Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

QƏDİM YUNAN DİLİNDƏN TƏRCÜMƏ

Diaspor (yunanca diaspora - səpələnmə deməkdir) - bizim eradan əvvəl Fələstin hüdudlarından kənarda məskunlaşmış yəhudilərin məcmusu. Müasir dillərdə diaspor dedikdə öz mənşə ölkəsindən kənarda yaşayan etnik qruplar nəzərdə tutulur.

 

Sovet dövründə xarici ölkələrdə səfərdə olan azərbaycanlılar oralarda qalmırdılar. Turist, işgüzar və ya elmi nümayəndə heyətlərinin tərkibində xaricə getmək xoşbəxtliyi nəsib olmuş soydaşlarımız hökmən Bakıya qayıdırdılar. Ermənilər, ukraynalılar, ruslar, gürcülər, qazaxlar - bir sözlə, bütün sovet respublikalarının nümayəndələri müvəqqəti olduqları ölkələrdə sığınacaq alır və həmişəlik orada qalırdı. Bütün SSRİ xalqları tədricən dünyanın çoxsaylı güşələrində diaspor yaradırdı, təkcə bizim qanunpərəst soydaşlarımızdan başqa. Xarici səfərflərdən geri qayıtmayan minlərlə sovet vətəndaşı Avropa və Amerika ölkələrində cəmləşir, Avstraliya və Yeni Zelandiya kimi iqtisadi baxımdan əmin-amanlıq hökm sürən başqa ölkələrdə də yurddaş cəmiyyətləri yaradılırdı. Yalnız bizim həmvətənlərdən başqa - onlar vətənlə müvəqqəti ayrılıqdan sonra heyrətamiz bir sabitliklə təkbaşına və ya qrup şəklində Bakıya qayıtmaqda davam edirdilər. Həmin illərdə «Letət pereletnıe ptiüı» «Köçəri quşlar uçur» adlı bir populyar mahnı vardı. Həmin mahnının nəqəaratı hələ də yadımdadır:

«A ə ostaösə s toboö naveki, rodnaə strana,

Ne nujen mne bereq tureükiy i Afrika mne ne nujna!»

(«Doğma diyar, mən ömürlük səninlə qalacağam,

Mənə nə Türkiyə sahilləri gərəkdir, nə də Afrika!»).

Samuil Marşak bu vətənpərvər ruhlu əsəri ilk dəfə eşidəndən sonra bütün sovet vətəndaşları kimi o da adamlar arasında ehtiyatlı danışmağa məcbur olsa da, özünü saxlaya bilməyib demişdi: «Ay canım, bu ki, ev qazının nəğməsidir».

Görünür, qazların bu növünün davranışı DTK işçilərinin xoşuna gəlirdi. Hər halda, DTK bizim soydaşlarımızı xaricə gedənlərin çoxundan fərqləndirirdi: formal xırdalıqlara görə başqa respublikaların nümayəndələri ilə müqayisədə bizim soydaşlarımıza daha az irad tutulur və yalnız ayrı-ayrı hallarda onların sənədlərini əlavə yoxlanılmaq üçün yerlərə qaytarırdılar. DTK Azərbaycan vətəndaşlarını "səfərə çıxmaq haqqı olmayanlar" dərəcəsinə çox nadir hallarda aid edirdi.

Diasporun mövcud olmamasının əsl bədbəxtlik və fəlakət olmasını biz Qarabağ müharibəsinin bütün mərhələlərində yəqin etdik. O vaxt müxtəlif səpkili kütləvi informasiya vasitələrinin köməyilə hər gün bütün dünyaya təfsilatı ilə car çəkilirdi ki, guya "vəhşi azərbaycanlı ordaları" heç bir günahı olmayan müdafiəsiz həmvətənlərini - erməniləri harada yaxalasalar, elə oradaca öldürürlər, guya azərbaycanlılar yaşından asılı olmayaraq erməni kişiləri müxtəlif sadist üsullarla qətlə yetirir, erməni uşaqları və qadınları öldürməkdən xüsusi həzz alırlar. Heç bir səbəb olmadığı halda təcavüz "faktları" barədə, azərbaycanlıların təbiətən qaniçən millət olması barədə məlumatlar bütün sivil dünyanı bizim ölkəmizə qarşı qaldırırdı. O dövrdə Azərbaycanda heç bir xarici ölkənin səfirliyi yox idi. Biz bu superaktiv, şərəfsiz, lakin peşəkarlıq baxımından yaxşıca götür-qoy edilmiş zəngin təbliğata qarşı mübarizə aparmağa aciz idik. Ona görə də həmin dövrdə Azərbaycan ətraf aləmdən informasiya baryeri ilə tam təcrid edilmişdi. Bu baryeri əks tərəfdən yalnız bizim diasporumuz dəf edə bilərdi, lakin bizim diasporumuz yox idi. O vaxtlar Rusiyada, Qərbi Avropada və Orta Asiyada yaşayan azərbaycanlıların azsaylı və pərakəndə qrupları heç bir siyasi və ya ictimai qüvvəyə malik deyildi və diaspor anlayışı onlara əsla uyğun gəlmirdi. Ermənilərin isə güclü və möhkəm, bu milləti dünyanın inkişaf etmiş və inkişaf etməmiş çoxsaylı ölkələrində inamla təmsil edən diasporu vardı.

Mən bu məqaləni yazarkən heç də Qarabağ müharibəsi barədə xatirələrimi oxucularla bölüşdürməyi qarşıma məqsəd qoymamışam. Hər hansı müharibə həmişə faciəli hadisə olmaqla ölkənin tarixi yaddaşında həmişəlik qalır. Qarabağ müharibəsi də bizim millətin qəlbində və şüurunda qanlı bir yara kimi qalmışdır. Ümidvaram ki, bu yara həmişəlik olmayacaq. Lakin bu müharibə, hər şeydən əlavə, Azərbaycanın bütün ən yeni tarixini bir-birindən prinsipial mənada fərqlənən iki dövrə bölmüşdür. Qarabağ müharibəsi heç kəsin gözləmədiyi halda elə proseslər üçün totalizatora çevrilmişdir ki, müasir Azərbaycanı həmin proseslərsiz təsəvvür etmək artıq mümkün deyil. Dünyanın bir sıra ölkələrində Azərbaycan diasporlarının sürətlə inkişaf etməsini də belə proseslərdən biridir. Bu gün bunlar faktdır. Normal adamların xoşbəxtliyindəndir ki, müharibə kimi ekstremal fəlakətlər nadir hallarda baş verir. Millətin əzmkar, fərasətli, perspektiv intellektual potensiala malik hissəsi olan diaspora isə həmişə ehtiyac var. Heç şübhəsiz, Azərbaycan dövləti Azərbaycanı tərk edib getmiş insanlarla əlaqələri öz kanalları vasitəsilə bundan sonra da ardıcıl olaraq gücləndirəcəkdir. Qeyd etməliyəm ki, Azərbaycan diasporundan danışanda mən təkcə etnik azərbaycanlıları nəzərdə tutmuram. Buraya ruslar, yəhudilər, gürcülər, bir sözlə, ölkəmizi tərk edib gedəndən sonra da Azərbaycanı özləri üçün vətən hesab edən və ona xoş günlər arzulayan hər bir kəs daxildir. Ümumiyyətlə, biz ölkəmizi tərk edib getmiş soydaşlarımızı Azərbaycanla bağlayan telləri qırmamalıyıq, buna bizim haqqımız yoxdur. Dostun əlini özündən kənar etmək çox asan məsələdir, amma bunun müqabilində dostu itirə bilərsiniz.

Tarixdən məlumdur ki, yadelli dövlətin ərazisində yurddaş cəmiyyəti formalaşdırmaq və orada kök salmaq kifayət qədər çətin məsələdir. XIX əsrin axırlarında italyanların Amerikanı necə fəth etdiklərini yada salaq. Amerikalı obıvatellər hətta Dante və Rafaelin sələflərini ağdərili insanlar hesab etməkdən də imtina edirdilər. Onlar yol çəkilişində, xəndəklər qazılmasında və natural amerikalının şəninə kəsir hesab etdiyi bütün işlərdə italyanları qara fəhlə kimi işlədirdilər. Yerli millətçi xuliqanlar italyanların kiçik dükanlarına və emalatxanalarına soxularaq onları "lənətə gəlmiş makaronyeyənlər" deyə təhqir edir, dağıdıcı talanlar törədir, şəxsi müəssisələri olan italyanları və italyan müsafirlər ən cüzi bir bəhanə ilə, çox vaxt isə heç bir bəhanə olmadan döyür, onlara divan tuturdular. Bu cür təhqiramiz davranışa cavab olaraq italyanlar tədricən öz aralarında mehriban kollektivlər şəklində birləşməyə başladılar və bundan sonra onları məsxərəyə qoymaq, xüsusən onları döymək riskli məsələyə çevrildi. Birləşmiş Ştatlarda sözügedən kollektivlər əsasında İtaliya mafiyası deyilən məşhur təşkilat yaradılandan sonra isə "makaronyeyənlər" hesabına əylənmək - intihar etmək dərəcəsində təhlükəli olmuşdu. "İtalyancığazların" hesabına əylənməyə və varlanmağa meyl edənlərin sayı kəskin şəkildə azalaraq demək olar ki, sıfıra düşmüşdü. Salamat qalan keçmiş talançılar və xuliqanlar isə gecələr sakit sevincdən həzz almağı öyrənirdilər. Bu sevinci doğuran amil ondan ibarət idi ki, həmin adamlar "harada aş, orada baş" olan, hamilə fil kimi kinli italyan mafiyasının əli çatmayan yerlərdə sanki möcüzə sayəsində sağ və salamat qala bildiklərini dərk edirdilər. ABŞ-dakı italyanların əksəriyyəti çətin sınaqlara sinə gərməli olmuşdur. Lakin bu gün, o vaxtdan bir neçə onillik keçəndən sonra italyan diasporunun ən yaxşı hissəsi haqlı və ədalətli olaraq bütün dünyada Amerika mədəniyyətinin, Amerika siyasətinin və iqtisadiyyatının qaymaqları hesab edilir. Bütövlükdə italyan diasporu isə artıq xeyli vaxtdır ki, italyan millətinin ayrılmaz canlı hissəsi kimi Amerika cəmiyyətinin bərabərhüquqlu və faydalı subyektinə çevrilmişdir.

Amerikalı ekspertlərin fikrincə, bu gün bəzi başqa - İrlandiya, Çin və Polşa diasporları da italyanların parlaq nəticələrinə oxşayan, əvvəlcə enişli-yoxuşlu, bəzən əzablı və təhqiramiz yol keçərək, siyasi və maliyyə zirvəsinə çatmışlar. Başqaları isə daha çoxdur. Onlar əsasən günlərini xoş keçirir, öz gəlirlərini hesablayır və tələsmədən təcrübə toplayırlar. Ərəblər, ermənilər, afrikanlar, hindlililər, meksikalılar, türklər, yaponlar, dünyanın bir sıra başqa xalqlarının nümayəndələri - hamısını saymaqla qurtarmaz - Amerikanın "ümumi qazanında qaynayırlar". Onların tərk edib gəldikləri ölkələr də razıdırlar, axı bu fasiləsiz prosesdə onlar pul, yüksək hazırlıqlı mütəxəssislər şəklində dividendlər, eləcə də dünyanın ən çox inkişaf etmiş ölkəsində işlənib hazırlanmış yüksək texnologiyalardan istifadə etmək imkanı şəklində imtiyazlar əldə edirlər. Sıx birləşmiş diaspor beynəlxalq hadisələrə öz münasibətini bildirir və öz vətəni barədə ətrafdakı insanlarda obyektiv fikir formalaşdırmağa qabildir. Əlavə xarici siyasət rıçaqlarını da nəzərə almamaq olmaz. Hər bir halda bu rıçaqların konkret gücü müvafiq diasporun sanbalına və nüfuzuna mütənasibdir.

Qərbi Avropada da buna oxşar mənzərə, eyni problemlər müşahidə olunur. Burada da imkanlı turistləri və əlində diplomatik pasport olan insanları razılıq və təbəssümlə qarşılayırlar. Gəlmələrin hamısına əvvəlcə ehtiyatlı yanaşırlar, onlara üstüörtülü etimadsızlıq hiss olunur. Təəssüf ki, bu təbii haldır. Ksenofobiya rüşeymləri bəlkə də ibtidai icma dövründən insanların qanına-canına hopmuşdur. O vaxtlar yadellilərin peyda olması sanki ölüm təhlükəsi barədə xəbərdarlıq kimi qəbul edilirdi. Müasir aləmdə əsasən yüksək mənəviyyatlı və kifayət qədər inkişaf etmiş intellektə malik olan insanlar ksenofobiyaya məruz qalmır, lakin belə adamlar hər yerdə azlıq təşkil edir. Bununla belə, Qərbi Avropanın ölkələrində daimi yaşamağa qalan gəlmələr çoxdur və onların sayı günbəgün artır. Bu hadisənin bircə səbəbi var - Qərbi Avropa ölkələrində əmək qabiliyyətli gəlmələrə tələbat var və onların gəldikləri ölkələr artıq bu adamlarsız ötüşə bilmir.

Milyonlarla gəlmə insan xalq təsərrüfatının, sənayenin bütün sahələrində, eləcə də xidmət və servis sferasında çalışırlar. Köçkünlər hər yerdə işləyir - bank və otel biznesində, nəqliyyatda, tikintidə, polis və şəxsi mühafizəçi kimi. Bəziləri restoranlarda ofisiant kimi işləyir, pəncərə və qab yuyur, uşaqlara dayəlik edir, ofislərdə döşəmə silir və aborigenlərin ayaqqabılarını təmizləyirlər. İnsanlar öz ölkələrini müxtəlif səbəblər üzündən tərk edir. Kimi daha yaxşı güzəran axtarır, o cümlədən varlanmaq ehtirasının əsiri olur, kimi haradasa yeni həyat başlamaq istəyir, təbiətən avantürist olanlar macəra axtarırlar. Dünyanın dinc vaxtında öz ölkəsini tərk edib siyasi motivlər üzrə xaricə üz tutanların sayı orta hesabla 1-3 % təşkil edir.

Bu gün Azərbaycan diasporu dünyanın hər yerinə səpələnmişdir. Ölkəmizdən köçüb gedənlərin arasında bütün peşə sahiblərinin nümayəndələri var - həkimlər, proqramçılar, neftçilər, rəssamlar, alverçilər və s. Aralarında heç bir peşəsi olmayan insanlar da var. Belələrinin vəziyyəti daha çətindir, yerli şəraitə uyğunlaşmaq lazım gəlir. Çoxları ticarətə qurşanır, xırda pərakəndə alverlə məşğul olmağa başlayır. Azərbaycanı tərk edib getmiş soydaşlarımızdan bir neçəsinin özləri üçün yeni peşə mənimsədikləri də mənə məlumdur - onlar indi şaxtaçıdırlar. Rusiyada - Moskvada və Peterburqda oturaq həyat tərzi keçirən azərbaycanlılar çoxdur. Uzaq Şimalda, Uzaq Şərqdə və Sibirdə azərbaycanlıların yurddaş cəmiyyətləri yaranmışdır. Bu insanlar orada neft çıxarır, ev tikir, boru kəmərləri çəkir və s. Xəz alveri ilə məşğul olan səriştəli azərbaycanlılar da var. Onların bu cür həyat qabiliyyətli olması hörmətə layiqdir. Bizim diasporun sıralarında müxtəlif nəsillərə mənsub olan çoxlu fəal və bacarıqlı insanlar, o cümlədən təbabət sahəsində tanınmış mütəxəssislər, elm və mədəniyyət xadimləri, siyasətçilər və hüquqşünaslar, eləcə də işləri uğurla gedən kommersantlar var. Bunları eşitmək xoşdur.

Mən başa düşürəm, uğurla və fasiləsiz genişlənən Azərbaycan diasporu heç də qızıl sikkə deyil və hamının xoşuna gələ bilməz. Üstəlik, mənə yaxşı məlumdur ki, bizim diasporun get-gedə artmaqda olan nüfuzu bəzi qonşu ölkələrin siyasi dairələrinin xoşuna gəlmir. Bu da normal haldır. Lakin mən metropoliyanın, necə deyərlər, lap göbəyində - Bakıda öz diasporuna qəribə nifrət bəslənməsinə heyrətlənməyə bilmirəm. Axı nə üçün "sarı mətbuat" səhifələrində eyni məlumatlar oxucuların tükürpədici dərəcədə təfsilatı ilə təqdim edilir! Yazırlar ki, Azərbaycanın 8 milyon vətəndaşından 2,5 milyonu yaxud hətta 3 milyonu aclıq içindədir. Onlar təqiblərdən, işgəncələrdən və aclıqdan yaxa qurtarmaq üçün Azərbaycandan qaçıblar və təhqir edilmiş, hüquqsuz və təqiblərə məruz qalan bu insanlar indi qürbətdə miskin həyat tərzi keçirir.

Malta adlı bir ölkə var. Avropa meyarları ilə yanaşsaq, bu ölkədə həyat tərzi kifayət qədər yüksəkdir. Maltada cəmi dörd yüz min nəfər yaşayır. Maltanın qalan vətəndaşları - onlar isə "vur-tut" BİR MİLYON nəfərdir - daim öz ölkəsindən kənarda yaşayır, onlar bütün Avropaya səpələniblər. Maltalılar həmin ölkələrdə yaşayır, pul qazanır və özünün heç də kasıb olmayan ölkəsinə kömək edirlər. Buna görə heç kəs iztirab çəkmir. Özü də bu sözlər təkcə Maltaya aid deyil. Albaniya və Portuqaliya əhalisinin az qala üçdə bir hissəsi, milyonlarla ərəb, ispan, serb, çex, macar Qərbi Avropanın bütün ölkələrində məskunlaşmışlar. Britaniyalıların hər on nəfərindən biri özünə daha yaxşı güzəran qurmaq ümidi ilə Birləşmiş Krallıqdan mühacirət etmiş və həmişəlik Avstraliyada, İspaniyada, ABŞ-da və digər ölkələrdə məskunlaşmışdır. Rusiyadan köçüb getmiş adamların sayı 20 milyondan çoxdur. Təkcə İspaniyada səkkiz milyon rusiyalı yaşayır və sərvət toplayır. Heç yerdə, heç bir ölkədə və heç vaxt eşitməzsiniz ki, kimsə bu hadisəni pisləsin. Əksinə, hamı fəxr edir ki, onların bu cür təşəbbüskar, fərasətli, cəsarətli və qətiyyətli, səyahət həvəskarı olan soydaşları vardır. Buna hər yerdə sevinir və fəxr edirlər... təkcə Azərbaycandan başqa. Təkcə bizim ölkədə belələrini qınayır və suçlayırlar - kimliyindən, nəçiliyindən asılı olmayaraq. Bəlkə biz nəyisə bilmirik? Bəlkə bəzi başqa ölkələrdə olduğu kimi, bizdə də demoqrafik böhran müşahidə olunur və cinsi yetişkənlik yaşına çatmış əhalinin bir hissəsinin Azərbaycandan getməsi ölkəmizdə əhali artımına təhlükə törədir? Xeyr, Azərbaycan vətəndaşları ölkənin daxilində də həsəd aparılmağa layiq sürətlə çoxalmaqdadır. Bəs nəyə görə bu əhalinin şüuruna hər gün belə bir fikir yeridirlər ki, soydaşlarımızın bir qisminin başqa ölkələrdə yaşamağa köçüb getməsi guya bizim xalqın və dövlətimizin pis olmasına dəlalət edir? Diaspora bu cür münasibətə aid bircə misal göstərmək istəyirəm. Belə misallar çoxdur və mənim indi göstərəcəyim nümunə heç də ən təhqiramiz nümunə deyil. Bakıda çıxan "Vedomosti" qəzetinin (qəzetin baş redaktoru Bela Zakirova ad-soyadlı bir "jurnalist"dir) 2006-cı il üçün 62-ci nömrəsində "Narod k razvratu qotov" ("Xalq əyyaşlığa hazırdır") sərlövhəli bir məqalə dərc edilmişdir. Görün nə yazırlar:

"Müstəqil" Azərbaycan əhalisinin iki milyon nəfərdən çoxu ölkədən köçüb getmişdir. Bütün həyatı boyu torpaqda çalışaraq öz halal çörəyini qazanan insanlar indi fahişəliklə, oğurluqla və banditliklə məşğuldursa, bu cür müstəqillik kimə lazımdır? Lakin bu sual iqtidara ünvanlanmışdır, iqtidar isə bu kiçik xalqın problemlərini heç vecinə də almır. İndi iqtidarın fikri-zikri  bütün neft ehtiyatlarını axıracan "sağmaq" və bütün kapitalı ölkədən rahatca çıxarmaqdır. Budur onların "qayğıları".

Buna oxşar cəfəngiyyatları hər gün oxumalı oluruq. Dünyanın heç bir ölkəsində antiazərbaycan təbliğatı bizim öz ölkəmizdə olduğu dərəcədə fəallıq və həyasızlıqla aparılmır. Məlumdur ki, "sarı mətbuat"da xuliqanlıqla məşğul olan böhtançıların pozucu fəaliyyətinə görə onlara muzd verirlər. Bu muzdu ödəyənlər məhz Azərbaycandakı müsbət dəyişiklikləri xoşlamayan, bizə düşmən olan ölkələrin müəyyən dairələrinin nümayəndələridir. Bəs nə etməli? Sən demə, şərəfi və vicdanı olmadığına görə pul qazanan insanlar praktiki olaraq toxunulmaz imiş! Belələrindən ötrü ictimai rəy tamam mənasız şeydir. Onları inzibati qaydada tənbeh etmək də praktiki olaraq mümkün deyil, çünki dərhal yerli muzdlu hüquq müdafiəçiləri dəhşətli hay-küy qaldırır, eyni zamanda onlara qəyyumluq edən beynəlxalq təşkilatlara şikayətlər göndərirlər. Həmin təşkilatlardan səlahiyyətli çaparlar gəlir, Azərbaycanda onların özlərinin fikirləşib tapdıqları, anarxiya və hərc-mərclik elementləri ilə fərqlənən məxsusi demokratiya modelinin təcili tətbiq edilməsi şərəfinə bir neçə zəhlətökən "tost" söyləyirlər. Bundan sonra həmin çaparlar yerli qəzetlərin heç birini oxumadıqları halda dərhal "sarı mətbuat"ın ən vicdansız, ən satqın nümayəndələrinə "müqəddəs inək" statusu verilməsini tələb etməyə başlayırlar ki, bu status onların cəzalanmaq qorxusu olmadan cəmiyyətə zidd, mənəviyyatsız fəaliyyətini davam etdirmələrinə imkan versin.

Əsas məşğuliyyəti ən yaxşı insanlara və bütövlükdə cəmiyyətə qara yaxmaqdan, böhtan atmaqdan, ara vermədən insinuasiyalar "yapmaqdan" ibarət olan bizim "sarı mətbuat"a qanuni yolla necə təsir göstərmək olacağını bilmirəm. Sadəcə olaraq mən bunu bilmirəm. Belə məlum olur ki, tamam azğınlaşmış, təpədən dırnağa qədər satılmış subyektləri cəmiyyətdən təcrid etmək üçün təsirli qanuni üsullar yox imiş. Lakin diqqətli müşahidəçi onların aqibətinin necə şərəfsiz olmasını dəfələrlə konkret nümunələr üzərində yəqin etmək imkanına malik olmuşdur və belələri təsdiq edərlər ki, Allahın və insanların əzəli və əbədi qanunlarını heç kəs ləğv etməmişdir. Bu baxımdan "Vedomosti" qəzetinin baş redaktoru Bela Zakirovanın nümunəsi də ibrətamizdir. Onun bütün "jurnalistlik" fəaliyyəti Azərbaycana qarşı vəhşi nifrət hissələrindən bəhrələnir.

Rəvayətə görə mərhum çar Midas qeyri-adi bir istedada malik olmuşdur və elə həmin istedad da onu məhv etmişdir. Midasın əli nəyə toxunsa - istər çörək olsun, istər daş - hər şey dərhal qızıla çevrilirdi. Əvvəlcə Midas bundan xoşlanırdı, lakin az sonra məlum oldu ki, bu istedadın çox ciddi bir naqolaylığı var: qızıl onun boğazında ilişib qaldı və az sonra çar acından öldü. Bela Zakirovanın jurnalistlik peşəsi ilə çoxillik tanışlığım bunu deməyə tam əsas verir ki, onun "məhsuldar qələmi" nəyə toxunsa, o dərhal üfunətli, yeyilməsi mümkün olmayan murdar bir şeyə çevrilir. Çar Midasın istedadından fərqli olaraq, Bela Zakirovanın bu "qabiliyyəti" öldürücü deyil, lakin o daim özünün yaratdığı məhsulların arasında olduğundan, bəşər cəmiyyətinin qanunlarına müvafiq olaraq gec-tez öz cəzasını almalı idi. Bu xanımın aqibəti doğrudan da belə olub - Azərbaycana patoloji nifrət fonunda onun sidik kisəsinin daşlaşması nəticəsində baş beyinin sklerozu xəstəliyinin səciyyəvi simptomları aşkar edilmişdir. Get-gedə güclənən bu dəhşətli xəstəliyin çarəsi yoxdur. Mütəxəssislərin dediyinə görə, həmin dəhşətli xəstəlikdən əziyyət çəkən insan tamam iradəsiz olur və yəqin ki, Bela Zakirova da tezliklə indiyə qədər gizlətdiyi sirləri - özünün xaricdəki işəgötürənlərinin - ideoloji diversiyaların təşkilatçılarının adlarını və onların Bakıdakı əlaltılarının soyadlarını söyləməyə başlayacaqdır. Onda Bela Zakirova Naməlum jurnalistin qətli barədə məlumatları, bu qətlin icraçılarının və sifarişçilərinin adlarını da təfsilatı ilə söyləyəcək, mərhumun pilləkan meydança-sındakı soyumaqda olan əllərindən onun ən yaxın silahdaşlarının aldıqları pulun dəqiq məbləğini də göstərəcəkdir. Əlbəttə, Bela Zakirovanın bu vəziyyətə düşməsinə görə adam onun halına acıyır, ona yazığı gəlir. Ürəyiyumşaq qonşular onun bundan sonrakı mövcudluğunu yüngülləşdirmək istəyərək ona qəyyumluğu rəsmiləşdirməyi lazım bilmiş və bunu etmişlər. Məlum olmuşdur ki, Bela Zakirovaya qəyyum kimi təhkim edimiş şəxs son vaxtlara qədər cıdır meydanında jokey işləmiş, qamçıdan çox tez-tez istifadə etdiyinə görə Cıdır meydanında işdən azad edilmiş Qəzənfər Poqranzon ləqəbli bir nəfərdir. Deyilənə görə vicdanlı və savadlı işçi olan bu şəxs və məcburi boşdayanma dövründə iş üçün darıxmışdır. Qəzənfər Poqranzonun yeni fəaliyyəti artıq ilk səmərəsini verir. Bela Zakirova öz qəyyumu ilə birlikdə həyətdə sağlamlaşdırıcı gəzintilər zamanı artıq "addımla!", "yorğa!", "löhrəm!" komandalarını dürüst yerinə yetirməyi öyrənmişdir və "durrrr, ay sənin gözüvə dönüm!" səsini eşidən kimi dərhal dayanmağı bacarır. Keçmiş jokey öz yetişdirməsinin nailiyyətlərindən razıdır və bununla əlaqədar qonşulara demişdir ki, əgər Bela Zakirova at olsaydı, onu hökmən özü alardı.

Sidik kanalının daşlaşması nəticəsində yaranmış baş beyin sklerozunun qurbanları bəzən qısa müddətə rahatlıq hiss etməyə başlayırlar. Lakin təəssüf ki, belə halların sayı aybaay azalır. Bela Zakirovanın vəziyyəti azacıq yaxşılaşan vaxtlarda Qəzənfər Poqranzon onu "Vedomosti" qəzetinin redaksiyasına, keçmiş kabinetinə aparır. Burada o,  "yaradıcı" işlə istədiyi qədər məşğul ola bilər...

 

«Bizim əsr», 19 yanvar 2007-ci il

«Tribuna», 19 yanvar 2007-ci il

və s. başqaları.