Bax, elə buradan da belə bir sual doğur: bütün bunları nəyə görə edirdiz?

Lənkəranski. Məgər aydın deyil? Mən bütün varlığımla bu həyasız, lovğa plutokratların əleyhinəyəm. Faktik olaraq, mən də, qəzetim də sizin tərəfinizdə olmuşuq.

Avtarxanov. Və əlbəttə ki, siz fəhlə-kəndli hakimiy­yətinin bərqərar olmasını istəmisiz?

Lənkəranski. Bəli-bəli, elədir ki var.

Avtarxanov. Bax, bu yerdə məndə ikinci bir sual doğur. Çox mürəkkəb sualdır: nə səbəbə vətəndaş Lənkəranskidə fəhlə sinfini istismar edənlərin hakimiyyətinə son qoymaq kimi bu cür qəribə bir arzu yaranmışdı? Bunu sizdən kim xahiş edirdi? Siz bolşevik yaxud menşevik partiyalarının üzvü idiz? Xeyr. Şəxsi mülkünür varmı? Var. Qəzetin sahibi kim idi? Lənkəranski özü. Aldığınız aylıq məvacib bir fəhlənin il ərzində aldığı maaşdan çox idi. Alırdınız?

Lənkəranski (inildəyir). Alırdım.

Avtarxanov. Belə... Davam etdirək. Gəlirləriniz böyük olsa da, əməkdaşlarınıza qəpik-quruş ödəmisiz, eləmi? Mən hər şeyi yoxlatdırmışam. Məqalə və oçerk müəlliflərinə qonorar verməmisiz. Əvəzinə məccanı tərifləmisiz. Düzmü deyirəm? Belə çıxır ki, vətəndaş Lənkəranski elə özü zəhmətkeş xalqı vicdansızcasına istismar edənlərdən biri olmuşdur. Birdən-birə də özününkülərə qarşı çıxır! Onun belə qəribə davranışını nə ilə izah etmək olar? Bax, onunla izah etmək olar ki, vətəndaş Lənkəranski ingilis işğalçılarının Bakını ələ keçirməsi üçün zəmin hazırlayan təşkilatın üzvü olmuşdur. Bu bizə bəllidir. Vətəndaş Lənkəranski, əlbəttə, bunu bizdən yaxşı bilir, bizdən də əvvəl bilir. Ancaq etiraf etmək istəmir. Bəli, bəli. Boynuna almaq istəmir.

Lənkəranski. Mən dünəndən sizə izah etməkdən yorulmuşam ki, bu, tamamilə cəfəng bir ehtimaldır. Ömrüm boyu mənim bircə nəfər ingilislə tanışlığım olmayıb.

Avtarxanov. Siz əhali arasında narazılıq toxumu səpirdiz. Bu faktı inkar edə bilməzsiz. Bəs onda niyə belə edirdiz?.. Susursuz? Bu saat mən sizə deyim. Bununla siz ingilislərin Bakını tutması üçün zəmin yaradırdız. Deməli, boynunuza almırsız?

Lənkəranski. Boynuma almalı bir şey yoxdur, axı. Nə edim ki, mənə inanasız?!

Avtarxanov. Bəs ingilislərin hərbi dəniz korpusu Bakını zəbt edəndə Siz nə işlə məşğul idiniz?

Lənkəranski. Heç bir işlə məşğul deyildim. Çəkilib evimdə oturmuşdum. Hətta bir dəfə də küçəyə çıxmamışdım. Gözləyirdim ki, onlar nə vaxt Bakıdan gedəcəklər. Bir adam da mənimlə maraqlanıb eləməyib.

Avtarxanov. Hər şey aydındır, Siz çox təcrübəli,       uzaqgörən konspiratorsuz. Amma nahaq inadınızdan dön­mürsüz... deməli, açıq ürəklə hər şeyi boynunuza almaq istəmirsiz? Özünüz bilərsiz. Bizdən deməkdir, yalvarıb eləyən deyilik. (Mühafizəçilərə) İstintaq altında olan bu vətəndaşla işi davam etdirin.

 

Yerindən çətinliklə qalxan Lənkəranskini aparırlar. Dəhlizdən onun çığırtısı eşidilir: «Taxta ilə vurmayın, üstündə mismar var!»

Seymurun kamerası. Mühafizəçilər Lənkəranskini döşə­məyə atıb gedirlər. Seymur onu qaldırıb çarpayıya uzadır.

 

Lənkəranski. Çox sağ olun. İndi mən neyləyim, bir azdan qayıdıb gələcəklər, bütün bədənim sızıldayır.

Seymur. Müstəntiqin yanına aparmışdılar?

Lənkəranski. Bəli. Onun da beynində əcaib bir ideya kök salıb. Elə dediyini deyir. Tələb edir ki, İngiltərənin xeyrinə işləyən təşkilatın üzvü olduğumu boynuma alım.

Seymur. Heç olmazsa, əlində dəlil-sübutu var?

Lənkəranski. Heç bir dəlil-sübutu yoxdur. Ona yalnız mənim etirafım gərəkdir. Deyir ki, təqsirləndirilən şəxsin ifadəsi bütün sübutların şahıdır. Onun sözündən belə çıxır ki,  əgər mən mütləqiyyətə və hakimiyyətdə olanlara qarşı çıxırdımsa, deməli, bununla da İngiltərə qoşunlarının Bakıya girməsinə şərait yaradırdım. Çünki mənim şəxsi faytonum vardı və yüksək məvacib alırdım. Bu, xalis xəstə təfəkkürü, psixopat məntiqidir.

Seymur. Yadıma gəlir, siz, doğrudan da, mövcud quruluşu daim kəskin tənqid edirdiniz.  Düzünü desəm, hətta mənə elə gəlirdi ki, siz sosialist-inqilabçısınız. Ancaq başa düşmürəm, ingilislərin bura nə dəxli var?

Lənkəranski (hönkürtü ilə ağlayır). Mən nə eser olmuşam, nə bolşevik. Ancaq qəlbimin dərinliklərində ətrafdakı insanların hamısına – həyatda uğur qazanan adamlara ucdantutma nifrət etmişəm. O cümlədən sizə də, cənab Mehmandarov. Siz bunu başa düşə bilməzsiz...

Seymur. Əgər mənə olan nifrətin səbəbləri özünüzə aydındırsa, söyləyin, mən anlamağa çalışaram.

Lənkəranski. Lap uşaqlıqdan mən ədalətsizliyin ağır yükünü öz üzərimdə hiss etmişəm. Mənə bir diqqətlə baxın. Allah məni gözəl zahiri görkəmdən də, sağlamlıqdan da anadangəlmə məhrum edib. Elə bil mənə istehza edərək, bu cılız bədənimə iti ağıl və kinli yaddaş bəxş edib. Heç bir günahım olmadığı halda, uğursuzluqlar ömrüm boyu məni təqib edib. Uzun illər paytaxtda çıxan «Vedomosti» qəzetinin müxbiri olmuşam. Ancaq cüzi nöqsanım üzündən məni rüsvayçılıqla oradan qovublar. Heç vaxt dostum olmayıb, tək-tənha bir adamam. Mən özümü hamının nifrət etdiyi gərəksiz adam sayırdım. Buna görə də gözlənilmədən tale üzümə güləndə, mən Bakıda ən nüfuzlu qəzetin sahibi olanda, butulkadan azadlığa buraxılmış cin kimi and içdim ki, həyatı səadət içində keçənlərin hamısından intiqam alacam. Amma... tezliklə başa düşdüm ki, cinin edə biləcəkləri insanın əlindən gəlmir. Bunu anlayanda isə artıq gec idi. Mən, necə deyərlər, lap ağını çıxarmışdım.

 

Mühafizəçilər gəlir.

Mühafizəçi (Lənkəranskiyə). Buna bir bax, gör necə sərələnib. A kişi, bura səninçün kurort-zad deyil. Qalx ayağa!

Seymur. Məhbusu döyməyə sizin ixtiyarınız yoxdur. Bu, özbaşınalıqdır.

Mühafizəçi. Kəs səsini, burjuy oğlu burjuy! Sən get öz hüquqların barədə düşün, sabah sənin dindirilmək növbəndir.

İkinci mühafizəçi (tələsdirir). Gedək. Avtarxanov göz­ləyir.

 

Lənkəranskini aparırlar. Dəhlizdən onun fəryadı eşidilir. «Vay büzdümüm! Büzdümümə vurmayın, sındırmısız, ağ­rıyır.»

 

General-qubernatorun evi. İndi burada hərbi inqilabi qərargah yerləşir. Divardan hərbi geyimli Trotskinin şəkli asıl-mışdır. Otaqda silahlı adamlar, hərbi geyimli kişilər və qadınlar var. Masanın üzərinə cürbəcür şüşələr düzülmüşdür. Trotskinin portreti altında komissar Fioletov əyləşib. O, inqilabçıların əksəriyyəti kimi, dəri gödəkçə, onun altından isə matros köynəyi geyinib. Otaqda olanların hamısı ayaq üstə dayanıb «Beynəlmiləl» oxuyurlar. Hamı əyləşir. Otağa sükut çökür. Qapıda bir baş görünür.

 

Baş. Yoldaş Komissar, burada sənin yanına gəlmək istə­yənlər var: biri qrafdır, o biri mühəndis. Deyirlər ki, bizim başçımızı görmək istəyirlər.

Fioletov. Könüllü gəliblər, yoxsa necə?

Baş (qımışır). Aha, könüllü!

Fioletov. Burax gəlsinlər.

 

Otağa Çempanski ilə Omre daxil olurlar.

 

Çempanski. Cənab proletariat rəhbəri!

Fioletov. Məndən sənə cənab olmaz.

Çempanski. Bəs sizə necə müraciət edək?

Fioletov. O, söhbətimizin sonunda aydın olar. Adım-familim Vasili Fioletovdur. Bəs sən kimsən?

Çempanski. Qraf Aloizi Çempanski.

Fioletov. «Qraf» sənin ləqəbindir?

Çempanski. Üzr istəyirəm, başa düşmədim... Nə dediz?

Fioletov. Taqil türməsində mənimlə bir ev oğrusu yatırdı, onun ləqəbi qraf idi.

Çempanski. Xeyr-xeyr. Mən mənşəcə qrafam. Çem­panski faimiliyası XVI əsrin əvvəllərindən Polşa krallığının Qızıl kitabına daxil edilib.

Fioletov. Bəs, mənim yanıma nəyə gəlmisən? Qraf!..

Çempanski. Sizdən kömək istəməyə gəlmişəm. Məsələ ondadır ki, mən zoopark direktoru kimi gözlərimin önündəcə zooparkımızın fəxri olan filin acından ölməsinə dözə bilmirəm...

Fioletov. Hə, fil yazıqdır. Yaxşı, bəs de görüm o nə ye-yir?

Çempanski. Ot, yerkökü, başqa tərəvəzlər.

Fioletov. Bəs ət, balıq yemir?

Çempanski. Xeyr, yalnız bitkilərlə qidalanır.

Fioletov. Görürsən, heyvan da olsa, şüuru var! Başa düşür ki, zəhmətkeş xalqın dolanışığı çətindir, odur ki, ət-filan istəmir... Kömək edərik sizin filə.

Çempanski. Orada digər çox nadir ekzotik heyvanlar da var. Məsələn, begemotlar, zürafə, kərgədan, hamısı da acdır.

Fioletov. Zoopark indi daha zəhmətkeş xalqa məxsusdur. Məsələn, götürək elə məni. Fəhlə ailəsində doğulmuşam, ömrümdə bircə dəfə də zooparkda olmamışam. Heç vaxt da fil görməmişəm... Kömək edərik!.. Bəs sən kimsən?

Peter. Mənim soyadım Omredir. Peter Omre. Mədən mühəndisiyəm.

Fioletov. Əcnəbisən?

Peter. Norveç mənşəli finəm. Rusiya təbəəsiyəm. Sankt-Peterburq universitetini bitirmişəm. Dostum Seymur Mehmandarovla birlikdə düz altı il cənab Uritskinin rəhbərlik etdiyi marksist dərnəyinin üzvü olmuşuq.

Fioletov. Sən yoldaş Uritski ilə tanışsan?

Peter. Tanışam və elə indi də məktublaşırıq. Sizdən xahiş edirəm, ədalətin bərqərar olmasına kömək edəsiniz. Bayaq adını çəkdiyim dostum Mehmandarov jandarm rotmistrini güllə ilə vurub öldürdüyünə görə həbsdədir. Cinayət işində göstərilir ki, guya o, rotmistri qumar oyununda fırıldaq işlətdiyinə görə öldürüb. Lakin mənə dəqiq bəllidir ki, onların arasında siyasi səciyyəli fikir ixtilafı olmuşdur.

Fioletov. Bərəkallah, oğlan! Neçə güllə vurub ona? Adını necə dedin? Al yaz bura. Özün başa düşürsən də, bizim işimizdə gərək hər şeyi yoxlayasan. Yoldaş Trotski həmişə de-yirdi ki, inanmağına inan, ancaq özün də yoxla. Məsələ sənin dediyin kimi olsa, günü bu gün dostunu azadlığa buraxacağıq. İndi isə gəlin içək görüşümüzün şərəfinə. (Stəkanlara şampan şərabı süzür, oradakıların hamısı içib yüngül qəlyanaltı edirlər). Görürsən, qraf, qabaqlar şampanı sən içərdin, indi isə biz içirik – fəhlə və kəndlilər.

Çempanski. Nuş olsun, lakin pardon, mən heç vaxt şampanın üstündən siyənək balığı yeməmişəm.

Fioletov. Bu bizim öz ağlımıza gəlb. Yaxşı, burada bizim dövlət işlərimiz çoxdur... Siz gedə bilərsiz. (Qapıdan çıxan Çempanski ilə Peterin ardınca). Ey, qraf, gələn dəfə mənə «yoldaş» deyə bilərsən.

 

Həbsxana kamerası. Mühafizəçinin müşayiəti ilə Peter və Qulam gəlirlər.

 

Peter. Sənə iki xəbər gətirmişəm. Biri bəd xəbərdir, o biri şad xəbər. Hansından başlayım, özün seç.

Seymur. Bəd xəbərdən başla.

Peter. Zarafat edirəm. Heç bir bəd xəbər-zad gətir­məmişəm. Ancaq şad xəbərdir. Təbrik edirəm! Həbsxana rəisinə səni azad etmək barədə əmr verilib. Günü bu gündən sən azadsan.

 

İki mühafizəçi sürüyə-sürüyə Lənkəranskini gətirir. Onu döşəyin üstünə atıb gedirlər.

 

Peter (heyrət içində). Kimdir bu? Nə olub ona?

Seymur. Lənkəranskidir. Dindirməkdən gətirirlər. Buradan çıxan kimi gərək onun başına burda nə oyun açdıqlarını lazımi yerlərə xəbər verəm.

Lənkəranski (zarıyır). Gecdir. Mən hər şey boynuma aldım. Buradakı görüş yerlərimizi, gizli təşkilat üzvlərinin adlarını. Londondakı rəhbərlərimin adını dedim... Hamısını yazdım və imzaladım.

Seymur. Londondakı rəhbərləriniz kimdi ki?

Lənkəranski. Admirallığın birinci lordu. Lordun adını unutmuşam, ancaq mənim ifadələrimdə bu ad göstərilib. Avtarxanov özü hər şeyi bilir, mən də ona inanıram. Elə oradaca bizim məxfi görüş yerlərimizin ünvanları, gizli təşkilat üzvlərinin adları, yaşayış yerləri göstərilib. Mən hamısının altından qol çəkdim. Bakı komissarlarını da ingilislərə satdığımı boynuma aldım.

Seymur. Konkret kimləri satmısız?

Lənkəranski. Hamısını. Onların güllələnməsində də istirak etmişəm.

Seymur. İmtina edin o ifadədən. Mən şahidəm ki, sizi buna zorla məcbur ediblər.

Lənkəranski. Ona görə belə arxayın danışırsız ki, sizə kötək dəyməyib. Qətiyyən imtina etmək fikrim yoxdur!

Seymur. Bu, ciddi ittihamdır. Hansı andlılar məhkəməsi olur - olsun, sizi katorqa cəzasına məhkum edəcək.

Lənkəranski (acı-acı gülür). Nə gözəl sözlərdir, andlılar məhkəməsi, katorqa... Sən nə danışırsan, məni məhkəməsiz-filansız elə burda, zirzəmidə güllələyəcəklər. (Zarıyır, huşunu itirir).

Seymur. Siz çox da fikir eləməyin, bizdə ölüm cəzası yoxdur.

Peter. İndi var.

Seymur. Mən hazıram. (Qulama). Get faytonu gətir!

 

Qulamla Peter baxışırlar.

 

Qulam. Ağa, indi proletariat rəhbərlərindən başqa hamı piyada gəzir. Faytonları yığışdırıblar.

Peter (izahat verir). İstibdadın zülmündən qurtulmuş xalq, acından qırılmasın deyə, bütün atları, qarğaları, göyərçinləri, bir sözlə, dişədəyən canlıların hamısını parçalayıb yeyib. (Seymur bu sözlərdən donub qalaraq Peterin üzünə baxır).

 

Seymur. Başqa canlılar deyəndə nəyi nəzərdə tutursan?

Peter. Zooparkda birhörgüclü dəvəni – dromaderi kəsib yeyiblər. Filnən begemota da göz dikmişdilər, ancaq xalq hakimiyyəti indi oraya keşikçi qoyub. Bütün qırqovulları və tovuz quşlarını isə, tam rəsmi qaydada həzmi-rabedən keçiriblər.

Seymur. Heç inana bilmirəm ki, nəhayət, neçə ildən bəri mən bu divarlar arxasında nələr baş verdiyini görəcəyəm!

Peter. Görəcəksən. Yadındadır, bir vaxtlar səninlə mən yeni dünya qurmaq istəyirdik?! Həmin o istədiyimiz dünyanı qurublar, ancaq o, bizim öz təsəvvürümüzdə yaratdığımız dünyaya qətiyyən bənzəmir.

Lənkəranski (başını yastıqdan azacıq qaldırır). Biz hamımız eynən hələ kor küçüklərə bənzəyirmişik. Sizə uğur olsun!

Seymur. Yaxşı, nə etməli? Piyada deyirlər, piyada gedərik. Gedək!..

 

Bakının gecə mənzərəsi. Fantasmaqoriya. Ay qara buludlar arasından  məşum parıltı saçır. İtlər ulaşır. Zülmət qaranlıqda şəhərin hər tərəfindən atəş səsləri və ümidsiz fəryadlar eşidilir. Ətrafda qaçıb gedən adamlar görünməsə də, ayaq tappıltıları eşidilir. Kim isə vəhşi bağırtı ilə başqa birini qovur. Uzaqda alovlara qərq olmuş neft mədənlərinin şöləsi görünür.

 

Seymur (təəccüb içindədir). Bu nədir? Gör bunlar şəhəri nə günə salıblar?! Niyə, niyə axı belə eləyiblər?

Peter. Bütün bunları yadda saxlamaq lazımdır. Bəşər tarixində ilk Neft Bumu bizim gözlərimiz qabağında əzablar içində can verməkdədir! Əminəm ki, bu xalq rəhbərlərinin hakimiyyəti uzun sürməyəcək. Və o zaman mütləq, Bakıda ikinci neft bumu baş verəcək – özü də daha əzəmətli, daha möhtəşəm neft bumu!

Seymur. O gün gələcəkmi?

Peter. Şübhə etməyə bilərsən!

Seymur. Əgər ikinci dəfə bizim qismətimizə belə böyük bir şans düşsə, onu əldən buraxmaq olmaz. Bu gün öz axmaqlığımız və biganəliyimiz ucbatından necə gözəl bir dünyanı itirdiyimizi unutmağa haqqımız yoxdur! Bu gün bizim ağlımız başımıza gəlməlidir.

Peter. Allah ağzından eşitsin! İnsanı yaşadan – xoşbəxt gələcəyə inamdır!

 

Pərdə

 

* * *