Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

ƏN YENİ TARİXİN XRONİKASI

Əlinizdəki toplu yüz faiz publisistik hit nümunəsidir. İstər müəllifin dərhal maraq oyadan imzası, istər sui-qəsdlər və qətllər haqqında kəskin süjetli detektiv əhvalatlar, istər bol-bol lirik ricətlər, istərsə də maraqlı personajlar – bunların hamısı var və üstəlik də hər şey faktlara söykənir: dəqiq soyadlar, coğrafi məntəqə, təşkilat adları və i.a.

Məşhur yazıçı, dramaturq və mütəfəkkir, hər şeydən öncə, psixoloji romanları və düşündürücü tragikomediyaları ilə məşhur olan Maqsud İbrahimbəyov həm də publisistik nəsrin klassikidir. On ilə yaxındır ki, onun məqalələri mətbuatda qəfil sunami kimi peyda olur və çox mətləblərin üstünü açır: deməli, nələrsə öz yerindən oynayıb, nələrinsə təməli sarsılıb və təcili bərpaya ehtiyac duyulur. Yazıçı respublikamızın həyatının başlıca və ən kəskin problemlərinə toxunur. Onun yazılarında diqqəti çəkən nədir? Nə üçün ictimaiyyət onun məqalələrini bu cür maraqla gözləyir? Oxucular Maqsud İbrahimbəyovu nəyə görə sevirlər? Çünki o, mürəkkəb siyasi materiyaları asan qavranılan sxemlər şəklinə salaraq, onları qeyri-ixtiyari maraq oyadan anlaşıqlı bir dillə təsvir edir. Onu əhatəli düşünmək qabiliyyətinə görə sevirlər. Ona görə sevirlər ki, özünün həqiqəti qavrama tərzini zorla heç kəsə qəbul etdirməyə çalışmır, mürəkkəb həyat gerçəkliyində həqiqəti axtarıb tapmağı oxucunun öz ixtiyarına buraxır. O, bəzən elə məsələlərdən bəhs edir ki, belə şeylərdən danışmaq heç də təhlükəsiz deyildir. Lakin o, hər şeyə rəğmən danışır bunlardan, vətənin şərəf və ləyaqətinə toxunan heç bir şeyin üzərindən sükutla keçmir. Bu məsələdə o, öz tərəf-müqabillərinə qarşı amansızdır, onun üçün "toxunulmaz" şəxslər, nüfuz  və vəzifə sahibləri yoxdur. Qarşınızdakı kitab dediklərimizin bariz nümunəsidir.

"Baltimor skunsu" kitabı ölkəmizin çağdaş siyasi həyatı mövzusunda gözəl bir kvintetdir. Əslində bu məqalələrin hər biri Azərbaycanın ən yeni tarixindən parçalardır. Tarixdən isə, bəlli olduğu kimi, nəyi isə atmaq, ona nəyi isə əlavə etmək olmur. Əminəm ki, tarixi, analitik və ironik nəsrin heyranları yeni kitabı maraqla qarşılayacaqlar. Təsadüfi deyil ki, topluya daxil edilmiş məqalələrdən biri dərc olunarkən "Avropa plyus" radiostansiyası belə bir şərh vermişdi: "Sabah mətbuat səhifələrində Maqsud İbrahimbəyovun yeni hitini oxuyun. Əsl həzz alacağınıza təminat veririk!"

«Yazıçının qənaətinə görə, Cənubi Qafqaz çox ciddi bir coğrafi-siyasi obyekt olduğundan standart düşüncəli, təkəbbürlü insanlar burada AŞPA və ATƏT təmsilçiləri kimi düşünülməmiş hərəkət etməməlidirlər. Maqsud İbrahimbəyovun fikri belədir: görünür, AŞPA elçiləri düşünürlər ki, bizim ölkənin nazı ilə oynamaq lazım deyil və dövlətlərarası ünsiyyət üçün məcburi olan nəzakətli davranış qaydaları ona şamil olunmur.         

Boşboğazlıq və ikili standartlar beynəlxalq məsələlərdə, xüsusilə onu tətbiq edən subyekt qarşı tərəfdən xeyli güclü olduğu hallarda, təsirli vasitələrdir.

Azərbaycanın qonşuları olan Gürcüstan və Ermənistana AŞPA, demək olar ki, heç bir irad tutmur. Hərdən onları yüngülcə məzəmmətləsələr də, bunu mütləq çox nəzakətli, hətta iltifatlı bir tərzdə edirlər ki, bəs, uşaqlar, demokratiya ilə bağlı işləriniz qaydasına düşür, amma hər halda çalışın tez-tez şuluqluq etməyəsiniz. AŞPA-nın fikrincə, bu ölkələrdə söz azadlığı məsələsi büsbütün və ya demək olar ki, tamamilə qaydasındadır, insan hüquqları sarıdan vəziyyət də babat, bəlkə də yaxşıdır. Nə etməli, onların nə bir qram nefti var, nə də ağ balıq kürüsü, belə olan halda AŞPA onlardan nə uma bilər?!

Əgər bu - siyasətdirsə, onda çox pis siyasətdir. Ən azı ona görə ki, bu hiyləni burada artıq hamı çoxdan başa düşübdür.(Estoniyalı ikinciAndreas ciğalliq yolunda isveçrəli  birinci Andreasi da ötüb keçdi...)

Məqalələrin hər birində xarakterlərin və hadisələrin dərin təhlili ilə rastlaşırıq. Mülahizələr cəsarətli və kəskin olsa da, zərif yumor hissi, tərəddüdsüz reaksiya, səciyyələrin dəqiqliyi, təhkiyənin canlılığı oxucu ürəyinə məlhəm kimi yayılır.

Artıq çoxdan bəri bəzi beynəlxalq qurumların ölkəmizlə ünsiyyətinin əsas üsullarına çevrilmiş demaqogiya və ikili standartların səbəblərini heç kəs bu cür açıq şərh etməyib. Yazıçı qeyd edir ki, çox vaxt onların insan hüquqları barədə söylədikləri həmin bu hüquqların özləri ilə və hətta ən adi əxlaq normaları ilə ziddiyyət təşkil edir. O, bunu zarafatla vurğulayır və oxucunu bizə zorla sırınan obyektiv gerçəkliyin hüdudları və xüsusiyyətləri barədə düşünməyə sövq edir.

Yazıçı müasir "inqilab ixracatçıları" barədə fikir yürüdərək, onların şüarlarının səmimiliyini və xeyirxah niyyətlərini şübhə altına alır.

"Bir çox illər boyu öz xalqına ziyan vuran insanlar başqa bir xalqı – eyniadlı xalq olsa da – sevməyə və ona hörmət etməyə çətin qadir olarlar". ("İran qambiti") İti və müdrik publisist gözü yerli inqilab icracatçılarının simasında çaşıb qalmış siyasətçiləri deyil, vətəni daxildən sarsıdan vətən düşmənlərini görür. Bu cür yanaşmanı yalnız alqışlamaq olar. Qıcıqlandırıcı əxlaqi və dini problemləri onun necə cəsarətlə və bələdliklə müzakirə etməsi barədə də eyni sözləri söyləmək mümkündür.

Bəlkə AMİP fəalları İran azərbaycanlı-larını o qədər sevirlər, onlara o qədər hörmət edirlər ki, İran Azərbaycanında demokratiya barədə özlərinin təhrif olunmuş, eybəcər təsəvvürlərinə müvafiq normaları tətbiq etmək üçün oraya yollanmağa hazırdırlar? Bəlkə onlar orada yalnız xoş niyyətlə naminə İran Azərbaycanını daxildən ölkənin qalan hissəsindən ayırmağa cəhd edərlər?... İnanmağım gəlmir. Bu bizim "inqilabçılara" oxşamır, əsla oxşamır! Onlar könüllü şəkildə heç bir vəchlə İrana getməzlər! Burada, Bakıda əyləşib məsuliyyətsiz-cəsinə su bulandırmaq isə, bu başqa məsələ. Bu, həm təhlükəsiz, həm də sərfəlidir. Amma harayasa getmək, öz həyatını və sağlamlığını riskə məruz qoymaq - əsla! (“İran qambiti”).

Çağdaş dünyanın daha bir problemi diaspor problemidir. SSRİ-nin süqutundan sonra bu problem Azərbaycandan da yan ötmədi. Müəllifin mövzunu dərindən bilməsi, erudisiyası, ağrılı məqamlara tamamilə yeni bucaq altında baxmağı bacarmaq qabiliyyəti sözügedən məqalədə birləşir və müxalifət mətbuatında "təməl" sayılan postulatları şübhə altına alır.

Topluya həm mövzu, həm məzmun, həm də janr baxımından ən müxtəlif yazılar daxildir. Lakin bunları birləşdirən üstün bir istiqamət aşkar gözə çarpır: Azərbaycan jurnalistikasının cəmiyyət qarşısında məsuliyyəti mövzusu. Yazıçı jurnalistlərdən çox şey istəmir: təkcə yalan danışmasınlar, heç kəsə ziyan vurmasınlar, rüşvət almasınlar, iş adamlarını, məmurları və siyasətçiləri şantaj etməsinlər. Amma əfsuslar olsun ki, "sarı mətbuat" bu sadə tələblərdən çox uzaqdır!

"Baltimor skunsu" məqaləsini oxumaq, doğrudan da, insana zövq verir. Bu, Ramis Yunusov deyilən bir nəfər amerikalının "Kontinent" (Baltimor. ABŞ.) qəzetində dərc olunmuş "Azərbaycansayağı leninizm" məqaləsinə yazıçının cavabıdır. Söhbət yazıçının hər şeyi öz adı ilə adlandırmaq, olduğu kimi təsvir etmək məharətindən gedir: konkret şəxslər, təfərrüatlar, ünvanlar, təşkilatlar və onların xarakteristikası. İcazənizlə, bəzi parçaları diqqətinizə çatdırım. Məsələn, qüdrətli milyarder Soros barədə: "Bu, heç şübhəsiz, dahi insan Lenin, Mao Tzedun, Fidel Kastro, Bolivar və Pol Pot kimi tarixi xadimləri belə üstələyərək, özünə ölməzlik təmin etmişdir. Adlarını çəkdiyim bu personajların hər biri qanlı müharibələr sayəsində cəmi bir inqilab etməyə nail olmuşdur, o da - öz ölkəsində. Dahi Soros, axsaq yabasında isə bircə damla qan tökmədən üç müxtəlif ölkədə – Gürcüstanda, Qırğızıstanda və Ukraynada düz üç inqilabı qələbə ilə başa vurmağa müvəffəq olub. Sözün qısası, Soros bütün inqilab rəhbərlərini geridə qoyub...” Azərbaycanda hazırlanan inqilab isə doğulmadan, embrion vəziyyətindəcə öldü.

            Xülasə, Sorosun Azərbaycanda ata, oğul və inqilabi ruh sarıdan bəxti gətirmədi".

Məqalənin personajlarından bir-ikisini də sadalamaq olar ki, yazıçının fikrincə, onlar pərdəarxası savaş qızışdıranlardır – bütün bunları özünüz oxuyacaqsınız. Topluya daxil edilmiş bütün oçerklərin gözəl sonluqla bitdiyini qeyd etməyə bilmərəm. Maqsud İbrahimbəyovun heyrətamiz bir qabiliyyəti var: deyilənlərə yekun vurmaq, nöqtə qoymaq. Kim isə yazıçıya deyib ki, "Azərbaycansayağı leninizm" məqaləsinin müəllifi Ramis Yunusov əslində azərbaycanlı deyil, erməni Armais Barseqyandır. Bu da yazıçını çox narahat edib və o, narahatlığının səbəblərinə məqalədə aydınlıq gətirir. Əlbəttə, Dağlıq Qarabağ problemi aktual olaraq qalmaqdadır. Azərbaycanlılar əmindirlər ki, o, Azərbaycanın tərkibində qalacaq, ermənilər isə bunun tam əksini fikirləşirlər.

Lakin bugünkü düşmənçilikdən asılı olmayaraq, hər iki xalqın qarşısında elə bir fövqəlvəzifə durur ki, onun həllindən qaça bilməzlər. Azərbaycan və Ermənistan qonşu dövlətlərdir, hər zaman yanaşı yaşayacaqlar və bu ölkələrdən heç biri Cənubi Qafqazdan köçüb getmək iqtidarında deyildir. Gələcək barədə bu gün düşünmək lazımdır, eyni zamanda Qarabağ probleminin həllindən qaçmamaq şərtilə.

            "Yuxarıda deyilənlərlə bağlı düşünürəm: doğrudanmı, Qarabağ müharibəsindən sonra azərbaycanlılarla ermənilərin bir-birlərinə qarşı bəslədikləri təbii nifrət və kin, onun nəticələri hələ də kimlərəsə bəs etmir? Doğrudanmı, bu faciəyə Dağlıq Qarabağla qətiyyən əlaqəsi olmayan ucuz elementlər əlavə etməyə ehtiyac var? Mən Moskva televiziyasının verilişlərində mütəmadi olaraq gözə çarpan sifarişli fitnəkar klipləri nəzərdə tuturam. Yaxud da internetdə yerləşdirilən, hər iki opponentin milli ləyaqətinə toxunan iyrənc məktubları, ya da “Azərbaycansayağı leninizm” kimi rəzil, böhtançı qəzet yazılarını. Bu cür “vətənpərvərlik” fəaliyyətinin istər Azərbaycana, istərsə də Ermənistana əslində nə xeyri var, nə də ziyanı. Lakin nəticədə həm orada, həm də burada qarşılıqlı nifrət güclənir və belə bir ifadə səngimək bilmədən elə hey təkrarlanır: “İndi başa düşdünüzmü onlar necə alçaqdırlar!”

Məgər Cənubi Qafqazın üzərində qara bulud kimi dolaşan nifrətə hər iki xalqın milli ləyaqətinə toxunan “Azərbaycansayağı leninizm” kimi məqalələri əlavə etməyə ehtiyac varmı?

 "Hər belə münaqişə insan yaddaşında uzun müddət qalır. Kaş ki, genetik yaddaşa köçüb həkk olmasın". Maqsud İbrahimbəyov özünün bu fikirlərini maraqlı bir sonluqla bitirir: "Əgər məqaləni erməni yazıbsa, o, çox axmaq bir ermənidir, yox, əgər azərbaycanlı yazıbsa, çox alçaq azərbaycanlıdır". Kəskin və aydın. Ümumiyyətlə məqalələrin dili öz lakonizmi və incə yumoru ilə seçilir – bu isə elə bir cəhətdir ki, oxucu olaraq, çoxdan yadırğamışıq.

"Əksinqilabi etüd" məqaləsi bu gün də öz aktuallığını saxlayır. Bizim təyyarədaşıyan gəmilərimiz, atom sualtı qayıqlarımız heç vaxt olmayıb və olmayacaq da. Biz heç vaxt Marsa və başqa planetlərə kosmik gəmilər göndərməyəcəyik. Ümumiyyətlə, heç yerə göndərməyəcəyik, çünki bizim heç bir vaxt kosmik gəmimiz olmayacaq. Heç vaxt bizdə Noks, Las-Veqas və Hollivud olmayacaq. ABŞ-ın malik olduqlarının çoxu bizdə heç vaxt olmayacaq. Bu, belədir. Amerika Birləşmiş Ştatları fövqəldövlətdir; həqiqətən, bu gün planetimizdə onun gücünə güc çatdıra bilən rəqibi yoxdur. Bizim Azərbaycan isə kiçik bir ölkədir, demokratik birliyin sayılan üzvü olmaqdan ötrü o hələ çox şey etməlidir. Biz buna yalnız o halda nail ola bilərik ki, şərəf, iftixar və  ləyaqət kimi kateqoriyalara söykənək. Əks təqdirdə  tədricən alışarıq ki, bizlərə əski kimi ayaq silirlər və birliyin bərabərhüquqlu üzvü olmaq problemimiz artıq hətta özümüzü də maraqlandırmaz.

Diqqət edin: «Ancaq çox istərdik ki, Azərbaycanda ağıllı, konstruktiv müxalifət mövcud olsun, onun da başında duranlar  qaranlıq keçmişi olmayan abırlı, maraqlı  adamlar olsunlar. İqtidar nümayəndələri ilə dolğun siyasi dialoq aparmağa qadir olan erudisiyalı liderlər olsunlar. Elə adamlar ki, onlar təkcə öz karyerası və şəxsi mənafeləri üçün deyil, dövlət problemləri üçün də can yandırsınlar. Bu, ölkə üçün çox faydalı olardı, çünki düzgün qərar çox vaxt  adətən ağıllı, məzmunlu polemika nəticəsində yaranır. Bəlkə belələri var? Bəlkə müxalifət cərgəsindəki bəzi kol-koslar ictimaiyyətdən Çörçill, yaxud de Qoll kimi gələcək liderləri, ya da bədəbəddə lap Çe Gevaranı və Suxe Batoru gizlədir? Xeyr, gizlətmir. Əsas kolların arxasında heç kəs yoxdur, elə ehtiyat kolların da arxası boşdur. Müşahidə üçün kifayət qədər vaxtım olsa da, mən müxalifət liderləri arasında strateji kateqoriyalarla düşünən, öz məqsəd və prinsipləri etibarilə böyük bir siyasi xadimi gendən də olsa xatırladan bir nəfər də görmədim. Əlbəttə, müxalifət liderləri arasında yaşamağı bacaran ağıllı adamlar var və obyektiv olaraq, işlər pis getməsə, onlardan bəzilərinə stadionu olan yaxşı bir şəhərin, hamamı, bərbərxanası və kimyəvi təmizləmə məntəqəsi olan böyük bir mehmanxananın idarə olunmasını həvalə etmək olar. Bəli, olar  –  risk çox nəcib bir işdir. Lakin bu kəmsavad, ambisiyalı adamlardan hər biri rayon miqyaslı kiçik bir şəhərə deyil, ölkəyə, yəni bizim hamımıza rəhbərlik etmək – hakimiyyət arzusundadırlar! Özü də nəyin bahasına olursa-olsun; onlar hakimiyyəti ələ keçirməkdən ötrü iğtişaşlara, zorakılığa, qan tökməyə (sözsüz ki, özlərininkini yox) hazırdırlar.» 

Həqiqətən də, toplanmış beynəlxalq təcrübə göstərir ki, dünyada minnətçilərə və şikayətçilərə ən yaxşı halda rişxəndlə, ən pis halda isə həqarətlə baxırlar.

Yeri gəlmişkən, topludakı bütün məqalələr ayrı-ayrı vaxtlarda, müxtəlif nəşrlərdə işıq üzü görmüşdür, lakin vaxtilə həmin yazıları oxuyanlara belə, təkidlə tövsiyə edirəm ki, bu məqalələri təkrar oxusunlar, inanın ki, həddən artıq tanış süjetlərdə özünüzçün yeni təfsilatlar və yeni məqamlar açacaqsınız. Eyni zamanda hadisələri və obrazları öz həyat təcrübənizin meyarlarına uyğun bir daha ağlın süzgəcindən keçirin: görək biz özümüz bu oçerklərin qəhrəmanları ilə müqayisədə tənqidə nə dərəcədə dözümlüyük. Dəbdə olan ifadə ilə desək, Maqsud İbrahimbəyov hər zaman nyusmeyker olub, ixtiyari, yaxud da qeyri-ixtiyari olaraq düşüncə tərzi, fikir istiqaməti formalaşdırıb. Bizim hamımız da onu eşitmişik – amma bir şagird kimi yox, sadəcə, yazıçının müasirləri kimi; gözümüz önündə cərəyan edən nəhəng şounun – tarixi və təqvim epoxalarının bir-birini əvəzləməsi sayılan ağrılı prosesin iştirakçıları kimi.

Zənnimcə, Maqsud İbrahimbəyovun publisistik əsərləri ölkənin ictimai həyatında olduqca mühüm hadisədir: əgər bu yazılar hamını eyni cür düşünməyə məcbur etməsə belə, hər halda çağdaş publisistikanın nüfuzunu yetərincə yüksəyə qaldıracaq və oxucu uğrunda, hətta müxalif əhval-ruhiyyəli oxucu uğrunda savaşın da qalibi olacaqdır. Ona görə ki, bu mütaliədən ayrılmaq qeyri-mümkündür. Məşhur lətifədə deyildiyi kimi, "siçanlar ağlaşırdılar, tikanlar onların vücudunu didib-dağıdırdı, ancaq onlar kaktusu gəmirməkdə davam edirdilər".

NADEJDA İSMAYILOVA