Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

ÇƏYİRTKƏ MÖVSÜMÜ

OLMUŞ ƏHVALATLARLA REAL ADAMLARIN VƏ QEYRİ

ADAMLARIN DAVRANIŞININ QARŞILIQLI MÜNASİBƏTLƏRİ NƏTİCƏSİNDƏ YARANMIŞ FANTASMAQORİYA

 

Həmin axşam – 1992-ci ilin soyuq noyabr axşamları-nın birində mən öz bağımda idim və köhnə dostum, şəhərdə mənimlə qonşu olan Seymur Məmmədovu gözləyirdim. Söz vermişdi ki, Bilgəhdəki bağından şəhərə dönəndə məni də götürəcək.

O vaxtlar hamı bərk dilxor idi: Azərbaycana bir yandan ermənilər hücuma keçmişdi, bir yandan da Xəzər.

Ermənilər amansızlıqla şəhərləri dağıdır, kəndləri oda qalayır, qadınlara, uşaqlara rəhm etmirdilər. Öz qonşusunun bir parça torpağına yiyələnməkdən ötrü ermənilər heç zaman onlara pisliyi keçməmiş insanları təsvirəgəlməz bir qəddarlıqla soyub-talayır, qanına qəltan edirdilər. Elə o vaxtlar Xəzər də özündən razı halda coşaraq evləri, yolları, elektrikötürücü dirəkləri, zeytun bağlarını və üzümlüklərini yuyub aparırdı. Dənizin belə azğınlığında nəsə bir namərdlik və xəyanət arayıb tapmaq mümkün deyildi, çünki təbiət qüvvələri, insan-lardan fərqli olaraq həmişə qərəzsiz və kordur. Görünür, elə buna görə də əhali dənizin qudurğanlığına zahirən sakit yana-şırdı və Xəzərin şıltaqlığının qarşısını almaq iqtidarında olmadığını bildiyindən, indiyədək görünməmiş daşqının vurduğu gündəlik ziyanı qaşqabaqlı halda hesaba vururdu. Son bir neçə ildə suyun səviyyəsi fasiləsiz olaraq qalxmış və o payız, deyəsən, ən yüksək həddə çatmışdı. Dəniz mənim bağ evimin iki yüz metrliyində yerləşən çimərliyi yuyub aparmış, sinəsində bitən ağaclarla birlikdə təpəni yerlə-yeksan etmiş, restoranı və çayxananı uçurmuşdu. İndi dalğalar mənim bağımın hasarını döyəcləyirdi və şahə qalxan su sıçrantıları rəngbərəng qövsi-qüzeh zərrəcikləri kimi ətrafa səpələnirdi. Ancaq bu gözəl mənzərə qara köpəkdən – nyufaundlend cinsli itimizdən savayı heç kəsi sevindirmirdi. İt zərrin «fəvvarəni» eyvandan görən kimi sevinclə hürərək hasara doğru atılır, qabaq pəncələrini hasara dirəyir və aldığı həzzdən astaca zingildəyərək, qıllı gövdəsini bərq vuran su şırnağının altına tuturdu. Hər şeydən görünürdü ki, hasarın o tayından çilənən su ona dənizdə çimməkdən daha çox ləzzət verirdi. Dənizdə çimmək isə havadan asılı olmayaraq, onun hərgünkü sevimli məşğuliyyəti idi.

1992-ci il ölkəmizin tarixində həmişəlik olaraq itkilər və alçalmalar rəmzi, xəyanət və rəzalət simvolu kimi qalacaq.

Azərbaycanda o zaman hakimiyyət başında Xalq Cəbhəsi idi. Xalq Cəbhəsi adlandırılan belə təşkilatlar 80-ci illərin sonlarında G. Burbulisin təşəbbüsü ilə, demək olar ki, eyni vaxtda, demək olar ki, SSRİ-nin bütün müttəfiq  respubli-kalarında yaradılmışdı. Gennadi Eduardoviçin ideyasına görə, hər bir respublikanın kommunist təbliğatından  beyni duman-lanmış və sovet həyat tərzinin mənən şikəst etdiyi əhalisi üçün Xalq Cəbhəsi demokratiyanın dayağına, azadfikirlilik ideya-ların mənbəyinə və carçısına çevrilməli idi. İncə yumor hissi-nə malik və hər baxımdan yorulmaq nə olduğunu bilməyən bir insan kimi, Gennadi Burbulis özünün bu yetirməsi üçün adı da həvəslə, sevə-sevə  özü düşünüb tapmışdı. Həmin sovet döv-ründə Xalq Cəbhəsinin coşqun və çoxşaxəli fəaliyyətinin hansı mənbələrdən maliyyələşdirildiyi hələ də sirr olaraq qalır, bircə bu dəqiq bəllidir ki, həmin vəsaitlər dövlət büdcə-sindən ayrılmırdı.

SSRİ-nin ucsuz-bucaqsız ərazisinin hər yerində ictimai şüurun demokratikləşməsi prosesi başlanmışdı. O zaman bəzi ağzıgöyçəklər iddia edirdilər ki, demokratiya ilə demokra-tikləşmə («demokratizasiya») arasında eynən kanalla kan-nalizasiya arasındakı qədər fərq var. Ancaq hamı başa düşürdü, gülüş doğurmayan bu zarafat əlacsız nifrətin təzahüründən başqa bir şey deyil. Gələcək təbəddülatlardan xəbər verən əlamətlərə başbilənlər bəzi nişanələri də aid edirdilər. Kosmosun dumanlı ənginliklərindən inqilablar, saray çevriliş-ləri və hökmdar qətllərinin soraqçısı Halley kometası peyda olmuşdu. Günün günorta çağı Mateas Rust adlı bir əcnəbi öz təyyarəsində icazəsiz-vizasız Kremlin baş giriş qapısı önündə yerə enmişdi. Puqaçova isə bütün görücüləri və məşhur Vanqanı ziyarət etdikdən sonra lap öncəgörənlərsayağı «To li eşe budet, ey, ey, ey» mahnısını oxuyurdu. Bunun da dilimizdə mənası odur ki, yəni görəcək günlərimiz var hələ.

Ah, necə də romantik bir dövr idi. İnsanlar icazə verilmiş azadlıq duyğusundan məst olmuşdular. O dövrün məişətində qulağımızın alışmadığı sözlər peyda olmuşdu: daşınmaz əmlak, bank hesabı, şəxsiyyət hüquqları, Baham adaları, konsensus və s. nəsnələr kimi sovet adamlarının qulağını oxşayan və təxəyyülünü coşduran daha xoş kəlmələr. Yaradıcı ziyalıların  bir çox təmsilçiləri öz əsərlərinin xaric-dəki nəşrləri üçün adamı soyan vergilərin, senzuranın ləğv edilməsini arzulamağa başlamış, fəhlə və qulluqçular isə həmkarlar ittifaqının istirahət evlərinə və avtobuslara qəfil yaranmış nifrət duyğusuna aludə olaraq şəhər kənarında kotteclər və xarici maşınlar eşqinə düşmüşdülər. Videomaq-nitofon ən dəbdə olan və prestijli məişət cihazına çevrilmişdi. Adamlar evlərindəcə oturub əvvəl-əvvəl gözlərinə inanma-yaraq SSRİ-də yasaq edilmiş «Xaç atası», «Parisdə sonuncu tanqo», «Kaliqula», «Emmanuel» kimi filmləri seyr edirdilər. Hamı çörək və əyləncə tələb edirdi, bunlar isə onsuz da heç vaxt hamıya çatmırdı, ancaq əvvəllər belə şeylərə fikir verən olmazdı, idi isə bu qıtlıq gözqamaşdırıcı sürətlə inkişaf etməkdə olan obıvatel şüurunu birdən-birə qıcıqlandırmağa başlamışdı. Xülasə, sosializmdə ürəyəyatan insan simasını çoxdan gözlənilən cizgiləri tədricən gözə çarpmaqda idi.

Bilqeys xala ilə onun bacısı oğlu Rəhman mitinqlərdən bekar vaxtlarında axşamlar səs-səsə verib «Muleyli» havası üstündə «Marselyoza» oxuyurdular. Ziyalıların liberal ovqatı hissəsi isə sovet hakimiyyəti illərində məruz qaldıqları təhqir və məhrumiyyətlər barədə xatirələrlə, eləcə də totalitar rejimlə mübarizədə demokratik cəmiyyətin çoxsaylı üstün-lükləri xeyrinə inandırıcı dəlillərlə bir-birinə ürək-dirək verərək öz partiya biletlərini qorxudan çaşıb qalmış partiya təşkilat katiblərinə qrup halında təhvil verirdilər. Digər qism daha etiyatlı və uzaqgörən adamlar isə partiya biletlərini əlverişli vaxt yetişənəcən seyflərdə gizlədir və rayon miqyasında, dar düşüncəli, çeşidli partokratlara potensial təhlükə diskussiyalara qoşulmadan vergi ödəməyi və partiya iclaslarına getməyi dayandırırdılar.

70 ildən artıq planetimizin altıda bir hissəsində şəriksiz hökmranlıq etmiş Kommunist Partiyasının, beynindəki bədxassəli şiş sürətlə inkişaf edən adamlar kimi başına gələnləri hələ tam dərk etmədən, heç kəsi köməyə çağırmadan, getdikcə zəifləyən qıcolmalarla can verməkdə idi. Belə bir dövrdə Xalq Cəbhəsi Azərbaycanda getdikcə daha populyar və nüfuzlu təşkilata çevrilirdi, ziyalıların bir hissəsi də Qarabağ problemini həll edə bilməyən hakimiyyət dairələrinin gücsüzlüyünü yəqin etmiş və Xalq Cəbhəsinin simasında erməni təcavüzünün qarşısını almaq iqtidarında olan yeganə müdafiəçini görərək ona qoşulmuşdur. Bu isə əksəriy-yəti lümpenlərdən ibarət olan Xalq Cəbhəsinin mövqelərini möhkəmləndirmişdi. Həmin vaxt Xalq Cəbhəsi ölkədə ger-çəkdən başlıca siyasi qüvvəyə çevrilmişdi.

1991-ci ilin dekabrında Yeltsin, Kravçuk və Şuşkeviç, Belovejskaya Puşşa deyilən yerdə görüşdülər və daha mötəbər adamların iradəsini yerinə yetirərək SSRİ-nin buraxılması barədə aktı imzalamaqla 15 müttəfiq respublikanın hamısına müstəqillik verdilər. Bu cərgədən Azərbaycana da müstəqillik bəxş edildi. Aydındır ki, özünün iddia etdiyinin əksinə olaraq, yerdə qalan o biri «cəbhələr» kimi, ölkənin müstəqillik qazan-masına Azərbaycan Xalq Cəbhəsinin də heç bir aidiyyəti olmamışdı, tək bircə faktı istisna etməklə: Xalq Cəbhəsinin tələm-tələsik, düşüncəsiz hərəktələri sayəsində hələ o zaman-kı sovet Bakısının küçələrində sadəlövh insanların əbəs yerə qanı axıdılmışdı. Əksəriyyəti gənclər olan o saf qəlbli vətən-pərvərləri «cəbhəçilər» gecə ikən evlərindən çıxarmış və özlərinin təhlükəsizliyini etibarlı surətdə təmin etməklə, onları həyasızcasına, «xalqın və ölkənin müstəqilliyi naminə» sovet ordusunun şəhərə yeritdiyi tankların gülləsi qabağına vermiş-dilər. Bax, elə buna görə də qazandığımız müstəqilliklə bağlı sevinc duyan azadlıqsevər vətəndaşlar Belovejskaya Puşşadakı marionetlərə və ölkə daxilindəki muzdlu demaqoq-qiyamçılara minnətdar olmamalıdırlar. Bəxş edilmiş müstəqilliyə görə, o kəslərə təşəkkür etmək lazımdır ki, onlar ümumdünya miqya-sında hakimiyyət və nüfuzun yenidən bölüşdürülməsi vəzifə-lərinin öhdəsindən ustalıqla gələrək inadcıl və ipə-sapa yatma-yan bir imperiyanın süqutunu səxavətlə maliyyələşdirmiş və necə deyərlər, mərkəzləşdirilmiş qaydada təşkil etmişdilər. Elə bir imperiyanın ki, istəsəydi, bütün planeti məzarıstana çe-virə bilərdi, lakin özünü xilas etməkdə aciz oldu.

Rusiyanın dövlətdaxili siyasətinə başı möhkəm qarış-mış Gennadi Burbulis 1991-ci ilin ortalarında artıq Xalq Cəb-həsi ilə məşğul olmaqdan əl çəkdi və milli respublikalarda demokratik hərəkatların əlaqələndirilməsi və inkişafı işini tanınmış demokratlar O. Starovoytova ilə S. Şaxray tamamilə öz əllərinə aldılar.

1992-ci ilin mayında Azərbaycan Xalq Cəbhəsi iqtidara gəldi. Yeri gəlmişkən, postsovet məkanının bütün başqa respublikalarında Xalq Cəbhəsi təşkilatlarının ömrü çox qısa oldu, onlar yaradıldıqdan az sonra sürünməyə başladılar. Bir müddətdən sonra isə yəqin ki, gərəksiz olduqlarına görə sakit-səssiz «ölüb getdilər». Xalq Cəbhəsi Azərbaycanda lazım idi, odur ki, onun inkişafı və tərəqqisi üçün zəruri olan hər şey edildi.

...Soyuq külək getdikcə şiddətlənir, qasırğa olacağın-dan xəbər verən qağayılar bərkdən çığırışırdılar. Elə həmin günün axşamı uçulacağından xəbərsiz olduğum hasarı son dəfə seyr edib itimi çağırdım və evə sarı yönəldim.

Seymur həmişəki kimi dəqiq vaxtında gəldi. Bu, elə bir insan idi ki, təbiət ona əvəzsiz bir nemət bəxş etmişdi; heç bir səy göstərmədən ətrafdakıların xoşuna gəlməyi bacarırdı, elə bil ondan ətrafa xeyirxah enerji və istilik dalğası yayılırdı. Ünsiyyətcil xasiyyətinə görə, bəlkə də peşəsi ilə əlaqədar – Seymur Bakıda tanınmış hüquqşünas idi – o, həmişə bütün şə-hər yeniliklərindən xəbərdar olardı. Biz evdə az qaldıq, çünki xeyli vaxtdı işıqdan, qazdan və telefondan əsər-əlamət yox idi. Onların yoxluğuna artıq alışmışdıq, ancaq bu, vəziyyəti heç də yüngülləşdirmirdi.

– Bilirsən, mən dünən hansı qəzetdəsə maraqlı bir xəbər oxudum: xaricdə cib telefonları peyda olub, onlara şanvari rabitə telefonları, yaxud da mobil telefon deyirlər. İş prinsipi də sadədir...

– Bəs hələ cibdə gəzdirilən elektrik stansiyaları icad etməyiblər? – mən tələsik onun sözünü kəsdim. – Bilirdim ki, Seymur texnika yeniliklərindən danışmağın həvəskarıdır, – belə stansiyalar bizim üçün daha vacibdir.

– Sən zarafat elə! Onlar isə az qala hər gün təzə-təzə möcüzəli şeylər icad edirlər, – Seymur cibindən qızılı rəngli avtomat qələm çıxarıb mənə uzatdı. – Qələmin bu cür ağır olacağını gözləmirdim.

– Sən elə bilirsən, bu, avtoqələmdir?

– Nədir, yoxsa içinə civə doldurublar?

Seymur qələmi əlimdən aldı:

– Bax! Bunun sıxacını şaquli vəziyyətə gətiririk. Görürsənmi, sıxacın altında nə var? Ay sağ ol, qırmızı düy-məcik. – Seymur ehtiyatla sıxacı əvvəlki vəziyyətinə qaytardı. – Deməli belə: əgər bu qələmi təxminən otuz metrlik məsafədən hər hansı obyektlə, məsələn, tanka tuşlayıb bu qırmızı düyməciyi bassan, həmin obyektin işi bitdi. Necədir sənin çün?

– Avtoqələm-tapançalar, zəhərli ucluğu olan casus çətirləri barədə eşitmişəm, ancaq qumbaraatan qələm... Səhv etmirəmsə, heç Ceyms Bondda da beləsi olmayıb. Sən bir təsəvvürünə gətir: bu avtoqələmə qarşı tank! Ya da əksinə. Bəs kreyser, ya təyyarə necə? Haradan tapmısan bunu?

Nihilizm, qeyri-adi və möcüzəli nə varsa, hamısına inamı öldürən məhvedici nihilizm göz qabağındaca öz mənfur işini gördü – Seymur qələmi cibinə qoydu...

– Yəqin haqlısan. Amma... Mənə onu bir müştərim bağışlayıb. Krasnodar Neft Emalı Birliyinin direktoru. Rostov məhkəməsində onunçün çətin bir işi udmuşam. Özü də ciddi adamdır. Qəribədir...

Biz küçəyə çıxdıq. Dənizin nəriltisi burada elə bir zəif eşidilirdi. İlin bu fəslində həmişə olduğu kimi, indi də ətrafda ins-cins gözə dəymirdi. Seymur açarları çıxarıb maşınına yanaşdı, ancaq birdən nə isə onun diqqətini cəlb etdi.

– Dikdirin o üzündəki o paslı sisterni görürsənmi?

– Əlbəttə! Düz on ildir ki, buranın mənzərəsinin yaraşığıdır.

– Bax biz indi avtoqələmi onun üzərinə sınaqdan keçirərik. Axı həmin o dediyim müştəri zarafatcıl adama oxşamırdı. Yoxlayaq, hə?

Biz hələ təxminən bir ay öncə – Xalq Cəbhəsinin qə-rarı ilə bütün dəmir yolu boyunca uzanan dirəklərdən rabitə xətləri sökülənədək üzərindən elektrik qatarlarının şütüdüyü təpəciyi keçdik. Seymurun məlumatına görə,  bütün rabitə xət-ləri əlvan metal qırıntısı kimi İrana aparılıb satılmış, qazanıl-mış pullar isə bu sövdənin təşəbbüsçüləri arasında bölüşdürül-müşdür. Seymur hətta satanların adlarını və bu işlək avadan-lığın təkrar emalı üçün almış İran firmasının adını da bilirdi. Həmin əməliyyat nəticəsində şəhərətrafı elektrik qatarlarının hərəkəti tamamilə və belə görünürdü ki, həmişəlik dayanmışdı. Seymur paslanmış sisternlərdən bu yana otuz beş addım ölçdü – onun fikrincə, bu, otuz metrə bərabər idi – sonra axtardığı nöqtədə mövqe tutdu. Mən də onun yanında durdum. Yəqin kənardan bu, çox gülməli, görünürdü. Odur ki, orada dayandığımız müddətdə qonşulardan heç birinin bizi görməməsinə qətiyyən təəssüflənmədim.

– İstəyirdim bunu hərbçilərə verim, ancaq sənin şübhələrin də ağlabatandır. Buna görə də gəl indi özümüz yoxlayaq, görək bu nəmənədir?

Seymur qələmi sol əlinə alıb, onun ucunu sisternə tuşlayaraq, əgər belə demək mümkünsə, nişan aldı, sonra sıxacı şaquli vəziyyətə gətirib qırmızı düyməciyi basdı... Ancaq heç bir şey olmadı.

 – Gərək sən ucadan qışqıraydın: «Atəş! – onda sənin bu silahın atılardı, – mən yazığı gələn adam ədası ilə məsləhət verdim. – Elə baxan kimi görünür axı: «atəş!» komandasına proqramlaşdırılıb.

– Dostuna gülmək asandır, ona isti kökə alıb vermək daha çətindir, – deyə Seymur donquldandı. O, artıq nişan almırdı və əlindəki qələmə indi açıq-aşkar ikrah hissi ilə baxırdı. – Yaxşı, hərbi sınaqlar bitdi. Gedək şəhərə.

Əsl həngamə də elə bu anda başlandı. Şampan tıxacı şüşəsindən atılmasını andıran zəif partıltı eşidildi, Seymurun əlində təkcə avtoqələm qapağı qaldı. Qapaq bir göz qırpımında elə qızdı ki, barmaqları az qala yanan Seymur cəld onu yerə tulladı. Keçmiş avtoqələmin əsas hissəsinin uçub getməsi sisterndə qətiyyən heç bir iz buraxmadı. Ancaq nəsə baş vermişdi və Seymur bunu məndən əvvəl gördü. Mən onun baxışları istiqamətində boylandım, əvvəlcə qeyri-adi bir şey görmədim: hündür daş hasarların boy-boya verdiyi küçə bayaqkıtək adamsız idi. Bizim dayandığımız yerdən bir az aralıda, təzəcə rənglənmiş yaşıl darvazanın qarşısında bir neçə maşın durmuşdu. Seymur gözlərini sisterndən təxminən otuz metr aralıda, bizdən sağ tərəfdə dayanmış boz «Niva»ya zilləmişdi: maşının içində təqribən futbol topu boyda narıncı rəngli odlu kürə peyda olmuşdu. Kürə bir-iki saniyə belə tərpənməz qaldıqdan sonra birdən-birə formasını kəskin surətdə itirərək şiddətli alova çevrildi və bir göz qırpımında maşının içərisini bürüdü. Bizə uzun görünən bir neçə saniyə ötdü. Dinməz-söyləməz dayanıb, uğurlu bazar günü istirahətimizin bəhrəsini seyr edirdik. Seymur birinci olaraq özünə gəldi. Onun dediklərini, təcrübəli psixoloq yəqin ki, baş vermiş hadisəni üzündəki təbəssümü nəzərə almaqla, şübhəsiz, əsəb şokunun nəticəsi kimi qiymətləndirərdi.

– Gördün?! – o, mənə müraciət etdi. – Tarasın barəsində yanılmamışam, dedim axı, ciddi adamdır.

– Taras kimdir? – deyə mən nə üçünsə xəbər aldım, hərçənd ən etibarlı mənbələrdən mənə bəlli idi ki, adı çəkilən Tarasın kim olduğunu həmin dəqiqələrdən qətiyyən bilmək istəmirdim.

– Taras Ovçarenko. Mənə həmin avtoqələmi bağışlayan adamı deyirəm. Bayaq elə bildim məni aldadıb, indi isə çiyinlərimdən sanki dağ götürüldü. Mən həmişə deyirəm: əgər insan həqiqi ziyalıdırsa, ona hər şeydə etibar etmək olar. Taras isə...

Mən onun sözünü ağzında qoydum:

– Sən bir ora bax! Görürsənmi, kiminsə maşını yanır. Özü də onu yandıran iki nəfərdən ən azı biri çox güman ki, ziyalıdır... Əcəb işə düşdük. Tarası yadından çıxart.

– Düz deyirsən, xoşagəlməz əhvalatdır, – deyə Seymur razılaşdı, – ancaq mənim əzizim, bu dünyada yanmış maşından qat-qat mühüm şeylər var. Maşının haqqını ödəyəcəyəm...

– Ödəyəcəyik, – deyə mən düzəliş etdim.

– Dostunun sözlərinə şübhə ilə yanaşmaq üçün zəmin yaranırsa, bu, daha xoşagəlməz bir şeydir, – deyə Seymur fikrini tamamladı.

Baş verənlər yuxunu xatırladırdı. Artıq alov bayırdan da maşını bürümüşdü və maşın quru saman topası kimi çırtıltı ilə yanırdı. Əgər külək bir azca güclü əssəydi, alov yaxınlıqdakı o biri maşınlara keçə bilərdi. Xoşbəxtlikdən belə olmadı.

– Gedib xəbər vermək lazımdır ki, maşın yanır, – deyə mən dilləndim, ancaq Seymur cəld qolumdan yapışdı:

– Bu dəqiqə benzin bakı partlayacaq!

Bu sözlər onun ağzından çıxar-çıxmaz bayaqdan bəri, necə deyərlər, yavaş-yavaş yanan maşın qulaqbatırıcı gurultu ilə partladı. Bir göz qırpımında partlayış dalğası alovu üfürüb keçirdi, lakin demək olar ki, elə həmin andaca o, yenidən, özü də daha şiddətlə alışdı. Tüğyan edən tüdn qırmızı alov dilləri və qara tüstü içində görünməz olmuş episentrdə maşın yanmaqda idi.

– Nə, nə olsun, biz ki tank vurmadıq, bu yüngül, az qala tənəkə minik maşınıdır da... – tanımadığım Tarasın bizə üstün gəldiyini başa düşsəm də, təcrübəli qumarbazlar kimi cığallıq etdim. Uduzana münasibətdə Seymur hədsiz lütfkarlıq mücəssəməsi idi: – O susdu.

Bütün evlərdən adamlar küçəyə qaçışırdılar. Avtomat qələmin yanıb qurtarmaqda olduğu qurbanın durduğu darva-zadan daha çox adam qaçıb gəldi. Onlar – təxminən  on nəfər kişi və qadın tələm-tələsik alovu söndürməyə başladılar. Kim isə odsöndürən qurğu gətirdi. Bunlardan biri hərdənbir sarı köpük parçaları üfürsə də, tez-tez fısıldayıb dayanırdı, ikincisi isə saz idi və onun köməyi ilə yanğın söndürüldü. Adamların çoxu bizimlə salamlaşırdı, amma heç kəs sual vermirdi. Görünür, onlar elə bilirdilər ki, biz də başqaları kimi partlayış səsinə küçəyə çıxmışıq. Əgər xanımlar bu dərəcədə canfəşanlıq edib qara-qışqırıq salmasaydılar, belə təəssürat yaranardı ki, yanğın artıq tamam söndürülüb.

Mən təklif etdim:

– Gəl gedək hər şeyi başa salaq. Görək maşının sahibi kimdir. Məncə, bunu elə indi, camaat evlərinə dağılmamış etsək daha asan olar.

– Bağışla, ancaq bu, o qədər də uğurlu fikir deyil, – deyə Seymur etiraz etdi. – Belə məsələləri küçədə həll etməzlər. Şükür Allaha, qaçan-qovan yoxdur. Arxayın ol. Elə günü sabah mən hər şeyi yoluna qoyaram!

– Axı biz heç maşının sahibinin kim olduğunu da bilmirik. Nömrəsini də götürmədik. Gəl bu günün işini sabaha qoymayaq. Məsələni isti-isti həll edək.

– Sən bir təsəvvür elə, kənardan bu, necə görünər: saçı-başı ağarmış iki nəfər, yəni səninlə mən yarısərxoş adamlar dəstəsinə yaxınlaşırıq və öz qurbanımızın hələ soyumamış qalıqları yanında onlara izah etməyə başlayırıq ki, gündüzün günorta çağı səhv nişan almışıq və avtomat qələmlə tank əvəzinə, bağışla, çaşdım, paslı sistern yerinə onların «Niva»sını yandırmışıq. Yox, mən özümü gic yerinə qoymaq istəmirəm. Belə söhbətləri zərərçəkənin tanımadığımız dost-ları və qohumları yanında deyil, təklikdə etmək lazımdır. Maşın sahibini isə sabah tapacağıq, narahat olma. Əvvəla, mən maşının nömrəsini yadımda saxlamışam, ikincisi də, yanğını söndürənlər arasında mənim bir tanışım vardı – buranın rayon icraiyyə komitəsi sədrinin keçmiş müavini Zaur Novruzov. İndi isə, xahiş edirəm, əyləş maşına. Bir azdan axşam düşəcək. Zənnimcə, bu günlük sərgüzəştlərimiz bəsdir.

Seymur, şəksiz ki, bir şeydə haqlı idi – burada ləngiməyə dəyməzdi. Qaranlıq düşən kimi soyğunçuluq adi məşğuliyyətə çevrilirdi. Qaş qaralar-qaralmaz, hərbi geyimli adamlar gözlərinə xoş gələn maşınları sürücünün əlindən alır, sərnişinlərin isə üst-başlarını axtardıqdan və qiymətli əşyaları götürdükdən sonra buraxırdılar. Hesab edilirdi ki, bu, heç də ən ağır nəticə deyil. İlk tələbdən maşını saxlamayanları atəşə tuturdular. Şikayətlənmək faydasız idi, heç şikayət etməyə yer də tapmazdın, çünki o dövrdə bütün hökumət idarələrində və inzibati orqanlarda əsas vəzifələrin başında elə həmin o cəbhəçilər, yaxud «bəylər» (buna heç bir haqları olmasa da, onlar özlərini məhz belə adlandırırdılar) dururdular. Biz şəhərə gəlib çatanda artıq şər qarışmışdı. Kimsəsiz küçələrdən keçib binamıza yaxınlaşanda ilk həyat əlamətlərini çörək dükanına növbə şəklində gördük. Piştaxtalar bomboş olsa da, növbəyə duranlar dağılışmır, çünki mağaza müdiri Aslan satıcı qadınlar Manya ilə Sürəyyanın vasitəçiliyindən istifadə etməyib, özü camaatın qarşısına çıxmışdı. Bu isə səhih məlumat veriləcəyi demək idi. Aslan dedi ki, çörək zavodunda artıq maşını yükləməyə başlayıblar, uzağı bir saata – saat yarıma burada olacaq.

Növbəyə duranların arasında ikinci blokda yaşayan qonşumuz geoloq Həsən bəy də var idi. Bu yaxınlarda onun səksən doqquz yaşı tamam olmuşdu, ancaq çörək almağa hər axşam  beşinci mərtəbədən özü düşüb gələr, bu işi ikisinin birlikdə yaşları kişinin öz yaşından az qala otuz il kiçik olan arvadı ilə qızına rəva bilməzdi.

Seymurla məni görəndə sevindi, ancaq sonradan aydın oldu ki, elə bizdən qabaq da kefi kök imiş.

– Çox yaxşı vaxtda gəlmisiniz, – deyə o, qulağı zəif eşidən adamların hamısı kimi qışqıra-qışqıra elan etdi: – Möcüzədir! Bu gün binamızda həm işıq yanır, həm qaz gəlir, həm də lift işləyir. Bilyardçıların bir sözü var: ikiqat qeyri-mümkün karambol. Bax, həmin söz bugünkü vəziyyətə lap uyğundur. Yəqin bu gün quldurların nəsə bir gizli bayramıdır. Bəlkə, Allah göstərməsin, daha bir rayonu ermənilər yaxşı qiymətə satıblar? Bir şey eşitməmisiniz?

– Dünən xəbər verildi ki, biz hücuma keçmişik, – deyə Seymur cavab verdi.

– İnanmayın! – Həsən bəy yenə səsini ucaltdı. – Alınmaz qala deyilən Şuşanı ki onlar bircə güllə atmadan ermənilərə satdılar, ondan sonra mən qəti yəqin etmişəm: bunlar çox təhlükəli farmazonlardır. Onların hamısını hərbi tribunal mühakimə etməlidir! Elə bizim də hamımızı onlarla birlikdə! Niyə? Ona görə ki, susuruq!

– Mən sizinlə tam razıyam, – deyə Seymur nəzakətlə cavab verdi, – amma bir məsələdən başqa: sizi və bizi hərbi tribunal mühakimə edə bilməz, çünki biz mülki şəxslərik. Dövləti canilərin özbaşınalığına şərait yaratdığımıza görə bizi adi mülki məhkəmə mühakimə etməlidir.

Mənim yaşadığım blokun girişində ayrıldıq. Həsən bəylə söhbətdən sonra Seymur hələ də gülümsəyirdi:

– Ötən həftə bunun arvadı sahə həkimini çağırır. Gəlmişkən elə Həsən bəyi də müayinə edən həkim deyir: «Həsən bəy, yaşınıza görə səhhətiniz əladır. Sizə nə məsləhət görə bilərəm? Normal qidalanma, əti azaltmaq, daha çox meyvə-tərəvəz yemək, təmiz hava, bir də yaxşı qulluq».

«Həkim, – deyə Həsən bəy cavab verir, – yemək-içməyim normaldır, təmiz hava məsələsi də qaydasındadır, yatanda pəncərəni açıq qoyuram, hər səhər dəniz kənarında gəzirəm. Qaldı ki, qulluq... yox, ay həkim, «bəylər» qulluqdan əl çəkən deyillər».

Elə həmin gecə saat on birdə «Xəbərlər»ə baxdım. Birdən ekranda yanıb qarsalanmış «Niva»nın gövdəsi və onun ətrafında da yanğının şahidi olmuş adamlar göründü. Hadisə yerindən reportaj aparan populyar jurnalist xəbər verdi ki, bu gün Xalq Cəbhəsi rayon şöbəsinin müavini Sabir Məmmədova sui-qəsd edilib və o, gözgörəsi ölümdən möcüzə nəticəsində xilas ola bilib. Sonra müxbir mikrofonu zərərdidəyə verdi. Bu, otuz beş yaşlarında, zahirən yapışıqlı olmayan bir nəfər idi, o tərəf – bu tərəfə qaçan xırdaca gözləri vardı. Hər şeydən öncə Sabir Məmmədov möcüzə nəticəsində xilas olduğuna görə Allaha şükr etdi, özü də Allahın bu iltifatını çox məharətlə belə yozdu: Tanrının məsləhəti beləymiş ki, onun – yəni Sabir Məmmədovun öz cəbhədaşları ilə birlikdə bundan sonra da demokratiya, ermənilər üzərində qələbə, vətənin azadlığının möhkəmləndirilməsi və sevimli xalqın rifahı naminə var qüvvə ilə çalışmaq imkanı olsun. Sonra o, emosiyasını bir az cilovlayıb bildirdi ki, onun həyatına bugünkü qəsd birinci deyil. Bir neçə dəfə o, maşını çox yüksək sürətlə idarə etməklə atışa-atışa təqibçilərdən can qurtara bilib. Daha sonra Sabir Məmmədov bunları bəyan etdi ki, keçmiş DTK casuslarının onu öldürmək istədiklərini sübuta yetirən faktlar var. Müxbirin bu faktları açıqlamaq təklifini rədd edən Sabir Məmmədov bildirdi ki, vaxtı gələndə açıqlama verəcək.

Mən o saat Seymura zəng vurdum. Ancaq nə özü, nə də arvadı dəstəyi qaldırdı. Ertəsi gün bir neçə dəfə zəng çaldım, telefon susurdu. Seymur ikinci günün axşamı gəlib çıxdı. Sən demə dünəndən bəri, o, arvadı ilə bərabər şəhər xəstəxanasında imiş – qardaşı oğlu, tələbə Akif qara ciyərindən ağır bıçaq yarası alaraq reanimasiya şöbəsinə çatdırılıb. Əhvalat belə olub. Akif tələbə yoldaşı olan bir qızla gündüz vaxtı dəniz kənarı ilə gedirmiş. Bu zaman iki nəfər onlara yaxınlaşır və soruşur ki, niyə rusca danışırsınız. Oğlan da deyir ki, bizim öz işimizdir və heç kəsə dəxli yoxdur. Bunu eşidən həmin adamlardan biri bıçaqla ona zərbə endirir, o biri isə başındakı kepkasını qapıb ağlayan qızın dodaq boyasını silməyə başlayır. Üstəlik də deyir: «Burada bizə fahişələr gərək deyil, rus dilində danışmaq istəyirsən, çıx get Rusiyaya». İndi oğlanın vəziyyəti yaxşılaşmışdı deyə, Seymurun dostu olan həkim sabah onu cərrahiyyə şöbəsinə keçirməyə söz vermişdi.

– İndi demokratlar var qüvvə ilə ksenofobiyanı qızışdırırlar. Mütəşəkkil qruplar küçədə, nəqliyyatda telefonla rusları təhqir etməyə başlayıblar. Hədələyirlər ki, Azərbaycan-dan çıxıb getməsələr, onlara divan tutulacaq. Ləzgiləri də qulaqları eşidə-eşidə təhqir edirdilər. Görəsən, niyə belə eləyirlər?

– Moskvada da eyni vəziyyətdir. Bu cür qan-qan deyən millətçiliyə əvvəllər Rusiyada heç zaman təsadüf olunmayıb. Qatı millətçilik yalançı demokratların seçdiyi ümumi xətdir; təqib obyektləri müxtəlif olsa da, dəst-xətt eynidir.

– Axı bu, onların nəyinə gərəkdir? – deyə Seymur sualını təkrar etdi.

– Bizim əldəqayırma demokratlarımız heç nəyi əbəs yerə etmirlər. Deməli, bu məsələdə də hələ bizə bəlli olmayan hansısa xain bir niyyət var. Razısan mənimlə?

– Razıyam, – Seymur dedi, – mən elə Leninlə də razıyam. Deyəndə ki, aşpaz qadın dövləti idarə edə bilər, yəqin yanılmırsız. Ancaq heç şübhəsiz, o, oğru, yalançı və ayağısürüşkən aşpaz qadını nəzərdə tuturmuş.

– Elədir, – dedim. – Əlbəttə, gərək aşpaz əliəyri və pinti olmasın. Əfsuslar olsun ki, məsələ yalnız bununla məhdudlaşmır. Xalq Cəbhəsinin liderləri lapdan Şimali və Cənubi Azərbaycanın vahid dövlətdə birləşdirilməsi planları ilə çıxış etməyə başlamışdılar. Azərbaycanlıların məskun-laşdığı bu iki ərazinin birləşdirilməsi ilə bağlı Xalq Cəbhəsinin arzusu, əslində, Ermənistanın Dağlıq Qarabağa olan iddialarından heç nə ilə fərqlənmirdi. Məntiq adamda ikrah doğuracaq qədər tanışdır: bir halda ki, burada da, orada da ermənilər yaşayır, deməli, bu əraziləri birləşdirmək gərəkdir; bir halda ki, burada da, orada azərbaycanlılar yaşayır, deməli, yenə də bu əraziləri birləşdirmək lazımdır. Özü də birləşdirmək üçün hədəf seçilmiş bu ərazilərin tərkibində olduğu suveren dövlətlərin fikri nə Ermənistanı, nə də Xalq Cəbhəsini maraqlandırırdı. Qeyd etmək lazımdır ki, eyni bir problemə bu iki subyektin yanaşması bir-birindən kəskin surətdə fərqlənirdi. Ermənistan qollarını çırmalayıb nəhəng ölkənin bütün ərazisində hakimiyyətsizlik şəklində qismətinə düşmüş tarixi şansdan bəhrələnir, öz diasporunun və Rusiyanın maliyyə və hərbi yardımı göstərəcəyinin qabaqcadan razılığını alaraq, artıq danışığa vaxt sərf etmədən, qonşusunun müharibəyə hazır olmadığını bilə-bilə, xaincəsinə hücuma keçmişdi.

Xalq Cəbhəsinin liderlərinin bəyanatlarında ifadə olunan Cənubi və Şimali Azərbaycanı birləşdirmək barədəki vətənpərvərlik arzusu isə boşboğazlıqdan başqa bir şey deyildi. Belə ki, Azərbaycan iki ölkənin tarixən formalaşmış qüvvələrinin qeyri-bərabərliyi üzündən o zaman ən əlçatmaz arzularında belə təsəvvür edə bilməzdi ki, hansı yollasa İran ərazisinin bir hissəsini zorla qoparmağa nail olar. Üstəlik də, bu, olduqca tutarlı məqamdan əlavə, həmin vaxt ölkəmiz fasiləsiz geri çəkilərək Ermənistanla müdafiə savaşı aparırdı. Bu azmış kimi, yuxarıda deyilənlərlə bir vaxtda Azərbaycanın öz daxilində də bəzi separatçılar meydan sulayırdılar, sənaye və kənd təsərrüfatını isə cəbhəçilər demək olar ki, soyub-talamışdılar. Belə bir fonda Xalq Cəbhəsi liderlərinin Böyük Azərbaycan yaratmağın gərəkliyi barədəki bəyanatları normal insan üçün əsl klinik kəmağıllıq əlamətlərinin təzahürü kimi səslənirdi. Fəqət Xalq Cəbhəsinin heyrətamiz dərəcədə canıbərk, zirək liderləri özlərinin saysız-hesabsız qüsurlarına baxmayaraq, ağıldankəm deyildilər. Azərbaycan tarixinin ən ağır dönəmində İranın bir hissəsini Azərbaycana qatmaq çağırışı ciddi siyasi aksiya idi. Müharibə aparan Ermənistanın son nəfəsiydi. Onun iqtisadi yardıma kəskin ehtiyacı vardı. Rusiya və diaspor onu silahla, canlı qüvvə ilə təchiz edirdi, ancaq işıq, istilik və ərzaqla təmin etməyə qüvvələri catmırdı. Türkiyənin yardımına Ermənistan məlum səbəblərə görə qətiyyən ümid edə bilməzdi. Regionda islami dəyərlərin başlıca mühafizi və lideri kimi şərəfli bir yükü öz üzərinə götürmüş İran da müsəlman qardaşı Azərbaycanla müharibə aparan Ermənistanı dəstəkləməyi özünə rəva görə bilməzdi. Bu, İran ideologiyasının və siyasətinin başlıca prinsiplərinə zidd olardı. İranı öz tutduğu yoldan sapdırmaq üçün qeyri-adi nə isə baş verməli idi. Və həmin qeyri-adi «nə isə» baş verdi. Xalq Cəbhəsi liderlərinin ardı-arası kəsilməyən bəyanatlarını İran rəhbərliyi haqlı olaraq fitnəkar separatçılıq təbliğatı kimi dəyərləndirdi və son anadək xoş niyyətlə və xüsusi ehtiyatla yanaşdığı bir dövlət tərəfindən öz ölkəsinin ərazi bütövlüyünə həyasızcasına qəsd cəhdi hesab etdi. Lakin söz artıq deyilmiş, təhqir ünvana yetişmişdi! Beləliklə, Azərbaycanın qonşuluqda daha bir düşməni, Ermənistanın isə səxavətli havadarı və «çörək acağı» peyda oldu. Şübhəsiz, bu, strateji uğur idi.

Ola bilsin ki, elə həmin günlərdə rəfiqlər və ümumi iş üzrə silahdaşlar – Bonnerlə Koks Q. Starovoytovanı növbəti qələbə münasibəti ilə təbrik edirmişlər. Cici-bacılar misli görünməmiş bir avantüranın uğurunu qeyd etməkdən ötrü İrəvana toplaşmışdılar. Və onlar şəhərin mərkəzindəki kölgəli küçələrdə gəzişərək gələcəkdə qoyulacaq «üç nazənin» abidəsi üçün yer bələdləyirmişlər. Belə bir abidəni bu üç qadına minnətdarlıq əlaməti olaraq Ermənistan yapmalı idi, çünki həmin qadınlar cəbhənin hər iki tayındakı əlaltılarını məharətlə idarə edərək Ermənistana xeyli fayda gətirmişdilər.

Xalq Cəbhəsinin xarici siyasət sahəsində atdığı digər mühüm addım Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olmaqdan imtina etməsi sayıla bilər. Bu könüllü özünütəcrid Azərbaycan ətrafındakı iqtisadi və nəqliyyat blokadasını bir az da möhkəmlətdi, ölkənin iqtisadi durumunu yaxşılaşdırmaq ümidindən birdəfəlik məhrum etdi.

O zaman Rusiyada bizimlə əməkdaşlıq etməyə hazır olan qüvvələr vardı, lakin Azərbaycanın öz-özünü kənarlaşdırması həmin adamlara bizimlə işgüzar əlaqələr qurmaqda mane oldu. Müstəqil Dövlətlər Birliyinə daxil olmaqdan imtina Azərbaycanı həm də Ümumrusiya tribunasından, o cümlədən parlament tribunasından məhrum etdi. Azərbaycanlı opponentlərin olmadığı bir şəraitdə Ermənistan nümayəndələri Rusiya Federasiyası tribunasından qismətinə Azərbaycanda yaşamaq düşmüş binəva ermənilərin məruz qaldıqları işgəncə və bəlalar barəsində inandırıcı və ağlabatan bir şəkildə söz açmaq imkanı qazandılar. Onlar göz yaşı töküb hamını mütəəssir edərək öz dinləyicilərini Ermənistanın son dərəcə sülhsevər siyasətinin təfsilatları ilə tanış edirdilər. Deyirdilər ki, Ermənistan gərəksiz qurban-lardan hər vasitə ilə qaçır, ancaq öz bədbəxt soydaşlarını qan iyindən lap vəhşiləşmiş başkəsən azərbaycanlılardan qorumaq məcburiyyətindədir. Bütün bu «faydalı» bilgilər təxirə salınmadan bütün sivil dünyaya yayılırdı. Sivil dünya isə o zaman bütün bunlara inanırdı, çünki ermənilərin qonşuya münasibəti kimi eybəcər fenomendən hələ bixəbər idi. Sivil dünyanın o vaxt hələ belə bir təcrübəsi yox idi və buna görə də təsəvvürünə gətirmirdi ki, qədim xalqın elitasının təmsilçiləri olan diplomatlar, deputatlar və ictimai xadimlər faktları həyasızcasına təhrif etməyə, dinc əhaliyə qarşı qanlı cinayətlər barədə məlumatları, qadınların, uşaqların və qocaların kütləvi qətllərini ört-basdır etməyə qadirdirlər. Onilliklər boyu ancaq xeyirxah dost olmuş qonşuya böhtan atılmış, üzərinə çirkab yağdırılmış, dostluq və işgüzar əlaqələr birdəfəlik kəsilmişdir.

Elementar məntiq və sağlam düşüncə baxımından qəribə bir siyasi xuliqanlıq təsiri bağışlayan addım – MDB-yə daxil olmaqdan imtina Ermənistanın mənafeləri və maraqları sarıdan son dərəcə səmərəli oldu, tələ qapandı.

...Yanmış maşının sahibi ilə görüşdən sonra Seymur dərhal mənim yanıma gəldi.

– Əhvalat tamamilə gözlənilməz şəkil alır! – deyə o, dostuna məzəli sürpriz etməyə hazırlaşan adam görkəmi ilə sözə başladı. – Qoy hamısını başdan danışım. Bu gün mən öz tanışım Zaur Novruzovu axtarıb tapdım. O, həmin gün yanğın söndürənlər arasında idi. Özü də «cəbhəçi»dir. Yanmış maşının sahibi Sabir Məmmədovla zəngləşib onun yanına getdim.

Görüşün məqsədi barədə Novruzova Seymur heç bir söz deməyibmiş. Rayon qərargahına gedən zaman maşında yol boyu Novruzov söyləyir ki, Sabir hörmətli adamdır, yoldaşları arasında yaxşı təşkilatçı və gözəl natiq kimi tanınır, nüfuz sahibidir. Hələ leytenant Şmidt adına maşınqayırma zavodunda çilingər işlədiyi vaxtlardan Xalq Cəbhəsinin fəal üzvüdür. Sabir Məmmədov Seymura qeyri-ziyalı adam təsiri bağışlayır. Sərt demokratik yönümlü köhnə demaqoq kimi bəlağətli nitqinə baxmayaraq, görünürdü ki, o, hər şeyə cəld reaksiya verməyi bacaran hiyləgər adamdır. Bazar günü sərgüzəşt-lərimiz barədə Seymurun söylədiklərinə diqqətlə, sözünü kəsmədən qulaq asır və Seymur hiss edir ki, Sabir Məmmədov onun hər kəlməsinə inanır.

– Əhvalatı söyləyib qurtarandan sonra o mənə nə desə yaxşıdır? Ağlına da gəlməz. «Siz heç nəyi sübut edə bilməyəcəksiniz. Axı etiraf etdiniz ki, şahid yox idi. Özünüzü də, məni də sarsaq vəziyyətində qoymayın!» onun bu reaksiyasından heyrətlənən Seymur səbrlə Sabir Məmmdova izah edir ki, kimə isə nəyi isə başa salmağa, sübut etməyə ehtiyac yoxdur və buraya gəlişinin yeganə məqsədi üzr istəmək və ona məxsus «Niva»nın yandırılmasından dəymiş ziyanı ödəməkdir.

– Hamıya bəllidir ki, bu xalqımızın müstəqilliyinə düşmən olanların xaincəsinə törətdiyi terror aktıdır. Və mən sizə məsləhət görürəm, mənim həyatıma sui-qəsdlə əlaqənizin olduğu barədə bir də bundan sonra heç yerdə danışmayasınız, – Sabir Məmmədov hər sözü ayrıca vurğulayaraq belə deyib söhbətin bitdiyinə işarə vuraraq ayağa qalxır. – Siz məni yaxşı başa düşdünüz?

– Əla başa düşdüm. Lazım olduğundan da yaxşı. Ancaq bununla belə, mən sizdən yox, öz köhnə tanışımdan bir söz soruşmaq istərdim, – deyə Seymur Novruzova sarı dönür: – Mənim bu danışıqlarımdan sonra, Zaur, səndəmi inanırsan ki, bu, siu-qəsd imiş?

– Əlbəttə! Bu Sabir bəyin həyatına süi-qəsd idi. Mən özüm orada idim və hər şeyi öz gözlərimlə gördüm, – deyə Novruzov Seymura açıq-aşkar kinlə baxaraq cavab verir. – Axı bütün bunları nəyə görə uydurmusunuz? Məni də pis vəziyyətdə qoydunuz. Başqa sözünüz yoxdur ki?

– Məsələ ilk baxışdan göründüyündən də pismiş, –  Seymur bunu deyib başının hərəkəti ilə sağollaşaraq müəmmalı tərzdə baxışan müsahiblərini tərk edir.

Mənim kabinetimdə əyləşmişdik. Seymur qəlyanını doldurub bir qullab vurdu. Mən isə növbəti dəfə çəkməyin daşını atdığımdan, əla tənbəki ətrindən həzz almaqla kifayət-ləndim.

– Maraqlıdır, bütün bunlar barəsində sən nə düşünürsən?

– Olduqca xoş hisslər keçirirəm, – deyə mən cavab verdim. Sənin bugünkü söhbətindən mənə bəlli oldu ki, pul ödəmək lazım gəlməyəcək. Çox gözəl xəbərdir. Bizdən demək idi, ancaq bir halda ki, Sabir Məmmədov onun maşınının məhz DTK-nın yandırdığını təkid edir, neyləməli, bu, onun öz hüququdur. «DTK» deyir – DTK olsun. Deməli, onunçün belə xoşdur. Sonra da, dahilik maniyası olduqca yayılmış bir mərəzdir və bəzi hallarda hətta onun faydası dəyir. Məsələn, elə bu konkret halda. Yəqin bu Sabir Məmmədov çox varlı adamdır.

– Əşşi, nə danışırsan? – Hər şeydən görünürdü ki, Seymur mənim reaksiyama həqiqətən təəccüblənir. – Həmin o Sabir Məmmədov xeyrini-ziyanını yaxşı bilən zirək bir məxluqdur. Heç bir maniyası-filanı da yoxdur. Sən bir gör ki, bizim axmaq zarafatlarımızdan necə məharətlə istifadə etdilərsə, cəmi bir neçə günün ərzində onu əsl qəhrəmana çevirdilər. İndi hamı ondan yazır, ondan danışır. Özü də bu, Sabirin özündən çox bütünlükdə həmin o quldur dəstəsinin rəhbərlərinə gərəkdir. Artıq onun vəzifəsini böyüdüblər, şəhər qərargahına köçürüblər, xüsusi kabinet veriblər. Maşınsız da qoymayıblar, qəttəzə «QAZ-31» bağışlayıblar. Buna sözün nədir? Bu da maniyadır?

– Sözüm odur ki, mən bütün bunların nə üçün edildiyini həqiqətən başa düşmürəm.

– Özünü bicliyə qoymusan? – Seymur mənə şübhə ilə baxıb soruşdu. – Ehtimal edə bilərəm ki, onların hərəkətlə-rində nə isə gizli bir məna var, lakin bunun məğzinin nədən ibarət olduğunu hələlik təsəvvürümə gətirmirəm. Onlar əbəs yerə heç nə etmirlər, bununla mən razı, – deyə barışdırıcı tərzdə dilləndim.

– Hər şey çoz sadədir. Həmin bu Sabir Məmmədovun rəhbər iş təcrübəsi yoxdur, əminəm, heç ümumiyyətlə, normal iş təcrübəsi yoxdur. Yoxlasan aydın olar ki, heç fərli-başlı çilingər də olmayıb, həmişə işdən yayınıb, detalları oğurlayıb. Əslində rəhbər vəzifədə olan «demokrat»ların hamısı elə belədir – heç birisinin normal avtobioqrafiyası yoxdur. Bir-birilərinə «bəy» desələr də, hərəsi bir arxın qırağından, hərəsi bir daşın altından çıxıb. Belə bir şəraitdə gözlənilmədən camaat xəbər tutur ki, DTK Sabir Məmmədova sui-qəsd təşkil edib. Ölümdən isə o, yalnız öz cəsarəti və məharəti sayəsində qurtula bilib. Yəni möcüzə nəticəsində  sağ qalıb, maşını isə yanıb, bunu da hamı görüb. DTK heç kəsi boş-boşuna təqib etməz, deməli, Sabir Məmmədov sadəcə boşboğaz deyil, bəlkə də döyüşkən inqilabçı, xalq tribunu və rəhbəridir. Bu isə onlara çox lazımdır. Məsələ ondadır ki, normal adamlar hər şeyi başa düşüblər və tədricən onlardan uzaqlaşırlar. Əsl ziyalılardan bir neçəsi hələ onlarladır, ancaq belələri də son vaxtlar yamanca darıxıblar, yəqin necə bir girdaba düşdüklərini anlayıblar və indi üzərində «çıxış» lövhəciyi olan qapını axtarırlar.

– Açığıqı deyim ki, mən bu sürüşkən adamların xasiyyətinə o qədər də bələd deyiləm, heç onların mitinqlərinə də getmirdim və ümumiyyətlə, onlardan kənar dolanmağa çalışıram.

– Başa düşdüm nəyə işarə vurursan. – Seymur güldü. – Rüsvayçı keçmişimə görə məni sancmaqdaq nə vaxt əl çəkəcəksən? Düzdür, mən sənə qulaq asmadım, üç il əvvəl onların mitinqlərinə gedirdim, qulaq asırdım görüm nə danışırlar, iki dəfə özüm də çıxış etmişəm. Hə, nə olsun? O zaman mən inanırdım ki, onlar demokratik cəmiyyət yaratmaq istəyirlər, ümidim var idi ki, ölkədə normal məhkəmələr yaradılacaq və hakim üçün başlıca amil rüşvət, yaxud direktiv tapşırıq yox, vəkilin çıxışı olacaq. Bu adamların demokratiya çağırışlarının hər cür qərəzli, əsasən də dağıdıcı məqsədlərə nail olmaq üçün bir vasitə olduğunu başa düşən kimi onlarla ünsiyyəti kəsdim. Bundan əlavə, birdən-birə başa düşdüm ki, daha buna dözə bilmirəm: dalbadal bir neçə natiq kürsüyə qalxıb dövlət xəzinəsində valyutanın olmasının zərurliyi, valyuta yoxluğunun çox pis olması və ya valyutanı artırmaq üçün nə etmək lazım gəldiyi barədə mülahizələr söyləyirdi.

Sonradan öyrənəndə ki, Xalq Cəbhəsi rəhbərlərindən kimlərsə ermənilərin hərbi texnikası üçün yanacaq satır, əldə olunmuş valyutanı isə özlərinin xaricdəki hesablarına köçürürlər, məndə qəti inam hasil oldu: bunlar satqın düşmənlərdir.

– Bunu hələ sübut etmək lazımdır.

– Faktlar var. Əmr verənlərin adları da bəllidir, benzin və dizel yanacağı ilə dolu qatarların miqdarı, göndərildiyi vaxt, ünvan sahibləri – hamısı məlumdur. – Seymur nəfəsini dərdi. – Xəyanət və sabotajı sübuta yetirən inandırıcı dəlillər çoxdur. Mən bunu sənə bir hüquqşünas kimi deyirəm. Sən ağıllı adamsan, de görək, onların öhdəsindən necə gəlmək olar, kimə müraciət etmək lazımdır?

– Sən mənim barəmdə olduqca yüksək fikirdəsən, –  mən istehza ilə gülümsündüm, – ağıllı olsaydım, bu rəzil məxluqlardan necə can qurtarmağın yolunu heç olmasa təxmini bilərdim.

– Sənə açığını desəm, mənim yeganə ümidgahım xalqdır, – Seymur dilləndi, – xalq artıq yetişib, onun səbr kasası daşır. Mən hər gün səbirsizliklə gözləyirəm ki, xalq ayağa qalxacaq, bu quldur dəstəsini süpürüb atacaq.

– Xalq! – Mən Seymurun sözünə qüvvət verdim. –  Əlbəttə! Bəs necə!

Seymur diqqətlə üzümə baxdı. Sonra da öz «müşahidəsinin» nəticəsini elan etdi:

– Sən xalqa inanmırsan! İnamın yoxdur sənin xalqa.

– Nə mənada? – Mən maraqla soruşdum.

– Nahaq inanmırsan. Xalq bizim yeganə ümidimizdir.

Öz-özümə düşündüm ki, yaxşılığa doğru nəyinsə dəyişəcəyinə daha ümid qalmayıb. Heç vaxt həyatda özümü bu cür bədbəxt və köməksiz hiss etməmişdim. Və həmin vaxtlarda özümün-özümə kəskin nifrət duyduğum həmişəlik yadımda qalıb. Soyulub-talanmış, rüsvay edilmiş ölkəni ustalıqla, addım-addım uçuruma sürükləyirdilər.

Məni bu fikirdən Seymurun səsi ayırdı. O, demok-ratların kadr siyasətindən danışırdı, deyirdi ki, onlar peşə yararlılığı səviyyəsindən asılı olmayaraq, hər yerdə öz adamlarını yerləşdirirlər. Seymurda olan məlumata görə, onlar iri sənaye müəssisələrinin rəhbərlərini, öz sahəsinin təcrübəli mütəxxəssislərini vəzifədən çıxarır və bunların yerinə hər yetəni təyin edirlər, əsas prinsip yeni kadrların yalnız cəbhəçilər olması idi. Bu gün rəhbər vəzifələrə başlıca namizədlər elektrik montyorları, yardımçı fəhlələrdir: təki «demokrat» olsun. Hər şey dağılıb: sənaye, kənd təsərrüfatı... indi də keçiblər incəsənətə.

– Xeyli vaxtdan bəri  diqqətimi cəlb etmişdi ki, radio və televiziya ilə klassik musiqi səsləndirilmir, ancaq buna sən deyən əhəmiyyət verməmişdim. Dünən isə, təsəvvür edir-sənmi, bir dəstə coşmuş cəbhəçi konservatoriya rektorunun kabinetinə soxularaq, Bax, Bethoven, Qriq, Çaykovski və bir sıra digər bəstəkarların – böyük bir siyahı varmış əllərində – əsərlərini tədris proqramından çıxarmağı tələb edirlər, guya bu bəstəkarların əsərləri zərərlidir, Azərbaycan xalqının əxlaqını və mənəviyyatını pozur. Rektor Fərhad Bədəlbəyli ağciyər adamlardan deyil, onlara qəti bildirib: nə qədər ki, konserva-toriyaya mən başçılıq edirəm və əgər məni öldürməsələr, adı çəkilən çəkilən bəstəkarlar proqramdan çıxarılmayacaq. Ən maraqlısı isə budur: rektorun onlarla söhbəti zamanı bəlli olub ki, yasaq edilməli bəstəkarları gələnlər tanımırlar və onlardan heç biri siyahıya baxmadan nifrət etdiyi bəstəkarlardan bircəsinin adını tələffüz edə bilmir. Belə çıxır ki, bu adamlar şəxsən özləri klassik musiqini, ya da onun müəlliflərini bəyənmədiklərinə görə gəlməyiblərmiş. Deməli, bu dəliqanlı «xunvenbin demokratlar» üçün siyahını kimlərsə hazırlayıb. Kimlərsə onları qızışdırıb konsevatoriyaya göndərmişdir. Bəs kim? Azərbaycanda Motsartın, Mendelsonun yasaq edilmə-sində kimlər maraqlıdır?

– Rektorun işi nə yerdədir?

– Hələ çıxartmayıblar. Yəqin onun yerinə dodaq qar-monu çalmağı bacaran bir pinəçi axtarırlar.

İşlərim yığılıb qaldığından bir neçə gün başım bərk qarışıq oldu. Seymura bir də bazar günü zəng vurub nahara dəvət etdim.

– Məmnuniyyətlə, – deyə cavab verdi. – Nahardan sonra isə səni nərddə udacağam. Amma mənim də bir təklifim var. Saat üçdə Hökumət evinin qabağında mitinq başlanacaq. Deyirlər, orda hərbi hissə komandirləri çıxış edəcəklər, bircə günlüyə gəliblər. Gedək qulaq asaq. Xahiş edirəm sözümü yerə salma.

Mənim üçün qeyri-adi olan istənilən şəraitdə Seymurun özünü sərbəst və rahat hiss etmək qabiliyyəti məni həmişə təəccübləndirirdi. Aptekin yanında görüşdükdən bir neçə də-qiqə sonra biz meydana axın-axın gəlməkdə olan izdihamın arasından özümüzə yol tapıb, qonaqlar üçün olan tribunada yuxarı başda əyləşmişdik. Oraya isə bizi təpədən-dırnağacan silahlanmış hərbi geyimli keşikçi buraxmışdı – Seymur onun gimnastyorkasının cibinə yüz manat pul basmışdı. Şübhəsiz, bəşəriyyətə məlum olan təbiət hadisələri içərisində insanlara narahatlıq və ziyan gətirən qüvvələrin ən mənfuru vahid bir istəklə dağıtmaq və ya da qayda yaratmaq, öldürmək, zorakılıq etmək, yaxud da ədalətə nail olmaq niyyəti ilə monolit kütlə halında birləşmiş fəal izdihamdır. İstisnasız olaraq bütün hallarda bu cür kütlənin fəaliyyətinin nəticəsi acınacaqlı olur.

Lakin o gün gözlərimiz önündə baş verənlər mənim kütlə haqqındakı təsəvvürlərimə uyğun gəlmirdi. İliklərə işləyən soyuq küləyin ağzında, çiskin yağış altında yüz minlərlə adam dayanmışdı. Onlar Hökumət evinin qarşısındakı meydanı doldurmuş, onun hüdudlarına yerləşməyərək «Azərbaycan» və «Abşeron» mehmanxanaları arasındakı sahəni, üstəlik də Dənizkənarı bulvarın bir hissəsini tutmuşdular. Onlar bir-biri ilə kəlmə kəsmədən dinməz-söyləməz dayanmışdılar, üzlərində də isə dərin kədər və hüzn maskası donub qalmışdı. Ucu-bucağı görünməyən bu insan dənizində hər kəs özünü tənha, çaşqın hiss edirdi və heç kim yanındakının köməyinə bel bağlamırdı. Hər kəs ümid edirdi ki, kim isə – padşahmı, prezidentmi, xalq rəhbərimi onlara zülm-dən qurtulmağın yolunu göstərəcək və nəyin naminə yaşamaq lazım olduğunu söyləyəcək. Onlar söz gözləyirlər.

– Tribunaya bax, – Seymur dedi, – bizim o «yanan» Sabir Məmmədov da oradadır, əvvəllər həmkarları onu hökumət tribunasına buraxmazdılar.

Və həmin anda elə bir hadisə baş verdi ki, bu gün də onu xatırlamaq mənə əzab verir. Gözümlə görməsəydim, dünyasında inanmazdım: gördüklərim qorxunc yuxunu xatır-ladırdı.

Sabir Məmmədov mikrofonu öz ağzı bərabərinə endirib dedi:

– İndi biz sınayacağıq görək bu meydanda kim əsl vətəndaşdır, kim isə marığa yatmış düşməndir. Mənim «Otur!» komandamla hamı oturmalı və ya mən «Qalx!» komandası verməyincə yerindən durmamalıdır. Oturmayan ermənidir, onu gözdən qoymayın.

Ağlasığmaz bir mənzərə idi: kişilər və qadınlar, ahıllar və cavanlar – eyni vaxtda yüz minlərlə insan bu təhqiramiz komanda ilə oturub-qalxmağa başladı.

Seymur sarsılmışdı, o, dodaqlarını bir-birinə sıxıb dinməz-söyləməz tamaşa edirdi, alnını soyuq tər basmışdı. Heç vaxt onun bənizinin bu dərəcədə ağardığını görməmiş-dim.

– Hər şeyi bu qədər ürəyinə salma, – dedim, – kütlə elə kütlədir...

– Bu, kütlə deyil, – deyə Seymur etiraz etdi, – bir meydana bax. Bir milyona yaxın adam artıq kütlə deyil, bu, xalqdır. Bizim zombiləşdirilmiş xalqımızdır. Gör bu əclaflar onu nə günə salıblar. Bundan o yanası yoxdur, daha heç nəyə ümid qalmayıb.

Biz çıxıb getdik.

Seymur mənimlə üzbəüz əyləşib fikirli halda qəhvə içir və qəlyanını tüstülədirdi. O, hələ də mitinqin təsiri altında idi.

– Sən ki, çəkməyin daşını atmışdın, – o, mənim qəlyan doldurduğumu görüb irad tutdu.

– Çəkməsəm dözə bilmərəm, içərim tələb edir, – mən iradəsizlik və zəif xarakter barədə mülahizələri eşitməmək üçün qətiyyətlə cavab verdim.

– Sənə bir söz deyəcəyəm. İki gün əvvəl Naxçıvana uçmuşdum: Heydər Əliyevlə görüşdüm.

Seymur etinasız halda üzümə baxdı.

– Maraqlıdır. Necə təəssüratla dönmüsən?

– Əgər bizə yalnız möcüzə kömək edə bilərsə, bu möcüzəni gercəkləşdir­məyə yalnız o qadirdir.

– Möcüzəni biz bu gun artıq gördük, – deyə Seymur etriaz etdi, – yoxsa yarımca saat bundan əvvəl baş verənləri unutdun?.. O sənə dedimi ki, Bakıya gəlməyə hazırlaşır? Dedi?.. Bəlkə necəsə başqa bir yolla bir şey qandırdı, işarə vurdu?

– Yox, – dedim, – ümumiyyətlə, onun planları barədə söhbət olmadı.

– Elə yaxşı ki, olmayıb. Çünki əgər o, Bakıya gəlsə, elə təyyarənin pilləkəni yanandaca həbs edərlər, bəlkə də lap pis: qətlə yetirərlər. Təəccüb edirəm, nə əcəb hələ bu vaxtacan ona əlləri çatmayıb? Unutma: onların əlindən hər şey gələr.

– Zənnimcə, ona dişləri batmaz.

– Yəqin sən qəzet oxumursan. Hərdən bir oxu. Bütün hakimiyyət «cəbhə­çilərin» əlindədir, Heydər Əliyevin isə nə ordusu var, nə pulu.

– Onun heç mənzili də yoxdur. Nə olsun? Mən ona inanıram.

– Sənə qibtə edirəm. Mən özüm isə artıq heç nəyə inanmıram. Artıq başa düşmüşəm ki, bu gün Azərbaycanda baş verənlər hələ uzun sürəcək. Çünki bu «cəbhəçilər» son dərəcə fəndgir və zirək canilərdir. Gör necə məharətlə iş görürlər! Demokratiya elan ediblər, özləri isə demokratik termino-logiyadan məharətlə istifadə edərək söz azadlığı naminə jurnalistləri döyürlər, insan haqlarının qorunması xatirinə siyasi opponentlərini öz mənzillərinin qarşısındaca öldürürlər. Dinc əhalinin təhlükəsizliyi naminə torpaqları bütöv bölgə-lərlə ermənilərə satırlar, məxfi strateji məqsədlərlə isə pul alıb, düşmən ordusunu yanacaqla təchiz edirlər. Fasiləsiz ola-raq həyasızcasına yalan danışır, oğurluq, ziyanxorluq edirlər. Mən kommunistləri sevmirdim, ancaq bizim demokratların yanında onlar məsum quzu imişlər. Lap Azərbaycanda qanuni iqtidar yaransa da, bunların öhdəsindən gəlmək mümkün olmayacaq. Cinayətlərinin izini ört-basdır edərək onlar başqa-başqa adlarla partiyalar yaradacaqlar və yenə də demokratiya şüarları ilə pərdələnərək ziyan vurmaqda, dağıtmaqda davam edəcəklər. Başa düş ki, bu, çəyirtkədir, çəyirtkə isə bir yerdə ki peyda oldu, daha onun kökünü kəsmək olmaz. Bir balaca imkan düşən kimi yenə dirçələcək. Bizim ölkəni isə çəyirtkə məskəninə çeviriblər.

– Bugünkü mitinqdən sonra hər şey ümidsiz görünür, – dedim. – Allah bundan betərindən saxlasın.

– Özü də bu yırtıcını – Sabir Məmmədovu faktik olaraq biz yaratdıq, cəbhəçilərin ölkəni maneəsiz olaraq məhvə sürükləməsində, xalqı yolundan azdırmasında da biz günahkarıq.

Onun sözünü kəsdim:

– Dayan-dayan, bizim günahımız nədir?

– Hərəkətsizliyimiz, baş verənlərə müdaxilə etməmə-yimiz, – deyə Seymur cavab verdi, – onların hansı yuvanın quşu olduqlarını biz çoxdan başa düşmüşük. Bəs bütün bu oyunların qarşısını almaq üçün biz nə etmişik? Heç bir şey!

Bir azdan Seymur sağollaşıb getdi. Sonrakı ayda mən bir neçə dəfə səfərə getməli oldum, odur ki, Seymurla həmişəkindən seyrək görüşürdük. Sonra ... nəhs yanvar səhər-lərindən birində xəbər tutdum ki, bizim görüşlərimizə birdəfəlik son qoyulub. Səhər saat 5-də Seymurun arvadı zəng vurub dedi ki, əri dünyasını dəyişib. Seymurun heç bir xəstəliyi yox idi, səhhətdən şikayət etmirdi. O da həmin dövrlərdə çoxları kimi gecə yatmış, səhər oyanmamışdı. Biz dost idik, onu tez-tez xatırlayıram. Və bu ağıllı, səmimi insanı düşünərkən heyfsilənirəm ki, ömrünün son günlərində yalnız arzularında gerçəkləşdirdiyi günləri görə bilmədi.

Düzdür, bunun texnologiyası mənə məlum deyil, ancaq tarix səhifələrində bu cür hallar, nadir hallar olsa da, təsvir edilir ki, insan, daha doğrusu, parlaq zəkalı şəxsiyyət ən əlverişsiz şəraitdə belə tüstülənən xarabalıqlar üzərində, əlində heç bir şey – nə pulu, nə ordusu, nə müttəfiqləri olmaya-omlaya ölkəni dirçəltməyə, xalqın isə ləyaqətini özünə qaytarmağa müvəffəq olmuşdur. Biz bunu Heydər Əliyevin necə etdiyinin şahidi olduq. Mənim o vaxt da, indi də Heydər Əliyevin əqidəli tərəfdarı olmağımın səbəblərindən biri də budur. Bir yadınıza salın, heç kəs bilmirdi ki, nə etmək lazımdır. Bunu unutmaq olarmı? Başlıca məqsədə nail olmuş, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan öz potensialını günü-gündən fəal surətdə artıran suveren dövlət kimi formalaşmışdır. İnkişafın bütün əsas göstəricilərinə görə o, postsovet məkanı ölkələrinin əksəriyyətini qabaqlayır. Şübhəsiz, Azərbaycanın çox gözəl perspektivləri var, lakin biz onları gerçəkləşdirməyi bacarmasaq, bir xalq kimi özümüzün və eyni zamanda müstəqilliyimizin də bir qara qəpiklik dəyəri olmaz. Bəli, ölkəmiz çətin dövr yaşayır. Hələ xeyli vaxt və ümumi səy tələb olunacaq ki, ölkədə mövcud olan qanunlar praktik icra zamanı təhrif olunmasın, hamılıqla çalışmaq tələb olunacaq ki, ölkəmizi onun vətəndaşlarına dolğun yaşamaq və gələcəyə nikbin baxmaq imkanı verən səviyyəyə qaldıraq.

Bu fikrə alışmaq lazımdır ki, bizim özümüzdən savayı bunu heç kəs etməyəcək və heç kimin bizə köməyi dəyməyəcək. Dərk etməyin vaxtıdır və yəqin bu, normal haldır ki, bizim təmənnasız dostlarımız yoxdur. Başa düşməyin məqamıdır: qarşıda çətin yol durur və bu yol bizi elə bir ölkəyə aparacaq ki, orada bizim arzuladığımız işi əldə etmək və ədalətli əmək haqqı almaq üçün təminatımız olacaq. Rahat, müasir mənzillərdə yaşaya biləcəyik, insanın öz ömrünün qalan hissəsini alçalmadan, firavanlıq və sevinc içində başa vurmasına imkan verən pensiya ala biləcəyik və insan üçün zəruri  olan bütün digər nemətlərdən bəhrələnəcəyik. Bunlar boş, mənasız xülyalar deyil. Azərbaycanın zəngindən-zəngin sərvətləri ən yaxın gələcəkdə bizim üçün misilsiz imkanlar açacaq. Lakin bu, o halda baş tutar ki, biz öz ölkəmizə sözdə deyil, işdə xeyir arzulayaq və ayrı-ayrı dəstələrə bölünmədən, bizi dağlara ucaldacaq bu çətin yolu keçmək üçün özümüzdə qüvvə tapaq. Bu gücü tapmalıyıq. Axı qədim filosoflar əbəs yerə deməyiblər: «Qalxa bilirsənsə, uzanıb qalmaq eyibdir».

Yalançı demokratların hakimiyyəti dövründə baş verənləri xatırlamaq ürəkbulandırıcı olsa da, zəruridir. Lazımdır, ona görə ki, bu gün psevdodemokratların ardıcıl-larının tanış fəndlərindən istifadə etdikləri yenidən müşahidə olunur. Müntəzəm surətdə, az qala hər gün siyasi, iqtisadi, texniki və ekoloji səciyyəli müdhiş olayların baş verə biləcəyi barədə şayiələr yayılır. Və hər dəfə də məlum olur ki, ayrılıqda götürülmüş bir ölkədə – Azərbaycanda bu dəfə də qiyamət qopmadı və hələ dünyanın axırı deyilmiş, dünyanın sonunun yetişdiyi barədə deyilənlər isə məsuliyyətsiz uydur-ma imiş. Amma bu yalanın lazımi nəticələri göz qabağındadır. Məharətli bədxahın əlində dezinformasiya dəhşətli dağıdıcı gücə malik bir silahdır. Onsuz da çətin olan indiki həyat şəraitində beləcə uydurulmuş hər bir dəhşət səhnəsindən sonra infarktların, insultların sayı kəskin artır. Əhalinin şüurunda gerçəklik haqqındakı təsəvvürlər təhrif olunur, adamlar səmtini itirir, onlarda əlacsızlıq hissi yaranır və bu, işdə, ailədə, sonda isə həmçinin bütövlüdə ölkənin həyat fəaliyyətində olduqca pis nəticələr verir.

Siyasi savadsızlığı üzündən çox adam bu fəaliyyəti demokratiyanın labüd təzahürü kimi qavrayır, əslində isə biz irimiqyaslı, düşünülmüş təxribatla üzləşirik. Bununla, eyni zamanda isə AMİR-dən və s. təzə qurumlardan olan zirək İlqar Məmmədovlar söz azadlığını xatırlamağı yaddan çıxarmayaraq və cəzasız qalmaqlarından istifadə edərək özlərininkindən fərqli düşüncəni boğur, fikirləri onların mülahizələri ilə üst-üstə düşməyənlərə «qulaqburması» verməyə cəsarət edirlər. Onların başlıca məqsədi ölkədə elə bir ab-hava yaratmaqdır ki, sabitliyi pozmaq mümkün olsun. Yalnız o halda lümpen toplumlarına arxalanmaqla yenidən ölkəni didib-parçalamaq və ötən «kef çəkməli əyyamlarda» olduğu kimi, hər şeyi oğurlamaq, hər şeyi satmaq mümkün olar. Elə məhz bu başqatıcı məqsəd naminə – sabitliyi pozmaqdan ötrü onlar bu gün tələb edirlər ki, Dağlıq Qarabağ təcili surətdə və qeyd-şərtsiz qaytarılsın, özü də lap elə günü bu gün. Qarabağ problemi bizim ümumi dərdimizdir, lakin məhz onlar vətənpərvərlik tutmaları nümayiş etdirirlər, sülh danışıqlarının ləng getməsi hamıdan çox məhz onları qeyzləndirir. Sülh danışıqlarının gedişindən biz hamımız narazıyıq – ölkə prezidentindən tutmuş ta evsiz-eşiksiz qaçqınacan hər birimiz. Amma bu da danılmaz faktdır: səbr lazımdır, kompromis və güzəştlər lazımdır, çünki müharibədə işğal edilmiş torpaqları elə belə qaytarmazlar. Onlar özlərini elə göstərirlər ki, guya bunu başa düşmürlər və xalqı fəal hərəkətə çağırırlar. Dağlıq Qarabağın dərhal, qeyd-şərtsiz qaytarılmasını elə təkidlə tələb edirlər ki, guya onu rüsvayçılıqla ermənilərə uduzan özləri deyil, hansısa kənar adamlardır, elə bil o torpaqları icarəyə veriblərmiş və icarə müddəti də srağagün başa çatıb. Burada bircə məqsəd var: danışıqları pozmaq və nəyin bahasına olursa-olsun, sabitliyə zərbə vurmaq. Əgər onlar buna nail olsalar, bu, bizim bütün ümidlərimizin sonu demək olacaq. Mən hər halda güman edirəm ki, onlar bir şeyi yaxşı anlayrılar: ölkədə o vaxtkı kimi idarə olunan hərc-mərclik yaratmağa nail olmayacaqlar, necə deyərlər, onların qatarı artıq gedib, lakin dağıdıcı fəaliyyət bitib-tükənməyən bir proses kimi özlüyündə sərfəlidir. Azərbaycanda destruktiv halların, pozuculuq fəaliyyətinin genişləndirilməsində marağı olan təşkilatlar və ayrı-ayrı şəxslər kimlərinsə ürəyindən keçən qədər pul verməsələr də, təmin olunmuş həyat sürməyə bəs edir.

Belələrinin müxalifətdə müttəfiqləri olmayacaq. Mən «müxalifət» deyəndə yad təsirlərdən azad ziyalı insanları, dövlətçilik şüuruna malik adamları nəzərdə tuturam. O müxalifəti nəzərdə tuturam ki, məqsədi qanuni iqtidarla daimi polemika aparmaqda ölkədəki mövcud qurumun yaxşılaşmasına nail olmaqdır. Belə müxalifət dövlətlərin «canlı orqanizmi»nin qoruyucu amillərindən biridir. Bu cür müxalifətin ilkin cizgiləri artıq sezilməkdədir. Və onun fikirləri, konstruktiv təklifləri, şübhəsiz ki, ölkə həyatında bu və ya digər dərəcədə öz müsbət təzahürünü tapacaqdır.

Seymur haqlı imiş: çəyirtkənin kökünü yerli-dibli kəsmək qeyri-mümkündür. Onun obrazlı terminologiyası ilə desək, inkişafdanqalma əlamətləri aşkar görünən və onları dünyaya gətirmiş sürüyə nisbətən həyat fəaliyyəti qabiliyyətləri daha aşağı olan cavan generasiyanın peyda olmasına diqqət yetirmək lazımdır. Nəzəri cəlb etməyən boz-yaşıl ölgün kütlənin ümumi fonunda amip yarımfəsiləsinin müavin yarımnövünün fəal nüsxələri seçilir. Səbəbsiz təcavüz-karlığa və hər şeyi yeməyə meylli olmalarına baxmayaraq, anadangəlmə uçmaq qabiliyyətləri olmadığından, siyasi entomologiya sahəsinin mütəxəssisləri bunları əvvəlki nəsildən daha az təhlükəli sayırlar. Bu yarımnövün təmsilçiləri torpaqda hoppana-hoppana yeriyir, hərdənbir öz təbii ehtiyac-larını ödəməkdən ötrü qısa müddətə havaya qanadlanırlar. Bunun antisanitariya yaratdığını nəzərə almasaq, onlar ciddi təhlükə törətmirlər, ancaq bir mühüm şərtlə: müntəzəm olaraq profilaktik tədbirlər görmək lazımdır ki, Azərbaycanın qatı «xeyirxahları» əsas sürünü qanadlandırmağa nail olmasınlar. Diqqətlə izləmək lazımdır ki, ölkədə çox təcrübəli, həddən artıq acgöz, səbirsizliklə ayaqlarını sürüyə-sürüyə və bığcıq-larını oynada-oynada öz mövsümünü gözləyən çəyirtkənin fəallaşması üçün şərait yaranmasın.

 

«Azərbaycan» qəzeti,

21 oktyabr, 2001-ci il