Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

KOMPLİMENTLƏR DEMƏK ZAMANI

Çox adam elə guman edir ki, beyin insanın qafasındadır. Bu qətiyyən belə deyil. Onu külək Xəzər dənizi tərəfdən gətirir.

 

Nikolay Vasilyeviç Qoqol   

 

Indi çoxları bu fikirdədir ki, problemi müharibə yolu ilə həll etməkdən savayı, Azərbaycanın başqa bir layiqli   çıxış   yolu   qalmayıb.   Bu  yaxınlarda Azərbaycanın müda-fiə naziri söylədi ki, ordu işğal edilmiş rayonların azad olun-ması əməliyyatını uğurla keçirməyə hazırdır. Siz bu barədə nə düşünürsünüz?

 

Ordu döyüşə can atır! Top-tüfəng hazır vəziyyətdədir! İstənilən ölkənin müdafiə naziri bu qəbildən olan suallara hamının qarşısında məhz belə cavab verməlidir. Bundan başqa, həm SSRİ-də, həm də MDB-də tarixən bərqərar olmuş ənənəyə görə, müdafiə nazirinin həddən artıq ağıllı bəyanatlar verməsi qətiyyən məsləhət görülmürdü. Çünki rütbə dərəcələrinə uyğun olaraq, müdafiə naziri intellekt səviyyəsinə görə orduda ikinci yeri tutmalı idi. Birinci yerin tələblərinə yalnız və yalnız ali baş komandan uyğun ola bilərdi. Əgər görsəydilər ki, müdafiə nazirinin intellekt səviyyəsi ikinci göstəricidən yuxarı qalxıb, bu, təhlükəli əlamət sayılırdı. «Ağıllı»nı dərhal vəzifədən çıxarıb gözdən uzaq, könüldən iraq bir yerə göndərərdilər. Elə buna görə də o zamandan müdafiə nazirləri kütləvi çıxışlarında çox nadir hallarda öz mülahizələrini açıq söyləyirlər.

Ali Baş Komandanımızdan, yəni Prezidentdən isə mən hələlik nəsə belə bəyanat eşitməmişəm ki, biz heç olmazsa bircə rayonumuzu güc yolu ilə almağa hazırıq.

 

Təkcə müdafiə naziri deyil, yaradıcı ziyalıların bir çox təmsilçiləri, deputatlar, müxalifət nümayəndələri, aparıcı politoloqlar da bu problemin güc yolu ilə həllinə tərəfdar çıxırlar. Onlar BMT-nin belə bir Qətnaməsinə istinad edirlər ki, həmin bölgələr azad olunmalıdır.

 

Sərhəd məsələlərinə dair BMT qərarlarının əksəriyyəti onun üzvlərinə bilirsiniz necə təsir göstərir? Təxminən Ayıqlıq cəmiyyəti, yaxud da Antialkoqol komitəsinin içib sərxoşluq edən ziyalıya göstərdiyi təsir kimi: o özü onsuz da hər şeyi başa düşür, ancaq əvvəlki tək içməyindən əl çəkmir. Yəni BMT öz qərarları üçün məsuliyyət daşımır.

 

Məndə belə bir hiss yaranır ki, sualıma cavab vermək istəmirsiniz. yəni doğrudanmı siz, Maqsud İbrahimbəyov, işğal altında olan torpaqlarımızın hərb yolu ilə azad edilməsinin əleyhinəsiniz? Axı bunlar bizim torpaqlarımızdır!

 

Müharibəni başlamazdan əvvəl, onun nə ilə qurtaracağını bilmək pis olmazdı. Hal-hazırda reallıq belədir ki, Azərbaycan Cənubi Qafqazda ildən-ilə daha da varlanan və qüvvətlənən yeganə ölkədir. Təbii ki, hadisələrin bu cür inkişafı bəzi qonşularımızın yuxusunu qaçırıb (söhbətin hansı qonşudan getdiyini xırdalamağa, zənnimcə, ehtiyac yoxdur). Neyləmək olar – hamının xoşuna gəlmək mümkün deyil. İndiki vəziyyətdə tələskənlik bizə çox böyük ziyan vura bilər. Mənim şəxsi-subyektiv qənaətimə görə, əgər biz qalib gəlmək istəyiriksə, ölkəmiz hərbi potensialını minimum iki dəfə artırmalıdır. Bunun üçün də Azərbaycana daha artıq – yeddi il lazımdır. Niyəsə mən əmin idim ki, bu çox adi həqiqət hamıya aydındır və indi də hiss edirəm ki, zəbt olunmuş torpaqların təxirəsalınmadan hərbi yolla azad edilməsi kimi birdən-birə meydana çıxmış kütləvi ideya bizim cəmiyyətə kimlər tərəfindənsə ortaya atılıb. Bir baxın, bizim bu siyasətbaz gədə-güdələr necə coşublar; bu cür ajiotaj adətən onlara haradansa kalan pul veriləndə müşahidə olunur.

Heç vaxt ağlıma gəlməzdi ki, bu qədər çoxsaylı döyüşkən soydaşımız var. Görəsən onlar əvvəllər, müharibə vaxtı harada imişlər? Bəs sizdə necə, belə bir hiss yaranmır ki, işğal edilmiş torpaqları daha ədalətli yolla, yəni qılınc və atəşlə elə bu gün azad etmək barədəki bu «dahiyanə» ideyanı kənardan kimlərsə ortaya atıb?

 

Bizdən savayı bu kimə lazımdır ki? Axı söhbət bizim torpaqlarımızdan, bizim maraqlarımızdan gedir.

 

Biz indi hər yerdə vətənpərvərlik hisslərinin həddən ziyadə coşmasını müşahidə edirik. Bir qayda olaraq, bu cür ruh yüksəkliyi, belə demək mümkünsə, vətənpərvərlik sərməstliyi adətən müəyyən fədakarlıq nümunələri, ianələr, yaxud da sırf əməli-maliyyə səciyyəli işlərlə müşayiət olunur. Srağagün maraqlanmışam – bir şey yoxdur. Heç yerdə könüllülərin hərbi komissarlıqlara axını müşahidə olunmur, vətənpərvərlərdən heç birisi yol boyu öz oğluna vətən uğrunda savaş üçün xeyir-dua verərək övladını oraya gətirməyib, ortabab, yaxud da varlı adamlardan heç biri Müdafiə Nazirliyinin xəzinəsinə ya qazandığı, ya da oğurlayıb yığdığı pullardan bir qara qəpik də keçirməyib. Həmçinin belə bir vəziyyət üçün səciyyəvi olan başqa bir məqam da müşahidə olunmur: hələ ki, qadınlar nə kütləvi surətdə, nə də fərdi qaydada əsgərlər üçün yun köynək, corab toxumağa başlamayıblar və s. və i.a. Buna görə də belə nəticəyə gəlirsən ki, bu kampaniya mahiyyət etibarı ilə, artıq vərdiş etdiyimiz iyrənc boşboğazlıqdan başqa bir şey deyil, amma bu dəfə onu qətiyyən həmişəki kimi mənasız saymaq olmaz, burada məşum bir niyyət açıq-aşkar sezilir. Biz bu məsələyə hələ qayıdacağıq, ancaq əvvəlcə qoy sizin sualınıza cavab verim. Bəli, mən müdafiə istisna olmaqla hər hansı bir digər səbəblə bağlı Ermənistana qarşı hərbi əməliyyatlara başlamağımızın qəti əleyhinəyəm. Həmçinin bunu da söyləməyi özümə borc bilirəm ki, bizim hamımız işğal edilmiş torpaqlar probleminə həddindən artıq aludə olmuşuq. Guya onlardan savayı bizim nə başqa torpaqlarımız var, nə də ayrı problemlərimiz. Prezident işğal edilmiş torpaqlar problemini həll etmək üçün əlindən gələni edir və bu problemi yalnız və yalnız sülh yolu ilə çözmək mümkündür. Biz özümüzdən asılı olan hər şeyi etməliyik ki, heç bir satqın, xəyanətkar məxluq ona mane olmasın. Mane olmağa isə güclü səy göstərirlər və bunun da ciddi səbəbləri var. Başa düşün, Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan işğal edilmiş rayonlardan qat-qat mühüm məsələlər var. Bax, elə buna görə də bunu yaxşı bilən «beşinci dəstə cəngavərləri» işdə marağı olan şəxslərin sifarişi ilə fasiləsiz olaraq, zahirən vətənpərvərlik donu geydirilmiş, lakin mahiyyətcə yerinə yetirilməsi qeyri-mümkün olan tələblər irəli sürəcəklər ki, sülh danışıqlarını pozsunlar, bizim olduqca ağıllı, lakin həddən artıq sadəlövh əhalimizi inandırsınlar ki, sülh danışıqları uğursuzluğa məhkumdur və müharibə etmək lazımdır; onlar adamları çılğınlıq həddinədək qızışdıracaqlar və hamı bir nəfər kimi və dərhal işğal altında olan ərazilərə yürüş etmək arzusuna düşəcək. Təcrübəli fitnəkarlar üçün bu, çətin deyil. Sumqayıt və Bakıdakı qanlı hadisələri xatırlayın. Ayılın nəhayət! Bir ərtafınıza baxın! Axı müharibənin nəticələrindən narazı olan təkcə biz deyilik. Qarabağ müharibəsinin nəticələrindən ermənilər bizdən çox narazıdırlar. Qarabağ müharibəsi dalğasında heç kimlikdən hakimiyyət zirvəsinə yüksəlmiş, milli qəhrəmana çevrilmiş prezident Köçəryanı və onun komandasını nəzərə almasaq, yerdə qalan ermənilərin hamısı çoxdan başa düşüblər ki, onların Azərbaycan üzərindəki qələbəsi «Pirr qələbəsi» kimi bir şeydir. Müstəqil qaynaqların verdiyi məlumata görə, orada aclıq, soyuq, zülmət hökm sürür, Ermənistan əhalisinin az qala yarısı ölkəni tərk edib. Nisbətən az etibarlı olan digər mənbələrin məlumatına görə, Dağlıq Qarabağ əhalisini onun hüdudlarında zorla saxlayırlar. Lap güman edək ki, sonuncu fikir həqiqətə uyğun deyil, lakin bunun həqiqət və ya uydurma olması Qarabağ camaatının güzəranını qətiyyən yüngülləşdirmir. Yerli heyvanat aləminin dişə dəyən əsas «nümayəndələri» vəhşi keçilərdir. Başlıca «faydalı qazıntı» isə yalnız inşaat üçün mişar daşıdır. Ancaq ermənilər vaxtı ilə yaxşı yaşamağa alışmışdılar.

Mən BVF və Beynəlxalq Bankın mart ayına olan birgə məlumatını gözdən keçirmişəm. Bu məlumata əsasən, Ermənistan MDB-nin ən yoxsul beş ölkəsindən biridir, Beynəlxalq Banka onun təxminən 1,5 milyard dollar borcu var. Yerdə qalan dördü – Gürcüstan, Moldova, Qırğızıstan və Tacikistanın hərəsi üçün, necə deyərlər, bir işıq ucu vardır. Ermənistanın isə yeganə şansı özünə gərək olmayan həmin torpaqların bir hissəsini qaytararaq, Azərbaycanla razılığa gəlib sülh bağlamaqdır. Bu, yeganə şansdır, amma ermənilər sanki özlərinin ziyanına olaraq bu şansdan imtina edirlər. Niyə? Axı ilk baxışdan, onların heç bir başqa perspektivi yoxdur.

Bayaq xatırlatdığım mart məlumatından görünür ki, dilənçilik həddində yaşayanların sayı durmadan artmaqdadır,  baxmayaraq ki, Ermənistana kömək çoxdur: erməni diasporu, Rusiya; təkcə ABŞ bu günədək Ermənistana təmənnasız olaraq 1,2 milyard dollar vəsait vermişdir.

Ancaq bununla belə, dediyim kimi, soyuq, aclıq hökm sürür, işıq yoxdur. İmkanı olan köçüb gedir. Lap yaxınlıqda – qonşuluqda isə zəngin Azərbaycan yerləşir, tezliklə Gürcüstan ərazisindən boru kəməri keçəcək, gürcülər də varlanacaqlar. Onda təbii olaraq belə bir sual meydana çıxır ki, ermənilər Zaqafqaziyada bütün qonşularına qalib gəliblərsə də, yaxşı, bəs son nəticədə qazandıqları nədir? Aclıq, soyuq, zülmət və perspektivsizlik.

Ermənistana müharibə gərəkdir; özü də hava və su kimi. Və Ermənistan, bizdən fərqli olaraq, müharibə barədə yeri gəldi-gəlmədi boş-boşuna danışmır, o, yay kimi gərilib, o, müharibəyə hazırdır və hərb istəyir. Lakin müharibəyə birinci başlamaq qeyri-mümkündür. Bu, Ermənistan üçün indiki çıxılmaz iqtisadi girdabdan qurtulmağın ən əlverişli, ən real çıxış yolu olsa belə – hərbə birinci başlamaq, həqiqətən, müşkül məsələdir. Olmaz, vəssalam. Axı eyibdir, durub qonşu ölkəyə hücuma keçəsən, nə var – nə var ki, sən soyuqdan donursan, ya da yeməyə bir şey tapmırsan. Dünya bunu başa düşməz, məzəmmətləyər, pisləyər; üstəlik, müdaxilə də edə bilərlər. Avropa Şurası da xəcalətdə qalar.

Yox-yox, lap nə qədər arzu etsələr də, qətiyyən müm-kün deyil. Ermənilər ağıllı adamlardır və bunu dərk edirlər. Yox, əgər sülh danışıqlarındakı uğursuzluqlardan hiddətlən-miş, revanş arzusu ilə alışıb-yanan Azərbaycan işğal edilmiş ərazilərdən başlayaraq özü Ermənistan üzərinə hücum etsə – bax, bu, başqa məsələ. Necə deyərlər, özü öz ayağı ilə gəlib! Buna hamı inanar, yaxud özlərini inanan kimi göstərərlər.

İndi mümkünsə, təsəvvürünüzə gətirin görək, bizim ordumuzun ilk bölməsi işğal altında olan bölgələrdən birinin ərazisinə yeridilsə, nə baş verər. Bilmirsiniz? Mən sizə deyim: heç nə. Bəli, ilk saat yarım ərzində heç bir şey olmaz, çünki ermənilər sevindiklərindən yerlərindəcə quruyub qalarlar! Bəs necə, əlinə göydən bu cür əlverişli fürsət düşəndə adam çaşar da! Bu, əsl xoşbəxtlik olar.

Yarımca saatdan sonra isə bütün dünyaya car çəkərlər ki, qaniçən azərbaycanlılar atəşkəsi pozaraq işğal olunmuş əraziyə soxulmuşlar, yol boyu hərbi qulluqçuları və dinc sakinləri, o cümlədən də qadınları və uşaqları gülləbaran edərək ərazinin içərilərinə doğru irəliləyirlər. Öldürülmüş əsgərləri, zorlanıb qətlə yetirilmiş qadınları və parça-parça doğranmış uşaqları, yandırılmış evləri və partladılmış tankları təsvir edən kadrları dərhal dünyaya yayarlar. Sumqayıt və Bakıdakı qanlı hadisələrin necə ustalıqla təşkil edildiyini yadınıza salın.

Bilirsinizmi, mən bizim müdafiə nazirinin bir fikri ilə şərikəm ki, ordumuz işğal altında olan əraziləri erməni əsgərlərindən təmizləmək iqtidarındadır. Üstəlik də, mən inanıram ki, bizim ordumuz Ermənistanla hərbi qarşıdurmaya tab gətirməyə qadirdir və hadisələr uğurla cərəyan etsə, onlara qalib gələ bilər. Lakin Ermənistan, əvvəlki müharibədə də olduğu kimi, bizimlə təkbaşına döyüşməyəcək, onun çox qüvvətli müttəfiqləri var: erməni diasporu, İran, Rusiya. Və bizim yeganə müttəfiqimiz Türkiyədən fərqli olaraq, NATO üzvlüyü onların əl-qolunu bağlamır, əksinə, bu müttəfiqlərdən ən azı birinin Ermənistanla hərbi müqaviləsi vardır, buna görə də onların bu son dərəcə sərfəli əməliyyatda – cinayət başında yaxalanmış təcavüzkarın cilovlanması işində iştirak etməyə nəinki tam mənəvi və hüquqi ixtiyarı var, hətta buna borcludurlar. Belə bir ittifaqa qarşı Azərbaycan iki-üç həftə, uzağı bir ay duruş gətirə bilər.

«Beşinci dəstə» də bunu bilir. Siz diqqət yetirin ki, işğal edilmiş ərazilərə BMT-nin xeyir-duası ilə, təxirə sal-madan hərbi yürüşə başlamaq ideyası necə bir peşəkarlıqla və psixoloji dəqiqliklə ortaya atıldı. Bu ideyanı birdən-birə hamı bəyəndi. Demək olar ki, tanış simaların hamısı dərhal hərbi əməliyyatlara başlamaq zərurətindən danışdılar.

Heç kəsdən pul-para almayıb öz səfehliyi ucbatından çərənləyənlər təhlükəli deyil. Bunlar, sadəcə, öz səsləri ilə matəm xorunu bir az da gücləndirirlər. Lakin ağla gətirmək belə dəhşətlidir ki, «beşinci dəstə» altıncını – «dinc nümayiş-çilər» dəstəsini yarada bilsə və ermənilərlə razılığa gələrək bu dəstəni işğal edilmiş rayonlardan birinin ərazisinə maneəsiz keçirə bilsə, nələr baş verər. Yəni doğrudanmı heç kəs anlamır ki, gözümüzün qarşısındaca müdhiş bir təxribat hazırlanır və onun nəticələri fəlakətli ola bilər? Azadlıq yürüşündən iki-üç həftə sonra erməni ordusu müttəfiqləri ilə birlikdə Azərbay-cana daxil olar. Bu, gerçəklikdir. Müdhiş, nəhs bir nəticə olsa da, reallıqdır! Doğrudanmı bizim hamımız olub-keçmiş hadisələrdən məntiqi nəticələr çıxarmaq qabiliyyətindən tamamilə məhrumuq?!

 

Dəhşətli şeylər danışırsınız. Bəs sonrası nə olacaq?

 

Sonrası o olacaq ki, biz Qarabağın və ona bitişik rayonların ləngimədən özümüzə qaytarılması tələbindən bilmərrə əl çəkəcəyik, əslinə baxsan heç bunu deməyə adam da qalmayacaq, çünki biz yüz minlərlə insan həyatını, onlarla birlikdə isə Şəkini, Şamaxını, Gəncəni, Bakını itirəcəyik. Və hamı birlikdə azı bir səksən il – neft ehtiyatları tam tükənin-cəyə qədər dil boğaza qoymadan elə hey mızıldanacaqlar ki, Bakını və ələ keçirilmiş digər şəhərləri, torpaqları tezliklə geri qaytarsınlar.

           

Doğrudanmı hər şey bu dərəcədə ümidsizdir?

           

– Əlbəttə ki, yox. Allaha çox şükür ki, 1993-cü ildən sonra dövlət əhəmiyyətli qərarlar daha küçələrdə qəbul edilmir. Sabah prezident səfərdən Bakıya qayıdır və mən bu fikirdəyəm ki, vətənpərvərlik donuna bürünmüş bütün bu hay-küy, vurçattasın yığışacaq. Biz isə hamımız yadda saxlamalıyıq ki, öz gözəl, zəngin ölkəmizi dəyərləndirməli, özümüzü, öz xalqımızı sevməli və ona hörmət etməli, öz Prezidentimizi haqsız hücumlardan qorumalı, fitnəkarların təhrikinə uyub kütləyə çevrilməməliyik, oğurluğun və rüşvətxorluğun kökünü kəsməliyik. Yenə sadalayımmı?

Bugünkü mövcud siyasi şəraitdə müharibə yalnız Ermənistana sərfəlidir. Onlar müharibəni başlamağa bəhanə axtarırlar və hər hansı bir bəhanə onlar üçün göydəndüşmə olacaq. Ermənistandan fərqli olaraq, Azərbaycana isə vaxt lazımdır. Vaxt lazımdır ki, qüvvələr nisbətini öz xeyrinə dəyişsin. Prezident Heydər Əliyev kimi dahi siyasətçi bunu məharətlə edə bilər. Bizə vaxt bir də ona görə lazımdır ki, ordumuzu gücləndirək. Vaxt bizim xeyrimizə işləyir; Ermənis-tanı isə üzür, taqətdən salır. Bugünkü mövcud siyasi şəraitdə əgər Ermənistanda tam yəqin etsələr ki, fitnəkar və təxribatçı dəstələri Azərbaycanı müharibəyə sövq etməyə, hərbə sürük-ləməyə nail olmadılar, onda Ermənistan tərəfi sülh danışıq-larında bəzi güzəştlərə gedəcək. Onların öz yolları yoxdur.

 

«Exo»,

17 mart, 2001-ci il