Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

BİRİ VAR İDİ, BİRİ YOX İDİ…

Yəqin ki, pyeslər haqqında da insanlar haqqında danışdığımız kimi danışmalıyıq – onların arasında oxşarlıq çoxdur. Hər ikisi hisslərdən daha çox da – sözlərdən, vərdişlərdən və öyüd-nəsihət verməkdən, başqasının başına ağıl qoymaqdan ibarətdir. Biz oxucular isə bizə nə isə yeni bir şey deyən, bizi narahat edən problemlərə toxunan, qapandığımız aləmdən bizi qoparıb başqa nəticələrə gətirib gətirib çıxaranları sevirik. O kəsləri ki, şəxsi taleyiimzə bir işıq salır, dünyanı başqa çür dərk etməyin mümkünlüyünü bizə göstərir.

Maqsud İbrahimbəyovun yeni, adında acı bir istehza olan «Final» restoranı» pyesi məhz bu sıradandır. Onun qələmindən çıxan başqa əsərlər kimi çox aktual və kəskin süjetli bu tragikomediya diqqətəlayiq ədəbi hadisədir.

Maqsud İbrahimbəyovun pyeslərinə həmişə böyük maraq olub. Məlumdur ki, onun əsərləri müxtəlif ölkələrin qırx üç teatrında tamaşaya qoyulub. Bir çoxumuz «Mezazoy əhvalatı» və «Bütün yaxşılıqlara görə ölüm» pyeslərinin süjet dolambaclarını, «Kərgədan buynuzu»ndakı məzəli vəziyyətləri və hadisələri, «Müdrik sfinks gülümsəyir» pyesindəki yumor dolu gözəl dialoqları bu gün də çox yaxşı xatırlayırıq. Deməli, onların ən ədalətli və xeyirxah tənqidçisi zamanın özüdür.

Təcrübə və zəhmət hesabına sonradan romançı, dilşünasalim, tarixçi olmaq mümkündür, dramaturq isə anadan dramaturq doğulmalıdır. Teatr üçün yazan qələm sahibinin səhnə qanunlarından, aktyor oyunundan xəbəri olmalı, cərəyan edən hadisələrin ritmini duymalı, yerli-yerində uğurlu replikalar verməyi bacarmalıdır. Maqsud İbrahimbəyov heç zaman nə aktyor olub, nə də teatrda rejisorluq edib, amma bütün bu keyfiyyətlər onda var; özü də qədərincə var. «Final» restoranı» pyesini oxuduqda biz buna bir daha əmin oluruq. Hər şey ustalıqla ölçülüb-biçilib, məharətlə qurulub. Münasibətlərdəki müvazinət son ana kimi qorunub saxlanıb. Düzdür, dramaturqun istedadı yazı texnikası ilə ölçülməsə də, özünü burada biruzə verir. Əsərin girişi-ekspozisiyası balaca bir uşağın oğurlanması əhvalatı əsasında qurulub; özü-özlüyündə bu bizə gərgin hadisələrlə zəngin müasir üslublu oyun-tamaşa vəd edir. Amma müəllif cəlbedici yolla getmir. O hər şeyin nə ilə qurtaracağı qabaqcadan məlum olan bədbəxt hadisələr üzərində qurulmuş tarixi dramalardakı kimi pyesdəki uşaq oğurluğu xəttini yarımçıq kəsir. Kəsir ki, oxucunu-tamaşaçını dramatik süjetin dolaylarından daha mühüm və daha dərin məsələlər ətrafında düşünməyə məcbur etsin.

Nədir bu mühüm məsələlər? Maqsud İbrahim­bəyovun ilhamının mənbəi həyatdır və həyat haqqında düşüncələridir. «Final»restoranı» -bir kinin, bir ədavətin, daha dəqiq desək, bir həsədin, paxıllığın tarixçəsidir. Bu isə bizə bir əsirdən digər əsrə keçid dövründə, ictimai quruluşun dəyişdiyi bir zaman kəsiyində, atalar və oğullar arasında yadlaşma prosesinin sürətlə artdığı bir vaxtda  Bakı mühitində  kök atan yeni əxlaq normaları haqqında mühakimə yürütməyə imkan verir. Bu elə bir zamandır ki, bank hesabları və daşınmaz əmlak azadlıq ölçüsüdür və sən istədiyin hər bir şeyi həqiqət hesab etməkdir.

Pyesin baş qəhrəmanı akademik Dəmir bəy Muxtarov isə belə düşünmür. Onun mənsub olduğu nəslin böyük əksəriyyəti həyatları boyu gələcəklə bağlı, özlərinin gələcəyi ilə bağlı yox, hansısa «abstrakt» bir gələcəklə bağlı qayğılarla yaşamışlar. Bu elə bir gələcəkdir ki, zəhmət və zəka hesabına hamı tox və rahat yaşayacaq, orada yalan olmayacaq, yalnız sevgi, sevinc və qardaşlıq hökm sürəcək. Bax, Dəmir bəy də o insanlardandır ki, cüzi kapitalla xoşbəxt yaşamaq səadətinə malikdir. Lakin qızı Sevda və kürəkəni Sabir belə yaşaya bilmirlər. Onlar dərhal və çox şey istəyirlər. Elə ona görə də hər şeyi ölcüb-biçən, fəndgir «biznesmen», 23 restoran və  müxtəlif daşınmaz əmlak sahibi Alxas Qədimovun toruna düşürlər. Bu o Alxas Qədimovdur ki, bütün həyatı boyu, hələ lap yeniyetməlik çağında Sevdanın atasına – Dəmir bəyə paxıllıq edib, onunla heç bir müqayisəyə gəlmədiyi üçün və mənəvi qısırlığına görə daim cırnayıb. İndii də uzun illər keçirdiyi sıxıntılara görə bu ləyaqətli və istedadlı insanı əzmək, sındırmaq istəyir.

Pyesin kifayət qədər ibrətamiz sətraltı sosial-didaktik mənası var. Mövcud reallıq bu gün bizi hansı əxlaqi dəyərlərə yönəldir? Bugünkü günlə yaşa; nəyin hesabına olursa-olsun, fərqi yoxdur, firavan yaşa, uğur qazan; möhtəşəmlik – ağılın, zəkanın səviyyəsi ilə yox, mənəvi dəyərlərin və etik normaların pozulub silindiyi bir zamanda pul kisəsinin içindəki ilə ölçülür. Maqsud İbrahimbəyova görə isə belə deyil. Pyes boyu ətrafındakılar Dəmir bəyi inandırmaq istəyirlər ki, o çox uğursuz adamdı, yaşamağın yolunu bilmir. Üstəlik də şərəf, namus kimi çox incə bir məsələdə mötəbər münsiflərin səsi bu gün praktiki olaraq eşidilmir. Normal insanların əksəriyyətinin hələ də alışmadığı yırtıcı kapitalizm şəraitində bu anlayışların əsas meyarları əməlli-başlı sürtülüb pozulub.

Dəmir bəy işıqlı personajdır. Özü də qətiyyən varın-dövlətin əleyhinə deyil. Bir saatın içində varlanmış əliəyri bambılılardan fərqli olaraq o, pulu yerində və ləzzətlə xərcləməyin təhərini bilir. O təbiətləri etibarı ilə oğru və saxta adamların «Azadlıq», «Bərabərlik» və «Qardaşlıq» şüarı altında əllərinə keçən hər şeyi necə oğurlayıb mənimsədiklərini müşahidə etdikcə həmişə onları güclü yumor və  istehza ilə alçaldıb. Dəmir bəy opponentinin qorxunc və təhlükəli atmacalarını məhvedici gülüşü ilə dərhal alt-üst edir; özü də çox vaxt sözü zarafatyana və ya  ciddi dediyi bilinmir. Rəqibinin çox konkret və son dərəcə ciddi məsələ barədə danışdığı bir vaxt o, yumorundan qalmır, fürsət tapıb zövqsüz bəzədilmiş «Final» restoranına da «diqqət» yetirir. Gözü hər şeyi görür, iti dili «tərifini» verir: tanınmış satqın jurnalistin də, Konstitusiya məhkəməsinin adlı-sanlı üzvünün də, zahirən dağ cüssəli, cansız-ruhsuz cırtdan cangüdənlərin – «hambalların»da, onların hamısını «Qafqaz altında» olan Alxas adlı məzmunsuz bir insan oyuncaq kimi oynadır.

Yaşı altmışı ötsədə akademik həyat eşqini əsla itirməyib. Sabaha nikbin baxır. Gələcəkdən çox şey gözləyir. Amma dərhal da düzəliş verir: «Yox, var-dövlət yox. Çünki dövlətli yalnız o adamlar ola bilirlər ki, mənəvi yoxsulluqlarını hiss edirlər. Mənsə özümü heç vaxt yoxsul hiss etməmişəm: nə gəncliyimdə, nə də indii».

Nəvəsi oğurlanan günə qədər Dəmir bəy hadisələrdən kənarda durub müşahidəçi mövqeyi tutur. Amma həmin gün seçim etmək zamanı çatır. Artıq aydın olur ki, qıraqda durmaq olmaz. Yüksək vətəndaşlıq vəzifəsindən, eləcə də oğurluq və fırıldaqçılıq etməyin ayıb olması barədə danışmaq da mənasızdır. Bütün bunlar Alxaz və onun natəmiz bizneslə məşqul olan partnyorları üçün boş sözlərdir. Qərar vermək zamanı yetişmişdir. Şər daldadan çıxıb açıq və qəti hücuma keçmişdir. Deməli, xeyir də yumruqlarını işə salmalıdır.

Məlum həqiqətlər ona görə məlumdurlar ki, çünki həqiqətlərdir. Sənin istədiyin qədər ağıllı olmasalar da, doğma və yaxınlarını həmişə qoru. Dünyaya hansı gözlə baxarsansa, elə də görünər gözünə. Oğurlama!, paxıllıq etmə!, yalan danışma! İnsan - öz səadətinin memarıdır. «Final» restoranı» əsəri bu dəyərli fikirləri oxucunun zəhləsini tökmədən, çox ustalıqla təlqin edir.

Pyes rahat və birnəfəsə oxunur. Amma mən onu yavaş-yavaş oxuyurdum; qorxurdum su kimi içəm qurtaram. Tekilasız «marqarita» kokteylinin gülüş doğuran məzəli reseptini, «qəhrəmanın» bilyardda «Moskviç» udması əhvalatını hafizəmdə xüsusi qeyd eləyirdim ki, unutmayım. Çalışırdım Nərminənin məhəbbətini qazanmaqçün Alxas Qədimovun «kəşf» etdiyi fəndlərin heç biri yadımdan çıxmasın. Ən çox da dialoqlar; dialoqları təkrar-təkrar oxumaqdan ləzzət alırdım. Maqsud İbrahimbəyovun səhnə duyumu bu dialoqlar zamanı qəfil şimşək kimi çıxan replikalarda özünü daha parlaq göstərir.

«Final» restoranı» rejissorlara kifayət qədər şən və maraqlı, eyni zamanda düşündürən əsl müasir tamaşa hazırlamaqçün geniş imkanlar verir. Bəzi dramaturqlar pyeslərində «hər şeyi eyni ilə həyatın özündə olduğu kimi» verməyə çalışırlar. Maqsud İbrahimbəyov isə buna qətiyyən cəhd etmir. Çünki həyatda çox vaxt «eyni ilə həyatdakı kimi» yox «teatrdakı kimi» olur.                                                                          

 NADEJDA İSMAYILOVA