Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

MƏDƏNİYYƏT MANDATLI, ÇOXHƏDLİ VƏ YA NİZAMİ HAQQINDA DÜŞÜNCƏLƏR

Maksud İbrahimbəyov xüsusi olaraq Trend Life üçün

Nə gizlədim, "1 nyus" saytında ədəbiyyatşünas Nizami Cəfərovun 15 noyabr tarixli müsahibəsində mənim şəxsimdə yalnız filoloji araşdırma obyekti gördüyünü bəyan etməsini oxuyanda düzü təəccübləndim. Filoloji araşdırma obyekti olmaq ən düşgün yazıçı üçün fərəhli bir haldır. Həyat belədir, qələm əhli hərdənbir tənqidçi diqqətinə ehtiyac duyur. Və əgər ağıllı, xeyirxah tənqidçi üstəlik də xoş sözlər deməkdə xəsislik etmirsə, bu, ədəbiyyatda ilk addımlarını atan gənc yazıçıda özünə inam hissi yaradır. mən həyatım boyu, ən azı yəqin ki, 200 dəfə filoloji tədqiqat obyekti olmuşam və həmişə də buna peşəkar yazıçı ya dramaturqun fəaliyyətini müşayət edən bir proses kimi baxmışam. Orasını da deyim ki, təbiətim etibarilə mən kifayət qədər qədir bilən, şükran bir insanam. Yəqin, elə ona görə də mənim yaradıcılığıma onlarla məqalə həsr etmiş insanların hamısını – ədəbiyyatşünasları, teatrşünasları, tənqidçiləri və jurnalistləri bu gün də minnətdarlıq hissi ilə xatırlayıram. Zəhmət çəkib mənim əsərlərimi oxuyan – onlardan bir çoxu bəzən mənim özümə belə kamillikdən uzaq görünür – onları mütailə edib münasibət bildirənlərə təşəkkür edirəm. Mən bütün tənqidçilərimə təşəkkür edirəm. Mənim nəsr və dramaturgiyamın təhlili əsasında dissertasiyalar yazan elmlər namizədlərinə və elmlər doktorlarına səmimi qəlbdən minnətdaram.

Amma Nizami Cəfərovun bəyanatı mənim qəlbimdə xoş bir duyğu, minnətdarlıq hissi oyatmadı. Ona görə ki, mən Nizami Cəfərovun mədəniyyətə, ədəbiyyat və incəsənətə aidatı olan hər hansı bir obyektin filoloji tədqiqinə mənəvi haqqı olduğuna möhkəm şübhə edirəm. Məsələ ondadır ki, tənqidçi, ədəbiyyatşünas mövqeyi mütləq müəllifin əqidə və prinsiplərinə əsaslanmalıdır. İnsanların əqidə və prinsipləri isə müxtəlif olur və onların hamısının da yaşamaq haqqı var. İkinci bir variant da var: bura da heç bir əqidə və prinsipi olmayan insanlar daxildir. Bu da mümkündür. Nəhayət, adına Nizami Cəfərov deyilən üçüncü bir variant da məlumdur. Nizami Cəfərov fenomeni çox maraqlı hadisədir. Çünki dərhal sual meydana çıxır: Bu insanın əqidəsi varmı? Varsa, nədir o? Cavab yoxdur. Mənim zənnimcə, Nizami Cəfərovun əqidə və prinsipləri ilə bağlı vəziyyət bir söz ilə belə ifadə olunur – fəlakət!

Özünüz fikirləşin. "Yeni Azərbaycan" partiyasının üzvü Nizami Cəfərov məlumdur ki, əvvəllər "Müsavat" partiyasında olub, ondan əvvəl isə – Kommunist partiyasında. Artıq çoxdan yetkin bir insan olan Nizami Cəfərovun partiya karyerasında bütün bu dəyişikliklər cəmi-cümlətanı on-on iki il ərzində görünməmiş bir surətlə baş verib. Bu üç partiyanın üçünə də Nizami Cəfərov könüllü surətdə daxil olub və tamamilə könüllü surətdə də onlardan üz döndərib. Üç partiyanın üçü də bir-birindən əsaslı şəkildə fərqlənir. Onlar öz platformaları, ideologiyaları, taktiki və strateji məqsədləri etibarı ilə bir-birinə qarşı dayanırlar. Amma hər üç antipod-partiyada Nizami Cəfərov haqlı olaraq növbəti partiya silahdaşları tərəfindən ideloji məsləkdaş kimi qəbul edilir və partiyanın fəal üzvü və entuziastı hesab olunurdu. Onu da nəzərə almaq lazımdır ki, "Müsavat" özü də fərqli siyasi baxışlarına görə bir zaman "Xalq cəbhəsi"ndən ayrılıb müstəqil partiyaya çevrilmişdir. Nizami Cəfərov da doğma, lakin zəifləmiş "Xalq cəbhəsi"ni taleyin ixtiyarına atıb, o vaxt üçün perspektivli sayılan "Müsavat"a üzv olmuşdur və burada özünün tərifəlayiq səyi, çalışqanlığı və müsavatın ideallarına sonsuz sədaqəti sayəsində tezliklə oradakı divanın üzvü olmuşdur. Daha doğrusu, əslində Nizami Cəfərov üç deyil, dörd partiyanın müştərisi hesabındadır. Ona görə də, hal-hazırda bu mandatlı insanın son dərəcə unikal çoxhədli kimi Ginnesin rekordlar Kitabına düşməyə iddialı olmağa tam haqqı var. Ginnesin Kitabında xatırlanmaq, əlbəttə, çox yaxşıdır, amma deməliyəm ki, çoxhədlilik beyni bir o qədər də inkişaf etməmiş insanın psixiasına, ruhi durumuna təsirsiz ötüşmür.

19 noyabr tarixli "Müsavat" qəzetinə müsahibəsində Nizami Cəfərov rus dilində yazan bir qrup yazıçını "persona non qrata" (arzu olunmaz şəxs) elan etmişdir. Mən əminəm ki, ondan başqa "Yeni Azərbaycan" partiyasının sağlam düşüncəsi, ağlı və yaddaşı olan heç bir üzvü belə bir mənasız dələduzluğa qadir deyil. Amma baxın, çoxhədli Nizami Cəfərov bunu elan elədi və mən buna təəccüb etmirəm. Bu hələ harasıdır, Nizami Cəfərov lap eses qoçaqları sayaq şəxsən öz əli ilə məktəblilərin ədəbiyyat üzrə oxu kitablarının siyahısından Azərbaycanın xalq yazıçılarının əsərlərini çıxartmışdır. O, həmin müsahibəsində böyük qürur hissi ilə bu əməlini özü etiraf etmişdir.  Yazıçılar sovet hakimiyyəti dövründə belə qadağalara alışıblar, onlara heç nə olmaz; uşaqlar yazıqdır. Deyirəm bütün bunlar necə də tanışdır bizə. Onun qafa etibarı ilə qardaşları "cəbhəçilərin" ölkədə təşkil etdikləri hərcimərcilik və viranəlik illərindəki azğınlıqlarını hələ də unutmamışıq. "Cəbhəçilər"in konservatoriyaya soxulub. Baxın, Betxovenin, Mosartın, Çaykovskinin və başqa dahi bəstəkarların şəkillərini çıxarıb atmasını tələb etmələri yaxşı yadımdadır. Konservatoriyanın kollektivi bundan imtina etdikdə, onlar şəkilləri özləri divarlardan qoparmağa səy göstərdilər. Bu zaman Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu tələbə və müəllimlərin iştirakı ilə müqavimət göstərib "bozbaş-patriotları" binadan qovdular. Düzü, Nizami Cəfərovun da o gün konservatoriyada "cəbhəçi" həmfikirləri arasında olub-olmadığı mənə məlum deyil, amma yüz faiz bilirəm ki, o hərci-mərcilik dövründə o, "mədəniyyət və ədəbiyyat" bilicisi kimi "Xalq cəbhəsi"ndə partiyanın onun qədər ziyalı olmayan üzvlərinin ideya rəhbəri idi.

O zaman baş vermiş bir hadisə ömrüm boyu yadımdan çıxmaz: günün günorta çağı Torqovı küçəsində "cəbhəçilərdən" biri dostumun oğlunu nişanlısı ilə rusca danışdığı üçün bıçaqla vurmuşdu. "Cəbhəçi" qanına qəltan olmuş oğlana bağıra-bağıra deyirmiş ki, Azərbaycanda yaşayanların hamısı yalnız azərbaycanca danışmalıdır. Əli avtomatlı başqa bir "cəbhəçi"nin isə camaatın gözü qabağında gənc bir qızın kosmetikasını əli ilə təhqiramiz şəkildə üzünə yaxıb qışqırırmış: "Bundan sonra Azərbaycan da heç bir qız, heç bir qadının, istəyir fahişə olsun, üz-gözünü boyayıb küçəyə çıxmağa ixtiyarı yoxdur. Mən Nizami Cəfərovun o zaman, məhz orda, öz həmfikirlərinin, məsləkdaşlarının yanında olub-olmadığını deyə bilmərəm, amma onun da onlardan biri olduğu faktdır və buna mənim qətiyyən şübhəm yoxdur.

Bu məqalədə məqsəd "cəbhəçilərin" cinayətlərini xatırlamaq deyil. Amma onlar hakimiyyətdə qalardılarsa, ölkəmizin taleyinin necə olacağını da heç vaxt unutmamalıyıq. Unutmamalıyıq ki, o zaman bizə haqqında söhbət açdığım bu, çoxhədli kimi məhdud düşüncəli insanlar, özü də hər şeyə səlahiyyətləri olan məxluqlar rəhbərlik edirdilər. Və heç şübhəsiz, belə getsəydi, Azərbaycan qısa bir müddətdə öz müstəqilliyini itirər, ümumiyyətlə dövlət kimi sıradan çıxardı. Amma möcüzə baş verdi! Əlahəzrət xalqın arzu və iradəsi ilə Heydər Əliyev Bakıya qayıtdı və nə ordusu, nə pulu olmaya-olmaya Allahın köməkliyi ilə hakimiyyəti ələ keçirmiş təpədən dırnağa silahlı rəzil, cinayətkar qor-qoduğu pərən-pərən saldı. Bu tarixi dönüşdən sonra Nizami Cəfərov dərhal "Xalq cəbhəsi"ndən getdi və "Müsavat" partiyasına üzv oldu.

Onu da deməyi vacib bilirəm ki, Nizami Cəfərovun dahi Nizami Gəncəvinin adaşı olduğu yadıma düşəndə, hardasa ona yazığım da gəlir. Mən də bilirəm, Nizami Cəfərov da yaxşı bilir ki, azərbaycanlı Nizami Gəncəvi əsərlərini Azərbaycan dilində yox, tamam yad bir dildə – fars dilində yazmışdır. Adını daşıdığı insanın cürət edib yad bir dildə, antiazərbaycan dilində yazması Nizami Cəfərova yuxusunda da necə rahatlıq verməməsini, səhərə kimi məşəqqət içində o üzə-bu üzə çevirilməsini yaxşı təsəvvür edirəm. Çox ağır iztirab  keçirir: amma tamamilə məxfi. Çünki dilə gətiriləsi deyil. Deyə bilməz ki axı, Nizami Gəncəvi Azərbaycançün zərərli yad bir şairdi. Çox təhlükəlidir bu, vurub çənəsini dağıdarlar. İztirablarının əvəzini çıxmaqçün isə, rusca yazan və ya heç dəxli yoxdu, lap elə farsca yazan bir qrup yazıçını "persona non-qrata" (arzu olunmaz şəxs) elan eləmək əsasən təhlükəsizdir. Bundan əlavə, belə bir qoçaqlıq gələcəkdə kara gələ bilər. Məsələn, birdən nə vaxtsa uzaqgörən Nizami Cəfərov "Yeni Azərbaycan"dan çıxıb, daha sərfəli şərtlə hansısa başqa bir partiyaya daxil olmaq qərarına gələr. Hər şey ola bilər, boş yerə o, əlində mədəniyyət mandatı olan çoxhədli deyil ki...

Nizami Cəfərovun müsahibələri və məqalələrində "onlar tədricən bizdən aralanırlar" və yaxud "biz heç kimə imkan vermərik", "xalq belə düşünür" və s. və ilaxir kimi ifadələr bərq vurur. Görünür, Allahlıq iddiasında olan bu binəva çoxhədli bilmir ki, heç kim ona xalq adından danışmaq hüququ verməyib. Xalq adından çox az sayda şəxsiyyətlər danışa bilərlər və onları asanlıqla adbaad saymaq mümkündür; Nizam Cəfərovun adı onların sırasında yoxdur. Əslində isə o bütün məqalə və müsahibələrində qaragüruh nümayəndəsi kimi çıxış edir. Nizami Cəfərovun fikirlərinin xalqa heç bir aidiyyatı yoxdur. Xalq – bizim hamımızıq; bizim qohumlarımız, qonşularımız, dostlarımız və tanışlarımız. Xalq – bizim gözəl vətənimizin böyük əksəriyyəti deməkdir; bütün o insanlar, o vətəndaşlar ki, insanlıq qanunları ilə yaşayırlar. Qaragüruh – xalq deyil. Qaragüruhu xalqdan çox dərin bir uçurum ayırır. Xalqdan fərqli olaraq qaragüruh pulla mənfur kütlə şəklində birləşib küçələrə çıxanlardır. Əksəriyyəti də anaşadan çəkir, beyinləri qızdıqdan sonra vitrinləri qırır, küçə qapılarını mundarlayır, ziyalıları alçaldır, arvadları təhqir edir, qarətlə məşğul olur və uşaqları zorlayırlar. Qaragüruh o kəslərdir ki, öz uğursuz həyatlarına görə onları əhatə edən normal insanlara təcavüz edir, onlardan əvəz çıxır, əllərinə kim keçdi öz xroniki fərasətsizliklərinin qisasını alırlar. Xalqla qaragüruh arasında yaşıllıqlara qərq olmuş qitə ilə üfunət iyi gələn bataqlıqlardan ibarət, başdan-başa siçovullar və zəhərli ilanlarla dolu ada arasındakı fərq qədər böyük bir fərq var. Nizami Cəfərovun cızma-qaralarını oxuyanda onun kimlərin təmsilçisi kimi çıxış etdiyi aydın olur.

Buyurun, Nizami Cəfərovun "1 nyus" saytındakı müsahibəsindən kiçicik bir parçaya diqqət edin: "Onlar tədricən bizdən aralanırlar. Ümumiyyətlə, bizim bütün məşhurlarımızla buna bənzər hallar baş verir – məşhurluqdan ağılları çaşır, başları xarab olur". Qəribə müddəadır. Görün bir nə çərənləyir əlində mədəniyyət mandatı olan bu çoxhədli!

Görəsən, bizim məşhurların – Nizami Cəfərov görkəmli insanları lütfkarlıq edib belə adlandırır – ağılları niyə çaşır? Azərbaycanda heç vaxt və dünyanın da heç yerində ölkənin bütün görkəmli insanlarının hamısının birlikdə və ya ayrı-ayrılıqda ağıllarının çaşdığı müşahidə olunmayıb; istər birbaşa və yaxud məcazi mənada – fərqi yoxdur. Onlar öz xalqlarının övladlarıdırlar; fəxr ediləsi övladları. İnsanlar yalnız və yalnız xalqın etirafı sayəsində məşhur olurlar. Mən tam məsuliyyətlə deyirəm ki, xalqın içindən bir nəfər belə tapmazsız ki, Cəfərovun o cəfəng fikrini dilinə gətirsin: "Onlar tədricən bizdən aralanırlar. Ümumiyyətlə, bizim bütün məşhurlarımızla – buna bənzər hallar baş verir – məşhurluqdan ağılları çaşır". Xalqı təmsil edən insanın başına sadəcə belə bir cəfəngiyyat gələ bilməz. Amma Nizami Cəfərovun gəlir, keyfi nə istəyir – deyir, ya da söz duyumunu itirib. Onun bu böhtanının, heç şübhəsiz, izahı var: bu, uğur qazanmış istedadlı insanlara qaragüruh nümayəndəsinin təhtəlşüur qərəzli münasibətilir; özü də istisnasız olaraq hamıya qarşı.

Mən 90-cı illərin əvvəllərində bir o qədər də ürək açmayan günlərdən birini, yəqin ki, heç zaman unutmayacağam. Televiziya ilə verilmiş gedirdi. Verilişin iştirakçıları "cəbhəçilər" idi; dəyirmi masa arxasında əyləşib Azərbaycan mənəviyyatatının mühüm problemləri ətrafında fikir mübadiləsi aparırdılar. Əsasən, görkəmli incəsənət və ədəbiyyat xadimləri haqqında danışmalarına baxmayaraq, söhbətdə biologiya laboratoriyalarına xas bir ab-hava vardı. İştirakçılar dünya şöhrətli ədəbiyyat və incəsənət adamlarımızın nəsl tarixi, milli mənsubiyyəti haqqında bilgilərini bir-biri ilə bölüşürdülər. Məlumatların səhihlik dərəcəsi müxtəlif idi, amma gəldikləri nəticədə yekdil idilər: bir çox sənətkarlara, etimadsızlıq göstərdilər. Qanın təmizliyi isə fikrin, məramın təmizliyi ilə sıx bağlı olduğu söylənildi. Və buna görə də, müzakirə iştirakçılarının fikrincə, yad və yaxud qismən yad insanların yaradıcılığına etibar etmək olmaz. Bu cür insanların əsərlərində ziyanlı və ya xalqın şüuruna, düşüncəsinə gizli şəkildə dağıdıcı təsir göstərən ünsürlər ola bilər. Qərara gəldilər ki, imkan daxilində belə yazıçıların, sənətçilərin əsərlərinin təbliğindən imtina etsinlər və eyni zamanda, xalqın içinə gedib orada qabiliyyətli insanlar tapsınlar və ən yaxın on-on beş il ərzində onlardan dünyada şöhrətli, qüdrətli yaradıcılar yetişdirsinlər. Yadların, yabançıların qara siyahısında ən başda Üzeyir Hacıbəyov və Müslüm Maqomayev dururdu. Qərara gəldilər ki, xəyallarındakı gözəl günlərə kimi hələlik onların əsərlərini qadağan etməsinlər, amma mümkün qədər az ifa olunsun. Konservatoriya və filarmoniyaya isə, qoy lap az istedadlı, amma nəsli-nəcabəti, milli mənsubiyyəti əsaslı surətdə yoxlanılmış adamların adları verilsin.

İllər arxasında qalmış o uzaq gündə televiziyanın dəyirmi masası arxasında partiya yoldaşları – bozbaşçı vətənpərvərlər arasında Nizami Cəfərovun oturub-oturmadığı yadımda deyil, amma bu gün üstündən on səkkiz il keçəndən sonra mandatlı çoxhədlinin onlardan biri olaraq qaldığını yüz faiz əminliklə təsdiq etmək olar.

 

Məqalə müəllifinin dosyesindən (şəxsi işindən):

Maksud İbrahimbəyov, yazıçı. Kafqaz irqinə mənsubdur, xarakteri – etnik, altı arxa dönəni etibarı ilə azərbaycanlıdır, qanında-qarışığı yoxdur. Partiya qulyabaniləri ilə heç vaxt adını bədnam eləyə biləcək heç bir əlaqəsi olmayıb.