Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

MİXAİL QUSMANA BÖHTAN ATIRLAR

Maqsud İbrahimbəyov,

Milli Məclisin deputatı,

Azərbaycanın xalq yazıçısı.

 

Bu ilin fevral ayında Rusiyanın İTAR-TASS agentliyinin xüsusi müxbiri Mixail Qusman Ermənistanın baş naziri, ölkə prezidentliyinə namizəd Serj Sarkisyandan müsahibə almışdı.

Bundan iki həftə sonra Day.az internet saytında bir məqalə peyda oldu. Həmin məqalənin müəllifi Mixail Qusmana qarşı elə əsassız ittihamlar irəli sürmüşdür ki, normal adam bunları təhqiramiz, ən yaxşı halda isə ədalətsiz hesab edə bilər.

Məqalənin müəllifi yazır:

“Gəlin birgə çalıb-oynayaq. Mixail Qusman heç də həsəd aparılmalı olmayan rolunun öhdəsindən çox bacarıqla gəldi: televiziya tamaşaçıları düz yarım saat ərzində kədərli musiqi və Mandelştamın şeirləri fonunda Serj Sarkisyanın qısa şərhlərini müşahidə etdilər. Onun ritorik bir formada söylədiyi fikri eşitdilər ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımasa, Ermənistan heç vaxt heç bir başqa varianta razılaşmayacaq (bu vaxt Mixail Qusmanın heç dodağı da qaçmadı)”...

Day.az daha sonra yazır:

“Bundan əlavə, Mixail Qusmanın sayəsində televiziya tamaşaçıları Serj Sarkisyanın qonağı olmaq, onu qeyri-rəsmi, ev şəraitində, həyat yoldaşının və uşaqlarının əhatəsində görmək imkanı əldə etdilər. Bu şərait Mixail Qusmanın dilini əməlli-başlı açmışdı, o, Ermənistanla əlaqədar nə varsa, hamısı barədə gen-bol təriflər söyləyirdi...

Lakin biz Mixail Qusmanın dilindən bir dəfə də olsun belə bir sual eşitmədik ki, Serj Sarkisyan Xocalıda azərbaycanlıların soyqırımına görə, hazırda Ermənistanda hakimiyyətdə olanların təqsiri üzündən Bakı şəhərini tərk etməyə məcbur olmuş ermənilərin taleyinə görə məsuliyyət daşıdığını hiss edirmi.

Biz o barədə də suallar eşitmədik ki, Ermənistanda antisemitizm siyasəti yeridilməsinə görə kim təqsirkardır, halbuki elə Mixail Qusmanın özünün dəfələrlə etiraf etdiyi kimi, Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri çox rahat şəraitdə yaşamışlar və indi də yaşayırlar.

Halbuki, Mixail Qusman bütün bunları çox gözəl bilir. Bilir, amma susur. O, Yerevanda da onların “öz adamı” olmağa çalışır, öz verilişində Ermənistanda qarşıdan gələn prezident seçkilərində Kremlin əlaltısını gen-bol təbliğ edir.

Bu isə belə bir fikir oyadır ki, o, Dostoyevskinin məlum kəlamını həddən artıq hərfi mənada başa düşərək, Azərbaycanda azərbaycanlı, Ermənistanda isə erməni olmaq qərarına gəlmişdir”.

Məqalənin sonrakı hissəsi də bu ruhda davam edir.

Gördüyünüz kimi, jurnalist Mixail Qusmanın davranışı Day.az saytındakı yazının müəllifinin heç də xoşuna gəlməmiş və o, bu barədə ürəyini əməlli-başlı boşaltmağı qərara almışdır. Bakılı Mixail Qusman bizim dostumuzdur. Ona görə də biz Mixail Qusmanın Serj Sarkisyanla müsahibə zamanı etik normaları doğrudanmı pozub-pozmadığını aydınlaşdırmağa borcluyuq. Əvvələn, ondan başlayaq ki, bakılı Mixail Qusman xalis azərbaycanlı deyil, daha dəqiq desək, o, ümumiyyətlə, azərbaycanlı deyil. O, milliyyətcə yəhudi olan qədim və tanınmış Qusmanlar nəslinə mənsubdur. Bu nəslin nümayəndələri son yüz ildə Azərbaycanın vətəndaşları, özü də çox yaxşı vətəndaşları olmuşlar. Artıq xatırlatdığım kimi, Mixail Qusman yəhudidir və öz xalqını ürəkdən sevir. Təbii ki, öz xalqının nümayəndəsi kimi, o, Xolokostu unutmur, onun yadındadır ki, nasistlər altı milyon yəhudini qırmış, onları sobalarda yandırmış, güllələmiş, əsir düşərgələrində hədsiz işgəncələr vermişlər. Mixail Qusman müasir Almaniyada nələr baş verməsindən, orada neonasistlərin necə fəallaşmasından və bu mənfur fəallaşmanın Almaniyada yaşayan yəhudilər üçün növbəti dəfə necə böyük xoşagəlməzliklərə gətirib çıxara biləcəyindən də xəbərdardır. Lakin o, Almaniya dövlətinin rəhbərləri ilə görüşərkən, onlardan müsahibələr alarkən həmin rəhbərlərin əcdadlarının törətdiyi cinayətləri onlara xatırlatmağı özünə rəva görmür və bəzi həmvətənlərinin antisemit hərəkətlərinə görə onlara bircə kəlmə də irad tutmur. Ona görə ki, Mixail Qusman Mossat yaraqlısı və yaxud nasist caniləri cəzalandıran Vizel Mərkəzinin əməkdaşı deyil, yüksək dərəcədə peşəkar Rusiya jurnalistidir. Mixail Qusman Almaniya nümayəndələri ilə onların ofislərində və evlərində söhbət edərkən gülümsəyir, bəzən onlarla qucaqlaşır, uşaqların başlarını tumarlayır və müsahiblərinin sağlığına badə qaldırır. Çünki o, Rusiya informasiya agentliyinin tapşırığını yerinə yetirməyə gəlmişdir və onun əsas və birinci peşə vəzifəsi Rusiya ilə Almaniya arasında münasibətlərin yaxşılaşdırılmasına kömək edən layihənin hüdudlarından kənara çıxmamaqdan ibarətdir. O, gülümsəyir, lakin Osvensim, Maydanek və Buhenvald ölüm düşərgələrindəki sobalarda yandırılmış insanların külü sanki onun ürəyini sıxır.

Jurnalist Mixail Qusman İsrailə qarşı açıq düşmənçilik mövqeyi tutan ərəb ölkələrinin nümayəndələrindən müsahibə götürəndə də hadisələr təxminən bu məcrada cərəyan edir. O, çöhrəsinə təbəssümlü ifadə verərək, köhnə tanışlarının bəziləri ilə öpüşəndən sonra onlardan elə şeylər eşidir ki, bunlarla razılaşa bilmir. Bunun müqabilində o, bircə dəfə də soruşmamışdır ki, onlar, məsələn, qadınların və uşaqların həlak olması ilə nəticələnmiş mücahidlərin axırıncı qəfil hücumuna necə münasibət bəsləyirlər. Ona görə ki, bu cür polemika aparmaq üçün yalnız dövlət tərəfindən müvəkkil edilmiş yüksək vəzifəli siyasətçilərə icazə verilir, Mixail Qusman kimi beynəlxalq mövzularda yazan jurnalistlərə isə heç vaxt belə icazə verilmir. Jurnalistin peşəkarlığı məhz ondan ibarətdir ki, tamaşaçıların və oxucuların nəzərinə, nə dərəcədə düzgün və ədalətli hesab etməsindən asılı olmayaraq özünün fikrini və rəyini deyil, müsahibə obyektinin rəyini və fikrini çatdırsın.

Mişa Qusman Baltikyanı respublikanın prezidenti ilə kameranın obyektivi qarşısında söhbət edərkən bu ölkədə rusdilli əhaliyə münasibətdə müşahidə olunan eksseslər barədə onun fikrini soruşmamışdır. Bu məsələ müsahibənin bəyan olunmuş mövzusuna daxil deyildi və müxbir belə bir sual verməklə siyasi nəzakət qaydalarını kobud şəkildə pozmuş prezidenti deyil, əsasən, özünü və təmsil etdiyi agentliyi pis vəziyyətdə qoymuş olardı. Vəssalam!

Belə çıxır ki, o, İranda da özünü çox pis aparıbmış! Özünüz fikirləşin, o, İran Prezidenti Əhmədinejadla şərbət içir və Rusiya-İran münasibətləri mövzusunda onunla şirin-şirin söhbət edirdi. Bunun əvəzində, guya o, Xəzərin Azərbaycana aid hissəsindəki yataqlara İranın vaxtaşırı iddiaları ilə əlaqədar cənab Əhmədinejada öz narazılığını, özü də dərhal bildirməli idi.

Day.az saytındakı həmin materialdan belə çıxır ki, hər halda, onun müəllifi hər şeyi olmasa da, bəzi şeyləri başa düşə bilir. Məsələn, hər halda, onun ağlı çatıb və bu məqaləsində də yazıb ki, Rusiya vətəndaşı Mixail Qusman Serj Sarkisyandan müsahibə almağa Azərbaycanın tapşırığı ilə yox, Rusiyanın İTAR-TASS Agentliyinin tapşırığı ilə getmişdi. Lakin müəllif həmin faydalı məlumatından nəticə çıxara bilməmişdir. O, başa düşməmiş və ya başa düşmək istəməmişdir ki, bu müsahibənin məqsədi Azərbaycanın mənafelərini deyil, Rusiyanın mənafeyini müdafiə etməkdən ibarət idi. Mən Day.az saytındakı məqalənin müəllifinin səmimiliyinə inanmağa hazıram və təsəvvür edə bilərəm ki, həmin məqalənin məzmununa uyğun olaraq, Qusmanın yerində o, özü olsaydı, müsahibənin gedişində yəqin ki, Serj Sarkisyanın qasığına bir-iki təpik vurmağa çalışar və ondan tələb edərdi ki, Rusiyanın Ermənistandakı bazalarını dərhal ləğv etsin. Xoşbəxtlikdən, mənim bu fərziyyəm xalis hipotetik xarakter daşıyır, çünki dünyanın heç bir ölkəsində haqqında söhbət gedən məqalənin müəllifi kimi “jurnalistləri” baş nazirlərin və prezidentlərin kabinetlərinin həndəvərinə də buraxmırlar. Məsələ də elə bundadır! Onların məhdud düşüncə qabiliyyətinin çərçivəsindən kənara çıxan mövzuda mühakimə yürütmək isə başqa məsələdir.

Day.az saytındakı məqalənin müəllifi keçmiş Azərbaycan komsomolunda sabiq həmkarlar olmuş Qusman və Sarkisyanın neçə dəfə öpüşdüklərini saymağa başı qarışmış və zənnimcə, elə bu səbəbdən də ən əsas məsələni – enerjili və əzmkar qəhrəmanın, Serj Sarkisyanın bu müsahibə üçün ayrılmış ekran vaxtından çox səmərəli istifadə etməsini nəzərdən qaçırmışdır. Televiziya tamaşaçılarının qarşısında özündən müştəbeh, şöhrətpərəst bir adamın obrazı yarandı. İddiaları çox böyük, amma müdriklikdən uzaq olan hər şeyi yadda saxlamış, amma ötən illər ərzində təzə heç bir şey öyrənməmiş, ambisiyalı, ora-bura vurnuxan, lakin dövlət xadimi olmayan bir adamın obrazı. Öz fəaliyyəti ilə Cənubi Qafqazdakı son dərəcə mürəkkəb vəziyyəti partlayış həddinə çatdıra biləcək prezidentin obrazı yarandı. Təəccüblənmiş dünya bu cür Serj Sarkisyanı ilk dəfə gördü. Elə Ermənistan əhalisi də indi onu daha yaxından tanıdı.

Sözümün canı budur ki, Day.az saytındakı məqalənin müəllifi bu müsahibənin əsas mənasını başa düşməmişdir. Nə üçün? Çünki onun müşahidə obyekti lap əvvəldən Serj Sarkisyan deyil, Mixail Qusman olmuşdur. Bəs Day.az-ın Mixail Qusmana iradları nəyə əsaslanır? Nə üçün Day.az hesab edir ki, Mixail Qusman özünü həmin məqalənin müəllifinin tələb etdiyi kimi aparmalıdır? Gəlin baxaq, görək, həmin əsaslar hansılardır.

Day.az saytındakı məqalədə sanki sevimli zövcənin xəyanət edərək, evlər idarəsinin müdiri ilə görüşməsindən doğan qüssə-kədərlə, qəzəblə xatırladırlar ki, Mixail Qusman Azərbaycana öz məhəbbətini dəfələrlə konkret şəkildə izhar etmişdir. Üstəlik, Day.az kinayə ilə qeyd edir ki, Mixail Qusman mümkün olan hər yerdə Azərbaycanı təbliğ etmiş, Bakını dəfələrlə öz vətəni adlandırmışdır. “Harada aş, orada baş” olan Day.az-ın müşahidələrinə görə, Mixail Qusman özünün 55 illiyini öz sevimli dostlarının əhatəsində qeyd etmək üçün məhz Bakıya gəlmişdi. Buraya onu da əlavə etmək olar ki, Mixail Qusman xanımı Cəmilə ilə birlikdə, özü də həmişə öz hesabına Bakıya gəlmək üçün yaranan fürsətlərdən istifadə edir. O, hər il istirahət etmək üçün də Kanar adalarına, yaxud da Kislovodska deyil, Şüvəlana gəlir. Bəlkə də xatırlatmaq yersiz görünə bilər, lakin qonaqpərvər Bakıda və onun yaxınlığında şəfalı dəniz havasını udmaq və bütün günü çimərlikdə uzanmaq ona müftə başa gəlir. Day.az-ı hiddətləndirən odur ki, bütün bunlara baxmayaraq, Mixail Qusman Rusiya informasiya agentliyinin konkret tapşırığına əsasən, Yerevana getməyə və orada özünəməxsus bir tərzdə Ermənistanın gələcək prezidentindən müsahibə almağa cəsarət edir?!

Bəli, Ermənistan prezidentliyinə namizəd Serj Sarkisyan bizim ölkəmizə qarşı vuruşmuşdur. Bu, faktdır. Lakin hüquqi baxımdan Sarkisyan hərbi cani hesab edilməmiş və törətdiyi vəhşiliklərə görə mühakimə olunmamışdır. Buna görə də onun prezident seçiləcəyi təqdirdə Azərbaycanın rəsmi nümayəndələri onunla görüşməyə və bir-birinin əlini sıxmağa məcbur olacaqlar. İndi prezident Koçaryanla görüşəndə etdikləri kimi. Çarə yoxdur, belə lazımdır. Hamıya məlumdur ki, siyasət heç də həmişə xoşagələn olmur. Öpüşməklə, əl verib görüşmək arasında isə sırf formal fərq var və indiki halda, bunlar təxminən eyni şeydir.

Bəs nə üçün Day.az özünün yeganə qurbanı kimi məhz Mixail Qusmanı seçmiş və palçıq vulkanı kimi onu iyrənc çirkaba qərq etmişdir? Məni daha heç nə təəccübləndirmir. Bu yaxınlarda Azərbaycan ziyalılarının bir qrupu – Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, digər tanınmış adamlar – necə deyərlər, millətin qaymağı Dağlıq Qarabağa getmişdi. Bu insanlar ölkəmizin hüdudlarından kənara çıxmadan Dağlıq Qarabağa, öz kiçik vətəninə getmişdilər ki, ata-babalarının məzarlarının hansı vəziyyətdə olduğunu, tarixi abidələrin, Azərbaycanın mədəniyyət ocaqlarının başına nələr gətirildiyini öz gözləri ilə görsünlər.

Əslində, bu, nüfuzlu insanların öz ölkəsinin ucqar bir guşəsinə təftiş xarakterli səfər idi və Bakıya qayıdandan sonra onlar səfərdə gördükləri barədə ölkə ictimaiyyətinə ətraflı hesabat verdilər. Mixail Qusmandan fərqli olaraq, ermənilərin heç biri ilə bircə dəfə də öpüşməyən Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və onların səfər yoldaşları nə pis iş görmüşdülər? Mən bu suala cavab tapa bilmirəm. Təkcə bunu deyə bilərəm ki, Bakıya qayıdandan sonra bu səfərə görə onlara qara yaxan ermənilər yox, əvvəlcədən qərəzli şəkildə hazırlanmış, normal insan məntiqinə uyğun gəlməyən öz naqis rəyi olan bizim bəzi həmvətənlərimiz idi.

Kədərli də olsa, faktdır – mənəviyyatı yüksək olmayan, istedadsız, lakin nəyin bahasına olursa-olsun, məşhurlaşmaq istəyən adamlar ciddi hərəkətlər etməyi bacaran və bunu edən istedadlı şəxsiyyətlərin fəaliyyətinə çox qısqanclıqla və ehtiyatla yanaşırlar. Özlərinin acizliyini və heç nəyə yaramadıqlarını hiss etmələri onlara əzab verir və bu, aqressiv davranışa, özlərinin ürəyindən keçən, lakin əllərindən gəlməyən bütün yaxşılıqlara qara yaxmaq istəyinə gətirib çıxarır.

Qədim müəlliflər deyirdilər ki, hər şey öz məşhur teoreminə görə Allahlara minnətdarlığını ifadə etmək üçün 1000 öküz qurban kəsmiş Pifaqordan başlanmışdır. Yenə də qədim müəlliflərin yazdığına görə, bu hadisədən sonra heyvanlar təkcə Pifaqora deyil, qeyri-adi tərzdə düşünməyi və davranmağı bacaranların hamısına nifrət edirdi.

Etiraf edim ki, mən qədim müəlliflərin bu fikrinə şərik deyiləm. Mənim fikirmcə, Mixail Qusmana hücumların səbəbini rəhmətlik Pifaqorun qurban kəsməsinin nəticələrində deyil, bizim canlı müasirimiz olan “Tüklü”nün rəzilliyində axtarmaq lazımdır.

Mən Day.az saytındakı məqalənin müəllifinin adını bilərəkdən çəkmədim, çünki həmin saytdakı məqalələrin böyük əksəriyyəti anonimdir. Həmin saytda rast gələn adların çoxu isə uydurmadır. Görün iş nə yerə çatıb ki, bəşər tarixinin ən böyük ixtirası olan interneti həmin saytın sahibindən fərqlənən və onunla heç bir əlaqəsinin olmasını istəməyən adamların hamısı ilə haqq-hesabı çürütmək üçün anonim vasitəyə çevirirlər. Day.az saytındakı bütün murdar məqalələrin arxasında onun həqiqi, lakin anonim sahibi olan “Tüklü” dayanır. Yuli Qusman Şən və hazırcavablar klubunda çıxış etdiyi vaxtlar onu nəzakətli tərzdə “Tüklü” adlandırsa da, əslində, onun keçi olmasını nəzərdə tuturdu. “Tüklü” o vaxt Qusmanın yanında buyuruqqulu idi və istənilən hər hansı tapşırığını yerinə yetirəndə sevindiyindən gözləri işıldayırdı. İndi zəmanə dəyişib, cavanlıq həmişəlik keçmişdə qalıb. “Tüklü” qartlaşmış, varlanmışdır, onun Bakıda və Moskvada üç restoranı var. Amma xasiyyəti dəyişməyib. Yenə əvvəlki kimi paxıl, kinli-küdurətli və qorxaqdır. Yaşa dolduqca, ümidləri öləzidikcə, onun bütün bu “keyfiyyətləri” ağlasığmaz səviyyəyə çatmışdır.

O, Day.az saytı kimi restoranları da başqalarının əli ilə idarə edir. “Tüklü” çox ehtiyatlı adamdır. Hətta öz qanının nümunələrini analizə verəndə də, hər ehtimala qarşı, onları başqasının adından verir. Sevimli məşğuliyyətlərindən biri yüngüləxlaqlı qadınlar onu rədd etdikdə onları, əsasən, öz restoranında döyməkdir. Bir də huşunu itirənə qədər içməyi xoşlayır. Əvvəlcə dostları ilə bir yerdə içməyə başlayır, sonrasını isə təklikdə bir şüşə viski ilə tamamlayır. Demək olar ki, hər axşam belədir. “Tüklü”nü qıcıqlandıran xarici amillər çoxdur. Son illərdə onların sırasına Mişa Qusman da daxil olmuşdur. Xeyirxah və enerjili Mixail Qusman özünün telejurnalist istedadı və insani keyfiyyətləri sayəsində hər yerdə hörmət və ehtiram qazanmışdır. Bu, “Tüklü”yə rahatlıq vermirdi. Təkcə ona görə yox ki, o, “Tüklünün” heç xəyalına da gətirə bilməyəcəyi mərtəbəyə yüksəlmişdir. Onun Qusmana nifrət etməsinin ən birinci səbəbi budur ki, Mişanı tanıyanların hamısı, o cümlədən ortaq tanışları da ona hörmət edirlər, “Tüklü”nün özünə isə... Bir sözlə, tam əksinə. Gözləmədiyi halda, Serj Sarkisyanla müsahibə göydəndüşmə oldu. Aha, Mişa Qusman ilişdi! Ura-Ura! “Tüklü” özü ağlabatan bir şey yazmaq iqtidarında deyil, əslində, buna ehtiyac da yoxdur, o, həmişəki kimi məqaləni Day.az-dakı muzdlu “əməkdaşlarına” sifariş etmişdir. Fevral ayında isə Mixail Qusmana həsr edilmiş məqalə çıxır. Zərbə endirilmişdir! Özü də bu zərbə qaydalara zidd olaraq arxadan vurulduğuna görə daha təhlükəli, hissedilən zərbədir, amma öldürücü deyil. Həyatda daim uğursuz olan “Tüklü” başa düşə bilmir ki, hətta ən qalmaqallı olsa belə, bir məqalə gözəl insan kimi Mixail Qusmanın nüfuzuna bir anda qələm çəkə bilməz. Eynilə Day.az-da dərc edilən onlarca məqalə də əzəldən uğursuz, anonimçi və sadist reputasiyasını təmizləyə və yaxşılaşdıra bilməz.