Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

ƏSAS VERSİYA

Bakının gecə həyatından səhnələr

 

– Bütün ölkələrin demokratları birləşin və heç vaxt, heç zaman bir-birinizdən ayrılmayın! – Raf Lənkəranski ayağını yerə vurub, öz məşhur zil səsilə qışqırdı və kabinetin pəncərəsindən bayırda eşidilən əks-səda gecə qaranlığında dəhşət içərisində donub qalmış qəbirstanlıq üzərində dalğa-dalğa yayıldı.

Sonra həmişəki kimi, mehriban dostluq şəraitində qrant-ların paylanılması işi davam etdirildi. Otağa Bakı şəhərindəki sarı mətbuatın qaymaqları toplaşmışdı. Üç qəzetin – “Vedo-mosti”, “Bakinskiye vedomosti” və “Realnı Azerbaycan” qəzetlərinin təmsilçiləri  “Bütün Azərbaycanı çirkaba batırırıq” mövzusunda keçirilən diskusiyada daha fəal iştirak edirdilər. “Realnı Azerbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin nitqi, hətta bütün natiqlərin gözəl çıxışları fonunda, son dərəcə parlaq alındı. O, diskusiya təşkilatçılarını bədbəxt, qanı əvəzinə öz neftinə bulaşmış doğma Vətənin ümidsiz bü günü və qaranlıq gələcəyi barədə öz bəlağətli mühakimələrilə sevindirdi. Təşkilatçıların və iştirakşıların fikrincə, disskusiya məhsuldar keçdi, pullar hesablanıb, ciblərdə etibarlı şəkildə gizlədildikdən sonra isə   qrantomanlar bir-birilə daha da doğmalaşdılar, əl-ələ verib, sözləri və musiqisi bəstəkar Andron Qrossa aid olan yeni “Narıncı Beynəlmiləl” kantatasını ifa etməyə başladılar.

Ruşana Vulqarislə Bella Zakirits  kantatanın ifasında iştirak etmədilər. Rəfiqələr otağın bir küncünə çəkilib, əvvəlcə Lənkəranski tərəfindən bir balaca gəmirilmiş qrantı bölüşdürürdülər.  Haqq-hesabda sözləri çəp gəldiyi üçün az qala  dalaşacaqdılar, amma elə bu anda  Eynulla Fətullayev onlara yaxınlaşdı və onlardan, özü çıxandan on dəqiqə sonra digər iştirakçılara hiss etdirmədən, onun ardınca bayıra çıxmalarını xahiş etdi.

Ruşana Vulqarislə Bella Zakirits küçəyə çıxan kimi barışdılar, həmişəki kimi, əbədi olaraq dost qalacaqları barədə bir-birinə and içdilər. Eynulla onları qəbirstanlığın girəcəyində gözləyirdi. Əlində ucu yaxşı-yaxşı yonulub şiş kimi itilənmiş ağcaqovaq payası və təptəzə bel vardı. Birlikdə, tapdanmış çığırla, adətkərdə olduqları üçün  məşhur bir qəmli mahnını bir ağızdan pəsdən oxuya-oxuya, Naməlum jurnalistin məzarına doğru yollandılar. Birdən qəbirstanlığın işıqları söndü. Eynulla oxumağına ara vermədən, cibindən fənərini çıxardı, yollarına davam etdilər. Zülmət qaranlıqda qəflətən Azərbaycan hökumətinin  xarici və qismən də daxili siyasətinə qarşı etiraz əlaməti olaraq, hər gecə qəbirstanlıqda qəbirləri eşməklə məşğul olan islahatçı radikal demokratın qorxunc çığırtısı eşidildi. Bir neçə dəqiqə keçməmiş islahatçı demokrat qaranlıqdan sıçrayıb əsas çığıra, onların önünə atıldı. Onun şişman, saxta demokrat cəmdəyi tir-tir əsirdi, gözləri bərəlmişdi, ağappaq ağarmış sifətindən lomba-lomba tər süzülürdü. Əlində istehkamçılara məxsus xırda kürək bel və bir də çəkic vardı. Köhnə tanışlarını görən kimi islahatçı demokrat özünə gəldi və qorxusunu canından tamam çıxarmaq üçün Ruşana Vulqarisi qucaqladı. O isə bu bomboş, lət də olsa, zahiri əlamətlərinə görə əməlli-başlı kişi bədəninin təmasını öz üzərində duyar-duymaz,  adəti üzrə dərhal, öz işinin ustası kimi ehtirasla ona sarıldı. Elə bu zaman ay qara buludların arxasından çıxdı. Onun işığında demokratın hansısa hərəkəti Eynullanın xoşuna gəlmədi. 

– Qıza əl vurma, səni dişləyə bilər, – sərt dedi. – Beli isə bura ver, o da bizə lazım olacaq.

– Nə üçün?

– Tez olmaq üçün,  – Eynulla dumanlı şəkildə izah etdi. – Sən niyə belə bərk qoxmusan? Elə bil indicə Amerika səfirliyinin qapıçısına tapşırıblar ki, sənə verdiyi aylıq yardımı kəssin, bir də səni səfirliyin qapısına buraxmasın.

– Məlumun olsun ki, o qapıçı mənim yaxın dostumdu, istənilən vaxt səfirin şəxsi drayverindən mənim xahişimi etməyə hazırdır, – islahatçı demokrat qürurla dedi. – Yeri gəlmişkən, o mənə deyib ki, bizim partiyanın təkmilləşdirilmiş proqramı amerikalıların çox xoşuna gəlib. Bundan başqa...

– Yaxşı, onu blirik, bilirik, – Eynulla onu başından elədi. – Axı sən nədən  belə bərk qorxmusan? Bir özünə bax, cinayət işləri üzrə korrupsiyaya bulaşmamış müstəntiq tərəfindən istintaqa çağrılan narıncı “cəbhəçi” kimi tir-tir əsirsən.

– Danışmağa nə var! Mənim yerimdə sən olsaydın, onu öz gözlərinlə görsəydin,  o dəqiqə şalvarını batırardın, – islahatçı demokrat  mızıldandı.

– Axı bu qaranlıqda sənin gözünə nə görünüb ki?

– Gözümə görünməyib. İnanırsan inan, inamırsan da inanma, mən elə indicə naməlum jurnalistin dip-diri adammış kimi qəbirdən çıxdığını öz gözlərimlə gördüm, yanıma gəldi, hönkür-hönkür ağlaya-ağlaya onu necə xəyanətlə qətlə yetirdiklərini bitdə-bitdə mənə danışdı.

Eynulla ilə Ruşana bir-birinin üzünə baxdılar.

– Bəs sən onu necə tanıdın?

– Necə tanıdım nədi? O ki, şəxsən özüydü!

– Ətraflı danış! Görünüşü  necəydi? – Eynulla tələb etdi.

– Həmişəki kimi. Yalnız bütün bədəni içəridən tünd mavi rəngli işıq saçırdı. Gözləri də elə bil lazer fənərləriydi, insanın iliyinəcən işləyirdi. Ancaq elə bərkdən hönkürürdü ki, bədənimə vicvicə düşdü.

– Bu xırda şeyləri bir kənara burax. De görək o nə deyirdi?  Çalış, bircə kəlməsini də yadından çıxarma!

– Təsəvvür edirsən, heç nə yadımda qalmadı, yarım saat danışdıq, amma mənim yadımda heç nə qalmadı. O qədər bərkdən hönkürürdü ki, nə dediyini də yaxşı anlaya bilmirdim,  – islahatçı demokrat gözünü yoğun, ucu şiş payadan çəkmədən səmimi bir səslə dedi. – Bilirsən, özü də ağlayanda onun gözlərindən yaş yox, qan axırdı.

–  Bax, əgər özünü yalandan yaddaşsızlığa vursan, nəyisə gizlədib bizə deməsən,  sənin kimlərlə cükküldəşdiyini elə bu gün dayıma çatdıracam. Sənin bütün müştərilərin barədə bildiklərimi ona xəbər verəcəm. MKİ haqqında, İran təbliğatçıları haqqında. İstanbuldan olan səxavətli iqtisadi casuslar haqqında. Başa düşdün məni? Redaksiyada sənin haqqında o qədər məlumat toplanıb ki, bilmirik hara yığaq!  Sən heç nə vaxtsa düşünmüsən ki, mən nə üçün olmazın əziyyətlər, xərclər hesabına hər beş ildən bir dayımı Milli Məclisə deputat göndərirəm?  Heç düşünmüsən?

– Yəqin ki, bunun çox ciddi bir səbəbi var, – demokrat-goreşən çiyinlərini dartdı.

– Düz deyirsən. Bir yox, çox səbəbi var. Və onlardan biri də hakmiyyət strukturlarındakı lazımi adamlarla əlaqə yarada, onlara yol tapa bilməkdir. Elə adamlara ki, onlar mənim yolumu kəsməyə çalışan sənin kimi cüvəllağıları qanuni qaydada səssizcə aradan qaldırmaq imkanına malikdirlər.

Sənin o defektli dayını yaxşı tanıyıram, islahatçı demokrat ürəyində, öz-özünə dedi, əclafın biri olsa da,  heç olmasa bacısı oğlu kimi qatil deyil. Dayının parlamentdə olması sənə ona görə lazımdır ki, bir gün ağzına buruntağ keçiriləndə, yəni həbsə göndəriləndə sehirli çubuq kimi işə düşüb səni xilas eləyə bilsin.

– Dayının bura nə dəxli var? – islahatçı demokrat səsinin ahəngini yumşaldıb dedi. – Özü də heç kim sənin yolunu-zadını kəsməyə çalışmır.  Səninlə mənim aramda nə gizlin iş ola bilər? Necə var elə də deyirəm, anam canı. O, göz yaşı tökə-tökə dedi ki, onu ən yaxın adamları öldürüblər.  Yəni qətlini yaxın adamları sifariş verib, – demokrat qurumuş dodaqlarını yaladı.

– Bəsdi, bizi azdırmağa çalışma! Açıq de görək, kimdi axı bu yaxın adamlar?

– Kimdi bu yaxın adamlar?! O mənə elə belə də dedi, dedi ki, onun qətlini siz, səninlə Ruşana sifariş vermisiniz, – islahatçı demokrat əsəbi-əsəbi hırıldadı. – Elə beləcə də dedi: Eynullayla Ruşana. Dediyinə görə, ona nifrət etdiyinizi, ona həsəd apardığınızı özü yaxşı bilirmiş, amma ağlına belə gətirməzmiş ki, siz, – yenə də onun öz sözlərilə deyirəm, – heç nəyə yaramayan, iyrənc həşəratlar onu öldürməyə cəsarət edərsiniz.  Deyir ki, o gecə bütün azad mətbuat üçün amerikan “ictimai” təşkilatlarından aldığı pulları siz götürmüsünüz, yaşıl dollarla dolu keysi elə blokda, mənzilinin qapısı ağzında siz əkişdirmisiniz. Necə deyərlər, hələ soyumamış meyidin əlindən dartıb qopartmısınız.

– Ümidvaram ki, bütün bunların dəlilsiz-subutsuz sayıqlamalar olduğunu  özün yaxşı başa düşürsən? – Eynulla qaş-qabağını turşudub dedi.

– Əlbəttə, əlbəttə, – islahatçı demokrat təlaşa düşdü. – Əlbəttə ki, bu, təmiz sayıqlamadı. Öz aramızdır, bunu mən elə birbaş onun üzünə də dedim, dedim ki, başa düş, sənə heç kim inanmaz, çünki sən bu işdə maraqlı şəxssən, bu səbəbdən, qanuna görə, obyekyiv şahid hesab edilə bilməzsən. Qanunu bilmək lazımdı.

– Ay sağ ol, – Ruşana Vulqaris onunla razılaşdı.

Ancaq islahatçı demokratı  daha çox Eynullanın fikri maraqlandırırdı.  O isə susurdu.

Necə ki, başım salamatdı, burdan təcili əkilmək lazımdı, islahatçı demokrat düşündü. Eynullanın əlindəki bir ucu şiş paya getdikcə onun sinirlərinə daha pis təsir göstərməyə başlamışdı.

– Uşaqlar, əmin ola bilərsiniz ki, mən bu barədə heç kimə heç nə  danışmayacam, – o, təntənəli şəkildə dedi.

– Xox, qorxduq səndən! Gözlə! Mən  dəqiq bilirəm ki, sən heç kimə heçnə deməyəcəksən. – Eynulla bic-bic gülümsündü. – Bizdə olan məlumatlara görə o, təxminən bir həftə bundan qabaq gecələr qəbirdən çıxmağa başlayıb. Birinci gecə  qəbiristanlığın qapısında, ələkeçməz qəbireşənin ovuna çıxmış polislə, yerli sahə müvəkkili ilə rastlaşıb. Ona da, sənə danışdıqlarını danışıb. Sahə müvəkkili səhər tezdən öz şöbəsində həmin gecə görüşü barədə müfəssəl məlumat verib, deyib ki, bəs jurnalistin qətlinin sirri açılıb, öldürülən adam müqavilə əsasında ifadə verməyə hazırdır və şöbə rəhbərliyini növbəti gecə mərhumla görüşmək üçün qəbiristanlığa baş çəkməyə dəvət edib. Rəhbərlik bu dəvəti nəzakətlə, demək olar ki, incə bir şəkildə rədd edib və elə həmin gün sahə müvəkkilini tbbi ekspertiza keçirmədən təqaüdə göndəriblər – yaxşı ki, yaşı düşürmüş. Və ona məsləhət görüblər ki, polisi təxribat xarakterli şayiələr yaymaqda şübhə altına soxmamaq axşamlar evdən bayıra çıxmasın. Sənin başına isə bundan da pis şeylər gələ bilər. Partiyadaşların sənin xəyalatla gecə söhbətlərin barədə eşidən kimi, gözünü qırpmağa macal tapmamış, bir də görəcəksən ki, səni bir-iki həftəliyə Maştağadakı ruhi xəstəxanaya göndəriblər, cavan karyeristlədən biri də keçib oturub sənin kreslonda. Mən sənin susacağından o dərəcədə əminəm ki, hətta bura nə üçün gəldiyimizi də  açıb danışa bilərəm. Biz bura sənə məlum olan o qəbirə paya soxmaq üçün gəlmişik. Profilaktika naminə. Biz bu payanı o qəbirə soxandan sonra rəhmətlik dostumuz  bir daha gecələr öz sarsaq söhbətləri ilə camaatı çaş-baş salmayacaq, biz də xoşagəlməz şayiələrdən qurtulacağıq.

– Əla! Belə bir maraqlı üsul barədə ömrümdə eşitməmişdim, – islahatçı demokrat yaltaq səslə dedi. – Yaxşı işləyir?

 – Çox yaxşı, – Eynulla dedi. – Qədim xalq inancına uyğun olaraq. Biz indi baş daşını söküb yerindən çıxaracağıq, bax, bundan sonra, Beloçka, sən bu payanı ora soxacaqsan. Al!

– Mən niyə? – Bella Zakiritsa dərhal əlini payadan çəkdi.

– Çünki qaydaya görə, payanı qəbirə qətllə heç bir əlaqəsi olmayan adam soxmalıdır. Bizim aramızda isə belə bir adam məhz sənsən. Elə deyil?

Bella Zakiritsa Eynullanın qoluna girib onu kənara çəkdi.

– Voleybulla, əzizim, – o, pıçıltıya dedi, – özün bilirsən ki, mən sənin bir sözünü heç vaxt iki eləmərəm, amma inan, bu xahişini heç cür yerinə yetirə bilmərəm. Mən çox qorxuram ki, sənin bu xahşini yerinə yetirmək...

– Bu xahiş deyil, tələbdir, – Eynulla sərtləşdi. – O bizim həyatımızı tərk edəndən  sonra necə gözəl yaşadığını yadına sal. İndi sənin öz qəzetin var, istədiyini yazırsan, mövzuları da özün seçirsən. Və buna görə də səni heç kim əvvəlki kimi təhqir etmir. Bu gün nəyin varsa, hamısını mənim hesabıma qazanmısan. Bunu unutma. Bundan əlavə, sən hələ başqa bir qəzetdə də mötəbər vəzifə daşıyırsan. Yadından çıxarma ki, “Nezavisimaya qazeta”ya səni mən düzəltmişəm.

 – Sən nə xeyirxah adammışsan, mənim heç bundan xəbərim yoxmuş ki, – Bella artıq özündən çıxmış halda dedi. – “Nezavisimaya qazeta”da mənim nə ölümüm vardı, mən yalnız öz qəzetimlə məşğul olmaq istəyirdim. Sən məni ora soxuşdurdun ki, Rasim Ağayevə göz qoyum. Gör neçə aydır mən onun bəzi moskvalı, peterburqlu azərbaycanlılarla telefon danışığını lentə yazıb sənə  ötürürəm. Yeri gəlmişkən, “Nezavisimaya”nın əməkdaşları hələ indiyə kimi də başa düşə bilmirlər ki, onların qəzetini nə üçün  bağlamaq istəyirlər.

 – Mən sənin bütün bu mənasız sözlərini səbrlə dinlədim, indi isə sən məni dinlə, – Eynulla dəmir kimi cod səslə dedi. – Ya indi sən bu payanın köməyi ilə bizim o dünyalı dostumuzdan qurtulmaqda  mənə yardım edəcəksən, ya da  mənim hesabıma nə qazanmısansa, hamısını əlindən alacam, sən yenə də əvvəlki kimi yoxsulluq içində, onun-bunun təhqirləri altında yaşayacaqsan. Əvvəlki kimi yenə də öz sarsaq yazılarının heç olmasa balaca bir divar qəzetində çap etdirmək arzusu ilə yanıb yaxılacaqsan, halbuki, maşallah, bu gün o zir-zibillərini mənim sənə bağışladığım qəzetdə gen boluna dərc eləyirsən.  Sən gərək... – sözünü axıra çatdıra bilmədi, əsəbindən cilov gəmirən Bella Zakiritsa  tamam özündən çıxdı.

– Lənətə gəlmiş alfons! – Bella elə bərkdən çığırdı ki, Ruşana yerindən dik atıldı  və hər cür təsadüfdən qoruna bilmək üçün ikinci dəfə  ehtirasla “demokrat”a sarıldı. – Bir buna baxın, Rəfail Allahverdiyevin xalasına evlənib, merin var-yoxunu, bütün pullarını min bir fırıldaqla ələ keçirib, indi də özünü elə aparır ki, elə bil Bakının meridir, ya da istedadlı bir jurnalistdir. Harda gəldi öyünür ki,  nə istəyir onu da eləyə bilər, guya hamı ondan qorxur, guya artıq elitar cəmiyyətin öz adamı olub. Yox, elə şey yoxdur. Elita səni qəbul eləməyib, hətta heç kandarına da buraxmır, o, sənin  hamının nifrət etdiyi təhlükəli bir satqın, alfons olduğunu yaxşı bilir. Düzdü, sən varlanmısan, amma elə onun vaxtındakı kimi, – Bella əli ilə naməlum jurnalistin qəbrini göstərdi, – qorxağın, əclafın, istedadsızın  biri olaraq qalmısan. Bəli, sən indi kefin istəyən kimi at oynadırsan. Amma indi o vaxtları – onun, bütün redaksiyanın gözü qabağında, səni əlindəki hisdə qurudulmuş, bu payadan da möhkəm, iri kütüm balığı ilə təpənə-təpənə necə döydüyünü də yadına salsan yaxşı olar...

Bu dəqiqə ən yaxşısı bu qızın ayağına güclü bir təpik ilişdirib onu yerə sərmək olardı, amma Eynullanın buna cəsarəti çatmadı, çünki hiss etdi ki, Bella qəzəbindən ağlını itirmək həddinə çatıb. Belə hallarda onu cilovlamaq namümkün iş idi. Jurnalda yazılanlardan hiddətə gəlmiş oxucular redaksiyaya hücüm çəkib  əməkdaşlarla əlbəyaxa olanda baş redaktor  Bella Zakiritsanı onların üstünə salırdı. O da, gözləri cin kimi parıldaya-parıldaya, sakitcə ən fəal etirazçının üstünə yeriyir, badalaq vurub  döşəməyə yıxdıqdan sonra o bədbəxtin bədəninin üzdə olan bütün əzələ çıxıntılarını vəhşi bir nəriltiylə gəmirməyə başlayırdı. Bircə qulaqlarından savayı, nədənsə qulaq onun xoşuna gəlmirdi. Etirazçılar dərhal dəhşət içində qaçıb dağılışar, hətta yaralı  həmkarlarının geri verilməsini belə gözləməzdilər. Bella Zakiritsanı yalnız rəhmətlik köhnə baş redaktor dayandıra  bilirdi, belə anlarda o, “Bella, tam abzas!” deyə qışqırar və onun başına bir çölmək üzüm sirkəsi tökərdi. Buna görə də indi Eynulla onu sakitləşdirə bilmək üçün səsinin ahəngini yumşaltdı.

– O, kütüm yox, balaca bir çapaq balığıydı, – ehtiyyatla on xatırlatdı.

– Yox, yox, kütüm idi, özü də lap yekəydi, sonra biz, bütün redaksiya əməkdaşları onu birlikdə gücnən yeyib qurtara bildik. Çapaq balığını isə başqa bir vaxt, səni pivə dalınca göndərəndə, sən də ona Bavariya pivəsi əvəzinə Efes pivəsi alıb gətirəndə gözünə soxdu, hamının gözü qabağında, rəhmətliyin Efes pivəsindən heç xoşu gəlməzdi. Gözünə soxurdu, sən də mızıldana-mızıldana, təkar-təkrar üzr istəyirdin, sonra da burnunun qanı kəsmək bilmədi. Amma indi sən bizimlə onun kimi rəftar etməyə başlamısan. Amma sən o deyilsən! Heç onun dırnağı da ola bilməzsən. Bütün qüsurlarına baxmayaq, o, hər halda, şəxsiyyət idi, mənfi xarakterli olsa belə, şəxsiyyət idi, sənsə, xırda sandıq tulasından başqa bir şey deyilsən, ömrünün axırınacan da o cür qalacaqsan! Səndən güclülülər səni həmişə  pivə dalınca gödərəcək, hisə verilmiş kütümlə başına döyəcək, quru çapaq balığını gözünə soxacaq. Sən mənə qəzet baığşlamısan!  Eləmi? Heç utanmırsan? Qəzetlərin üçünü də, maşını da biz eyni vaxtda, onun dəfnindən bir həftə sonra almışıq. Özü də o keysdəki pula. O pula sənin qədər mənim də haqqım vardı. Unutma, savadsız küçük, sənin məqalələrini həmişə mən redaktə eləmişəm, onları zir-zibildən mən təmizləmişəm. Gözümün içinə bax! Bunu mən eləmişəm – Bella Zakiritsa! Yadından çıxarma! Buna bax, mənə qəzet bağışlayıb! Onu mən özüm götürmüşəm!

Məhz bu anda islahatçı demokrat özü üçün yaxşı fürsət düşdüyünü hiss etdi. Ruşananın  möhkəm qolları arasından birtəhər sıyrılıb, şalvarını və saçlarını qaydasına saldı, sonra əli ilə işarə edib, ağzını açmaq istəyən Eynullanı dayandırdı.

– Dayanın! Xahiş edirəm, bir hövsələ eləyin! Siz bir-birinizlə dalaşamamalısınız. Özünüzə gəlin. Bu gün Bakının bütün düzgün oriyentasiyalı jurnalistləri sizə həsəd aparır. Onlar sizə qibtəylə, ümidlə baxırlar. Onlar sizə,  sizin “İrrealnı Azerbaycan”, “Bakinskiye vedomosti”, “Vedomosti” qəzetlərinizə heyran qalıblar. Siz ağzından mənasız, kinli köpük fışqıran, sarı sarğı kağızında çap olunan bir jurnalın əvəzinə, müasir dizayna və məzmuna malik üç qəzet buraxırsınız. Bu gün ölkədə sizin tayınız-bərabəriniz yoxdu. Yalnız siz, heç bir cəzaya məruz qalmadan, nazirləri, hər rütbədən olan dövlət məmurlarını, ədəbiyyat və incəsənət xadimlərini çirkaba batıra, təhqir edə bilərsiniz. Son doqquz ayda çox fenomenal, unikal uğurlar qazanmısınız. Sizin qəzetlər isti piroq  kimi  bir dəqiqənin içində satılır. Sizin qəzetlərin hər təzə nömrəsi dövlətin təməl sütunlarını yerindən oynadır, vətəndaşların qəlbində dərin şübhə, bəzən isə dəhşətli qorxu oyadır. Siz bu gün çox məharətlə gənclərin arasında nihilizm, ümidsizlik toxumu səpə bilirsiniz , biz də səbrlə bu toxumların haçan cücərəcəyini gözləyirik. Heç kim sizə gözün üstə qaşın var deməyi  belə ağlına gətirmir, çünki həmişə  birinci hücum edir, birinci günahlandırırsınız. Düzdü, arabir sizi də məhkəməyə verirlər, amma kiminsə sizi cəzalandırmaq üçün göstərdiyi bu cür cılız cəhdlər yenə də sizin xeyrinizə işləyir, hətta mövqelərinizi daha da möhkəmlədir, bu da savadsız tərtib olunmuş qanunların nə qədər gücsüz olduğunu göstərir və biz də elə hakmiyyətə gələn kimi  bax, o qanunları dəyişmək istəyirik. Bu cür böyük bir uğura siz öz gücünüzlə, sözün əsl mənasında, öz əməllərinizlə nail olmusunuz. Məhz bu ali məqsəd naminə siz əl-ələ verərək, özünüzlə azadlıq, azadlıqla  tərəqqi arasında keçilməz bir səddə çevrilən avtoritar baş redaktorunuzdan qurtulmaq qərarına gəlmisiniz. Onun hakmiyyəti dövründə sizin hər cür yaradıcılıq azadlığınız boğulur, istənilən təşəbbüskarlıq təqib olunurdu. Qatı bir islahatçı demokrat kimi, mən sizə bəyan edirəm ki, onu aradan götürməklə siz, azadlıq əldə etməyin ən düzgün yolunu seçmisiniz. Əgər bu qətiyyətli addımı vaxtında atmasaydınız, siz, doqquz ay bundan qabaq olduğu kimi, indi də avtoritar rəhbərin iradəsinin, heç kimin tanımadığı ən sıravi,  bəlkə də ikinci, yox, lap elə üçüncü dərəcəli icraçıları olaraq qalacaqdınız. İndi də sizi tiran redaktorun istismar etdiyi bədbəxt qullar adlandıracaqdılar. Ən başlıcası da odur ki, ölkədəki demokratik hərəkat üçün faydasız bir yük olacaqdınız. Amma siz   hal-hazırda birləşmiş antiazərbaycan qüvvələrinin avanqardı, onun şərəfi və qürurusunuz. Mən bizim xarici dostlarımıza fəxrlə məlumat vermişəm ki, siz üçünüz bizim ölkəmizdə Narıncı Beynəlxalq Beynəlmiləlin ən fəal iştirakçılarısınız. Doqquz ay bundan qabaq baş verən hadisəni qətl adlandırmaq heç də düzgün deyil. Nəinki düzgün deyil, həm də cahillik, savadsızlıqdır. Bu hadisənin ən layiqli adı, cəmi bircə insan ölümüylə nəticələnən üç rəngli inqilabdır. Bu bir zərurət idi, onu dərk etməmək kobud bir yanlışlıq olardı. Siz hər üçünüz demokratik dəyişikliklərin ən ümdə liderlərisiniz!  Siz cəmi doqquz ay ərzində kasıbçılıqdan yaxa qurtara, rifah və zənginliyin simvoluna çevrilə bilmisiniz və bu da düzgün oriyentasiyalı Bakı jurnalistləri üçün ən vacib stimul olub. Buna görə də indi siz dalaşmalı deyilsiniz. Bizim gücümüz birlikdədir! – islahatçı demokrat elə hey danışmaq, danışmaq istəyirdi, amma Eynulla onun sözünü kəsdi.

– Bir azdan hava işıqlanacaq, amma biz hələ heç nə eləməmişik., – o, qaşqabaqlı halda dedi.

– Məndən əlini üz, – Bella Zakiritsa acıqlı-acıqlı dedi.

– Nə lazımdı mən eləyərəm, – islahatçı demokrat təklif etdi. – Təkcə siz dalaşmayın!

– Çox sağ ol, – Eynulla sevindi. – Sən əsl dostsan. Al payanı. Başlayaqmı?

İslahatçı demokrat sınayıcı nəzərlərlə Eynullanı süzdü.

– Sənin bu qədim xalq ayinini burda tətbiq etməyə heç bir lüzum yoxdur. Çünki o, Bakıdan çıxıb gedir, – islahatşı demokrat şəstlə dedi. – O mənə dedi ki,  bir də Bakıya qayıtmaq fikrində deyil, çünki burda onu ən yaxın adamları satıblar, bu da ona heç cür rahatlıq vermir. Artıq onu burda saxlayan elə bir şey qalmayıb. Dedi ki, bir də Bakıya heç vaxt qayıtmayacaq.

– Doğrudan, – Eynulla mənalı-mənalı dedi. – Mən onun daxilən çox sentimental adam olduğundan həmişə şübhələn-mişdim. Amma o bunu çox məharətlə ətrafındakılardan gizlə-dirdi.

– Onu bilin ki, mən həqiqətən də sizə heyranam, – islahatçı demokrat vidalaşarkən növbə ilə Eynullanın, Ruşananın, Bellanın əlini sıxdı və həqiqətən də, onun gözlərində böyük bir sevinc və heyranlıq var idi. – Niyəsini də deyim. Rusiya Jurnalistlər İttifaqının məlumatına görə, son on ildə 200-dən çox jurnalist öldürülüb. Çox böyük rəqəmdi, elə deyil? Bütün dünyada təkcə ötən il 54 jurnalist qətlə yetirilib. Hər yerdə təhqiqatlar aparılır, qatilləri tapmağa çalışırlar. Üstü açılan qətllərin sayı həddən artıq azdır. Müstəntiqlər baş sındırır, prokurorlar yorulmadan çalışır, polis gecə-gündüz yatmaq bilmir. Hamı öz boynuna düşən işi yerinə yetirməyə çalışır. Həmişə belə olub, bundan sonra da belə olacaq. Bu günə qədər heç kimə, heç yerdə nəsib olmayan bir işin öhdəsindən yalnız siz, Bakıda gəlmisiniz. Adi bir cinayət faktına əsaslanaraq, ölkə miqyasında nəhəng bir siyasi şou  düzəldə bilmisiniz. Dövlətin yaxasından yapışıb, ondan birbaş açıq cavab tələb etmisiniz. O da sizin güclü, fasiləsiz hücumlarınız qarşısında aciz qalıb! Vallah afərin sizə, gör nə boyda qalmaqal yaratmısınız!  Praktiki olaraq bütün dövlət strukturlarını bu qətldə günahlandırırsınız. Hər həftə öz qəzetləriniz vasitəsilə hiddətlə bəyan edirsiniz ki,  səbrinizin tükənməsinə lap az, əgər o tükənsə, onda...  “Onda” nə olacağını dilinizə belə gətirmirsiniz, amma buna rəğmən dövlət strukturları özlərinə bəraət qzandırmağa çalışır, bir az da dözməniz üçün sizə yalvarır, qatili tez bir zamanda tapıb təqdim edəcəklərinə söz verirlər. Dünya kriminalistika tarixində ikinci belə bir şey olmayıb. Siz, Ginnes kitabında ayrıca bir səhifəyə layiqsiniz. Siz  birdən qəzəblənib, hamını günahlandırmısınız! Oyun baş tutub! Aşılmaz psixoloji sədd artıq hazırdır.  İndi Azərbaycanda heç kim, hətta bütün həqiqəti, əsl qatillərin kim olduğunu, cinayətin motivini dəqiq öyrənmiş adamlar belə, sizi məsuliyyətə cəlb etməyə cəsarət edə bilməz. Siz bütün şübhələrdən kənardasınız.  Siz, bu gündən və həmişəlik öz təhlükəsizliyinizi təmin etmisiniz. Kefiniz istədiyi kimi yaşayın, istədiyiniz qədər kef eləyin! Ancaq sayıqlığınızı da itirməyin. Çünki, məsələn, general Roxlinin arvadı, altı ildən sonra da olsa,  axır ki, məhkəmə tərəfindən ərinin qatili elan edildi. Amma Tamara Roxlina əsəbləri zəif, “isteriçkanın” biriydi, özü də onun Eynulla Fətullayev kimi müdrik bir müəllimi yoxudu! Buna görə də mən əminəm ki, sizi gözəl bir gələcək gözləyir. Bir də, yalvarıram sizə, məni çox maraqlandırır, deyin götrüm, bu gözəl termini, “Qonqadze sindromu”nu  hasınız fikirləşib tapıb? – bunun cavabında Eynullanın  başı təvazökarcasına aşağı əyildi, – Vallah, dahiyanə bir şeydir! Afərin! – islahatçı demokrat vəcdlə elan etdi. – Mən səninlə fəxr edirəm. Sən çox uzağa gedəcəksən!

Əlbəttə, əgər səni də, öz yaxın dostlarının sifarişi ilə, yaşadığın evin girişində, öz mənzilinin qapısı önündə, quduz it kimi gəbərtməsələr, – islahatçı demokrat ürəyində əlavə etdi. – Ax, bu necə də qəmli bir şeydir! Amma həm də qaçılmazdır.

Hava yavaş-yavaş işıqlanırdı.