Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

KƏRGƏDAN BUYNUZU

Personajların tanıdığınız real adamlarla hər hansı bir oxşarlığı tamamilə təsadüfidir.

Müəllif

 

Baharın gəlişi özünü göstərirdi. Bərbərxanada qadınlardan danışırdılar.

– Qadın ki, dedin ey, birinci onun yerişidir, – deyə cavan dəllək Avtandil müştərisinin üzünü cəld hərəkətlərlə masaj eləyə-eləyə öz fikrini qonşusu Ağasəfaya qəti bildirdi; Ağasəfa bu vaxt köhnə müştərisi Raufun üzünü qırxırdı. – Zalım qızının da yerişi adamın lap ağlını çıxarır başından. – Qadın salonu tərəfə işarə eləyib səsini aşağı saldı. – Hər həftə gəlir. Əlimdə nə işim oldu, atıram, gedirəm tamaşasına.

Müştəri söhbətə qarışdı:

– Bu gün də gəlmişdi! – Elə inamla dedi ki, elə bil görüb eləmişdi.

– Yarım saat olar getdiyi. Siz hardan bilirsiz?

– Onu bilməyə nə var?! – Bu dəfə müştəri bir az acıqlı dilləndi.

– Üçüncü dəfədir odekolonuvu fışqırdırsan üz-gözümə. Yoxsa, elə bilirsən ləzzət eləyir mənə?

– Qadının yerişi vacib şərtdir, buna mənim sözüm yoxdur, – deyə əsəbi müştəri çıxıb gedəndən sonra, Ağasəfa qayıtdı bayaqkı söhbətin üstünə; bu ucaboy, arıq qocanın dəllək dükanında yoldaşları arasında xüsusi hörməti vardı. – Amma baxır kimin yerişi. Elə arvad var ki, istəyir yeriməsin, lap belə qanad açıb uçsun, ya da ki, misalçün, sürünsün, heç tüküm də tərpənməz. Odur ki, bacıoğlu, əsas məsələ yerişdə-zadda döyül. Sən cavansan hələ, təcrübən azdı, dərindən bilmirsən bu işləri – hər kəsin öz zövqü var; birinin görürsən ki, qarabuğdayı arvad xoşuna gəlir; dəxli 286 yoxdur – istəyir nə təhər yeriyir yerisin, o birinin sarışın. Birinin kök arvad xoşuna gəlir, o birinin arıq. Elədir, elə döyül?

Avtandil istər-istəməz təsdiq eləməli oldu, çünki bu dəlləkxanada Ağasəfanın sözünün qabağında söz demək adət deyildi. Yaşı yetmişi haqlasa da, Ağasəfa hələ də ən yaxşı usta sayılırdı, müştəriləri yanına gəlməzdən qabaq telefonla zəng vurub növbə tuturdular.

Onun şöhrəti çoxdan yayılmışdı şəhərə. Hamı da bilirdi ki, necə olub adı dillərə düşüb: bu tarixi hadisə 1943-cü ildə, general De-Qollun Bakıya gəlişi zamanı baş verib. Bəli, gələcək marşal və prezident o vaxt yolüstü iki gün Bakıda qalıb və bir sıra başqa işlərlə yanaşı, üzünü də qırxmalı olub. Bu məsul tapşırığı yüksək mənsəbli müştəridən təxminən bir ay əvvəl hospitaldan çıxıb axsaya-axsaya doğma şəhərinə qayıtmış çox istedadlı, amma o zaman hələ az tanınan bir dəlləyə, yəni Ağasəfaya etibar eləyiblər.

Rauf bu qeyri-adi əhvalatdan təzəcə xəbər tutmuşdu. Baxmayaraq ki, o, Ağasəfanı otuz il idi tanıyırdı və bu otuz il ərzində hər on gündən bir Xaqani küçəsindəki bu bərbərxanaya təşrif gətirirdi.

Həmin o tarixi üzqırxma əhvalatını Ağasəfa bütün təfsilatı ilə, uzunuzadı, hər kəlməsindən sonra çox mənalı fasilələr verə-verə bir saata zorla danışıb qurtarsa da, Rauf kəmhövsələlik eləməmişdi, əksinə, məmnun qalmışdı, çünki yaxşı bilirdi ki, bu böyük hörmətdi və çox az-az adamlar bu hörmətə layiq görülür. O gün isə, Ağasəfa onun üzünü sabunlayanda hamıya eşitdirmək üçün bərkdən Avtandilə dedi ki, Raufun üzü tükünün codluğu və dərisinin zərifliyi ilə ona rəhmətlik prezidentin üzünü xatırladır. Aydın məsələdir ki, bu sözlər Raufun canına sarı yağ kimi yayıldı və həmin gündən o, Ağasəfanı ən nəcib və ən ağıllı adamlardan biri hesab eləməyə başladı.

Ağasəfa ondan xahiş elədi ki, “qadın məsələsi” barədə fikrini desin. Rauf bir ustad ədası ilə qımışdı. Çünki o, Ağasəfadan da, Avtandildən də bu məsələdə üstün idi, böyük təcrübəsi var idi.

– Mən səninlə bir o qədər də razı deyiləm... Arıq belə gəldi, kök belə getdi. Nə dəxli, axı hərəsinin öz yeri var, əsl kişiyə hər cürəsi qəbuldur: qarabuğdayısı da, sarışını da, kökü də, arığı da.

Bircə dəfə yaşayırıq bu dünyada, gərək hər cürəsini dişinə vurub, dadasan. – Bunu deyib o, müştəri gözüylə güzgüdəki əksinə baxdı, qayğılı-qayğılı alnını ovuşdurdu və beləliklə də bu söhbətə bir növ son qoymuş oldu.

Ağasəfa həssas adam idi, dərhal müştərisinin ürəyindən keçəni oxudu və xüsusi bir qayğı ilə Raufun alnının dərisini ovuşdurub:

– Qırış dərdi çəkməyinə hələ çox var, – dedi. – Bu qırış deyil, qatdır kəsib, qaşqabağuvu tökəndə əmələ gəlir.

Ağasəfa onun pencəyinin yaxasında olan və olmayan tükləri çırpıb təmizlədi və Rauf oturduğu rahat kreslodan könülsüz halda durdu. Vestibüldə o, iri bədənnüma güzgünün qabağında bir an ayaq saxladı, ordakı gözəl geyimli, boylu-buxunlu, yaraşıqlı kişiyə baxıb xoşhallandı və dən düşmüş bığlarını tumarlayıb küçəyə çıxdı.

Vaxta hələ vardı, maşının yanında dayandı və gənclik illərini, cavanlıq çağlarında Nizami küçəsiylə gecə gəzintilərini həsrətlə xatırladı. O vaxtlar bu küçə şəhərin əsas seyrəngah yeri sayılırdı.

Demək olar ki, hər axşam, şər qarışanda cavanlar “Vətən” kinoteatrının tininə yığılar və başlayardılar eyni bir marşrutla – bankın binasının yanından sağa burulub dənizçilər klubunun səkisi ilə Dənizkənarı bulvara və ordan da geriyə gəzişməyə. O illər Rauf hörməti olan, tay-tuş arasında seçilən oğlanlardan idi. O, heç vaxt başçılıq iddiasında olmamışdı, amma qolunun gücü və cəsarəti yaşıdları yanında ona xüsusi hörmət qazandırmışdı. Xoşxasiyyətinə, gülərüzlüyünə, bir ölçü-biçi bilməyən kefcilliyinə görə o, həmişə təzələnən dost-aşnanın diqqət mərkəzində olardı.

Qızların da o zamanlar Raufdan ötrü ürəyi gedirdi. O da hərdənbir qadın qəlbini, necə deyərlər, ovsunlayırdı, özü də o, bunun üçün özünü oda-közə vurmurdu, hər şey demək olar, ilk baxışdan baş verirdi. Qızlarla tanış olanda özlərini onlara qeyri-adi adam kimi göstərməyə çalışan oğlanlardan fərqli olaraq, o, bu sınanmış fəndə heç vaxt əl atmırdı; yəni onlara təsirli məktublar yazmaz, cəngavərliyini göstərən hadisələr uydurmazdı. Ömründə qızlara şeir də yazmamışdı. Hətta onları məftun eləmək məqsədilə telefondan asılıb saatlarla söhbət eləməzdi. Çünki başa düşürdü ki, özü, yəni sağlam bədəni, gözəl qədd-qaməti, par-par yanan qara gözləri, söhbət elədiyi xanımdan uzaqdırsa, səsin-danışığın həmin xanıma elə bir təsiri ola bilməz.

Rauf sürətlə ötüb-keçmiş gənclik illəri üçün bir də köks ötürüb maşına oturdu və tibb institutunun yeni binasının qabağına sürdü; Aida adında gözəl bir insanla altının yarısına oraya görüş təyin eləmişdi.

Bir il idi ki, bu nəcib insan gündəlik ailə qayğıları və aspiranturada təhsillə yüklənmiş vaxtının həftədə bir neçə saatına qənaət eləyib onunçun ayırırdı. İşini ehtiyatla tutmağı sevən Rauf onun əri ilə rastlaşmamaq üçün heç vaxt onların evinin həndəvərinə yaxın düşməzdi; Aidanın dediyinə görə, əri hər şeydən şübhələnən, boş yerə əsib-coşan qısqanc adam idi.

O, Aidaya aldığı hədiyyəni – gümüş qolbağı ilə fransız ətrini – maşının qabaq oturacağına qoymuşdu, çünki onun fikrincə, görüşün əvvəlində təqdim edilən hədiyyənin axırda verilən hədiyyədən təsiri qat-qat çox olur, atalar demişkən: daldan atılan daş topuğa dəyər, ya da – toydan sonra nağara, xoş gəldin, bayram ağa; çox doğru buyurublar, Allah onlara rəhmət eləsin, müdrik adamlarmış.

Axı doğrudan da, hansı bəxşeyişlə ötüb keçmiş şeylərə təsir göstərmək mümkündür?!

O, bir on dəqiqə gözlədi. Tələbələr axınla institutdan çıxmağa başladılar. Onlardan biri – ucaboylu, qədd-qamətli, yaraşıqlı bir qız qaça-qaça küçəni keçdi və yan-yörəsinə göz gəzdirib cəld özünü maşına saldı.

– Hara gedirik? – Oturmağı ilə Raufun üzündən öpməyi bir oldu. – Yenə mikrorayona?

– Yox, dostlarımdan biri məzuniyyətə gedib, evinin açarını verib mənə. Üçgöz otaqdır – şəhərin düz mərkəzində.

Aida gülümsəyib:

– Üç otağı neylirik, bizə biri də bəsdir, – dedi. Gözü bağlamaya sataşdı. – Bu mənimçündür? Çox sağ ol! – Bağlamanı açdı, qolbağını götürüb ölçdü. – Gözəldir. Çox sağ ol. İndi gərək fikirləşib bir şey uyduram ki, hardandır bu mənimçün. Deyərəm institutda bağışlayıblar, özümü yaxşı apardığıma görə. Bura bax, bu gün mən uzağı doqquzun yarısında evdə olmalıyam. Acığın tutmur ki?

– Onda mən də elə ailəmin dalınca özümü çatdırram qayınatamgilə – Rauf gözucu ona baxdı. Aida güzgünü özünə tərəf çevirib pomada və karandaşla onsuz da gözəl hüsnünə misilsiz bir rövnəq verdi.

– Arvadın qısqancdır?

– Demək olar ki, yox. Sakitləşib daha. Əvvəllər günümüz-güzəranımız yox idi. Üç dəfə çıxıb gedib evdən. Əslinə qalsa, özü fağır 289 adamdır, di gəl, valideynləri qızışdırırdılar. Ələlxüsus qayınatam.

İndi o da nisbətən sakitləşib.

– Harda işləyir qayınatan?

– Akademiyada. Alimdir, təxminən akademik kimi bir şeydir.

Amma dəxli yoxdur. – Qayınatası barədə söhbət qanını qaraltdı Raufun. – Başqası olsaydı onun yerinə, o imkanla dağı dağ üstə qoymuşdu. Amma bu, bircə elə onu bilir ki, camaatın başına ağıl qoysun, öyüd-nəsihət versin. Ən qəribəsi də odur ki, mənim tanıdığım adamlar da onu ağıl dəryası hesab eləyirlər. Nəyə görə, başa düşə bilmirəm. Sənə nə oldu, hara boylanırsan?

– Elə bildim köşkün yanında dayanan ərimdir, dayanıb düz bizə baxır. – Aida bunu gülümsəyərək desə də, təbəssümündə bir əsəbilik duyulurdu.

Rauf özünü mümkün qədər laqeyd göstərməyə çalışaraq etinasız bir tərzdə soruşdu:

– Bəlkə elə doğrudan da o idi? – Aidanın ərini o cəmi bir dəfə maşından görmüşdü; arvadının qoluna girib institutdan çıxırdı.

Yekəpər, heyvərə bir şey idi; yaxşı əltopu oynadığına görə institutu qurtarandan sonra onu aspiranturada saxlamışdılar.

– Yox, yox, mənə əvvəlcə elə gəldi ki, odur... – Aida bir an susandan sonra fikirli-fikirli əlavə etdi: – Sənə demişdim axı, şənbə günləri məşqləri axşamdır... Bilsəydim belə gicbəsərdir, bəyəm gedərdim ona.

– Səndə nə təqsir, çıxmaqnandır. Ərlərin arasında hərdən çox qəribə adamlar olur. – Bu hikmətli kəlamı Rauf xüsusi bir vurğu ilə dedi.

* * * Elə həmin axşam qayınatasının titrəyən əllərinə baxa-baxa Rauf fikirləşdi ki, düz sözə nə deyəsən, qocalıq da bir şey deyilmiş.

Onun özünün yaşı təzəcə əllidən adlasa da, axır vaxtlar, nədənsə, tez-tez səhhəti barədə düşünməyə başlamışdı. Düzdür, səhhətindən hələ şikayəti yox idi, amma görkəmində... Görkəmində əməllibaşlı, özü də xüsusi bir səylə qulluq eləməyinə baxmayaraq, illərin amansız möhürü izini qoymuşdu.

Nəhayət, qayınatası dinləyicilərinə – arvadına, qızına və kürəkəninə oxumaq istədiyi yeri axtarıb tapdı, kitabı özündən aralı tutub – o, cidd-cəhdlə çalışırdı ki, eynək taxmasın və bu da Raufu yaman əsəbiləşdirirdi – ətrafdakılara razı bir görkəmlə nəzər saldı.

“Elə bil alçaq dağları yaradıb, zalım oğlu, gör bir nə razıdır özündən” – başında bu fikir Rauf səbirsizliklə yerində qurcalandı, otura bilmirdi, amma bu özündən razı “siçanla” vacib bir söhbəti vardı, o yadına düşdü deyən, tərpənmədi.

– Burda Avropa, Asiya, Afrika və hətta qədim astek həkimlərinin, əlkimyagərlərinin və türkəçarələrinin bizə qədər gəlib çatmış dava-dərman və ədviyyatı reseptləri toplanıb. İstəyirsizsə, onlardan bir neçəsini oxuyum sizinçün?

Qayınata qədim əlkimyagərlərdən birinin reseptini oxumağa başladı. O, aramla oxuyur, mətndəki çətin sözləri izah eləməkçün tez-tez dayanırdı. Diləfruz xanımla Xalidə çox diqqətlə qulaq asırdılar.

Əlkimyanın sehrli maddələrinə əl atmadan bəzi əşyaları qızıla və başqa qiymətli daş-qaşa çevirməyi pis bacarmayan Rauf da özünü elə göstərirdi ki, guya diqqətlə qulaq asır. Əslində isə öz mənzilini dəyişmək barədə fikirləşirdi: götür-qoy eləmək üçün söhbəti necə və haradan başlasın.

– Hə, bax, bu çox maraqlı şeydir; gənclik iksiri. – Qayınatasının bu sözləri onu fikirdən ayırdı. – İnsanı iyirmi-otuz yaş cavanlaşdırır.

Belə bir şey müasir təbabət elminin heç yuxusuna da girməz!

– Sizdə resepti varsa, verin, 2 nömrəli aptekdə mənim yaxın bir dostum işləyir, – deyə Rauf gülümsəyərək Xalidəyə göz vurdu.

Məzəli atmacaları baş tutanda onun özünə də ləzzət eləyirdi. – O, yarım saatın içində növbədənkənar, sizinçün həmin dərmanı hazırlayar, siz də içib cavan tələbə olarsız.

Qayınatası Raufun atmacasını cavabsız qoymadı:

– Harda, aptekdə? – o, pıqqıldayıb istehza ilə irişdi. – İnanmıram belə sifarişi qəbul eləyən tapılsın: son dərəcə qeyri-adi inqrediyentlərdir:

“xoruzun ilk banı qəbiristanlıqdan dərilmiş zirə, arı balında qarışdırılıb döyülmüş bahar ekstraqonu ilə cövüz...

– Bir də yəqin ki, bir parça şeytan dırnağı, ya da onun quyruğunun tükü, – deyə qayınana sehrli iksirin tərkibini təsvir edən bundan əvvəlki mətnin sonluğu ilə ərinin nitqini tamamladı.

Qayınata çox ciddi tərzdə etiraz etdi:

– Yox, burda şeytanın adı çəkilmir, – amma əvvəlcə kitabdakı mətni diqqətlə gözdən keçirdi, – elə onsuz da tərkibi çox mürəkkəbdir.

– Yaxşı bəs o ekstraqon nə olan şeydir? – deyə Xalidə maraqlandı.

– Demişdin, amma yadımdan çıxıb.

– Bu, tərxunun latınca adıdır.

Rauf heyrətini gizləyə bilmədi:

– Bazar doludu onunla, nə qədər istəyirsən, buyur, al! Biz elə bu gün də yemişik ki... Yəni bizim o həmən tərxundan?

– Bəli, həmən tərxundan. Elə zirənin özü də bizdə bitir; Bakı ətrafında sahil boyu zirə kolu çox olur.

– Elədir, dəniz qırağında olmağına olur, amma qəbiristanlıqda, çətin ağlım kəsir, – Raufun adəti idi, çap edilmiş sözə həmişə şübhə ilə yanaşardı. – Yazmağa nə var, götürüb yazıb: qəbiristanlıqdan dərilmiş... Zalım uşağı bilir nə yazır? Get axtar.

Qayınata səhifəni çevirərək fikri dağınıq halda ona cavab verdi:

– Məsələ zirədə deyil. Ən vacib və ən əsas şey axırda göstərilir, özü də bu, nə şeytan dırnağıdır, nə də div ürəyi... – o susdu, böyük maraq və intizar içində bu sehrli tutyanın adını eşitməyə tələsənlərə aramla göz gəzdirdi.

– Hər nədirsə, görünür, defisit şeydir, – deyə Rauf fikirləşdiyini dilinə gətirdi. – Yoxsa, camaat indi çoxdan bu reseptin üzünü köçürüb qaçmışdı cavanlaşmağa. Bir dənə də qoca qalmamışdı.

– Ola bilər, amma burda yazır ki, bu dərmandan hətta real tarixi şəxsiyyətlər də istifadə ediblər. Məsələn, II Ramzes, Assurbanipal, Ulu Karl… “Və onların gözləri alışıb yandı, qollarına və bellərinə güc gəldi”. – Qayınata gözünü kitabdan qaldırıb gülümsündü. – Əlbəttə, bu, elmi xəbərdən daha çox reklama oxşayır, amma elə mənim yadımda qalan, həmin o tarixi şəxsiyyətlər həqiqətən də çox yaşayıblar, ömürlərinin axırına kimi də qıvraq olublar, özü də cavan görünüblər.

– Ağzınızda padşah deyirsiz, görünər də. – Rauf bunu tam ciddi dedi. – Bütün dövrlərdə belə olub, belə də olacaq. Biz onların yerişini yeriyə bilmərik… Siz oxuyub qurtarmadız, quyruğu qaldı.

Dediyiniz o iksiri hazırlamaqçün daha nə lazımdır?

– Kərgədan buynuzu. Onu öküz saatı vaxtı həvəngdə yaxşıyaxşı döyüb, həmin o deyilən ekstraqonla, zirə ilə, cövüzlə və balla əməlli-başlı qarışdırmaq lazımdır. Hə, bir də dörd misqal ağırlığında qızıl pul lazımdır. Vəssalam, şüttamam.

– Nə vaxtı dediz, öküz saatı vaxtı, onu nə təhər başa düşək? Üzr istəyirəm, bircə dəqiqə, – Rauf qeyd dəftərçəsini çıxarıb yazmağa başladı. – İşdəkilərə danışmaq istəyirəm, bizim uşaqların xoşu gəlir bu cür maraqlı şeylərdən. – Eşitdiyi bu söhbəti o, heç kimə danışmaq fikrində deyildi. Sadəcə olaraq, öz hərəkətlərini, hər ehtimala qarşı, izah eləmək onun adəti idi.

– Öküz saatı gecə saat ikidir.

– Zirə yayda çiçəkləyir, deməli, saat hansı qayda ilə götürülür – adi qayda ilə, yoxsa yay qaydası ilə?

Qayınata özünü saxlaya bilməyib gülümsədi:

– Məncə, yay qaydası ilə… Ala, kitabı, götür, rahat-rahat köçür.

– Yox, Siz elə, yaxşısı budur, öz sözlərinizlə deyin, yazım, – deyə Rauf ondan xahiş elədi. – Yoxsa qəribə-qəribə sözlər var orda.

Deməli belə, tərxun yerinə qədər deyəsən hamısını yazmışam.

Gərək ki, düppədüz olsun… – Bir də kərgədan buynuzu. Onu da yazır, gərək həvəngdə lap narın olanacan döyəsən… – Hansı buynuzunu?

– Başa düşmədim. Necə yəni hansı?

– Sağını, solunu? Yoxsa hər ikisini?

Qayınata təmkinlə, heyrətini əsla büruzə vermədən:

– Fərqi yoxdur, – dedi, – hansı oldu, olar.

Süfrəyə çay gəldi. Diləfruz xanım da elə bil bunu gözləyirmiş kimi birdən dilləndi:

– Maraqlıdır, adam bir sınaya, bəlkə, doğrudan da, təsiri var?!

“Sən Allah, sən bir bu qartımış toyuğa bax, könlündən cavanlaşmaq keçir. – Bunu, əlbəttə, Rauf dilinə gətirmədi, çayındakı limonu əzə-əzə özü-özünə fikirləşdi. – Hər işim düzəlmişdi bircə elə bu qalmışdı”.

– Görünür, mən yazda Afrikaya səfərdən nahaq imtina eləmişəm – qayınata arvadına baxıb gülümsədi. – Cavanlaşmaq imkanını əldən vermişəm gedib.

– Özün deyirdin ki, putyovka çox bahadır, – deyə arvadı getməməyinin səbəbini onun yadına saldı. – Bir ətək pul ver, gəzdiyin də cəmi-cümlətanı üçcə ölkə.

Qayınata gülümsədi:

– Hə, cəmi-cümlətanı. Amma gör necə ölkələrdir də: Madaqaskar adası, Tanzaniya, Keniya. Özü də Serenqoti, Nqoronqoro qoruqlarını gəzmək şərtiylə… Siz bunu heç təsəvvür eləyirsiz?

Rauf xaricə putyovka söhbətinin uzanmasını heç istəmirdi.

Odur ki, tez bu mövzunu yekunlaşdırdı:

– Əvvəla, yazda siz bu resepti bilmirdiz – dedi. – İkincisi də ki, kim sizə icazə verərdi kərgədan öldürəsiz, indi daha Afrikada hamı ağıllanıb; qəzetlər hər gün bu barədə yazır.

Qayınata razılaşdı onunla və barışdırıcı tərzdə dedi:

– Zarafat eləyirdim. Lap əlimdə lisenziyam ola, icazə versələr mənə, kərgədana mən güllə atmazdım.

– Maraqlıdır, görəsən onun ətini yeyirlər?

Bu sual, qayınatanı çaşdıran kimi oldu və maraqla Raufa baxıb dedi:

– Bilmirəm, – sonra da tez əlavə elədi: – Amma ola bilsin ki, əti yeməlidir… Niyə soruşursuz ki?

– Heç, elə-belə, maraqlıdır, – Rauf öz-özündən razı qalmışdı ki, axır ona çətin bir sual verə bildi. – Bu vəhşi heyvandan, deyirəm, nə isə bir xeyir də olmalıdır, ya yox?!

Qayınata çevrilib divar saatına baxdı; bu o demək idi ki, yeməkdən sonra yatmağın vaxtı yaxınlaşıb. Rauf da baxışı ilə arvadını tələsdirdi. Amma o buna əhəmiyyət verməyib, başladı anası ilə stolun üstündəki qab-qacağı yığışdırmağa.

İndi, qarşıda cavanlaşmaqçün belə gözəl imkanlar açıldığı bir vaxt mənzilləri dəyişmək məsələsi ona çox xırda bir iş kimi görünürdü. Amma buna baxmayaraq o, söhbəti açdı, fikrini təfsilatı ilə izah elədi.

Qayınatası onun sözünü kəsmədən qulaq asırdı. Rauf mənzilləri dəyişməyin hər iki tərəf üçün xeyirli olduğunu deyəndən sonra da o, bir müddət dinmədi, nəhayət, dalğın halda kitabı vərəqləyəvərəqləyə:

– Bax, – dedi, – bu da maraqlı şeydir. Heyvanların dilini başa düşməyi öyrənmək olar. Məncə, çox faydalı davacatdır. Oxuyum?

Rauf təəssüblə, bir az dilxor, başını yırğaladı:

– Mən burda ciddi söz danışıram, demək olar ki, sizin nəvələrinizin taleyi həll olunur, siz isə başlamısız ki… Axı heyvanlarla danışmaq kimin nəyinə lazımdır?

– Burda onlarla danışmağın üsulu göstərilmir, – deyə qayınatası onun sözünə düzəliş verdi. – Görünür, bu, heç mümkün də deyil.

Heyvanları yalnız başa düşmək olar.

– Çox qəribədir, – qayınana söhbətə qarışdı. – Axı bu mənzilləri dəyişmək sizin nəyinizə lazımdır? Sizin də mənzil pis deyil, düzdür, mərkəzdə deyil, amma özünüz həmişə deyirdiz ki, oranın havası əladır. Qoca vaxtı bir yerdən başqa yerə köçmək çox mürəkkəb məsələdir, təkcə elə mebelləri burdan ora, ordan bura daşımaq nə deməkdir, mən bilirəm, hələ kitabları demirəm – iki min nüsxə kitabdır, zarafat deyil. Biz burda otuz il yaşamışıq, ən yaxşı günlərimiz bu divarların arasında keçib. – Onun səsi titrədi, tutqun və məsum baxışlarla ərinə baxıb susdu. Bu baxışlar Raufun ətini ürpəşdirdi. Qayınanası yaşda adamlarda hər cür incə-mincəliyi o, ədəbsiz riyakarlıq hesab eləyirdi.

– Siz məni başa düşmədiz, – Rauf səbirlə başladı təzədən izah eləməyə. – Biz sizinlə mənzillərimizi dəyişdirməyi yalnız sənədləşdirəcəyik, başa düşürsüz, sənədləşdirəcəyik. Hüquqi cəhətdən, yəni kağızda, biz dəyişirik mənzillərimizi, amma əslində yox. Kim indiyəcən harda yaşayıb, orda da yaşayacaq. Ancaq biz, – o, başının işarəsi ilə dinməzcə gözlərini divara zilləyib durmuş arvadını göstərdi, – iki balaca ilə bu evə yazılacayıq, siz isə ora. Rufatik də sizinlə ora yazılacaq. Allaha şükür, on altı yaşı tamam olub, yekə kişidir daha, pasport alıb. Özünüz təbrik elədiz ki, o gün.

– Yaxşı, indi ki, hər kəs öz evində qalır, onda bu dəyiş-düyüşün mənası nədir?

– “Aqillər buyurub ki, şeylərin dərin mənası o saat dərk edilmir”.

– Qayınata kitabdan bu kəlamı oxuyub güldü. – Təsadüfə bax! – O, üzünü arvadına tutub, – axı Rauf, – dedi, – hər şeyi sənə başa saldı: hələlik hər şey öz əvvəlki qaydasında qalacaq, amma sonra o, ailəsi ilə bura köçəcək, Rufatik isə onların mənzilində qalacaq.

Diləfruz xanım bu söhbətdən hələ də bir şey başa düşə bilmirdi:

– Sonra, yəni nə vaxt?

Qayınata başını qaldırdı və gülümsəyərək arvadına baxdı.

– Özün də gileylənirsən ki, qocalmışam. Hər şeylə maraqlanırsan, cavanlığında necə idinsə, o cür də qalmısan. Bu, çox mürəkkəb bir hüquqi əməliyyatdır, sən də istəyirsən ki, ondan baş çıxarasan. – O, çevrilib bir də divar saatına baxdı: bu da o demək idi ki, daha gecdir, yatmaq vaxtıdır. Ayağa qalxıb bənizi qaçmış qızına yaxınlaşdı və hansı hissin təsiriləsə onun başını sığalladı.

– Ürəyini sıxma, hər şey yoluna düşəcək.

Raufun yanından keçəndə o, başının hərəkəti ilə onunla sağollaşdı və yataq otağına keçib qapını arxasınca örtdü. Rauf diqqətlə kitaba göz gəzdirdi, sürtülmüş dəri cildini açdı və fikirlifikirli köhnə perqament səhifələri vərəqlədi; oradakı mətnlər adi adamçün anlaşılmaz idi. Rauf yatsaydı, heç yuxusuna da girməzdi ki, bu kitab onun həyatını necə kökündən dəyişəcək; buna baxmayaraq o, kitabı aparıb kitab şkafının ən yuxarı rəfində gizlətdi.

Çünki istəmirdi ki, onu başqa bir kimsə görsün. Kitabı götürüb aparmağa isə cürəti çatmadı. Qayınatası, ümumiyyətlə, mülayim olsa da, kitaba görə aləmi dağıdardı. O ki qaldı qayınatasının onun təklifini cavabsız qoymasına, bu, Raufu qətiyyən narahat etmirdi.

Çünki əvvəl-axır həmişə onun dediyi olurdu. Evlənəndən sonra ilk vaxtlar, arvadının valideynləri hələ nə qədər ki, cavan və sağlam idilər, Rauf çox səy göstərməli olurdu. Lakin indi, otuz il keçəndən sonra onun arzuları bütün müqavimətləri asanlıqla qırıb atırdı.

“Əlbəttə, o, alim adamdır, ağıl dəryasıdır və sairə və ilaxirə, amma zəmanə adamı deyil, həyatdan uzaqdır. Mən olaydım onun yerinə!..” Qayınatasının saysız-hesabsız elmi adlarını və dərəcələrini yadına salıb Rauf dərindən kədərli bir ah çəkdi və onun bu ahı hədər getmədi, çünki üzbəüz oturmuş arvadı bunu öz payına götürdü, çünki bir az əvvəl o, ərinin başladığı söhbətə nəinki qoşulmamış hətta açıq-aşkar yaxasını kənara çəkərək, bir növ, ərinə xəyanət eləmişdi.

Qaşqabağını töküb oturmuş arvadının görkəmi onu qoymurdu fikrini cəmləşdirsin. Odur ki, Rauf qalxıb qayınatasının iş otağına keçməli oldu: o biri otaqlara nisbətən bura onun daha çox xoşuna gəlirdi. Qapını arxasınca örtüb, hələ qayınatası ilə söhbət zamanı başında yaranmış planın bəzi detallarını xəyalən dəqiqləşdirməyə başladı. Bu otaqdan göy dəniz və Bir may münasibətilə rəngbərəng bayraqlarla bəzədilmiş gəmilər görünürdü. Ancaq pəncərədən gah quşların həyəcanlı civiltisi, gah da körpə yarpaqların xışıltısı eşidilirdi; bu da o demək idi ki, tələsmək lazımdır – bahar gəlib.

O, qonaq otağına qayıtdı. Arvadı ilə qayınanası kinodan qayıtmış uşaqları yedirdirdilər. Səbrini basıb gözləməli oldu. Yemək mərasimi qurtaran kimi, elan elədi ki, evə getmək vaxtıdır və bu da arvadının ürəyindən olmadı.

Dəhlizdə onlar qohumları ilə rastlaşdılar. Qayınatanın bacısı oğlu Kamil idi – arvadı ilə təşrif gətirmişdi.

O, hər şənbə dayısına baş çəkirdi. Halbuki, Raufun fikrincə, buna heç bir ehtiyac yox idi, çünki son üç ili, bacıoğlu aspiranturanı qurtarandan sonra, hər ikisi bir institutda işləyirdi və dayısını işdən sonra evə ötürəndə dərin bir məhəbbətlə sevdiyi xalası ilə demək olar ki, hər gün görüşürdü. Onların bir idarədə işləmələrini Rauf ehtiyatsızlıq kimi qiymətləndirirdi, amma nə qayınatası, nə də Kamil onun fikri ilə heç hesablaşmırdılar. Kamil dayısı ilə hətta bir mərtəbədə işləyirdi, bu da ki, Raufun fikrincə, ictimaiyyəti daha artıq qıcıqlandırırdı. Hərçənd bu üç ildə bir dəfə də olsun onların ünvanına qohumbazlıq üstündə, himayədarlıqla əlaqədar ittiham irəli sürülməmişdi, Rauf uzaqgörən bir adam kimi yaxşı bilirdi ki, gec-tez onlardan biri özünə başqa yerdə iş axtarmalı olacaq. Və bu lovğa, özündən razı gəncə ürəyinin dərinliyində gizli bir kin bəslədiyi üçün arzu eləyirdi ki, bu əhvalat onun müdafiəsindən əvvəl baş versin.

– Tacir oğlanlara eşq olsun! – Kamil qəsdən onu xüsusi bir təntənə ilə salamladı və Raufun görüşməkçün uzanmış əlini cavabsız qoyub, qarnını sığalladı. – Bunu da ki, xüsusi bəsləyirsən də?

Kamilin arvadı Minarə gülməyini zorla saxladı. O, boylubuxunlu bir qadın idi və onda o qədər şirinlik, cazibə var idi ki, Rauf hər dəfə onu görəndə içərisindən mum kimi əriyirdi.

“Gül, gül, – deyə o, Minarənin gülümsəyən gözəl dodaqlarına baxa-baxa fikirləşdi, – çox güman ki, lap yaxın vaxtlarda mən sənin o bir dılğır dissertasiyandan ötrü ayın hər iki başı düşüb ezamiyyətdə qalmış lüt-üryan ərindən qədd-qamətli yaraşıqlı olacağam. Onda baxarıq bizim üçümüzdən kim güləcək”.

Birdən Rauf bu yersiz görüşdən heç olmasa bir xeyir götürmək qərarına gəldi. Odur ki, mehriban, xoş bir təbəssümlə Kamilə üz tutub dedi:

– Hə, yaxşı gördüm səni, elə bu gün yadıma düşmüşdün. Sən gəl mənə bir məsləhət ver: bu ovçular cəmiyyəti var ey, ora üzv olmaqçün nə eləmək lazımdır?

– Ovçular və balıqçılar, – Kamil ona dərhal düzəliş verdi və təəccüblə soruşdu: – Sən özün ora üzv olmaq istəyirsən?

– Əlbəttə, özüm. İşim-gücüm qurtarıb, başqası üçün xahiş eləyim?!

– Axı mən biləni, ömürbillah sənin ovdan zəhlən gedib, üstəlik, təbiətin gözəlliyini də heç vaxt duymamısan. Birdən nə oldu ki, ovçuluq eşqinə düşdün. Səhv eləmirəmsə, biz səninlə gərək ki, bir dəfə ova getmişik. Lənkəran tərəfə deyəsən, hə?

Rauf on il əvvəl qayınatası və Kamillə bir yerdə Qızılağac qoruğuna getdiklərini xatırladı və qanı qaraldı:

– Onun harası ov idi?! – Həmin səfərdən o, dilxor qayıtmışdı.

Kənardan baxanda bu, həqiqətən ova oxşayırdı. Qayınatası ilə Kamil lap yaxın məsafədən sakitcə durub onlara tamaşa eləyən heyvanlara avtomat beşaçılan tüfənglərdən atəş açırdılar. Yaralı marallar, ceyranlar yüz-yüz əlli metr qaçandan sonra yavaş-yavaş yerə sərilirdilər. Onlar yuxulu vəziyyətdə heç nə görmür, heç nə eşitmir, dərilərinə xüsusi rəngli işarə qoyub, yuxu güllələrinin dəydiyi yerə leykoplastr yapışdıran adamlara məhəl qoymurdular. Bütün günü beləcə davam elədi. Buterbrodlarını da ayaqüstü yedilər.

Sonra Rauf ocaq qalamaqçün xeyli çır-çırpı, quru budaq yığdı və bıçağını çıxarıb quzudan azca böyük maral balasını kəsmək istədi ki, kabab çəksinlər. Kamillə qayınatası onu kənara itələyib bir hayküy saldılar, bir hay-küy saldılar, elə bil o, bıçağı onların babaları Qəzənfərin ürəyinə sancmaq istəyirmiş, Rauf bərk incimişdi, çıxıb gedəcəkdi də, maşın dayanacağına cəmi beş kilometr olardı, amma yol iki yerdə qamışlıqdan keçirdi, qorxurdu ki, aza. O, gələcəkdə çəkiləcək qaz kəməri üçün hazırlanmış beton borunun üstündə oturub fikirləşirdi ki, sən bir dünyanın işinə bax, beş-on manatlıq bir heyvanın üstündə qohuma elə bozarır, az qalır insanlıq sifətindən çıxsın. Rauf həm də bu heyvanpərvərlərdən adi şəhər şəraitində necə əvəz çıxacağını götür-qoy eləyirdi. Elə bu vaxt ağacların arxasından zorba bir qaban (çöldonuzu) çıxdı. Rauf baxıb gördü ki, qoruğun başqa sakinləri, məsələn, marallarla, qızılqazlarla və hətta çaqqallarla müqayisədə bu qəfil qonaq həddindən artıq vəhşidir və 298 natəmizdir. Onun seyrək qara qılla örtülmüş nəhəng cəmdəyi qan sızmış xırda gözlərinəcən palçıq içində idi. Bu cəhənnəm, qılınca oxşayan və qılınc kimi itiuclu, qabağa çıxmış sapsarı iri dişləri adamın canına üşütmə salırdı. Qaban durduğu yerdə birdən niyəsə qəzəblə xortuldayıb Raufun üstünə cumdu. Bir anın içində qabanın niyyətini anlayan Rauf, gözlərindən qan daman vəhşi heyvandan da cəld tərpəndi, amma onunla müqayisədə Rauf zirək çölsiçanı kimi bir şey idi: o, oturduğu borudan cəld sürüşüb dizləri üstə düşdü və iməkləyə-iməkləyə özünü borunun ağzına çatdırdı, bir göz qırpımında deşiyə təpilib yox oldu. Raufun hesablamaları düppədüz çıxdı; qaban borunun içinə soxulmadı, qaz kəmərinin içində görünən dabanlara xarıldaya-xarıldaya, fınxıra-fınxıra təəccüblə xeyli tamaşa elədi, hərlənib fırlandı, sonra dönüb yerində qaldı və birdən elə bil qıçları qırıldı – böyrü üstə yerə yıxıldı; bir az əvvəl dəymiş yuxu gülləsi təsirini göstərmişdi.

Borunun o biri ağzından Raufun başı görünəndə, Kamil qəşş eləyib getdi özündən. Qayınata tez, təngnəfəs qaçıb gəldi; o zaman o hələ qaça bilirdi. Qoca bərk həyəcanlanmışdı. O, Raufun üstbaşına yapışmış hörümçək torunu təmizləyə-təmizləyə, onun əhvalını soruşurdu. Kamil isə hey gülür, özünü saxlaya bilmirdi.

İndinin özündə qabanın fınxırtısına oxşayan o gülüş yadına düşəndə Raufun ürəyi bulanır.

– Yaxşı, o cəmiyyətə üzv olmaqçün nə lazımdır?

– Yəqin ki, ərizə, fotoşəkil, bir də bəzi arayışlar. Mən çoxdan oranın üzvüyəm, hələ ordu sıralarında olandan. Həm də görünür, orduda qayda-qanun bir az başqa cürdür. Hər halda, öyrənib deyərəm sənə. Amma başa düşə bilmirəm, birdən-birə nə olub sənə, yəni doğrudan ovçuluq həvəsinə düşmüsən?

“Hə, gözlə, bu saat səbəbini açıb deyəcəyəm sənə”, – deyə Rauf ürəyində güldü və ona və Minarənin daha dəhlizdə durmayıb qonaq otağına keçdiyini görüncə, cavab verdi:

– Sən inanma, inanma sən, – o, səsini bir azca qaldırdı ki, Minarə eşitsin onun sözlərini. – Elə bilirsən Rauf elə-belə, adi, maraqsız bir adamdır, ailəsindən başqa heç nə ilə maraqlanmır. Bir gün gələr, başa düşərsən ki, səhv eləmisən, yaxşı tanımamısan məni.

Minarə dönüb dinməzcə Raufa mənalı bir nəzər saldı. Onun sözləri hədəfə dəymişdi. Raufun bütün varlığını qələbə sevinci 299 bürüdü. “Bax belə, hələ siz sonra görəcəksiz analar necə oğullar doğub”.

Kamil söhbəti yekunlaşdırıb dayısı qızı və onun uşaqları ilə görüşüb ayrılmaq əvəzinə, başladı bir az da uzatmağa.

– Əvvəla, mən heç vaxt o fikirdə olmamışam ki, guya səni həyatda yalnız ailə maraqlandırıb, ikincisi də ki... – Rauf imkan vermədi o, sözünü deyib qurtarsın:

– Əzizim, bilirsən nə var, sən ki belə ağıl dəryasısan, niyə dissertasiyanı yazıb qurtarmırsan?! Dörd ildir elə qurdalanırsan. Yaxşısı budur, get özünə bir gün ağla. Xudahafiz. – O, qəhqəhə çəkib bərkdən güldü və tez bayıra çıxdı ki, son söz onunku olsun.

* * * Bir aydan sonra o, ovçular cəmiyyətinə üzv oldu. Və təptəzə üzvlük vəsiqəsini mağazaya təqdim eləyib yaxşı bir tüfəng aldı.

Satıcının tüfəngin pasportunda elədiyi qeydiyyatı piştaxtanın yanındaca diqqətlə yoxlayandan sonra, mağaza müdirinin yanına getdi.

Müdir səliqə-sahmanla pasporta imza atıb möhür vurdu. Vəssalam.

İndi daha silah saxladığına görə bir kişi də onu “gözünün üstə qaşın var” deyə bilməzdi. Hər şey rəsmi, hər şey qanuni idi. Rauf tüfəngi maşınının yük yerinə qoydu; onun hərtərəfli düşünüb hazırladığı planın həyata keçirilməsində tüfəngin də öz yeri var idi. Rauf onu evdə heç kimə göstərmədi, necə vardısa, eləcə brezent örtükdə – asılqanın arxasında gizlətdi.

Zirə yetişməyə başlayanda Rauf demək olar ki, hər gün işdən sonra maşını sürüb şəhərdən çıxırdı. Özü də indi o daha dənizkənarı kurortların maketindəki çimərlik çətirlərini xatırladan bu ətirli kolların bitdiyi bütün Abşeron qəbiristanlıqlarının yerini bilirdi.

Hamısından tez zirə Şüvəlan qəbiristanlığında yetişdi. O, kolları bir-bir diqqətlə nəzərdən keçirdi – toxumlar artıq qaralmışdı və əl vuran kimi qabıqlarından asanlıqla soyulub çıxırdılar.

Qarşıdakı işlərin nigarançılığı ilə bir azca qayğılı olsa da, bu səhər Raufun kefi kök idi. O, kresloda oturub dəlləkxananın adamı məst eləyən ab-havasından uymuşdu; Ağasəfa isə dəllək qayçılarının yeknəsəq çıqqıltısı altında ona, “sanballı müştəriyə” layiq şəhər yeniliklərini danışırdı.

– Bu günlərdə sən mənə lazım olacaqsan, dodaqları sabun köpüyündə olduğundan, o çox ehtiyatla danışırdı. – Deyirəm şəhərdən çıxıb havamızı bir dəyişək.

Onun bu təklifi Ağasəfanın ürəyindən idi, amma o saat razılıq vermədi, bir balaca götür-qoy elədi görsün ki, imkanı var, ya yox.

Sonra dilləndi:

– Nə deyirəm, mən hazır. Amma bu başdan deyim, biləsən – istirahət günüm çərşənbə günüdür.

– Əla, onda elə günü sabah çıxarıq şəhərdən.

– Sabah niyə? Sabah hələ çərşənbə axşamıdır.

– Səninlə bizim səfərimiz gecə səfəri olacaq. Səhərisi doyunca yatarsan. Şüvəlana gedəcəyik.

– Getməyinə gedək, sözüm yoxdur, – Ağasəfa arif adam idi, artıq başa düşmüşdü ki, Rauf onu gəzməyə aparmır. – Amma mən gərək evdəkilərə bir söz tapıb deyəm, hara gedirəm, gecəni harda olacağam.

Deyirsən ki, dostum Rauf elmi təcrübələr aparır, xahiş eləyib ki, ona kömək eləyim.

Harda, Şüvəlanda? Yoxsa, akademiya açıblar orda, Ağasəfa gülməyini zorla saxladı Bacıoğlu, bizim arvadın əsli o tərəflərdəndir.

Elə bir kəlmə bu söz bəsdir ona! Səndən də, məndən də yaxşı bilir ki, milisdən başqa orda heç bir elmi idarə yoxdur.

Ağasəfa, çox vacib bir işçün aparıram səni, gərək kömək eləyəsən mənə. Cəmi də üç-dörd saat vaxtın gedəcək. Saat ikiyə işləmiş çıxmalıyıq şəhərdən...

Ağasəfa onun sözünü yarımçıq kəsmək istədi:

– Yaxşı, gecənin bu vaxtı biz Şüvəlanda nə eləyəcəyik?

– Mən heç bilməzdim ki, sən belə hövsələsiz adamsanmış; hər şeyi gərək elə o saat biləsən, – Rauf bir az dilxor olan kimi oldu.

– Ülgücünü o yana elə bir görüm. Səninləyəm, çək ülgücünü o yana.

– Nöşün?

– Birdən diksinib eləyərsən, xata çıxar əlindən, – səfər zamanı gözlənilməz hadisə-zad olmasın deyə Rauf bu qərara gəldi ki, biriki şeyi qabaqcadan açıb Ağasəfaya desin. – Biz, qəbiristanlığa gedəcəyik. Hə, hə, təəccüb eləməli bir şey yoxdur burda. Cəmicümlətanı üç saatlığa. Sən orda heç maşından da çıxmayacaqsan.

Hə, nə deyirsən?

– Bacıoğlu, zarafat eləyirsən, deyəsən axı? – Ağasəfa bunu elə soruşdu ki, elə bil Raufun dediklərinin zarafat olduğuna özünü inandırmaq istəyirdi.

– Zarafat nədir, ciddi söz danışıram səninlə. Heç vaxt getməmisən, öyrəşməmisən, ona görə də qəribə gəlir sənə. – Rauf Ağasəfanın şübhələrini dağıtmağa, onu ürəkləndirməyə çalışırdı. – Nə var axı burda, Allah qoysa, sabah gedəndə özün görəcəksən. Qəbiristanlıqdır də...

– Bacıoğlu, bəlkə, mənim yerimə...

– Sənin yerinə, – deyə Rauf onun fikrini özü tamamladı, – yüz adam taparam, hara da desəm, başı üstə gedərlər mənimlə, o asan məsələdir. Amma onlar mənə lazım deyil. Sən mənim dostumsan, inandığım adamsan, ona görə də başqasının yox, sənin yanına gəlmişəm. – Bu yerdə Raufun qanı bir az qaraldı, çünki arvadı düşdü yadına; niyəsə o beyninə yeritmişdi ki, Raufun Arifdən başqa həqiqi dostu olmayıb və yoxdur o da ki, çoxdandır yoxa çıxıb.

– Yaxşı, qaşqabağını sallama, demədim ki, getmirəm, – Ağasəfa heç istəmirdi Raufu küsdürsün özündən. – Nahaq inciyirsən. Mən gərək bir fikirləşəm ya yox?! Düzdür, sən deyirsən filandır, beşməkandır, amma hər halda qəbiristanlıq elə qəbiristanlıqdır, onda da ola gecə yarısı. Bu səninçün talvar altında oturub, qabağında pürrəngi çay nərdtaxta oynamaq deyil...

Onlar Şüvəlan qəbiristanlığına gəlib çatanda gecə saat iki idi.

Hava saat altıda işıqlanmağa başlasa da, Rauf risk eləyə bilməzdi, bir də gördün yuxusuzluq xəstəliyinə düçar olmuş səfeh bir xoruz korladı işləri, səhəri gözləməyib bivaxt başladı banlamağa. Ona görə də o, bura belə tez gəlmişdi ki, ilk xoruz banını eşidən kimi başlasın zirə yığmağa. O, mütləq əmin olmalıydı ki, eşitdiyi ban həqiqətən də ilk xoruz banıdır.

Maşın qəbiristanlığın girəcəyində dayanan kimi Ağasəfa oturduğu yerdəcə donub qalmış bir vəziyyətdə soruşdu:

– Qəbiristanlıq burdan çox uzaqdır? – Rauf fikir verdi ki, o, gözlərini düz irəli zilləyib və çalışır yan-yörəyə baxmasın.

– Elə burdadır, çatmışıq. – O, maşını döndərdi, fənərlərini lap gur yandırdı və doqqazı açıq alaqapını Ağasəfaya göstərdi. Ağasəfa bir az fikirləşəndən sonra dedi:

– Atalar yaxşı deyib: “Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır”. Sən gəl mənə qulaq as, hər nə işin varsa, saxla səhərə...

Qaranlıqda görməzsən, ilandan-zaddan tapdalayarsan, ya da quduz itə rast gələrsən, çox şey ola bilər.

– Vallah, qəribə adamsan, – Rauf gördü ki, qoca əməlli-başlı qorxur, gülümsədi. – Dirilərdən qorxmaq lazımdır, kişi, dirilərdən.

Buradakılar daha heç kimə bir pislik eləyə bilməzlər. İstəyirsən, sən maşında qal.

Rauf maşından düşüb, qəbiristanlığa tərəf gedəndə Ağasəfanın ürəyi gəldi yerinə, hər halda qəbiristanlıqdansa, maşının içi arxayınçılıqdır.

O, Raufun dalınca:

– Lazım olsam sənə, çağır gəlim, – dedi və pəncərələri qaldırıb qapıların hamısını içəridən bağladı.

– Ay sağ ol. Sən otur, radioya qulaq as. Su da, yemək də dal oturacaqdadır, xətrin istəsə götür. Mən qayıdıram bir azdan.

Rauf maşınına xüsusi bir qurğu düzəltdirib qoymuşdu, maşını qaçırtmaq qəti mümkün deyildi, onun əsas narahatçılığı yapon kombaynı sarıdan idi. Kombayn radioqəbuledicidən, rəngli televizordan və reversli stereofonik maqnitofondan ibarət idi. Rauf bilirdi ki, bunlardan ötrü şəhərdəki maşın həvəskarlarının çoxunun ürəyi gedir. Elə bəzi piyadaları da onun qiyməti yoldan çıxara bilərdi.

Ona görə də Rauf maşınını heç vaxt nəzarətsiz qoymurdu. Amma onun ağlına gəlmirdi ki, dünya radiotexnikası hələ elə bir qeyri-adi cihaz icad eləməyib ki, o cihazın xatirinə Şüvəlanda gecəyarı qəbiristanlığa gəzintiyə çıxan bir adam tapılsın.

Rauf dəmir doqqazı var gücü ilə özünə tərəf çəkib açanda qapı cırıldadı və o fikirləşdi ki, alaqapı səhərdən axşama kimi taybatay açıq olduğundan, görünür, illərlə bu doqqazı bir bəni-insan açıb eləməyib. Əl fənəri ona lazım olmadı. Bədirlənmiş ay gur işığını bütün qəbiristanlığa salmışdı. Başdaşılarının qum üzərindəki kölgələri o qədər qatı idi ki, adam onları sinədaşı bilib üstündən atılmaq istəyirdi. O, kollara tərəf getdi, hasarla qəbirlərin arasını zirə kolları elə basmışdı ki, keçmək mümkün deyildi. O, iri bir tava daşının üstündə oturdu.

Dəniz yaxın idi bura, amma bu gün külək dənizdən əsdiyindən dalğaların səsi daha aydın eşidilirdi və adama elə gəlirdi ki, hasarın 303 o üzü dənizdir. Havadakı rütubətdən onun köynəyi bədəninə yapışırdı, ona görə də pencəyini düymələməli oldu. Bir azdan Rauf saatına baxanda, təəccüb qaldı – vaxt yaman sürətlə keçmişdi.

Göy üzü şərq tərəfdə güclə seziləcək dərəcədə ağarmağa başlamışdı.

O, hesabladı ki, ən tənbəl xoruzun belə oyanmağına bir saatdan artıq qalmayıb. Oturmaqdan sol ayağı keyimişdi. Rauf durub qəbirlərin artasındakı cığırla üç-dörd dəfə o başa-bu başa gəzindi.

Külək birdən-birə elə dayanır ki, elə bil qapını bağlamısan üzünə.

Daha yarpaqların xışıltısı da eşidilmirdi – təbiət sanki donub qalmışdı.

İndi yalnız gözə görünməyən dənizin yeknəsəq uğultusu eşidilirdi.

O, qətiyyən qorxu hissi keçirib eləmirdi, çünki gözəl dəniz sahilinin daş hasara alınmış və qranitlə, mərmərlə və sair qiymətli daşlarla cərgələnmiş bir parçası əcdadlarımızın, yaxın qohuməqrəbamızın sümüklərinin torpağa qarışdığı bir yer idi, vəssalam.

Başqa söz-söhbətlərin hamısı onun nəzərində cəfəngiyat idi, şüurlarda keçmişin qalıqları idi. O, ümumiyyətlə, hər şeyi, dünyada baş verən bütün hadisələri sağlam insan ağlının reallıq adlanan etibarlı süzgəcindən keçirirdi.

Yüngül mürgü içində Rauf hiss elədi ki, nə isə xoş bir qoxu var havada. Əvvəlcə çox zəif duyulan bu qoxu sürətlə artdı, elə bil hardasa yaxınlıqda içi ətirli maye ilə dolu bir qabın ağzını açmışdılar.

Rauf maraqlanıb ayağa durdu və zirə kollarına yaxınlaşanda qəti əmin oldu ki, birdən-birə ətrafı bürüyən bu şirin, xoş qoxu zirədən gəlir. Kolların ətri saat beşlə işləmiş daha da artmağa başladı və elə məhz bu vaxt ilk xoruz banladı. Demək olar ki, elə o saat başqa xoruzlar da ona qoşuldular, səsinə səs verdilər. Amma Rauf bu xorun solo banlayan xoruza qoşulmağına qədər keçən ani vaxt ərzində macal tapıb bir neçə zirə qıçasını kökündən çıxara bildi. Xoruzlar elə bil yarışa girmişdilər; biri o birindən bərk banlayırdı. Qulaqbatırıcı bu səsə ilk dəfə qulaq asan şəhərliyə elə gələ bilərdi ki, yaxınlıqda gur səsli xoruzlar yetişdirən xüsusi quş ferması var.

Xoruzların banı birdən kəsildi və gecənin adamı xoflandıran bu sakitliyində dəniz tərəfdən yalnız tənha bir qağayının ət ürpəşdirən kədərli çığırtısı eşidildi. Rauf qəbir daşının üstünə yığdığı zirə qıçalarını səliqə ilə dəstələyib ortasından bağladı. Ona elə gəldi ki, 304 bu zirə dəstəsinin ətri yoxdur; iylədi, həqiqətən də yox idi. Bayaq onun yuxusunu qaçıran o gözəl ətir qətiyyən hiss olunmurdu.

Rauf təəccüb qalmışdı. O, kolluğa yaxınlaşdı, bir neçə kolu əməlli-başlı iylədi, amma rütubət qoxuyan ot iyindən başqa bir şey gəlmədi burnuna. O gözəl ətir büsbütün çəkilib getmişdi. On beş dəqiqə əvvəl adamın əlində çox asanlıqla qırılan zərif qabıqlı qıçalar neylon çubuqlar kimi elastiki olmuşdu. Zirə qıçasını didişdirib birtəhər qırandan sonra o, quşlarla bitkilər aləmi arasındakı gizli əlaqənin sirrini açıb, göstərən qədim əlyazma müəllifinin dərin elminə heyranlıq əlaməti olaraq başını yırğaladı.

Əlində zirə dərzi maşına tərəf getmək istəyirdi ki, bir də Raufun gözü bütün gecəni söykənib ilk xoruz banını gözlədiyi başdaşına sataşdı. İllərin yağışı-qarı, tez-tez dənizdən əsən sərt küləklər daşın üstündə yazılmış adı pozmuş, yaxşı oxunmurdu.

Adın aşağısındakı yazı isə doğum və ölüm günləri – necə deyərlər, insan ömrünün qısa tarixçəsi – hələ də aydınca oxunurdu, ələlxüsus onun birinci hissəsi: 9.6.1929. Raufun diqqətini də dərhal bu rəqəmlər cəlb etdi, daha doğrusu, bu rəqəmlər böyüdü onun gözündə və olan-qalan yuxusunu da qaçırtdı. O donub qalmışdı. Tədricən canına vicvicə düşdü, fikri də qarışıb dumanlandı.

O gözünü əlli il əvvəl tarixin əbədiyyat kitabına onun ad günü kimi qeyd olunmuş bu rəqəmlərdən ayıra bilmirdi. Özünə əmr etdi ki, Rauf, özünü ələ al, amma elə o dəqiqə də başa düşdü ki, bunu bacarmayacaq. Təskinlik tapmaq ümidi ilə qəbir daşında nə isə başqa bir söz axtarmağa başladı, hətta əl fənərini də yandırdı, amma mənasız naxışların fonunda yenə də həmin tanış rəqəmləri gördü...

Rauf yavaş-yavaş geri çəkildi, sonra dönüb yan-yörəsinə baxmadan çıxış yoluna tərəf üz qoydu. O, zorla özünü qaçmaqdan saxlayırdı.

Bir neçə addım atandan sonra başa düşdü ki, yolun bir hissəsi, özü də ən pis hissəsi darvazanın sağındakı sərv ağacının yanından keçir. İlk baxışda bu ağac qonşuluğundakı o biri ağaclardan seçilmirdi. Elə ona görə də qəbiristanlığa girəndə Rauf ona əhəmiyyət verməmişdi. Amma indi o, hiss eləyirdi ki, daha doğrusu, qəti bilirdi ki, qara məxməri yarpaqlarının arasından kimsə baxır və özü də buz kimi soyuq ölü gözlərini ondan çəkməyərək, yaxınlaşmağını gözləyir.

Bu dəhşətli gözlərin ağırlığı altında o, elə heysizləşdi ki, dayanmalı oldu. Bu vəziyyət bir neçə an çəkdi – qəfildən boynunun ardında kiminsə nəfəsini hiss elədi, elə bir kimsə kəsik-kəsik nəfəs alırdı. Eyni zamanda kürəyində də bir əl gəzirdi və onu müdhiş zülmətin dərinliyində gizləmiş o əcaib, qıllı məxluqa doğru itələyirdi.

Dəhşətdən tükləri biz-biz oldu, canındakı vicvicə daha da artdı, keyimiş əllərindən zirə dəstəsi də, termos da sürüşüb yerə düşdü.

Rauf qaçmağa üz qoydu, amma elə o dəqiqə də hiss elədi ki, qaça bilmir, dizlərinin taqəti yoxdur. Özünü ürəkləndirməkdən ötrü, mahnı oxuyurmuş kimi, başladı xırıltılı səslə nə isə qışqırmağı.

Bu səsin saysız əks-sədası onu lap dəhşətə gətirdi və olan-qalan huşunu başından çıxardı.

Ağasəfa yumaq kimi yığılıb Raufun hərəkətlərinə göz qoyurdu.

Rauf özünü tamam itirmiş halda soyumuş mühərriki birtəhər işə saldı, böyük sürətlə maşını yerindən tərpətdi.

O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta Mərdəkanı keçəndən sonra radionu yandırdı, xeyli qurdalayandan sonra əlini uzun dalğadakı verilişlərdən birində saxladı; tez-tez eşidilən “senyor” və “kommuna” sözlərindən bu qənaətə gəlmək olardı ki, veriliş ispan dilindədir, ya da uzaqbaşı italyan dilində. Rauf diqqətlə xeyli qulaq asdı. Birdən o, yanındakı sərnişini gördü və dərhal tanıdı onu.

Salam verdi, salamını aldı, hal-əhval tutdu. Evində-eşiyində, işindəgücündə nə var-nə yox – hamısı ilə maraqlandı. Ağasəfa bütün suallara təmkinlə, ətraflı cavab verdi.

Şəhərə çatanda Rauf, demək olar ki, tamam özünə gəlmişdi.

O qədər özünə gəlmişdi ki, hətta ötən hadisələri beynində təhlil edib müəyyən nəticəyə gələ bildi. Qeyri-ixtiyari olaraq, ucadan:

– Qoca kaftar! – dedi, elə o saat da fikirləşdi ki, bu sözlər Ağasəfanın şəhər kənarına gəzintidən aldığı xoş təəssüratını korlaya bilər. Ona görə də onu inandırmağa çalışdı ki, bəs ağzından çıxan söyüşün əsla ona dəxli yoxdur, qayınatasının ünvanına deyib; deməyə də haqqı var, çünki onu bu axmaq fikrə salan qayınatası olub, özünün əcaib-qəraib elmi söhbətləri ilə.

Ağasəfa hiss elədi ki, söhbətin vaxtı çatıb, astadan zəif səslə xatırlatdı:

– Mən sənə demədim ki a, gecə qəbiristanlığa getməzlər?! Saqqalım yoxdur, sözüm keçmir. – Elə o özü də indi-indi özünə gəlirdi.

– Amma yaman qorxutdun məni. Sən qaça-qaça gəlib maşına salanda özünü, nə halda idin, onu bir mən gördüm, sən heç təsəvvürünə gətirə bilməzsən.

– Elə bilirsən ki, mən qəbiristanlıqdan qorxmuşdum? Səhvin var. Qəbiristanlıq qəbiristanlıqdır, istəyir gecə olsun, istəyir gündüz – fərqi yoxdur; sinə daşıdır, başdaşı; altında da torpağa qarışmış bir yığın sür-sümük! – Rauf özündən çıxmışdı. O, əsla mövhumatazada inanan adam deyildi. Hətta o, müəyyən mənada ateist də hesab oluna bilərdi, çünki həmişə Allahın varlığına şübhə ilə yanaşırdı və ürəyində arxayın idi ki, Allah yoxdur. – Düzünü bilmək istəyirsənsə, bir məsələ orda məni möhkəm dilxor elədi, sonra danışaram sənə, bərbərxanaya gələndə... Səndən çox razıyam, yoldaşlıq elədin mənə. – O, maşını Ağasəfanın evinin qabağında saxladı, soyuq, arıq əlini bərk-bərk sıxıb onunla xudahafizləşdi.

Sağ ol, gecən xeyrə qalsın. On gündən sonra görüşərik. Zəng eləyəcəyəm sənə.

Rauf, az qala bir göz qırpımında gəlib evinə çatdı, hər halda ona belə gəldi, çünki Ağasəfadan ayrılandan sonra bir də baxdı gördü ki, maşını həyətə sürür. Maşını qaraja qoyub evə qalxdı. Bir az mətbəxdə oturdu, bir dənə buterbrodla bir butulka pivə içdi, sonra elə buradaca pal-paltarını soyunub sakitcə yataq otağına keçdi.

Qəribədir ki, o, dərhal yuxuya getdi. Amma ayılandan sonra hiss elədi ki, bugünkü yuxudan heç bir ləzzət almayıb.

Belə baxanda yuxuda, sən deyən qeyri-adi hadisə-zad baş verməmişdi, hələ desən, əvvəli heç pis də deyildi, adamın ruhunu oxşayırdı. Rauf gördü ki, əlində tilov qayada oturub balıq tutur.

Hava da əladır, göy üzü dumduru, mavi rəngdədir, amma günəş görünmür. Qayanın üstündən baxanda dənizin göy üzü kimi tərtəmiz mavi suyu həm ilıq, həm də bir az sərin gəlirdi adama. Bir sözlə, dəniz ruhu elə oxşayırdı ki, dəhşətli bir qüvvə ilə adamı özünə çəkirdi. Rauf da yuxuda saxlaya bilmədi özünü, istədi bir baş vursun bu mehriban, bu şəfqətli sakit dənizə və doyunca içsin onun suyundan, yanğısını söndürsün. Amma elə ki, o, tilovu bir kənara atıb suya baş vurmaq istədi, çeçələ barmaqdan bir az böyük xul 307 balıq, ya da kilkə qarmağa ilişib çapalamağa başladı. Və bununla da yuxunun şirin hissəsi qurtardı. Tilov sanki donub ağır bir ling oldu və onun əllərini bərk-bərk titrətdi. Sudan isə xul balığın yerinə qıc olmuş vəziyyətdə iri qara bir balıq çıxdı, domba gözlərini Raufa bərəltdi. Tilovun ipini uda-uda o, sürətlə Raufun üstündə durduğu qayaya yaxınlaşır, zarıya-zarıya qanlı köpük tüpürürdü. Rauf tilovu kənara atıb qaçmaq istədi, amma tilov əlinə saqqız kimi yapışmışdı, qopmurdu. O, nəzərlərini balığın dəhşətli gözlərindən qaçıra bilmirdi, bu gözlər onu özünə doğru çəkirdi. Rauf yarpaq kimi titrədi və qulaqbatırıcı bir səslə çığırdı.

Öz çığırtısına ayılandan sonra ürəyi az qalırdı yerindən çıxsın – bir xeyli şiddətlə döyündü, üstəlik yataq otağının ala-qaranlığı Raufu elə sıxdı ki, davam gətirməyib arvadının yanına keçdi, onu qucaqlayandan sonra bir az toxtadı...

Tam sakitlik idi və belə görünürdü ki, evdə heç kim yoxdur. Ayılandan sonra, yataqda uzanmış halda o, bir müddət düşüncələrə qapıldı, amma elə ki, bu düşüncələrin qarma-qarışıqlığı içində öz rəngi və tutqun naxışları ilə naməlum yaşıdının qəbrini xatırladan bir qaraltı gəlib gözləri önündə durdu – dərhal əhvalı pozuldu və o dəqiqə yerindən qalxıb xəyalət aləmindən uzaqlaşdı.

Raufun xətri yemək istəmirdi, iştahı yox idi. Özü də fərqinə varmadan başladı otaqları gəzməyə; nəsə itirmişdi elə bil, tapa bilmirdi. Ürəyini şübhələr didişdirən adama oxşayırdı. Nəhayət, bu məqsədsiz gəzinti dəhlizdə başa çatdı; burada onun gözü telefona və saata sataşmışdı. Saat on iki idi. Bu ikicə “məişət əşyası” Raufa vəzifəsini xatırlatdı və o, dəstəyi götürüb iş nömrəsini yığdı. Boğazını arıtlaya-arıtlaya çox mənalı bir tərzdə öskürüb katibəyə dedi ki, bəzi səbəblər üzündən – bu səbəbləri telefonda açmaq olmaz – bu gün işə gəlməyəcək. Rauf dəstəyi yerinə qoydu, saata bir də baxıb tələsik dəhlizdən çıxdı. Görkəmindən dərhal hiss olunurdu ki, bu adamın nəsə çox vacib, təxirəsalınmaz bir işi var, amma buna baxmayaraq, o, üz-gözünü, üst-başını səliqə-sahmana salmağı unutmadı.

Şüvəlana bir neçə kilometr qalmış o, maşını kənd yoluna döndərdi və demək olar ki, o saat da birmərtəbəli balaca bir qəlyanaltının yanında saxladı. Bura “Dəyirman” deyirdilər; deyirdilər 308 deyəndə – adı belə idi. Ağzının dadını bilən, ləzzətli yeməklər xoşlayan adam başqa yerə getməzdi: burdakı düşbərə, qutab, burdakı kabab, ləvəngi, burdakı kartof lüləsi harda vardı?! Rauf keçib küncdəki stolun arxasında oturdu və çay sifariş verdi. Mətbəxdən camaat oturan salona dolmuş yemək ətri xəstəni də iştaha gətirərdi, amma Raufa təsir eləmədi, yemək düşmədi onun yadına. Yeməkxananın ucaboylu, arıq ofisiantı Sabir də, buranın müdiri də, anbardarı da o, özü idi məəttəl qalmışdı; Rauf ola, bu boyda yolu gələ, çörək yeməyə. Təəccübünü isə o, qəti büruzə vermədi, amma mürəbbə gətirəndə diqqətlə Raufa baxdı. Çayın dəm almağı beş-on dəqiqə çəkdi. Ancaq köhnə müştərilərə gətirilən yaraşıqlı qırmızı çini çaynikdən onun stəkanına çay süzəndə Sabir dolayı yolla söz atdı ki, bu çay bir elə də əla çay deyil ki, durub şəhərdən bura maşın sürəsən.

Rauf heç bir yalan, bəhanə qoşub düzəltmədi, gəlişinin səbəbinin çay içmək olmadığını boynuna alandan sonra, Sabirdən xahiş elədi ki, yarım saatlığa vacib bir məsələdən ötrü onunla Şüvəlana getsin.

Sabir təəssüflə çiynini çəkdi və başının işarəsi ilə ağzına qədər müştəri ilə dolu salonu göstərdi; nahara o qədər adam vardı ki, iki ofisiant hamıya layiqincə qulluq eləyib çatdıra bilmirdi.

– Heyif, – Rauf çox məyus dedi bu “heyif” sözünü, – mənim gümanım bircə sənə idi. Bir məsələ var, onunla bağlı qəbiristanlığa getməliyəm...

Yanılmamışdı, Sabir ona sözünü deyib qurtarmağa imkan vermədi, kədərlə başını bulayıb döşlüyünü çıxartdı və maşına tərəf getdi.

Qəbiristanlığın qapısından içəri keçən kimi Rauf Sabiri özü ilə gətirməyinə peşman oldu. Çünki mavi göy üzünün və dənizin fonunda mərmər və qranit qəbir daşlarının cərgələri, söyüdlərin, çinarların sərin kölgələri və quşların səsi adamın ruhunu oxşayırdı.

Bura elə bil insanın əsəblərini yerindən oynadan gecəki yer deyildi, əksinə, sakitlik axtaran sevgililərçün ayrılmış xüsusi bir xiyaban idi.

Onlar üstündə “Məmmədzadə Şeyda” 9.6.1929–15.4.1980 yazılmış qəbrə yaxınlaşanda Rauf bir daha günəş işığının başqa işıqlardan üstünlüyünə əmin oldu. Başdaşıdakı yazı da, azacıq olmasına baxmayaraq, indi əməlli-başlı oxunurdu; Rauf məmnuniyyətlə, bir az da daxili bir yüngüllüklə yazını iki dəfə oxudu.

Sabir gözlərini üstündə zirə buketi və termos olan sinə daşına zilləyib durmuşdu. Hər ikisi ehtiram əlaməti olaraq susurdu. Rauf 309 bura gəlişlərinin səbəbini Sabirə izah eləməkdə çətinlik çəkdiyindən sükut xeyli uzandı.

– Bu bizim qohumun qəbiridir, – deyə o, handan-hana dilləndi.

– Allah rəhmət eləsin, çox yaxşı qadın idi: ürəyigeniş, xeyirxah.

Özü də yazıq yetim idi, heç kimi yoxdu.

Sabir görüb-götürmüş adam idi, bilirdi bu məqamda nə deyərlər.

– Allah rəhmət eləsin, yaxşılıq heç vaxt unudulmur, – dedi və bununla da düşünüb bir bəhanə tapmaq üçün Raufa əlavə vaxt verdi.

– İstəyirəm qəbrinə bir əl gəzdirim, səliqə-sahmana salım – Rauf başdaşının üstündəki ölüm tarixini göstərdi. – Apreldə ildönümüdür, qohum-əqrəba yığışıb gələcək, yaxşı döyül. Elə sənə də buna görə əziyyət verdim, dedim bir məsləhət eləyim.

– Lap düz eləmisən – Sabir onun fikrini bəyəndi. – Deyim də sənə: burda çətin iş yoxdur, xarab olmuş yerlərinə balaca əl gəzdirmək lazımdır, bir də yazısı gərək təzələnə, vəssalam. Onu da deyim sənə ki, savab işdir bu. Rəhmətliyin adı nə idi?

Rauf səhv eləməməkçün başdaşındakı yazıya bir də baxıb cavab verdi:

– Məmmədzadə Şeyda.

– Bəs atasının adı? Burda yazılmayıb.

– Atasının? – Rauf qəti duruxub eləmədi, – atasının adı Bəylər idi, – dedi.

– Deməli, Şeyda xanım Bəylər qızı Məmmədzadə, – Sabir cibindən çıxartdığı köhnə dəftərçəsinə rəhmətliyin adını, atasının adını və familini tələsmədən, arxayın-arxayın yazdı. – Bunları qabiliyyətli balaca bir daşa əntiqə yazdırıb saldırmaq lazımdır bura. Sən xatircəm ol, özüm elətdirrəm hamısını. Aprelin 15-i üçün hazır olar.

– Nə danışırsan, ömründə razı olmaram. Sənin öz işin azdır bəyəm? Mənə ağıllı məsləhət lazım idi, qalanını özüm elətdirəcəyəm.

Gedək, qədeş! – Bu özgə qəbrini düzəltdirmək Raufun yatsaydı heç yuxusuna girməzdi, ona görə də etirazını elə inandırıcı şəkildə bildirdi ki, Sabir daha üstündən heç nə demədi.

“Dəyirmana” çatanda Rauf bir də başladı dil-ağız eləməyə.

Sabir isə elə bil keyimişdi, bir kəlmə də danışmırdı. Amma ayrılanda Raufun əlini sıxıb dedi:

– Mən səndən üzr istəyirəm, sənə bir kəlmə söz deyəcəyəm.

Neçə ildir tanışıq, amma tanımamışam səni, bu gün tanıdım. Afərin.

Biz yaşda olanların içində az adam tapılar ki, xalqımızın adətinəənənəsinə sənin kimi hörmət eləsin. Halal olsun...

Qırx dəqiqədən sonra Rauf artıq evində idi. Hərçənd qəbiristanlığa baş çəkib qayıdandan sonra, gecəki hadisələrin xoşagəlməz əhval-ruhiyyəsi tamam çəkilib getmişdi, zirə də qarajda sərilmişdi, quruyurdu, amma ürəyində yenə nə isə bir narahatçılıq vardı.

Nahar vaxtı Rauf duru xörəyi yemədi, tamam imtina elədi, ətlə badımcan qızartmasından da ağzına bir-iki tikə alıb boşqabı kənara itələyəndə arvadı soruşdu:

– Nə olub, birtəhər dəyirsən gözümə?

– Heç, işdə bir balaca... Bekara şeydir, – arvadına cavabı bu oldu.

– Bəs uşaqlar hanı?

– Qonşudadırlar, ad gününə gediblər.

Rauf uşaqları məmnuniyyətlə xatırladı, maşallah, lap özünün cavanlığına oxşayırlar; onun kimi hündür, boylu-buxunludurlar.

Bununla da aralarındakı oxşarlıq qurtardı. Rauf getdikcə daha artıq hiss eləyirdi ki, oğlanlarının xasiyyətləri, oturuşları-duruşları ana tərəfə çəkib. Buna onun elə bir etirazı yox idi, amma hər halda, hərdən lap məəttəl qalırdı, hətta bir balaca narahat da olurdu ki, yaxşı, bunlar sağlam cavan uşaqlardılar, özləri də tələbədirlər, o da ki, əsla korluq verib-eləmir onlara, hər bir şərait yaradır, bəs niyə yaşlarına uyğun kef çəkmirlər, cavanlıq eləmirlər, bütün günü dərs oxuyurlar, boş vaxtlarının da əsas hissəsi mütaliəyə gedir. Hər iki oğlu biofakda oxuyurdu: böyüyü – Rasim üçüncü kursda, Rufatik – birincidə. Ailə başçısı kimi Raufun o qədər işi, o qədər qayğısı var idi ki, uşaqların tərbiyəsi ilə məşğul olmağa vaxtı çatmırdı; bunu o, arvadına etibar eləmişdi, özü isə ehtiyatda durmuşdu, əgər ciddi çətinlik çıxıb-eləsəydi ortalığa, onda köməyə gələcəkdi. Amma nə uşaq vaxtları, nə də sonralar onun köməyinə ehtiyac olmadı. Bircə axır vaxtlar məcbur olmuşdu onlara hərdən acıqlansın, xüsusən böyüyünə; özünü Kamilə oxşadırdı, tez-tez onun sevimli sözlərini, ibarələrini işlədirdi.

Raufun gedəsi yeri vardı, amma əvvəlcə qərara gəldi ki, yarım saat da olsa, yatıb yuxusunu alsın, sonra. Elə də elədi. Yuxudan duranda gördü ki, əməlli-başlı dirilib. Üzünü qırxdı, paltarını dəyişdi və arvadına bildirdi ki, Arifgilə nərd oynamağa gedir.

Arvadı qabağına tökdüyü kurs işlərindən gözünü çəkmədən başını 311 yırğaladı və dedi ki, açarı götürsün. Rauf bilirdi ki, Xalidə inanmır onun bəhanəsinə, amma bu onu qəti narahat eləmirdi. Qısqanclıq səhnələrinin və tez-tez küsüb ata evinə köçməyin dövrü çoxdan keçib getmişdi və Rauf daha subay oğlan kimi öz ixtiyarında idi.

Arvadının xətrini də çox istəyirdi; ən yaxın və ən mehriban qohumu kimi. İmkan olanda çalışırdı sevindirsin onu, ürəyini açsın.

Adam arasına – istəyir teatra, konsertə, ya da toya, qonaqlığa – ancaq onunla çıxardı; özü də hara nə qədər xərcləmək, nə almaq lazımdır, onun məsləhətlərinə qulaq asırdı. Xalidə zahirən elə indi də pis görünmürdü – yaxşı gözlə baxan adam deyərdi ki, namxuda, boylu-buxunlu gəlindir. Arvadının zərif xallı üzünə, gülümsəyən gözəl dodaqlarına Rauf indi də hərdən məmnuniyyətlə tamaşa eləyirdi.

O qış Rauf yarımillik üzücü ayrılıqdan sonra Gəncədən doğma şəhərinə tətilə gəlmişdi. Gəncədə o, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdu. Aqronomluq peşəsini o, könülsüz, özü də çətinliklə mənimsəyirdi. Bunun da iki səbəbi var idi. Birinci səbəb o idi ki, kənd təsərrüfatına qətiyyən meyli, həvəsi yox idi və öz ixtisasına olan xor münasibətinə şəhərli mövqeyindən bir növ haqq qazandıra bilirdi. Bakılı dostlarının da ürəyi yanırdı ona: necə də yanmayaydı, incə zövqlü bir adam hara, kənd təsərrüfatı hara?! İkinci səbəb dilə gətiriləsi deyildi: tənbəllik, elə bir tənbəllik ki, dərmanı ixtira olunmayıb hələ. Bu çarəsiz xəstəliyin, bir də arxayınçılığın – pul gücünə və tanış-bilişin sayəsində onsuz da diplomunu alıb qoyacaq cibinə – ucbatından hüquq fakültəsinin üçüncü kursunda qiymətləri pis olduğu üçün və çoxlu dərs buraxdığı üçün institutdan kənar edildi.

Amma bir cəhəti xüsusi qeyd eləmək lazımdır: məcburiyyət qarşısında qalıb universitetdən getməyi heç də o demək deyil ki, o zaman hüquqşünas olmaq onu cəlb eləmirdi. Əksinə, xəyalında gələcəyini gözünün qabağına gətirəndə özünü həmişə prokuror vəzifəsində görürdü; təkcə bir dəfə görmüşdü ki, hakimdir. O, məhz prokuror olmaq istəyirdi, çünki möhkəm inanmışdı ki, bu vəzifə ən sərfəli, ən hörmətli vəzifədir. Prokurorun əlində hakimiyyət də var, imkanat da. Amma əvəzində ondan nə var-dövlət dalınca qaçan bəzi adamlardan tələb olunan risk tələb olunur, nə də incəsənətin, elmin zirvələrinə aparan uzun dolanbaclı yollarda çəkilən ağır, gərgin zəhmət. Gənc Raufun yüksək amalı ilə hüquq fakültəsində özünü 312 aparmağı, təhsilə münasibəti arasındakı bu uyğunsuzluq onun tədricən formalaşmaqda olan xarakterinin daha bir xüsusiyyətini qabarıq şəkildə üzə çıxartdı.

O, maşını qayınatasıgilə sürdü. Qonaq otağına girib Kamili görəndə ürəyində heç bir yüngüllük-zad hiss eləmədi. Qayınatası biləndə ki, adətən, arvadı və uşaqları ilə gələn Rauf bu dəfə tək təşrif gətirib, məəttəl qaldı. Ağlına gəldi ki, yəqin Rauf mənzilləri dəyişmək barədə söhbəti davam elətdirməyə gəlib. Ona görə də açıq-aşkar soyuq görüşdü onunla.

Kamil isə Raufu gülər üzlə qarşıladı, onun zahiri görkəmi barədə bir neçə xoş söz də dedi, özü də, bunu pəhrizin müsbət təsiri ilə izah elədi. Rauf söhbətin onun imkanları çərçivəsindən kənara çıxdığını duyub dərhal təşəbbüsü ələ almağa çalışdı.

– Afərin! – dedi və keçib stolun arxasında əyləşdi. – Müşahidə qabiliyyətin pis deyil. Amma sən mənim, tez elə, bir sualıma cavab ver: de görüm, ayaqlarından şikayətin yoxdur ki?

– Necə məgər? – Kamil təəccüb elədi bu suala.

– Heç, elə-belə. Deyirəm yəni, ayaqların sağlamdır? Ağrıyıb eləmir ki? – Rauf, narahatmış kimi, qayğılı bir görkəmlə soruşdu və bu sınanılmış fəndin təsiri altında həmsöhbətinin üzündəki gülüşün necə çəkilib yox olduğunu məmnuniyyətlə müşahidə elədi.

– Düzünü de!

– Heç vaxt ağramayıb... Sağlamdır, – deyə Kamil çiyinlərini atdı.

– Onda tez elə, mətbəxə get, Diləfruz xanımdan xahiş elə, bizə yaxşı bir pürrəngi çay versin, – Rauf özünü saxlaya bilməyib bığaltı gülümsədi. – Hamıdan kiçik kimdir burda? Sən. Odur ki, zəhmətindən keçib, yubanma daha. Pəhrizin müsbət təsiri məsələsini də orda danışarsan, mənəsə lazım deyil, ehtiyac yoxdur, həyatı mən səndən yaxşı bilirəm.

Rauf gözlədi, köpüyü yatırılmış Kamil verilən tapşırdığı yerinə yetirməkçün otaqdan çıxan kimi, guya elə-belə, sözgəlişi, mısmırığını sallayıb oturmuş qocanı inandırdı ki, onlara qonaq gəlməkdə heç bir xüsusi məqsədi-zadı yoxdur. Sadəcə olaraq, keçən dəfəki o maraqlı söhbət kimi bir söhbətə ehtiyac duyub: ələlxüsus, kitabdan oxunan o parçalar ona olduqca xoş təsir başlayıb.

Sonrakı qırx-əlli dəqiqəni Rauf, könülsüz olsa da, oturub qayınatası ilə Kamilin mənasız söhbətinə qulaq asdı; neyləsin, məcbur 313 idi. Onlar qızışıb elmi terminləri bir-birinə calayır, necə deyərlər, gözə kül üfürürdülər. Söhbətin axırına yaxın Kamil ağzından qaçırdı ki, haqqında qızğın mübahisə elədikləri eksperiment, texniki səbəblər üzündə ən tezi iyirmi ildən sonra qoyula bilər.

Bundan sonra daha heç bir şübhə yeri qalmadı, Rauf qəti əmin oldu ki, onların söhbəti boşboğazlıqdan başqa bir şey deyil. Orası da Raufa çoxdan aydın idi ki, arvadının qohumları kimi adamlar, savadlarına, istedadlarına baxmayaraq, bacarıqsız adamlardır, çünki fürsəti əldən buraxırlar, yaxşı gün-güzəran üçün lazım olan xırda bicliklərə, fəndlərə vaxtları çatmır, qüvvələrini mənasız şeylərə xərcləyirlər. Əgər ağıllı adam deyilən cəhətə fikir verərsə, mütləq xeyir aparar. Bunu o, başa düşmüşdü, başa düşdüyü gündən də o əqidə ilə həyatını qurmuşdu.

Kamil gedəndən sonra Rauf asanlıqla söhbəti istədiyi səmtə yönəltdi və çox böyük bir diqqətlə qayınatasının qədim zamanlarda yaşamış təbiblərin, türkəçarələrin barəsində dediyi tərifli sözləri dinləməyə başladı.

– Amma bütün bunlara baxmayaraq, adam inana bilmir ki, cavanlığını ona təzədən qaytarmaq mümkün ola – Raufun içindəki şübhə hələ də tamam çəkilib getmirdi, bununla belə, qəlbinin hansı bir yerindəsə ümidi var idi ki, həmsöhbəti böyük alimdir, bu saat onun şübhələrini alt-üst eləyəcək. Qayınatası isə əksinə, Raufun sözünə qüvvət verdi:

– Elədir, – dedi, – yüz faiz haqlısan. Yaşlı adam dönüb təzədən uşaq ola bilmədiyi kimi, cavan da ola bilməz. Ümumiyyətlə, insanın inkişafı geri qayıtmayan bir prosesdir. Burda söhbət mahiyyətdən gedir, addan yox. Heç Kolumb da bilmirdi ki, Amerikanı kəşf eləyib, amma Amerikanı kəşf eləmişdi; əsas məsələ bu idi. Sən məni başa düşürsən? Qədim və müasir gerontologiyanın məqsədi qocalığın müalicəsini tapmaqdır. Mən, məsələn, bu fikirdəyəm ki, qocalıq xəstəlikdir: bütün xəstəlikləri isə əslinə qalanda, müalicə eləmək mümkündür. Bəzi faktlar göstərir ki, qədimdə qocalığın dərmanı varmış. Bir dəqiqə gözlə, bu saat sənə bəzi maraqlı şeylər göstərim, – qayınata çətinliklə yerindən qalxdı, yavaş-yavaş, ağır addımlarla iş otağına getdi. Kişinin görkəmi Raufun xoşuna gəlmədi, düşmüşdü yaman, fikirləşdi ki, evləri dəyişmək məsələsində tələsmək lazımdır.

Qayınata əlində köhnə cildli qalın bir kitab qayıdıb yerində oturandan sonra:

– Yəqin sənin yadında olmuş olar, – deyə üzünü Raufa tutdu – səhv eləmirəmsə, bizim eradan 48 il əvvəl Misirə gələndə Yuli Sezarın əlli dörd yaşı vardı! O dövrə görə, bu, az yaş deyildi. Yeri gəlmişkən deyim ki, – qayınata kürəkəninə ötəri də olsa, xatırlatdı, – elə sənin yaşın indi, Sezarın o vaxtkı yaşı qədərdir.

– Məlum məsələdir, – Rauf mızıldadı.

– Elədir, o məlumdur, – qayınata gülümsədi. – Məlum olmayan başqa şeydir. Apianın və digər tarixçilərin yazdığına görə, Sezar birdən-birə bütün mühüm dövlət işlərini atıb, azadlığını və həyatını təhlükə altına qoyub Nil çayı boyu ta cənub sərhədinə kimi, iki ay səyahətə çıxır, ovla, nə bilim, sair başqa əyləncələrlə məşğul olur.

Bunu nə ilə izah edəsən, axı? Sezarın belə hərəkəti, düzü, təəccüb doğurur. Məsələn, Geltser kimi ciddi tədqiqatçı açıq deyir: “Sezarın həyat yolunu izləyən hər hansı bir adamçün onun doqquz aylıq Misir əyləncəsi açması çətin tapılan tapmacadan da müəmmalıdır”.

Plutarx da bu qəribə səyahətdə əsas məqsədin ov olduğunu yazır.

Bununla belə, qeyd etmək lazımdır ki, nə əvvəllər, nə də Misiri gəzəndən sonra Sezar ov həvəskarı olmayıb. Səyahətdən sonra çox keçmir, onun Kleopatraya coşqun, hətta mən deyərdim ki, yalnız gəncliyə xas dəli məhəbbəti başlayır və bu məhəbbətdən onların bir uşağı da olur. Daha sonra o, büsbütün dəyişmiş, cavanlaşmış halda, sağlam və tükənməz bir enerji ilə Romaya qayıdır. Bax, bu da başqa bir müəllifin şəhadəti: o, ötəri olsa, kərgədan ovundan söz açır və qeyd eləyir ki, söhbət onu diri tutmaqdan gedirmiş. Bununçün isə çoxlu qurban verməli olublar...

– Mən bir şeyi başa düşə bilmirəm: axı, niyə onlar kərgədanı diri tutmaq istəyirmişlər? – deyə Rauf soruşdu, – onu vurub öldürmək tutmaqdan yüzqat asandır.

– Onda, görünür, sən keçən dəfə diqqətlə qulaq asmamısan.

– Qayınata yavaş-yavaş başladı əsəbiləşməyə, acıqlı-acıqlı işarə qoyduğu səhifəni açdı, – burda açıq-aydın yazır ki, iksirçün ancaq və ancaq diri kərgədanın buynuzu olmalıdır və mən əminəm ki, bunun öz gizli mənası var.

Rauf bu qeydi də dəftərçəsinə yazıb:

– Siz məni düz başa düşün, – dedi, – bu məsələdə mənim heç bir şəxsi marağım yoxdur, sadəcə, sizin kimi bir alimin fikrini bilmək istəyirəm. Siz özünüz orda yazılanlara inanırsız?

Kürəkəninin sualına cavab verməzdən əvvəl, qoca bir az fikrə getdi və Raufa elə gəldi ki, onun gözlərində nə isə bir hiylə qığılcımı parıldadı. Amma ağzını açıb danışanda sözlərində tam bir ciddilik, hətta qətiyyət var idi.

– Qəribə olsa da inanıram.

Bu vaxt qayınana içəri girib söhbətə qoşuldu:

– İnsanlar bir-birini incitməsələr, heç bir iksirə də ehtiyac olmaz.

Adam hirs çəkməkdən, həmişə həyəcan keçirməkdən sağlamlığını itirir, vaxtından da tez qocalır. – O bu sözləri heç kimin ünvanına yox, guya elə-belə dedi, amma Rauf daşın hara atıldığını o saat başa düşdü, çünki onun ürəyindəkiləri bilirdi, bilirdi ki, qayınanasının fikrincə, Raufun arvadına münasibəti nəyə görəsə qayınatasının sağlamlığına mənfi təsir göstərir. Ona görə də Rauf Diləfruz xanımın sözlərinə qəti əhəmiyyət vermədi, hətta özünü elə tutdu ki, guya onu nə görür, nə də dediyini eşidir. Bunun həqiqətən belə olduğunu qayınanasına hiss elətdirmək üçün, gedəndə gözucu da ona tərəf baxmadı: yalnız qayınatası ilə xudahafizləşdi.

* * * Maşının narıncı işığı kimsəsiz qaranlıq gecədə yalnız islanmış asfalt yolu işıqlandırırdı. Rauf maşının yük yerindən çamadanı və içində doğranmış kolbasa olan bağlamanı götürüb sürüşkən dik cığırla təpəyə qalxmağa başladı. Bu cığır onu məqsədinə doğru gedən yolun sonuncu aşırımına aparırdı.

Təpənin başındakı uçulub-dağılmış hasara çatanda tər və yağış onu elə islatmışdı ki, büsbütün su içində idi. Gündüzlər burdan gözəl bir mənzərə açılırdı adamın gözləri önündə; sahilə və dənizə baxmaqla doymaq olmurdu. Elə indi də yuxuya qərq olmuş şəhərin bu təkrarsız panoramına biganə qalmaq çətin idi. Şəhər sönməkdə olan nəhəng ocağa oxşayırdı. Belə bir mənzərə, əlinə fürsət düşən kimi öz əsəb sistemini şəhər və ya fərqi yoxdur, kənd mənzərəsi ilə, eləcə də müntəzəm surətdə torpaqda, suda və atmosferdə baş 316 verən təbiət hadisələri ilə sakitləşdirməyə can atan adamlara yəqin ki, çox güclü təsir göstərərdi.

Rauf hər ehtimala qarşı ətrafına yaxşı-yaxşı göz gəzdirdi, arxayın oldu ki, həndəvərdə ins-cins yoxdur, hasarın uçuq yerindən birtəhər içəri keçdi, ayaqqabısına yapışmış palçığı oleandr koluna sürtüb təmizlədi və asfalt yola çıxdı. O, təzə gətirilmiş heyvanların saxlandığı izolyatorun və transformator budkasının yanından keçib, otuz-qırx metr uzaqda qaralan qəfəslərə və volyerlərə tərəf getdik.

Onların çoxu boş idi; sakinləri, özləri də gözləmədən, on gün əvvəl təzə, rahat mənzillərə köçürülmüşdülər.

Təzə mənzil sahibləri şəhərdə gedən quruculuq işləri ilə əlaqədar yeni heyvanxananın istifadəyə verilməsindən xəbərsiz idilər və ona görə də əməlli-başlı həyəcanlanmışdılar, hətta bir çoxu hayküy də qaldırırdı.

Rauf heyvanxanaya ilk dəfə, gizli yox, qanuni yolla qapıdan keçib gələndə heyvanların köçürülməsi təzə başlanmışdı: – elə həmin gün. Sonra o, hər gün gəlib-gedirdi bura və məəttəl qalırdı ki, heyvanxana işçiləri dişlərini qıcırdatmış vəhşi heyvanları dəmir qəfəsli furqona mindirmək üçün onları necə xoş rəftarla, dadlı yeməklərlə dilə tuturlar: elə bil neçə ilin prokurorunun azyaşlı yeganə zırrama oğlu atasının zavmaq dostugildə nadir tropik balıqlar saxlanan akvariuma “piş-piş” istəyir, onu bu fikrindən daşındırmaqçün min hoqqa çıxarıb başını qatırlar.

Srağagün o, az qaldı hirsindən qışqırsın: qəfəslərin birinin yanından keçəndə, gördü ki, xidmətçilərdən iki nəfəri iri cəhəngli itə oxşayan çirk-boz rəngində əyriböyür, eybəcər bir heyvanı yuvasından çıxartmağa çalışırlar, o isə inadla müqavimət göstərir.

Ondan gələn üfunət iyinə heç küçələrdən qotur, xəstə itləri yığan xidmətçi də dözməzdi – istəyir lap rüblük planını doldurmamış ola.

Amma heyvanxananın işçiləri elə bil qoxu hisslərini itirmişdilər, böyük bir səbirlə, hövsələ ilə ucuna ət parçaları taxılmış nizələri qəfəsin dəmir çubuqları arasından içəri uzadır, onu aldadıb furqona keçirməyə çalışırdılar. Həyasız heyvan isə durub-durub, hərdən ildırım sürətilə ətin üstünə atılır, dili ilə yalayıb yenə də öz küncünə qayıdırdı. Hətta heyvanxananın müdiri Aliyə xanımın gəlişi də kömək eləmədi. Aliyə xanım cavan yaraşıqlı qadın idi, o, idarə rəhbərindən daha çox manikençiyə və ya aktrisaya oxşayırdı. Amma 317 buna baxmayaraq, xidmətçilər onunla əsla mübahisəyə girişmir, tapşırıqlarını dərhal, özü də canla-başla yerinə yetirirdilər.

Raufa heç kim fikir vermirdi, baş qarışıq idi, heyvanxana bağlı olsa da, köçmək əhvalatı ilə əlaqədar o tərəf-bu tərəfə çoxlu kənar adam gedib-gəlirdi. Bu murdar heyvana daha heç nə təsir eləmirdi, hətta Aliyə xanım kimi gözəl bir qadının mülayim, mehriban səsi də. Rauf öz köməyini təklif elədi:

– İstəyirsiz, mən o biri tərəfdən keçim içəri, – dedi, – ağacla bu köpəyin belinə bir-iki dənə ilişdirim, ağlı gəlsin başına, onda görərsiz necə quzu kimi çıxır bayıra. – O, xidmətçilərin sifətindəki ifadənin dəyişdiyini görüncə, əlüstü sözünü malaladı – Yüngülvarı...

Necə deyərlər, simvolik.

– Nə “köpək?” – deyə müdir təəccüblə, həm də acıqlı soruşdu.

– Nəzərinizə çatdırım ki, əvvəla, bu it deyil, kaftardır, özü də dişidir. Yazıq onsuz da şok vəziyyətindədir, sizsə ağaca əl atırsız. – Aliyə xanım etinasızlıqla çiyinlərini çəkdi və kaftara tərəf döndü.

O isə elə bu vaxt, şok vəziyyətində olmağına baxmayaraq, cəld bir sıçrayışla nizələrdən daha bir parça ət qopartdı.

İndi isə qaranlıq idi, bambalaca lampa qəfəsin kiçik bir hissəsinə zəif işıq salmışdı. Üfunət iyi daha gəlmirdi və Rauf başa düşdü ki, kaftarı, heç şübhəsiz, yaşayış yerini dəyişməyə razı salıblar.

– “Mən indikindən bir iyirmi yaş cavan, əvvəlki Rauf olsaydım, onda sən mənimlə başqa cür danışardın, – deyə Rauf Aliyə xanımla söhbətini xatırlayıb, fikirləşdi. – Kaftarın cinsi yadına düşməzdi daha... heç eyibi yoxdur, biz bəlkə də qayıtdıq bu söhbətə”. Bu vaxt fil damının qarşısındakı talvarın altından çıxıb ona tərəf qaçan it Raufu fikirdən ayırdı. İt onu tanımışdı, quyruğunu bulayırdı. Rauf keçən son həftə ərzində burda özünü çox səxavətli aparmışdı və heyvanxanada keşik çəkən bütün itləri sevindirmişdi. Özünü yaxşı apardığına görə Rauf ona bir parça kolbasa verib fil damına yaxınlaşdı.

Ayaqları yoğun zəncirlərlə beton döşəmədəki halqalara bağlanmış nəhəng fil onunçün ayrılmış darısqal damı büsbütün tutmuşdu, tərpənməyə yer yox idi. Fil yatmamışdı, xırda, bic gözlərini qəfil peyda olmuş gecə qonağına zilləmişdi, maraqla ona baxırdı. Bu, əlbəttə, Raufu əsla açmadı, çünki ağlına gəldi ki, elə filin yerlisi – kərgədan da gecənin bu vaxtı ayıq ola bilər. Bu fikir 318 mövhumatçı ağciyər adamın təyyarəyə minən yerdə tək səbir gətirməsi kimi bir şey idi.

Yağış artıq kəsmişdi, amma nə yaxşı ki, külək dayanmamışdı.

Külək Rauf üçün lap göydəndüşmə idi; ağacları, kolları, qəfəslərin dəmir damlarını tərpədir, müxtəlif səslər çıxarırdı. O, hovuzların yanından keçəndə begemotları görmədi, amma dəqiq bilirdi ki, onlar hələ burdadırlar – iri, məməli heyvanları gələn həftə köçürəcəkdilər.

Nəhayət, Rauf axtardığı qəfəsə çatdı. İt də onun dalınca gəlmişdi bura. Kərgədan yerində idi. O, qaranlıqda daş heykələ oxşayırdı; ayaq üstə necə durmuşdusa, eləcə də yatmışdı və astadan xoruldayırdı. Rauf, səs çıxmasın deyə çox ehtiyatla çamadanı açdı və iki hissəyə ayırıb qoyduğu tüfəngini tez-tələsik yığdı. Sonra o, gödəkcəsinin cibindən yuxu ampulaları ilə doldurulmuş patronları çıxarıb lülələrin ağzına verdi. Rauf çox sakit, arxayın görürdü işini, amma görünür, hər halda, bir balaca həyəcan da keçirirmiş, çünki kolbasanın artığını çamadana qoymağı yadından çıxarmışdı, yol yoldaşı onu da yeyirdi. Rauf isə bu vaxt artıq tüfəngini qaldırıb kərgədanı nişan almışdı, gözləyirdi ki, külək bir az da güclənsin, sonra çaxmağı çəksin, amma son anda qayınatasının sözü yadına düşdü – kişi yaralı kərgədanın yaman təhlükəli olduğunu söyləyirdi, ona görə də o saat sağ əli ilə qəfəsin yoğun dəmir çubuqlarını və içəri açılan qapısını yoxladı, arxayın olandan sonra ki, hər şey qaydasındadır, bir az dikəlib iki güllənin ikisini də boşaltdı kərgədanın yumşaq yerinə. Güllələrin səsi çox bərk çıxmadı, elə bil uşaq tapançasından atəş açılmışdı. İt yüngülcə səksənib təəccüblə Raufa tərəf baxdı ki, yəni bu nə partıltıdır, gecə vaxtı salmısan?! Amma kərgədan dik atıldı yerindən, bərkdən xoruldaya-xoruldaya başladı qəfəsdə hərlənməyə. O, buynuzlu başını aşağı əymişdi, elə bil ona güllə vurmuş düşməni döşəmənin altında idi, onu axtarırdı. Vaxt çox ləng gedirdi, kərgədan isə hey hərlənir, qəfəsin içində nə vardısa altını üstünə çevirirdi.

Qəfildən hürməyə başlayan itin səsindən Rauf bərk səksəndi. İt quduzlaşmışdı, başını qəfəsin dəmir çubuqları arasından içəri soxub, gah vəhşi heyvanın üstünə hürür, gah da zingildəyirdi.

İti sakitləşdirmək mümkün deyildi. Rauf əvvəlcə muşqurdu, sonra fit çalıb çağırdı, amma axırda əlacsız qalıb özünü birtəhər ələ aldı, iyrənə-iyrənə olsa da, onu tumarlamağa başladı və yaş tüklərin altında itin bədəninin necə titrədiyini hiss elədi. Bu titrəyiş o saat Raufun özünə də keçdi. Birdən başladığı kimi, it birdən də kəsdi səsini, durduğu vəziyyətdəcə donub qaldı. O, gözlərini yerə çökən cəmdəkdən ayıra bilmirdi. Kərgədan yavaş-yavaş qatlanmış qıçlarının üstünə düşdü. Bu vəziyyətdə başını yırğalaya-yırğalaya bir müddət oturdu, sonra müvazinətini itirib böyrü üstə yıxıldı.

Rauf isə vaxt itirmədən tüfəngi yerə qoydu, çamadandan mişarı götürüb, dolanaraq, tez-tələsik “Quşlar aləmi” pavilyonuna tərəf qaçdı. Bu tikilinin sakinləri artıq üç gün idi ki, şəhərin o biri başındakı cah-cəlallı qəşəng mənzillərində kef çəkirdilər. Xidməti işlərə görə qoyulmuş balaca qapı, gözlənildiyi kimi, bağlı idi, amma bu, Raufun kefini qətiyyən pozmadı. O, əlini məftil torun altından soxub cəftəni tapdı və onu qaldırdı. Qapını arxasınca örtməyə macal tapmamış, it cəld onun dalınca girdi içəri. Rauf inamla pavilyonun bu başından o başına kəsəsinə vurub keçdi və dal divardakı pəncərələrdən birinin qabağında dayandı. Bu pəncərə kərgədanın malikanəsinə açılırdı, amma çox hündürdə idi, döşəmədən pəncərə altına qədər azı metr yarım olardı.

Rauf skamyanı pəncərənin altına çəkib, üstünə çıxdı, dəmir şəbəkəli tayları açdı. Pəncərədən baxanda kərgədanın yalnız başı görünürdü; özü kolların arxasında qalmışdı. Amma elə onun başına baxanda da aydın olurdu ki, binəva heyvan əvvəlki kimi sakitcə uzanıb və “şirin” yuxudadır.

Ağıl bomboş idi; kərgədanın özündən və onun daşdan yonulmuş yem təknəsindən savayı orda heç nə yox idi. Ona görə də Rauf ağıla düşməzdən əvvəl, geri qayıtmaq üçün tədbir görmək qərarına gəldi, çünki ayağının altına bir şey tapıb qoymasaydı, pəncərəyə qalxmaq çətin olacaqdı. Uzağa getmək lazım deyildi, pəncərədən üç-dörd metr aralı divarın yanında böyük bir taxta yeşik var idi, elə bu onun karına gələ bilərdi. Amma Rauf skamyadan düşüb, yeşiyə yaxınlaşanda gördü ki, onun içində nə isə var və bu “nə isə”, demə, quş imiş; özünü gecələməyə veribmiş bura. Pavilyondakı yeganə lampanın zəif işığında Rauf eşələnməyə başlayan bu quşun növünü o saat müəyyən eləyə bilmədi, ona görə də balaca səs eşidən kimi dərhal iki-üç addım geri, təhlükəsiz yerə çəkildi və əlindəki mişarı irəli tutub həyəcan içində gözləməyə başladı. Bu vaxt yeşiyin için- 320 dən narazı halda qaqqıldaya-qaqqıldaya qəribə iri bir quş çıxdı; o, uzun dimdikli hind xoruzu boyda olardı. Amma bədəninə yapışmış narın tüklü balaca qanadları və lümək quyruğu onu daha çox adi cücəyə oxşadırdı. Di gəl ki, xasiyyəti cücə xasiyyəti deyildi. İt qaçıb onun üstünə atılmaq istəyəndə, o, dəqiqə, nişan almadan itin burnuna bir dimdik vurdu və cəld öz taxta yuvasına tərəf getdi.

Amma Rauf onu qabaqladı, yeşiyi götürüb mişarla bir yerdə ağıla atdı və sonra özü onların dalınca pəncərədən aşdı. O, qarşısında iri tabaq boyda bir sifət gördü, ehtiyatla bu sifətin yanından keçib arxadan kərgədana yaxınlaşdı. Küləyin səsinə baxmayaraq, onun xorultusu aydın eşidilirdi. Rauf işə başlamazdan əvvəl, yeşiyi pəncərənin altında divara söykədi və onun üstünə çıxandan sonra əmin oldu ki, əgər kərgədan vaxtından qabaq ayılarsa, qaçıb aradan çıxa bilər. Hə, indi işə başlamaq olardı, amma Rauf heç cür özünü səfərbər eləyə bilmirdi. Bir də saatına baxdı, gördü ki, qiymətli dəqiqələr durmadan ötüb keçir. Nəhayət, özünü birtəhər məcbur eləyib, əli ilə buynuza toxundu: əvvəlcə qorxa-qorxa barmaqlarının ucunu vurdu, sonra cürətə gəlib, hətta tumarladı da. Amma bu, onun cürətinin son həddi oldu, bundan o yana kişiliyi çatmadı ki, yatmış heyvanın içində gərilib durmuş qəzəbin vahiməsindən çıxsın. Onda Rauf ağlı köməyə çağırdı – nəyin, hansı gözəl məqsədin naminə bura gəldiyini xatırlamağa özünü məcbur etdi. Sonra qayınatası ilə ova getməklərini yaddaşında təzələdi: yuxu güllələri ilə yatırılmış maralların və çöl donuzlarının necə uzun müddət ayıla bilməmələri gəlib gözünün qabağında durdu. Bundan sonra ürəyinin qətiyyətli, güclü səsi ilə özünü, öz kişilik ləyaqətini və dözümünü bütünlüklə, son qətrəsinə kimi bərpa eləməyə çağırdı. Ürəyi yavaş-yavaş toxtamağa başlamışdı və Rauf da mişarı qaldırıb buynuzun üstünə qoymuşdu, amma elə bu vaxt onun gərgin əsəbləri yerindən oynadı və o, çığırıb yerindən dik atıldı: hardansa yuxarıdan kərgədanın cəmdəyinin üstünə şappıltı ilə qara yumaq kimi bir şey düşdü, elə o dəqiqəcə belindən üzüaşağı, Raufa tərəf yuvarlandı. İtin o hündürlükdə pəncərədən atıla biləcəyi, həmçinin bu bədheybət qıllı yumağın da məhz it olduğu ona bir az sonra çatdı: qəfəsin təzə qonağı canfəşanlıqla kərgədanı iyləməkdə idi. Rauf isə yerindəcə donub qalmışdı, key-key baxır, amma heç nə görmürdü.

Qəribədir ki, itin qəfil gəlişi onu ürəkləndirdi; çünki it zərblə kərgədanın üstünə düşdüsə də, kərgədan nə yuxudan ayıldı, nə də xoruldamağını kəsdi, deməli, kərgədan div yuxusuna getmişdi və hər cüzi şeydən ötrü ayılan deyildi. Hələ üstəlik də it özünü çox saymazyana aparırdı. Elə bil qabağındakı kərgədan yox, küçük idi.

Rauf bütün bunları məmnuniyyətlə müşahidə edəndən sonra cəsarətlə mişarı əlinə aldı. Təcrübəsizlikdənmi, ya buynuzun son dərəcə möhkəm olmağındanmı, əvvəlcə bir şey alınmadı – mişar sürüşürdü buynuzun üstündə, o yana-bu yana qaçırdı. Onun şirmayı üzünü yalnız azca cızırdı. Nəhayət, min bir əziyyətlə buynuzun üzərində ensiz bir şırım aça bildi və bundan sonra iş, necə deyərlər, yağ kimi getdi. İt də atılıb-düşməkdən bezikdi, gəlib Raufla üzbəüz şöngüdü. Qəfəsin içində itdən baxılası heç nə yox idi – kərgədanın sir-sifətindən iyrəndiyinə görə buynuzu mişarlaya-mişarlaya gözünü yayındırırdı – və bu bir həftəlik tanışlıqları ərzində Rauf ancaq indi iti əməlli-başlı gözdən keçirə bildi. Bu, tünd boz rəngli köpək, çox güman ki, Qafqaz qoyun iti ilə həyət itinin “izdivacı” nəticəsində bu işıqlı dünyaya təşrif gətirmişdi. Raufun uşaqlıqda itdən, pişikdən, ümumiyyətlə, heyvanlardan bir elə xoşu gəlməzdi, amma indi qarşısında şöngüyüb ona sonsuz məhəbbət və heyranlıqla baxan bu itdə o, nə isə bir yapışıq gördü və təəssüf elədi ki, özü ilə az kolbasa gətirib. Buynuz öz keçmiş sahibindən həmişəlik ayrılıb yerə düşəndə, Rauf mişarı keyimiş əlində saxlaya bilməyib buraxdı, kərgədan isə hələ yatmağında idi. Rauf daxilində təsvirə gəlməyən bir yüngüllük hiss elədi – təhlükə demək olardı ki, sovuşub getmişdi – o, nəinki dünyadan, hətta özündən də xəbərsiz, uzanıb yatmış bu heyvana (artıq ona kərgədan deməyə adamın dili gəlmirdi) son dəfə nəzər yetirib pəncərəyə tərəf yönəldi. Rauf “quşlar aləmi”ndə daha ləngimədi, ondan tez çıxdı və qapını ardınca bağlamazdan əvvəl ətrafa ötəri bir nəzər saldı. Qəfəslərin üstündə baş-başa vermiş ağacların yarpaqları bayaqkı kimi xışıldayırdı, yorulub əldən düşmüş gözətçilər də öz komalarında yenə bayaqkı kimi şirin-şirin yatırdılar. Rauf çömbələrək oturub tüfəngini sökdü və buynuzla, mişarla bir yerdə, hamısını səliqə ilə çamadana yığıb qapağını örtdü. Duranda o, iti gördü. İt o saat onun baxışını hiss elədi, həyəcanla yerində atılıb düşdü və sevincək quyruğunu bulayıb zingildədi.

Rauf fikirləşdi ki, it qəfəsdən heç cür çıxa bilməyəcək, çünki qəfəsin döşəməsi quş pavilyonunun döşəməsindən də aşağı idi, pəncərədən bir az aralı isə kərgədan uzanıb yolu kəsmişdi, bu da köpəyə qəti imkan vermirdi ki, qaçaraq hoppansın.

O, çamadanını götürüb üz qoydu getməyə. Bir neçə addım atandan sonra dönüb geri baxdı. İt zingildədi, yəni ona öz razılığını bildirdi. Bütün bunlar gözlənilmədən Raufa təsir etdi və o çıxıb getmək əvəzinə geri döndü. Quş pavilyonuna çatanacan düz iki yağlı söyüş söydü: bir iti söydü ki, niyə lazım olmayan yerə burnunu soxur, bir də bu hərəkətinə görə özünü söydü ki, işlərin yaxşı getdiyi bir vaxtda geri qayıdıb hər şeyi korlaya bilər.

O, çamadanını “Quşlar aləmi”nin girəcəyində qoyub, tez-tələsik ağıla keçdi, iti qarmalayıb qucağına götürdü, yeşiyin üstünə qalxıb onu pəncərədən aşırdı.

Pavilyonun girəcəyində Rauf yenidən quşa rast gəldi. O, ədəbərkanla çamadanın üstünə qonub inadla eyni bir nöqtəni dimdikləyirdi:

bilmək olmurdu niyə? Bəlkə elə acından?! Raufun itlə gəlib bura çıxmağına quş qəti əhəmiyyət vermədi, amma elə ki, Rauf onu təpiklə vurmaq istədi, son anda cəld kənara çəkilib onun ayağına əməlli bir dimdik vurdu; zalımın dimdiyi demə, biz kimi imiş. Sonra o, tələsik kənara çəkilmiş itin yanından məğrur bir görkəmlə keçib, kolların arxasında gözdən itdi.

Külək artıq yatmışdı. Hava yavaş-yavaş işıqlaşmağa başlayırdı, göy üzü açılmamışdı, buludsuz idi.

Rauf əlindəki ağır çamadanla hasarın uçuq yerindən bayıra çıxdı, dalınca düşüb gəlmiş iti qovdu, quşla olan ikinci münaqişədən sonra tamam zəhləsi getmişdi ondan.

O, qarşıdakı çətin enişi düşməzdən qabaq dayandı ki, bir az nəfəsini dərsin. Hasarın o üzündən it məhəbbətlə ona baxırdı, amma yaxınlaşmağa cürət eləmirdi.

Yəqin, yorulduğundan, gecəni yuxusuz qaldığından aşağı enəndə cığır Raufa iki dəfə uzun gəldi. Sürüşkən döngələrdə müvazinətini saxlamaqçün o, oleandr kollarından tutmalı olurdu. Yolun axırına yaxın lap əldən düşmüşdü, amma sonuncu oleandr kolunu keçib öz maşınını görən kimi bir anın içində bütün əhvalı dəyişdi, sevinc işığının istisi canındakı yorğunluğu çıxartdı.

Küçədə gediş-gəliş çox az idi, hərdənbir böyük sürətlə maşın gəlib keçirdi.

Rauf maşının yük yerini açanda yenə o qəribə quşu gördü və əlbəttə, bu görüş onun kefinə soğan doğradı. Zalım quş hardan peyda olmuşdu?! O, bir göz qırpımında çamadanın dalınca maşının yük yerinə tullandı. Rauf bu həyasız quşu elə orda qoyub yük yerinin qapağını örtmək əvəzinə özünü itirdi, başladı əl-qol atıb söyüş söyməyə və axır ki, birtəhər onu ordan itələyib bayıra saldı. Quş acıqla qaqqıldaya-qaqqıldaya ayağa durdu, dimdiyini qabağa verib yenə maşının yük yerinə cumdu. Elə bu vaxt Rauf DAM-ın yolla gəlib-keçən motosikletini görüb, müfəttişlərlə salamlaşmaq üçün bir dəqiqəliyinə əl saxladı. O, DAM-ın işçiləri ilə həmişə salamlaşardı; fikirləşirdi ki, bundan adama ziyan dəyməz.

Quş fürsətdən istifadə edib, bu dəfə qabaq tərəfdən maşına yaxınlaşdı; eşidilən səsdən belə aydın olurdu ki, qabaq təkəri dimdikləyir.

Rauf buna əhəmiyyət verməyib tez maşına mindi, qapısını sakitcə bağladı və quşun yaraladığı sağ ayağı ilə akseleratoru basıb maşını yerindən tərpətdi.

O, güman eləyirdi ki, ədalət qalib gəlib, həyasız quş daha cəzasını alıb, amma bir neçə metr gedəndən sonra, dönüb bir yığın qanlı quş lələyi yerinə ayaq üstə sağ-salamat dimdik duran düşmənini gördü: zalım dayanıb diqqətlə onun maşınının nömrəsinə baxırdı.

“Dəlidir, vallah, dəlidir, elə ona görə də onu təzə heyvanxanaya aparmayıblar” – deyə Rauf fikirləşdi və qərara aldı ki, qayınatasıgilə gedəndə mütləq ondan quşların arasında ruhi xəstələrin olubolmamasını soruşsun.

Əsas və çətin iş görülüb qurtarmışdı, indi onu qarşıda yalnız xoş dəqiqələr gözləyirdi.

Raufun əhvalına uyğun olaraq, günəşin ilk şüaları təbiətin təzəcə yuduğu asfaltda, ağacların yaşıl yarpaqlarında, hətta qonşuları yuxudan oyatmamaqçün onun ehtiyatla açdığı qarajın qapısında çilçıraq kimi bərq vururdu.

Gur elektrik işığında buynuz son dərəcə fövqəladə görünürdü və əgər Rauf onu şəxsən özü ələ keçirməmiş olsaydı, heç vaxt ağlına da gəlməzdi ki, şirmayı kimi par-par parıldayan bu ağır əşya həqiqətən hansı canlı vücudunsa bədəninin bir hissəsidir.

O biri günü gecə Rauf qarajında tək oturub ecazkar iksiri hazırlamağa başladı. O, qədim reseptin surətini qabağına qoyub, orda necə yazılıbsa, eyni ilə: nəyi isə həvəngdə döyür, nəyi isə bir qabdan başqasına boşaldır, qatır, qarışdırır, qızdırırdı. Səhər açılanda isə Rauf artıq içi ağzına qədər kəhrəba rəngli içki ilə dolu yeddilitrlik iri bir şüşə balonu əlində tutmuşdu.

Bir neçə gündən sonra Rauf balonun qapağını açdı və qarajın içi adamın ağlını başından çıxaran qəribə bir xoş ətirlə doldu. Hətta Raufun başı gicəlləndi və o, təsadüfən salıb sındırmamaqçün, balonu ikiəlli möhkəm-möhkəm qucağına sıxdı. Bu qeyri-adi ətrin təsiri altında birdən-birə Raufun başında bir yığın dumanlı fikir və qırıqqırıq xatirələr hərləndi – aydın qavranılmayan, amma ruhunu oxşayan xatirələr.

O, özünün müxtəlif ehtiyaclarını qənaətlə ödəməyə adət etmişdi, odur ki, bu zəka bolluğu ona maraqlı göründü və o, həyatında ilk dəfə keçirdiyi bu xoş anların ömrünü uzatmağın əsla əleyhinə deyildi, amma birdən ağlına gəldi ki, balonun içinə dolan hava iksirin yaxşı yetişməsinə ziyan eləyə bilər. Rauf tez şüşə tıxacla balonun ağzını bərk-bərk bağladı və bu qiymətli sərvətini qarajın uzaq küncündə yığılmış qab-qacağın arxasında gizlətdi, özünə söz verdi ki, dünya dağıla, vaxtı çatmayınca ona əlini də vurmayacaq:

düz “yeddi dəfə yeddi gün”, yəni yeddi həftə.

O, qapını bağlayanda qonşu qarını gördü: bu qarı, son dərəcə qıvraq, amma yaman da müzür bir adam idi. İki il əvvəl, həyətdə qarajların tikintisi başlanan vaxt yer qalmamışdı şikayət məktubu yazmasın, ağzına gələni döşəmişdi gələcək qaraj sahiblərinin, o cümlədən – Raufun da ünvanına. Yazırdı ki, bu, qanunsuz işdir və tikinti dayandırılmalıdır. Ona dəfələrlə arayış göstərib izah eləyirdilər ki, bəs, qarajların tikintisində rayon arxitektura idarəsinin rəsmi icazəsi var, yenə də tutduğundan əl çəkmirdi.

O vaxtdan bəri qarı Raufla danışmırdı və onun salamını da açıqaşkar ağızucu alırdı. Ona görə də səhər-səhər birinci özü Raufa “sabahın xeyir” deyib, hələ üstəlik, skamyadan qalxıb qənşərinə gələndə, o diksindi: “xeyir ola?!” Qarının büzüşüb qırışmış sifətində təkcə gözləri diriydi, o, xəstə pişiyə oxşayırdı, üzündə inamsız bir təbəssüm var idi.

Rauf fürsətdən istifadə eləyib ona ibrət dərsi vermək istədi:

– Görürsünüz də... – dedi. – Axırıncı komissiya da qarajın qanuni tikildiyini təsdiq elədi. Siz indi hara, kimə yazacaqsız?

– Hiss eləyirsiz? – deyə qarı soruşdu. Raufun sözlərini o, elə bil heç eşitməmişdi – ətirə bir baxın ey! Mən ömrümdə belə qoxu, belə ətir görməmişəm. Cənnət ətridir elə bil. Hətta başım hərləndi.

Rauf başını yuxarı qaldırıb burnu ilə havanı içinə çəkdi:

– Hə, aləmdir, – dedi. Ürəyində isə qarını lənətlədi.

– İndi daha iy gəlmir, – qarı təəssüflə dedi. – On dəqiqə bundan əvvəl iy bütün havaya hopmuşdu. İndiyə kimi əllərim əsir, baxın...

Doğrudan, siz heç nə hiss eləmədiz? Amma mənə elə gəldi ki, o iy sizin qarajdan gəlir.

Rauf tez etiraz elədi:

– Ordan ancaq benzin, bir də yağ iyi gələ bilər. – O, barmağını ağzına salıb islatdı və başı üzərinə qaldırdı. – Hər şey aydındır, külək karamel fabriki tərəfdən əsir. Arada görünür, bir an bərkiyib, özü ilə də dediyiniz iyi gətirib. Orda heç olmamısız? O fabrikdə o qədər müxtəlif tamlı, ləzzətli şeylərin cövhəri var ki...

– O, nə idisə başqa aləm idi, – deyə qarı zəif səslə təkrar etdi və daha Raufa fikir vermədən yavaş-yavaş çıxıb getdi.

Səhəri rayon prokurorunun müstəntiqi Əsgərov familli bir nəfər Raufa zəng vurdu. Rauf tanımadığı, ömründə üzünü görmədiyi bu adamdan soruşdu ki, bəlkə o, nömrəni səhv salıb. Biləndə ki, yox, səsinə təəccüb ifadəsi verdi; onun fikrincə, ömründə istintaq orqanları ilə əlaqəsi olmayan hər bir ləyaqətli adam məhz belə eləyərdi.

Görüş vaxtını razılaşandan sonra Rauf dəstəyi asdı.

Maşınını tinin dalında saxladı; Rauf istəmirdi ki, prokurorluğun qabağında onu görüb-eləyən olsun. Girəcəkdə oturmuş növbətçi ilə salamlaşandan sonra familini dedi. Növbətçi siyahıya baxıb onun familini tapdı və içəriyə dəvət elədi.

Qapını döyməzdən əvvəl Rauf qalstukunu düzəltdi və bığına sığal verdi. Bir an duruxandan sonra barmağındakı qızıl üzüyü də çıxarıb cibinə qoydu; fikirləşdi ki, tanımadığı vəzifə adamına barmağı üzüklü pis təsir bağışlaya bilər.

Müstəntiqin kabinetində iki podpolkovnik oturmuşdu, amma Əsgərov – o, tünd-boz rəngli kostyum geymişdi, sarı da qalstuk 326 taxmışdı – Raufu heç bir dəqiqə də qapı dalında saxlamadı, içəri dəvət edib, yer göstərdi, elə o saat da mətləbə keçdi. O, görüşməkçün ayağa duranda məlum oldu ki, balacaboy adamdır, özü də qalın qaşlı, xırda gözlü arıq üzü Raufa tanış gəldi.

Oturanda Rauf gözucu gördü ki, ağsaçlı yekəpər zabit zorla nəzərə çarpacaq bir tərzdə başını yırğaladı.

– Sizə zəhmət verdiyimizə görə çox üzr istəyirəm, – deyə müstəntiq Raufa müraciət edərək sözə başladı. Amma Rauf imkan vermədi ona davam eləsin, dedi ki, heç bir zəhməti yoxdur və əgər orqanın işinə azacıq da olsa köməyi dəysə, xoş olar onunçün və ümumiyyətlə, o, sözünü ürəyində saxlamağı xoşlamır, yeri gəlmişkən demək istəyir ki, həyatında müstəntiq yanına bu ilk gəlişi (“ilk” sözünü o, xüsusi vurğu ilə dedi) ona çox yaxşı təsir bağışlayıb.

Girişdəki diqqətcil növbətçidən, idarənin içindəki səliqəsahmandan tutmuş ta bu kabinetdə tanış olduğu gözəl, son dərəcə istiqanlı adamlara kimi. Rauf haqlı olaraq belə hesab eləyirdi ki, hər bir işdə tərəfdarların olmağının ziyanı yoxdur, ona görə də sonuncu sözləri deyəndə üzünü podpolkovniklərə tutdu və ikisi də ona təbəssümlə cavab verdi.

– Məsələ belədir. – Əsgərov sıxıla-sıxıla mətləbə keçmək istədi.

– Avqustun 13-dən 14-ə keçən gecə 35-30 nömrəli maşını Bayılda görüblər. O sizin maşınınızdır?

– Kül rəngində “Jiquli”? Mənimkidir. Çox güman ki, orda dayanan elə o olub, – deyə Rauf cavab verdi. – Əgər mən bilsəydim ki, dediyiniz tarix həftənin hansı günü imiş, daha dəqiq cavab verərdim sizə.

Əsgərov tez təqvimə baxıb dedi:

– 13-dən 14-ə, şənbədən bazar gününə keçən gecə.

– Tamamilə düz buyurursuz, o gün orda dayanan mənim maşınım olub. – Rauf fikirləşmədən əvvəlki ehtimalını qəti təsdiq elədi.

– Necə məyər?

– Deyəcəm, darıxmayın... Yaxşı, niyə bəs maşını gecə orda saxlamısız?

Axı siz şəhərin o biri başında olursuz?

Rauf bu sualın cavabını bir az ləngitdi. O, artıq imkan tapıb Əsgərovu yaxşı-yaxşı gözdən keçirə bilmişdi, ona görə də qərara gəldi ki, əvvəl fikrində tutduğu niyyətdən imtina etməyi məsləhətdir.

– Bilirsiz, – Rauf utana-utana gülümsəyib, – mən nərdbazam, – dedi. – Yaxın bir dostum var, o da nərd xəstəsidir. Rast gəldik bir-birimizə ha, vəssalam, hər şey yaddan çıxır. Bizi saxlamaq mümkün deyil. Hər dəfə səhərəcən çəkir oyunumuz. İnanmazsız, amma arvadımla hətta buna görə aramızda xoşagəlməz söz-söhbət olur. Min dəfə başa salıram onu ki, ağlı olan qadın sevinər ki, əri arvadbaz döyül, karta uymayıb, nərdə salıb meylini, öz milli oyunumuza – qəti təsir eləmir. Üzr istəyirəm, – Rauf sanki birdən ayıldı, – hə, o gecə mən həmən dostumgildə idim. O, yaxın olur o yerə, amma onların evinin yanında maşın saxlamaq qorxuludur.

Bilirsiz, qaranlıq bir döngədir, ömründə işıq yandırmırlar.

– Müstəntiqin üzünün ifadəsindən və dostunun dəqiq ünvanını, familini soruşmamasından Rauf başa düşdü ki, hər şey ona aydındır, heç bir şübhə yeri qalıb eləməyib.

– Maşını yalnız özünüz sürürsüz? – Hiss olunurdu ki, bu sualı Əsgərov elə-belə, rəsmiyyət xatirinə verir. – Demək istəyirəm ki, oğlanlarınızdan, ya qardaşınızdan, bacınızın uşaqlarından hərdən maşını götürmürlər ki?

– Yox, – Rauf qəti cavab verdi. – Mənim maşınımın sükanı arxasında ancaq mən özüm otururam. Bütün dostlarım da bilir bunu – Rauf axırıncı köynəyini çıxarıb verər, deyirlər, amma maşınını istəmə, verməz. İnanın, bu onların özlərinin xeyrinədir!

– Maşına oturub evə sürməzdən əvvəl siz oralarda şübhəli heç nə görmədiz ki? Bəlkə yadınıza salasız?

Rauf gülümsədi:

– Siz heç təsəvvür eləmirsiz ki, o gecə yağış yağırdı. Yanyörəyə baxmağa imkan yox idi, qaçıb maşına çatanacan, iliyimə qədər islanmışdım. Yaxşı, siz heç mənə demədiz axı, nə olub, nə hadisə üz verib?

Əsgərov verdiyi sualların cavablarını yazıb qurtarandan sonra:

– Heç, – deyə fikri dağınıq halda cavab verdi. – Gecə kimsə heyvanxanada yaramaz işlər görüb, indi gərək biz sizinlə qızıl kimi vaxtımızı buna sərf eləyək. – O, stolunun gözündən təmiz blank götürüb saatına baxdı və vaxtı qeyd elədi ora. – Buyurun, bayıra çıxmaqçün icazə vərəqəsidir. Çox sağ olun, əziyyət verdiyimizçün bir də üzr istəyirəm.

Rauf hamı ilə bir-bir əl verib xudahafizləşdi və kabinetdən çıxdı, amma qapını möhkəm bağlamadı.

Koridorda heç kim yox idi, o, dəstəkdən tutub elə bir vəziyyətdə durdu ki, guya qapını açmağa hazırlaşır. Əgər kabinetdən bir adam çıxsaydı, Rauf izah eləyə bilərdi ki, qayıdıb Əsgərovdan iş yerinə verməkçün arayış alsın.

İçəridəki söhbət aydın eşidilmirdi və o, demək olar ki, heç nə başa düşə bilmədi, təkcə iki dəfə qulağı “uşaq” sözü aldı, ancaq səs Əsgərovun səsi deyildi.

* * * Hər səhər maşını işə salmamışdan əvvəl Rauf küncdəki qabqacağın dalından yeddilitrlik balonu götürür, ağzını açıb bir neçə saniyə ordakı cənnət suyunun iyini acgözlüklə içinə çəkirdi. Kəhrəba rəngli bu qeyri-adi suyun tam yetişməsinə hələ bir aydan da çox qalmışdı və Raufun onu gündə-gündə iyləməsi insana ləzzət verən əksər vərdişlər kimi qorxulu bir adət şəkli ala bilərdi. Ala bilərdi, amma... Beşinci gün səhər poçtalyon qəzetlərlə bir yerdə Xalidə xanıma məktub verməsəydi.

Xalidə əlində prokurorluqdan gəlmiş çağırış vərəqəsi mətbəxə girdi.

– Sənə gəlib! Hamısı düzdür, famil də, ünvan da. Xeyir ola, bu nədir?

– Gedib öyrənərəm! – Rauf arvadına əsəbi cavab verdi, amma əslində əsəbiləşib eləmirdi. – Prokurorluğa kimi istəyirsən, çağıra bilərlər, burda mən qeyri-adi bir şey görmürəm. – O, qəzeti götürüb açdı; yəni ki, söhbəti qurtardıq.

– Axırda elə belə olmalıydı, – deyə arvadı ürəyində fikirləşdiyini dilinə gətirdi. – Sən gərək çoxdan bu işdən gedəydin.

Rauf hiss elədi ki, söhbəti yumşaltmağın vaxtı çatıb, sakit səslə soruşdu:

– Çoxdan, yəni nə vaxtdan?

– Hələ heç ora işə girməmişdən! – Xalidə xanım təzə qızışırdı, yumşalmaq fikrində deyildi. – O vaxt hamı sənə xəbərdarlıq eləyirdi – atam da, Arif də, özümü hələ demirəm – getmə deyirdilər, 329 axırı yoxdur. Arifin adını çəkməklə o, özü də bilmədən vəkillə məsləhətləşməyi Raufun ağlına saldı və Rauf fikirləşdi ki, ağıllı adam, hətta arvadla səhər söhbəti kimi mənasız məşğuliyyətdən də nə isə bir xeyir götürə bilər.

– Atan mənə trestdən çıxmağı məsləhət görəndə mən heç mübahisə də eləmədim, ona çox hörmətlə qulaq asdım və gözlədim ki, görüm əvəzində mənə nə təklif eləyir. Hələ də gözləyirəm. Sizin ailədə hamı məsləhət verməyə ustadır. – Rauf arvadının üzünün ifadəsini müşahidə eləyə-eləyə ürəyinin sözünü dedi.

– Düz demirsən, – Xalidə partladı yerindən. – Atam sənə o saat öz ixtisasın üzrə iş tapmağı təklif elədi.

– Hə, nəbatat bağında gecə qarovulçusu.

– Xeyr, kiçik elmi işçi. Sən indi bu saat...

– Əgər akademik öz ali savadlı kürəkənini nəbatat bağına yarpaq yığmağa, ağaclara peyvənd vurmağa göndərirsə, normal adamlar bunu şikəst kürəkənin gecə qarovulçusu işləməsi kimi başa düşürlər.

Kürəkənin isə köməyə ehtiyacı yoxdur. Onun insani münasibətə ehtiyacı var. Siz bunu başa düşmədiz. Allaha şükür, öz əlimlə hər şeyə nail oldum. Əlbəttə, mən nə akademikəm, nə də kosmonavt, adi qulluqçuyam, bundan artıq mənə lazım da deyil. Ailəmi dolandırıram, ya yox? Ay sağ ol! Qalanının sənə dəxli yoxdur. Yadımda deyil, kimdirsə, yaxşı deyib: hər cür zəhmət – şərəfdir.

– Sizin trestdəki Nəcəfovu şərəfli zəhmət üstündə on il basdılar, getdimi? Onun konyak spirtiylə çıxartdığı hoqqalardan bütün qəzetlər yazmışdı.

– Tamahkar idi. Onu tamah yıxdı – deyə Rauf izah elədi. – Elə adamlarla mənim heç bir əlaqəm yoxdur və heç olmayıb da. Mənim işim xammalı bölməkdir. Hansı sənədi yoxlayırsan yoxla, mənim şöbəmdə – düppədüz, tonuna söz ola bilməz. Məndə hər şey ölçülübbiçilib, haqq-hesabı var. Odur ki, sən heç narahat olma. Mən heç vaxt ilişmərəm.

Xalidə:

– Hamı sənin kimi fikirləşir, amma yenə görürsən, hardasa ilişir, – dedi. – Bu gün yox – sabah bu işdə yox – başqa işdə... Sən gəl mənim məsləhətimə qulaq as...

– Lazım deyil. – Rauf dalğın halda arvadının sözünü kəsdi. O, artıq başqa şey barədə fikirləşirdi. – Mən səninçün Arif deyiləm, öz işlərimi özüm birtəhər yoluna qoyaram. Lazım deyil.

– Arifin arvadı ilə hesablaşmağında, onun məsləhətini eşitməyində mən heç bir pis iş görmürəm. – Xalidənin yadına neçə il əvvəl olmuş bir əhvalat düşdü, başladı gülməyə. Arif etiraf eləyirdi ki, həmin əhvalatdan sonra onda arvadının müdrikliyinə böyük bir inam yarandı.

Xalidə ilə Rauf Bolqarıstana toy səfərindən qayıdanda Moskvadan Bakıya Arif və arvadı Sima ilə bir kupedə gəlirdilər. Sima mülayim, balacaboy, yapışıqlı bir qadın idi; üç gündə yol boyu cəmi bir neçə dəfə səsi eşidildi. Söhbətə qarışmırdı, oturub dinməzcə qulaq asırdı, sual-zad da vermirdi. Onun təmkini, qayğı və diqqəti Raufun çox xoşuna gəlmişdi, hətta onu Xalidəyə nümunə də göstərdi.

Amma o, bir dəfə səsini qaldırdı.

Sima ilə üzbəüz oturmuş Rauf heç təəccüblənməyə macal tapmamış, o, cəld yerindən sıçrayıb koridora çıxdı, pəncərənin qabağında dayanıb təbiətin gözəlliklərini seyrə dalmış Arifə yanaşdı və əlini yavaşca onun çiyninə toxundurub tələb elədi ki, başını pəncərədən bayıra çıxartmasın.

Arif kənara çəkilib ona da yanında yer elədi. Sima əvvəlki səslə tələbini bir də təkrar eləyəndə, Arif ciddi, amma nəzakətlə xahiş elədi ki, onu rahat buraxsın.

– Eşidirsən, başını çək, deyirəm – Sima zəndlə ərinə baxırdı. – Məsləhət görürəm!

Əla məsləhət idi – heç bir dəqiqə keçmədi ki Arifdən başqa, hamı buna əmin oldu, çünki Arif huşunu itirmişdi; qonşu vaqonun pəncərəsindən atılan qarpız onun düz kəlləsinə dəymişdi.

Onu kupeyə aparıb yerinə uzatdılar. Dostlarının və arvadının qayğısı sayəsində o, yavaş-yavaş özünə gəldi.

Qarpız zərbəsindən sonra Arifin səhhətində heç bir ciddi dəyişiklik baş vermədi. Yeganə dəyişiklik o oldu ki, bu zərbənin nəticəsində gənclik illərinin sirdaşı, ən yaxın dostu Raufun təsiri altından çıxdı və həmin gündən etibarən Sima ilə məsləhətləşməmiş həyatda bir addım da atmadı.

Sonralar məlum oldu ki, Sima ilə Rauf bir-birini qəti həzm eləyə bilmirlər: bunu hər iki dost hiss elədi və tədricən get-gəlləri kəsildi, bir-birinin evindən ayaqları çəkildi.

Axırıncı dəfə onlar iki il əvvəl görüşmüşdülər; uzun fasilədən sonra, küçədə hüquq məsləhətxanasının qabağında təsadüfən 331 rastlaşmışdılar. Arif məsləhətxanadan çıxıb maşına tərəf gedirdi.

Rauf az qala ötüb keçəcəkdi onun yanından, ilk baxışda köhnə dostunu tanıya bilməmişdi – Arif ahıllaşmışdı, saçları əməlli-başlı ağarmışdı. Rauf elə bil birdən ayıldı, dönüb çağırdı onu. Arif artıq sürücünün yanında oturmuşdu, qapısını örtməyə hazırlaşırdı. O, səsə çönüb Raufu görəndə geniş alınlı iri sifətinə dərhal bir qətiyyətsizlik ifadəsi çökdü və az sonra da çəkilib getdi. O, maşından özünə çox arxayın bir adam kimi, gülər üzlə düşdü, amma Rauf onun əlini sıxanda bilirdi ki, bu ağır yerişin, bu arxayın baxışın arxasında, yəni Arifin tünd-qonur bəbəyinin dərinliyində, uzun illərdən bəri özünə yuva salmış bir qorxaqlıq gizlənib və bu qorxaqlıq həyatda bütün istəklərinə çatmağı bacaran Arifin səyinə baxmayaraq, həmişə onun canında, qanında qalacaq.

Rastlaşmaqlarına sevindi və Raufun xoşuna gəldi bu. Söhbət əsnasında Rauf hiss elədi ki, keçmiş dostunun işləri əla gedir, amma, bununla belə, bir də qəsdən soruşdu ki, indi o, nə işindədir.

Arif başının işarəsi ilə girəcəyində qızılı hərflərlə yazısı olan iri qara lövhə asılmış hüquq məsləhətxanasının birmərtəbəli binasını – son otuz il ərzində Arifin vəkillik fəaliyyəti burda keçmişdi – göstərib dedi ki, bu günlərdə onu müdir təyin eləyiblər. Arif təmkinli danışır, özünü çox sadə aparırdı, amma Rauf hər ehtimala qarşı onu bir balaca pərt eləyib yerində oturtmaq üçün aylıq qazancının miqdarını deyəndə, təkəbbürlə gülümsədi və üzünə elə ifadə verdi ki, guya ürəkdən acıyır ona. Halbuki, maaşı ilə vəkillik qonorarını üst-üstə gələndə Arifin qazancı az deyildi.

O görüşdən sonra iki il keçmişdi və bu müddət ərzində Arifi ancaq bu gün xatırladı, o da Xalidənin köməyi ilə. Və dərhal qərara gəldi ki, Əsgərovla görüş ərəfəsində qeyri-rəsmi məsləhət üçün ən münasib vəkil məhz Arifdir.

Yapma, naxışlı tavanı və məxmər asılmış hündür pəncərələri olan işıqlı, iri qəbul otağında təkcə cavan katibə oturmuşdu. Qız qəzet oxuyurdu və Rauf içəri girəndə qəzeti büküb bir qırağa qoydu.

O, xoş bir təbəssümlə, nəzakətlə danışırdı, amma Rauf öz köhnə dostunun yanına işgüzar söhbətçün gəldiyini bildirdisə də, onu ancaq on-on beş dəqiqədən sonra içəri buraxmağa razılıq verdi.

– Yanında adam var? – deyə Rauf təəccüblə soruşdu.

– Heç kim yoxdur, amma bu vaxt o məşğul olur. Mən hətta telefon zənglərini də kabinetə keçirmirəm. Tez qurtarar. Siz buyurun, əyləşin... Ay yoldaş, hara?

Əgər Rauf Arifi kabinetdə lüt görsəydi, yəqin ki, daha az təəccüblənərdi – məsləhətxananın müdiri, iri qədim stolun arxasında oturub yeyirdi.

Raufun gəlişi elə bil onu qəti təəccübləndirməmişdi, ağzındakı tikəni çeynəyə-çeynəyə başını bircə dəfə elə əda ilə tərpətdi ki, həm karıxmış halda Raufun dalınca kabinetə girən katibəni geri qaytardı, həm də yanına vaxtsız gəlmiş dostunu salamladı. Bu hərəkəti stolun arxasına dəvət kimi başa düşən Rauf keçib Ariflə üzbəüz oturdu. Yerini yaxşıca-yaxşıca rahatladı və yalnız indi son görüşlərindən sonra dostunun nə qədər dəyişdiyini gördü. Arif xeyli sınıxmışdı. İşığını itirmiş gözlərinin altı tuluqlanmışdı, üzünün sümüyü çıxmışdı. Qabağındakı süfrədə də ürəkaçan bir şey yox idi.

Nazik dilimlərlə doğranmış qara çörək, holland pendiri və bir də bişmiş çuğundurdan, kökdən və pomidordan hazırlanmış tərəvəz salatı – vəssalam.

– Mən də deyirəm, görən bu nə işlə məşğuldur ki, yanına adam buraxmırlar! Cürbəcür maraqlı fikirlər gəldi ağlıma. – Rauf söhbətə zarafatla başladı.

Zarafat Arifin deyəsən xoşuna gəlmişdi. Buterbrodunu yeyəyeyə gülümsədi və onun ağappaq dişləri Raufun nəzərindən yayınmadı; bu mirvari dişlər də son illərin məhsuluna oxşayırdı.

– Mən də deyirəm ki, yəqin kişi oturub kabinetdə özüçün qızıl balıq yeyir, ya da heç olmasa, ləvəngi, üstündən də əla “Şirvan” konyakı vurur, divanda da ki, bu saat dənizdən çıxmış təptəzə ağ balıq. Amma öz aramızdır, zövqün pis deyil. Adı nədir onun?

Arifdən səs çıxmadı, tikəsini udub, cəld qapıya tərəf baxdı.

– Başın xarabdır? Qızımız yerindədir! – Raufun onunla mübahisə eləmək fikri yox idi.

– Onda elə götür qızlığa, – dedi. – Halvaçı qızı daha şirin... Xeyir ola, kökə keçmisən?

– Pəhrizdəyəm, – Arif könülsüz cavab verdi. – Hər saat yarımdan, iki saatdan bir mütləq nəsə yeməliyəm, lap bir tikə olsa da, yeməliyəm. – Başı ilə yeməyini göstərdi, – buna bənzər bir şey, uzun sözün qısası, şəkərim var.

– Özündən söz çıxarma, səndə şəkər-zad yoxdur, – Rauf çox ciddi etiraz elədi: həm Arifə ürək-dirək verməkçün, həm də yaşıdlarından ciddi xəstə olduqları barədə bir söz eşidəndə, bu onun özünə də yaman pis təsir eləyirdi və belə deməklə elə bilirdi ki, qovur xəstəliyi. – Sən mənə qulaq as. Əvvəla, ürəyin nə istəyir, qorxma, ye getsin, sonra da ki, dərmanı-zadı qoy qırağa, gör dönüb təzədən iyirmi yaşında cavan oğlan olursan, ya yox. Həkimlərə qəti qulaq asma. Əşşi, heç bilirsən Nazim Qiyasbəylinin atasının başına onlar nə oyun açdılar? O da sənin kimi, həkim deyib durmuşdu, nə verirdilər – xeyirdir, ziyandır – atırdı ağzına, hələ iynə də vurdururdu.

Axırı bir gün elə öz qapılarının ağzında huşunu itirib tirtap dəydi yerə. Sonradan məlum oldu ki, kişidə şəkər-zad yoxmuş, bunlar da onu iynə ilə, dərmanla az qalıbmış halvalıq eləsinlər.

– Bura bax, saxla görüm, – Arif onun sözünü kəsdi. – Mən biləni, axı Nazimin atası ölmüş ola gərək.

– Ölməyinə ölüb, amma şəkərdən yox. O dediyim hadisədən üç il sonra ürəyindən getdi, əziyyətsiz-filansız – bir dəqiqənin içində, gül kimi – heç cınqırı da çıxmayıb. – Rauf özünü itirmədi. – Mən sənə söz deyirəm: bunları qoy bir qırağa, hələ indiyə kimi bir adam pəhrizdən xeyir görməyib.

– Qoy qırağa, deməklə döyül, analiz var, zad var... – Arif çəngəlbıçağı nimçəyə qoyub söhbəti dəyişdi: – Mənimki məlumdur, səndə nə var, nə yox?

– Elə ona görə gəlmişəm yanına, – Rəşid gülümsündü – bir məsələ var, səninlə məsləhətləşmək istəyirəm. Burda qayda necədir, qonorarı əvvəl verirlər, yoxsa axırda?

– İşdə dolaşmısan?

– Dayan bir görüm, – Rauf kəsdi onun sözünü. – İndi sən də başlayacaqsan:

“Mən hələ onda demişdim sənə” və sairə və ilaxirə.

Qorxub-eləmə, işdə hər şey öz qaydasındadır, həmişə də öz qaydasında olacaq.

– Təki, elə olsun, amma, məncə, qabaqcadan çox çətindir demək, sabah nə olacaq. – Arif gələcək barədə öz fikrini ona çox ciddi bildirdi.

– İndi başqa dövrdür, məsələlər mürəkkəbdir.

– Saxla, saxla, sən Allah, – Rauf turşutdu üz-gözünü. – Mənim dövrlə, zamanla işim yoxdur. Gəl mətləbdən uzaq düşməyək – vaxtım azdır. Saat yarımdan sonra Əsgərovun yanında olmalıyam.

Arif Raufun söhbətinə diqqətlə, axıra kimi qulaq asdı, bir dəfə də sözünü kəsib-eləmədi. Rauf danışıb qurtarandan sonra da o, xeyli dinməzcə oturub fikrə getdi, nəhayət, təəccüblə soruşdu:

– Axı buynuz sənin nəyinə lazımmış?

Arif kimi təcrübəli hüquqşünasdan Rauf daha ağıllı sual gözləyirdi.

– Tutaq ki, kolleksiya toplayıram. Bir dəqiqəlik təsəvvür elə ki, mən buynuz yığıram, qəribə gəlir sənə?

– Nə buynuzu?

– Hər cürün. Ev heyvanlarının, yırtıcı heyvanların. Bunun məsələyə bir dəxli var?

Arif bir an fikirləşib:

– Məncə, yırtıcıların buynuzu olmur, – dedi. – Müstəntiq yanına gedəndə hər şeyin dəxli var. Səni kim keçən dəfə dindirib?

Əsgərov? Arıq, balacaboy?

– Hə, Əsgərov – Rauf quru cavab verdi. “Dindirib” sözü onun xoşuna gəlməmişdi. – Bura bax, burda elə bir ciddi məsələ yoxdur.

Allaha şükür, özün yaxşı bələdsən mənə. Bilirsən ki, mən bütün işlərimi əvvəlcədən elə qururam ki, sonra başağrısı çəkməyim – bunlar hamısı öz yerində. Amma indi bir-iki məsələni səninlə dəqiqləşdirmək istəyirəm.

– O Əsgərov yaman çürükçüdür. – Arif fikirli-fikirli çallaşmış bığlarını tumarladı. – Demək istəyirəm ki, nahaq ona sən yalan satmısan.

Çünki xeyri yoxdur yalanın. Görürsən, ikinci dəfə çağırıb səni.

Deməli, əlinə nə isə təzə fakt keçib... İndi səndən əl çəkməyəcək.

Rauf hirsləndi:

– Sən də yaxşı, qorxutma məni. Nə olsun ey, yalandır da, demişəm!

Nə bilirsən, bəlkə mən elə onu da qabaqcadan ölçüb-biçmişəm!

Hə? Sonradan lazım olsa deyim ki, təcrübəsiz olduğumçün qorxumdan yalan danışmışam.

– Durduğu yerdə o səni ikinci dəfə çağırmazdı.

– Bu dəfə gedib hər şeyi ona nə təhər olub, elə də danışaram.

Vəssalam-şüttəmam! Səninlə elə bu barədə məsləhətləşmək istəyirəm.

Mən deyim, sən yaxşı-yaxşı fikir ver: nə qapı, nə pəncərə sındırılıb, deməli, zorakılıq olmayıb – bu bir! Kərgədanın hayı gedib, vayı qalıb; o qədər qocalıb ki, ağzının suyu axır – bu iki! Heç bilirsən, kərgədanlar neçə il yaşayırlar? On beş il! Mənimkinin bu 335 yaxınlarda on altı yaşı tamam olub. Hətta mən onu vurub öldürsəydim də, bundan heyvanxanaya bir elə ziyan dəyməzdi. Onsuz da təzə heyvanxana üçün iki dənə cavan kərgədan yazıb gətirdirər.

Tüfəng də öz adımadır; hər bir kağızı, filanı yerindədir – bu da üç.

İndiyə kimi nə həbsdə olmuşam, nə də məhkəməyə düşüb işim – nəhayət, bu da dörd! Mən hər şeyi qabaqcadan ölçüb-biçmişəm, götür-qoy eləmişəm – ona söz ola bilməz! Yaxşı, indi özün de, nə eləyə bilərlər mənə? Hə? Uzaqbaşı cərimədir də! Cəhənnəmə ki, qoy eləsinlər.

– Bir, ya iki il, şərti iş də verə bilərlər. – Rauf bunu çox ciddi dedi. – Əzizim, başının altına yastıq qoyub, aldatma özünü, sən fikirləşdiyin qədər də kiçik məsələ deyil bu.

– Razıyam, – Rauf söhbəti mübahisəyə döndərmək istəmədi.

– Mən onsuz da qazancdayam. Sən mənə de görüm, neyləyim ki, bu işin başağrısı az olsun, uzanmasın.

– Düzü, mən birinci dəfədir ki, belə bir işlə qarşılaşıram, – deyə Arif etiraf elədi. – Əvvəlcə gəl sakit-sakit baxaq görək, sən nə oyun çıxartmısan?! Gecə yarısı biletsiz, heyvanxananın ərazisinə girmisən və qəfəsdə saxlanan nadir heyvanın bədəninin bir hissəsini icazəsiz mənimsəmisən, yəni dövlət idarəsinin balansında olan əmlakın bir hissəsini.

– Qəribə adamsan, gecəyarısı heyvanxanada bilet satırlar?

– Rauf özündən çıxdı. – Biletin məsələyə dəxli yoxdur, o heç!

– Hər şeydən əvvəl, müttəhimin niyə, nə məqsədlə belə bir iş tutduğunu bilmək istəyəcəklər...

– Özünsən müttəhim. Sənə bayaq dedim, nə məqsədlə.

– Kolleksiya yığmaq məqsədilə? Çox pis. Bu da elə varlanmaq kimi bir şeydir, yenə də məsuliyyətə cəlb olunmalısan. Yox, əgər sübut eləyə bilsən ki, kərgədan sənin üstünə hücum çəkib, sən də məcburiyyət qarşısında qalıb belə bir iş tutmusan, onda vəziyyət dəyişir.

– Yaxşı, – Rauf saatına baxdı. Müstəntiqlə görüşünə hələ çox qalırdı, dəlləkxanaya getməyi qərara aldı. – Sonra zəng vurram sənə.

Məndən Simaya salam de. Amma xahiş eləyirəm, bu məsələ barədə onunla məsləhətləşmə.

Arif çiyinlərini çəkib:

– Məsləhətləşmə deyirsən, məsləhətləşmərəm. Amma ona desəm, mütləq bir çıxış yolu tapar. Bilirsən, mən hərdən məəttəl qalıram ki...

Rauf Arifin sözünün dalına qulaq da asmayıb ayağa durdu.

Onun yanına keçdi və əli ilə saçını qarışdırdı. O, başa düşdü ki, bu görüşün, bu söhbətin heç bir xeyri yoxdur, amma gəlməyinə təəssüflənmədi.

Çünki uzun fasilədən sonra bu gün, burda, Arifin kabinetində hiss elədi ki, dünya nə qədər dəyişir-dəyişsin, Arif də vəzifədə nə qədər irəli gedir-getsin, onların münasibətində hər şey olduğu kimi qalır. O, Arifdən yenə də üstündür, yenə də irəlidir. Bu hiss, bu duyğu Raufun bəsi idi.

– Sağ ol. Bir-iki günə mütləq zəng vurram sənə!

– Hara, bir dayan görək, – deyə Arif narazı halda saçını tumarladı.

– İndi birdən elə ağlıma gəldi ki, bəlkə Əsgərov bu dəfə səni heç heyvanxana məsələsinə görə çağırmayıb, başqa söhbəti var.

Birdən idarə işlərinə görə olar ə? Bilirəm xoşun gəlmir sənə o barədə söz deyəndə, amma sən, hər halda, bir fikirləş.

– İdarədə hər şey qaydasındadır. – Rauf əsəbiləşdiyini büruzə verməyib bir də təkrar elədi: – qol çəkdiyim sənədçün mən başımla cavabdehəm.

– O heç, aydın məsələdir. – Arif üzünü turşudub səsini qaldırdı.

– Sənəd öz yerində, amma işlər görürsən çox vaxt orda yazıldığı kimi getmir. Guya sən özün bilmirsən o sənədlərin əsl qiymətini?!

Bu işlər var ey, hamısı bir-biri ilə bağlıdır, hər şeyi də qabaqcadan nəzərə almaq, tədbirini görmək qeyri-mümkündür. Yəni demək istəyirəm ki, sən oturmusan burda, amma hardasa, heç Bakıda yox, başqa bir şəhərdə sizin o idarə ilə əlaqədar elə bir iş çıxır ortalığa ki, sənin ondan xəbərin də yoxdur.

Rauf əli qapının dəstəyində dedi:

– O barədə sən qəti narahat olub-eləmə. Bizdə hər şey elə möhkəm, elə əsaslı qurulub ki, bir kəlmə o yanı-bu yanı ola bilməz.

– Çoxları belə fikirləşirdi, – deyə Arif burnunun altında mızıldadı.

– Hamısını görə-görə gəlmişik. Ömür vəfa eləsə, bundan sonra da hələ görəcəyik.

Onun bu sözü Raufu heç açmadı, qayıdıb bayaqkı yerində oturdu.

O, hiss elədi ki, Arifin sözündə qayğıdan çox, onun həyatdakı 337 mövqeyinin bir elə də möhkəm olmadığına eyham var. Raufu isə bütün yan-yörəsi ciddi, işgüzar bir adam kimi tanıyırdı, özünə görə onun adı-sanı var idi.

– Bura bax, sən mənim işim barədə elə danışırsan, elə bil qanunsuzluqda- zadda şübhələnirsən məndən. – Rauf bu sözləri təkcə Arifə yox, sanki arvadına da, arvadının bütün qohum-əqrəbasına da deyirdi. – Əclafam, əgər ömrümdə bir adamdan bir manat rüşvət istəmişəmsə, ya da dövlətə beş qəpiklik ziyan vurmuşamsa.

– Yəni, deyirsən, sən maaşla dolanırsan? – Arif onun fikrini tamamladı. – Lap yaxşı.

Rauf heç vaxt imkan verməmişdi ki, Arif onu dolasın, indi də imkan vermək fikrində deyildi. Ona görə də Arifin sözünə istehza ilə güldü:

– Burda söhbət maaşdan getmir, mənim əzizim – və əlavə elədi:

– nə mənimkindən, nə də səninkindən. O ki qaldı mənim qazancıma, bu saat deyim sənə mən nə təhər qazanıram, onda özün görəcəksən ki, adamı bunun üstündə ittiham eləmək çox çətindir.

Mənim işim nədən ibarətdir? Əsasən xammalı bölüşdürməkdən.

Vəssalam. O xammala isə indiyə kimi nə bir dəfə əlim dəyib, nə də onun üzünü görmüşəm; daşıyan da, alan da başqa adamlardır. Mənə ancaq bir şey məlumdur ki, müəssisənin planı doldurmağı həmin defisit malın vaxtında alınmasından asılıdır. Aydın oldu?

– Daha bundan aydın nə ola bilər? Xammal defisit, müəssisə isə çox, kimə nə çatacaq – o da sənin əlində.

–Nə olsun? Nə pis iş var burda?.. Özün bilirsən ki, mən səndən qorxub eləmirəm, ona görə də yalan danışmağa, həqiqəti gizlətməyə ehtiyacım yoxdur. Dediyim odur ki, mən indiyə kimi ömrümdə heç kimdən bir qəpik istəməmişəm, ya kimsəni məcbur eləməmişəm ki, gətirib mənə pul versin – olmayıb belə şey.

– Özləri gətirirlər?

– Özləri, – deyə Rauf təsdiq elədi. – Bir həftə, ya görürsən, bir ay keçəndən sonra gətirirlər. Dilə tuturlar, qılığıma girirlər ki, götürüm. Çox xahiş, minnətdən sonra, götürürəm. Azdır, çoxdur – saymıram, zərfi alıb qoyuram cibimə.

Arif qaşlarını çatıb, eyhamla soruşdu:

– Yaxşı, bəs heç elə vaxt olurmu ki, xammal hamıya çatsın?

– O qədər olur, tez-tez, hələ o biri kvartala ehtiyat da qalır.

– Rauf gülümsədi. – Onda hamı öz payını artıqlaması ilə alır... Bəs necə?! Düşmən deyiləm ki, istehsalata. Mal çox oldu, mənə də xeyirdir, hamı gəlib bir-bir təşəkkürünü eləyir, gedir.

– Onlar bəs bilirlərmi ki, xammal hamıya çatıb?

Arifin bu sualına o, çox quru cavab verdi: – Heç kim borclu deyil, bu barədə onlara məlumat versin. Heç mənim də borcum deyil... Hə, indi de görüm, səncə nədir bu – rüşvətdir, yoxsa yaxşılıq?

– Bütün bunları sən mənə nahaq danışdın, mən belə şeyləri bilməməliyəm.

Axı hər halda, mən dövlət adamıyam, özüm də halhazırda iş başındayam, idarədəyəm.

Rauf dostunun bu miskin fəndini o saat başa düşdü və dərhal kəsdi yolunu:

– Sualıma cavab vermədin. Bir yurist kimi de görüm, mənim hərəkətimdə risk varmı?

– Dəxli yoxdur, bu cinayətdir.

Rauf əlini qaldırıb:

– Dayan, dayan, – dedi, – biz başqa şey haqqında danışırdıq...

Belə şeyin üstündə ilişə bilərəm, ya yox?

– Xəbər tutsalar...

– Kimnən? – Raufun hövsələsi lap tükənmişdi, onun sözünü ağzında yarımçıq qoydu. – Bura bax, sən o nəzəriyyəni qatla qoy bir qırağa, indicə danışdığım məsələni ikicə adam xəbər verə bilər – bir mən, bir də rüşvət verənin özü. Biz də min il qala, istəmərik ki, başqa bir adam bu işdən xəbər tutsun. Elədi, elə deyil?

– Elə olmağına elədir, – deyə Arif etiraz elədi. – Amma yazılmamış qanunlar da var axı; insan gec-tez bütün cinayətlərinin cəzasını alır. Yadımdadır, biz Sima ilə...

– Vallah, savadın qıcqırıb sənin – deyə Rauf təəssüflə bildirdi.

– Əgər sən deyən kimi olsaydı, bəşəriyyətin yarısı indi qazamatda idi... Kişi kimi düzünü de, əlli yaşına çatmısan, bu vaxta kimi elə bir adama heç rast gəlmisənmi ki, o, düppədüz, qanun çərçivəsində yaşasın? İşdir rast gəlsən, zəng vur mənə, onun adını yazıb yadigar saxlayıb, gələcək nəsillərçün. Amma nahaq yerə özünə əziyyət vermə, hamı, görürsən, hardasa bir fənd işlədir; kim necə bacarır – inan mənə.

Arif razılaşmadı:

– Bir qismi ola bilər, hər halda hamı yox.

– Məsələn, sən, hə? – deyə Rauf gülümsədi.

– Bəli, sən Allah, riyakarlıq elədin, burda özgə adam-zad yoxdur.

Evlənməyini yadına sal. Qanunla ərizəni ZAQS-a verəndən sonra gərək bir ay gözləyəydin, elə deyil? Sizin kəbininizi bəs neçə gündən sonra kəsdilər? Elə həmin günü.

– Bu, cinayət deyil – Arif, nədənsə, qulaqlarına kimi qıpqırmızı qızardı. – Lazım gəlsə, evlənmə qaydalarını bu cür pozmağı müstəsna hal kimi izah eləmək olar. Özün bilirsən ki, vəziyyət elə idi ki, başqa çıxış yolu yox idi. Məzuniyyətimiz bir vaxta düşmüşdü, bir də...

– Düzdür, tamamilə haqlısan, – Rauf əlüstü razılaşdı. – Neyləyəydin, “məzuniyyət”, filan, “çıxış yolu yox”... İnsan deyilik, başa düşməyə nə var?! – Birdən o, Arifin yavaş-yavaş necə zavallı bir görkəm aldığını gördü və onu sıxışdırdığına görə bir az peşman oldu. – Sən məni bağışla, amma söhbət sizlərdən gedəndə, “müstəsna hal” deyirsiz buna, belə ki, məndən gedir – cinayət olur.

– Sizlərdən? – Arif onun işlətdiyi bu sözü xüsusi vurğu ilə təkrar elədi. – Maraqlıdır, görəsən “Siz” deyəndə sən kimləri nəzərdə tutursan?

– Ümumiyyətlə deyirəm, – Rauf da dostuna tərəddüdlə baxdı.

– Mənim səndən bir xahişim var. Çox ciddi xahişdir. Yerinə yetirərsən?

Arif cavab əvəzinə, çiyinlərini çəkib qaşqabağını salladı; yəni ki, qəti heç bir söz vermək fikrində deyil, amma Rauf bundan pərt olub eləmədi.

– Xahiş eləyirəm səndən, çalış ki, aramızdakı yaxınlıqdan heç kəs xəbər tutmasın. Başa düşürəm, “müstəsna hal”dır və sairə və ilaxıra. Amma camaat başa düşməyə də bilər, rüsvayçılıq olar.

Onun nə demək istədiyi Arifə çatmadı, təəccüblə soruşdu:

– Nə rüsvayçılıq? Sözünü bir açıq de görək, kimdən danışırsan?

Rauf sonuncu zərbəni endirməzdən əvvəl rəqibinin çaşqınlığından doyunca həzz almaq üçün o dəqiqə cavab vermədi, bir an susdu.

– Sizdən, mənim əzizim, sizdən – səndən və sənin o ağ balığından.

Ay sağ ol. Ən yaxşı cavab susmaqdır. İndi daha mən səndən 340 arxayınam... Amma əhsən, əhsən sənə, hətta mənim kimi ürəkli adam bu boy-buxunda, bu gözəllikdə qızı qorxardım katibə götürüm.

Əhsən, min yaşa! Vəssalam, mən getdim, tələsirəm. Sonra zəng vurram sənə, gözlə zəngimi!

* * * Rauf öz ləyaqətini boş, əsassız şübhələrdən kişi kimi, xüsusi məharətlə qoruyub saxlaya bilmişdi, ona görə də hüquq məsləhətxanasından kefi kök çıxdı. Amma, bununla belə, qəlbinin dərinliyində bir umu-küsü var idi. Rauf tez-tez özünə belə bir sual verirdi: bir para adamlar kimi o da ailəsini atsaydı, ya da gedib, qayınatasının boynunda otursaydı, bax, bu Arif kimi, boş şeylərin üstündə onu məzəmmət eləyən adamlar – məsələn, qayınatası, onların qohuməqrəbası, tanış-bilişləri, bəzi paxıl dostları görəsən, onun haqqında nələr fikirləşərdilər?! Bəlkə də lap daş-qalaq eləyərdilər. Arvadının valideynlərinin ona olan münasibətini ədalətsizlik kimi qiymətləndirən Raufa ən çox yer eləyən o idi ki, qayınatası, qayınanası da başqalarına münasibətdə özlərini böyük bir ürək genişliyi ilə aparırdılar.

Məsələn Rauf onların Qərib Məlikzadə adlı keçmiş qohumlarına necə qayğı ilə yanaşdıqlarının dəfələrlə şahidi olmuşdu.

Halbuki, bu gülməşəkər Məlikzadəni köçəri həyat tərzi üzündən, bir də içki düşkünü olduğu üçün qayınanasının doğma bacısı atıb getmişdir. Hər dəfə o, geoloji ekspedisiyadan qayıdanda evdə az qala toy-bayram olurdu, elə bil zalım uşağı unutmuşdu ki, arvadının Qəribi atması ilə onları bağlayan o yeganə tel də qırılıb və indi onların arasında heç bir qohumluq əlaqəsi yoxdur və ola da bilməz, yəni bu Qərib Məlikzadə onlar üçün büsbütün yad adamdır. Bu müntəzəm görüşlərin necə deyərlər, birinci hissəsi heç olmasa müəyyən bir ədəb-ərkan daxilində keçirdi. Düzdür, burda da ağlı başında olan adama qəribə görünən məqamlar az olmurdu. Məsələn, Qəribcan cibindən cürbəcür çirkli daşlar çıxardırdı və onlar bu daşları əllərinə alır, qeyri-adi bir maraqla o yan-bu yanına baxır, bir-birinə ötürürdülər. O cümlədən Kamilə və Raufun uşaqlarına da (uşaqlar da ki, getdikcə daha çox Kamilin təsiri altına düşürdülər). Görüş 341 mərasiminin ikinci hissəsinə isə dözmək çətin idi – adamın ürəyi bulanırdı. Məlikzadə əvvəlcə xırıldaya-xırıldaya öz sevdiyi mahnılarını oxuyurdu, sonra da huşunu itirənəcən araqdan vurub bütün gecəni səhərə kimi professorun kabinetində yatıb qalırdı; halbuki başqalarına, hətta evin adamlarına da bu kabinetə icazəsiz girmək qədi qadağan idi. Axırda Rauf dözməyib günlərin birində qayınatasından Qəribə olan bu qeyri-adi hörmət və məhəbbətin səbəbini soruşanda, o gülümsəyib izah elədi ki, Qərib istedadlı mütəxəssisdir, amma bir para ciddi maneələr qoymur ki, o, öz imkanlarından istifadə edə bilsin; buna görə də həyatda az-çox bəxti gətirən dostların köməyinə Qəribin hədsiz ehtiyacı var. Qoca söhbəti hərləyib-fırlayıb axırda elə gətirdi ki, guya ruhdan düşüb bədbinliyə qapılmış bu pak və istedadlı vücud, başıboş, cibi dolu, mənasız adamlardan qat-qat yüksəkdə dayanır. Qayınatası bu sözləri ilə əgər Raufu sancmaq məqsədi güdürdüsə, şübhəsiz ki, öz arzusuna nail ola bilmişdi, onun köhnə yarasının gözünü qoparmışdı.

İşgüzar dairələrdə Rauf əbəs yerə güclü adam kimi tanınmırdı.

– O, möhkəm inadı və çevikliyi sayəsində hətta qayınatası kimi ciddi bir rəqibinin zərbələrinə də tab gətirirdi. Düzdür, aldığı zərbələrdən əvvəlcə bir balaca səndələyirdi, amma sonra tez özünü ələ alıb, əks zərbələr endirə bilirdi. Son illər isə qayınatası qocalmışdı, hücumları zəifləmişdi, odur ki, Raufun vəziyyəti xeyli yaxşılaşmışdı.

Taleyin hökmünə bax ki, məhz qayınatasının sayəsində o, misilsiz bir iksirin sahibi olmuşdu. Bu, yadına düşən kimi Raufun dərhal kefi kökəldi, üzü güldü. O, artıq dəlləkxanaya çatmışdı.

Ağasəfa yox idi. Onun yerində özgə bir dəllək müştərisinin başını yuyurdu. Avtandil əlində bir qalaq dəsmal yan otaqdan çıxdı, Raufla hal-əhval tutandan sonra ona xəbər verdi ki, Ağasəfa xəstələnib, bəs neçə gündür işə çıxmır.

Rauf:

– Mən elə bildim ki, növbəsini səhv salmışam, – dedi. – Nə olub ona? Soyuq dəyib?

– Yox. Soyuqdəymə döyül. Srağagün gəlmişdi. Əlləri əsir, başqa sən deyən elə bir xəstəliyi yoxdur. – Avtandil öz xidmətini birbaşa təklif eləməməkçün dolayı yolla soruşdu: – Elə-belə baş çəkməyə gəlmişdiz ona?

– Elə-belə yox, işim vardı – Rauf Avtandilə bir balaca şübhə ilə baxdı və fikirli-fikirli çənəsini ovuşdurdu. – Vacib görüşüm var, dedim üzümə bir maya qoydurum. Yaxşı deyil, adam arasında belə çıxım. – Rauf böyük bir riskə gedirmiş kimi tərəddüdlə kresloya oturdu. – Nə olub görən əllərinə onun? Bərk əsir?

– Necə deyim, əsir də. Qoca adamın əli necə əsər, onunku da elə. – Avtandil soruşub-eləmədən Raufun üzünə isti dəsmalla kompres qoydu, sonra sabunlayıb ülgücü aldı əlinə. – Ağasəfanın xəstələnməyi mənim heç yadıma gəlmir. O yaşda kişi, maşallah, cavanlardan qıvraqdı. O gün birdən gəlib ki, filan-peşməkan, bəs, daha işləyə bilmirəm.

– Keçib gedər, əşşi. Mən də deyirəm, görən nə olub. Bir həftədən sonra, sən indi baxarsan, çıxacaq işə.

– Allah eləsin... Amma o, sözü deməsin, dedi a, fikrini çətin dəyişir. Nə qədər dilə tutduq – mən də, müdir də, elə hamımız – yola gəlmədi, yox ki, yox, çıxıram təqaüdə, vəssalam! Mən, deyir bələdəm öz əlimə, başladı əsməyə, qəbirəcən düzələn döyül. Çıxıram təqaüdə.

– Necə yəni təqaüdə? – Rauf həqiqətən məəttəl qaldı. – Kim, Ağasəfa?

Avtandil kədərlə gözlərini aşağı dikib:

– Bəli, – dedi. – Onun getməyi bizimçün, yəni bütün dəlləklərçün çox böyük zərbədir. Müdirimiz iki gündür bir yerdə qərar tuta bilmir. Mənim yanımda, adı nədir, o ictimai təminat idarəsinə zəng vurdu, Ağasəfa dayının fərdi təqaüd məsələsiyçün... Ona düşür.

Sən demə, kişinin bir dənə “Şərəf nişanı” ordeni, iki dənə də, Fəxri fərmanı varmış – özü də Ali sovetinki. Bu neçə vaxtı mən bunları bilməmişəm.

– Təqaüd-zad boş söhbətdir. Mən özüm danışaram onuynan. Sən onun ev telefonunu mütləq verərsən mənə.

Avtandil:

– Baş üstə, – dedi. – Bu şənbə kollektivimiz Ağasəfa dayının təqaüdə çıxmağı münasibətilə “Gülüstan”da yaxşı bir banket verir.

Mestkom da hədiyyə üçün pul ayırıb. Mestkomun ayırdığı öz yerində, hər usta da cibindən əlavə pay qoyur. Hədiyyəni banketin axırında bağışlayacağıq. “Gülüstan” da ki, özünüz bilirsiz də, aləm yerdir, 343 qızların oynamağı ləzzət eləyir adamçün, varyeteni deyirəm, elə arxitekturası da zordur, sovremyonnudur. İstəsəz siz də gəlin:

şənbə günü, “Gülüstan”a, axşam 9-da.

– Çox sağ ol. Çətin gələ biləm... Mən, demək olar ki, heç restorana getmirəm. İldə, iki ildə bir – o da qəbula-zada, məcbur oluram. Yoxsa durum ki, restorana gedirəm, özü də şənbə günü axşam – heç vaxt. Xətrimə ləzzətli yemək düşəndə şəhərdən qırağa çıxıram.

Avtandil hər şeyi başa düşən adam olduğunu göstərməkçün:

– Hə də, sizin kimi adamlarçün, yaxşı döyül, – dedi. – Mən də, düzü, axır vaxtlar hörmətli yoldaşlara, vəzifə adamlarına restoranlarda az-az rast gəlirəm.

Rauf daha səbəbini xırdalamadı:

– Məsləhət deyil, – dedi. – Hədiyyə üçün adama neçə qoymusuz?

– Ustalar iyirmi manat, şagirdlər beş-beş. Avtandil “iyirmi”ni fəxrlə, xüsusi vurğu ilə dedi. – Şagirdlərdən əvvəlcə pul götürmək istəmirdik, gördük, inciyirlər, götürdük. Ağasəfa dayının xətrini hamı çox istəyir.

– Ağasəfa yaxşı kişidir, – deyə Rauf onun sözünə qüvvət verdi.

– Restorana mən gələ bilməyəcəyəm, amma mütləq zəng vurub görüşəcəyəm onunla.

Avtandil daha bir söz deməyib gülümsədi – yəni ürəyi geniş adamsan – əllərini yuyub, onun üzünü masaj eləməyə başladı. Rauf oturub öz-özünə fikirləşirdi ki, qəribədir. Ağasəfanın xəstələnməyi onu niyə kədərləndirmir? Masajdan və soyuq kompresdən sonra o, dəlləyin işinə xəyalən çox yüksək qiymət verdi.

Avtandil şkafın gözündən qəşəng bir ətir şüşəsi çıxardıb dedi ki, Ağasəfa gedəndə Raufun odekolonunu ona verib, istəyirsə, bundan da vursun üzünə. Raufun yadına düşdü ki, bir azdan müstəntiqin yanına gedəcək, ona görə də xahiş elədi, “Balefre”nin yerinə “Svejest” vursun. Öz odekolonunu isə götürmədi. Bu da o demək idi ki, gələcəkdə də bu dəlləyin yanına gəlmək fikrindədir.

Avtandilin zəhmət haqqının üstündə Rauf iyirmi beş manat da Ağasəfanın hədiyyəsi üçün qoydu. O, çox da verə bilərdi, amma bu, dəlləklərin heysiyyətinə toxuna bilərdi. O, indi birdən Ağasəfanın vəziyyətinə acıdı, amma bu barədə heç nə deməyib Avtandil- 344 lə xudahafizləşdi və küçəyə çıxdı. Bərk isti idi, bir az da rütubət var idi havada, üzü dərhal istidənmi, rütubətdənmi – bəlkə də hər ikisinin təsirindən – tərlədi və bu vaxt niyəsə balonun içindəki iksirin ətri yadına düşdü. Bir ürəyindən keçdi ki, qaraja gedib doyunca o ətri sinəsinə çəksin, amma o saat da daşındı bu fikirdən, çünki vaxta az qalırdı, on beş dəqiqədən sonra Əsgərovla görüşməli idi.

Müstəntiqin yanında kimsə var idi. İçəridən kişi səsi gəlirdi. Nə danışdıqları aydın eşidilməsə də, Rauf hər ehtimala qarşı geri çəkildi – kənardan baxan elə fikirləşməsin ki, o, içəridəki söhbətə xəlvət qulaq asır. Bir neçə dəqiqədən sonra qapı açıldı; əvvəlcə əlində qovluq olan kök hirsli podpolkovnik çıxdı, onun dalınca isə mayor. Mayor da hirsli idi, amma qovluq yox idi əlində. O, kandarda ayaq saxladı, dönüb otaqdakı həmsöhbətinə nəsə dedi, amma Rauf bircə “heyvanxana” kəlməsini aydın eşidə bildi və bu qərara gəldi ki, bayaqdan içəridə söhbət ondan gedirmiş.

Podpolkovnik cibindən dəsmalını çıxartdı, tərini sildi və çuğundur kimi qıpqırmızı qızarmış üzünü qovluqla yelləməyə başladı. O:

– Bundan sonra mən maqnitofonsuz danışmayacağam onunla, – dedi, amma sözünün dalını saxladı, çünki mayor onun qolundan tutub gözü ilə Raufu göstərmişdi.

Onlar Raufun lap yanından keçdilər və podpolkovnik astadan nə isə bir söyüş də söydü.

Rauf başını qapıdan içəri salanda, müstəntiq pəncərəni açıb otağın havasını dəyişirdi. O, Raufla çox mehriban görüşdü. Pəncərənin pərdəsi ilişmişdi, onu düzəldə-düzəldə Əsgərov işarə elədi ki, Rauf stul çəkib otursun. Rauf bir istədi gedib kömək eləsin ona, amma sonra fikirləşdi ki, Əsgərov bunu istintaq altında olan adamın yaltaqlığı kimi başa düşər, fikrindən vaz keçdi. Müstəntiq öz yerində yox, gəlib Raufla üzbəüz oturdu.

– Nəfəs almaq mümkün deyil, – dedi, – xahiş eləyəcəksən ki, papiros çəkməyin, daha pis – onsuz da çəkəcəklər, hələ üstəlik inciyəcəklər də səndən. Baxmayın ki, oturmuşuq kabinetdə, işimiz ağırdır. Bir söz deyim sizə, çox hörmətli bir yoldaşın evini soyublar.

Familini daha demirəm, mənim ixtiyarım yoxdur buna, vəzifəm qoymur, amma inanın mənə, çox məşhur adamdır. Bütün şəhər dəyib bir-birinə. Sizcə bu işi aparmağı, yəni cinayətkarları tapıb, 345 onları tutmağı kimə tapşırıblar? Düzdür, əlbəttə, Əsgərova. Dörd gün bundan əvvəl iki dənə maşın oğurlanıb, özü də biri hökumət maşınıdır. Bunlardan başqa, yenə bir cəncəl iş – ağır bədən xəsarəti ilə; hadisə “Moskva” restoranında institut tələbələrinin – 1970-ci il buraxılışının yubiley banketində olub. Bu da çox ciddi məsələdir. – Əsgərov gileyli-gileyli Raufa baxdı, o da üzünün ifadəsi ilə dərhal təəssüfünü bildirdi. – Bunları sizə mən niyə danışıram? Bilirsiz?

Açığını deyim bu saat sizə. Mən sizinlə tanış olandan sonra baş vermiş hadisəni bir də diqqətlə, ətraflı öyrəndim, düzü, incidim sizdən.

Öz-özümə fikirləşirəm ki, görəsən mən bu adama nə pislik eləmişəm ki, indi acığını çıxır məndən? Bilirsiz, ümumiyyətlə, belə şeylər olur, nə vaxtsa birini incitmisən, amma özün hiss eləməmisən bunu, bilərəkdən olmayıb. Açığını deyin, sizin şəxsən məndə bir hayıfınız yoxdur ki? – Əsgərov gözlərini karıxıb qalmış Raufun düz gözlərinə zillədi.

Rauf dili dolaşa-dolaşa:

– Nə danışırsız, hayıf, – dedi. – Məncə, biz sizinlə əvvəllər heç rast da gəlməmişik bir-birimizə.

– Onda, bəs niyə kömək eləmək əvəzinə daha da çətinə salırsız məni, işimi ağırlaşdırırsız! Elə öz işinizi də. Ən yaxşısı, – açıq, səmimi etirafdır, xüsusən də ilk dəfə cinayət işlətmiş adamçün. Bəs siz neylirsiz? Hər şeyi nə təhər olub, elə də boynunuza almaq əvəzinə, məni məcbur eləyirsiz ki, bu qədər vacib işlərimi bir qırağa qoyub, təzədən bir elə şahidi dindirim, nə var, nə var, məlum bir şeyi – ziyanı heyvanxanaya sizin vurduğunuzu sübuta yetirim. Halbuki, siz özünüz bunu açıb deyə bilərdiz mənə. Ciddi, abırlı adamlarıq biz, gərək inanaq, etibar eləyək bir-birimizə. – Hiss olunurdu ki, Əsgərov həqiqətən dilxordur. O, əlini yelləyib ayağa durdu, stolunun üstündəki mineral sudan stəkanına töküb Raufa uzatdı. Rauf imtina elədi, xətri su istəmirdi, onda müstəntiq stəkanı çəkdi başına.

Rauf ona baxa-baxa öz-özünə fikirləşirdi ki, çətin, gərgin işin yorub əldən saldığı bu adam qətiyyən hiyləgər tülküyə oxşayıb eləmir, əksinə, onun keçmiş məktəb dostu, vəkil Musazadədən qatqat xoş təsir bağışlayır.

– Keçən dəfə mən düz eləmədim, boynuma alıram. Gərək elə onda hər şeyi olduğu kimi danışaydım sizə. Desəm, inanmazsan, 346 itirmişdim özümü, amma nahaq, burda axı nə cinayət var? Əgər mən hökumətə, ya da bir adama ziyan vursaydım, o başqa məsələ.

– Elə mən də onu deyirəm də, – deyə Əsgərov dərhal onun sözünə qüvvət verdi. – Siz nə bank yarmısız, nə də qız zorlamısız, nə də sizə belə bir ittiham verən var. O xata ki, sizin əlinizdən çıxıb, olan işdir. Bu kabinetdə işlərə baxılıb ki, sizinki onların yanında salma çay kimi bir şeydir – qarışdır, iç... Siz heç təsəvvür eləmirsiz ki, məni necə sevindirdiz. Mən həmişə deyirəm ki, normal adamlar bir-birilə əvvəl-axır dil tapırlar. – O, danışa-danışa siyirtməsindən bir neçə dənə nömrələnmiş vərəq çıxardıb Raufa uzatdı. – İstəyirsiz – götürün, verəcəyiniz ifadəni özünüz yazın, yox, çətindirsə sizinçün, deyin – mən yazım.

– Çətin niyə olur?! – Rauf incidi. – Heç bir çətinliyi yoxdur. – O, vərəqləri alıb qarşısına qoydu.

– Mən o mənada deyirəm ki, – Əsgərov başladı izah eləməyə:

– Mənimçün asandır, təcrübəm çoxdur. – O, Raufun çiyninin üstündən onun yazısına baxdı. – Xəttiniz əladır. Xahiş eləyirəm, hər şey nə təhər olub, elə də yazın, nə qədər ətraflı yazsaz, bir o qədər yaxşıdır. Mən də, sizin icazənizlə, çıxım koridorda bir az gəzinim, ayaqlarım açılsın. – Əsgərov qapını arxasınca örtməzdən əvvəl son dərəcə nəzakətlə dedi: – Bir xahişim də var, zəhmət olmasa, çalışın ki, düzəliş eləməyəsiz.

Rauf yarım saatın içində kolleksiya toplamaq azarına tutulmuş bir nəfərin, yəni özünün, heyvanxana sərgüzəştini üçcə vərəqəyə yazıb qurtardı. İzahatın məzmunu təxminən belə idi: o, müxtəlif heyvanların buynuzlarından ibarət olan kolleksiyasını artırmaq məqsədilə, gecəyarısı heyvanxananın ərazisinə girmiş, ordakı kərgədanın büsbütün çürümüş buynuzunu mişarlamış və beləliklə də dilsiz-ağızsız qoca heyvanı dözülməz iztirabdan qurtarmışdır: elə bir intizardan ki, diş ağrısının insana verdiyi əziyyət onun yanında yalandır. Axırda da çox səmimi ifadələrlə yazmışdı ki, o yuxarıda göstərilən hərəkəti üçün xəcalət çəkir və taqsırını boynuna alır, eyni zamanda bu məsələyə baxılarkən onun ləkəsiz keçmişinin nəzərə alınmasını xahiş edir.

İzahatı yazarkən Raufun bircə narahatçılığı var idi, özü də lap ilk cümlələrdən, o da “kolleksiya” sözü sarıdan. Yadına sala bilmirdi ki, bu sözün düz yazılışı necədir. Amma tezliklə yaxşı bir 347 çıxış yolu tapdı; həmin sözü hər dəfə bir cür yazdı; gah bir, gah da iki “l” hərfi ilə. Qoy müstəntiq elə fikirləşsin ki, o huşsuzdur.

Koridorda gəzişmək Əsgərova düşmüşdü; yarım saatın içində kişi əməlli-başlı dirçəlmişdi, rəngi-ruhu da üstünə gəlmişdi. O, iki qatlanmış kağız vərəqlə üzünü yelləyə-yelləyə içəri girib təəccüblə gülümsəyərək soruşdu:

– Qurtarmısız? – Rauf yalnız indi Əsgərovun xırda, iti dişlərini gördü. O, doğrudan da tülküyə oxşayırmış, amma məkrli, hiyləgər tülküyə yox, şən tülküyə. – Qol da çəkmisiz? Ay-ay-ay, bu axı sənəddir. – O, Raufa hər vərəqin altına qol çəkdirdi. – Bax, belə.

Heç nəyi gizlətməmisiz ki?

– Nə təhər olub, hamısını elə də yazmışam, – deyə Rauf vərəqləri ona uzadaraq cavab verdi. – Mən sizdən bir şey xahiş eləmək istəyirəm... Bəlkə keçən dəfəkini qaytarasız mənə?

Əsgərov başa düşmədi:

– Nəyi deyirsiz?

– O kağızı deyirəm də, hər şeyi inkar elədiyim ifadəmi.

– Bekara işdir. – Əsgərov əlindəki vərəqləri göstərib: – Əsas budur, – dedi. – İndi oxuyaq görək, burda nə uydurmusuz.

Birinci səhifəni o, çox tez oxudu: gülümsəyə-gülümsəyə, amma ikinci səhifənin ortalarında sir-sifəti dəyişməyə başladı, az vaxtda əvvəlki gülüşün yerini təəccüb ifadəsi aldı. O, kağızları bir qırağa qoyub gözünü Raufun üzünə elə zillədi ki, elə bil Rauf səmimi ifadə əvəzinə, ona anonim məktub sırımışdı və özü də bu məktubda onun arvad tərəfdən ən yaxın bir qohumunun əxlaqsızlığı bütün təfsilatı ilə təsvir olunurdu. O, barmağı ilə vərəqləri göstərib:

– Bu nədir? – dedi. – Çürük buynuz, diş ağrısı... Biz axı bayaq sizinlə bir saat səmimiyyətdən danışdıq. Elə deyil? Bəs siz nə yazmısız bura? Məni ələ salmısız? Lazım deyil. Mən ancaq zahirən sadəlövh adama oxşayıram.

Rauf özünü saxlaya bilməyib qışqırdı:

– Nə danışırsız? Ələ niyə salıram sizi? Nə təhər olub elə də yazmışam hər şeyi. Daha nə istəyirsiz?

– Kərgədan nədir, ay yoldaş? Kərgədanın nə dəxli var bizim söhbətə? Sizinləyəm. Yoxsa elə bilirsiz, buradakılar uşaqdır, konfetlə başlarını azdırırsız? Nahaq, çox nahaq. Bir şey çıxmaz bundan.

Rauf başa düşə bilmirdi müstəntiq nə istəyir ondan? Amma bir şey aydın idi ki, Əsgərovun əsəbləri sim kimi tarıma çəkilib. Belə vaxtda Rauf özünü ələ alsa, üstünlük onun tərəfinə keçər.

– Bir dəqiqə qulaq asın mənə, – deyə Rauf səsinin tonunu aşağı saldı. – Burda nə isə bir anlaşılmazlıq var. Gəlin, əsəbiləşmədən aydınlaşdıraq: siz məni nəyə görə çağırmısız bura? Kərgədana görə. Düzdür, ya yox?

Əsgərov telefonun dəstəyini qaldırıb:

– Bu saat hər şeyi aydınlaşdırarıq, – dedi. – Kərgədanların məsələsini də, hələ desəz fillərinkini də, timsahlarınkını da... Bu saat... – Hansı nömrənisə yığıb gözlədi. – Əsgərovdu danışan.

Şahidlər gəliblər? Göndərin yanıma. Əvvəlcə avtomobil müfəttişlərini.

– Dəstəyi yerinə qoydu. – Bayaq siz mənə deyəndə ki, hər şeyi etiraf eləmək istəyirsiz, düzü, mən camaatı işindən-gücündən ayırıb bura çağırmağıma peşman olmuşdum. Amma indi görürəm ki, yox, düz eləmişəm. Bu dəqiqə şahidlərlə üzləşdirəcəyəm sizi.

Etirazınız yoxdur ki?

– Nə təhər məsləhətdir. Amma orda heç bir şahid-zad yox idi.

– Bu sözlər birdən çıxdı Raufun ağzından, özü də bilmədi necə oldu, yəni dediyinin fərqinə varmadı. Görünür, Əsgərovun özünü qəribə aparması onu çaşdırmışdı.

Əsgərov dinməz oturub gözlərini qapıya zilləmişdi, qaşqabağı yer süpürürdü. Nəhayət, qapı açıldı, otağa avtomobil müfəttişi geyimində üç nəfər daxil oldu: biri zabit idi, ikisi isə serjant. Onlar salamlaşıb stola yaxınlaşdılar. Rauf oturub laqeyd-laqeyd baxırdı və hələ başa düşə bilmirdi ki, bu avtomobil müfəttişlərinin onun məsələsinə nə dəxli var?!

Əsgərov zabitə müraciət edib dedi:

– Zəhmət olmasa, verdiyiniz ifadəni bir də təkrar eləyin.

– Baş üstə. Avqustun 13-dən 14-ə keçən gecə bizi, yəni məni və bu iki serjantı – Bağırovu və Qədirlini təcili Şıx yoluna çağırmışdılar; avtomobil qəzası baş vermişdi. Saat 4.40 dəqiqədə işimizi qurtarıb şəhərə qayıdırdıq, Bayılda heyvanxananın yanından keçəndə gördük ki, AQU 31-30 nömrəli bir “Jiquli” maşını dayanıb orda...

Əsgərov əlinin işarəsi ilə zabiti saxlayıb Raufa müraciət elədi:

– Sizinki imiş o maşın?

Rauf güldü:

– Vallah başa düşə bilmirəm bu nə komediyadır? Yarım saat bundan əvvəl bütün bunları sözbəsöz yazdım sizinçün və siz də oxuduz.

– Əla, çox gözəl, – Əsgərovun gözlərinə elə bil təzədən yavaşyavaş işıq gəlirdi. – Deməli, müttəhimlə şahidin ifadələri bura qədər düz gəlir. – Üzünü zabitə tutdu:

– Davam edin.

– Sürücü maşının yanında dayanmışdı.

Əsgərov yenə şahidin sözünü kəsdi.

– Axı siz nədən bildiz ki, sürücüymüş o, bəlkə elə özgə adammış maşının yanında duran?

– Özgə adam küçə fənərinin altında dayanmış maşının yük yerini açıb yanında durmaz, durmağı bir yana qalsın, hələ üstəlik yoldan ötən avtomobil müfəttişləri ilə salamlaşmaz. – Zabitin özü razı qalmışdı bu məntiqi nəticəsindən; mənalı-mənalı serjantlara baxdı. – Həm də üzü tanış gəldi mənə!

Əsgərov başını yırğaladı.

– Mən sizinlə bir elə də razı deyiləm, hər şey ola bilər. Amma yaxşısı budur, gəlin boş yerə mübahisə eləməyək. Sürücünü görsəz, tanıyarsız?

– Budur, oturub burda – Zabit başının işarəsi ilə Raufu göstərdi.

– İçəri girəndə, məncə, biz görüşdük.

Əsgərov Raufdan soruşdu:

– Siz avqustun 13-dən 14-ə keçən gecə Dövlət Avtomobil Müfəttişliyinin işçilərini – leytenant Almazovla serjant Bağırov və serjant Qədirlini orda görmüşdüz?

– Görmüşdüm də, salamlaşmışdım da.

Əsgərov dərindən köks ötürdü – qarşıda çox ağır və xoşagəlməz işi olan adamlar ancaq belə köks ötürürlər – diqqətlə Raufa baxıb bir an susdu və nəhayət, yenə Almazova müraciət etdi:

– İndi isə, vətəndaş şahid, sizin verdiyiniz ifadənin ən mühüm hissəsinə keçirik. Yadınızda saxlayın ki, yalan və ya bilə-bilə düz verilməyən ifadə üstündə siz qanuna görə məsuliyyət daşıyırsız.

Avqust ayının 13-dən 14-ə keçən gecə istintaq altında olan vətən- 350 daşın heyvanxanadan oğurladığı qiymətli heyvan barədə sizə nə məlumdursa, danışın.

Almazov qürurla dedi:

– Mən öz ifadəmə görə cavab verməyə həmişə hazıram. Bu işdə mənim heç bir şəxsi marağım və heç bir xeyrim-zadım yoxdur.

O ki, qaldı heyvanın qiymətli olub-olmamağına, ömrümdə nə almışam, nə də satmışam, bilmirəm. Və ümumiyyətlə, mən o gecə heç bir heyvan görməmişəm. Gördüyümü deyə bilərəm. Sürücü AQU 31-30 nömrəli maşının açıq yük yerinin yanında durmuşdu və əlində də quş tutmuşdu.

– Nə quş?

– Necə yəni nə quş?

– Hər quşun öz adı var, – deyə Əsgərov səbirlə izah elədi.

– O gecə 31-30 nömrəli maşının yük yerində nə quş idi – qaz idi, hinduşka idi, toyuq idi, yoxsa ördək idi, nə idi?

– Bilmirəm. Ancaq onu görə bildim ki, iri quş idi.

Quş söhbəti ortaya çıxan dəqiqədən Rauf başladı kədərlikədərli başını yırğalamağa. Amma bir müddət oturanların heç biri bunu görmədi. Nəhayət, o dilləndi:

– Dağa-daşa salmayın özünüzü, indi daha məsələ aydın oldu mənə. Görüm lənətə gəlsin o quşu, nə istəyirsiz onun barəsində soruşun, deyim sizə.

– Axır ki, düşdü yadınıza! – Əsgərov süni surətdə onun yaddaşına heyran olduğunu bildirdi. – Rusların yaxşı bir sözü var: “luçşe pozdno, çem nikoqda”. Deməli, şahidin verdiyi ifadədən məlum oldu ki, quşu siz oğurlamısız. Bəs siz özünüz əlavə nə deyə bilərsiz?

– Mən quş-zad oğurlamamışam. – Raufun səsi elə bil quyudan çıxırdı. – Yoldaş Əsgərov, mən heç oğruya oxşayıram?

– Bəs mən, – deyə Əsgərov əsəbi halda qışqırdı. – Bəs mən heç müstəntiqə oxşayıram? – O, yerindən qalxdı, əllərini yanına salıb dik durdu; Allah boy paylayanda, deyəsən yatıb yuxuya qalıbmış, son dərəcə balaca idi boyu. Armud saplağı kimi nazik boynu başını elə bil zorla saxlayırdı zəif bədəninin üstündə. Ümumiyyətlə, Əsgərovun görkəmi çox orijinal idi, xüsusən də ki, başı: onun iri, palaz qulaqları başına görə ən azı iki dəfə böyük idi. – Oxşayıram?

Rauf “yox” deməyə məcbur oldu, çünki həqiqətən də kabinetdəki bütün canlı və cansızların arasında müstəntiqə oxşamayan yalnız onun özü idi: I dərəcəli hüquqşünas Dəmir Əsgərov.

– Əgər şahidin verdiyi ifadə ilə razılaşmırsızsa, deyin, yazım protokola. – Müstəntiqin səsi yumşalmışdı.

Onun danışıqlarının hamısı düzdür, amma mən o quşu oğurlamamışam.

O özü baqajnikə girmişdi, mən də onu ordan çıxartmalı oldum.

Əsgərov Raufa şahidləri göstərdi.

– Görürsüz, gülürlər, düzü, elə mənim də gülməyim gəlir, amma iş başında gülmək olmaz. Deməli, siz deyirsiz ki, o quş – yaxşıyaxşı fikir verin, ev quşu deyil ha o, azadlığa öyrənmiş çöl quşudur – gecə vaxtı zorla sizin maşına soxulurmuş, eləmi?

– Bəli. – Rauf inadla Əsgərova baxdı. – O, baqajnikə girmişdi, mən də onu ordan çıxardıb bayıra atmalı oldum.

– Vətəndaş Almazov, – müstəntiq yenə milis zabitinə müraciət etdi, – xahiş eləyirəm yadınıza salın, siz müttəhimi görəndə o neyləyirdi, quşu maşından bayıra çıxarırdı?

– Xeyr, – Almazov başını yırğaladı. – Biz görəndə quş onun əlində idi.

– Yəni siz onun quşla əlbəyaxa olduğunu görməmisiz? Bəlkə uzaqdan yaxşı ayırd eləyə bilməmisiz?

– Biz bu yoldaşın lap yanından ötüb keçdik, amma elə bir şey görmədik. O bizimlə salamlaşdı, biz onun salamını aldıq, vəssalam.

– Düzdür, amma elə ki, siz uzaqlaşdız, mən onu küçəyə atdım, – deyə Rauf izah elədi. – Mən maşını sürüb getdim, o isə elə orada da qalmışdı.

Almazov müstəntiqin sualını gözləməyib təəssüflə dedi:

– Daha orasını biz görmədik. Görsəydik mütləq deyərdik.

Əsgərov qarşısındakı qovluqdan bir neçə yazılı vərəq çıxardaçıxarda, guya elə belə, ötəri:

– Məndə burda süpürgəçilərin də ifadəsi var, – dedi.

– Onlar saat beşdə, sizdən vur-tut on-on beş dəqiqə sonra işə çıxıblar. Quşa-zada rast gəlməyiblər orda.

– Yaxşı, buna mən neyləyim? – Rauf məyus-məyus Əsgərova baxdı. – Allah bilir, hara uçub gedib. Yoldaş Əsgərov, mən ömrüm- də belə quş görməmişdim, dəhşətli bir şey idi. Başa düşə bilmirəm, niyə axı siz ona görə bu qədər narahat olursuz?

– Elədir, həqiqətən qeyri-adi quşdur, – deyə Əsgərov razılaşdı.

– Nə bayquşdur, nə də ki, yarasa, gündüz quşudur, amma di gəl ki, gecənin bir yarısı ayılır, çıxır quşxanadan bayıra, özü də qapını dalınca örtüb cəftəsini də vurur, sonra yolu tapıb təpə aşağı cığırla düşür küçəyə və tamamilə təsadüfi olaraq, bu vaxt açıq qalmış baqajnikə soxulmaq qərarına gəlir. Düz demirəm?

– Əlbəttə, siz inanmaya bilərsiz, amma mən özüm onu maşının yanında görəndə mat qaldım. Yaxşı axtarılsa, məncə, təpədə onun izini də tapmaq olar.

Əsgərov avtomobil müfəttişlərinə baxıb gülümsədi.

– Afərin. Gör, o gecə bərk yağış yağdığı nə yaxşı yadındadır, demək istəyir ki, elə yağışdan sonra iz tap görüm, necə tapırsan.

Var, iz var, bu da şəkli, amma quş ləpiri deyil, sizinkidir, ölçüsü 43-dür. – O, saatına baxdı. – Bəlkə şahidlərə sualınız var?.. Yaxşı fikirləşin. Deməli, yoxdur. Onda yazırıq ki, şahidlərə sualınız yoxdur. Gedə bilərsiz. Çox sağ olun.

Rauf hərəkətsiz oturmaqdan keyimiş ayaqlarını çətinliklə düzəldib yerindən qalxdı, amma Əsgərov saxladı onu.

– Siz qalın. Şahidləri buraxıram, – dedi və əlini telefona uzatdı.

– Mən getməliyəm. Saat ikiyə müşavirəmiz var, mən mütləq iştirak eləməliyəm.

Əsgərov gülümsəyib təəssüflə:

– Məni gərək bağışlayasız, – dedi. – Bu gün qurtarmalıyam bu işi. Özünüz görürsüz ki, sizə görə mən hətta nahara da çıxmadım.

Yaxşı yadıma saldız, bu saat xahiş eləyərəm bizə buterbrod və çay gətirərlər.

Əsgərov nə qədər dilə tutdusa da, Rauf yeməyə əl vurmadı.

O, çayını içir və buterbrodları iştahla bir-bir içəri ötürən həmsöhbətinə kədərli-kədərli qulaq asırdı. Axırıncı buterbroda girişməzdən əvvəl Əsgərov Raufa xəbərdarlıq elədi:

– Siz öz ayağınızla uçuruma gedirsiniz, məhv eləyirsiz özünüzü?

Başqa vaxt olsaydı, Rauf nəhəng buterbrod dağının 3-4 dəqiqənin içində Əsgərovun qarnına necə köçdüyünə maraqla tamaşa eləyirdi. Özü də ki, müstəntiq çox aydın və fasiləsiz danışırdı. Rauf 353 ona qulaq assa da fikri başqa yerdə idi; çalışırdı ki, nə isə yaxşı bir şey yadına salsın, amma mümkün olmurdu. Çünki o yaxşı şeyin kiminlə, hansı hadisə ilə bağlı olduğu ona məlum deyildi. Xatirələr bir-birinə qarışıb sürətlə xəyalında hərlənirdi.

– Siz öz ayağınızla uçuruma gedirsiz, məhv eləyirsiz özünüzü, – deyə Əsgərov bir də təkrar elədi. – Bir fikirləşin, görün sizin ifadələriniz prokurora, ən çox da hakimə necə təsir bağışlayacaq.

Əvvəlcə siz hər şeyi inkar edirdiz, hətta gecəyarı heyvanxanaya getməyinizi də. Sonra boynunuza aldız ki, heyvanxanada olmusuz və nə bilim kərgədana çürük buynuzu əziyyət verirmiş, sizə də kolleksiyanız üçün kərgədan buynuzu lazımmış və sairə. Hə, yeri gəlmişkən, soruşmaq istərdim, kolleksiyanız heç olmasa babatdırmı?

– Pis deyil, – Rauf könülsüz cavab verdi.

– Düzü, buynuz kolleksiyası barədə birinci dəfədir eşidirəm.

– Əsgərov axırıncı buterbrodu nimçədən götürdü. – Yadıma düşdü, biz sizinlə, demək olar ki, qonşuyuq. Mənziliniz böyükdümü?

– Üç otaqdır.

– Cəmi-cümlətanı?

– Niyə “cəmi-cümlətanı”, – Rauf gülümsədi, – azdır məgər?

Əməlli-başlı mənzildir.

– Neçə nəfərsiz? Siz, arvadınız və iki də uşaq: uşaqlar böyümüş olar. Yəqin ki, mebeliniz də var. Mənziliniz əlli kvadratmetrdir?

– Əlli səkkiz, – Rauf dərhal dəqiqləşdirdi.

Əsgərov təəccüblə:

– Kolleksiyanızı bəs necə yerləşdirmisiz? – soruşdu. – Hər halda, marka deyil, filan qədər buynuzdur: ceyran, kəl, maral, daha nə bilim nə buynuzları. Yəqin ki, xeyli yer tutur, hə? Məmnuniyyətlə baxardım sizin kolleksiyanıza. Deyirəm elə indi gedək, tamaşa eləyək.

“Qır-saqqız kimi nə yapışıb”, – deyə Rauf fikirləşdi və özünü məcbur eləyib zorla gülümsədi:

– Bəlkə mən bağda saxlayıram onları.

– Elə mən də bu saat o barədə fikirləşdim. Getdik! Həm də təmiz hava alarıq özümüzçün. Açar üstünüzdə deyilsə, eyibi yoxdur, maşınlayıq, yolumuzu evdən salarıq, götürərsiz. Nədir, yoxsa getmək istəmirsiniz?

– Gah deyirsiniz bir dəqiqə də vaxtınız yoxdur, gah da boş bir şeyə görə şəhərdən çıxmağa razısız. Başa düşmürəm sizi.

– Mən də sizi başa düşmürəm, – Əsgərov qaşlarını çatdı.

– Adətən, kolleksiyaçılar adam axtarırlar ki, öz kolleksiyalarını göstərsinlər, amma siz istəmirsiz. Mənim bir dostum var, butulka yığır, aydın məsələdir, boşunu yox, dolusunu, cürbəcür içki butulkalarını. Bir də görürsən ki, gecə vaxtı zəng vurub – “tez elə, gəl, sənə aləm bir şey göstərəcəyəm”. Deməli, romdan, cindən, ya da nə isə başqa az tapılan importnı içkilərdən keçib əlinə. Özü də öldür onu, birini açmaz... Siz, yəqin utanırsız? Nahaq. Niyə utanırsız axı, kolleksiya deyilən şey baxmaqdan ötrüdür. Onda ki, cürbəcür buynuzlar ola. Getdik?

– Yox, – Rauf bir an duruxdu, – bilirsiz, düzü, mən getməliyəm – işim var. Bir də ki, axı, ailəli adamam mən.

Əsgərov gülümsədi:

– Məncə, siz zarafat eləyirsiz. Sizin kolleksiyanız-zadınız yoxdur və heç vaxt da olmayıb. Elə deyil?!

– Nə dəxli var, olub, olmayıb? Yəni bu elə bir mühüm məsələdir, onsuz keçinmək olmur?

– Niyə olmur, çörək deyil, su deyil, – deyə Əsgərov razılaşdı onunla. – Mənim bir dostum var, o ömründə heç nəyin kolleksiyasını toplayıb eləməyib, hətta əyninə kostyumun da həmişə bir cürünü alır – eyni bir fasonda, eyni bir rəngdə. Nə olsun – tamamilə normal adamdır, o da ailəlidir. Mən hətta sevinirəm sizin yerinizə ki, nə yaxşı kolleksiyanız-zadınız yoxdur. O buynuz deyirsiz ey, yığmış olsaydız əgər, inanın mənə, gününüz-güzəranınız olmayacaqdı onların əlindən – nə evdə, nə də bağda... Bax, indi hər şey aydın oldu mənə, başa düşdüm ki, o çürük buynuz nəyinizə lazımmış sizin.

– Nəyimə lazımmış? – Rauf çox təəccüb elədi, çünki Əsgərovdan belə fərasət gözləmirdi.

– Gözdən pərdə asmaqçün, əsas məsələdən diqqəti yayındırmaqçün.

– Bunu deyib Əsgərov ürəkdən güldü. – Düz demirəm?

Məqsədinizsə başqa imiş. Elə deyil? Quş imiş məqsədiniz.

– Siz də elə yapışmısız bu quşun quyruğundan. – Rauf lap az qalmışdı barmağını gicgahına aparıb bursun, son anda birtəhər saxladı özünü. – Üç saatdır məni sarsaq bir quşun üstündə saxlamısız burda. Vallah, başa düşə bilmirəm, nə istəyirsiz məndən?

Cavab vermək əvəzinə Əsgərov fikirli-fikirli saatına baxdı və əlini telefona uzatdı. Elə bu vaxt telefon zəng çaldı.

– Gəlib? Ötürün gəlsin yanıma. – O, alnını qırışdırıb, gözlərini yumdu və təxminən bir-iki dəqiqə beləcə dinməz-söyləməz oturdu:

baxan deyərdi, bu adam nə isə çox ciddi bir məsələ barədə düşünür, daha qəti ağlına gəlməzdi ki, çirkin bir quşun fikrini çəkir.

Taqqıltı eşidilən kimi o, cəld durub qapıya getdi: gələn cavan bir qadın idi, Əsgərov onu gülərüzlə qarşılayıb Raufla düz üzbəüz oturtdu. Rauf heyvanxananın müdiri Aliyə xanımı o saat tanıdı.

Təzə qonağın gəlişinə Raufun münasibəti, necə deyərlər ikili idi: bir tərəfdən o ehtiyat eləyirdi ki, heyvanxananın müdiri onu tanıya bilər və onda gəl bu Əsgərovun cəncəl suallarından yaxanı qurtar görüm, nə təhər qurtarırsan, o biri tərəfdən isə Aliyə xanımdan lənətə gəlmiş o quşun – ya ölüsünün, ya dirisinin – onunçün fərqi yox idi – heyvanxananın ərazisində tapılmağı xəbərini eşitmək ümidində idi.

Aliyə xanımın oturmağı ilə sual verməyi bir oldu:

– Nə xəbər var ondan, bir şey öyrənə bilmisiz? – O çox həyəcanlı idi.

– Hələ ki, yox, – deyə Əsgərov sakit cavab verdi. – Hələlik biz onun itməsində birbaşa əli olan adamı tapmışıq. – O, başının işarəsilə Raufu göstərdi.

Aliyə xanım heyrətlə Raufa baxa-baxa soruşdu:

– Mən inkar eləmirəm, ola bilsin ki, o quş mənim günahım üzündən heyvanxanadan qaçıb, – deyə Rauf ləyaqətlə boynuna aldı və o saat da dəqiqləşdirdi: – qismən mənim günahım üzündən. Amma mənim onu aparmaq fikrim yox idi. Elə bir iyrənc quşu mən neyləyirəm axı?

Aliyə xanım əllərini bir-birinə vurub:

– Kivi qaçıb? – dedi. – Düz demirsiz. – O, Əsgərova tərəf çevrildi.

– Kivi çox sakit, mehriban quşdur, demək olar ki, lap ev quşudur.

Axır günlər heç öz yeşiyindən çıxmırdı. Biz hətta yemi də əlimizdə verirdik ona.

– Kivi, kivi, – deyə Əsgərov məmnuniyyətlə təkrar etdi. – Mən ha çalışırdım, yadıma sala bilmirdim onun adını. Niyə bəs son vaxtlar o ağırlaşmışdı, yuvasından çıxmırdı? Xəstələnmişdi?

– Allaha şükür, xəstələnib eləməmişdi. Kivi çöl quşudur, qəfəsdə çox nadir hallarda törəyib artır. Dünyada cəmi bir neçə belə hadisə məlumdur. Bizim kivi, isə – bu yerdə Aliyə xanım qürrələnib qıpqırmızı qızardı, – yumurtlamağa hazırlaşırdı. Bir-iki günə yumurta qoymalı idi. Bu, zooloq-alimlərçün və ümumiyyətlə, bütün elmi ictimaiyyətimizçün böyük bir hadisə olacaqdı.

– Əgər o belə nadir quşdursa, onda bəs niyə siz onu köhnə heyvanxanada, özü də boş qəfəsdə saxlamışdız? – Rauf bu sualı ilə Əsgərovun səyini başqa səmtə yönəltmək istəyirdi. – Hətta məni orda vahimə basırdı, təsəvvür eləyirəm yazıq quş tək-tənha nə çəkirmiş.

Aliyə xanım üzünü Əsgərova tutub:

– Bütün quşları, o cümlədən erkək kivini də biz yeni heyvanxanaya köçürmüşdük – deyə Raufun sualına çox quru cavab verdi.

– Kivinin isə biz qəsdən onun alışdığı şəraitdə saxlamışdıq. Çünki yumurta qoymaq ərəfəsində son dərəcə həssas əsəb sistemi olan bu quşa təzə yer mənfi təsir göstərə bilərdi. – O, qəzəblə Raufa baxıb soruşdu: – Heç olmasa deyin görüm, sağdır o?

– Nə bilim. Axırıncı dəfə mən onu o gecə görmüşəm.

– Sonra yadına düşdü bəlkə, – deyə Əsgərov müdiri sakit elədi.

– Əvvəlcə bizim dostumuz, ümumiyyətlə, hər şeyi unutmuşdu.

Amma bu gün səhərdən bəri çox şey yadına düşüb: heyvanxanaya getməyi, kərgədan da...

Aliyə xanım Raufa elə heyrətlə baxdı ki, o üzünü yana tutmalı oldu.

– Sağlamdır, bizim ikimizdən də sağlamdır. – Əsgərov müdirin sualını gözlərindən oxumuşdu. – Düzdür, bu haqda arayışımız hələ yoxdur, amma məhkəməyə belə bir arayış mütləq təqdim olunacaq...

“Dəli sənin özünsən” – deyə Rauf ürəyində onun cavabını verdi və fikirləşdi: – “Çox qəribədir, axı necə olub ki, bu başdanxarab bir neçə gün bundan əvvəl birinci dəfə rast gələndə suyu şirin, qəşəng bir qadın kimi görünüb mənim gözümə?” – Deməli, siz təsdiq eləyirsiz ki, kivi çox nadir quşdur, eləmi?

– Əsgərov istədiyi cavabı almaqçün Aliyə xanıma bu sualı verdi.

– Bəli, son dərəcə nadir quşdur. Həmyerlisi kisəli pələng kimi az tapılandır. Kisəli pələngi, ümumiyyətlə, heç axtarmağına dəyməz, mənasız işdir.

Rauf özündən çıxdı:

– Nə pələng? Mən pələng-zad görüb eləməmişəm: nə kisəli, nə kisəsiz. – Ona elə gəldi ki, pələngin də oğurlanmağında onu günahlandırmaq istəyirlər. – Heç dəxli var, deməli, indi nə vəhşi heyvanınız qaçıb, ya da, üzr istəyirəm, gəbərib, murdar olub – hamısını mənim üstümə yıxacaqsız?

Əsgərov maraq qarışıq bir heyrətlə Aliyə xanıma baxdı və Aliyə xanım başa düşdü ki, pələng məsələsini mütləq aydınlaşdırmaq lazımdır.

– Mən demək istəyirdim ki, kisəli pələng bir növ kimi yoxa çıxıb, yəni qalmayıb yer üzündə. Qırıb qurtarıblar onu. Kivi isə hələ var, amma çox az qalıb. Bu quşları qırmızı kitaba salıblar, onları öldürmək ən ağır cinayətlərdən hesab olunur və beş ilə kimi həbs cəzası düşür onu öldürən adama.

– Yaxşı ki, biz Yeni Zelandiyada yaşamırıq, – deyə Əsgərov gülümsədi. – Bundan başqa, onu öldürməyi də hələ ki, sübut olunmayıb.

– Əsgərovun Yeni Zelandiyadakı qəribə qanunlara mənfi münasibəti Raufun ürəyindən olsa da, bu münasibətin ifadə tərzi, onun qılığa girməyi heç xoşuna gəlmədi. – Siz kivi haqqında çox maraqlı danışırsız. Amma mənə bir şey aydın deyil – əgər bu belə nadir quşdursa, onda, görünür bahadır da? Bəlkə əksinə, nadir olmağına baxmayaraq, ucuzdur; ya da quyruqsuz pişik kimi və ya misalçün, qara kök kimi, lap su qiymətindədir?

– Ona verilən valyutaya bir vertolyot almaq olardı. – Aliyə xanım çox obrazlı cavab verdi, amma bu cavab Əsgərovu qane etmədi.

– Çox qeyri-müəyyən cavab oldu, – o ağız-burnunu büzdü və demək olar ki, eyni vaxtda Raufa göz vurub gülümsədi. – Vertolyotla vertolyotda fərq var. Mənə itmiş əmlakın dəqiq qiyməti lazımdır. Arayış şəklində.

Aliyə xanım fikirli-fikirli:

– Günü sabah çatdıraram sizə, – dedi. – Başa düşmürəm, axı kivi onu aparanın nəyinə lazımdır?

– Mən də başa düşmürəm, – deyə Rauf onun sözünə qüvvət verdi.

Əsgərov barmaqlarını stolun üstündə oynadıb, mənalı-mənalı gülümsədi:

– On il ərzində bu kabinetdə mən nələr eşitməmişəm, nələrin şahidi olmamışam, odur ki, mən sizə bunun yüz cür izahını verə bilərəm.

Yeri gəlmişkən, sizə bir əhvalat danışım, o da quşla bağlıdır. İki il bundan əvvəl əlimə bir iş gəlib çıxdı. Deməli, cavan adamdır – baxırsan, özü də zahirən əməlli-başlı normal adamdır – Şixov tərəfdə xəlvət bir yer tapıb özünə qu quşu ovlayır; quşlar ki, cənuba uçanda gəlib burdan keçirlər – öldürür onları. Onun bağında biz yüzdən artıq qu quşunun baş-ayağını, sür-sümüyünü qazıb çıxartdıq.

Soruşuram ondan: sənin ova rəsmi icazən var, vəhşi ördəkdir, qazdır, nə bilim, qaşqaldaqdır buyur vur, qu quşu nəyinə lazımdır, özün də yaxşı bilirsən ki, cinayətdir bu? Mənə nə cavab versə yaxşıdır? – Əsgərov oğlanın cavabını məmnuniyyətlə xatırlayıb, dodaqlarını yaladı. – Görün nə deyir! Deyir, düzdür, qu quşunun əti dadlıdır, amma qazınkı daha ləzzətlidir, di gəl hər dəfə qu quşu yeyəndə, bilirdim ki, məndən başqa bir kişi, nə qədər pulu olur olsun, onun ətindən dada bilməz. Qabaqlar ancaq padşahlar yeyirdi qu quşunu. Aliyə xanım, sizə nə oldu? – Rəngi qaçmış qadının göz yaşları oturduğu yerdəcə yanaqlarından axırdı.

“Quşdan ötrü ki, bu arvad özünü belə öldürür, yaxın bir qohumunun pis xəbərini eşitsə, görəsən neylər? – Rauf istədi bunu təsəvvürünə gətirsin, bir şey çıxmadı – Hə, möhtərəm Əsgərov yoldaş, indi sizə aydın oldumu, bizim üçümüzdən kimin başı xarabdır?” Elə bu vaxt Aliyə xanım hıçqıra-hıçqıra Əsgərovdan soruşdu:

– Deyirsiz, yəni bu da kivini yeyib?

Rauf əvvəlcə bu sözə təkəbbürlə gülümsədi, çünki fikirləşdi ki, belə bir cəfəngiyata əhəmiyyət verməyinə dəyməz, amma gördü, yox, Əsgərov da baxışı ilə ondan cavab gözləyir, onda təkid elədi ki, elə bu saat, təxirə salmadan götürüb bir bəhanə ilə zəng vursunlar onun arvadına və öz qulaqları ilə eşidib əmin olsunlar ki, Rauf quş ətini – nə ev quşunun, nə də çöl quşunun ətini – heç dilinə də vurmur.

Əsgərov qələminin düyməsini basıb:

– Əla, elə belə də yazarıq, – dedi. – Deməli, ümid eləyək ki, quş sağ-salamatdır.

– Bilirsiz, mən indi nə barədə düşünürəm? – deyə Rauf Aliyə xanım gedəndən sonra soruşdu.

Əsgərov yazısını yaza-yaza fikirləşmədən cavab verdi:

– Bilirəm. Ya mənim barəmdə, ya da quş barədə. Düzdür?

– Təxminən. Mən sizin barənizdə, öz barəmdə və gələcək haqqında düşünürəm, heyvan barədə yox. Başa düşürsüz məni?

Əsgərov yazısını saxladı və gözünü Raufa zillədi.

– Hələ ki, hər şey aydındır.

– Bir az bundan əvvəl məsələ agah oldu mənə – iş Aliyə xanımdadır, açar onun əlindədir. Məni düz başa düşün, mən sizin səlahiyyətinizi qəti şübhə altına alıb-eləmirəm, dediyim odur ki, bu qadın bədbəxt adamdır, yəqin onun nə əri var, nə də uşağı var, elə ona görə də bir dənə qotur quşun üstündə qatıb aləmi bir-birinə, sakit ola bilmir. Demək bir az pis də çıxır, amma burada daha kənar adam yoxdur, baxırsan – qadındır, di gəl ki, çox üzr istəyirəm, inək iyidir, yoxsa pələng iyidir, nədir – bilmirəm, birtəhər iy gəlir ondan.

Əsgərov Raufun Aliyə xanım barədəki fikri ilə mübahisə eləmədən, guya elə belə – yeri gəlmişkən balaca bir düzəliş verdi, daha doğrusu, formal bir arayış:

– Ailəsi var onun.

– Dəxli yoxdur, dəli, ipləmənin biridir. – Rauf bayaqkı təhqirin əvəzini çıxırdı. – Görmədiz, nə təhər aparırdı özünü?! Bunları mən niyə deyirəm, sözümün canı nədir? Gəlin, ikimiz birlikdə aydınlaşdıraq məsələni, görək nə olub. Heyvanxanadan bir quş itib, düzdür?

– Bəli, düzdür. – Əsgərov təsdiq elədi. – Sizin taqsırınız üzündən importnı kivi itib. Özü də, bu kivi çox bahalı quşdur.

– Məgər mən danıram ki, mənim taqsırım üzündən itib?! Əsla danmıram. – Rauf Əsgərovun son sözlərini sürətlə beyninin süzgəcindən keçirib belə qərara gəldi ki, başlamağına yaxşı başlayıb, dalını davam etdirmək lazımdır. – Yaxşı, nə olar, gəlin bir çıxış yolu tapaq. Məgər məni mühakimə eləməklə quş tapılacaq? Yoxsa, dövlət bir xeyir görəcək bundan? Bax, siz ağıllı bir adamsız, özünüz deyin, mənim işlərim korlananda, sizin könlünüz bəlkə xoş olacaq?

Əgər olacaqsa, mən razı, işi bağlayın, verin məhkəməyə. Mənimçün həqiqətən maraqlıdır ki, görüm, o bədbəxt qadından savayı kimə lazımdır bu?

– Bəs indi siz nə təklif eləyirsiz? – deyə Əsgərov çox qısaca soruşdu və Rauf bu vaxt onun gözlərində canlı bir maraq və intizar gördü.

O, müsahibinin sözlərinə xəyalən düzəliş verdi: “Hə” yox, “neçə”.

Əlbəttə, müstəntiqin kabineti belə söhbətlərçün bir elə də münasib yer deyildi, amma Rauf, Əsgərovun simasında hər şeyi başa düşən bir adam görürdü və getdikcə bu qənaətə gəlirdi ki, onunla açıq danışmaq olar. Rauf arif adam idi, lazımlı adamlarla dil tapmağa görkəmli bir mütəxəssis sayılırdı.

Rauf söhbəti gümrah bir səslə yekunlaşdırdı:

– Ən böyük müdriklik çox sadə həqiqətlərdə üzə çıxır. – Bu fəlsəfi kəlamdan sonra Rauf hiss elədi ki, daha məqamdır, mətləbə keçmək lazımdır. – Siz işi bağlayırsız, mən də quşun pulunu nağd ödəyirəm, qəpiyinə kimi, iki min manat, vəssalam.

Əsgərov gülümsəyərək etiraz elədi:

– Axı heyvanxanadan hələ heç arayış gəlməyib ki, quş neçəyə alınıb. Bu iki min rəqəmi hardan çıxdı?

Rauf xəsis adam deyildi, pul sarıdan da qəti korluğu yox idi.

Onun fikrincə, pul maddi nemətlərin və insan əməyinin simvolundan daha çox faydalı bir ixtira idi. Amma bütün bunlara baxmayaraq, Əsgərovun sualı onun xoşuna gəlmədi.

Rauf fikirləşdi: “Bu ya qiymət qaldırır, ya da utandığından özünü gicliyə qoyur”.

– Əgər siz onu görsəydiz, – o, köksünü ötürdü, – ona heç iki min manat da verməzdiz. Arayış deyirsiz. Kim tərtib eləyir arayışı?

Müdir. O da götürüb ağlına gələni yazacaq ki, nə bilim bu quş heç quş deyil, filandır, beşməkandır, linkor təyyarələrdən də bir beş manat bahadır. Onun sayaqlamağını özünüz eşidirdiz də. Düzünə qalanda, sizə mənim şəxsi hörmətim var, ona görə iki min təklif eləyirəm. Hörmətimə və simpatiyama görə. Götürün, can sağlığıyla, könül xoşluğuyla xərcləyin.

“Əvvəla, get dişinin karonkalarını dəyiş, qızıl elətdir”, – əlbəttə, bunu Rauf ürəyində məsləhət gördü müstəntiqə.

– Daha doğrusu, səhv eləmirəmsə, bu iki min manatı siz mənə təklif eləyirsiz? Necə deyərlər, bağışlayırsız?

– Xırdalamağın nə mənası var? Götürün, məsələni də xətm eləyin getsin.

Əsgərov qovluğu açıb ora ötəri bir nəzər salandan sonra soruşdu:

– Gərək ki, siz 8 nömrəli üzüm məhsulları təchizatı idarəsində işləyirsiz? Eləmi?

–Bəli, orda işləyirəm. – Rauf o saat başa düşdü ki, Əsgərov bununla nə demək istəyir və bu onun xoşuna gəlmədi, – acgöz adamlardan zəhləsi gedirdi.

– Mənə siz üç min də verə bilərdiz, axı, hər halda quşcuğaz sizin taqsırınız üzündən itib. Nədir ki, verə bilərdiz də, hə? Lap dörd də verə bilərdiz. Heç ruhunuz da inciməzdi. Düz demirəm?

– İş siz deyən də elə bir iş deyil, dəyməz o qiymətə. – Rauf gülümsəyib güzəştə getdi. – Yaxşı. Eyibi yoxdur, qoy iki min yarım olsun. Amma bir şərtlə: mənim adım bu işdə heç yerli-dibli olmayacaq.

Danışdıq?

Əsgərov oturub maraqla baxırdı ona.

– Sizə məlumdur ki, vəzifəli adamlara iş başında rüşvət verənin cəzası nədir? – Bunu o, çox ciddi soruşdu.

Rauf məzəmmətlə:

– Gözləməzdim, – dedi və qəlbindəki nifrət hissini boğaraq, onunla mehriban danışmağa çalışdı. – O, nə sözdü. Heç kim sizi məcbur eləmir, istəmirsiz – götürməyin, yox, əgər azdırsa, – “azdırsa” sözünü o, xüsusi vurğu ilə dedi – deyin... Uzaq başı biz də göbələk deyilik, yerdən çıxmamışıq, o qədər dost var, tanış var.

Özü də mənə xox gəlməyin, mən qorxan oğlanlardan deyiləm.

– Mənim sizi qorxutmaq fikrim yoxdur. – Əsgərov çiyinlərini çəkdi. – Sadəcə, xəbərdarlıq eləmək istədim ki, biləsiz, sizin mənə bayaqkı təklifiniz ən ciddi cinayətlərdən sayılır və səkkiz ildən on beş ilə kimi işi var.

– Elədir, amma çox nadir hallarda bundan bir şey çıxır. – Rauf yumorunu işə saldı. – Bilirsiz, rüşvət işi ki, var, sevgililərin ZAQSdakı qeydiyyatına bənzəyir – şahidsiz kəbin kağızı etibarlı deyil.

Gəl indi şahid tap görüm, hardan tapırsan?!

Əsgərov onunla nəzəri mübahisəyə baş qoşmadı, əlini uzadıb stolun siyirtməsində gizlətdiyi maqnitofonun düyməsinə basdı və Rauf öz səsini eşidəndə donub qaldı, bütün söhbətləri lentə yazılmışdı, o, Əsgərova açıq-aşkar onun həyat şəraitinin bir qədər yaxşılaşdırmağı təklif eləyirdi.

– Bu da şahid, – Əsgərov maqnitofonu söndürdü. – Amma bu lazım olmayacaq mənə, çünki sizi rüşvət üstündə məsuliyyətə cəlb etmək fikrində deyiləm.

Raufa onun sözlərinin mənası o saat çatmadı, dili dolaşa-dolaşa soruşdu:

– Onda bəs niyə yazmısız? – O, sualının cavabını, təxmini olsa da, bilirdi.

– Mənim bir dostum var: uşaqlıqda biz onunla bir yerdə böyümüşük, bacarıqlı, gözəl mühəndisdir, amma bir qəribəliyi var: özü ağıllı-kamallı adam ola-ola “Neftçi” kimi zəif komandanın azarkeşidir.

İyirmi beş ildən çoxdur ki, tutulub bu azara. Bilirsiz, o neyləyib?

“Neftçi”nin ən parlaq qələbələrini – elə qələbələri də ki, barmaqla saymaq olar – yazıb maqnitofona. Hərdənbir düyməni basıb, qulaq asır özüyçün, nə təhər, məsələn, iyirmi il bundan əvvəl Ələkbər Məmmədov “Torpedo”nun qapısına əla bir qol vurub, ya da “Neftçi” çoxdan dağılıb getmiş heyətdə “Ararat”ı necə darmadağın eləyib. Mən də onun təsiri altına düşmüşəm. Mənə rüşvət təklif olunan lent yazılarını yığıb saxlayıram, bir növ, kolleksiya düzəldirəm. Təqaüdə çıxanda oturub qulaq asacağam özümçün və təsəvvürümə gətirəcəyəm ki, bu verilən pulların onda birini alsaydım, mən necə varlı adam ola bilərdim. – O, gülümsədi və metal dişləri Raufu lap çiyrəndirdi. – Odur ki, buna görə mən sizi məsuliyyətə cəlb eləməyəcəyəm. Bilirəm ki, qanunu pozuram, amma eləməyəcəyəm. Çünki belə-belə şeylər adamı əsas işdən yayındırır.

Onda gərək apardığın bütün maraqlı, vacib işlərin özünü bir qırağa qoyub, ancaq rüşvətlə məşğul olasan.

Rauf başa düşdü ki, qaş düzəltdiyi yerdə vurub gözünü də çıxardıb və nə qədər gec deyil, səhvini düzəltməlidir. Bunun da yeganə yolu özünü Əsgərova elə göstərməkdir ki, guya o, dediyi sözün peşmançılığını çəkir:

– Səhvimi sidq-ürəklə boynuma alıram, əlbəttə, mən çox nahaq yerə sizə elə bir təklif eləmişəm.

– Niyə nahaq yerə? – deyə Əsgərov razılaşmadı. – Sizin təklifinizin özü də bir etirafdır. Bu hərəkətinizlə siz cinayət işlətdiyinizi, düzdür dolayısı ilə, amma, hər halda, təsdiq eləyirsiz.

– Nə deyirəm, eyibi yoxdur. – Rauf ayağa durdu. – Mən gedib məsləhətləşərəm dostlarımla, onların içində tanınmış hüquqşünaslar da var! Bəlkə bir çıxış yolu axtarıb tapdıq. Sağ olun.

– Hüquqşünası siz kameraya yanınıza çağırtdıra bilərsiz, buna yüz faiz ixtiyarınız var. Əlbəttə, müəyyən olunmuş günlərdə və saatlarda. – Əsgərov ayağa durub əllərini stola dirədi və gülümsəyə- 363 gülümsəyə Raufa baxdı. – Özünüzü yenə elə aparırsınız ki, guya elədiyiniz cinayətin nə dərəcədə ciddi olduğunu başa düşmürsüz.

Amma nahaq yerə.

Rauf bir istədi ona cavab versin, amma susdu. Ona görə yox ki, fikrini dəyişdi, ya da çətin idi onunçün danışmaq – yox, birdən sadəcə olaraq o, harda olduğunu və söhbətin nə barədə getdiyini büsbütün unutdu. O dayanıb düz Əsgərova baxırdı və gözlərini ondan heç cür çəkə bilmirdi. İçəri çağırılmış milisionerə verilən göstərişlərdən Rauf bir kəlmə də eşitmirdi və ona evə zəng vurmağı təklif eləyəndə də o saat başa düşmədi ki, ondan nə istəyirlər.

Məhz indi uzun müddət əzablı yorucu təşəbbüslərdən sonra, o, axırı başa düşdü ki, ilk dəqiqədən Ələsgərov ona nəyi xatırladırmış və bunu anlayan kimi, qəlbini dərhal dəhşətli bir qorxu və təlaş bürüdü.

Milisionerin müşayiəti altında o, ensiz uzun koridorla gedəgedə, Əsgərovun sifətinin eyni olan o müdhiş balığın alışıb yanan gözlərini, dəmir dişlərini, parıldayan pulcuqlarını təfərrüatı ilə xatırlayır və bu yaxınlarda ona əzab verən gecə qarabasmasının dəhşətini, indi artıq yuxuda yox, real vəziyyətdə, bütün varlığı ilə hiss eləyirdi.

Məhkəmə iki həftədən sonra oldu. Əvvəlcə hər şey yaxşı gedirdi.

Hiss olunurdu ki, məhkəmə üzvləri Raufa qərəzsiz yanaşırlar.

Hakimin hər iki tərəfində oturmuş xalq iclasçıları – xalça fabrikindən gəlmiş gənc toxucu qız və rayon poliklinikasının can həkimi, hətta hərdən ona elə gəlirdi ki, onların baxışlarında bir rəğbət hissi də var. Başı dazlaşmış mülayim sifətli kök hakim isə şahidlər və heyvanxananın müdiri ifadə verəndə bir neçə dəfə özünü gülməkdən zorla saxladı. Hətta prokurorun tələbi ilə müttəhim, yəni Rauf quşun ona hücumu səhnəsini təfərrüatı ilə göstərəndə bərkdən pıqqıldadı da. Amma o saat utandı və bu yersiz gülüşünü öskürəyə çevirib öz hərəkətini məharətlə malaladı və qəhqəhə çəkib gülüşən camaatı nizam-intizama çağırdı.

Tənəffüsə çıxanda Rauf çalışırdı, zala baxmasın, çünki, bilirdi ki, Xalidə ilə Kamil də oradadırlar. Arifin məsləhəti ilə ailənin o biri üzvlərinə deyilmişdi ki, Rauf təcili ezamiyyətə gedib.

Raufun gətirildiyi otaq sərin idi, amma onunla üzbəüz oturmuş Arif nədənsə tez-tez tərini silirdi. Onlar nahar eləmədilər. Arif 364 dəhlizə çıxıb tanış bir vəkildən xahiş elədi ki, üç-dörd şüşə su alıb gətirsin.

O, Raufla demək olar ki, danışmırdı. Elə ilk görüşdə araları dəymişdi. Ailəsinin arzusu və Raufun özünün razılığı ilə Arif rəsmi olaraq onun vəkili təyin olunmuşdu. Elə həmin gün işlə tanışlıqdan sonra Arif açıq söhbət eləməkçün Raufun yanına gəldi. Onun gəlişinə Rauf açıq-aşkar sevindi, ürək-dirək, qayğı üçün ona minnətdarlığını bildirib, heyvanxanaya gecəki səfərini bütün təfərrüatı ilə ona danışdı. Arif də oturub elə qulaq asdı ki, elə bil birinci dəfədir eşidir bu əhvalatı. Axırda isə Raufdan xahiş elədi, ona açıq desin ki, quşu niyə oğurlayıb, nəyinə lazımdır onun bu quş?

Rauf özünü birtəhər ələ alıb:

– Mən sənə axı, elə bu saat dilimlə dedim ki, heyvanxanaya niyə getmişdim, – deyə təmkinlə onun yadına saldı.

– Başa düş, əzizim, bu, ittihamın ən əsas maddəsidir, bəs səndən mən nə soruşum?

– Mən o Əsgərova yorulmuşdum deməkdən ki, quş məsələsinə heç bir dəxlim yoxdur. Tutduğundan əl çəkirdi bəyəm? Hərlənibfırlanıb bir də soruşurdu... Sən axı, Əsgərov deyilsən! – Raufun hirsli baxışına davam gətirməyib Arifin çənəsi əsdi. – Düzünü de görüm, sən mənə inanırsan, ya yox?

– Yaxşı, əsəbiləşmə, Arif dostunun üzünə baxmadan cavab verdi.

– Tutaq ki, quşu sən oğurlamamısan, tutaq ki, elə o özü qaçıb...

Onda heç olmasa, məni başa sal görüm, sənin kimi abırlı, sanballı bir adam... – o, qarşısındakı vərəqlərə baxdı, – hanı o? Hə... Gecəyarısı hasardan xəlvəti aşıb, Bakı dövlət heyvanxanasının ərazisinə niyə girib? Nə məqsədlə? Özü də, əvvəla, cinayət törədilən gecə bu adam, onun özünün və başqalarının verdiyi ifadələrə görə, sərxoşzad da olmayıb; ikincisi isə, işdəki tibbi arayışdan aydın görünür ki, hər cəhətdən sağlam adamdır, heç bir ruhi xəstəliyi-zadı yoxdur...

Yaxşı, tutaq ki, elə sən bu hoqqanı buynuza görə çıxartmısan. Onda de görək hara qoymusan onu və sənin nəyinə lazımmış o?

– Sən elə bilmə ki, mən etibar eləmirəm sənə, – Rauf kədərlikədərli gülümsədi, – yox, bunun mənası yoxdur. Mən sənə onda da, indi də düzünü deyirəm, mənə buynuz lazım idi, buynuz!

– İnanıram, sən ora buynuzçün getmisən, amma məhkəmədə səndən mütləq soruşacaqlar ki, neynirdin buynuzu?! Sən də, mütləq, bir söz tapıb deməlisən, başqa yolun yoxdur!

– Yaxşı, tutaq ki, bir söz tapıb dedim. Axı bunun nə xeyri mənə?

Soruşuram səndən, bunun mənə nə xeyri?.. Sənə qulaq assam, bilirsən axırı nə olar?.. Axırı o olar ki, tələb eləyərlər, buynuzu qaytarım. Mənim indiki vəziyyətimdə – o, əli ilə dəmir barmaqlıqlı qapını göstərdi, – bu lap fəlakət olardı. Onsuz da quşun itməyi mənim üstümdədir.

– Bəs indi neyləyək? – deyə Arif stolun üstündəki kağız-kuğuzunu yığışdıra-yığışdıra soruşdu. – Mən axı, müdafiəmi nəsə, əsaslı bir şeyin üstündə qurmalıyam!

– Fikirləş də, vəkil deyilsən?!

– Fikirləşirəm, deyirəm yaxşısı budur nə qədər ki, gec deyil, bu işdən imtina eləyim.

Rauf elə bil yatmışdı, birdən ayıldı:

– Ay sağ ol, afərin, –dedi. – Axırı ki, insaniyyətdən, nə bilim, alicənablıqdan dəm vurmağı bir qırağa qoyub, əsl sifətini göstərdin.

Düz eləyirsən, Raufun işləri əyilib, məqamdır! – O, Ariflə çox saymazyana, başı ilə sağollaşdı; heç tərpənmədi də yerindən. Onun qayıdacağına Raufun zərrə qədər də şübhəsi yox idi. Yanılmamışdı.

Arif elə sabahı günü səhər tezdən gəlib çıxdı və o vaxtdan da bir vəkil kimi hər gün Raufa baş çəkməyə başladı. Amma Rauf bilirdi ki, bu gəliş-gedişin faydası yoxdur. İstintaq qurtaran kimi idarələrinin hüquq məsləhətçisi Qorxmaz Gürcüyev onun yanına gəldi. Bu Qorxmaz uzun illər idi ki, onların idarəsi ilə başqa təşkilatlar arasında yaranan irili-xırdalı bütün münaqişələri müvəffəqiyyətlə yoluna qoyurdu. O, dəqiqəbaşı dönüb dala baxa-baxa – bu onun adəti idi – Raufa tapşırdı ki, qəti darıxmasın, özü məşğul olacaq hər şeylə. Düzdür, hakimlə bir elə yaxın tanış deyildi, amma ona da mütləq bir yol tapacağına söz verdi. Onun fərasətinə Raufun şübhəsi olmasa da, işini möhkəm tutmaq, Qorxmazı şirnikləndirmək üçün ondan xahiş elədi ki, pul sarıdan özünə korluq verməsin, nə qədər lazımdır, gen-bol xərcləsin. Və çox keçmədi, Qorxmazdan xəbərlər gəlməyə başladı, amma bu xəbərlər içində ürəkaçan bir şey yox idi.

Məhkəməyə bircə gün qalmış isə Qorxmaz onun yanına gəlib məğlubiyyətini etiraf etməli oldu. Rauf onu ömründə bu vəziyyətdə görməmişdi, başı üstündə durmurdu, elə hey o yan-bu yana hərlə- 366 nirdi, üzünü də tamam tük basmışdı. Həmişə sərrast danışan Qorxmazın indi dili topuq çalırdı. Onun dediyindən belə məlum olurdu ki, çox etibarlı, nüfuzlu yoldaşlar hakimə təsir göstərməyə, gözlənilən sərt hökmün mətnini heç olmasa, bir neçə kəlmə Raufun haqqında xoş söz əlavə elətdirib onun canını şərti işlə birtəhər qurtarmağa çalışıblar, amma bir şey çıxmayıb.

Rauf gözəl başa düşürdü ki, bütün bunlar Əsgərovun amansız fəaliyyətinin nəticəsidir. Ona görə də Qorxmaz hakimin qorxaqlığını işin özünün qeyri-adiliyi ilə izah eləmək istəyəndə, acı-acı gülümsədi, amma bir söz demədi, mübahisə yeri deyildi.

Məhkəmənin yekun iclası prokurorun çıxışı ilə başlandı.

Tənəffüsdən sonra dərhal prokurora söz verilməsi, Raufun fikrincə, yaxşı əlamət idi, bu onun ürəyindən oldu. Çünki o, bilirdi ki, nahardan sonra adamların böyük əksəriyyətinin kefi kökəlir, ürəyi yumşalır və ətrafdakılara da xoş bir söz demək keçir könlündən. Amma əynində son dəblə tikilmiş gözəl kostyum olan 27-28 yaşlı bu yaraşıqlı cavan prokuror nəinki Raufun ümidlərini doğrultmadı, əksinə, hətta öz çıxışı ilə ona çox iyrənc təsir bağışladı.

O, əvvəlcə çox nəzakətlə, ədəb-ərkanla başladı: gülümsəyərək dedi ki, hələ məktəbi təzə bitirib, hüquq fakültəsinin ilk kurslarında oxuduğu vaxtdan Arif Göyçaylı kimi təcrübəli və istedadlı vəkilin məharətinə, biliyinə heyrandır və onun bugünkü çıxışını eşitməsəydi, uzun müddət də heyran olacaqdı, lakin hörmətli vəkil bir az bundan əvvəl müttəhimin hərəkətlərini az qala adi, qərəzsiz bir nadinclik kimi qələmə verməyə çalışanda, illərlə yaranmış o gözəl təəssüratı öz əli ilə vurub dağıtdı.

Prokuror dedi ki, onun fikrincə, müttəhim öz şəxsi xeyri üçün əxlaq normalarını tapdalamaqdan çəkinməyən cinayətkarlardandır.

Bu gənc karyeristin düşüncə tərzinə dərhal nüfuz edən Rauf başa düşdü ki, onu heyvanxanaya vurulmuş ziyan hər şeydən az narahat eləyir. Onun atılıb düşməyi, belə bəlağətlə mənəviyyatdan, əxlaqdan dəm vurmağı öz savadını, paklığını gözə soxmaqdan ötrüdür; Raufun hesabına xal yığmaq istəyir. Rauf bunu dərhal hiss elədi, amma hiss eləməyinin nə faydası? – bu ona heç nə vermirdi. Arvadının və kənar adamların yanında oturub özü haqqında belə təhqiramiz sözlər eşitmək çox ağır idi. Prokuror çıxışının ortasında 367 məhkəmənin katibindən quşun fotoşəklini oturanlara göstərməyi xahiş elədi və dedi ki, belə bir nadir quşun oğurlanması neçə-neçə alimin işini yarımçıq qoyub, elmə çox böyük ziyan vurub.

Prokuror Rauf haqqında yarım saat da bu cür danışandan sonra üzünü hakimə tutub, Cinayət Məcəlləsinin iki müvafiq maddəsinə əsasən onu beş il həbs cəzasına məhkum etməyi tələb elədi.

Raufun əvvəlcə danışmaq fikri yox idi, amma prokurorun nitqi onu elə qəzəbləndirmişdi ki, hakim ondan sözü olub-olmadığını soruşanda, dərhal başını tərpədib danışmaq istədiyini bildirdi. O, ayağa durdu, amma o saat danışmadı; prokurorun qapıya tərəf getdiyini görüb özünü itirmişdi, sanki birdən-birə deyəcəyi bütün sözlər yadından çıxmışdı. Yavaş-yavaş iradəsinin zoruna özünü ələ aldı, nəhayət, sıxıntı tamam çəkilib getdi və Rauf danışmağa başladı:

– Baxın! Siz bir ona baxın! – Öz səsi özünə yaman gur gəldi, sonra öyrəndi ki, demə, doğrudan da çox bərk danışırmış, hətta Xalidəyə elə gəlirmiş ki, o, mikrofona danışır. – Görürsüz çıxıb gedir! Məhkəmə necə qurtaracaq, nə hökm çıxaracaq, onunçün heç bir əhəmiyyəti yoxdur, beş il qazamata saldırmaq istədiyi insanın taleyi də onu qəti maraqlandırmır! – Hamı prokurora tərəf döndü.

Prokuror qıpqırmızı qızardı və durduğu yerdəcə donub qaldı.

O, hakimə baxdı – yəni bu nə deməkdir, hakimsə müttəhimin nə deyəcəyini gözləyirdi, çünki Rauf hələ bir şey deməmişdi.

Prokuror keçib yerinə qayıtmağa xeyli vaxt sərf elədi; bu dəqiqələrin hər biri elə bil Raufun ürəyindən bir tikan çıxarırdı.

İndi o, məmnuniyyətlə vaxtın uzanmağını istəyirdi.

– Möhtərəm prokuror yoldaş, görünür, beş ilin nə demək olduğunu bilmir. Beş ilə adamlar institut qurtarıb ali təhsil alırlar. Beş ilə böyük-böyük şəhərlərə su kəməri çəkilir, hətta müharibənin özü cəmi dörd il davam eləyib, bu möhtərəm prokuror yoldaş isə arvadı, uşağı, ailəsi olan bir insanı, nə az, nə azacıq, düz beş il müddətinə qazamata salmaq istəyir. Nəyə görə? – Rauf zala göz gəzdirdi, gördü ki, ona diqqətlə qulaq asırlar. – Soruşuram sizdən, nəyə görə? Hətta şəkildə də görünür ki, bu nə qartaldır, nə də tovuz quşu, çox murdar, iyrənc bir quşdur, amma ona bir ətək pul verib alıblar; özü də valyuta veriblər. Bəs bu cinayət deyil, dövlətin pulunu götürüb atasan çölə, nə var, nə var qotur bir quş alıram, sonra da ona xaricdən yem 368 gətirtdirəsən: onu da valyutaya?! Bizim möhtərəm prokuror yoldaş deyir ki, mən onu yemişəm! Böhtandır! Məgər bizdə aclıqdır ki, mənim kimi bir adam əlinə nə keçdi yesin? Tutaq ki, elə mən yemişəm onu. Buna görə məni beş il qazamata salmaq lazımdır?..

Düzü, məəttəl qalmışam ki, belə bir cavan adamı prokuror qoyublar.

Axı o, nə görüb hələ? Heç nə, həyat nədir, xəbəri yoxdur. Onun yaşıdları dünyanın o başında BAM tikir, elektrik stansiyaları tikir, dənizdən neft çıxarır, o isə institutu qurtaran kimi şəhərin lap mərkəzində işə düzəlib, prokuror olub ki, adamları nahaqdan qazamata bassın. Hələ yoxlamaq lazımdır görək, o bu işə necə düzəlib və kim düzəldib! – Axırıncı cümləni Rauf qısa fasilələrlə, yavaş-yavaş tələffüz elədi və ona görə də onlar ayrı cür səsləndi.

– Sonra da ki, yoldaşlar, siyasi cəhətdən savadlı olmaq lazımdır, qəzet oxumaq lazımdır. Gəlin fikirləşək görək bütün bu iş kimin xeyrinədir, kimlərçün göydəndüşmədir? Məni oğurluqda ittiham eləyəndən sonra, o quş barədə mən hər şeyi öyrəndim. Onun adı kividir, özü də Yeni Zelandiyada yaşayır. O quşlardan orda o qədərdir ki, nə deyim, bəzi pinti evlərdəki tarakan qədər... Ordakıların günü qaradır onların əlindən, gecələr evlərə soxulub, yeməli nə gördülər, oğurlayırlar. – Rauf məhkəmənin üzvlərinə baxdı. – Ordakılar eşitsələr ki, o quşun üstündə günahsız bir insana beş il iş verilib, bizim barəmizdə nə fikirləşərlər?! Soruşuram, nə fikirləşərlər?!

Sözlər özləri hardansa axıb gəlir, yağ kimi Raufun dilinə yatırdı.

O, danışır və danışdıqca da hiss eləyirdi ki, onun hər sözü dərhal ürəklərə yol tapır, şüurlara həkk olunur, o görürdü ki, bütün zal diqqətlə ona qulaq asır və nə qədər danışsa qulaq asacaq. Bu, nə isə yeni, ona qətiyyən tanış olmayan bir hiss idi. Yalnız uşaqlıq çağlarında yuxuda uçduğu zaman buna bənzər bir hiss keçirirdi; qorxu qarışıq sevinc hissi.

Rauf çıxışını qurtarıb oturdu. O, gözləyirdi ki, indi kimsə – ya hakim, ya prokuror, kəskin danışdığı üçün onu məzəmmət eləyəcək, amma eləmədilər. Aralığa sükut çökmüşdü. Hakim iclasçılardan pıçıltı ilə nə isə soruşdu və sonra Raufa müraciət elədi:

– Siz özünüzü günahkar sayırsızmı?

Sual o qədər gözlənilməz idi ki, yeganə düzgün cavab onun ağlına o saat gəlmədi. Nəhayət, o, özünü ələ alıb ucadan, qətiyyətlə:

– Bir tərəfdən baxanda, hə, o biri tərəfdən isə, yaxşı-yaxşı fikirləşəndə, əlbəttə ki, yox, – dedi və hakim gözlərini yumub başını ağır-ağır tərpətdi; yəni o, hər şeyi məhz Raufun istədiyi kimi başa düşdü.

Məhkəmədə həyəcanlanmış Raufu salondakıların öhdəsinə buraxıb məşvərətə getdi. Raufa elə gəlirdi ki, indi salonda əsasən onun təəssüfünü çəkən, ürəyiyanan adamlar oturublar. Elə bu məqamda onun fikrini təsdiq edirmiş kimi hardansa ofisiant Sabir peyda oldu, müttəhimlər kürsüsünə yaxınlaşıb mühafizəçi əsgərin etirazına baxmayaraq Raufun əlini bərk-bərk sıxdı və dedi ki, bu çıxışdan sonra onun necə igid, kişi adam olduğunu bir daha öz gözü ilə gördü.

Bununla belə, əlbəttə, Raufun heç bir ümidi yox idi ki, qəfil üzə çıxmış bu natiqlik istedadı məhkəməyə təsir edə bilər və ona bəraət qazandırar. Lakin o, hələ də eyforiya vəziyyətində idi və arvadının ona necə mərhəmət qarışıq bir heyranlıqla baxdığını görəndə, bu halı daha da gücləndi. Rauf özünü saxlaya bilməyib Arifdən soruşdu ki, onun çıxışı hakimə təsir edə bilərmi? Ona təskinlik verməyə isə Arifin ürəyində zərrə qədər işıq tapılmadı. Rauf qəti qərara gəldi ki, dostu ya son dərəcə paxıl, ya da qanacaqsız adamdır; vəkillik də ki, onun heç yanından da keçməyib. Rauf bir də fikirləşdi ki, vaxtilə hüquq fakültəsindən getməkdə, görünür, səhv eləyib.

Məhkəmə salona qayıdanda hamı ayağa durdu. Bu vaxt prokuror da hardansa, böyürdən çıxdı və sifətindəki pərtlikdən Rauf başa düşdü ki, onun sözü keçməyib. Hakim məhkəmənin hökmünü oxudu:

hökmə əsasən Rauf əmək koloniyasında saxlanmaq şərti ilə iki il həbs cəzasına məhkum edilir və iki yüz manat məbləğində cərimə olunurdu.

İlk günlər Raufa xüsusən ağır gəlirdi, amma yeni həyat tərzinə bir qədər alışandan sonra, oradakı münasibətlərə, qayda-qanuna başqa cür baxmağa öyrəşdi, hətta bir para şeyləri tədricən bəxtinin gətirməyi kimi qiymətləndirməyə başladı. Məsələn, bəxti elə onda gətirmişdi ki, onu qohumlarının yaşadığı şəhərin yaxınlığındakı islah əmək koloniyasına işə göndərmişdilər və hələ üstəlik bəxti ikiqat gətirmişdi ki, həbsxananın bağına qulluq eləməkçün baş bağbanın köməkçisi vəzifəsinə təzə dustaqların içində yaşına, 370 zahirinə və aqronomik təhsilinə görə müdiriyyətin tələblərinə uyğun gələn cəmi bircə adam tapıldı – bu da Rauf oldu. İş ağır deyildi, yaxşı havalarda hətta ləzzət eləyirdi adama və belə bir cəhəti də var idi ki, işləyə – işləyə bir də görürdün, özündən asılı olmayaraq dünya barədə, həyat barədə, hərdənbir də lap öz barəndə dərin düşüncələrə dalmısan.

* * * O, Ariflə iki aydan sonra görüşdü: vəkili çox acıqlı idi və bunu gizlətməyə çalışmırdı da.

Arifin qaş-qabağı əvvəlcə Raufun xoşuna gəlmədi, amma oturub ona qulaq asandan sonra, gördü ki, əsəbiləşməyə haqqı var.

Arifin gətirdiyi xəbər, həqiqətən də, yaxşı xəbər deyildi; Raufa qarşı yeni cinayət işi qaldırılmışdı – “xalxın qəbrini təhqir eləməyi” üstə. İttihamçılar – Şeyda Qəzənfər oğlu Məmmədzadənin qohumları, dəlillərlə sübut eləyirlər ki, Rauf dostu Sabirlə pul qoyub adam tutublar və həmin adam da onların alçaq niyyətini həyata keçirib, götürüb rənglə və həkkak qələmi ilə qəbrin üstündəki yazını elə dəyişib ki, sağlığında özünün kişilik ləyaqəti ilə yalnız Şüvəlanda deyil, Bakının başqa kəndlərində də tanınan Şeyda Qəzənfər oğlu Məmmədzadə guya qadın olub, özü də o məşhur balıqçı Qəzənfər kişinin yox, hansısa bir Bəylərin övladı imiş. Bu, həm də Şeyda Qəzənfər oğlunun dinə, Allaha inanan, son dərəcə namuslu bir qadın olan rəhmətlik arvadı Almaz xanımın ləyaqətinə və nəhayət, sağ Məmmədzadələrin hamısına təhqirdir.

Arif təəccüblə:

– Bilmirəm, nə olub sənə, dalbadal bu nə hoqqadır çıxarırsan?

– dedi. – Axı niyə belə eləmisən?

– Bir dayan görüm, heç Şeydadan da kişi olar? – Rauf çaşıb qalmışdı.

– Qabaqlar bu adla mən iki-üç nəfər tanıyırdım, hamısı da arvad idi. Yox, əzizim, bu arvad adıdır!

– Sənin, heç demə, ən adi şeylərdən xəbərin yoxmuş. Hansı kənd adamından soruşsan sənə deyər ki, İzzət, Şövkət, Şeyda həm kişi adı ola bilər, həm də qadın adı. – Birdən Arif gözünü dostunun 371 düz gözünə zillədi. – Olar, olmaz – bunlar bir yana, sənin axı, nəyinə lazımdır gedib özgənin qəbrini düzəltdirirsən?

– Lazım idi mənə, – deyə Rauf könülsüz cavab verdi. – Sonra başa salaram səni.

– “Sonra” – yəni nə vaxt?

– Bir il doqquz aydan sonra. Burdan çıxanda, hər şeyi başa sallam sənə, onda özün görərsən ki, lazımım idi.

– İndi daha məlum deyil, sən bir də nə vaxt çıxacaqsan burdan.

– Arif burnunun altında donquldandı. – Bir iş almısan, ikinci məhkəmənin nəticəsi ona görə çox ağır ola bilər. Ondan xəbərin var?

– Yaxşı, nə kömək eləyə bilərsən mənə? – Rauf lap ruhdan düşmüşdü və Arif bunu hiss elədi.

– Deyəsən, bir şey düzəlir yavaş-yavaş. Çalışıram şüvəlanlı tanışlarımın vasitəsilə Şeydanın qohumlarını yola gətirim, gedib şikayətlərini geri götürsünlər. Əvvəl-əvvəl eşitmək istəmirdilər, heç yaxın buraxmırdılar, az qalmışdı üstümə yumruq qaldırsınlar, amma indi yumşalıblar bir balaca. Deyəsən, inandıra bilmişəm onları ki, burda heç bir qərəz, düşmənçilik ola bilməz... Sənin indiki vəziyyətini də danışdım onlara: onun da təsiri oldu. Odur ki, sən çox fikir eləmə, Allah kərimdir, axırı yaxşı olar.

Qalan vaxtı onlar iş barədə danışmadılar, oturub cavanlıqlarını xatırladılar və birdən Raufun bugünkü söhbətin təsirindən kövrəlmiş qəlbinə qəribə, anlaşılmaz bir narahatlıq, həzin bir kədər çökdü.

Arif lap axırda, çıxıb gedəndə, qapıda ayaq saxlayıb:

– Sən mənə bir sual verəydin gərək, – dedi, – amma vermədin.

Sabir haqqında sən heç nə soruşmadın. Yazığı möhkəm sıxmışdılar.

O özünü kişi kimi aparırdı. Bütün günahı öz üstünə götürürdü, amma gec idi, iş işdən keçmişdi, hamı bilirdi ki, Sabir dostu Raufun arzusunu yerinə yetirməkçün qəbri bərpa elətdirib.

Rauf qıpqırmızı qızardı:

– Mənim heç ağlıma da gəlmədi ki, onun vəziyyəti pis ola bilər.

Sən axı Sabirin adını elə belə, ötəri çəkdin...

Günlər yaman ləng keçib gedirdi. Bunun da əsas səbəbi, görünür, qayğıların yeknəsəqliyi idi: ağacların, kolların dibini yumşalt, su ver, alaq vur və sairə, nə bilim, bu cürə xırda-para işlər. Rauf bağbanlığın bir neçə əsas şərtini tezliklə öyrəndi və artıq üç ayı 372 tamam olanda ona ayrıca sahə verdilər, o da qazandığı təcrübəni bu sahədə vicdanla tətbiq eləməyə başladı; səriştəsi o qədər artmışdı ki, hətta təkbaşına əncir ağaclarının bəhrəsiz budaqlarını kəsirdi.

Niyəsə o, birdən-birə zirəyə düşmən kəsildi, səlahiyyətdən istifadə eləyib onu da zərərli alaq otlarının cərgəsinə saldı və bağı zəhləsi gedən bu bitkinin kollarından təmizləməyə girişdi.

Kökündən dartıb çıxartdığı kolları əvvəlcə sərib qurudar, sonra bir yerə toplayıb axşamüstü işin axırında yandırardı. Gur ocağın göyə qalxan dil-dil alovu və tüstüsünün iyi onda xoş xatirələr oyadır.

Raufun fikrini dağıdırdı...

Rauf özünün düzəltdiyi balaca skamyada oturub qıvrıla-qıvrıla alışıb yanan quru kollara baxıb özü üçün həzz alanda nəzarətçi Həsən ona yaxınlaşdı. Həsən sağlam kəndli balası idi, milis məktəbini əla qiymətlə bitirib Raufdan il yarım əvvəl bura gəlmişdi.

Cavanlığına baxmayaraq, Həsən öz işinə çox ciddi yanaşırdı; heç nədə, heç kimə – hətta özünə də güzəştə getmirdi və elə ona görə də köhnə, təcrübəli işçilərdən olan, daxili xidmət nizamnaməsini əzbər bilər böyük nəzarətçi Cəfər Məmmədzadənin az bir vaxtda etimadını qazanmışdı. Belə deyirlər ki, südlə gələn sümüklə çıxar, odur ki, yetkin kamil adamlar belə öz xasiyyətinin zəif cəhətlərindən heç də həmişə yaxa qurtara bilmirlər və bu məlum həqiqət Həsən kimi perspektivli mütəxəssisin Raufla rəsmi tanışlığından sonra bir daha aydın oldu. Onun zəif damarı, ilk baxışdan sezilməsə də, o saat gözə çarpırdı. Cəfər Məmmədzadə növbətçi iclasların birindən sonra Həsəni kabinetində saxlayıb, nizamnamənin mühüm maddələrindən birini əzbərdən dedi və bununla da ona xatırlatdı ki, vəzifə başında olan adam şəxsi rəğbətindən və ya nifrətindən asılı olmayaraq, ayrıseçkilik etməməli, hamıya bir gözlə baxmalıdır.

Həsən öz taqsırını atmadı boynundan, amma kabinetdən çıxandan sonra Raufa da münasibətini qətiyyən dəyişmədi. Yenə də əvvəlki kimi, onu görəndə yerindən dik qalxıb ədəb-ərkanla salam verir, söhbət əsnasında ona müraciət eləyəndə adının yanında “dayı” sözünü işlətməyi heç vaxt yadından çıxartmırdı. Raufun özü də Həsənin onunla belə rəftarına şübhə ilə baxır, bunu dolamaq kimi başa düşür və imkanı daxilində onunla az-az görüşməyə çalışırdı. Amma xeyli sonra o, inandı ki, bu, yalnız və yalnız Həsənin ona ehtiramından irəli gəlir və bunu da Rauf öz aləmində gənc nəzarətçinin sanballı, ləyaqətli 373 adamları tanımaq bacarığı ilə izah elədi. Rauf özü də yavaş-yavaş Həsənə mehr salırdı; imkan düşəndə görüşürdü, bir böyük kimi haləhval tuturdu. Rauf, ümumiyyətlə, söhbətcil adam deyildi, amma onun da öz üstünlükləri var idi, danışanda həmsöhbətinin rəğbətini qazana bilirdi. O, əvvəlcə söhbətin mövzusunu müəyyənləşdirir və heç vaxt da bu mövzudan kənara çıxmırdı, yeri düşəndə isə ehtiyatda olan hazır zarafatları ilə onu bəzəyirdi. Bir cəhətə Rauf xüsusi fikir verirdi; bəzən yerlərdə, məsələn, qayınatasıgildə acıdil, bədxah adamlar olurdu, çalışırdı ki, belələri ilə söhbətdə mücərrəd mühakimələrə, fəlsəfi mübahisələrə keçməsin, necə deyərlər: “Arığın qoruqda nə işi var, vurub qıçın sındırsınlar”.

O, həftədə iki-üç dəfə Həsənlə söhbət eləyirdi, onda da öz danışıq tərzini əsasən gözləyirdi, amma hərdən görürdün olmurdu, çünki gənc nəzarətçi ağıllı sözə, müdrik kəlama qiymət verən dinləyicilərdən idi və Rauf da yavaş-yavaş onun bu ehtiyacının təsiri altına düşüb yüksək bəşəri məsələlərdən dəm vururdu.

Adətən o, Həsənin suallarına o saat düzgün cavab tapırdı, bu cavablarını da hər dəfə öz şəxsi həyatından gətirdiyi misallarla əsaslandırırdı, amma hərdən də elə olurdu ki, bir məsləhətə neçə gün vaxt sərf eləyirdi, çünki başdansovdu olmazdı, onun verdiyi məsləhət gərək cavan oğlanı büdrəməyə qoymayaydı, işində, ailə həyatında ona yol göstərəydi. Rauf danışdıqca hiss eləyirdi ki, onun hər sözü, hər kəlməsi Həsənin beyninə həkk olunur və o, bundan həzz alırdı. Belə bir hissi o, ilk dəfə məhkəmədə keçirmişdi, amma heç o zaman qəzəbin, incikliyin və ilahidən gələn gücün təsiri ilə elədiyi o dahiyanə çıxışından Rauf bu qədər məmnun qalmamışdı.

– Axşamınız xeyir, Rauf dayı. Sizinlə xudahafizləşməyə gəlmişəm.

– Həsən niyəsə kədərli idi. – Lənkərana ezamiyyətə gedirəm.

– Mən heç vaxt Lənkəranda olmamışam, amma hamı deyir ki, gözəl yerdir. Sitrus meyvələrinin məskənidir: limon, mandarin, feyxoa...

Sənə yaxşı yol. İnsan gərək çox gəzsin, xüsusən cavanlığında.

Neçə günlüyə gedirsən?

– İki həftəyə qayıdıram.

– Yaxşı eləyirsən, get. Deyirlər aləmdir oralar.

– Bəli, gözəl yerlərdir. Azərbaycanda tayı-bərabəri yoxdur. – Hiss olunurdu ki, o sevinir səfərinə və bu, niyəsə Raufa pis təsir elədi. O gülümsəyib:

– O baxır kimin gözündə, – dedi. – Birinə Lənkəran xoş gəlir, o birinə Bakı, ya da Astara. Hərənin öz zövqü var.

–Əlbəttə, düz deyirsiz, – Həsən razılaşdı onunla, – doğma yerlər adama hər yerdən əzizdir, amma Lənkəran, mən bilirəm, sizin də xoşunuza gələr. Mən xahiş eləyirəm sizdən... Allah qoysa, nə vaxt xətriniz istədi, ailənizi də götürün yay aylarında gəlin bir biz tərəfə. Mənim burda xidmətimə cəmi bir il qalıb, sonra çıxıb gedəcəyəm ora. Əməlli-başlı böyük, qəşəng evimiz var, özü də bu saat evdə bir anamdır, bir də kiçik qardaşım. Hərə bir tərəfə uçub gedib – bacılarım ərdədirlər: biri Bakıdadı, o biri hələlik Lənkəranda, amma o da əriylə Bakıya köçməyə hazırlaşır, böyük qardaşım Kalininqradda qulluq eləyir, həkimdir, ildə bir dəfə uçub gəlir, görüşürük. Yəni deyirəm ki, yerimiz gen-boldur, hamıya çatar!

– Çox sağ ol! – Rauf təklifdən imtina eləmədi. – Sən də hərdən gəl, get, telefonumu da, ünvanımı da yazıb verərəm sənə. Oğlanlarımla tanış olarsan. Bilmək olmaz, bir də gördün hardasa bir köməyim dəydi sənə.

Raufun ürəyindən yaman keçirdi ki, bu kəndli balasına nə isə yaxşı bir şey vəd eləsin, amma kooperativ evə düzəltməkdən başqa ağlına heç nə gəlmədi.

– Uzun sözün qısası, o barədə yüz faiz arxayın ola bilərsən, bir şey düzəldərəm səninçün... Rəhmətlik kişi – atanı deyirəm – nə işə baxırdı? Mən üzr istəyirəm, əgər sualım sənə yersiz göründüsə...

Həsən bir an fikirləşib:

– Mən atamı yada salmağı xoşlayıram, – dedi. – Onu yuxuda görəndə sevinirəm, həmişə elə mehriban danışır mənimlə; sağlığındakı kimi. Çoxlu sual verir, hər şeylə maraqlanır, ya da görürsən, o danışır, mən qulaq asıram. Amma hayıf ki, axır vaxtlar, demək olar, yuxuma girmir. Balıqçı idi o, seynerdə işləyirdi. Bütün ili balıq tuturdu: qızıl balıqdan tutmuş kilkəyə qədər, hər cürün – fəslinə baxırdı. Mən də balıqçı olmaq istəyirdim, amma atam dənizdə itəndən sonra anam qoymadı. Anam hələ də inanmır onun ölməyinə, elə danışır onun haqqında, elə bil ki, o sağdır, çünki seynerin batmağını heç kim görməyib. Heç kimi də dəniz sahilə atmayıb...

O vaxtdan anam danışığını da bir az itirib, hələ də gözləyir ki, kişi qayıdacaq! Hətta biz də – bacılarım da, balaca qardaşımla mən də 375 – ona inanırdıq ki, bir gün atamız qayıdacaq, onu yenə görəcəyik.

Ağlınıza başqa şey gəlməsin, anamın ağlı üstündədir, konserv zavodunda işləyir, özü də yaxşı işçidir.

– Sənin heç yadına gəlir atan?

– Əlbəttə, indiki kimi gözümün qabağındadır. Onda mənim on iki yaşım var idi. Hava elə bil dayanıb durmuşdu, aydın, sakit bir axşam idi, nə duman, nə külək vardı. Biz sahilə onu yola salmağa gəlmişdik, o da seynerdən bizə əl eləyirdi... Gecə fırtına başladı.

Ayıldıq yuxudan, gördük evimiz silkələnir. Qonşunun damını külək qoparıb apardı: onlar sonra bir ay bizim evdə yaşadılar. O evin kişisi də qayıtmadı... Mən atamı tez-tez xatırlayıram.

– Bəs necə... – Rauf köks ötürdü: – Ata insançün dünyada ən əziz adamdır. Ana kimi. Fikir eləmə, gələcək barədə düşünmək lazımdır... Tez qayıt, sənsiz mən darıxacam burda. Yaxşı yol.

Həsən onun əlini bərk-bərk sıxdı.

– Rauf dayı, sizin haqqınızda mən evdə hamıya danışacağam.

Mən bələdəm özümə, sizsiz mənə də çətin olacaq.

* * * Həsən gedəndən sonra, daha Raufu işindən və düşüncələrindən heç nə, heç kim ayırmırdı. Fikrində, xəyalında isə elə hey gələcək həyatla bağlı planlar yer tuturdu. Raufun bu günlə gələcəyin arasında bir sədd kimi duran dumanlardan, buludlardan keçə bilmiş xəyalı, baxışı qarşısında bəzən hələ yaşanmamış sevinclərin sirli bir cazibəsi dururdu. Özü də belə məlum olurdu ki, real aləmdən uzaq olan xəyallara dalmaq yalnız əyləncə deyil, həm də insançün faydalı bir məşğuliyyətdir; ona görə faydalıdır ki, bu məşğuliyyət, işə-gücə maneəçilik törətmədən, hədərə gedən vaxtın, heç olmasa, bir hissəsini azaldır.

Belə bir vəziyyətdə, xəyalının çox-çox uzaqlarda olduğu vaxt, bir gün səhər Cəfər Məmmədzadə şəxsən özü Raufun yanına gəldi və onu görüşə dəvət etdi, dedi ki, bacısı qızı onu görmək istəyir.

Adətən, bu vaxtlar məhbuslara çox nadir hallarda görüş verilirdi; görünür, elə ona görə də böyük nəzarətçi karıxan kimi idi. Cəfər Məmmədzadə qaşlarını çatıb, ona xas olmayan bir gümrahlıqla kənara baxa-baxa danışırdı. Rauf məəttəl qalmışdı, hansı bacısı qızı?

Onun heç bacısı var ki, qızı da olsun? Amma öz təəccübünü gizləyib dinməz-söyləməz nəzarətçinin ardınca idarə binasına getdi.

Orda onu Aida gözləyirdi. Rauf qapıdan içəri girən kimi Aida sevincindən hıçqıra-hıçqıra özünü onun üstünə atdı.

Səkkiz aylıq qadın həsrətindən sonra Rauf isti bir bədəni bağrına basmışdısa da, sıxılırdı və sıxıntı üçtərəfli rəsmi-intim görüşün axırına kimi keçib getmədi.

Cəfər Məmmədzadə qapının ağzında durmuşdu: nə içəri girən kimi içəri girirdi, nə də çıxıb gedirdi. Özü də elə dayanmışdı ki, çal eşmə bığları və əynindəki hərbi paltarıyla o, donub qalmış vəziyyətdə atəş əmri gözləyən yaşlı topçulara oxşayırdı.

Bacıqızını bağrına basıb söhbət eləmək bir elə də münasib deyildi, odur ki, Rauf Aidanı buraxıb:

– Sən hara, bura hara? – deyə soruşdu. – Necə gəlib çıxmısan bura?

– Hamı necə, mən də elə. – Raufun ondan aralı durmağı Aidaya pis gəldi, Cəfər Məmmədzadəni göstərib bərkdən pıçıldadı: – Bu yoldaşın görəsən ağlına gələcək ki, bayıra çıxıb qapını örtsün, yoxsa ona demək lazımdır bunu?

– Deyəsən sənin yadından çıxıb biz hardayıq?! Səni ki, hörmət eləyib bura buraxıblar, bu özü elə böyük işdir.

– Heç bir böyük iş-zad yoxdur burda. – Aida etiraz elədi.

– Onlara əmr eləyiblər, onlar da buraxıblar. Bu görüşə görə dayımın öz yanına getmişəm. Özün bilirsən ki, ana tərəfin qohumlarından zəhləm gedir. Ömrümdə birinci dəfə idi ki, onun yanına xahişə gedirdim, o da sənə görə.

– Niyə, o həmişə xeyirxah adam olub. – Rauf gözlərini ağardıb Aidaya başa salmaq istədi ki, onun tanımadığı dayı haqqında söhbətin yeri deyil, amma Aidaya təsir eləmədi bu.

– Dayım – baş prokurorun müavinidir, onun əmrləri yerinə yetirilməlidir.

Mənə icazə veriblər ikilikdə görüşüm səninlə. – Bunu deyəndə Aida çönüb eyhamla nəzarətçiyə baxdı, amma o, özünü elə göstərdi ki, guya eşitmir.

– Eyibi yoxdur, – Rauf, Cəfər Məmmədzadə ilə münasibətini korlamaq istəmirdi, ona görə də Aidanın kobudluğunu yumşaltma- 377 ğa çalışdı. – Görüşməyimiz elə nəyə desən dəyər. Az qalıb. Allah qoysa, onda hər şey yaxşı olar.

– İl yarımın harası azdı? – Aida gülümsədi və birdən də başladı ağlamağa. – Mən darıxmışam səninçün, hər gecə yuxuda görürəm səni, amma sən heç sevinmirsən mənim gəlməyimə. – O, üzünü onun sinəsinə sıxıb hönkür-hönkür ağladı.

Rauf özünü itirmiş halda nəzarətçiyə baxdı, o, Raufun bu baxışını kömək istəmək kimi başa düşdü və keçib stolun üstündəki qrafindən bir stəkan su töküb Raufa verdi.

Aidanı o, çətinliklə sakit eləyə bildi, ayrılıb gedəndə də hələ kəsik-kəsik hıçqırırdı.

Raufun “bacısı qızı”nı böyük nəzarətçi özü apardı yola salmağa.

Otaqda tək qalan Rauf qəribə bir yüngüllük hiss elədi. O, oturub nəzarətçinin “bacıqızı” barədə suallarını gözləyirdi, amma Cəfər kişi heç bir sual-zad vermədi. Rauf durub öz iş yerinə qayıdanda heç özü də bilmədi necə oldu soruşdu ki, bəs Həsən ezamiyyətdən nə vaxt qayıdacaq. Başqa vaxt Cəfər Məmmədzadə onun sualını yəqin ki, cavabsız qoyardı, çünki bu, müdiriyyətin sırf daxili işi idi, belə şeylər, adətən, gizlin saxlanılırdı, amma görünür, “bacıqızı” ilə “dayı”nın çox təsirli görüşü onu da sarsıtmışdı, ona görə də cavab verdi ki, anasının xəstəliyi ilə əlaqədar nazirlik Həsəni burdakı vəzifəsindən azad eləyib, Lənkərana başqa işə keçirib.

Əlbəttə, bu xəbər Raufu açmadı, amma bir müddət keçəndən sonra daha aşkar hiss elədi ki, Həsənin simasında onu özünə mənəvi ata sayan yeganə bir adamı itirib. Gilələri şirəyə dolmuş üzüm salxımı kimi, Raufun da başına saysız-hesabsız fikirlər, sözlər yığılıb qalmışdı, amma daha onları deməyə layiqli bir adam yox idi.

O, qaladığı ocağın yanında oturub tez-tez oğlanlarını düşünürdü.

Düşünürdü ki, indiyə kimi hələ bir dəfə də olsun onlarla həyat barədə ciddi söhbət eləməyib. Bəs niyə eləməyib? – Özü də məəttəl qalırdı.

Axır vaxtlar o, tez-tez ailəsi üçün darıxırdı, amma məktublarında arvadına da, uşaqlarına da yanına gəlməyi qadağan etmişdi.

Arvadı ilə görüşə çağırılanda Rauf həmişəki kimi bağda idi. Bu xəbəri o, demək olar ki, laqeyd qarşıladı. Tələsmədən, arxayınarxayın əl-üzünü yuyub görüşə getdi. Xalidənin sıxıla-sıxıla danışmağından hiss olunurdu ki, yad adamların yanında o, sərbəst 378 söhbət eləyə bilmir. İlk baxışda arvadı pis dəymədi Raufun gözünə, bir az keçəndən sonra isə onun danışdığı təzə xəbərlərə qulaq asaasa kəşf elədi ki, Xalidə xoş duyğular oyadır onda, özü də təəccüb elədi buna. Rauf ürəyində gülümsəyib öz halalca arvadının onda oyatdığı bu hissi aylarla qadın həsrətində olmağı ilə izah elədi.

Xalidə söhbətini qurtarandan sonra, Rauf ata-anasını xəbər aldı.

Xalidə razılıqla cavab verdi ki, lap yaxşıdırlar, onda o, özünü saxlaya bilməyib:

– Görürsən, əzizim, – dedi, – hər şey yaxşıdır. Sənin ananın və mənim sevimli qayınanamın nəzəriyyəsinə görə, gələcəkdə onlar özlərini daha gözəl hiss eləyəcəklər. Müvəqqəti olsa da, daha məni görüb əsəbiləşmirlər, ürəklərindən qara qanlar axmır.

– Düz demirsən, onlar sənin bura düşməyinə görə çox fikir eləyirlər.

– Fikir eləməyinə eləyirlər, amma görüşəndə ola bilər ki, heç salam da verməsinlər.

– Heç elə şey olar, sən nə danışırsan?! Atam indidən götür-qoy eləyir ki, görsün sən qayıdanda hara düzəldə bilər səni. Deyir ki, bir yandan baxanda baxtımız gətirib, indi sən daha əvvəlki işinə qayıda bilməzsən, onsuz da o işin axırı yox idi, gec-tez bir zibili çıxacaqdı.

Rauf etiraz eləməyə macal tapmadı, çünki elə həmin dəqiqə görüşün vaxtı qurtardı. Otaqda başqa qadınlar da var idi, amma kişilərin baxışlarından belə məlum olurdu ki, aralarında ən gözəgəlimlisi, ən yaraşıqlısı Xalidədir. Bəlkə də o, müqayisədə belə görünürdü, görüşə gəlmiş qadınların elə bil qəsdən nə boy-buxunları vardı, nə də bir babat sir-sifətləri. Rauf bunu yaxşı başa düşsə də, birdənbirə qısqanclıqla oxşar bir şey ox kimi ürəyinə sancıldı.

Görüşdən sonra Rauf tez-tez Xalidə barədə düşünürdü. İndi o, çoxdan unudulub getmiş xoş günləri, xoş saatları yadına salır və yavaş-yavaş özü də hiss etmədən bu qərara gəlirdi ki, Xalidə həmişə ona yaxşı arvad olub.

O, öz gələcək həyatı barədə fikirləşirdi və bütün planları da, demək olar ki, Xalidə ilə bağlı olurdu. Bu düşüncələrdən onu vaxtaşırı Arif ayırırdı. Onun dediyinə görə, işlər düzəlirdi yavaş-yavaş və ümid var idi ki, şüvəlanlılar bir neçə gündən sonra öz şikayətlərini prokurorluqdan tamam geri götürsünlər.

* * * Ən gözəl xəbəri o, Arifin sonuncu gəlişində eşitdi. Şənbə günü idi; əvvəllər Arif şənbə günləri heç vaxt gəlməzdi. Rauf Əsgərovu yanında görəndə inanmadı gözlərinə. Sonra da Arif böyük bir sevinclə quşun tapıldığını xəbər verəndə – qulaqlarına da inanmadı, lap çaşıb qaldı. Sən demə, bu günlərdə təsadüfən məlum olub ki, o sırtıq quş gedib Mərdəkanda özünə məskən salıb. üstəlik orda bala da çıxardıb və bütün qışı balaları ilə kiminsə qapısı bağlı bağının zirzəmisində keçirib. İndiyə kimi hələ heç kim baş çıxara bilmir ki, şəhərdən qırx kilometr uzaq bir yerə o necə gedib çıxıb. Tapılmağı da yerli poçtalyonun sayəsində olub. Sayəsində deyəndə ki, dar bir dalanda poçtalyonla rastlaşıb, elə o dəqiqə də ona möhkəm bir dimdik vurub. Hal-hazırda kivi və onun əziz-xələf üç balası təzə heyvanxanada ayrıca qəfəsdə yaşayırlar.

Beləliklə, quş oğurluğu üstündə verilən ittiham Raufun üstündən götürüldü. Qocalıb əldən düşmüş kərgədanın buynuzunu özbaşına kəsməklə heyvanxanaya vurduğu ziyana görə isə o, cəzasını artıqlaması ilə almışdı: iki yüz manat cərimə verib, doqquz ay da cəmiyyətdən kənarda yaşamışdı – hər halda, bir buynuzun qiyməti bundan artıq olmazdı.

Arif danışırdı, Əsgərovsa başı ilə onun dediklərini təsdiq eləyirdi; o, əməlli-başlı məyus idi. Sonrakı hadisələr hamısı elə bil duman içində baş verirdi. Əsgərovun müşayiəti ilə Rauf həbsxana rəisinin yanına getdi, orda ona azad olmağı barədə order verdilər. Sonra o, duş qəbul elədi, üzünü qırxdı, paltarını dəyişdi və Əsgərovla, Ariflə bir yerdə küçəyə çıxdı.

* * * Əlbəttə, Rauf, hər şeydən əvvəl, qaraja getmək istəyirdi; balondakı şirə çoxdan yetişib, həsrətlə onun yolunu gözləyirdi, amma səbrini basıb özünü ələ aldı. Müstəntiqin birlikdə şəhərə getmək təklifinə o, nəzakətlə cavab verdi ki, yolu başqa tərəfədir, əgər Arif aparsa, onun maşınında Bilgəhə, bağa getmək istəyirdi. Deyir cənnət bağının qırx qapısı var, gərək bir-bir açasan, Rauf da ona görə qərara 380 aldı ki, tələsməsin, gedib əvvəlcə ailəsi ilə görüşsün. Onun belə ağıllı nəticəyə gəlməsi nəcibliyindən çox müdrikliyindən idi. Müdriklər isə hər günün öz hökmünə görə hərəkət eləyirlər. Uzun sözün qısası, tələsməyin mənası yox idi – Rauf da tezliklə buna əmin oldu.

Əsgərov həbsxananın müdiriyyətinin gözü qabağında Raufu maşına kimi ötürdü, Rauf onunla kinsiz-qərəzsiz danışırdı, elə bil təzə qonşusu ilə, ya da işçisinin uzaq qohumu ilə söhbət eləyirdi.

Hətta hərdənbir nəzakət xətrinə gülümsəyirdi də, amma Əsgərovun səsində bir günahkarlıq var idi. Lap axırda, Rauf maşına oturandan sonra azca pəncərəyə əyilib ondan bir də üzr istədi və xahiş elədi ki, nə vaxt, nə çətinliyə düşdü – ya işə, ya da evə, fərqi yoxdur – götürüb ona zəng vursun. Bu da ki, şübhəsiz, çox xoş idi.

Onlar dinməz-söyləməz gedirdilər: Arif bütün fikri yolda, maşın sürürdü, onun keçmiş “müştərisi” Rauf isə, oturub qazandığı qələbədən xoşhallanırdı və eyni zamanda da fikirləşirdi ki, öz sirrini Arifə necə açsın, necə inandırsın onu bu sirrə.

Birinci yolayrıcına gəlib çıxanda, Arif maşını Zuğulba tərəfə döndərməmiş əli ilə sağdakı bağları göstərib dedi ki, quşu haradasa buralarda tapıblar. Əgər bu məlumatı ilə Raufun ürəyini açmaq niyyətində idisə, istəyinə nail olmuşdu: həm ona görə ki, Rauf məmnuniyyətlə o iyrənc quşun ətraf bağların zibilliklərində özünə necə yem axtardığını təsəvvürünə gətirdi, həm də nədənsə birdən-birə heyvanxanadakı it yadına düşdü və qərara gəldi ki, onu Aliyə xanımdan xahiş eləyib alsın; yəqin müdir də Əsgərov kimi yumşalıb.

Bundan sonra Rauf keçmiş vəkilinə bu günə qədər demədiyi müəmmaları, yəni öz sirrini açmağa başladı. O, tələsmədən, bütün təfərrüatı ilə qayınatasının evində səhifələrində köhnə reseptlər verilmiş nadir bir kitaba necə rast gəldiyini danışdı. Əvvəlcə Arif ona diqqətlə qulaq assa da, bir elə inanmırdı sözlərinə, amma elə ki, Rauf yavaş-yavaş başladı insanı cavanlaşdıran iksirin tərkib hissələrinin və qəribə xüsusiyyətlərinin təsvirinə keçməyə, Arifin gözlərində dərhal maraq oyandı. Rauf dostunu daha artıq inandırmaq üçün qayınatasının mülahizələrinə isnad edərək, iksirin qədim dövrlərdə yaşamış məşhur şəxsiyyətlərin orqanizmlərinə göstərdiyi möcüzəli təsirdən yadında qalmış tarixi faktları bir-bir sadaladı.

Sezarın cavanlaşmasının tarixçəsini, qədim Misir kərgədanının tutulmasından başlayaraq, təfsilatı ilə danışdı, axırda gəlib öz şəxsi 381 macərasına çıxdı. Hər şeyi necə olmuşdusa, eləcə də söylədi, heç nəyi gizlətmədi. Onun sözləri deyəsən əməlli-başlı təsir eləmişdi.

Arifi daha inandırmağa ehtiyac yox idi. Söhbət onu o qədər maraqlandırmışdı ki, maşının sürətini də azaltmışdı...

Arifin hərdənbir dodaqlarını dili ilə yalayıb diqqətlə, təmənnasız qulaq asması yağ kimi Raufun ürəyinə yayılırdı, hətta ona elə gəlirdi ki, yanında tanınmış vəkil yox, vaxtilə Raufun fiziki gücünə və möhkəm xarakterinə həsədlə baxan o yeniyetmə məktəbli yoldaşı əyləşib. Çoxdan unudulub getmiş bu hiss onu vəcdə gətirdi və o, Zuğulba ilə Bilgəh arasındakı yolda öz qəti qərarını Arifə bildirdi, dedi ki, ona min bir iztirab, əzab-əziyyət və məhrumiyyətlər hesabına başa gəlmiş həmin qiymətli iksiri onunla – özünün ən yaxın, ən sadiq dostu Ariflə bölüşməyə hazırdır, yarıməsrlik amansız istismar nəticəsində yorulub əldən düşmüş orqanizminin bərpası üçün ona nə qədər lazımdırsa, gəlib aparsın.

Raufun hədsiz səxavəti, mərdliyi Arifi möhkəm kövrəltdi, maşını saxlayıb onun əlini sıxdı, sonra da yaşarmış gözlərini silib, hisslərini cilovlaya bilmədiyi üçün üzr istədi. Göz yaşları, saysızhesabsız təşəkkürlər və riqqətli sözlər Raufu büsbütün çaşdırdı və ona görə də bunun ardınca eşitdiyi kəlmələrin mənasını o saat başa düşmədi. Rauf gülümsəyib soruşdu:

– Axı niyə? – O, qəlbinin dərinliyində əmin idi ki, Arifin imtina etməsi əslində razılıqdan başqa bir şey deyil; ədəbli adamlar ilk təklifə təxminən belə cavab verirlər.

Arif həyəcan içində maşını ötüb keçən traktora baxıb:

– Məni düz başa düş, – dedi, – mən onun necə qiymətli şey olduğunu bilirəm. Amma heç vaxt dilimə vurmaram onu...

Məmməd Məlik-Yeqanovu bir yadına sal.

– Hansı Məlik-Yeqanovu, o kimdir?

– Tanımırsan? Şəhərdə ən məşhur vəkillərdən idi, çox böyük də ümid verirdi. Nə qədər ki, Macarıstandan “Banfi” gətirməmişdi, işləri əla gedirdi. O dərmanın adı ömrüm boyu yadımdan çıxmaz.

Bilirsən heç nədir o? Bu saat başa sallam səni – “Banfi” insanın başında tükü artırır. Buna daha şübhə ola bilməz, firma yüz faiz əmanət verir. Deyirlər onu icad eləyənə Nobel mükafatı vermək istəyirlər.

– Başa düşmürəm, bu nə cəfəngiyatdır danışırsan. – Arifin sözləri Raufu bir balaca qıcıqlandırmışdı deyəsən. – Əşşi nə MəlikYeqanov, nə tük?!.

– İş də elə ondadır ki, reseptdə yazılanlar düz çıxdı. MəlikYeqanov tamam keçəl idi, o dərmandan sonra bir tük gəldi başına, gəl görəsən: gur, özü də buruq-buruq. Zahirən dəyişib tamam başqa Məlik-Yeqanov olmuşdu, amma özü baxırdın ki, həmin adamdır. Kişi batdı getdi. Hamının münasibəti dəyişdi ona. Nə deyirdi, gülürdülər. Şöbəyə müdir qoymaq istəyirdilər, fikirlərini dəyişdilər. O vaxtdan bir dənə ciddi iş etibar eləmirlər ona.

Müştərilərini də itirdi.

Rauf axıra kimi qulaq asıb?

– Bunların hamısını uydurursan, – dedi. – Yəqin, deyirəm, imtina eləməyinin səbəbi başqadır. İstəmirsən lazım deyil, insan ki, öz xoşbəxtliyini başa düşmədi, onu dilə tutmaq nahaqdır. Amma səbəbini izah eləməlisən.

– Məsələ belədir ki... – Arif burnunun altında mızıldadı. – Mən sənə bir də ürəkdən təşəkkür eləyirəm...

– Bura bax, dağa-daşa salma özünü, sözünü de!

– Deyirəm, – Arifin gülümsəməyindən, Rauf başa düşdü ki, cavabı qondarma olacaq. – Yadıma elə bu saat bir əhvalat düşdü:

şirvanşahlardan biri, eşitmiş olarsan Əhsitan, Azərbaycanı səyahətə çıxır... Bir az döz, qurtarıram, bu saat. Hə, o, Bərdədə, Şamaxıda, Gəncədə qalalara baş çəkir və hər yerdə də toplardan atılan yaylım atəşi altında tələbələri dəstə-dəstə onun qabağına çıxır. Və yalnız Şəkinin qala divarları qarşısında – özü də oranın qoşun başçısı onun uşaqlıq dostu olub – hökmdarın gəlişi münasibətiylə salam atəşi açılmayıb. Əhsitan öz vaxtına görə ədalətli hökmdar hesab olunsa da, çox sərt adam idi. O, qalaya girməyib, hamının yanında qalanın rəisindən tələb eləyir ki, toplardan salam atəşinin açılmamağının səbəbini izah eləsin, yoxsa boynu vurulacaq. “Bunun on yeddi səbəbi var, ey aqil hökmdar”, – deyə qalanın rəisi cavab verir və çalışır cəllada tərəf baxmasın. “De görüm hansılardır?” – Əhsitan səbirsizliklə əmr edir. – “Birincisi, topumuz yoxdur”, – deyə qala rəisi sadalamağa başlayır. – “Kifayətdir, – Əhsitan onun sözünü kəsir və əlinin işarəsi ilə cəlladı buraxır. – Mənə elə bu biri də bəsdir, qalanını deməsən də olar”.

Rauf qaşqabaqlı:

– Özün bilirsən, səni heç kim məcbur-zad eləmir, – dedi və fikirləşdi ki, dünyada elə adamlar var, onlara nə qədər istəsən də, kömək eləmək mümkün deyil; Arif də belələrindəndir.

– Bax, görürsən, incidin. – Arif həqiqətən itirdi özünü. – Mən sənə çox minnətdaram. Amma sən də çalış, məni başa düş... Bilirsən, əzizim, sənin o əla dərmanına mənim ehtiyacım yoxdur.

Düzünü bilmək istəyirsənsə, cavanlıq illəri ilə bağlı mənim sən deyə elə bir xoş təəssüratım da yoxdur, inan mənə! Nə görmüşəm o vaxt? Heç nə. Cavanlığım yadıma düşəndə, daha da kədərlənirəm.

İndi isə mən özümə görə əməlli-başlı bir adamam, bu şoğərib şəkər olmasaydı, özümü lap xoşbəxt hiss eləyərdim. Daha heç nə də lazım deyil mənə, necəyəm, nəyim var? – bəsimdir, razıyam elə belə də qalsın. Bax, özüm barədə, məsələn, bilirəm ki, mən bir elə də istedadlı vəkil deyiləm, əlimdən qeyri-adi heç nə gəlmir, amma hər halda, camaat nəyə görəsə hörmət eləyir mənə... Evdə də güzəranım babatdır. Uşaqlarım məni çox istəyirlər, məncə, elə arvadım da... Belə bir vaxtda tutaq ki, birdən-birə mən cavanlaşdım.

Onda bəs nə təhər olar? Camaat, arvadım, uşaqlarım necə baxar buna? – O, cavan Arifin qohum-əqrəba ilə, dost-tanışla ilk görüşünü gözünün qabağına gətirdi və özü də diksindi, bilmədi, necə oldu ki, əyləci svetoforun qabağında basdı; görünür, yaşıl işıq ona kifayət qədər yaşıl görünməmişdi.

– Sür, sür. – Rauf gülümsədi. – Hər şeydən qorxursan, ehtiyat eləyirsən. Əvvəldən necə idin, elə də qalmısan, heç dəyişib-eləməmisən...

Təsəvvür eləyirəm, sən indi mənim haqqımda nə fikirləşirsən...

– Pis heç nə fikirləşmirəm. – Arif tez-tələsik onun sözünü kəsdi. – Mən başqa, sən başqa. Sən ürəkli adamsan, qoçaqsan.

– Həm də xudbin, eqoist, – deyə Rauf əlavə etdi. – Qulaq asıram sənə və fikirləşirəm: bütün bunlar bəs mənim nəyimə lazımdır, hə? Neylirəm cavanlaşıb? Elə bilirsən, mən ancaq özümü fikirləşirəm?

Gəl baxaq görək: mən sağlam olanda, sağlam olduğumçün də iş qabiliyyətim artanda kimə xeyirdir bu? Özün bir fikirləş...

Əlbəttə, ailəmə. Elə dostlarıma da. Yadında varsa, sənə demişdim, mən həyatımı dəyişmək, başqa cür qurmaq istəyirəm. – Raufun 384 özünə elə gəlirdi ki, o, həqiqəti deyir və bir az düşünüb gördü ki, doğrudan da, elə ürəyindəki sözləri dilinə gətirib. – Hər halda, sən səhv eləyirsən, belə ciddi məsələləri o dəqiqə, ayaqüstü həll eləmək olmaz. Evdə də bir oturub məsləhətləşmək lazımdır. Düz demirəm?

Arif dərhal razılaşdı:

– Əlbəttə. Məsləhətin heç bir ziyanı yoxdur.

– Onsuz da mən səni yola gətirəcəyəm. Mənim borcumdur bu.

– Rauf pəncərədən bayıra çəpinə baxa-baxa, fikri dağınıq halda Arifin çiynini şappıldatdı. Dostu yaxşı adamdır, amma təəssüf ki, ağıldan kəmdir bir az.

Onlar artıq Bilgəhə çatmışdılar. Rauf yadına saldı ki, harda asfalt yoldan bağa dönmək lazımdır və maşın hər iki tərəfi daş hasara çəkilmiş ensiz torpaq yola buruldu, dolanıb-hərlənib bir az gedəndən sonra, nəhayət, darvazanın yanında dayandı, Rauf Arifi də bağa dəvət elədi. – O, niyəsə içəri tək girmək istəmirdi, amma Arif saatı göstərib qayğılı-qayğılı dedi ki, iynəsinin vaxtına qırx dəqiqə qalıb, tibb bacısı gələcək ona insulin vurmağa, görər evdə yoxdur, gözləməz, çıxıb gedər, diabetlə də ki, zarafat qorxuludur.

Darvazaya yaxınlaşanda Raufun ürəyi həyəcanla uçunmağa başladı, elə bil nədənsə çəkinir, qapını açmağa utanırdı. Doğma evinin kandarında belə bir hiss ona tamamilə yersiz və mənasız göründü.

Rauf bu hissi boğub öldürməyə, özündən uzaqlaşdırmağa çalışdı, amma əksinə, o həyətə girəndə bu hiss daha da gücləndi, onun addımları yavaşıdı, hətta əlinin içi də deyəsən tərlədi. Ona görə də Rauf sevindi ki, nə yaxşı gəlişindən hələ heç kim xəbər tutmayıb.

Həmişə hamının yığışdığı eyvanda bir adam belə yox idi. Evə gedən yol çubuqları həddindən artıq uzanıb bir-birinə dolaşmış meynələrin arasından keçirdi. O, üzümlüyə baxanda yadına düşdü ki, meynələri arıtlamağın, peyvəndin əsl vaxtıdır, sonra gec olacaq.

Əvvəllər heç vaxt ağlına gəlməyən bu fikri o elə o dəqiqə də çox asanlıqla qovub başından çıxartdı və eyvana qalxdı.

Evin dalındakı həyətdən bərk səs-küy gəlirdi. Oyunçuların həyəcanlı qışqırığından belə məlum olurdu ki, orda çox qızğın oyun gedir. O, eyvanda bir neçə dəqiqə tərəddüd içində dayanandan sonra, nəhayət, belə qərara gəldi ki, idman meydançası ailə üzvləri 385 ilə görüşməkçün bir elə də münasib yer deyil və içəri pilləkənlə ikinci mərtəbəyə qalxdı.

Burda bütün pəncərələr taybatay açıq idi. Həyətdən onu görməsinlər deyə əyilə-əyilə pəncərələrin yanından keçib qapıya yaxınlaşdı və dərhal da qarşısında gözlənilməz, qeyri-adi bir mənzərə açılmış adam kimi kandardaca donub qaldı. Çox qəribə idi, ona görə qəribə idi ki, Rauf taxtda uzanıb mürgüləyən arvadından savayı elə bir fövqəladə şey görməmişdi. Amma di gəl ki, o, irəli bir addım da ata bilmədi, hətta Xalidəni çağırmağa da özündə güc tapmadı; sanki ayaqları keyimiş, dili tutulmuşdu, Xalidə isə onun ürəyinin döyüntüsünə ayılıb boynuna sarılmaq əvəzinə, sakitcə yatmağında idi. Nəhayət, Rauf özünü ələ alıb pəncərələri üstündə səssiz-səmirsiz, ehtiyatla otağa girdi. O taxtın yanında dayanıb özünün halalca arvadına heyranlıqla tamaşa eləməyə başladı. – Rauf ömründə heç bir qadını belə dəhşətli bir ehtirasla arzulamamışdı.

Xalidə onun məhz bu gün gələcəyini bilmirdi, ona görə də nə saçını daramışdı, nə də üz-gözünə sığal vermişdi, nə də ki, ətirlənmiş penüar geymişdi əyninə, necə var – eləcə ərinin qarşısında uzanıb yatmışdı. Rauf Xalidənin yanında oturub əlini onun yastığa tökülmüş ipək saçlarında gəzdirdi və yavaşdan onu çağırdı. Xalidə ayılıb üzərinə əyilmiş Raufun doğma sifətini görəndə xumar gözlərində qorxu və çaşqınlığa bənzər bir ifadə yarandı və həmin anda da bu qorxu-hürkü çəkilib getdi – o, artıq ərinin ağuşunda idi. Az sonra özünə gəlmiş Xalidənin həyətdəkilərə bu xoş hadisəni, onun qayıtmasını xəbər vermək təklifini o, sözsüz, əsəbi bir gülüşlə rədd etdi və əyilib arvadının boyasız, isti və yumşaq dodaqlarını qızğın öpüşlərə qərq etdi. Lakin bu həsrət yanğısı Xalidədə cavab ehtirası doğurmadı. Rauf tələm-tələsik paltarını əynindən çıxarıb titrəyən barmaqlarıyla arvadının xalatının düymələrini açanda da, Xalidə təmkinini itirmədi, bircə bunu dedi ki, hər ehtimala qarşı qapını bağlasın...

...Sonra, pəncərəyə yaxınlaşdı və gözə görünməməyə çalışaraq həyətə nəzər saldı. Rauf gözucu da olsa, uşaqlarını görməyə tələsirdi, lakin həyətdə gördüyü onu heyrətə gətirdi – pəncərə ilə üzbəüz hasarın kölgəsində onun maşını dayanmışdı. Bəli, bəli! Bu, rəngindən, markasından tutmuş sol qanadındakı batıq yerinəcən 386 ona son dərəcə tanış olan, qaraja salıb bağladığı şəxsi maşını idi.

Nömrəsi də onun maşınının nömrəsi idi. Əgər bu, onun maşını idisə, necə ola bilərdi ki, eyni bir maşın həm orada – bağlı qarajda, həm də burda – hasarın kölgəsində durmuş olsun?! Özünü saxlaya bilməyib bərk həyəcan içində arvadına sarı çevrildi:

– Hasarın yanında maşın dayanıb, – dedi, – mənimkidir?

– Bizimkidir, – deyə şifonerin açıq qapısı arxasında geyinən Xalidə cavab verdi. – Kamil gətirib bizi maşınla. Heç bilməzdim ki, o belə yaxşı maşın sürür.

Rauf təəccüblə soruşdu:

– Bəs maşını o, necə çıxardıb? Axı mən qarajı bağlayıb, açarları da özümlə götürmüşdüm.

– Qarajı sökdülər. Tək səninkini yox, həyətdəki bütün qarajları sökdülər. Dedilər ki, qanunsuz tikilib. – Ərinin susmağından narahat olub, qapının dalından boylandı. – Qanını qaraltma, qarajı onların hamısına 8-ci mikrorayonda yer veriblər.

– Bəs niyə bu neçə vaxtı mənə deməmisiz bunu?

– Məsləhət görülmədi sənə xəbər verək. Dedilər ki, niyə qanını qaraldırsız, öz dərdi özünə bəsdir, bir yandan da – qaraj, lazım deyil... heç nə itib eləməyib. Divarları, damı, nə ki vardı, hamısını söküb təzə yerdə qurdurduq, maşının ehtiyat hissələrini isə Kamil bura, bağa gətirdi.

– Orda başqa şeylər də vardı, – deyə Rauf sual dolu gözlərini Xalidəyə zillədi.

– Butulkaları deyirsən? Butulkalar da durur, amma şirələri uşaqlar içiblər... Hə, iri bir balon da mürəbbə çıxdı ordan. Əvvəlcə baş açmadıq nədi, sonra gördük, mürəbbədir.

– Bəs nə oldu, neylədiz onu? – Bunu Rauf elə yavaş soruşdu ki, elə bil cavabını eşitməkdən qorxurdu. – Hamısını yediz?

– Hamısını, bir damcı da qalmadı. Davaydı üstündə. Bizimkilərin – atamgili deyirəm – özün bilirsən ki, şirin şeylə araları yoxdur, amma onu ləzzətlə yedilər. Bir həftəyə balonun axırına çıxdıq.

Xalidə şifonerin qapısının arxasından çıxdı. Əyninə çəhrayı rəngli nazik parçadan qəşəng bir paltar geymişdi. Saçlarını yığıb qaldırmışdı:

boynu, çiyinləri ağappaq idi – günəş qaraltmamışdı hələ.

Qısa, yüngül paltarda və alçaq dabanlı ayaqqabıda Xalidə elə cavan görünürdü ki, elə bil lap yeniyetmə bir qız idi. Raufun ürəyi qısıldı; 387 hər şey – bütün ümidləri puç olmuşdu. O, dinməz-söyləməz durub, taleyin amansız oyunu barədə düşünürdü. Bəli, daha hər şey bitmişdi və indi haradansa uzaqdan elə bil tənha bir neyin yanıqlı naləsi eşidilirdi.

Artıq gizlənmək də mənasız idi; o pəncərədən boylandı, amma hər iki komandanın – Raufun ailəsinin və bağ qonşularının başı oyuna o qədər qarışmışdı ki, onu heç kim görmədi. O, qayınatasını oyunçuların arasında görəndə, gözlərinə inanmadı, mat-məəttəl qaldı. O yekəlikdə ağsaqqal kişi uşaqlara qoşulub atılır-düşür, voleybol oynayırdı. Hətta arada Raufun oğlunu itələyib tullandı və torun üstündən topu rəqib meydançasına vurdu. Kişi yaşını da, ədəbərkanı da – hər şeyi unutmuşdu; gördüyü mənzərə Raufda ikrah hissi oyatdı – bu nə eybəcərlik idi?! Ətli ayaqları ilə qayınatası o iyrənc kivi quşunu xatırladırdı. Professor topu iri burnunun qabağında tutub oyuna daxil etməkçün tullana-tullana Raufun dayandığı pəncərəyə tərəf qaçanda isə, Raufa elə gəldi ki, ona tərəf qaçan adam deyil, həmən o ikiayaqlı murdar quşdur. O bu mənzərəyə baxa bilməyib pəncərənin qabağından çəkildi.

Rauf indi tək qalmaq istəyirdi, ona görə də arvadı bu qəfil xoş xəbərin – onun həbsxanadan qayıtmasının şərəfinə süfrə açmaqçün aşağı düşəndə, bir yüngüllük hiss elədi və dərindən köks ötürdü.

Rauf taxtın üstündə oturub başını əlləri arasına almışdı və təfərrüatına getmədən öz gələcək həyatı barədə düşünürdü. Amma o bu həyatın yalnız astanasını gözünün qabağında canlandıra bildi, çünki küləklə bir yerdə otağa dolmuş şən qışqırış sədaları onu xəyal aləmindən ayırdı.

Ailəsinin qalib gəldiyini xəbər verən bu qışqırığı eşidincə, Rauf könülsüz də olsa, yerindən qalxdı, otaqdan çıxıb aşağı enməyə başladı.