Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

DÜŞÜNMƏYƏ DƏYƏR

Başa çatmaqda olan iyirminci yüzildə Azərbaycan öz tarixi inkişaf yolunu iki dəfə çox sərt surətdə dəyişməli olmuşdur; özü də nə az, nə çox – birdən birə 180 dərəcə. Bu dönüşlərin nə kimi çətinliklərlə, hansı mürəkkəb hadisələrlə müşayiət olunması tarix dərsliklərindən bəllidir, lakin bir məsələni xüsusilə diqqətə çatdırmaq istərdim ki, bir-birinə daban-dabana zidd olan bu iki tarixi dönüş nəticəsində millətimizin elitası, ən seçmə adamları tamamilə məhv edilmişdir. Və bu da məlum bir həqiqətdir ki, dünyada heç bir ölkə elitasız nəinki inkişaf edə bilməz, heç uzun müddət mövcud ola bilməz.

Təbii olaraq belə bir sual ortaya çıxır: məgər bu bəla yalnız Azərbaycanınmı başına gəlmişdir? Bəs o biri dövlətlər?

Əksər dövlətlərdə, xüsusən elitası inkişaf etmiş ölkə-lərdə hər şey qaydasındadır. Bu dövlətlərdə əsrlər boyunca onu əzizləyiblər, onun qayğısına qalıblar. Həmin dövlətlərin yaşarılığının, tərəqqisinin rəhni də elə budur. Bu, həm də genetik əsası olan insanların zəkasından, onların əzmkarlı-ğından və mənəvi-əxlaqi keyfiyyətlərindən yoğrul-muş çox möhkəm bir müdafiə qatıdır, zirehidir. Və zaman-zaman kütlələrin içindən külçə halında çıxmış ayrı-ayrı çox istedadlı və qabiliyyətli adamlar bu zirehi daha artıq möhkəmləndirir, onu zənginləşdirir və bəzəyir.

Zadəganlar, əsilzadələr zəminində əmələ gəlmiş bu müdafiə qatı, bu zireh həmişə və hər yerdə hər bir dövlətin siması, düşünən beyni, bir sözlə, canıdır. Elitanın fəaliyyəti dövlətin gündəlik həyatının bütün sahələrinə: elm, təhsil, incəsənət, hüquq-mühafizə orqanlarından tutmuş, ta ordu və hökumətin özünə kimi hər sahəyə nüfuz edir. Müharibə zamanı isə elit ailələrdən çıxmış oğullar ilk sıralarda cəbhəyə gedir və döyüş meydanında ən təhlükəli sahələrə atılırlar. Onlara dönə-dönə çağırış göndərib hərbi komissarlığa çağır-maq lazım deyil, onların atalarının heç ağıllarına da gəlmir ki, rüşvət verib onları ya xaricə qaçırtsın, ya da kəndə yollasın, nə var-nə var, Allah göstərməsin, onların oğlanları birdən ön cəb-həyə düşər. Yox, belə rəzil fikirlər onların qəti ağıllarına da gəlmir, çünki bu onların ölkəsidir, bu onların ÖZ ölkəsidir və onlar belə hesab edirlər ki, özlərindən və oğullarından savayı bu ölkəni qoruyacaq və şöhrətləndirəcək kimsə yoxdur. Vətənin başqa övladları da onlardan nümunə götürür, özlərini onlara oxşatmağa, cəmiyyətin bu qabaqcıl təbəqəsinin səviy-yəsinə yüksəlməyə çalışırlar.

Mən əsilzadələri ideallaşdırmaq fikrindən uzağam. Onların da arasında fərarilər, rüşvətxorlar, hər cür yaramazlar az deyil. Amma dəfələrlə biz bunun şahidi olmuşuq ki, elitaya mənsub kim isə şərəfsiz bir hərəkət edirsə, cəmiyyət bunu dərhal qeyri-adi bir hadisə kimi qarşılayır. Elə bir hadisə kimi ki, əks-sədası adətən aləmə yayılır, uzun illər unudulmur. Qanun tərəfindən məhkum edilsə də, edilməsə də, cəmiyyət ondan üz döndərir, çünki mənsub olduğu üzüqaralığa boş şey kimi baxmırlar. Əlbəttə, belə hadisələr nadir hallarda baş verir və heç vaxt kütləvi xarakter daşımır.

Ola bilsin ki, indi deyəcəyim kiməsə "təskinlik" vermiş olsun, bəli, təkcə Azərbaycan yox, keçmiş Sovet İttifaqı ərazisindəki bütün ölkələr bu vəziyyətdədir; bəlkə də daha pis. Hamısı elitasız, zirehsiz qalmışlar, müdafiə qatını itirmiş-lər.

Misal üçün, MDB ölkələri içində ən böyüyü olan Rusiyada baş verənlərə nəzər salın. Görün bir nə vəziyyətə düşüb?! Buna tam çıxılmaz vəziyyət demək azdır, bu dəhşətli, sonu görünməyən bir yuxudur.

Nə qədər kədərli olsa da, amma görünür, MDB ölkələrinin, demək olar ki, hamısı gec-tez ağır sınaqlardan keçməli olacaqlar; bəziləri ölkələrinin parçalanmasının acısını dadacaq, digərləri daha beynəlxalq birliyin subyekti olmaya-caqlar. Nisbətən bəxti gətirənlərsə nüvə tullantılarının miskin suveren qəbiristanlığına və dünya elminin nailiyyətlərinin və müxtəlif yem qatışığının təcrübədən keçirildiyi müstəqil bir əraziyə çevriləcəklər.

Buna görə də cəmiyyətin əsas və təxirəsalınmaz vəzifələrindən biri də öz elitasını bərpa etməkdir. Hələ nə qədər ki, uğur qazanmağa müəyyən ümid var, bu işi görmək lazımdır. Son dərəcə mühüm bir seçim qarşısındayıq – milləti-mizin və dövlətimizin qorunub saxlanması, hətta deyərdim ki, xilası bizdən, bizim hansı yolu seçəcəyimizdən asılıdır. Key-fiyyətli insan amili nəzərə alınmazsa, yaxşı düşünülmüş siyasi kampaniyalar və maliyyə tədbirləri və ya xoş niyyətli islahatlar, ən sərfəli beynəlxalq müqavilələr heç olub gedəcək. Bu gün də olmasa, sabah; sabah da olmasa, on ildən sonra – mütləq heç olub gedəcək!

Müqayisə üçün, təsəvvür edin ki, yaxşı bir həkimin ixtiyarına ən müasir cihazlarla təchiz olunmuş bir klinika verilib və ona baş beyinin islaholunmaz zədəsi nəticəsində koma vəziyyətinə düşmüş bir xəstənin sınıq qollarını və ayaqlarını bərpa etməyi tapşırıblar. Tutaq ki, o, sümüklərin bitişməsinə nail oldu; əgər insan düşünmək və öz bədənini idarə etmək qabiliyyətindən məhrumdursa, bunun nə əhəmiy-yəti var! Elə çətinliklər var ki, dahilər belə onların qarşısında acizdirlər.

Bu gün özlərini qurban verməyə qabil düşünən, vicdanlı, mərd adamları səfərbər etmək son dərəcə vacib, həyati bir məsələdir. Belə adamlar var. Onların çoxu məlum-dur, biz onları tanıyırıq. Digərləri cəmiyyətdə bir o qədər də tanınmırlar, haradasa sakitcə, buna şübhə etməyə bilərsiz, vicdanla öz vəzifələrini yerinə yetirirlər. Biz onları sapı qırılıb ətrafa səpilmiş incilər kimi çox diqqətlə və ehtiyatla axtarıb tapmalıyıq. Yoxsa biz ölümə məhkumuq! Özünüz bir mülahizə edin. Cəmiyyətimizdə Xeyir və Şərin əsas meyarları artıq itib gedib, vicdan kodeksi anlayışı – tək-tük adamlar bunun nə olduğunu hələ xatırlaya bilsələr də – lüğətdən silinib. Onu büsbütün cinayət kodeksi əvəz edib. Amma onun da yanında rüşvət cədvəli deyilən məxfi əlavəsi var ki, qrafalarının həcmi, miqdarı, bu kodeksin maddələrindən və menyünü tutanın iştahasından asılı olaraq, çox müxtəlifdir. Yaxşı ki, heç olmasa, bu var. Cinayət kodeksinə kazino və ya cıdır tək gəlir mənbəyi kimi baxsaq, hər halda, hesab etmək olar ki, o, müəyyən xeyir verir.

Bütün faciə bundadır ki, əgər insan həbsxanada deyil, azadlıqdadırsa və əgər "güclü pulu" varsa, onda ictimai rəy deyilən məsələdə də onun elə bir problemi olmur. İstəyir lap yetimlərin fondunu yeyib dağıtmış olsun, ya hamının gözü qarşısında qorxaqlıq etsin, dostlarının ona etibar etdikləri pulu xərcləsin, azyaşlı uşaqları zorlasın, ya bir partiyadan o birinə, daha nüfuzlu partiyaya qaçsın, ya da müharibə əlillərindən rüşvət alsın, fərqi yoxdur, heç kim onu məzəmmət etməyəcək, hiddətini bildirməyəcək. Əgər dediyim bu alçaq hərəkətlər "müəllifinə" maddi gəlir gətirirsə, vəzifə pilləsində günü-gündən yüksəldirsə, onu nəinki məzəmmət etmirlər, hələ üstəlik, qibtə də edirlər ona. Hətta bəzən belələrini yeni nəslə nümunə göstərirlər, yəni bax, belə yaşamaq lazımdır. Buna bir norma kimi baxırlar.

Xeyriyyəçiliyin, vətənpərvərliyin, igidliyin bu möv-zuda çox coşqun mühakimələrlə əvəz olunduğu bir ölkənin gələcəyi həyəcan doğurmaya bilməz.

Bu günümüzün gerçəkliyi belədir ki, vicdan, alicənab-lıq, soydaşları  və dövlət naminə özünü qurban vermək qabiliyyəti kimi keyfiyyətlər insanın ictimai dəyərinin müəyyənləşdirilməsində əvvəlki mənasını itirmişdir. Hər şeydən çox bizim pula ehtiyacımız olduğunu  düşünənlər səhv edirlər. Elədir, ehtiyacımız var, pul hamıya və həmişə lazım-dır. Amma pula ehtiyacı olmaq, bir o qədər də əsas məsələ deyil. Bizdə ən çox çatışmayan şey varsa, o da saflıqdır. Bizdə ağıllı, saf adamların, vətəndaşlıq mənafeyi baxımından düşünən insanların, cəmiyyətin qaynar qatı ilə alicənablıq prinsipi əsasında birləşməyə qabil insanların qıtlığıdır. Bax, bu mənada biz bu gün müflisləşmə həddindəyik.

Gəlin baxaq görək bu gün bizim nəyimiz var? "Biz" deyəndə mən Azərbaycanı nəzərdə tuturam. Ehtiyatda hansı siyasi resurslarımız var? Kimə biz bu gün arxayın ola bilərik? Yeganə varımız-dövlətimiz Heydər Əliyevdir, prezidenti-mizdir! Yeganə varımız-dövlətimiz! Prezidenti tərif etmək ədəbsizlikdir, hətta ondan bir elə də asılı olmayan, sərbəst vətəndaşçün də yaxşı deyil – adamın qulağını dəlir. Gəlin məsələyə əks tərəfdən yanaşaq. Tutaq ki, birdən Heydər Əliyev yenə, 90-cı illərdə olduğu kimi, oyundankənar vəziy-yətdə qaldı, onda nə baş verə bilər, gəlin bir anlıq təsəvvür edək. Yaranacaq vəziyyəti gözünüzün qabağına gətirin və təhlil edin. Onda çox aydın görəcəksiz ki, bütün keçmiş ittifaq respublikaları ilə müqayisədə özünün böyük neft ehtiyatları və digər qiymətli yeraltı sərvətləri ilə, strateji cəhətdən son dərəcə əlverişli coğrafi mövqeyi ilə vəziyyəti heç də pis olmayan Azərbaycan çox qısa bir müddətdə özgə malını bölməyin "mütəxəssisləri" tərəfindən - həm xaricdən, həm də daxilimizdə "yetişmiş" öz doğma kadrlarımızla  ittifaqda içəridən – hissələrə parçalanacaq. Bu dəfə artıq həmişəlik!

Lakin digər tərəfdən onu da unutmaq olmaz ki, azadlıq və müstəqillik qazandıqdan sonra bizim təxminən səkkiz milyonluq xalqımızın ciddi siyasi potensialı olmalıdır axı... Bu potensialdan danışmazdan öncə bir sıra partiya liderlərinin azadlığımız və müstəqilliyimiz barədəki boş və cəfəng sözlərinə münasibətimi bildirmək istəyirəm. Belələri ağız-dolusu bəyan edirlər ki, Azərbaycan bu azadlığı və müstəqilliyi qəhrəmancasına mübarizədə, qurbanlar və xalqın tökülən qanı bahasına əldə edib. Əlbəttə, olanı, həqiqəti danmaq olmaz, qurbanlar və tökülən qanlar olub, amma günahsız insanlar qurban gedib, onların qanı tökülüb. O da mütləq aydınlaşdırılmalıdır ki, kimin günahı üzündən baş verib bu faciələr?! İstintaq və məhkəmə yolu ilə, bəlkə də lap hərbi tribunalda aydınlaşdırmaq lazımdır bunu. Və sonra da günahkarların adları elan edilməlidir.

Azərbaycan o zaman öz qüvvəsi ilə azadlıq qazana bilməzdi, çünki elə bir gücü yox idi. Bu barədə yalnız xəyala dalmaq mümkün idi. Azadlıq və müstəqilliyi heç bir kənar amil olmadan özümüzün əldə etməyimiz barədə odlu-alovlu mühakimələr, olsa-olsa, bu mühakimələrin müəllifləri tərəfin-dən uydurulmuş təsərrüfat hesablı, çox mənfəətli bir dastandır. Azadlığı və müstəqilliyi Azərbaycana veriblər, həm də deyərdim ki, az qala zorla sırıyıblar. Bunu Yeltsin və onun komandası edib. Onlar istisnasız bütün ittifaq respublikalarına eyni zamanda, birdən veriblər bu azadlıqla müstəqilliyi. Özü də hadisələr o qədər sürətlə və qəfil baş vermişdi ki, yaxşı yadımızdadır, respublikaların əksəriyyəti çaşıb qalmışdı. "Yeltsin və komandası" əsas məqsədlərini – Sovet İttifaqını dağıtmaq planlarını həyata keçirərək hamını birdən xoşbəxt etmişdilər. Çoxsaylı  mintinq və görüşlərdən sonra axşamlar Şaxray və Starovoytova Bonnerin mənzilinə toplaşıb gerblərin və bayraqların layihələrini çəkir və hazır olduqca, yenicə yapılmış müstəqil dövlətlərin paytaxtlarındakı rezidentlərinə göndərirdilər. Vaxtları və qabiliyyətləri az olduğundan, onların bu "əsərləri" çox sönük alınırdı, üstəlik də, biryumurtalı əkizlər kimi bir-birinə oxşayırdılar. Demək olar ki, heç kim də bu layihədən imtina etmirdi. Bax, belə! Vəssalam! Azadlıq və müstəqillik barədə bu qədər.

Qayıdaq bizim siyasi potensialımız məsələsinə - görək nəyimiz var? Allaha şükür, bu gün ölkəmizdə beynəlxalq aləmdə qəbul olunmuş rənglər spektrində mövcud və ona uyğun cürbəcür partiyalar var. Hətta arada söhbət gəzir ki, biz artıq Fransa ilə Hollandiyanı birlikdə götürüldükdə, partiya-ların sayına görə qabaqlayırıq. Ürəyin neçəsini istəyir, bizdə var! Nə demək olar, demokratiyanın bolluğu, azadlığın təntənəsidir başdan-ayağa. İlk baxışda, nə qədər ki, məğzinə varmamısan, bütün bu partiyalar üzvlərinin cəsur çıxışları, partiyadaxili kəskin polemikaları və çox incə taktiki gedişləri ilə adamı az qala valeh edirlər. Sonradan bəzi ümumi səciyyəvi əlamətlərini, məxsusi xalları görüncə, başa düşürsən ki, bu müxtəlif partiyalar əslində bir neçə köhnə çağırılmış bayatıların variantlarıdır. Bax, onda ilk xoş təəssüratın parıltısı  sönüb gedir, yerində bir pərtlik qalır. Məsələn, partiyalardan bir qisminin, heç bir orijinal proqramı və ya əməli bir ideyası olmadığı halda, açıq-açığına hakimiyyəti ələ keçirmək istədiklərini etiraf edirlər. Halbuki, hakimiyyətin verdiyi bir sıra səlahiyyətlərdən mənfəətlənməkdən başqa, onu neyləyə-cəklərini qətiyyən təsəvvür etmirlər. Digər bir qismi isə, satın alınmış, özü də təpədən-dırnağa kimi satın alınmış partiyalardır və kənardan gələn pul hesabına fəaliyyət göstərirlər. Üçüncü qrupda birləşənlər həm avam, həm də təcavüzkardırlar və əmindirlər ki, hakimiyyətə gələrlərsə, nə etmək lazım olduğunu, əlində hakimiyyət olmayanların dərsini necə verməyi çox gözəl bilirlər. Dördüncü qrup və s. və i.a. Beləliklə, bu qənaətə gəlirsən ki, bizdə elə bir partiya yoxdur ki, ciddi reputasiyası, proqramı və mənəvi kapitalı, millətin taleyi üçün məsuliyyət hissi, heç olmasa paritet əsaslarla, ona etibar etməyə imkan versin. Yoxdur belə partiya. Heç bircəciyi də yoxdur. Bu da təbiidir. Elitası olmayan bir yerdə, ölkənin müqəddəratına, xalqın gələcəyinə cavabdeh olmağa obyektiv, layiq bir partiya tapmaq mümkün deyil.

Yaxşı, bəlkə bizim aramızda böhran şəraitində xalqın və dövlətin xilaskarı rolunu üzərinə götürməyə qadir parlaq, xarizmatik liderlər var?

Biz hamını tanıyırıq, hamını görmüşük, hamını da dinləmişik. Namizədlər arasında da, siyasi partiyaların üzvləri arasında da, heç şübhəsiz, ağıllı adamlar var, amma axı bu azdır. Dövlətin liderlərində yüksək intellekt və xüsusi qabiliyyət olmalıdır.

Şöhrətpərəstlik yarmarkasında həqiqi dəyərlər görün-mür. Dövlətin prezidenti olmaq zarafat deyil! Namizədlərdən kim bu ağır yükün altına girə bilər? Onlardan kimin fövqəladə yaddaşı, yüksək təfəkkürü var – mən hələ dövlət başçısı üçün son dərəcə zəruri olan zəngin dövlətçilik təcrübəsini demirəm? Onlardan kim yalançı demokratların büsbütün dağıtdıqları iqtisadiyyatı əvvəlcə bərpa etməyə, sonra isə onu keçmiş ittifaq respublikalarının əksəriyyətindəkindən yüksək səviyyəyə qaldırmaq məharətinə malikdir?! Nəhayət, kim qoca qaçqınla da, planetin böyük dövlətlərinin başçıları ilə də söhbət etməyin tonunu eyni dərəcədə dəqiq seçə bilir? Əgər bütün namizədləri nəzərdə saxlamaqla, hakimiyyət iyerarxi-yasını şərti olaraq pilləkən şəklində təsəvvür etsək, həqiqət naminə deməliyik ki, onun ən yuxarı pilləsini tutmağa yalnız Heydər Əliyev layiqdir. Ondan altı, yeddi pillə aşağı kimi qoymaq barədə isə hələ fikirləşmək lazımdır. Əgər mən buna sevinirəmsə, lənətə gəlim! Bizdə təxminən Heydər Əliyev səviyyəli iki-üç siyasətçinin olduğunu bilsəydim, mən dünya-nın ən xoşbəxt adamı olardım. Yoxdur belə siyasətçilərimiz. Və yəqin ki, bu da təbiidir, çünki Heydər Əliyev kimi adamlar tək-tək gəlirlər dünyaya.

Ola bilsin ki, məqalənin bəzi məqamlarında mən bir qədər kəskin və qəti fikirlər söylədim. Bu, yaxşı deyil, amma bununla məsələnin mahiyyəti dəyişmir. Mən kiminsə xətrinə dəyməyi və ya kimisə tərifləməyi qarşıma məqsəd qoyma-mışdım. Vəziyyət həddindən artıq qorxuludur, məsələ bun-dadır! Bəlkə də lap yaxın zamanlarda bizi yeni sınaqlar gözləyir. Biz Sovet İttifaqının tərkibindən çıxmışıq, amma bu günə kimi də keçmiş ittifaq respublikaları ilə gözəgörünməz bağlarla bağlıyıq. Əgər biz cəmiyyətdəki sağlam qüvvələri birləşdirə bilməsək, gözlənilən fəlakətlərin dağıdıcı dalğası bizi də məhv edə bilər. Göy gurultusu isə getdikcə daha aydın eşidilməkdədir!... 90-cı illərin əvvəllərinin acı təcrübəsi məgər bizə dərs olmayıbmı? Bir çox siyasi fəallarımızın bugünkü hərəkətlərinə, "siyasi mübarizəsinə" baxdıqca, adamı şübhələr çulğayır ki, yəni yenədəmi bunlar bizim ağıllı, istedadlı, amma həddən ziyadə sadəlövh xalqımızı parçala-mağa, onun müvazinətini pozmağa nail ola biləcəklər?! Bu gün müşahidə etdiyimiz daxili didişmələr və "siyasi mübari-zələr" ədavətdən başqa bir şey deyildir. Bunlar ölkəmizin nüfuzuna vurulan ağır zərbələrdir və onu hörmətdən, gözdən salır. Sabah, birigün, düşmənlərimizə lazım olduğu vaxt onlar son dərəcə təhlükəli, hətta öldürücü ola bilər.

1989-cu ildə Moskvada çıxan "Drujba narodov" jurnalında mənim "Sabah gec olacaq" adlı bir məqaləm dərc olunmuşdu; sonra onu, bəzi respublika qəzetləri də verdilər və hətta ayrıca nəşr kimi də çap olundu. Həmin məqalədə mən yalvarırdım, xəbərdarlıq edirdim, aydın həqiqətlərdən danışır-dım, konkret adları və olmuş hadisələri xatırladırdım. Bakının və Moskvanın siyasi dairələrində o məqalədən heç də hamı məmnun qalmadı. Bu gün həmin adamlar siyasi meydandan həmişəlik yox olublar və unudulublar, harda olduqları da bəlli deyil. Boğazlarını yırta-yırta xalqa məhəbbətlərini izhar edən, amma işdə hər şeyi hərraca qoyan və cəbhədə əsgərlərimizi arxadan vuranlar da yoxa çıxıblar. İndi onlar hardadırlar – biz bilmirik və bilmək də istəmirik! Onların adlarını belə unut-muşuq! Amma onların yox olması ilə eyni vaxtda biz Dağlıq Qarabağı və onun ətrafında olan rayonları itirdik. Bunu isə bizlərdən heç birimiz həyatımız boyu unutmayacağıq. Bəlkə də istərdik unudaq, amma ürəyimiz alışıb yanır!

Ona görə ki, elitamız yox idi. Xalq bilmirdi kimə inansın, kimdən nümunə götürsün, elə ona görə də gur səsli, fəal gədə-güdənin arxasınca getdi!

Elə indi də, bu gün də bizim gözlərimiz önündə nə vaxtsa gördüklərimizə çox bənzəyən hadisələr baş verir. Yəni son dərəcə baha qiymətə qazandığımız o acı təcrübədən bir nəticə çıxara bilməmişik, bizə bəs eləməyib başımıza gələn-lər? Axı sabah söhbət, Allah göstərməsin, daha böyük itki-lərdən gedə bilər; Dağlıq Qarabağdan böyük itkilərdən. Bu, son dərəcə real bir söhbətdir. O məşum "iks" günü gələndə isə, yenə hansısa gur səsli adamlar aldıqları tapşırıqları yerinə yetirib izsiz-tozsuz yoxa çıxacaqlar. Bəli, bu belə ola bilər, əgər biz bu gün əlimizi qoynumuza qoyub otursaq!

Biz hələ çox işlər görə bilərik, çünki bizim Heydər Əliyevimiz var. 90-cı illərin əvvəllərində xarici və daxili "xeyirxahlarımız"ın səyi nəticəsində Azərbaycanda baş alıb gedən özbaşınalıqdan, ölkədə sürən hərc-mərclikdən bizi o qurtardı. İqtisadi böhran son həddə çatdırılmışdı, şəhərlərdə və kəndlərdə qanunsuzluq – quldurluq, qarət və oğurluq günün adi reallıqları idi; yuxarılarda da, xalq arasında da bir çaşqınlıq hökm sürürdü. Yadınıza salın, heç kim vəziyyətdən çıxış yolu görmürdü. Yəni doğrudanmı bütün bunlar unudulmuşdur? Dünyanın siyasi xəritəsində Azərbaycan öz yerini yalnız möcüzə nəticəsində qoruyub saxlaya bildi. Ölkəni fəlakətdən, xalqı dözülməz təhqirlərdən qurtaran insan soydaşlarının minnətdarlığına və məhəbbətinə layiqdir. Əlbbətə, vicdanı olanların.

Düzü, mənə bunun texnologiyası məlum deyil; amma tarix kitablarının səhifələrində bir nəfərin – parlaq istedad sahibi olan bir şəxsiyyətin son dərəcə əlverişsiz şəraitdə, xarabazarda – özü də pulu, ordusu və müttəfiqləri olmaya-olmaya – ölkəni normal həyata qaytardığı halların, amma çox nadir halların təsvirinə rast gəlmək mümkündür. Biz isə belə bir möcuzəyə Heydər Əliyevin necə nail olduğunu öz gözlərimizlə görmüşük.

Biz – bir neçə dost və həmfikir belə bir nəticəyə gəlmişik: hal-hazırda, nə qədər ki, ölkəmiz prezidentimizin onun üzərində açdığı əmin-amanlıq çətirinin altındadır və biz də özümüzçün rahatca oturub heç bir iş görmürük, bizi gələcəkdə yaxşı heç nə gözləmir: qısası, gələcəyimiz yoxdur. "Biz" deyəndə mən cinsindən, yaşından və milliyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarını nəzərdə tutu-ram. Bu yaxınlarda biz yığışıb bir təsis iclası keçirdik və orada "Əsilzadələr məclisi" adlanan birlik yaratdıq, daha doğrusu, bir zamanlar Vətənimizdə çox böyük hörməti və nüfuzu olan zadəganların, əsilzadələrin davamçılarının birliyini bərpa etməyi qərara aldıq. Qarşıda bizi uzun və çətin bir yol gözləyir və biz bu yolla getməliyik. Mütləq getməliyik. Belə bir məsəl var, – bunu köhnə kişilər deyiblər: "Qalxa bilirsənsə, uzanmaq ayıbdır!"

 

 

17 mart 1999-cu il