Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

«F İ N A L» RESTORANI

İŞTİRAK EDİRLƏR:

 

Dəmir bəy Muxtarov – yaşlı, amma qocalmamış bir adam

 

Alxas Qədimov – yaşlı, amma qocalmamış bir adam

 

Sevda   – gənc qadın

 

Ziba – ev qulluqçusu, gənc qız

 

Barmen

 

1-ci polis

 

2-ci polis

 

Sevdanın əri Sabir

 

Jurnalist

 

Konstitusiya Məhkəməsinin üzvü

 

Musiqiçilər

 

Alxasın cangüdənləri

 

BİRİNCİ ŞƏKİL

 

Sevdanın mənzili.

Mənzilin sahibəsi, onun əri, ev qulluqçusu və polis işçisi qonaq otağındakı divanda və üstündə telefon olan kiçik masanın yanındakı kreslolarda əyləşiblər.

 

POLİS: Onlar zəng eləməlidirlər. Səbrlə gözləmək lazımdır. Maqnitofon qoşulub, danışığınız yazılacaq. Danışığın yazısı həm vacib dəlildir, həm də hüquqi sənəd.

SEVDA: İki gündür boş-boşuna gözləyirik. Dünənki polis də deyirdi zəng eləməlidirlər. Axı sizə kim deyib ki, zəng eləyəcəklər. Özləri deyiblər? Yoxsa sizə elə gəlir?

POLİS: İş ondadır ki, adam oğruları mütləq onun qohumlarına zəng vurub öz tələblərini bildirirlər (müstəntiq təmkinlə izah edir). Adamları müəyyən məqsədlə oğurlayırlar. Çox vaxt pul tələb edirlər. Amma bəlkə sizin uşağınızı oğurlamaqla nəyə görəsə qisas almaq istəyiblər?! Düşməniniz yoxdur ki?

SEVDA: Mən dünən də dedim ki, bizim düşmənimiz yoxdur, heç olmayıb da. Ancaq dostlarımız var. (Ərinə müraciətlə) Elə deyil?

 

Əri, razılıq əlaməti olaraq, dinməzcə  başını yelləyir.

 

POLİS: Uşağı axırıncı dəfə kim görüb?

SEVDA: (qulluqçunu göstərir) O. Bu qızı artıq beş dəfə dindiriblər. Məktəb həyətində uşağı gözləyirmiş ki, evə gətirsin. Eminçik çıxanda ona sarı gedib. Elə həmin anda iki kişi uşağa yaxınlaşıb, hərəsi bir tərəfdən qolundan tutub maşına oturdublar. Qız da dallarınca qaçanda özündən gedib.

POLİS: Əgər mümkünsə, qoyun özü danışsın.

SEVDA: Buyuracaqsız. Amma mən elə danışıram ki, siz başa düşəsiniz…

POLİS: (üzr istəyən tərzdə) Axı siz orada olmamısınız. (Qulluqçudan soruşur) Siz onların üzlərini gördünüzmü?

ZİBA: Birini yaxşı gördüm.

POLİS: Onu təsvir edə bilərsinizmi?

ZİBA: Lap mənim İsrafil dayıma oxşayırdı. Elə bil bir almadır yarı bölüblər.

POLİS: Çox gözəl. Mən sizin dayınızı görə bilərəmmi?

ZİBA: O, Şamaxıda yaşayır, Quşçu kəndində. Amma dayımın bura dəxli yoxdur. O özünün iki balasını atıb, özgə uşağını neyləyir?

POLİS: Siz oğruların maşınının nömrəsini demisiniz: 77-99 nömrəli, qara rəngli xarici maşın. Biz isə aydınlaşdırmışıq ki, bu, sarı rəngli süd maşınıdır.

ZİBA: Yadımda nə qalıbsa, onu demişəm.

SEVDA: Mən artıq izah eləmişəm. 77-99 mənim mobil telefonumun nömrəsidir. Dünənki ürəkkeçməsin-dən sonra bu onun xatırladığı yeganə rəqəmdir.

POLİS: Bəs sizin sürücünüz? O nə görüb?

SEVDA: O yatıbmış. Maşın dayanan kimi onu yuxu basır (ərinə müraciətlə). Elə deyil?

 

Əri, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.

 

POLİS: Sizin ən yaxın qohumlarınız kimlərdir? Onlarla da bir söhbət etmək lazımdır.

SEVDA: Anamla danışmaq faydasızdır. O öz evindədir, durmadan ağlayır. Atamınsa düz iki saatdır telefonu bağlıdır. Heç özü də zəng vurmur. Bilirəm ki, o, prokurorun yanında olub. Bir saat əvvəl qəbul otağına zəng vurdum, dedilər elə indicə getdi, prokurorun da ismarıcını mənə çatdırdılar ki, deyin həyəcanlanmasın. İki gündür elə hamı, bu gün də prokuror məsləhət görür ki, həyəcanlanmayım, narahat olmayım. Axı mən necə narahat olmaya bilərəm?

POLİS: Bizim rayonun prokuroru yalnız faydalı məsləhətlər verir. Tezliklə özünüz buna əmin olacaqsınız.

SEVDA: Günün günorta çağı, şəhərin mərkəzində uşağı oğurlayıblar, ancaq iki sutkadır boş-boş danışırlar. Bu polis hara baxır axı?

POLİS: Bizim polis həmişə lazımi istiqamətə baxır. Əgər Bakıda, şəhərin mərkəzində uşağı oğurlayıblarsa, o uşaq tapılacaq! Başqa cür ola bilməz. (Mənəvi dəstək üçün Sevdanın ərinə müraciət edir) Düzmü deyirəm?

 

O, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.

 

POLİS: (qulluqçuya, ümidlə) Bəlkə bu arada nəyisə xatırladınız, məsələn, hansısa xüsusi bir əlamətini? Yaxud hansısa sözünü.

ZİBA: Yadıma düşdü! Dayıma oxşamayanın - o birinin mənə dediyi söz yadıma düşdü. Amma deyə bilmərəm, utanıram.

SEVDA: (gözünün yaşını silərək) Utanmaq lazım deyil, burda körpə uşaq yoxdur ki. De, mən icazə verirəm. Hə!

ZİBA: Onun gözləri parıldadı, bığları biz-biz durdu, vahiməli səslə dedi ki, sürüş burdan, qancıq! Bir söz desən, səni küncə çəkib… dinq-dinq elərəm. Əvvəl-əvvəl ağrıtsa da, sonra alışacaqsan. Elə bunu eşidən kimi huşumu itirdim. Amma maşının nömrəsi indiyə qədər gözümün qabağındadır: 77-99.

SEVDA: (polisdən soruşur). Dinq-dinq nə deməkdir?

POLİS: (azca tutulur, sonra) Şübhəsiz ki, hansı hərəkətləsə təhdiddir. Belə hərəkətlərə görə də cəza nəzərdə tutulur. Protokola əlavə eləmək lazımdır. Siz necə dediz? Dinq-dinq? (yazır)

SEVDA: Sizi lənətə gələsiz, pozğunlar. Gör nələr düşünüb tapırlar! (dəstəyi götürür). Anama zəng edim. (danışır) Atam gəldi? Heç zəng də eləməyib? Görəsən niyə? Düzü, mən də narahat olmağa başlayıram. Bəla gələndə tək gəlmir. Deyirəm, bəlkə onu da oğurlayıblar. Yaxşı, yaxşı, anacan, sakitləşdirdin məni. Atam qayıdan kimi zəng vur, yaxşımı? (dəstəyi qoyur) Anam deyir ki, ərini oğurlamaq fikrinə düşənlərin vay halına. Anamın gözündə atam hələ də dünyada ən ağıllı, ən yaraşıqlı, ən güclü adamdır. Eminçik isə balaca, zəif uşaqdır. (bərkdən hönkürür)

 

İKİNCİ ŞƏKİL

 

«FİNAL» restoranı. Axşam saatlarıdır. Kiçik zalda adam azdır. Mikrofon, gücləndirici və dinamiklərdən istifadə etməyən orkestr dinləyicilərin ruhunu oxşayan həzin bir melodiya çalır. Dəmir bəy Muxtarov zala daxil olur. Kənardan elə görünür ki, dəbəuyğun boz kostyum geymiş bu ucaboy, qamətli adamı iki cangüdən müşayiət edir. Dar alnına, bulanıq baxışlarına, ifadəsiz, spesifik sifətinə və yekəpər gövdəsinə görə Bakıda bu növ adamları haqsız olaraq nədənsə, hambal adlandırırlar.

Alxas Qədimovdan başqa, zaldakıların heç birinin ağlına gəlməz ki, Dəmir bəyin yanınca gələnlər onun cangüdənləri deyil, bir növ, dustaq nəzarətçiləridir. Onlar Dəmir bəyi Alxasın əyləşdiyi masanın yanına gətirirlər. Telefonu Dəmir bəyə uzadırlar.

HAMBAL: – Buyurun telefonunuzu. Bağışlayın ki, biz onu müvəqqəti söndürmüşdük.

DƏMİR BƏY: (masa arxasında əyləşən Alxasa müraciətlə) Bilirdim ki, sən cinayətkarsan, amma belə azğın cinayətkar olduğunu təsəvvür eləmirdim. Sənin bu əclafların məni evimin qabağında tutub maşına basdılar, telefonumu əlimdən aldılar, bura gətirdilər. Elə bilirsən, bu sənə baha başa gəlməyəcək?

ALXAS: Adam bir salam verər. Otur (işarə ilə adamlarını buraxır) Gedin dincəlin. Dəmir müəllim qalacaq, bura onun xoşuna gəldi. Başa düşürəm niyə qəzəblənirsən, amma təqsir özündədir. Dünən axı sənə zəng vurdum, restorana dəvət elədim, nəzakətlə danışdım, dedim söhbətləşsək pis olmaz. Bəs sən mənə nə cavab verdin? «Mən məşğulam, səninlə söhbətə nə vaxtım var, nə də həvəsim var».

DƏMİR BƏY: Elə indi də deyirəm, mən səninlə danışmaq hayında deyiləm. (qapıya yönəlir)

ALXAS: (onun ardınca) Uşaq barədə də danışmaq istəmirsən?

 

Dəmir yerə mıxlanmış kimi donub qalır.

 

DƏMİR BƏY: (masanın yanına qayıdır) O sağdır?

ALXAS: (birnəfəsə deyir). Sağ-salamatdır və artıq yarım saatdır ki, evdədir. Dünən sən dəstəyi atmasaydın, nəvən evdə gecələyərdi.

DƏMİR BƏY: (oturub nömrəni yığır) Nə oldu? Şükür allaha! (evlə danışığını bitirəndən sonra Alxasa) Deməli, belə çıxır ki, nəvəmi sənin adamların oğurlayıbmış?!

ALXAS: (guya hirslənir) Dediyi sözə bax da! Mən uşaq oğurlayan adama oxşayıram?

DƏMİR BƏY: Lap iki damcı çirkab suyu kimi.

ALXAS: Düz sözə nə deyəsən, doğru deyirsən, səninlə bizim söhbətimiz tutmur. Amma iş işdir, danışmaq lazım gələcək… Başa düş, sənin nəvəni çox ciddi adamlar oğurlayıblar. Bildin? «Sağ ol» de ki, mən bunu bilmişəm. Onu mənə görə buraxıblar. Vicdanım haqqı! Ancaq məsələ bununla bitmir, hər şey hələ indi başlayır.

DƏMİR BƏY: 8 yaşında uşağı oğurlamaq kimin ağlına gəlib? Ata-anası bu iki sutkada az qala dəli olacaqdılar. Axı niyə?!

ALXAS: (sınayıcı nəzərlərlə Dəmir bəyə baxaraq) Yəni özün başa düşmürsən?

DƏMİR BƏY: Yox.

ALXAS: Pul, dostum, pul! Bəlkə nəhayət, anlayasan ki, bura səni öz xeyrin üçün gətiriblər? Qızının, kurəkəninin işi barədə danışmaq istəyirəm səninlə. Bilirsən ki, onların böyük məbləğdə borcları var. Vaxtı çoxdan keçib, borcu isə qaytarmaq lazımdır. Sən bunu bilirdin?

DƏMİR BƏY: (başını bulayır) Onlar çoxdan müstəqil adamlardır. Mənə də yalnız lazım bildikləri şeyləri danışırlar. Kefləri yaxşıdır, ikisinin də başı öz mətbəələrinə qarışıb. Hərdən mənə kitablar, bukletlər göstərirlər. İndi de görüm bu borc söhbəti nədir, kimə borcludurlar və nə qədər borcludurlar?

ALXAS: Səndən bəzi şeyləri gizlədiblər. Dörd il bundan qabaq sənin qızınla kürəkənin şəhərin mərkəzində ən müasir avadanlıqlı mətbəə açıblar. Demək olar ki, poliqrafiya möcüzəsidir. Bunun üçün onlar 240 min dollar kredit götürmüşdülər. Sən bütün bunları bilirsən. İlk yarımildə sevinirdilər. Sonra işləri qəfildən axsamağa başladı. Niyə? Gəlirli sifarişlər olmadığına görə. Çünki Bakıda son vaxtlar onlarca mətbəə açılıb. Mətbəələrin sayı, kitabxanaların, muzeylərinn ümumi sayından çoxdur. Onların hamısının kölgədə gizlənən nüfuzlu sahibləri var. Onlarla rəqabət aparmaq mənasız işdir. Sənin qızınla kürəkənin isə nəinki əsas borcu vaxtında qaytarmayıblar, hələ üstəlik sonra da borc götürüblər: borc böyüyüb altı yüz iyirmi min dollara çıxıb. Borcu isə, dediyim kimi, qaytarmaq lazımdır. Bilirsən də indi borcu qaytarmayan adamlara neynirlər? Sənin bu qədər pulun var? Deməli, fikirləşib bir çarə tapmaq lazımdır. Uşağı oğurlayıblar ki, qızınla kürəkənini tələsdirsinlər. Onların əvəzinə o qədər pulu sən ödəyə bilərsənmi? Bəlkə kimsə sənə borc verdi?

DƏMİR BƏY: (ıq-aşkar karıxmışdır) Mənim qızım, kürəkənim iş adamı deyillər. Onların nə əmlakı, nə daş-qaşı var ki, girov qoyub bu qədər kredit alsınlar. Onlara bu qədər böyük məbləğdə pulu kim borc verə bilərdi? Çaşıb qalmışam. Bütün bunlar mənim üçün gözlə-nilməzdir. Qoy fikrimi toplayım… Yaman istidir. (ətrafına baxır). Kondisioner var ki burda, öz adamlarıva de qoşsunlar, heç olmasa bir işə yarasınlar.

ALXAS: Mən burda olanda osteoxondrozuma görə kondisionerləri söndürürlər. Sən bilirsən osteoxondroz nədir?

DƏMİR BƏY: Mənim osteoxondrozuma kondisioner ziyan eləmir.

ALXAS: Elə ziyan eləyir ki… Sən hələ bilmirsən. Hər şeyin vaxtı var. O tavandakı ventilyator mənim bəsimdir. Alman malıdır. Keçən il yetmiş yaşı tamam oldu. Əntiq əşyaların ölüsüyəm də ...

DƏMİR BƏY: Sənin bu əntiq əşyan yaman bərk səs eləyir. Onu söndürmək lazımdır, kondisioneri yox.

ALXAS: Əşşi, səsdən ziyan yoxdur. Tapşırmışam, sabah usta gəlib onu necə lazımdır yağlayacaq, dönüb olacaq qəttəzə. Hiss eləmirsən ondan necə sərin meh gəlir?

DƏMİR BƏY: Kondisionerləri niyə sənin icazənlə qoşurlar? Bəyəm sən buranın direktorusan?

ALXAS: (sual xoşuna gəlmir) Mən burda nə direktoram, nə aşpaz, nə də ofisiant, amma bu mənim restoranımdır, yəni buranın sahibi mənəm. Ona görə də burada hər şeyi mənim istəyimlə yandırıb-söndürürlər.

DƏMİR BƏY: Restoranın adı nədir? Quldurların elə elədilər ki, heç lövhəni də görmədim.

ALXAS: Afərin, uşaqlar! Əvvəllər belə supermenləri biz ancaq kinoda görərdik. İndi bu sahədə Bakıda hər şey qaydasındadır. Öz cangüdən, mühafizəçi kadrlarımız meydana gəlib, nəyi pisdir?

DƏMİR BƏY: Həqiqətən də Bakıda yaman çoxalıblar. Özü də elə bil hamısı bir-birinə oxşayır. Əksəriyyəti ziyalı, zəhmətkeş adamlardır. Məni bura gətirən hamballarsa lap hər şeyə qadirdilər: adamı lap şikəst də edərlər, öldürərlər də, uşaq oğurlamaq da gələr əllərindən! Düzmü deyirəm?

ALXAS: Əcəb diqqətcilsən. Divarda beşmetrlik neon lövhəni görmür, adamların hansı yuvanın quşu olduqlarını dərhal hiss eləyir! Restoranın adı «Final» dır. «Final-çay» adında firma var. Yaxşı səslənir, elə deyil? Dedim o çay sözünü ordan yığışdırsınlar – qaldı «final». Mənim xoşuma gəlir. Ancaq bilmirəm bu çayın sortudur, yoxsa yerin adı. Elə ha istəyirəm firmaya zəng vurub soruşum, əlim çatmır.

DƏMİR BƏY: «Final» sözündə nəsə bir qüssə çaları var. Mənə görə, «Start» daha yaxşı səslənir.

ALXAS: Startın bura nə dəxli var? Yaxşı. Nə vaxt restoranın olar, adını qoyarsan «Start». İşlə bağlı görüşlərimi adətən buraya təyin edirəm.

DƏMİR BƏY: Böyük restoran deyil, xudmanidır.

 

Barmen onların masasına yaxınlaşır.

 

ALXAS: Görürsən, mənim stoluma ofisiant yox, barmen xidmət edir. Sadiq adamdır, kənddən gətirmişəm onu. Göndərdim Parisə, kulinariya məktəbinə, oxudub adam elədim. Əla kokteyllər düzəldir, birinin adı «Marqarita»dır. Ləzzət eləyir adama. «Tekila»nı süzür stəkana, ona çəhrayı Meksika siropu qatır, bir az da limon şirəsi. Hamısını qarışdırır. Stəkanın qıraqlarına duz səpir. Bax indi mənə gətirdiyi də «Marqarita»dır, ancaq məxsusi hazırlanıb – tekilasız, çünki spirtli içkini tərgitmişəm. Yəni həmin kokteyldir, ancaq tekilasız.

DƏMİR BƏY: Sözün qısası, şortəhər  meyvə şərbəti içirsən.

BARMEN: (sözünü bitirməsini gözləyərək) Nə buyuracaqsınız?

DƏMİR BƏY: Mənə bir çay gətirin, zəhmət olmasa.

ALXAS: İndiki zamanədə belə sədaqətli adamlar adama lazımdır. Arxayın olmalısan ki, yeməyinə nəsə qatmayacaq, dilini də dinməz saxlayacaq. Mənim ondan gizlin sirrim yoxdur. O burda direktor kimi şeydir… Elə bilirsən, restoranım elə bircə budur? Bu gün Bakıda mənim 23 restoranım, 4 kafem var. Necədir hə? Bilirəm, sənin əqidənə görə, artıq pul gərəksizdi, hətta bəlkə ziyanlı şeydir.

DƏMİR BƏY: Yox, sən səhv eləyirsən. Pul mənim çox xoşuma gəlir.

ALXAS: Sən nə bilirsən pul nədir? Bax de görüm, pul sənə nə üçün lazımdır?

DƏMİR BƏY: Mənim üçün pul rəsm əsərləri deməkdir, kitablar, musiqi, gözəl yeməklər, səyahət deməkdir.

ALXAS: (təkəbbürlə) Elə bu?

DƏMİR BƏY: Hə. Elə bu. Bizim səninlə pula münasibətimiz başqa-başqadır. Pulu gərək qazanasan. İnsan pulu qazanmalıdır. Bu hər kəsin borcudur. Məsələn, sən bilirsən Hippokrat andının mətnində nə deyilir?

ALXAS: Hippo… kim?

DƏMİR BƏY: Hippokrat.

ALXAS: (qətiyyətsiz) Begemotdur?

DƏMİR BƏY: Hippokrat orta əsrlərdə yaşamış dahi həkimdir. Həkimlərin andının mətnini o yazıb. Hippokrat andı həkimlərə xəstələri pulsuz müalicə etməyi qadağan buyurur. İlk baxışdan paradoksdur, amma əslində çox düzgün və məntiqlidir. Bu o deməkdir ki, hətta ən humanist peşənin sahibləri olan həkimlər də öz əməkləri müqabilində haqq almalıdırlar. İnsan öz peşəsi ilə çörəyini çıxarmalıdır. Pul qiyamət şeydir, amma gərək onu qazanasan.

ALXAS: Eşitmişəm, eşitmişəm, onu demisən, beynilə, əlləri ilə. Bəs başqa cür də qazanmaq olur?

DƏMİR BƏY: Sən demə başqa cür də olurmuş. Bəziləri pulu  dırnağıyla, quyruğuyla qazanır.

ALXAS: Quyruğu ilə qazananlara mən heç rast gəlməmişəm.

 

DƏMİR BƏY: (mülayim halda) Allaha şükür ki, rast gəlməmisən… Heç bilmirəm niyə, indi birdən neyçünsə yadıma düşdü ki, 80-ci illərin əvvəllərində sən bütün Bakını videomaqnitofonlarla doldurmuşdun. Mən o möcüzəni birinci dəfə onda gördüm. İndiyə qədər də başa düşə bilmirəm sən bunu necə eləmişdin.

ALXAS: Bax görürsən! Bilsən ki, o kommunist rejimi vaxtı mən necə riskə gedirdim… Hər şeyi də tək özüm eləyirdim, bu əllərimlə. Heç kimi yaxın buraxmırdım. Öz kapitalımın əsasını da elə onda qoydum. «Torqovı»dakı o dava yadındadı? Düzünü deyim ki, əgər sən o axşam köməyimə gəlməsəydin, yəqin ki, məni öldürəcəkdilər.

DƏMİR BƏY: Yadımdadı, yadımdadı. Keçirdim, gördüm ba-a-h üç nəfər qonşum Alxası əzişdirir, özü də həzz ala-ala əzişdirir. Qarışmalı oldum.

ALXAS: (kefi hiss olunacaq dərəcədə pozulur) Yadındadır davadan sonra mənə nə dedin? Həmin axşam. Hamı dağılandan sonra.

DƏMİR BƏY: Sözsüz ki, əbədiyaşar bir aforizm işlətmiş olmaram. Əlbəttə, unutmuşam.

ALXAS: Amma mən ömrüm boyu unutmaram. Mən axı, Dəmir, uşaqlıqdan hər şeyi, səninlə bağlı olan hər şeyi xatırlayıram. Səninlə Torqovıda «Şirvan» restoranın qabağında dayanmışdıq. Mən səni şam yeməyinə dəvət elədim. Ürəkdən dedim ki, gedək, Dəmir, oturaq, söhbət eləyək. Yadındadır mənə nə cavab verdin? «Səninlə?» deyə soruşdun və mənə elə baxdın ki, elə bil mən insan yox, xəstəlik yayan tarakan idim.

DƏMİR BƏY: Bilirsən niyə? Mən o oğlandan eşitdim ki, onu aldatmısan - kalan pul alıb, normal videomaqnitofon yerinə ona firma qutusuna qablaşdırılmış naməlum təyinatlı metal cihaz soxuşdur-musan. Yeri gəlmişkən, həmin oğlan savadlı mütəxəssis imiş. İndi düz on beş ildir ki, mənim laboratoriyamda işləyir.

ALXAS: (pərt halda hırıldayır) Bayaq deyirdin heç nə yadımda qalmayıb. Amma görürsən, hər xırda şeyi xatırlayırsan. Hə, soxuşdurmuşdum, nə olsun, hamının başına gələ bilər, cavanlıqdır da. Bu restoran isə mənim üçün əsl kabinetdir. Bura kənar adamlar nadir hallarda gəlirlər. Əsasən dostlarım, iş ortaqlarım gəlir. Bu binanı mənə bağışlayanda xarabazara oxşayırdı. Bir az xərcim çıxdı, oldu konfet kimi.

DƏMİR BƏY: (istehza ilə) Ad günündə bağışlayıblar?

ALXAS: Dostlarım bağışlayıb. Hörmət və minnətdarlıq əlaməti olaraq. Gömrükdə onların 12 milyonluq yükünü saxlamışdılar. Xahiş elədilər, yoluna qoydum. Minnətdarlıq ifadəsi kimi bu binanı mənə verdilər.

DƏMİR BƏY: Axı necə yoluna qoydun? Sən hüquqşünassan bəyəm? Yadımdadır ki, bir 20 il bundan qabaq pul verib aqronom diplomu almışdın. Yoxsa indi hüquqşünas diplomu da almısan?

ALXAS: Ağıllı adama diplom gərək deyil. Pul, bir də əlaqələr! Əsas budur! Kimin ki, çoxlu pulu, güclü əlaqələri var, o, həyatın sahibidir. İncimə, sənin üç diplomun var, amma nə faydası?

DƏMİR BƏY: Mənim diplomlarımdan, sənə əlbəttə ki, fayda olmaz. Amma belə şeylərin çox dərin mənası var.

ALXAS: Necə mənası?

DƏMİR BƏY: Məna dərin olanda onu dərhal anlamaq olmur. Birdən-birə başa düşmək çətindir. Bilirsən, incimə, amma mən, hər halda, polisə xəbər verməliyəm ki, uşağın oğurlanmasından sənin xəbərin olub. İki sutkadır bütün polis ayaq üstədir. Oğruları axtarmaqdan əldən düşüblər.

ALXAS: Telefonunu qaytarıblar ki, zəng vur da! Üstəlik şikayət də eləyə bilərsən ki, səni bura zorla gətiriblər. Etirazım yoxdur.

DƏMİR BƏY: Şikayətlənmək zəiflərin işidir. Səninlə özüm hesablaşaram. Yaxşı, oğurluq barəsində evdən zəng vuraram, daha olan olub, oğlanı qaytarıblar.

ALXAS: (maraqlanmış halda) Sən indinin özündə də düşünürsən ki, məndən güclüsən? Mənim üçün çox maraqlıdır, sən niyə elə düşünürsən?

DƏMİR BƏY: Bəlkə ona görə ki, mən səndən ağıllıyam. Belə ola bilməz?

ALXAS: Ağıllı? Sən? Sənin necə ağıllı olduğuna hələ baxacağıq. Əgər… (sözünü bitirə bilmir, çünki yaxşı geyinmiş sanballı bir kişi yanındakı qadını boş masa arxasında əyləşdirib onların stoluna yaxınlaşır).

ALXAS: Səni görməyimə şadam. Əyləş!

ALXASIN TANIŞI: Sağ ol. Məni gözləyirlər. Onsuz da gecikmişəm. Gəldim deyəm ki, hər şey qaydasındadır. İclas nəzərdə tutduğumuz kimi keçdi. Sabah dəftərxanaya bir adam göndərin, gəlib qərarı götürsün.

ALXAS: Sonradan şikayət, apellyasiya-zad olmayacaq ki? Başa düşdüm, məsələ tamam. Afərin!

TANIŞ: Qulluğunuzda həmişə hazıram. Həmişə  və hər yerdə.

ALXAS: Sabah üçün də sənə yaxşı bir sürpriz hazırlamışam. (birdən xatırlayır) Deyəsən sizi tanış eləmədim?

 

(Arada stol olmasından istifadə edən Dəmir bəy əl uzatmayıb yalnız başını yüngülcə tərpətməklə kifayətlənir).

 

ALXASIN TANIŞI: Sifətiniz tanış gəlir. Əvvəllər sizinlə görüşməmişik ki?

DƏMİR BƏY: Məncə, yox. Yoxsa yadımda qalardınız. Mən üzləri yaxşı yadımda saxlayıram.

 

(Alxasın tanışı aralanıb qadının əyləşdiyi stola tərəf gedir).

 

ALXAS: Bu çox nüfuzlu və mötəbər bir hakimdir. Konstitusiya Məhkəməsinin üzvü Fərraf Abqvaladze. Çox yaxşı adamdır.

DƏMİR BƏY: (nəzakətlə) Müsbət keyfiyyətləri ilk baxışdan adamın gözlərini oxşayır. Üstəlik çox xoşdur ki, restorana öz anası ilə gəlir. Bizim zəmanədə belə şeyi hələm-hələm görməzsən.

ALXAS: Anası deyil. Onun solmayan eşqidır. Çox ağıllı qadındı, yaxşı ailədəndi. Özü də bu xanımın sayəsində o çox şeyə nail olub.

DƏMİR BƏY: Hələ də mən başa düşə bilmirəm ki, qızımın, kürəkənimin işlərinin sənə nə dəxli var? Onların borclarından sənə nə?

ALXAS: Vicdanıma and olsun ki, mən onlara kömək eləmək istəyirəm. Onlardan mənə heç nə gərək deyil, bir qara qəpik də.

DƏMİR BƏY: Yaxşı, inandıq ki, sənə pul gərək deyil. Amma, hər halda, sən bununla nədən ötrüsə məşğul olursan axı. Niyə?

ALXAS: Mən heç gizlətmirəm də. Bəzi maraqlarım var, amma bu, maddi maraq deyil. Bəlkə də xeyirdən çox ziyanım var. Amma onlara biz ancaq birlikdə kömək edə bilərik: sən, bir də mən. Ayrı-ayrılıqda heç nə çıxmayacaq.

 

(Alxas qara qovluğu açıb, oradan kağızlar çıxarır və Dəmir bəyə uzadır)

 

ALXAS: Bu kağızlara diqqətlə bax, riyaziyyatı yaxşı bilirsən. Bu borc kağızlarını da hesablaya bilərsən, çətin olmaz sənin üçün. Bir hissəsini qızın imzalayıb, bir hissəsini də kürəkənin.

DƏMİR BƏY: (kağızlarla tanış olur) Həqiqətən də toplayanda altı yüz iyirmi minə çıxır. Mənim başa düşmədiyim başqa şeydir. Sən deyirdin onlar bankdan kredit götürüblər, hansısa biznesmenlərdən borc alıblar. Amma görürəm ki, borc öhdəliklərinin hamısı sənin adınadır.

ALXAS: Hər şey çox sadədir. Borcların  hamısını öz adıma keçirməsəydim, onlara kömək edə bilməzdim. İndi sənin qızın və kürəkənin hüquqi baxımdan təkcə mənə borcludurlar. Hər şey qanunidir. Vicdanım haqqı! Bax bu onların imzaları, bu da imzaların həqiqiliyini təsdiq edən notariusun imzası və möhürü.

DƏMİR BƏY: Güman eləyirsən ki, mən sənə inanmalıyam?

ALXAS: Necə istəyirsən. Səni məcbur eləmirəm.

DƏMİR BƏY: Hər şeydən əvvəl mən sabah qızım və kürəkənimlə danışacam.

ALXAS: Sabah? Sabah gec olacaq, bu gün vaxt bitir. Sabah mən onlara heç cür kömək eləyə bilməyəcəyəm. Vaxtı keçiriblər. Pul böyük qüvvədir, o, insanları ən dəhşətli işlərə əl atmağa məcbur eləyir. Sabah niyə? Elə indi onlara zəng vur, iyirmicə dəqiqəyə burda olsunlar.

DƏMİR BƏY: (nömrəni yığaraq) Nə deyim onlara? Restoran harda yerləşir?

ALXAS: Eləcə «Final» restoranı de. Olublar burda.

DƏMİR BƏY: (telefonla danışır) Eminçik necədir? Çox qorxub? Sən Allah? Afərin. Mən indi «Final» restoranındayam. Siz də durun gəlin bura. Hə, hə indi. Çox yaxşı. Gözləyirəm (dəstəyi qoyur) Dedilər, bu saat gəlirlər.

ALXAS: Çox yaxşı. Fikir verdin, borc öhdəlikləri necə savadlı tərtib olunub? Hər şey yüksək səviyyədədir. Beynəlxalq vəkillər kollegiyasının üzvü Qələndər Səfərovun işidir. Məşhur adamdır. Onu tanıyırsan?

DƏMİR BƏY: Görmüşəm. Qara saqqalı da var. Baxışları ağırdır, elə bil adamı yarıb keçəcək. Deyim ki, sizdə nəsə bir oxşarlıq var. Təsadüfən qohum deyilsiz?

ALXAS: (özündən çıxır) Niyə axı, niyə sən mənə bütün ömrün boyu  xoşagəlməz şeylər deyirsən? Mənim nəyim o saqqallı keçiyə oxşayır?

DƏMİR BƏY: (barışıq tonu ilə) Yaxşı, yaxşı, sakit ol. Gözümə elə görünüb, oxşatmışam də...

ALXAS: Bilmək istəyirsənsə, dünən axşam Konstitusiya Məhkəməsinin üzvü Fərraf Abqvaladze dedi ki, mən Silvio Berluskoniyə çox oxşayıram. Elə bil əkiz qardaşıyam.DƏMİR BƏY: (dalğın halda) Ağılsız adam.

ALXAS: Kimi deyirsən? Fərraf Abqvaladzedir ağılsız?

DƏMİR BƏY: (kompomisə gedir) İkiniz də. Sən elə əvvəlki kimi hər şeydən inciyirsən. Qəribədir, çox qəribədi. Zaman keçsə də, insanların təbiəti dəyişmir. Sən fikir verirsən, kim ki, uşaqlıqda, lap elə üçüncü- dördüncü sinifdə oxuyanda xəbərçi, yalançı, qorxaq olubsa, o adam çox vaxt böyüyəndə də elə eyni təbiətli olur.

ALXAS: Düz deyirsən. Məsələn sən, uşaqlıqda da acıdil idin. Bugünkü kimi yadımdadı. Elə indi də eləsən. Ancaq sənin dövranın keçib. Bunu sənə mən deyirəm – Alxas Qədirov!

DƏMİR BƏY: Sən allah, bəsdir dişlərini qıcırtma. Birinci dəfədi belə qıcırtı eşidirəm. Ətim ürpəşir. Öz dişlərindi, yoxsa protezlərini qıcırdadırsan?

ALXAS: Sənin ağzından xəbərim yoxdu, amma mənim dişlərim hamısı cağbacağ yerindədi. Bax!

DƏMİR BƏY: (Alxasın açıq ağzına baxır) Doğrudan da, hamısı yerindədi. Bəzilərinin azacıq minası gedib, saralıb, amma bircə plomb belə yoxdur. Qəribədi, vallah. Məncə Bakıda sən yaşda az adam tapılar ki, dişlərinin hamısı bu cür sapsağlam olsun. Başqalarını deyə bilmirəm, mənə rast gəlməyib. Adamlar o yana, indi hətta heyvanların da dişlərində problem olur. Adamların, itlərin, qaplanların, fillərin, hamısının dişləri ağrıyır. Hamısının! Bircə meymunlardan başqa! Meymunlarda – qorilladır, paviandır, nə bilim, əntərdir - onlarda heç vaxt nə karies, nə də parodontoz olur. Mən demirəm bunu, bu, elmi faktdır. Bütün meymunların dişləri sapsağlam olur. Xüsusilə də insanabənzər meymunların. Düzdür, zaman keçdikcə, yaşlı meymunların dişlərinin minası gedir, diş saralır, amma nə olsun, özün də bilirsən ki, bunlar boş şeylərdir.

ALXAS: Görərik, sabah meymuna hansımız oxşayacaq!

DƏMİR BƏY:  Sabah nə olacaq ki?

ALXAS: Sabah hələ sabah olacaq. Yaşayarıq görərik.

DƏMİR BƏY: Sən nahaq inciyirsən. Söhbət təkçə səndən getmir. Bütün insanlar meymunlara oxşayırlar. Sən də oxşayırsan, mən də, kimisi çox oxşayır, kimisi az. Ətrafda bəzilərinin oyunbazlığını görəndə heyran qalırsan, elə bil əsl kinli, hiyləgər meymundur.

 

(Musiqi səslənməyə başlayır. Orkestr kiçik fasilədən sonra səhnəyə qayıtmışdır)

 

ALXAS: Şəhərdə ən yaxşı orkestrdir. Bundan yaxşısı yoxdur. Yüksək səviyyəli musiqiçilərdir. Ancaq burda çalırlar. Bu restorandan başqa heç yerdə çalmağa icazə vermirəm. İldə iki dəfə iki-üç günlüyə  caz festivallarında iştirak etmək üçün buraxıram onları. Təsəvvur eləyirsən, hər dəfə mən zala girən kimi onlar başlayırlar «Binqo» çalmağa. Mən çıxıb gedəndə də yenə «Binqo» çalırlar. (Alxas əli ilə orkestrə işarə edir, musiqiçilər «Binqo» çalmağa başlayırlar) Hə necədi, xoşun gəlir?

DƏMİR BƏY: Saksofonçu doğrudan əladı. Bəs niyə «Binqo»?

ALXAS: «Köhnə İnturist» yadındadı? Yadındadı orda Vovka Vladimirovun rəhbərliyi ilə orkestr çalardı.

DƏMİR BƏY: Çox yaxşı xatırlayıram.

ALXAS: Yadındadı, «İnturist»ə hər axşam bir yazıçı gələrdi, adını unutmuşam. Hər dəfə o, zala girəndə orkestr nə üçünsə «Binqo» çalardı. O gedəndə də. Elə onda özümə söz verdim ki, nə vaxtsa mən də içəri girəndə orkestr çalacaq. Özü də «Binqo»nu.

DƏMİR BƏY: «İnturist»dəki o adamı musiqiçilər özləri könüllü salamlayırdılar. Bu, faktdır. Amma burda orkestr sahibkar üçün onun öz şəxsi kafesində çalır. Sən yəni doğrudan bunda bir fərq görmürsən?

ALXAS: Qulaq as, ay nəzəriyyəçi bəy. Hər hansı işdə əsas nəticədir. Əlbəttə, fərq var, bu fərq də ondadır ki, mənim orkestrim daha yaxşı çalır. Qalan şeylər vacib deyil. Musiqiçi musiqiçidir, kim maraqlanır ki, onlar könüllü çalırlar, yoxsa pulla.

 

(Onların stoluna alçaqboylu, cavan bir adam yaxınlaşır. Alxas onu coşğunluqla salamlayır)

 

ALXAS: Kimi görürəm! Oxudum, oxudum! Yaman çəkmisən ona! Gözlədiyimdən də yaxşı idi. Sağ yer qoymamısan onda. İndi daha burnunu hər yerə soxmaz. Heç şübhə eləmirəm ki, bundan sonra heç qonşuları da ona salam verməyəcək (Müsahibinə şişman bir zərf uzadır) Bu sənindi, halal qonorarın. Sağ ol! Bəyəndiyin stolun arxasına keç, əyləş.

JURNALİST: Təəssüf ki, tələsirəm, qalsın başqa vaxta. Qonorar üçün sağ olun. Əsas odur ki, siz razı qalmısınız. Həmişə qulluğunuzda hazıram.

 

(Jurnalist bir neçə addım atıb, geri qayıdır)

 

JURNALİST: Olarmı sabah mən yoldaşlarla gəlim?

ALXAS: Əlbəttə (barmeni göstərir) – ona tapşıracam, nə qədər istəyirsiz kef eləyin mənim hesabıma. Önərçiki də gətir.

JURNALİST: Qulluğunuzda hazıram. Əllərinizi öpürəm (gedir)

ALXAS: Onu tanıyırsan? Məşhur jurnalistdi, Fətulla! Yaman yazır. Yəni heç oxumamısan?

DƏMİR BƏY: İdbar adamdır, idbar da yazılar yazır.

ALXAS: Sənə də adam bəyəndirmək olmur. Mənim tanışlarımın heç biri sənin xoşuna gəlmir.

DƏMİR BƏY: Güclü müşahidə qabiliyyətin var.

ALXAS: Sənin qızın çox ağıllıdır, amma heç anasına oxşamayıb. Sözüm yox, qəşəngdir, cazibəlidir, amma qətiyyən anasına çata bilməz. Anası gəncliyində çox gözəl idi. Çox-ox! Bakının ən gözəl qızı sayılırdı.

DƏMİR BƏY: O elə indi də ən gözəldi.

ALXAS: Olsun, olsun. Mən mübahisə eləmirəm. Bilirsən, çoxdan sənə bir sual vermək istəyirəm, amma heç məqam düşməyib. İnciməzsən ki?

DƏMİR BƏY: Çoxdan istəyirsənsə, bəs niyə soruşmamısan?

ALXAS: Bir az yaxşı çıxmır, bilirsən də mən hər şeyin yerin bilən adamam. Düşünürəm ki, soruşaram, inciyər. İndi belə xudmani oturmuşuq, deyirəm… İnciməzsən ki?

DƏMİR BƏY: Təsəvvür eləmirəm ki, sən məndən nə soruşa bilərsən, amma xoşuma gəlməsə, dərhal biləcəksən.

ALXAS: Çoxdankı məsələdi. Üstündən, demək olar, onilliklər keçib. Bilirsən, bir vaxtlar mən sənin arvadına vurulmuşdum. O vaxt sən onunla heç tanış da deyildin

DƏMİR BƏY: Bunu az qala şəhərin yarısı bilirdi. Doğrudan da, o vaxt mən onunla tanış deyildim, amma bütün küçə danışırdı ki, Alxas konservatoriyada oxuyan Nərminə adlı bir qıza vurulub, ona görə də dalbadal bir-birindən səfeh hərəkətlər eləyir.

ALXAS: Bütün küçə deyirsən! Bir yadına sal, kimlər yaşayırdı orda. Onlar nə qanırdılar. Mənim hərəkətlərim səfeh yox, gözəl idi. Təmiz məhəbbət naminə hünər göstərirdim.

DƏMİR BƏY: Məsələn.

ALXAS: Məsələn? Deyim də. Eh, cavanlıq! Hər səhər mən onu Xaqani küçəsindəki evlərinin qabağında qarşılayıb konservatoriyanın qapısına qədər ötürərdüm. Sonra da tərsinə.

DƏMİR BƏY: Necə yəni tərsinə?

ALXAS: Yəni ki, dərsdən sonra konservatoriyanın qabağında qarşılayıb evə qədər ötürərdim. Küçədə mərifətsizin biri ona yaxınlaşsaydı, mən onu elə əzişdirərdim ki, bir də o, ümumiyyətlə qadın tayfasına baxmazdı. Qız da qaşqabağını tökürdü,  amma mən bilirdim ki, ürəyinin dərinliyində bundan xoşlanır. Qadınlar ümumiyyətlə qoçaq adamları xoşlayırlar.

DƏMİR BƏY: O sənə icazə verirdimi ki, onu ötürəsən?

ALXAS: Düzünü desəm, mən ondan icazə almırdım. Sakitcə arxasınca düşüb gedirdim. Küçə hamınındır. Amma o bilirdi ki, mən sadiq köpək kimi dalınca gəzirəm. Üstəlik iki-üç gündənbir ona gül göndərirdim. Bakıda o vaxtlar bunu heç kim eləməzdi, gül çox baha idi. O, evdə olmayanda buketi aparıb ev qulluqçusuna verərdilər.

DƏMİR BƏY: Nərminə sənin güllərini qəbul eləyirdi? Nəsə heç inanmağım gəlmir.

ALXAS: Qəbul eləyirdi də sözdü! Düzdü, hər dəfə güllərimi pəncərədən vızıldadırdı, amma mənim vecimə deyildi. Bilirsən də, qadınlarla gərək səbirli olasan. Mən gözləyirdim. Gec-tez güllər də xoşuna gələcəkdi, səsimi eşidən kimi telefon dəstəyini də atmayacaqdı.

DƏMİR BƏY: Deməli hesab eləyirsən ki, qadını ələ almaq üçün gərək zəhləsini tökəsən?

ALXAS: Bəs necə! Sən bunu bilmirdin? Üsul çoxdur, ən sınanmışı isə səbirdir. Qadınların zəhlələri gedən xəsis kişilərdir. Mən isə xəsis deyiləm və qadınlar üçün xərcləyəndə heç vaxt pula heyfim gəlməyib.

DƏMİR BƏY: Amma görürsənmi, sənin bu universal üsulun bu səfər işə yaramayıb.

ALXAS: Sənin ucbatından. Səni görüm lənətə gələsən. Həmişə hər yerə soxulurdun. Yox, mən hər şeyi düz eləyirdim. Tez-gec o mənim necə adam olduğumu biləcəkdi. Çiçək nədi ki? Çiçək elə-belə şeydi. Mən ona necə məktublar yazırdım. Əminəm ki, oxuyanda ağlayırdı.

DƏMİR BƏY: Afərin, heç ağlıma da gəlməzdi ki, sən elə duyğulu məktublar yazmağı bacarırsan.

ALXAS: O məktubları kimin yazdığı vacib deyil. Onların altında mənim imzam olurdu, vacib olan budur. Hələ musiqini demirəm. Qadınlara musiqi hipnoz kimi təsir eləyir. Lyolik Aslanovu tanıyırdın?

DƏMİR BƏY: Onu tanımayan vardı? Avaranın, yaltağın biri idi. O vaxt kimsə mənə danışmışdı ki, sən bilyardda onun «Moskviç»ini udmusan.

ALXAS: Əşşi, maşın deyəndə ki, adı maşın idi. Əslində altına təkər bağlanmış köhnə konserv qutusuydu. Sən inanmazsan, qarşımda diz çöküb yalvarırdı ki, o tələkəni qaytarım geri. Gülməkdən ölmüşdüm.

DƏMİR BƏY: Sonra noldu?

ALXAS: Bədbaxta yazığım gəldi, qaytardım. Amma vəd aldım ki, bir də mənim yanımda bilyard oynamayacaq.

DƏMİR BƏY: Bu gün mən çox əcaib şeylər eşidirəm. Sən - Alxas, nə vaxtsa udduğun maşını könüllü geri qaytarmısan?!

ALXAS: Əlacım nə idi? Məlum oldu ki, maşın onun atasınındır. Atası da o vaxt milis rəisi idi. Dedim baş qoşmasam yaxşıdı… Hə, nədən danışırdıq? Hə, həmin o Lyolikin əla bir akkardeonu vardı. Şəhərdə ondan yaxşısı yox idi, özü də zalım oğlu akkordeonda yaxşı çalırdı. Dediyim odur ki, musiqidən başı çıxırdı. Həmən o Lyolik bir gün mənə dedi ki, sənin yaxşı musiqi duyumun, gözəl səsin var. Bir az məşq edəndən sonra o mənim oxumağıma heyran qaldı. Sən istedadsan, dedi, Alxas, əsl belkantosan. Bilirsən belkanto nədir?

DƏMİR BƏY: Heç bilməsəydim də, indi mütləq anlayacaqdım. Yaxşı, bəs sən öz belkantondan necə istifadə elədin?

ALXAS: Eh, cavanlıq! Gündüz mən zəng eləyib Nərminəyə xəbər verirdim ki, onun şərəfinə mahnı oxuyacam. Deyirdim, dərhal da dəstəyi asırdım. Sonra, demək olar, hər gecə Lyolik akkordeonunu götürürdü, birlikdə Nərminəgilin Xaqani küçəsindəki evlərinin yanına gedirdik. O vaxtlar hələ kondisioner yox idi, bütün pəncərələr taybatay açıq olurdu. Mən başlayırdım oxumağa.

 

Bir neçə pəncərə və Nərminənin eyvanı işıqlanır. Gecənin sakitliyində qulaqları dələn bir səs ucalır. Alxas o dövrün populyar mahnısı «Sevgilim»i oxuyur. Gənc Nərminə, əynində xalat eyvanda görünür. «Yalvarıram sizə, bəsdir! Yetər! Nə qədər olar?» Pəncərələrdə yuxusuna haram qatılmış adamlar görünür.

 

ALXAS: Hər şey bir yana, onun atası professor idi, amma özünü quldur kimi aparırdı. Dördüncü konsertdə o, əlində dəyənək podyezddən sıçradı, pis-pis söyüşlər söyə-söyə bizi qovmağa başladı. Çatıb dəyənəyi Lyolikin kürəyinə elə ilişdirdi ki… Həmin gecə onu güclü angina tutdu. Ona görə də biz «konsert»lərimizə düz bir həftə ara verməli olduq. Bəs Nərminənin atası ilə sənin  münasibətin necəydi?

DƏMİR BƏY: Mən onun əlində heç vaxt dəyənək görmədim.

ALXAS: Deməli, onun yanında mahnı oxumamısan. Rəhmətlik bəlkə də yaxşı adam idi, amma hər dəfə mahnımı eşidəndə yaman cinlənirdi. Nə isə,  sən peyda olana qədər hər şey yağ kimi gedirdi. Yenə kefim pozuldu. Mən səndən nəyi soruşacaqdım?

DƏMİR BƏY: Doğrudan, məndən nəyi soruşacaqdın?

ALXAS: Hə, siz Neft və Kimya İnstitutunun o lənətə gəlmiş ənənəvi istirahət gecəsində tanış oldunuz. Mən dəqiq bilirəm ki, o vaxtacan sən Nərminə ilə tanış deyildin, səni birinci dəfə orda gördü. Hər şey gözümün qabağındadır, elə bil dünən olub. Sən qıza yaxınlaşıb bir neçə kəlmə söz dedin. Cəmi bir neçə kəlmə. Mən üç addımlıqda idim, amma səs-küydən heç nə eşidə bilmədim. Çoxdan istəyirəm soruşam. Sən onda ona nə demişdin? Yadında qalıb?

DƏMİR BƏY: Nərminəni ilk dəfə gördüyüm o axşamı yaxşı xatırlayıram. Mən ona yaxınlaşdım, dedim ki, salam, mənim adım Dəmirdir.

ALXAS: Elə bu?

DƏMİR BƏY: Daha nə olmalıdı ki, elə bu!

ALXAS: Deməli, elə sən bu dörd kəlmə sözü deyən kimi bir-birinizə yapışdınız,  düz 36 ildir qopmursuz?

DƏMİR BƏY: Elədir ki var! Niyə təəccüblənirsən?

ALXAS: Nə deyim, vallah mat qalmışam. O axşam sən öz cındır kostyumunda distrofiyalı xəstəyə oxşayırdın. Onunla da yaralı distrofik kimi rəqs edirdin. Amma mənim əynimdə amerikan malı təptəzə kostyum, ayağımda tünd sumağı cırıldayan çəkmə vardı. Qalstukumda saksofon tikməsi, saçlarıma briolinlə sığal vermişdim. Eh, cavanlıq, cavanlıq! Sizin arxanızca orkestrin qabağındakı meydançaya çıxdım, elə rəqs elədim ki, çalğıçıların ağzı açıq qaldı. Ancaq o heç mən tərəfə baxmadı da. Düz iki il can qoymuşdum ki, mənimlə adam kimi kəlmə kəssin, sən gəlib hər şeyi vurub dağıtdın. Cəmi dörd kəlmə söz hər şeyi alt-üst etdi! Hələ bir soruşursan ki, nəyə təəccüblənirəm? Demək olar ki, sən mənim bütün həyatımı pozmusan. Hələ deyirsən ki, nəyə təəccüblənirəm?

DƏMİR BƏY: (barışdırıcı tonla) Məncə, sən hər şeyi şişirdirsən. Xırda-para yamanlıqlara baxmayaraq həyat gözəldir!

 

 

Sevda əri ilə gəlir. Barmen onları Alxasın masasının yanına gətirir.

 

 

SEVDA: Salam. Nə olub?

DƏMİR BƏY: Alxas mənə sənin borc kağızlarını göstərdi. Onun yanında səndən soruşuram. Bu veksellər doğrudanmı sənindir?

SEVDA: (yüngülləşir) Şükür Allaha! Mən də dedim görəsən nə olub? Eminçikin oğurlanmasından sonra təsəvvür eləyirsiz, başıma necə qara-qura fikirlər dolur.

ALXAS: Niyə ki, onu qaytarıblar axı. Çalışsanız, pis fikirlərdən qurtularsınız.

SEVDA: Bilirsiniz o əclaflar bu iki sutkada uşağa nə yedirdiblər? Qızardılmış qoyun əti! Uşağın da qarnı açılıb. Mən indi onun yanında olmaqdansa, restoranda dilxoşluq eləyirəm.

DƏMİR BƏY: Biz səni saxlamarıq. Mən ancaq bilmək istəyirəm ki, bu borc öhdəliklərini sən imzalamısan, ya yox!

SEVDA: Əlbəttə, mən imzalamışam.

DƏMİR BƏY: Səni buna məcbur eləyən olmayıb ki? Bunu könüllü eləmisən?

SEVDA: Nəinki könüllü, hətta çox böyük sevinclə. O kreditin sayəsində biz əntiqə nəşriyyat, mətbəə qurduq. Bizdə ən yaxşı redaktorlar, ən yaxşı rəssamlar işləyir. Bu iş mənim bütün həyatımı dəyişib. Əsas məsələ bu deyil ki…

DƏMİR BƏY: Əlbəttə, əlbəttə… Amma bax bu sənədə görə siz binanızın təmiri üçün 150 min dollar ödəmisiz. Elədirmi?

SEVDA: Hə, ödəmişik. Təsəvvür eləməzsən ki, binanın estetikası, interyerin orijinallığı yaradıcı adamlar üçün nə deməkdir. Alxas müəllim bu işdə bizə çox böyük dəstək verdi. (ərinə müraciətlə) Buna görə ikimiz də ona minnətdarıq.

 

Əri, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.

 

DƏMİR BƏY: Bəs nəşriyyatınız üçün üçmərtəbəli binanı haradan tapdınız?

SEVDA: Onu bizim üçün Alxas müəllim tapdı. Ata, sən borca görə narahat olursan? Hər şey qaydasında olacaq. Alxas müəllim söz verib ki, hər şeyi yoluna qoyacaq. 

DƏMİR BƏY:  Bilirəm. Biz onunla indi elə o işlə məşğuluq. Sən hər şeyi çox aydın izah elədin. İndi mənə hər şey aydındır. Sağ ol. Biz hələ oturacağıq. Sizsə qayıdın evə, uşağın yanına.

 

Sevda ilə əri gedirlər.

 

ALXAS: Hə, nədir, gördün hər şey düzdür? Əmin oldun? İşə keçəkmi? Mən istəyirəm ki, sənin qızın üçün, elə kürəkənin üçün də hər şey yaxşı qurtarsın. Razısan?

DƏMİR BƏY: Nə təklif edirsən?

ALXAS: İki yol var. Birincisi, sən çox xahiş eləyəcəksən, çox yalvaracaqsan ki, mən sənin ailəni xilas eləyim…

DƏMİR BƏY: Çox, yəni nə qədər?

ALXAS: (fikrində nəyi isə sayırmış kimi dodaqları tərpənir) İyirmi dəqiqə, yəqin ki, bəs elər. İyirmi dəqiqə kifayət edər ki, sən ömrün boyu mənə nifrət elədiyinə görə, hər dəfə görəndə mənə xəstəlik yayan tarakan kimi baxdığına görə, nə bilim daha nələrə görə məndən üzr istəyəsən. Mən sənin yadına salaram nələrə görə. Heç nəyi unutmamışam. Elə üzr istəməlisən ki, ürəkdən danışdığına, məni ələ salmadığına inanım. Gərək üzündəki istehzalı təbəssümü də yığışdırasan.

DƏMİR BƏY: Onda nə olacaq ki?

ALXAS: Yaxşı olacaq. Mən səni özümə referent götürərəm. Sənə yaxşı maaş verərəm. Hər gün ofisimə gəlib, mən gələnə qədər poçtu, xidməti kağızları hazırlayarsan. Tərbiyəli adamlar rəislə necə danışırlarsa, sən də mənimlə elə nəzakətlə danışarsan. Bunları eləsən, ömrünün sonuna qədər mənim borcumu – 620 min dolları qaytarmaya bilərsən.

DƏMİR BƏY: Hələ mən sənin hər gəlişində royalda «Binqo» da çala bilərəm. İş gününün sonunda da. İdeyam xoşuna gəlir?

ALXAS: (tərəddüd eləyir) İşdə? Düz başa düşməzlər. Onsuz da ötüşərik. Hə necədi? Razısan?

DƏMİR BƏY: Keçməz.

ALXAS: Aha… Niyə keçməz ki?

DƏMİR BƏY: İzah eləməyə başlasam, sən yenə inciyəcəksən. Keç ikinci varianta.

ALXAS: O heç xoşuna gəlməyəcək. Bax (qovluqdan kitabça kimi tikilmiş sənədlər çıxarır) Burada notariusda təsdiqlənmiş 4 bağışlama sənədi var, yəni sən öz mənzilini, qarajını, maşınını, bağını mənə bağışlayırsan. İndi sən bu kağızları imzalayırsan və biz həmişəlik ayrılırıq. Nəzərə al ki, mənzilinin, bağının, qalan hər şeyin dəyəri 500 min dollara yaxın eləyir. Mən də öz dilimdən kağız verirəm ki, sənin mənə borcun yoxdur. Budur, bax onu da artıq imzalamışam. Notarius təsdiq eləyib. Burda yazılıb ki, mən səndən bütün borc məbləğini – 620 min dolları almışam. Bu sənədi də qoyuram qovluğa. Bağışlama kağızlarını imzalayırsan, mən də bu qovluğu içindəkilərlə bir yerdə verirəm sənə. Mənimçün qətiyyən sərfəli sövdələşmə deyil, amma mən buna gedirəm.

DƏMİR BƏY: Bir şeyi başa düşmürəm. Necə olur ki, sənin kimi ütük bir işbaz ziyana düşəcəyini bilə-bilə, belə işə qol qoyur. Nə üçün?

ALXAS: Çünki sənin sayəndə başa düşdüm ki, puldan da üstün bir şey var. Nifrət hissidir o. Nifrət eləyirəm sənə. Cibində bir quruş pulun olmaya-olmaya sən sovet dövründə də, indi  də özünü elə aparırsan ki, elə bil milyonçu mən yox, sənsən. Hər yerə burnunu soxursan, ləyaqətli, nüfuzlu adamlarla tay-tuş kimi danışırsan. Onlar buna hələ sevinirlər də. Sənin həqiqətdə kim olduğunu bircə mən bilirəm. Mən sənin hər şeyini əlindən alandan sonra daha heç vaxt özünə gələ bilməyəcəksən. Sənin dövranın keçdi. Bax onda sürünə-sürünə gələcəksən yanıma.

DƏMİR BƏY: Birinci variantla müqayisədə ikincisi toya getməlidir. Mənə görə birinci variant çoxseriyalı dəhşətli yuxudur. Təsəvvür elədim ki, hər səhər sənin ofisinə gəlirəm. Hər gün sənin üzünü görürəm. Tək elə bu fikirdən ürəyim bulandı. Bağışlama haqqında sənədləri ver bura - hamısını imzalayacam.

Alxas masanın o başından sənədləri ona uzadır.

 

ALXAS: Dörd sənədin dördündə də hər səhifədə möhürün altından qol çəkməlisən. Hər sənəddə beş imza olacaq. Quş qoyulan yerlərdə qol çək.

 

(Dəmir bəy işgüzarcasına sənədləri özünə sarı çəkir, hər bir səhifəni diqqətlə oxuyaraq imzalayır)

 

ALXAS: Nə yaman uzun çəkdi. Hələ çox qalıb?

DƏMİR BƏY: Mənzili bağışlama kağızlarının hamısını imzaladım. Bağın sənədlərində üç səhifəyə qol çəkməliyəm, qarajla maşınınkına hələ başlamamışam. Cəmi on üç yerdə imza qoymalıyam. Yaman qəşəng imzalar qoyuram, yadigar avtoqraf da demək olar.

ALXAS: (şübhə ilə) Mən bircə şeyi başa düşə bilmirəm. Sənin bu səfeh zarafatların nə deməkdi? Niyə elə hey gülürsən? Mən axı bilirəm ki, sən kütbeyin adam deyilsən. Bəlkə qorxudan ağlın çaşıb? Yoxsa, nəyə qol çəkdiyini hələ anlamamısan? Sən quru yerdə qalırsan, bütün əmlakın mənə keçir, heç olmazsa bunu dərk eləyirsən? Bu o deməkdi ki, sən də arvadını götürüb, köçürsən qızınla kürəkəninin üçotaqlı mənzilinə. Onların iki uşağı ilə bərabər hamınız orada yaşayacaqsınız. Bircə vanna otağı, bircə tualet. Royalın və kitabxananla vidalaşırsan. Ömrünün sonuna qədər daha nə çaxır anbarın, nə masaj kreslon olacaq, nə də o sevimli qotur itinin üzünü görəcəksən, çünki orda bunlara yer olmayacaq. Beləcə, ölənə qədər yeknəsək, perspektivsiz bir həyat keçirəcəksən, heç kəsə güvənə bilməyəcəksən: nə özünə, nə də başqalarına. Amma onu da bil ki, ətivü yesəm də sümüyüvü atmaram çölə, sənin dəfn xərcini isə öz boynuma götürürəm. Bilirsən ki, mən sözümün ağasıyam.

DƏMİR BƏY: Nə deyirəm, ürəyin istəyir, buyur götür mən etiraz eləmirəm. Amma belə arxayın söz vermə. Hər halda məndən iki yaş yarım böyüksən.

ALXAS: Daha o sənlik deyil. Demişəm, eləyəcəm. Qəti şübhən olmasın.

DƏMİR   BƏY:    İnanıram, inanıram. Çünki bilirəm ki, sən dəfn məsələlərinə ciddi yanaşırsan. İki ay bundan əvvəl qəbirstanlığa getmişdim; əməkdaşımızı dəfn eləyirdik. Orda səliqə-səhmanlı bir sahə gördüm, tən ortasında da qəşəng bir heykəl ucaldımışdı-qəbiristanlığın yaraşığı idi. Baxıram-eynən sən, amma qranitdən; ayaq üstə durub, əlində də kitab. Pyedestalındakı yazını oxuyuram: Alxas Qədimov və doğum tarixi. Ölüm tarixi yoxdu: yəni ki, sağam, qranitdənəm, ölmək fikrim də yoxdu.

Hər şey yerli-yerində idi, söz ola bilməzdi, bircə yığcam bir şeiri çatışmırdı. Məsələn, belə bir misra: «Yuxarıda Alxas, altında Qafqaz». Görürsən necə möhtəşəm səslənir? Sən bir insanda ağıla, dərrakəyə bax-özün, öz gələcək qəbrin üstə heykəlini ucaldasan-əhsən!

ALXAS:  (məyuscasına) Əvvəla, heykəl qranitdən yox, mərmərdəndir. Mərmərnən qranit də ki, tamam başqa-başqa şeylərdi. Özü də heykəl bütöv mərmərdən yonulub… Düzdü mənim gələcəkdə, nə vaxtsa dünyamı dəyişəcəyimə onun dəxli var, amma məsələ tək bunda deyil… Bax, hamı deyir ki, Azərbaycanda demokratiyadı. Hanı? Sən bilirsənmi ki, bizim ölkədə, məsələn, Bakıda öz hesabına özünə heykəl qoymağa icazə yoxdu. Təsəvvür eləyirsən, samballı bir adam ona məxsus bir sahədə öz puluna bədii heykəltaraşlıq əsəri qoya bilməz! Qadağandır, olmaz! Niyə olmaz? -heç kim bilmir. Daha hara müraciət eləməmişəm?! Xeyri yoxdur.  Ancaq qəbirstanlıqda, bir də bağında qoya bilərsən heykəlivü.

DƏMİR BƏY: Bağda da qoymusan?

ALXAS: Bağda nəyimə lazımdı? Qohum-əqrəbadan başqa orda kim görəçək onu? Onlar onsuzda başıma and içirlər. Amma qəbirstanlığa hər gün səhər-axşam xalq ziyarətə gəlir… Bax sənin yaxşı müşahidə qabiliyyətin var, ancaq heykəlin ayağından aşağıda boş yer olduğuna heç fikir vermisən?

DƏMİR BƏY: Buna nə müşahidə qabiliyyəti. Heykəldən hasara kimi iki-üç metr yer boşdu orda…

ALXAS:  İki mert yarım. O yeri pulsuz-parasız peşkeş eləyirəm sənə. Səni orda öz hesabıma basdıracam, yaxşı da ehsan verəcəm. Mənim ayaqlarım altında rahatca uyuyarsan… Hə, nə deyirsən?

DƏMİR BƏY: Danışdıq. Amma mən bir şeyi başa düşə bilmirəm ki, heykəldə sən əlində kitab niyə tutmusan?

ALXAS: Bəyəm pisdi? Kitabın nəyi xoşuva gəlmir ki?

DƏMİR BƏY: Sən və kitab. Çox qəribədir, adama birtəhər gəlir.

ALXAS: Eybi yoxdu. Öyrəşərsən; yavaş-yavaş. Özü də dinməzcə öyrəşəcəksən. Səni orda basdırandan sonra vaxtın çox olacaq… Yenə hər yerə burnuvu soxursan?! Mənin heykəlimnən, əlimdəki kitabnan sənin nə işin var? Mən axı çox yaxşı başa düşürəm ki, sən bu söhbətlərinlə verdiyim sualdan yayınmaqçün mənim başımı qatırsan… Çünki sənin yerində olan heç bir normal adam bu vəziyyəti zarafata salmazdı. Ya, doğrudan, olanlar sənin başını çaşdırıb, ya da bir kələyin var. Əgər biclik eləyirsənsə çox nahaq! Neçə il əvvəl özün mənə demişdin ki, ən böyük biclik düzlükdür! Hələ sarsaq bir təmsil də danışdın. Yadındadı o təmsil, nə barədə idi?

DƏMİR BƏY: Bu gün manatın dollara görə kursu neçədir? Bəs avronun manata?

ALXAS: (mexaniki) Manata 1 dollar on sent verirlər. 70 avrosent də 1 manatdır. Neynirsən, nəyinə lazımdı?

DƏMİR BƏY: Bax görürsən? Pulla bağlı olan hər şeyi havada tutursan, amma kiçik bir təmsili yadında saxlaya bilməmisən. O vaxt sənə Ezopun gözəl bir təmsilini misal çəkmişdim:

 

«Tülkü min bir hiylə bilir,

Kirpi cəmi bircə dənə.

Tülkü bilən hiylələrə

Üstün gəlir kirpi bilən.»

İndii necə, başa düşdün?

 

ALXAS: Cəhənnəm olsun, təmsil-zad boş şeydi. Əvvəl meymun idi, indi də tülkü ilə kirpidi. Rədd elə sən Allah, başım ağradı. Mən soruşuram, sənsə cavab vermirsən. Məncə, sən cavabdan qaçırsan. Neynək, istəmirsən, cavab vermə.

DƏMİR BƏY: Cavab verirəm. Mən dərddən ağlımı itirməmişəm. Kələk də gəlmirəm. Hər şey açıq-aşkardır. Bu an mən ağlım kəsəndən üzünü görmək istəmədiyim alverçi Alxasla üz-üzə oturmuşam… Ağlımın və yaddaşımın üstümdə olduğu bir halımda mənim əmlakımın alverçi Alxasa keçməsi barədə bağışlama sənədlərini imzalayıram. Vəziyyəti düzmü şərh elədim?

ALXAS: Hər şey düzdür, amma mən alverçi deyiləm, biznesmenəm. Danışığına fikir ver.

DƏMİR BƏY: Biznesmen, kommersant elə adamlara deyilir ki, onlar öz fərasətləri, iş qabiliyyətləri, ən azı intuisiyaları hesabına pul qazanırlar. Sənsə pulu heç nədən, havadan qazananlardansan. Sənin fırıldaqlarının ziyanını isə kənar adamlar çəkirlər. Güclü kriminal əlaqələri olan işbaz mutantlar indi başımıza bəla olub. Sən də onlardan birisən. Allah öz bəndələrini yaradanda, doğulan hər bir insana xoşbəxtlik şansı verir, sənin kimilərsə o şansı insanların əlindən alır.

ALXAS: Buyur, sonuncu dəfə sən məni ürəyin istəyən kimi təhqir edə bilərsən. İcazə verirəm. Onsuz da heç nəyi dəyişə bilməyəcəksən.

 DƏMİR BƏY: (səmimi) Niyə mən həmişə sözün düzünü deyəndə sənə elə gəlir ki, səni təhqir eləyirəm? Razıyam, düz söz acı olur, amma bu heç də təhqir deyil axı. Hə, harda qaldıq? Yadıma düşdü. Deməli, mən bütün bu kağızları, bəlaya düşmüş yaxınlarıma kömək etmək naminə imzalayıram. Bu mənim borcumdur. Başqa çıxış yolum da yoxdur.

ALXAS: Hər halda, ağlın tərpənib, şübhən olmasın. Belə şeylərlə mən çox rastlaşmışam. Nələr görməmişəm bu dünyada. Adam ümidləri tükənənə qədər özünü tox tutur. Elə ki, başına nə gəldiyini anlayır, bilir ki, heç nəyi qaytarmaq mümkün deyil, başlayır ağzına gələni üyüdüb tökməyə. Kimisi diz çöküb yalvarır ki, əmlakını, pulunu qaytarsınlar. Düşünmək qabiliyyətini də tamam itirir. Biri elə sən. Səndən söz soruşuram, sən elə bil eşitmirsən, cavabında boş-boş şeylər danışırsan. Mən sənsiz də bilirəm ki, sən bu kağızları imzalamağa məcbursan. Yaxşı, fikrin yayınmasın, qol çək qurtar.

DƏMİR BƏY: Bura bax, mənim sürücümü bağışlama müqaviləsinə salmağı unutmamısan ki? Ancaq nəzərə al ki, o, sofudur, hər şeydən çimçəşir, nə səninlə, nə də sənin tanışlarınla bir maşına oturan deyil.

ALXAS: Zarafatından qalmır e!.. Ayıl a kişi, indi sən evsiz-eşiksiz, dilənçi kökündə qalmış bir adamsan. Baş verənləri anlayırsan, yoxsa düşünmək qabiliyyətini tamam itirmisən?

DƏMİR BƏY: Düz demirsən. Əlbəttə, nələr baş verdiyini mən gözəl başa düşürəm. Bağışlama kağızlarına qol çəkməmişdən  əvvəl mən onları diqqətlə oxudum. Peşəkarlıqla tərtib edilib, bütün  sənədlər qaydasındadır. Amma yenə inana bilmirəm ki, sənin kimi birisi mənim sadəlövh uşaqlarımı aldadıb bütün əmlakımı mənimsəyə bilər. Mənim üçün bu o demək olar ki, dünya düz yoldan azıb.

ALXAS: Elədir ki var. Dünya, hamı, hər kəs düz yoldan azıb. Bircə sən qalmısan düz yolda. Bəs «sənin kimi birisi» nə deməkdir? (Alxas maraqlanır)

DƏMİR BƏY: Elə o deməkdir. Yaxşı şey deyil. Yəni əxlaqi bünövrəsi olmayan adam.

ALXAS: Niyə əminsən ki, mənim bünövrəm yoxdur?

DƏMİR BƏY: Sən özün elə bilirsən ki, var?

ALXAS: Sənin heç yuxuna da girməz ki, mənim nə qədər güclü bünövrəm, dayaqlarım var. Mən, sadəcə, gözə soxmuram.

DƏMİR BƏY: Olsun! Amma dayaqlarının bolluğuna baxmayaraq, sənə mənim əmlakımı mənimsəmək müyəssər olmayacaq. Bu, mümkün deyil, heç vaxt inana bilmərəm ki, qamarlamaq qabiliyyəti patoloji dərəcədə inkişaf eləmiş bəsit intellektli məxluqlar həyat meydanından Homo sapiensi, normal düşünən insanları sıxışdırıb çıxara bilərlər. Elə olsa, bilirsən bəşəriyyət nə hala düşər! Hər şey tədricən dayanar, bəşəriyyətin qurduğu bu dünyamız sürücüsü sükan arxasında qəflətən ölmüş avtomobil kimi uçuruma yuvarlanar. Bu mümkün deyil və bu heç vaxt olmayacaq. Sən məni başa düşdün?

ALXAS: Burda başa düşülməyəcək nə var? Bunu sən özün fikirləşib tapmısan? Çox danışırsan, amma həmişəki kimi faydası görünmür. Bunlar hamısı nəzəriyyədir, baxarsan işdə necə olacaq. İmzaladın?

 

(Alxas sənədlərin üçünü özünə sarı çəkib, vərəqləyir, imza olan səhifələrə diqqətlə baxır)

 

ALXAS: Hər şey düzdür. Afərin! (içində borc vekselləri olan qara qovluğu Dəmirə tərəf itələyir) Mübadiləmiz baş tutdu. İndi ürəyin istəyən qədər zarafat elə! Bu andan etibarən sənin mənə borcun yoxdur. O sənədləri də istəyirsən yandır, istəyirsən yadigar saxla…

 

(Hiss olunur ki, Alxas yenə nə isə demək istəyir, amma macalı olmur. Pivə bankasının qapağı atarkən çıxan səsə bənzər səs eşidilir. Dəmir gözlərini qaldırıb tavana baxır, üçpərli latun propellerin sərinkeşin korpusundan qəfil ayrıldığını və inersiya ilə fırlana-fırlana yerəşdüyünü görür. Aşağıya çathaçatda pərin ucu yüngülcə Alxasın başına toxunur. Sınmış propeller yaralı cırcırama kimi stol-stulların ayaqlarına çırpılaraq döşəməyəşüb qalır.)

Kənardan elə görünür ki, Alxas stulda oturduğu yerdəcə rəqs eləyir.  Bərəlmiş gözlərini zilləyib mənasız nəzərlərlə önünə baxır, hipnozçu kimi, əlləri ilə qəribə hərəkətlər etməklə eyni vaxtda gövdəsini nizamsız ritmlə irəli-geri yelləyir. Bu an  onun alnında, düz qaşlarının üstündə keramik daxıldakı kimi nazik, hamar kənarları olan 10 santimetrə yaxın uzunluqda yarıq görünür. Bir neçə dəqiqədən sonra «rəqs» bitir. Üzüstə stola düşür. Onun kəlləsindən pırtlayıb axan, ərimiş meyvəli dondurmaya oxşayan çəhrayı rəngli qatı maye masanın üzərinə yayılır.

 

DƏMİR BƏY: (sarsılıb) Ola bilməz! Öldü. Əcəb oyundur! Allah şahiddir ki, mən bunu istəmirdim.

 

Hakim Fərraf Abqvaladze işin nə yerdə olduğunu bilən kimi yanındakı xanımla birlikdə qapıya doğru yönəlir.

 

BARMEN: Bu saat polis gələcək, hər şey necə olubsa, onlara danışarsınız.

HAKİM: Mən heç nə görməmişəmsə, nə danışa bilərəm? Başa düşdün məni? Çəkil yoldan.

BARMEN: Bağışlayın. O sizin dostunuzdu axı, mən dedim yəqin siz…

HAKİM: Sənə kim dedi ki, o mənim dostumdur? Mən belə bir söz demişəm sənə?! Bu gün burda olanları da yadından çıxart!

(Alxasın cangüdənləri stola yaxınlaşırlar. Onlardan biri uğursuz  propelleri əlində gətirir, görunur, onu hər şeyə maraq göstərən Alxasa göstərmək istəyir)

 

DƏMİR BƏY: Sahibinizi pis qoruyursunuz. Görürsüz insanın başına necə qəzalar gələ bilir? Deyəsən, birdəfəlik getdi.

ƏLİNDƏ PROPELLER TUTMUŞ HAMBAL: (ağlamsınan tərzdə) Ona nə olub?

DƏMİR BƏY: Nə olacaq – ölüb. Əlindəki nədir? Düzdü, propellerdi, propellərdə də Alxasın qanı var. İndi onun üstünə sənin barmaq izlərin də düşdü. Başa düşdün? Hardan götürmüsənsə, apar ora da qoy, bu, əşyayi-dəlildir. Susursan? (barmenə müraciətlə) Məni maşına itələyəndə ikisi də dil-dil ötürdü.

ƏLİNDƏ PROPELER OLMAYAN HAMBAL: İndi biz neyləyək?

DƏMİR BƏY: İkilikdə onun əbədi rahatlığını təmin edə bilsəniz, bu sizin tərəfinizdən çox yaxşı bir iş olar.

HAMBAL: Necə eləyək? Siz deyin biz eləyək.

DƏMİR BƏY: Düzü desəm, bilmirəm. Zənnimcə, bu dünyada bunun necə edildiyini çətin ki, bilən olsun. Hər ehtimala qarşı onun üçün dua edin, bəlkə bir köməyi dəydi. (barmenə müraciətlə) Hesabı gətirin, mən gedirəm.

BARMEN: (dodaqları güclə tərpənir) Siz heç nə sifariş eləməmişdiz. Mən artıq zəng vurmuşam, təcili yardımı, polis çağırmışam.

DƏMİR BƏY: Ona təcili yardım artıq lazım deyil. Yaxşı, gecəniz xeyrə!

BARMEN: Getməyin, nə olar. Bu saat polis gəlir, siz onlara hər şeyi danışarsız. Gəlib görəcəklər restoranda meyit var, məni soğan kimi soyacaqlar. Üstəlik işlər aydınlaşana qədər türməyə basacaqlar.

DƏMİR BƏY: (təlqinedici tərzdə) Sizə heç kim irad tuta bilməz. Hamı gördü ki, bu, bədbəxt hadisədir.

BARMEN: Kim gördü? Nə gördü? Baxın, hamı qaçıb dağılıb.

 

Doğrudan da, zalda Dəmirdən, barmendən və Alxasın meyitindən başqa,  kimsə yoxdur.

 

DƏMİR BƏY: (təəccüblə) Alxasın yanında iki cangüdən vardı, onlar necə oldular? İndicə axı burda idilər!

BARMEN: Onlar bura qayıdan deyillər. Polis adını eşidən kimi özlərini küçəyə atdılar,  dedilər rəhmətliyin oğlanlarına zəng vurmağa gedirik. Sizdən çox xahiş edirəm, polis gələnə kimi qalın. Uzağı yarım saata gələrlər.

DƏMİR BƏY: Yaxşı, gözləyərəm. Vətəndaşlıq borcumu yerinə yetirərəm. Polis gələnə qədər evə zəng eləyim, arvadım yəqin narahatdır.

 

Dəmir bəy arvadına zəng edir. Bu arada barmen mexaniki hərəkətlə stolu yığışdırır. Kağızları toplayıb qovluğa qoyur. Qovluğu da məcməyidə qab-qaşıqla birlikdə aparır.

Müstəntiqlə ekspert daxil olurlar. Hadisə yerinin və meyitin müayinəsi bir qədər vaxt aparır. Ekspert qan laxtasını propellerdən qaşıyıb konteynerə qoyur.

 

EKSPERT: Qəribə ölümdü. Adam restoranda oturduğu yerdə birdən sərinkeş qırılıb düşür təpəsinə, xırt-gilyotin kimi əzir başını.

POLİS: (Dəmir bəydən soruşur) Siz onunla bir stolun arxasında əyləşmişdiz?

DƏMİR BƏY: Bəli. İkilikdə oturmuşduq.

POLİS: Danışın görüm, bu necə baş verdi? Siz şəxsiyyətinizi təsdiq edən bir sənəd təqdim edə bilərsinizmi? Bu, yalnız rəsmiyyət üçündür.

DƏMİR BƏY: Xidməti vəsiqəm sizi qane edərmi?

(Polis vəsiqəyə baxır və Dəmirin səmimi təəccübünə rəğmən qalxıb ona əsgəri salam verir).

POLİS: Bağışlayın, sizi tanımadım.

DƏMİR BƏY: Məgər biz tanışıq?

POLİS: Xeyr, Amma biz hamımız sizi tanımalıyıq. Siz akademiksiniz, alimsiniz. Biz hamımız sizi üzdən tanımalı və sayğı göstərməliyik.

DƏMİR BƏY: Deyəsən kənddən təzə gəlmisiniz? Burda çoxdandır ki, alimləri yox, başqa dairənin…  İşgüzar dairənin adamlarını mötəbər sayırlar.

POLİS: Bu müvəqqətidi. İş ondadır ki, azadlıq veriləndə xalq özünü itirdi, indi tədricən özümüzə gəlirik… Zəhmət olmasa, nə görmüsünüzsə, danışın.

DƏMİR BƏY: Oturub söhbət edirdik. Qəflətən tavandan asılmış sərinkeşin propelleri qopub fırlana-fırlana döşəməyə düşdü. Düşəndə mənimlə üzbəüz oturmuş Alxas Qədimovun kəlləsini çapdı. Konvulsiya hərəkətləri cəmi dəqiqə yarım davam elədi. Demək olar ki, dərhal keçindi. Allah ona asan ölüm göndərdi.

POLİS: Onunla çoxdan tanışsınız?

DƏMİR BƏY: 40 ildir. Uşaqlıqdan. Bir küçədə böyümüşük.

POLİS: Məşğuliyyəti nə idi?

DƏMİR BƏY: Bağışlayın, mənim həyatım boyu məlum bir prinsipi əsas tutmuşam – ölənin dalınca danışmazlar. Yaxşısı budur, rəhmətliyin məşğuliyyəti barədə məndən heç nə soruşmayın. Bunu heç xatırlamaq da istəmirəm.

POLİS: (güclə sezilən təbəssümlə) Eybi yox. Elə isə haqqında yaxşı nə bilirsinizsə, onu danışın.

DƏMİR BƏY: (şünür) Yaxşı? Aha, yaxşı… Hə, rəhmətlik yaxşı xaş bişirirdi. Bəli! Bunu hətta xaş xiridarları da etiraf edirdilər.

POLİS: Elə bu?

DƏMİR: Hə! Elə bu.

POLİS:  Buyurun, burda imzanızı qoyun.

DƏMİR BƏY: İmzalamazdan  qabaq xahiş edirəm protokola əlavə edəsiniz ki, bu  köhnə sərinkeşi rəhmətlik Alxas öz əli ilə qoşmuşdu. O, kondisioner işlətmirdi, deyirdi ki, kondisioner onun ostexondrozuna pis təsir edir.

 EKSPERT: İşə bax, öz əli ilə. Çox nahaq eləyib.

DƏMİR BƏY: (mexaniki) Bu dünyada heç nə nahaq yerə olmur. (Protokolu imzalayır) Bu axşam mən düz iyirmi birinci dəfə imza qoyuram. (Polislərlə sağollaşıb qapıya yönəlir. Qapıda onu barmen saxlayır)

BARMEN: Təşəkkür edirəm. Siz bizim kafenin müstərilərinə oxşamırsınız. Məncə, siz yaxşı adamsınız.

DƏMİR BƏY: Özümü yaxşı adam kimi qələmə verirəm. Bəzən alınır.

BARMEN: (ümidlə) Zarafat edirsiniz?

 

(Dəmir bəy bir anlığa onun piştaxta dalında işləməyinə baxmayaraq hələ də sadəlövh olan gözlərinə baxır)

 

DƏMİR BƏY: Əlbəttə, zarafat eləyirəm. Salamat qal, oğul. Bundan belə də heç kimdən qorxma. Adamlardan qorxmaqdansa, onları sevmək daha təhlükəsizdir.

BARMEN: Bu sizindir (qara qovluğu Dəmir bəyə uzadır) Bayaq gördüm ki, siz hansısa sənədləri imzalayırdınız. Mən onları da başqa kağızlarla birgə bu qovluğa qoymuşam. Alxas müəllim daha yoxdur, ona görə də bu cür şeylər restoranda qalmasa yaxşıdır.

(Dəmir bəy bir anlıq düşünür. Qovluğu barmendən alır)

DƏMİR BƏY: Bəlkə də haqlısınız. Bu qovluğu burda qoymağa dəyməz. Evdə bunlara bir də diqqətlə baxmaq lazım gələcək.

 

(Sanitarlar Alxasın meyitini xərəkdə aparırlar. Arxalarınca polislər və ekspert qapıya sarı gedirlər)

Birdən orkestr gözlənilmədən ucadan şən hava çalır. Musiqiçilər anlaşılmaz bir coşğunluqla, hətta qeyzlə «Binqo»nu ifa edirlər. Alxasın meyiti olan xərək qapıdan çıxana qədər musiqi davam edir. Son akkordda hamısı qıyya vurub «Binqo! Binqo! Ça-ça-ça» deyə qışqırırlar.

 

 

ÜÇÜNCÜ ŞƏKİL

 

 

sevdanın mənzili.

Əri kresloda oturub jurnal vərəqləyir.

 

SEVDA: Elə istəyirəm ki, korrektorların maaşını artıraq. Əməkhaqları çox azdır. İşləri də yaman üzücüdür.

 

(Əri, razılıq əlaməti olaraq, başını yelləyir)

 

SEVDA: Artıraq?

 

Əri başını yelləməklə razılığını bildirir. Özünü məcbur eləyib jurnaldan ayrılır.

 

SEVDANIN ƏRİ: Mütləq. Hamısınınkını. Ayın 1-dən. Amma pul yoxdur. (Dəmir bəy ayağının ucunda uşaq otağından çıxıb, arxasınca qapını örtür)

DƏMİR BƏY: Yatıb, quzu kimi yatıb.

SEVDA: Ucadan danışa bilərsən. Uşaq otağına səs getmir. Sən gələnə qədər özündə deyildi, elə hey danışırdı ki, onu televizor, bir də Pakizə ləqəbli qara bir pişik olan bağlı otaqda  necə saxlayıblar, sonra da birdən gözünü yumub yuxuladı. Lap sənin kimi.(Qulluqçu Ziba daxil olur, əlində qara qovluq var)

 

ZİBA: Dəhlizdə idi. Mən bunu əvvəl görməmişəm.

DƏMİR BƏY: Apar, apar, mikrobludur, qoy hələlik dəhlizdə qalsın. Gedəndə götürərəm.

 

Qulluqçu qorxudan qovluğu yerə salır.

 

ZİBA: Nə mikrobu?

SEVDA: Atam zarafat eləyir. Mikroblu deyil.

DƏMİR BƏY: Hər ehtimala qarşı, yaxşı olar əllərini yuyasan.

SEVDA: Sənə deyirəm zarafat eləyir!

ZİBA: Eybi yoxdur. Əlimi bir dəfə də artıq yumaq mənim üçün çətin deyil. (paltarının ətəyi ilə tutaraq, qovluğu götürüb gedir)

DƏMİR BƏY: Fikirləşirəm, görürəm, düz eləməmişəm. Hər halda gərək tez-tez sizin işlərinizlə maraqlanaydım. Günü sabah nəşriyyatınıza gələcəm.

SEVDA: Əlbəttə, gəl. Görərsən, çox şey xoşuna gələcək onun. Sən inanmazsan ki, hərdən sənin məsləhətinə necə ehtiyacım olur, sənin rəyini bilməyi necə istəyirəm. Neçə dəfə Sabirə də demişəm. (ərinə müraciətlə) Düzdü, əzizim?

 

(O razılıq əlaməti olaraq başını yelləyir)

 

SEVDA: Sən heç təsəvvür eləmirsən ki, Alxas müəllimin bizə necə köməyi dəyirdi. O qədər yaxşılığı dəyirdi bizə… Hətta sifarişçilərlə danışıq aparmağı da tamam öz üzərinə kötürmüşdü. Çox işgüzar, çalışqan adam idi. Sən heç təsəvvür eləmirsən…

DƏMİR BƏY: Yox, niyə ki?! Ümumən, məncə təsəvvür eləyirəm.

SEVDA: Eliyirsən ey yəqin ki, amma tamam yox, ona görə ki, onun barəsində çox şeyi bilmirsən. O, daim işdə-gücdəydi. Heç bilirsən nə qədər bina tikib, Bakıda nə qədər müəssisə açıb. Ömrümdə ilk dəfə idi ki, o cür çalışqan, işgüzar və xeyirxah adama rast gəlmişdim. Cəmiyyətimizin elə adamlara böyük ehtiyacı var. Düz demirəm, Sabir?

 

(Sabir razılıq əlaməti olaraq başını yelləyir).

 

SEVDA: Mən səni çox istəyirmə, ata. Sən də bunu bilirsən. Sən ağıllısan, həssassan, çox biliklisən, bir sözlə, ziyalı adamsan. Alxas müəllim belə deyildi. Amma, di gəl, rəhmətlik insanlara nə qədər xeyir verirdi!

DƏMİR BƏY: Ona yas tutub ağlamaya bilərsən, Alxac əslində ölümsüzdü. Fiziki cəhətdən ölüb, amma əməlləri yaşayır. İnan qızım, artıq sabah onun yerini başqa bir Alxas… müəllim tutacaq.

SEVDA: Bağışla ata, amma sən haqlı deyilsən. Sən gözəl insansan, mən də fəxr eləyirəm səninlə. Bu cür ağlına, bu qədər əlaqələrinə baxmayaraq, səni ancaq öz işlərin, siyasət, bir də özün və dostlarınçün maraqlı olan məsələlər düşündürür. Mən çox üzr istəyirəm səndən, sən ancaq özünə qapılmısan, ümumin xeyri üçün heç nə eləmirsən. İnsanlara fayda verən işlərlə isə Alxas müəllim kimi adamlar məşğul olur. Düzdü, Sabir?

DƏMİR BƏY: (kürəkəninə) Hünərin var, başını yellə.

SEVDA: (kefi pozulur) Görürsən, incidin. Bağışla məni.

DƏMİR BƏY: Yox, yox. İncimirəm. Amma yaman dedin. Son illər mən özüm də elə bu barədə düşünürəm.

SEVDA: Nə barədə?

DƏMİR BƏY: Elə o dediyin barədə. İndii biz nə barədə danışırıqsa, 1991-ci ildə baş vermiş hadisələrin nəticəsidir. Elə bil dünən olub, amma əslində üstündən on beş il keçib. Sənin onda cəmi 9 yaşın vardı. Təbii ki, baş verənləri dərk edə bilməzdin. Sovet İttifaqı dağıldı, nəhəng imperiya tar-mar oldu. Onun ərazisində hərcmərclik hökm sürürdü. Hakimiyyət, demək olar ki, küçədə, ortalıqda qalmışdı, özünü demokrat adlandıran boşboğazlar onu ələ keçirdilər. Qazanc instinkti fövqəladə dərəcədə inkişaf etmiş bu cahil, oğru, yalançı adamlar «Azadlıq», «Bərabərlik», «Qardaşlıq» haykırtıları ilə əlləri çatan hər şeyi talan etdilər. Yeni pərəstiş obyekti yarandı: Pul! Məlum olanda ki, varlanmaq şansı yaranıb və buna görə adamı həbs eləmirlər, sosializm dövründə dilənçi maaşı alanlar hər cür üsulla pul qazanmağa başladılar. Sahibkarlıq damarı olan adamlar böyük sərvət topladılar. Çox vaxt da şərəflərini, təmiz adlarını qurban vermək hesabına.

SEVDA: Elə bu gün də hər şeyi onlar idarə edirlər. Sən isə kənara çəkildin.

DƏMİR BƏY: Elə mən də ondan danışıram. Bu gun qəribə gün oldu. Uşaq oğurlandı, keçmiş qonşum Alxasla görüşdüm. Bu gün bütün axşam boyu mənə başa saldılar ki, mən fərsizəm, yaşamağın yolunu bilmirəm. Gəldim bura, öz qızımdan da, demək olar, eyni sözləri eşitdim. Görünür kimin haqlı olduğunu götür-qoy eləməyin vaxtı  çatıb.

SEVDA: Mən heç vaxt səni fərsiz hesab eləməmişəm. (ərinə müraciətlə) Mən həmişə atam barədə sənə nə deyirəm, təkrar elə.

 

(Kiçik pauza müddətində Sevdanın əri nə isə demək üçün toparlanıb ağzını açmaq istəyəndə qapının zəngi ona mane olur. Otağa qulluqçunun müşayiəti ilə ev sakinlərinin artıq tanıdığı polis daxil olur)

 

POLİS: Gec gəldiyimə görə üzr istəyirəm. Bir neçə şübhəli adam saxlamışıq. İstəmədim onlar nahaq yerə səhərə qədər şöbədə qalsınlar. İlkin tanıma üçün onların fotoşəkillərini gətirmişəm.

SEVDA: Hər şey qaydasındadır narahat olmayın. Tanış olun, bu mənim atam Dəmir bəydir.

 

(Bir-birinə əl verirlər)

 

POLİS: İcazənizlə (stolun üstünə bir neçə fotoşəkil düzüb qulluqçuya müraciətlə). Bunların arasında uşağı oğurlayan adamlardan kimsə varmı?

 

(Ziba diqqətlə şəkillərə baxır)

 

ZİBA: Bu nədi gətirmisiz?  Bunların sifətlərinə heç baxamaq olmur; quldur, adamyeyənlərdi ki bunlar.

POLİS: Əminsiniz ki, bunların arasında oğrulardan heç biri yoxdur?

ZİBA: Əminəm, əminəm. Heç biri oxşamır. Şükür ki, onların üzü tamam başqa cür idi (gözünü şəkillərdən ayıra bilmir) Ay Aman! Başkəsənə oxşayırlar. Bunları haradan tapmısınız?

SEVDA: Dayan, bəlkə diqqətlə baxasan? Yadına sal, quldurlardan biri sənin dayın İsrafilə oxşayırdı. Bəs o biri? Yadına sal.

ZİBA: İki gündür elə ancaq bu barədə düşünürəm. İkincisi İsrafil dayımdan xeyli yaraşıqlı idi. Qartal baxışlı, ucaboy adam idi, bir suyu Polad Bülbüloğluna oxşayırdı. Amma ondan cavan idi, yəni demək istəyirəm ki, cavan idi. Ola bilsin ki, o oxuya bilmir, amma elə onun kimi yaraşıqlı idi.

SEVDA: Sən nə sayıqlayırsan, ay qız? Sən Eminçiki oğurlayan adam haqqında gör necə vəcdlə danışırsan? Eyib deyil?

ZİBA: Mübahisə eləmirəm, oğurlayıb, amma qaytarıb axı, özü də pulsuz-filansız. Deməli, o qədər də vicdansız deyil. Amma kənardan baxanda doğrudan da yaraşıqlıdır. Bəlkə elə ürəyi də yumşaqdır.

SEVDA: (polisə) Siz allah bağışlayın. Onun nə deyəcəyini mən heç vaxt əvvəldən bilmirəm.

POLİS: (ruh yüksəkliyi ilə) Hər şey qaydasındadır. Tanıma tam təlimat üzrə keçdi. Cinayətkarların axtarışını isə davam etdirəcəyik. Onları tapacağıq, şübhəniz olmasın.

 

Polis gedir. Qulluqçu da onun ardınca otaqdan çıxır.

 

SEVDA: Yox, dəhşətdir! Bu qız yırtıcı qulduru yaraşıqlı sayır, hələ üstəlik ürəyi yumşaqdır deyir. Bəlkə ona aşiq-zad olub?

DƏMİR BƏY: Hamı sənin kimi insan sərrafı ola bilməz ki!

SEVDA: Aydındır. Sən Alxas müəllim barədə fikrimlə razı deyilsən. Ona görə ki, sən onu pis tanıyırsan. Hə, sözün yarımçıq qalmışdı…

DƏMİR BƏY: Nədən danışırdım?

SEVDA: Nə üçün dövlətli olmadığını izah edib qurtarmağa az qalmışdı.

DƏMİR BƏY: (gülümsəyir) Afərin! Həyatda, elə adamlar var ki, qismətlərində varlı olmaq yoxdur. Onlardan biri də sənin atandır. Qarışıq zamanda adamların çoxu bulanıq suda balıq tutmaqla varlandılar. Elmlər Akademiyasında çalışan bir çox vicdanlı insanlar, ölkənin ən yaxşı alimləri isə həmin vaxtlar başa düşürdülər ki, bu böhranda heç olmasa elmdən qalanları gələcəkçün qoruyub saxlamaq həyati əhəmiyyətə malik bir məsələdir. Onlar elə bununla da məşğul oldular. Mən də onlara qoşuldum və bu günə qədər taleyimə minnətdaram ki, onlar məni öz sıralarına qəbul elədilər. Hesab eləmirəm biz boşda qaldıq. Biz istədiymizə nail olduq.

SEVDA: Çox gözəl. Siz o qarışıq zamanda ağ əlcəklərinizi çıxarmadız. Çünki elmimizi qoruyub saxlamaq kimi nəcib məqsədiniz vardı. Amma sizinlə yanaşı saysız hesabsız başqa adamlar da – ali idealları olmayan, sadəcə normal insan kimi yaşamaq istəyənlər də vardı axı. Sabir kimi, onun atası kimi adamlar? (ərinə müraciət edir). Düz demirəm?

SABİR: (başını yelləyir) Əlbəttə, düz deyirsən. Elmlə məşğul olmaq asandır. Çünki təhlükəli deyil. Amma mənim atam çox ağır, həmdə təhlükəli sahədə işləyirdi – baytar idi. İki dəfə quduz it dişləmişdi onu, bir dəfə də çox həyasız yekə bir qaz gözünə dimdik atmışdı. Amma nə olsun, bu gün qonşuluqdakı uşaq dəlləyi qədər pensiya alır.

SEVDA: Qaz dedin yadıma düşdü, indiki kimi yadımdadır, on il bundan əvvəl mənim atamı Pirşağıda ilan sancmışdı – ilan ilandı ey, ev qazı döyül səninçün.

DƏMİR: (yüngülcə gülümsəyərək) Yox, sən düz demirsən. İlan elə ona görə ilandı ki, bastalayanı sancsın. Bu çox adi bir şeydi. Amma it öz həkimini dişləyəndə, nankor qaz onun gözünə dimdik atanda, əlbəttə, adama toxunur. Bu məsələdə mən Sabirnən razıyam… Oğlum, indi atan özünü necə hiss eləyir? Gözü salamatdımı?

SABİR: Çox sağ olun, elə bir şikayəti yoxdu. Gözü də lap yaxşı görür.

DƏMİR: Əla. O ki, qaldı pensiya məsələsinə, məncə, bu yaxınlarda pensiyaları da qaldıracaqlar. Bayaq mən sadəcə demək istəyirdim ki, qarışıq zamanda biz öz işimizlə gücümüzlə məşğul olurduq, amma Alxac müəllim kimi bir çox zirək işbazlar əl girən bütün sahələri uzun müddətə qamarladlılar.

SEVDA: Ata, Alxas müəllimin bura nə dəxli var? Sən özün dedin ki, ölkə artıq bu xəstəlikdən sağalıb!

DƏMİR BƏY: Mən «sağalır» dedim.

SEVDA: Məgər gözlədiyiniz yaxşı günlərin artıq gəldiyi hiss olunmur? Ölkə dilənçi vəziyyətindən çıxıb, pulu aşıb-daşır. İndi elmə də, incəsənətə də, hər şeyə pulumuz çatar. Sabah ölkənin sərvəti bundan da çox olacaq. Deməli, indi hər şey öz qaydasındadır. Sən bundan məmnun deyilsən?

DƏMİR BƏY: Sən bilirsən «millətin qaynayan təbəqəsi» nə deməkdir? Bu, vətəndaş cəmiyyətinin ən fəal təbəqəsidir. Həmin təbəqə cəmiyyətdəki bütün peşələrin nümayəndələrindən ibarət olur. Burda yeganə meyar bu təbəqəyə daxil olan adamların mütləq yüksək keyfiyyətli adamlar olmasıdır.

SEVDA: Bu «yüksəkkeyfiyyətli» dediyin adamlar kimlərdir?

DƏMİR BƏY: (gülümsəyir) Bunlar qaynayan təbəqəni təşkil edən insanlardır. Bunun başqa təyini yoxdur. Yalançı demokratiyanın tüğyan elədiyi o qarışıq dövrdə «qaynayan təbəqə»yə çoxlu dələduz soxulmuşdu. O bu günün özündə də onlardan tamam təmizlənməyib. Hər şeyi zaman həll edir.

SEVDA: Sənin dediyin qaynayan təbəqə ən yüksək keyfiyyətli insanlarla yenidən canlanacaq. Amma onun gələcək tərkibindən asılı olmayaraq, əminəm ki, sən elə indinin özündə də başqalarının gücü çatmayan işlər görə bilərsən.

DƏMİR BƏY: Hər halda həyata marağımı itirmə-mişəm. Gələcəkdən də sərvət yox, maraqlı hadisələr gözləyirəm. Bilirsən niyə? O adamlar varlı olmaq istəyirlər ki, onlar özlərini yoxsul hiss edirlər. Mənsə özümü heç vaxt kasıb hiss etməmişəm, nə cavanlıqda, nə də indi. Sənə özüm haqqında danışdıqlarım deyəsən səfehlik kimi görünür.

SEVDA: Heç də yox, bunların nəyi səfehlikdir? Anam deyəndə ki, mənim atam dünyada ən güclü, ən ağıllı adamdır, həmişə onunla razılaşmısam. (ərinə müraciətlə) Razılaşmışam, elə deyil?

 

Əri razılıq əlaməti olaraq başını yelləyir.

 

DƏMİR BƏY: (Sevdaya) Səninlə birlikdə dördəlli çalmağımız yadındadır?

 

(Sevda və Dəmir bəy royalın arxasında əyləşib «Binqo» çalırlar. Qulluqçu yüyürərək otağa girir)

 

QULLUQÇU: Uşaq oyanar!

 

Royal dərhal susur. İşıq sönür. İşıqlanmış ön səhnəyə «Final» restoranındakı orkestr çıxır və dərhal Sevda və Dəmir bəyin yarıda kəsdikləri melodiyanı elə həmin notdan davam etdirir.