Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

BAYQUŞ GƏLMİŞDİ

İndi də dimdiyini şaqqıldadır şoğərib! Belə də şey olar? Adamın ödü ağzına gəlir. Bayaq elə uladı ki, yuxudan dik atıldım, vahimədən tüklərim biz-biz oldu, indi də dimdiyini şaqqıldadır! Hasarın dalındakı əncirə qonub, amma elə bil evin içindədir. Qovmasan, səhərəcən aman verməyəcək. Heç yerimdən durub eşiyə çıxmaq istəmirəm. Axı o bura hardan dadandı? Qayalıda ayrı ağac başına qəhət idi? Hə, bu daş yaxşıdır. İndi görək necə ulayacaq? Eh! Az qala vurmuşdum, lap yanındakı budağa dəydi. Əclaf qorxudan fışfış fışıldadı. O saat qalxıb yana şığıdı. Əslində o, boz olmalıdır, amma ay işığında ağappaq görünür. Görəsən hara uçub getdi?

Təkcə bayquş yox, elə meynələr də, tut ağacları da, hasarın sarımtıl daşları da, dənizdəki qayalar da ay işığında ağappaq görünürdü.

Bayquş gəlməsəydi, buralarda sakitlik olacaqdı. Bunu bayquş uçub gedən kimi hiss etdim. Hətta cırcıramalar da səsini kəsmişdi.

Arxa tərəfimdə qapı cırıldadı:

– Niyə yatmırsan?

– Bayquşu qovdum. Yenə gəlmişdi.

– Allah xeyrə calasın. – Nənəm köksünü ötürdü, – heç gözüm su içmir, yaxşı şey deyil.

– Şənbə günü Kamil əmi gələcək. Onu tüfənglə vurar, canımız qurtarar. Gedib deyərəm ki, vursun.

– Nəbadə elə şey eləyəsən. Bayquşu vurmazlar, günahdır.

– Axı bayquş gələndə niyə pis şey olur?

– Daha işim-gücüm qurtarıb, gecənin bu vaxtı bayquşdan danışacağam. Yeri yat, səhər dura bilməzsən.

– Sabah deyərsən?

– Deyərəm, deyərəm, yat. Üçün yarısıdır...

Elə iş də orasındadır ki, yatmaq istəmirəm. Onsuz da saat yarımdan sonra durmalıyam. Daha təzədən uzanmağın nə mənası? Vasiflə danışmışıq ki, sübhdən balıq tutmağa gedək, altının yarısında sahildə görüşməliyik... Çarəm nədir, gərək uzanam, yatmasam nənəm rahat olmayacaq... Yadımdan çıxmasın, gərək sabah ondan soruşum ki, bayquş gələndə niyə bədbəxtlik olur?

Nənəm belə şeyləri yaxşı bilir...

Səhər evdən çıxanda o, qabağımı kəsdi. Dinməz-söyləməz tilovu da, vedrəni də əlimdən aldı.

– Yemək istəmirəm.

– Səndən soruşan var?

O, süd qızdırmağa nə vaxt macal tapmışdı? Bəzən mənə elə gəlir ki, o, heç yatmır, elə belə mürgü vurur, şıqqıltı gələn kimi oyanır.

– Hə, söz vermişdin, danış görüm bayquş gələndə nə bədbəxtlik olur?

– Bayquşdan adama xeyir gələr? Ya ölən olacaq, iraq-iraq, ya da naxoşlayan.

Nənəm bütün dediklərinə inanırdı. Yəqin elə buna görə də dünəndən bəri qaşqabaqlıydı... Doğrudan da inanırdı ki, evimizdə ya ölən, ya da naxoşlayan olacaq. İkimizdən birimiz. Onun qəmli sifətinə baxanda elə yazığım gəldi ki, balıq tutmaq da yadımdan çıxdı. Axı o, yaxşı başa düşürdü ki, mən ölməyəcəyəm. Mən ölməyəcəyəmsə, deməli... Belə çıxır ki... O gözüçıxmış bayquş gərək gəlib elə bu ağaca qonaydı?

– Bu mövhumatdır, – dedim.

Nənəm də o saat razılaşdı.

– Lap yaxşı, di yeri get, səni gözləyirlər.

– Daha heç həvəsim yoxdur, – dedim. – Axı sən ağıllı arvadsan, özün fikirləş, bayquş kimi qotur bir quşun ucbatından da adam ölər?

Lap bişmiş toyuğun gülməyi gəlir!

Nənəm süfrəni yığışdırdı. Əl saxlayıb diqqətlə məni süzdü.

Başqa birisi belə istehzayla baxsaydı, inciyərdim. Amma doğmaca nənən sənə belə baxırsa, çarən nədir, susmalısan.

– Mənəm mövhumatçı? Elə üç il əvvəl bayquş Şahlarbəygilə dadananda atan da mənə mövhumatçı deyirdi.

– Axı o, xəstəydi. Özü də lap qocalmışdı.

Özüm dediyimə peşman oldum.

– Qoca olanda nə olar... Şahlarbəy bəlkə bir neçə il də yaşaya bilərdi. Anası Qəmər xanım öləndə on yaş ondan qoca idi.

Düz sözə nə deyəsən? Onun ölümündən bir neçə gün qabaq gecələr bağlarına bayquş gələrdi. Nə olsun? Bu, hələ mənim üçün sübut deyil. Çünki Şahlarbəy doğrudan da çox qoca idi. Onu yoxlamaq üçün hər həftə şəhərdən xüsusi həkim gələrdi. Əvvəla, ona görə ki, Şahlarbəy rəsmi surətdə uzunömürlülər siyahısına daxil edilmişdi, çünki bizdə uzunömürlü adamların hamısı hesaba alınıb, ikincisi də o, fərdi təqaüdçü idi, keçmiş inqilabçı olduğu üçün ona fərdi təqaüd vermişdilər. O, səhərdən axşamacan evlərinin eyvanındakı kresloda oturardı. Bapbalaca bir kişi idi. Kresloda itibbatardı, başı da dümağdı, balaca bir saqqalı da vardı. Hamıya baxıb gülümsünərdi. – Tanıdığına da, tanımadığına da, evin yanından ötən adamların hamısına... Bu yerin camaatı ona hörmət elərdi. Hətta deyə bilərəm ki, onun burda yaşadığı ilə fəxr elərdilər. Düzünü desəm, əvvəllər ondan bir az çəkinərdim, yəqin ona görə ki, tez-tez hirslənərdi, belə vaxtlarda qışqırar, qızına və oğlanlarının ikisinə də bərk acıqlanardı. Adətən, onlara oyun vaxtı acıqlanardı, onlarla ya kart oynardı, ya da nərd. Elə bir axşam yadıma gəlmirdi ki, Şahlarbəygildə bir oyun oynamasınlar. Oğlanları tez-tez dostları ilə şəhərdən qonaq gələrdilər. Hamısı da yaşlı adamlardılar, axşamdan oturub kart oynayardılar, ya da ki, iki taxtada nərd vurardılar. Qonaq olmayan günlərdə o, arvadı Məryəm xanım və qarımış qızı Zərifə ilə oynayardı.

Mən onlara gələndə Şahlarbəy mənə də gülümsəyərdi. O saat məktəbdən söz salar, sahildəki işlərdən, kənddəki əhvalatlardan soruşardı, hər şeylə maraqlanardı. O dəqiqə bilinirdi ki, təkcə ədəb xatirinə danışmır, doğrudan da maraqlıdır. Onunla son dəfə görüşdüyüm axşam yaxşı yadımdadır. O yenə də həmişəki kimi, kresloda oturmuşdu. Onun üçün süfrə açmışdılar. Amma yemirdi. Oturub fikrə getmişdi. Məni süfrəyə dəvət elədi, dedim ki, sağ olun, yemək istəmirəm. Doğrudan da heç yarım saat olmazdı ki, yemişdim. Sonra Pakizə adlı pişiyi göstərib soruşdu:

– Sən bilən, bu Allahın heyvanı niyə yemək istəmir? – Pakizə qabağındakı xörək dolu qaba məhəl qoymur, gözlərini Şahlarbəyə zilləyib yazıq-yazıq miyoldayırdı. – Səhərin gözü açılandan ağzına bir şey almayıb. Görünür, xanım yeməyi bəyənmir. – Birdən qızını səslədi: – Zərifə! Zərifə! Pişiyin qabına nə tökmüsən ki, yemək istəmir?

Qız atasının səsini eşidib qapıdan boylandı:

– Özümüz yediyimizdən – piti. İçinə çörək də doğramışam.

Üzünü mənə tutdu. – Yəqin elə bilir, onu aldadırlar. – Və hıqqıldayahıqqıldaya yerindən qalxıb öz boşqabını götürdü. Pakizəyə yaxın- laşıb güc-bəla ilə əyildi, az qala xörəyi dağıdacaqdı. – Bax, elə mənim boşqabımda da ondandır, bax!

Pakizə yavaş-yavaş uzaqlaşdı, bir də dönüb ona baxdı və enib getdi bağa.

Şahlarbəy onun dalınca boylanıb təəssüflə dedi:

– Pişikdir də, nə deyəsən? İt olsaydı, belə şey eləməzdi.

Zərifə boşqabı onun əlindən alıb əvvəlki yerinə qoydu. O da gəlib ehmalca öz kreslosunda oturdu. Və birdən mənə tərəf dönüb soruşdu:

– Bura bax, bilyard oynamağı bacarırsan?

Dedim: Yox. Dedi: Eyibi yoxdur, öyrənərsən... Sən bir dünyanın işinə bax, iki adam oturub üz-üzə, biri oynayır, oyunu başa vurur, o biri hələ heç oynamağın təhərini də bilmir. Bu sənə təəccüblü gəlmir?

Həmin o axırıncı axşam, mən gedəndən sonra o, yenə də qızı ilə üz-üzə oturub kart oynayırmış. Onlar hələ oyunu qurtarmamış, bayquş yenə ulamağa başlayıb. Kim bilir, bəlkə elə bizə dadanan bayquşdur...

Onu elə burda, Qayalıdakı qəbiristanlıqda basdırdılar. O qədər camaat yığışmışdı ki, elə bil bütün Bakı ayaq tutub Qayalıya köçmüşdü, amma di gəl ki, Zərifədən başqa heç kim ağlamırdı. Hətta oğlanları da... Şahlarbəyin başına gələn məzəli əhvalatları yada salıb gülümsəyənlər də vardı. Nurani bir kişinin danışdığı əhvalatlardan biri mənim də xoşuma gəldi, o, Şahlarbəyin yanına kart oynamağa gələn kişilərdən idi.

Şahlarbəy mərzölçən mühəndis imiş. O vaxtacan belə bir peşənin olduğunu ağlıma da gətirməzdim. Demə, kişi Peterburqda oxuyubmuş.

İnstitutu qurtarandan sonra indiki Bakı Sovetinin binasında yerləşən quberniya idarəsində işləyirmiş. Özü də çox çalışqan, səliqəli işçi imiş. Buna baxmayaraq, həmişə ehtiyac içindəymiş.

Ailəsi böyük, qazanan da elə bircə o. Şahlarbəyə rəğbət bəsləyən Bakı qubernatoru bir dəfə onu yanına çağırıb deyir:

– Əziz Şahlarbəy, eşitmişəm pula ehtiyacınız var. Buna görə də sizə bir təklif eləmək istəyirəm.

– Zati-alilərinizə son dərəcə minnətdaram, – deyə Şahlarbəy razılıq edir.

– Mən sizi Bayıldan Qaraşəhərəcən bütün neft mədənlərinin mərz müfəttişi təyin eləmək istəyirəm.

Şahlarbəy təəccüb eləyir:

– Bağışlayın, axı, müfəttişin donluğu mənim indi aldığımdan çox aşağıdır.

Qubernator ona baxıb gülümsünür. Şahlarbəyin rəngi qaçır, əsəbiliklə deyir:

– Zati-aliləri məni təhqir edir?

Qubernator da Şahlarbəydən bərk inciyir:

– Demək istəyirsiniz ki, siz məndən də təmiz adamsınız? – Qərəz ki, bir azdan sonra Şahlarbəy qulluqdan getməli olur.

Qubernatorla Şahlarbəyin niyə bir-birindən incidiklərini başa düşmədim, atamdan soruşdum. Atam məni başa saldı ki, inqilabdan əvvəl neft mədənlərinin mərz müfəttişi çox gəlirli vəzifə hesab olunurmuş. Hamı bu vəzifəni ələ keçirməyə çalışırmış, çünki müfəttişdən çox şey asılı imiş.

Neft milyonçuları da çalışırmışlar ki, mərz müfəttişini razı salsınlar.

O vaxtlar belə şey rüşvət hesab olunmurmuş, amma ağlım kəsmir. Madam ki, Şahlarbəy o işdən boyun qaçırdıb, deməli, elə rüşvət hesab olunurmuş.

O öləndən sonra bağda qızı qalırdı. O vaxt Zərifənin 30 yaşı olardı, bəlkə də bir az artıq. Çox arıq idi, sifəti də qırış-qırış... Dünyada bircə dərdi vardı. Birtəhər ərə getmək! Tez-tez nənəmin yanına gələr, hey pıçıldaşıb məsləhətləşərdi.

...Tilovla vedrəni götürüb qapıya tərəf getdim. Hər şey aydın idi. İndi yenə fikirləşəcək ki, bayquş onun üçün gəlib. Sonra birdən ölüb-eləyər! Elə bu dəm ağlıma bir fikir gəldi.

– Yaxşı, elə tutaq mən inandım ki, Şahlarbəyin ölümü...

Nənəm qımışdı.

– Sən inandın, inanmadın. Aləm bilir ki, bayquş gələndə xeyrə gəlməz.

Başqa bir məsələ də var, – deyə inad elədim: – Axı bayquş gəlib həmişəki hasarın dalındakı əncirdə oturur, düzdür? Ora bizim yerimiz deyil. Kamil əminin bağıdır. Deməli, bu bayquşun bizə heç bir dəxli yoxdur. Bizim evdə heç kəsə heç nə olmayacaq. Düz deyirəm, ya yox?

Nənəm dillənmədi. Əlini yelləyib, qab-qacağı yumaq üçün quyu başına getdi.

Vaxt keçmişdi. Tələsdiyimə görə Rəşid əminin çəpərindən aşmalı oldum. Hasarın daşlarını şeh islatmışdı, özü də buz kimi idi.

Üstüm-başım batdı. Heç nə, səhəri yaxşı başladıq.

Lovğalanırdım, elə bilirdim hamıdan tez mən oyanmışam.

Amma Rəşid eyvanda dostu ilə söhbət eləyirdi. Deyəsən “Jiquli”si olan kişiydi. Hə, elə özüdür ki, var! Maşını da orda dayanıb. Rəşidin dost-aşnası çoxdur. Elə hey görürsən ki, ona baş çəkməyə gəlirlər. Rəşidin öz dediyinə görə, qonaq onun üçün toy-bayramdır.

O, dostluğu hər şeydən vacib hesab eləyir. Deyir ki, dost dosta yaman gündə kömək olur. Deyir ki, elə mənim özüm nə eləmişəmsə, öz əlimin zəhməti ilə eləmişəm. Ali savad alıb. Arvadı da. Balaca bir rayon mərkəzindən Bakıya köçüb. Şəhərin mərkəzində üçgözlü mənzildə yaşayır. İctimai-təminat nazirliyində məsul işə düzəlib:

özü də elə işdir ki, yaxşı adamlara yaxşılıq eləyə bilir. Ancaq Rəşidin dediyinə görə, bunlar hamısı öz yerində, həyatda dostların da böyük köməyi var, lazım gələndə məsləhət verirlər, saqqal tərpədirlər.

Rəşid çox xoşsifət adamdır. Hətta təzə-təzə Qayalıda onun bu nəzakəti təəccüb doğururdu. Amma sonra öyrəndilər. Lap açığını desəm, onun əlinin sayəsində çoxları adam kimi durub-oturmağa başladı.

Bax, elə indi də mənnən salamlaşdı, nənəmin kefini soruşdu, hətta dedi ki, ovun uğurlu olsun. Halbuki dostunun sifətindən ayrı şey oxuyurdum. Söhbətlərinə mane olmuşdum, özü də deyəsən lap şirin yerində kəsmişdi. Rəşidin bu dostu da Qayalıya təzəlikcə köçüb. Keçən il qəsəbənin o başında özünə bağ alıb.

Xasiyyətləri başqa-başqa olsa da, Rəşidlə arvadı çox mehriban idilər. Hətta adam arasında bir-birinə can deyib can eşidirdilər.

Onun arvadını tez-tez iynə vurmağa çağırırdılar. Heç vaxt yox deməz. Lap gecənin yarısı olsun! Deyir ki, bu onun həkimlik borcudur.

Rəşidin arvadının dediyindən bilirəm ki, Qayalının ən nankor adamları onun iynə vurduğu adamlardır. Mənim ağlıma belə gəlməzdi ki, bircə kərə adamın gündəyməzini görməklə onun nə yuvanın quşu olduğunu biləsən. Adilənin yerinə kim olsaydı, nə qədər pul verirlərsə versinlər, evlərə gedib iynə vurmazdı. Amma Rəşidin arvadı öz borcunu yerinə yetirirdi. Dediyinə görə, bu borcun onun üçün böyük əhəmiyyəti vardı. Rəşid arvadı Adilə barədə danışanda deyir ki, müqəddəs adamdır. Adilə də hər dəfə bunu eşidəndə utanır-qızarır, xahiş eləyirdi ki, daha bir də onu belə tərifləməsin.

Kamil əminin evi lap köhnəlib. Ot basmış pillələr uçulub-tökülür.

Onun bağı yaxşı bağdır. Gözəl üzümlüyü var. Meynələrin də hamısı bar verir. Səkkizəcən əncir ağacı var, barı da var. Amma di gəl ki, evi heç nəyə yaramır. Hələ şükür ki, dammır. Kamil əmi neçə dəfə yığışıb ki, evi düzəltsin, di gəl ki, vaxt tapa bilməyib.

Rəşid bir-iki dəfə Kamil əmiyə demişdi ki, icazə ver, bağını sahmana salım. Mənim üçün heç bir çətinliyi yoxdur. Onsuz da öz evimi təmir eləyəcəyəm. Sizin evə bir dənə artıq mismar vursam dünya dağılmaz ki! Amma o, razı olmamışdı. Rəşidə demişdi ki, özü vaxt tapıb birtəhər düzəldər. Mən Kamil əminin yerinə olsaydım, yox deməzdim, köməyə nə söz! Rəşid qonum-qonşuya çox kömək eləyir, özü də pulnan yox, elə-belə, əvəzində bir təmənna da ummayır. Özü deyir ki, sidq ürəknən eləmişəm.

Məsələn, elə Məmmədəlini götürək. Öz qiymətinə, bir qəpik də oyan-bu yan yox, bir dənə əla elektrik nasosu tapıb gətirdi vurdu quyuya. Neçə il idi Məmməd bu nasosdan ötrü avara idi. Başqa bir qonşuya da növbəsiz “Moskviç” almağa kömək elədi. Deyir, müəyyən yerlərdə dostları var. O adamlar ki, düz adamlardır, biclik bilmədikləri üçün əllərindən bir şey gəlmir, Rəşidin dostları onlara kömək eləməyə hazırdılar.

Rəşid bəlkə də Kamil əminin bağını ona görə təmir eləmək istəyib ki, öz qonşuluğunda xaraba ev görməsin. Özü də öz bağına yaman qulluq eləyir, meynələr cərgə-cərgə, əncir, tut ağacları da çox səliqəlidir. Hətta Rəşid onları budayır da. Əvvəllər Qayalıda heç kəs belə ağacları budamazdı. Amma Rəşid gələn kimi aqronom, bağban çağırıb bütün bağı qaydaya saldırdı. O öz evinin qabağında mavi Sənubər ağacı da əkdi. Daha Qayalıda adam qalmadı, hamı gəlib bu ağaca tamaşa elədi. Çoxu təəccüblə baxıb deyirdi ki, buralarda belə ağac tutmaz, guya buranın torpağı yaramır. Amma həmin il Sənubər tutdu, di gəl ki, çox zay ağac çıxdı. Görünür, nə isə bu xüsusi Sənubərdir. Çünki dəniz qırağında nə qədər milçək vardısa, hamısı gəlib bu ağaca qonurdu. Yəni əslinə qalsa bu Sənubər müəyyən mənada xeyirli ağacdı, onun hesabına ətrafda bir milçək də qalmamışdı. Hamısı onun üstünə yığılmışdı. Ağaca yaxınlaşanda vızıltısından qulaq tutulurdu, budaqlar xışma-xışma milçəkdi. Nə yarpağı görünürdü, nə də gövdəsi. Heç nə kömək eləmirdi. Ağacı dərmanlayırdılar. İki gündən sonra görürdün ki, yenə yığışdılar.

Özü də deyəsən çox uzaq yerlərdən uçub gəlirdilər. Çünki şəxsən mən son vaxtlarda nə dəniz qırağında, nə də evdə bir dənə də olsun milçəyə rast gəlməmişdim. Əvəzində ölü milçək nə qədər istəsən vardı, Rəşidin evində heç ayaq basmağa yer yoxdu.

Axır çarəsiz qalıb ağacı kəsdilər. Rəşiddən başqa hamı ona heyifsilənirdi, çünki ağac kəsiləndən sonra Qayalıda yenə də milçək əmələ gəldi. Çox deyildi, elə əvvəllər nə qədər vardı, elə indi də o qədər. Hər halda əmələ gəlmişdi. Kamil əmi ağacın kəsildiyini eşidəndə Rəşidə dedi ki, yaman səhv eləmisən. Bu böyük bir elmi kəşf ola bilərdi. Götürüb Sənubər ağacını kəsmisən. Halbuki milçəklərin bu ağaca yığılmaları sonra elmi jurnallar üçün çox maraqlı material ola bilərdi. Bəlkə də Sənubər ağaclarının hesabına bəşəriyyəti milçək əlindən xilas edəcəkdin.

Rəşid ona çox diqqətlə qulaq asırdı. Hiss olunurdu ki, deyilənlərə inanır, buna görə də belə tələsik iş görməyinə bir az da peşmanlamışdı.

Amma elə ki, Kamil əmi sözünə davam eləyib dedi ki, Rəşidin kəşfindən sonra ölkəmizin hər yerində şahmat qaydası ilə əkib cücü mayakları düzəldə bilərdilər, Rəşid isə müəlliflik hüququ əsasında gəlir götürə bilərdi – ya hər ağacdan, ya da ölən hər min milçək hesabından faiz, hə, elə ki, söhbət bu yerə çatdı, Rəşid qımışdı, başa düşdü ki, Kamil əmi zarafat eləyir. Dedi ki, Allah vurub onun gəlirini. Onsuz da nə qədər çalışsan da, dünyanın bütün pulunu qazana bilməyəcəksən. Şükür Allaha, öz əlimin zəhməti ilə qazandığım elə özümə bəsdir. Mən dedim inciyər, axı, elə adamlar var ki, inciyir, lap bundan da kiçik zarafatlardan dilxor olur, amma Rəşid heç vecinə almadı.

O bura köçəndən sonra nəinki bağı, elə evi də sahmana saldı.

Damı təzələdi, pilləkən qoydurdu, hasarın da uçuq yerlərini təzədən hördürdü. Bir günün içində daş-sement töküb səliqə-sahman yaratdılar. İndi hasar elə bil təzədir, amma rənglənməyib. Rəşid deyir ki, simiclik eləmir, intəhası havaya sovrulası pulu yoxdur. Hasara bundan artıq xərc qoymağa dəyməz.

O, doğrudan da simic deyil, evində hər şeyi var: böyük soyuducu, yaxşı mebel, hətta mebel elə gözəldir ki, heç bağ avadanlığına oxşamır. Duş əvəzinə də vanna qoydurub. Rəngli televizoru var.

Misal üçün, bizim evin döşəməsi taxtadır, mətbəx sementdir. Rəşid deyir ki, sement döşəmədən adamın qılçaları yel tutar, lap elə yayın özündə. Buna görə də öz mətbəxinə linolium döşətdirdi, otaqları da parket elədi.

Bir də onların evində nədən xoşum gəlir? Kitablardan! Evin içi başdan-başa kitabdır, Rəşid, demək olar ki, hər həftə şəhərdən bir qucaq kitab gətirir. Abunə yazılası nə kitab varsa, hamısına yazılıb, ümumdünya kitabxanasından tutmuş “Oqonyok”un üstündə verilən Drayzer və O’Henrinin kitablarınacan...

Heç bilmirəm, bu qədər kitaba abunə yazılmaq üçün növbəyə durmağa onun necə vaxtı çatır? Bir dəfə atamla gedib növbəyə yazıldıq, üç gün dalbadal qeyd olunmağa getdik. Sonra bazar günü günortayacan növbədə dayanmalı olduq, axır ki, birtəhər qəbz yazdıra bildik. Qabaqlar onlardan tez-tez kitab götürərdim. Rəşid özü mənə demişdi: “Kitab oxunmaq üçün yaranıb, apar, amma qaytar”.

Bir dəfə iki kitab götürmüşdüm, gətirib qaytaranda Rəşid kitabları alıb o yan-bu yana baxdı və soruşdu: “Deməli, bir həftəyə iki dənə belə qalın kitab oxudun?” – Gülümsünüb şübhə ilə başını buladı. Dedim ki, əlbəttə oxumuşam. Onda daha gülümsəmədi.

Dedi ki: “Danışmaq lazım deyil, inanıram, sən elə oğlan deyilsən ki, yalan danışasan. Afərin, tez oxuyursan”. Onlar bir-birinin üzünə baxdılar – Rəşidlə Adilə, ancaq niyə baxdıqlarını başa düşmədim.

...Gərək uzun şalvarımı geyəydim, – soyuq və yaş meynələr ayağıma dəyəndə ətim ürpəşir. Bugünkü duman lap göz çıxardır.

Elə qatıdı ki, durduğum yerdən evimiz görünmür. Heç belə duman olduğu yadıma gəlmir. Kamil əminin qapısı aralıdır. O, heç vaxt gedəndə qapını bağlamır. Bir dəfə ondan soruşdum ki, gəlib yazı makinasını, tüfəngi aparsalar hayıfı gəlməz? Gülümsünüb dedi ki, tüfəng cəhənnəm, yazı makinasını aparsalar lap ağ olar, kimin nəyinə lazımdır? Qonum-qonşu qapılarından buralarda oğurluq yox idi. Mən yalançılar sözü, anadan olan gündən bu bağa gəlirəm. Elə qonşularımız da həmin qonşulardır. Təzələri gəlməyib. Təkcə Rəşid gəlib. Şahlarbəy öləndən sonra.

Onda bağda bircə Zərifəydi. Kişi öləndən sonra oğlanları bir dəfə də olsun bağa ayaq basmamışdılar. Ya çox məşğul idilər, ya da başqa yerdə bağları var idi. Kim bilir, bəlkə bacıları olsa da Zərifə ilə görüşmək istəmirdilər?! Axı Zərifə ögey idi. Anası Şahlarbəyin ikinci arvadı Məryəm xanım idi. Özü də Zərifə anadan olanda kişinin 70 yaşı varmış. Zərifə çox mülayim qız idi. Eşitmişəm ki, qarımış qızlar ətiacı olurlar. Amma düzü, mən bu barədə heç zad öyrənə bilmərəm, çünki Zərifədən başqa qarımış qız tanımıram. O ki qaldı Zərifəyə, çox mehriban, xoşsifət adamdı. Gülümsünəndə də elə gülümsəyir, elə bil böyük günah işləyib. Danışanda da elə bil üzr istəyir. Məsələn, şəxsən mən heç vaxt onu özümdən böyük hesab eləyə bilmərəm. Çünki başqaları ilə necə danışırsa, mənimlə də elə danışır. Bir dəfə hətta onu da bildim ki, balaca olsam da yaman cürətliyəm. Məsələ dovşanla bağlı idi. Mənim “Asparuxov” adında bir dovşanım var idi. Adını mən qoymamışdım, hələ mənə gəlib çatmamışdan adı üstündə idi. Atam çöldən birkiloluq banka dağ bülluru gətirmişdi. Onu dördüncü “B” sinfində oxuyan Vaqif Məmmədova verib bu dovşanı almışdım. Alanda demişdi ki, hansı məşhur futbolçununsa familini qoyublar.

Bir həftədən sonra ona qələmdana oxşayan bir siqar qutusu da verdim. Vaqif demişdi ki, bu dovşan çox ağıllı heyvandır. Ayaqyoluna özü gedir, böyük iş üçün də, kiçik iş üçün də. Vaqif doğrudan da haqlı imiş – dovşana yer-zad göstərmək lazım olmadı – mənzilimizdə tualetin yerini özü tapdı. Sonra bir dəfə də olsun daha qıraq yerdə xarabçılıq eləmədi. İntəhası, mən bunun üstünü açıbörtmürəm, çünki kimə deyəsən? Heç kəs inanmayacaq. Onun bircə eybi var. O da həddən artıq qorxaqlığıdır. Məndən də qorxur. Denən, ay axmaq, sənə məndən yaxın adam var? Məndən niyə qorxursan?

Fikirləşdim ki, bağa köçəndən sonra xasiyyəti dəyişər, hər halda təbiətin qoynudu, ev deyil, ancaq dəyişib-eləmədi, elə də qaldı.

Səhər özünü künc-bucağa verib gizlənir, bir də gecə üzə çıxırdı, gedib eyvanda onun üçün qoyduğumuz göy-göyərtini yeyirdi.

Amma indi sizə danışacağım əhvalatdan sonra “Asparuxov” əməlli-başlı dəyişdi. Bir gün mən idim, nənəm idi, bir də Zərifə idi, üzüm yığırdıq. Zərifə üzüm yığa-yığa nənəmə deyirdi ki, bağa müştəri çıxıb, bu gün cavab üçün gələcəklər, heç bilmirəm nə eləyim:

bir yandan ürəyim gəlmir, axı, birdən-birə götürüb bağı necə satmaq olar? O biri yandan da deyirəm ki, bəlkə satım, çünki atam öləndən sonra yaman fikir eləyirəm. Həm də pul da lazım ola bilər.

Nənəm də məsləhət verib deyirdi ki, tələsməsin. Əvvəlcə bir yaxşı-yaxşı öyrənib bilsin görək bu müştərilər necə adamdırlar, birdən dələduz olarlar? Zərifə də onu arxayın elədi, dedi: “Sənnən tanış eləməyincə, sənin fikrini bilməyincə, bir qərara gəlmərəm”.

Sonra Zərifə səbəti boşaltmaq üçün evə getdi, daha qayıtmadı. O vaxt mən evin yanındakı tənəklərdən üzüm yığırdım. Birdən mətbəxin pəncərəsindən hıçqırtı eşitdim, kimsə içini çəkirdi. Özümü yetirdim, gördüm ki, Zərifə mətbəxin ortasındakı kətilin üstünə çıxıb.

İçini çəkə-çəkə döşəməyə baxır. “Asparuxov” da həyasız-həyasız gözünü ona dikib başına hərlənir. Özü də altdan-yuxarı Zərifənin qılçalarına baxırdı. Bəzən də dal ayaqları üstə dik qalxıb qızın ayaqlarını iyləyirdi. Elə bu vaxt Zərifə qışqırmaq istəyirdi, səsi çıxmırdı. “Asparuxov” birdən dönüb məni gördü. Əlbəttə, bilirəm ki, dovşan utana bilməz. Nə gəzir onda utanan üz. Bu aydındır.

Amma and içərəm ki, məni görən kimi “Asparuxov” utandı. Sıçrayıb şkafın altına girdi. Zərifə də özünü mənim üstümə atdı, onda bildim ki, mən ondan cürətliyəm. Maraqlı da burasıdır ki, o gündən “Asparuxov” məndən qorxmadı.

Həmin gün axşamı biz birinci dəfə Adiləynən Rəşidi gördük.

Nənəmin çox xoşuna gəldilər, o, adam tanımağı bacarır, bu, hamıya məlumdur. Rəşid getməyə hazırlaşanda Zərifəyə içində pul olan bir zərf verdi. Özü də dedi ki, ona tamamilə inanır, qoy bu pullar qalsın yanında, fikirləşsin, sonra cavab versin. Hətta bağ yiyəsinin adının dəyişdirilməsi məsələsini də öz boynuna çəkdi. Zərifəyə də, nənəmə də dedi ki, bağlar idarəsində tanışları var. Axı bir də tanışlıq nəyə lazım? Kim olursa olsun, vicdanlı olan adam Rəşidə bağ almağa icazə verməz?! Bağı niyə alır, balalarının xatirinə, alır ki, balaları möhkəm, sağlam böyüsünlər.

O gedəndən sonra Zərifə ilə nənəm pulları saydılar, pul onların gözlədiyindən də artıq çıxdı.

Mənə elə gəldi ki, nənəm Rəşidi Zərifə köçən gün daha çox bəyəndi. Şeylərin daşınmasına da Rəşid kömək elədi, özü də şoferin pulunu qabaqcadan verib tapşırdı ki, Zərifənin şeylərini aparıb düz evlərində boşaltsın. Ayrılanda da çox mehriban ayrıldılar. Dedi ki, bağ onun öz bağıdır, kefi nə vaxt istəsə, haçan gəlsə, gözü üstə yeri var. Onun üçün bir dənə otaq ayıracaq. Rəşid bu sözləri deyəndə hamı kövrəldi: nənəm də, Zərifə də, Adilə də, elə Rəşidin özü də – qərəz, mənnən şoferdən başqa hamı.

Bir ay sonra heç kəsin gözləmədiyi bir xəbər eşitdik: Zərifə ərə getmişdi. Nənəm dedi ki, bağın satılmağı ona düşdü. Bu məsələ nənəmin adam tanımağını bir daha sübut elədi. Rəşid doğrudan da çox nəcib və abırlı adam çıxdı. O vaxtdan iki il keçib, amma bizə elə gəlir ki, Rəşid başdan-binədən elə Qayalı adamı olub.

Tətildən sonra uşaqlar gəzdikləri yerlər haqqında elə danışırlar ki, adam həsəd aparır. Əşi, kişilər yaşayır da! Bircə mən danışmağa söz tapa bilmirəm. Hər il yayı Qayalıda keçirirəm. Həmin o qonşu-lar, nənəm, bir də mən... Yaxşı ki, atam söz verib, gələn il məni öz geoloji-kəşfiyyat dəstəsi ilə dağlara aparacaq. Bu il razı olmadı, balacayam. Kim bilir, adamlar böyüdükcə dəyişirlər. Elə nənəmi götürək. Qocalan kimi başladı hər deyilənə inanmağa. Görəsən hamı belə olur? Maraqlıdır, mən qocalanda necə olacağam?

Pah atonnan, duman yiyəsi! Belə də duman olar? Heç dəniz də görünmür. Bu qayadan dənizə cəmi on beş addım ola-olmaya.

Gecikdiyimə görə, yəqin Vasif yaman hirslənib qayanın üstündə oturub məni gözləyir indi. Bilirəm, tək-təkinə tilov atmayacaq.

Akif adlı bir dostumuz var. Amma o hələ gəlməyib. On gündən sonra gələcək. Biz, demək olar ki, həmişə vaxtımızı üçlükdə keçiririk, öz dəstəmizə başqa adam qatmırıq. Vasif bizi “üç muşkator” adlandırırdı. Həmin kitabdan yaman xoşu gəlmişdi. İki dəfə oxumuşdu, di gəl ki, nə qədər səhvini düzəldiriksə, yenə “muşkator” deyirdi. Bir də “qəzet” əvəzinə “qəzət” deyir. Akiflə nə qədər elədik, onun səhvini düzəldə bilmədik. Gördük ki, bir şey çıxmır, daha baş qoşmadıq. “Muşkator” deyir qoy “muşkator” desin. Hə, dəniz burdan da görünmür, səsi gəlir. Bir də motor səsi. Ya brakonyerlərdir, ya da müfəttişin qayığıdır. Daha onlardan başqa belə havada kim dənizə çıxar. Amma brakonyer belə havanı Allahdan istəyir.

Bu yerlərdə qarnı cırılmış nərə balıqlarını ləpə vurub sahilə atır, bu o deməkdir ki, brakonyer balığın kürüsünü çıxardıb, özünü də suya atıb ki, qayıqda artıq yer tutmasın. O boyda balıq zay olub gedir!

Bax, bu da Vasif. On addımlıqdan seçilmirdi. Əvvəlcə ləkə kimi görünürdü, yaxınlaşdıqca aydınlaşdı. Məlum oldu ki, bu, ləkə deyil, dostum Vasifdir. Gecikdiyim üçün yaman hirslənmişdi.

– Ədə, sən adam olacaqsan, ya yox?

Mən o saat hər şeyi ona başa saldım. Nənəm barədə də dedim, onun mövhumatçılığını da. Bayquş əhvalatını da başa saldım, Vasif mənimlə razılaşdı.

– Düzdür, yaxşılığa deyil. Bayquş hər gecə gəlib boş-boşuna ulamaz, nə isə bir bədbəxtlik olacaq. Bunu hamı bilir. Evə ilan dadananda da, gərək hökmən bir nəlbəki süd qoyasan, yoxsa pis olar.

– Eh, elə bilirdim ki, mövhumatçı bircə nənəmdi, demə, sən də belə boş-boş şeylərə inanırsanmış.

Qarmağa soxulcan keçirməyə başladım.

– Boş-boş? Keçən il axşamüstü Xanım xalanın evinə ilan girmişdi.

O, ilanı görən kimi bir hay-həşir saldı ki, gəl görəsən.

Arvadın səsinə böyük oğlu Məmməd çıxıb ilanı tüfənglə vurdu. İki patronu birdən çaxdı. Sonra gedib baxdım. Metr yarım olardı. Qırma onu iki yerə parçalamışdı.

– Gərək Məmməd əmi gözləyəydi ki, Xanım xalanı ilan çalsın?

– İlanı vurmaq lazım deyildi. Xanım xala bir nəlbəki süd qoysaydı, hər şey ötüb-keçəcəkdi. Amma ertəsi gün səhərdən bədbəxtlik başlandı. Xanım xala qurutmaq üçün əncir təmizləyirdi, əlini əqrəb sancdı. Sağ əli kötük kimi şişmişdi. Bir həftə iniltisi kəsmədi. Özü də nə vaxt? Əncir qurudulan, doşab bişirilən vaxt?

Arvad bir həftə işdən qaldı. Məmmədin özü də səhər-səhər ayaqyoluna gedir, birdən şalvarını çəkə-çəkə özünü bayıra atır. Sən demə, daşların arasından ilan boylanırmış, bir az da keçsəydi, vuracaqmış!

İkinci ildir ki, əvvəlcə kəşfiyyat aparıb yoxlayırlar, sonra ayaqyoluna girirlər, əlitüfəngli... Bütün dəlmə-deşiyi yoxlayandan sonra otururlar. Sən də deyirsən ki, boş şeydir. Elə Məmməd əminin qızı da iki gün sonra qızılca çıxartdı...

– Elə uşaqların hamısı qızılca çıxardır. Beş yaşında olanda mən də naxoşlamışdım. Nə olsun? Bizim evə ki, ilan gəlməmişdi.

– Dayan, bir gör indi bu bayquşun ucbatından nələr olacaq. Sizin bağınıza gəlir?

– Yox. Kamil əminin.

– Baxarsan!

– Yaxşı! – Vasif nədənsə bu gün dil-boğaza qoymurdu, – bu boyda danışmaqla balıqmı tutmaq olar?

– Yaxşı ki, tilovun qarovulu görünür. Düzdür, qaya çox hündür deyil, suyun üzünə iki-üç metr olar, artıq olmaz. Bayquş, ilan...

Vasiflə mübahisə eləmək mənasız şeydir, çox tərs oğlandır. Nənəm kimi dini şeylərə də inanır. Amma bir tərəfdən baxanda, bəziləri deyəsən doğrudan da düz çıxır axı? Məsələn, gün batanda, nənəm günün rəngindən bilir ki, sabah hava necə olacaq, özü də heç vaxt yanılmır. Mayböcəklərinin gəlişindən bilir ki, yayda üzüm, payızda nar necə gətirəcək? Allahın qarışqa yuvası nədir, bağımızdakı qarışqa yuvasına baxanda da nənəm bilir ki, qış necə gələcək? Bu il bağdan köçəndə necə demişdisə, elə də oldu, elə bil Şimal qütbü Bakıya köçmüşdü. Şəhərdə iki gün heç işə gedən də olmadı. Hər yeri qar basmışdı. Deyirlər ki, aeroporta gedən yolu qoşun hissələri təmizləməli olmuşdu. Hətta yollarda maşını ilişib qalanlar da varmış...

Yenə bunlara inanmaq olar, amma adamlarla bağlı əlamətlərə inanmaq... Bişmiş toyuğun da gülməyi gəlir: qotur bir bayquşun üstündə Kamil əminin başına nə gələ bilər?! Amma nənəm də, Vasif də buna inanır. Bilirəm, heç bir şey olmayacaq, amma neyləyim, yadıma düşəndə ürəyim birtəhər olur. Axı bayquş bizim bağa gəlmir, Kamil əminin bağına gəlir, – deyən birinci mən olmuşam.

Nə qədər fikirləşirəmsə öz-özümlə bacarmıram, şəxsən mənə gün kimi aydındır, bilirəm ki, heç nə olmayacaq. Amma elə bil səhərsəhər Kamil əmini aldatmışam, onu satmışam.

Vasifin bağırtısı məni fikirdən ayırdı:

– Kütüm!

Kütümə bax! Balıq havada çapalayan kimi gördüm kütüm-zad deyil, adicə külmədi. Bu yerdə yüz il də əlləşəsən, kütüm tuta bilməzsən.

– Qoy külmə olsun! – Vasif kefini pozmadı. – Yarım manat verərlər, ona da şükür! – Balığı qarmaqdan çıxardıb, vedrəyə atdı.

Söz yox, yarım manat deyəndə o, gop eləyir, belə balığa çox versələr, iyirmi qəpik. Kim bilir, bəlkə də bəxtimiz gətirdi. Bəlkə Allah birinin ağlını əlindən alıb bizə ürcah elədi. Eləsi də olur ki, neçəyə deyirsən razılaşır. Bir dəfə Vasifin bir vedrə balığına üç manat verdilər. İki istəyirdi, üç verdilər. Balıq deyəndə də, nə balıq – beş dənə külmə, on-on beş dənə də xul balığı. Əvvəlcə biz növbə ilə satırdıq – bir dəfə mən, bir dəfə o. Ancaq bundan bir şey çıxmadı.

Birinci gün, mənim növbəm olanda iki nəfər yaxınlaşdı, deyəsən ər-arvad idilər. İçində diri balıq olan vedrəni görən kimi arvad qayıtdı ki: “Ah, nə qiyamətdilər, ay oğlan, neçəyədir?” Heç özüm də bilmədim ki, mənə nə oldu? Dedim: “Satdıq deyil, öz balığımdır” – dilimi də ağzımda zorla hərləyirdim. Arvad da pərt olub, üzr istədi: “Bağışlayın, xahiş eləyirəm, inciməyin, elə bildim satırsız” – çıxıb getdilər.

O vaxtdan balığı ancaq Vasif satır. Tutanda üçümüz tuturuq.

Satanda özü satır. Heç Akifə də icazə vermir. Deyir ki, alver eləyə bilmirsən, nə verirlərsə, alırsan. Biz balığı keçən ildən satmağa başlamışıq.

Əvvəllər özümüz yeyərdik, şişə çəkib kabab eləyərdik.

Sonra ürəyimizi vurdu. Qərara gəldik ki, sataq. Bir yayı otuz beş manatacan pul yığdıq. Pulları xərcləmirik – Vasif yığıb saxlayır.

Hesablamışıq, işlərimiz belə getsə, gələn il qayıq ala bilərik.

Əlbəttə, təzəsini yox, amma nimdaş qayıq almaq olar. Hətta Vasif birini gözaltı eləyib, yiyəsi ilə sövdələşib. Qayıq alandan sonra balığı dənizdə tutacağıq. Vasif deyir ki, acgözlük eləməsən, ağılla iş tutsan, bundan sərfəli şey ola bilməz, xüsusilə indi. Hə, qayığımız olandan sonra işimiz yaxşı gedəcək. Söz yox, cəncələ də düşə bilərik, balıq nəzarəti müfəttişi bizi tutsa, halımız xarablaşar. Ancaq ağlım kəsmir ki, bizi tuta bilsin. Çünki bu yerlərdə nə olacağını qabaqcadan bilirlər. Hətta balıq nəzarətçilərinin katerinin nə vaxt dənizə çıxacağını da əvvəldən bilirlər. Yarım saat əvvəldən məlum olur, çünki müfəttişlər – Məmməd əmi, bir də onun iki qardaşı katerlərin dayandığı yerə bizim bağdan keçib gedirlər. Nənəm də hər dəfə onları yola salanda dua eləyir ki, bir neçə kilo kürüdən ötrü o qədər balığı zay eləyən əclafları tutsunlar.

Budur ey, ləpə birini də atdı qırağa. İki metr olar. Az olmaz...

Axır ki! Qarmağıma balaca bir balıq düşdü. Çömçəquyruq boyda. Hər nə isə, siftədir. Çünki çətini birinci balığı tutmaqdır, sonra dalı gəlir!..

Bir də gördüm ki, biri yanımda dayanıb. Heç bilmədim hansı tərəfdən gəldi. Duman olmasaydı, söz yox, onu uzaqdan görərdim.

Əynində ütülənmiş matros köynəyi, ağ şalvar. Mən belə matros paltarını qızların əynində görmüşdüm. Ağıllı oğlan belə şey geyərmi?

Lap nə qədər yalvarırsan, yalvar!

Salamlaşdı. Başımı tərpətdim. Vasif də eləcə mızıldadı.

– Balıq tutursuz?

– Daha Qayalıda, dəniz qırağında ağ şalvar geyib gəzən adamdan bundan artıq nə gözləyəsən? Görmürsən ki, balıq tuturuq?

Dedim, belə sualdan sonra Vasif onun qoparağını götürər. Amma yox. Yanılmışdım.

– Balıq tuturuq, – dedi – Tuturuq özümüzçün...

Vasifin belə mülayim danışığından könlündən keçəni başa düşdüm.

– Olar ki, mən də sizin yanınızda tutum?

– Bizdən niyə soruşursan, biz Qayalını satın almışıq?

– Tez-tez balıq tutursan? – deyə Vasif soruşdu.

– Bu il heç tutmamışam.

– Bəlkə heç tuta bilmirsən?

– Buna nə var, axı, – deyə gülümsündü, – çətin iş deyil ki?

– Əlbəttə, çətin deyil – Vasif o dəqiqə razılaşıb mənə göz vurdu.

– Gəl elə belə də danışaq: tutsan sənin, amma tutmasan...

Öz-özümə fikirləşirdim: görəsən bu nişastalanmış şalvarda çırçırpının üstündə oturacaq? Oturdu.

– Tuta bilməsəm, onda necə? – O elə hey gülümsünürdü.

Fikirləşirdi ki, Vasif ona yaxşı bir şey vəd eləyəcək.

– Onda hərəmiz peysərinə bir şapalaq salarıq. Hərəmiz birini.

Bəlkə də ikisini. Razısan? – Kim olsaydı belə sözlərə görə Vasifin gözünün altını qaraldardı, ya da ən azı çıxıb gedərdi. Amma bu heç eyninə də almadı. Elə qımışırdı.

– Yaxşı. – O, Vasifin ehtiyat tilovunu götürüb məndəki soxulcan bankasına tərəf əyildi: – Olar? – İcazəsiz götürmədi, mən başımı tərpədəndən sonra əlini bankaya uzatdı.

Əşi bu haradan çıxdı? Axı biz bura gələnlərin hamısını tanıyırıq. Soxulcanı qarmağa düz taxdı. Özü də suya atmamışdan qabaq üstünə tüpürdü. Qarmağı atıb kirimişcə dayandı. Yaxşı da eləyirdi, ona görə yaxşı eləyirdi ki, balıq tutsa da, tutmasa da Vasif onu qapazlamağa bəhanə axtarırdı. Daha burdan heç bir əlamətəzada inanmaq lazım deyildi. Gün kimi aydın idi ki, Vasif onun peysərinə əl gəzdirməsə dincəlməyəcək.

Yenə əlamət dedim...

Doğrudan da bu əlamətlərin işi qəribədir. Adam görəndə ki, nənəm kimi, ya da Vasif kimi adamlar belə şeylərə inanır, istəristəməz təəccüblənirsən. Özü də görürsən bəzisi düz çıxır. Lap yaxşı yadımdadır: bir dəfə nənəm Rəşidin arvadı Adiləyə dedi ki, bir aydan sonra oğlun olacaq. İkinci uşaqdan sonra Rəşidlə arvadı buna inanmırdılar. Heç kəs inanmırdı. Çünki Adilənin üç qızı olmuşdu.

Amma Adilə ələk üçün bizə gələndə nənəm onun qarnına baxan kimi (özü də belə yanpörtü baxdı) dedi bir az irəli yerisin...

Amma düzü yadımda deyil, sağ ayağını atdı, ya sol ayağını. Nənəm qayıdıb nə desə yaxşıdır: “Bala, oğlun olacaq. Heç şəkk-şübhən olmasın”. Adilənin sevincdən ayağı yer tutmurdu. Amma di gəl ki, yenə də inana bilmirdi. Xüsusilə Rəşid məsələni eşidəndə...

O, arvadını məzəmmətləyib belə şeylərin mövhumat olduğunu demişdi, demişdi ki, mədəni adama belə-belə şeylərə inanmaq yaraşmaz, ərinin bu sözlərindən Adilə lap ruhdan düşmüşdü.

Adilə bir ay sərasər şübhə içində yaşadı. Amma axırda nə oldu?

Rəşid dedi ki, bu oğlan əhvalatı ancaq təsadüfdür. Mən də özlüyümdə onunla razılaşdım. Kamil əmi isə razı olmadı. Dedi, təsadüfzad deyil, qanunauyğunluqdur. Rəşid kimilər mütləq özlərinə bənzər adamlar törətməlidirlər. Çünki gərək təbiətdə müvazinət olsun. Bu müvazinətin nədən ibarət olduğunu o, izah eləyə bilmədi. Çünki arvadı Nailə ona acıqlanıb dedi ki, uşağın yanında belə şeylər danışmaq olmaz, mənə deyirdi e, uşaq! – Əlamət var, əlamət var!

Onların ancaq adı birdir. Bəlkə nənəm Adilənin görkəmindən başa düşüb ki, oğlan doğacaq. Bəlkə elə-belə deyib ki, yeri, baxım.

Bəlkə də təsadüfən ağlına gələni uydurub. Özüm neçə dəfə televizorda görmüşəm: futbol meydanında, özü də mənimlə Vasif kimi uşaq-muşaq yox, lap əməlli-başlı futbolçular hakimin ovcunda gizlətdiyi şeyi tapırlar. Təsadüfdür! Təsadüfdür! Heç bir əlamətzad yoxdur. Bu barədə heç fikirləşməyə dəyməz. Kamil əmi üçün mən nahaq yerə narahat oluram. Mən bunu ona görə dedim ki, nənəm sakitləşsin. Onsuz da bilirəm, bayquşun heç nəyə ziyanı yoxdur. Hətta eşitmişəm xeyirli quşdur, qurt-quş, siçan-miçan yeyir. Mən Kamil əmini çox istəyirəm. Vəssalam! Daha bu barədə fikirləşməyəcəyəm.

– Soxulcan qarmaqdan üzülüb, olar birini də götürüm? O mənə müraciət eləyirdi. Ömrümdə belə tərbiyəli adam görməmişəm, elə bil soxulcan yox, tarix, ya cəbrdən yoxlama işi üçün vərəq istəyir.

Ancaq neyləsin, onun yerində kim olsa, belə rəftar eliyər. Görmürsən, yayın günü nişastalanmış matros köynəyi geyib. Götür də, lap istəyirsən bankanın hamısını götür. Hayıfdır məgər?

– Götür, – dedim.

O, soxulcanı qarmağa keçirəndə gözünü məndən çəkmirdi.

Deyəsən, ürəyindən söhbət eləmək keçirdi, elə bil himə bənddi.

Danışmaq olardı, fikir vermişdim, sir-sifəti o qədər də pis deyildi, bəzən adam birini görən kimi, istəyir yaxınlaşıb gücü gəldikcə bir yağlı şapalaq çəksin. Amma bu yox, xoşsifət oğlan idi. Elə bil səndən söz gözləyirdi ki, gülümsünsün. Danışmağına danışırdım, amma Vasif balıq tutanda danışmağı xoşlamır. Əslində bu balıq tutmaq deyildi ki! Bir saatdan bəri avara idim. Cəmi-cümlətanı çeçələ barmağım boyda bir xul balığı tutmuşdum. Neynək, hələlik söhbətsiz də keçinərik. Bir də ki, bu əhvalatın necə qurtaracağı hələ məlum deyildi. Bəlkə bir şey tuta bilməyəcək? Onda yəqin ki, danışmaq da istəməyəcək. Amma qəti arxayındım – Vasif hökmən onun peysərinə əl gəzdirəcək, buna heç şübhə ola bilməz.

Axşam Kamil əmi gəlməlidir, ona qonaq gedəcəm. Mən gələndə həmişə sevinir. Elə arvadının özü də mənim gəlişimə sevinərdi.

Kim bilir, bəlkə də məni yadından çıxarmayıb, mənki onu unutmamışam.

Açığını desəm, Qayalıda mənim üçün ən əziz ev Kamil əminin evidir. Çox vaxt biz heç danışmırıq da, o, makinasını taqqıldadıb işləyir, çox qədim makinadır, lap köhnə qara tapançaya oxşayır, amma yaxşı işləyir, mən də taxtın üstündə oturub onun şəhərdən gətirdiyi jurnalları oxuyuram. O elə bu gün də çox-çox güman ki, işləyəcək. Ancaq nə olursa-olsun xahiş eləyəcəyəm ki, bir dəqiqə işdən ayrılsın, bayquş gələndə onu vursun. Doğrudur, bayquşun gəlişindən heç nə olmayacaq, amma nədənsə adamın kefi pozulur.

Belə şey kimə lazımdır, xüsusilə indi, elə onsuz da Kamil əminin heç qaşqabağı açılmır, ümumiyyətlə, axır vaxtlarda o, çox dəyişib, elə bil yayın əvvəlində, ilk dəfə arvadı ilə bağa gələndə, o deyibgülən, zarafatcıl adam deyil. Hələ yadıma gəlmir ki, Nailənin gəlişi qədər Qayalıda hay-küy, söz-söhbət salan başqa bir hadisə olsun!

Hamı ondan danışırdı, hamı onun boy-buxunundan, saçlarından, yerişindən-duruşundan danışırdı. Adilə o dəqiqə başına toplaşan arvadlara elan etdi ki, onun ətini şişə çəksələr də əndamını açıb belə qısa tuman, paltar geyməz. Düzünə qalsa, elə mən də Adilənin yerinə olsaydım, belə şeylərə razı olmazdım. Çünki çimərlikdə bir neçə dəfə onun baldırlarını görmüşdüm, əlbəttə, belə baldır yeriməyə yarayar, nə qədər yeriyirsən yeri, ancaq daha Nailə kimi qısa yubka geyib, camaata göstərməyə yaramaz. Nəinki yadlara, heç ən yaxın, doğma adamlara göstərmək də olmaz. Mən qılçalarını Qayalı camaatına göstərmədiyi üçün Adilənin ətini şişə çəkmək istəyən adamı bir anlığa gözümün qabağına gətirməyə çalışdım.

Ancaq heç nə çıxmadı. Çünki elə bu vaxt nənəm elə söz dedi ki, qılça əhvalatı yadımdan çıxdı. O dedi ki, onun vaxtında Nailə kimi arvadı nəinki abırlı evə qoymazdılar, heç bircə dənə də abırlı arvad ona salam verib əleyk almazdı. Hamı bir səslə nənəmlə razılaşdı.

Sonra da gec olduğu üçün dağılışıb getdilər.

Dəlimi oldular, nədir? Görəsən, bu adamlar niyə belə tez dəyişirlər, iki-üç ay kənddə qalan kimi, o saat dəyişirlər. Özlərindən qeyri bir adam görmürlər. Bizim Bakının yarısı belə mini yubkalarda gəzir, lap bundan da qısa. Amma heç kimin ağlına gəlmir ki, birinə irad tutsun! Nəinki Bakıda, Bilgəhdə, Mərdəkanın özündə, elə Abşerondakı başqa bağ yerlərində də mini geymiş qızlara fikir verən yoxdur. Bəs bizim bu qonşular bütün ili sərasər burda qalsalar nə olar! Hayıf ki, bu mümkün deyil. Yoxsa onların necə dəyişdiklərinə baxmaq maraqlı olardı.

Əvvəlcə mən Kamil əmini gördüm. Əlində çamadan cığırla gəlirdi. O saat qabağına yüyürdüm. “Xoş gördük, – deyə Nailə əlini mənə uzatdı. – Maşallah, yekə oğlan olmusan”. Cavabında mən ona bir söz də deyə bilmədim. Heç ona baxmağa da üzüm gəlmədi.

O gün ancaq Kamil əmi ilə onun arasında səssiz-səmirsiz addımlaya bildim. Nitqim qurumuşdu. Nə isə elə bil sinəmi sıxırdılar, nəfəsim batmışdı, gözlərim də dolmuşdu.

O gündən Qayalıda hər şey dəyişdi. Əvvəllər səhər tezdən boşboşuna gəzmək heç ağlıma da gəlməzdi, amma indi üçümüz də gəzirdik, özü də məlum oldu ki, bu çox xoşagələn şeymiş – gecədən balıq ovuna çıxmış balıqçıların qayıtmağına, ya da ki, axşam günəşin dənizdə batmağına tamaşa eləmək çox gözəlmiş. Nailə gəlməmişdən heç birimiz belə gəzintilərə çıxmazdıq.

Gedəndə də ancaq iş üçün gedirdim: ya çörək almağa, ya süd almağa, ya da ki, sahilə balıq tutmağa... Amma elə-belə gəzməyə çıxmaq heç ağlıma da gəlməzdi. Açığını desəm, hərdən nədənsə qəmlənirdim, yüngülcə. Ancaq belə qəmginliyin özü də adama xoş gəlirdi. Evə qayıtmağımız mənə hər şeydən çox ləzzət verirdi.

Axşam işığı yandırmırdıq, bədirlənmiş ay ətrafı elə işıqlandırırdı ki, şam böcəklərinin parıltısı itirdi. Bircə qayalara çırpılıb xışıldayan ləpələrin, bir də evin qabağındakı bağda cırcıramaların səsi eşidilirdi.

Əvvəlcə eyvanda səssiz-səmirsiz otururduq. Elə bil ayağa qalxmağa heç kəsin taqəti yox idi. Yenə Nailə qalxırdı. Gedib musiqini çaldırırdı. Gözünü yumanda adama elə gəlirdi ki, böyük bir orkestrdi. Kamil əminin balaca eyvanında çalır, özü də yer darısqal olduğu üçün çalğıçılar kimi harda gəldi oturub. Royal məndən iki addımlıqda idi, məhəccərin yanında. Hiss olunurdu ki, pianoçu dillərin yaxşı işıqlanmağından bir ayrı ləzzət alır. Sanki ay buludun dalına çəkilənədək çalıb qurtarmaq üçün tələsirdi. Elə bil bu axşam onun çalğıdan başqa heç bir qayğısı yoxdu. Şeypurçu zil bir not götürəndə pəncərənin şüşələri cingildəyirdi. Budur, o, çalğı alətini dodağından ayırıb royalın üstünə qoyur, gəlib pianoçunun yanında oturur və onlar dörd əllə çalmağa başlayırlar ki, skripkaçını ötüb keçsinlər. Skripkaçı isə ayaq üstə pilləkənlərdə dayanıb çalır, onlar evdə gəzə-gəzə özlərinə yer axtaran saksafonçuları da ötüb keçməyə çalışırlar. Bu harasıdır, onlar çalışırlar ki, zərb alətlərinə çatsınlar. Müğənni başqa dildə oxuyurdu. Ancaq hiss olunurdu ki, bu adam çox dərin bir məhəbbətlə sevir, özü də elə oxuyur ki, bütün Qayalı camaatı bundan xəbərdar olsun. Müğənni yenə də mənasını başa düşmədiyim həmin sözləri son dəfə ucadan oxuyub üzüstə eyvanın daş döşəməsinə sərildi...

Onların rəqsinə səhərə qədər tamaşa eləyirdim. Çox gözəl oynayırdılar.

Hətta onlar qabaq-qabağa hərəkətsiz dayananda hiss olunurdu ki, oynayırlar, intəhası, ehtiyac olduğu üçün dayanıblar, çünki bunsuz keçinmək olmaz, gərək mütləq bu anda dayanasan, bir-birinin üzünə baxasan.

Nailə gələndən sonra mən başa düşdüm ki, Kamil əmi də çox gözəldir. O vaxtdan arzum o idi ki, böyüyəndə onun kimi boylubuxunlu, əzələli olum... Çox gözəl rəqs edirdilər, mən də onlara baxmaqdan doymurdum. O vaxtacan ki, axır nənəm gözləməkdən yorulub məni səsləyirdi. Bəzən yuxudan oyanıb Kamil əminin makinasının səsini eşidirdim. O elə əvvəllər də çox işləyərdi, amma belə yox. Nailə gələndən sonra ayrı cür işləyirdi. Çox vaxt səhərlər onlara gələndə görürdüm ki, gözləri qızarıb, dodaqlarının qanı qaçıb, bomboz olub. Amma buna baxmayaraq, yenə də gəzməyə gedirdi.

Günortaüstü iki-üç saat yatardı. Onlar qonşulara getməzdilər, onlara da gələn olmazdı.

Ona görə yox ki, istəmirdilər, ya hörmət eləmirdilər, ona görə ki, Kamil əmi qaradinməz adamdır, özü də çox işləyir. Vəssalam.

Səbəbi budur. Əslinə qalsa, mən bir şeyi hiss eləmişdim. Rəşidlə Adilə bura gələndən sonra qonşular nədənsə Kamil əmidən soyuyub yavaş-yavaş ondan uzaqlaşır, Rəşidlə dostluq eləməyə başlayırlar.

Hamı onunla məsləhətləşirdi, onlara qonaq gedirdi. Belə-belə uzaqlaşdılar, daha Kamil əmigilə getmədilər, onu da evlərinə çağırmadılar.

Hətta ad gününə, toylara da... Çünki bu ətrafda Rəşidlə dostluq eləməyən yeganə adam Kamil əmi idi. Bu da Rəşidə çox pis təsir eləyirdi. Mən bunu hiss eləmişdim. Bu məsələ Adilənin də xoşuna gəlmirdi. Söhbət düşəndə deyirdilər ki, Kamil əmidən fərlibaşlı bir adam çıxmaz. Əməlli-başlı ciddi işdən yapışmaq əvəzinə gecə-gündüz mənasız şeylə məşğul olan, adını yazıçı qoyan adamdan nə çıxar?

Arvadının bu sözlərini eşidəndə Rəşid sancılanmış adamlar kimi üz-gözünü qırışdırır. Adilədən xahiş eləyirdi ki, belə şeylər danışmasın. Çünki bunun onlara dəxli yoxdu. Axı onlara nə düşüb ki, kimin necə yaşadığını ortaya qoyub müzakirə eləsinlər. Kim bilir, bəlkə də Kamil əmidən doğrudan da yazıçı çıxacaq?!

– Yazıçı yox, əyyaş çıxacaq, hələ ondan da betəri, – deyə Adilə hər dəfə etiraz eləyirdi. – Əvvəl-axır mənim sözümün üstünə gələcəksən.

Görərik kim haqlı olar, sən, ya mən?

Rəşid köksünü ötürüb başını bulayırdı:

– Nahaq yerə belə danışırsan... Sənnən söz güləşdirmək istəmirəm. Axı bu söhbətlər bizim nəyimizə gərəkdir. Sən də əsəbiləşirsən, mən də əsəbiləşirəm... Yad adamın üstündə kefimiz pozulur axı... Bir də ki, kimə nə var, öz əli, öz başı, özü bilər. Gəl söhbəti dəyişək, ürəkaçan şeydən danış!

Bilmirəm bu Adilənin niyə Kamil əmidən zəhləsi gedirdi?

Nailə gələndən sonra Adilə Kamil əmini buraxıb ondan yapışdı. Bu qədər də xəbər olar? Bilmirəm, Kamil əminin evinə durbinlə baxırdı, nədir? Bu qədər xəbəri hardan yığırdı, məlum deyil. Hamı bilir ki, mənim nənəmin qeybətdən zəhləsi gedir – nə özü qulaq asar, nə də danışar. İndi bir gör ki, nənəm də qulaq asırdı. Bir dəfə çörək dükanından qayıdanda gördüm nənəm dinməz-söyləməz oturub tilsimə düşmüş kimi, Adilənin gözlərinin içinə baxır. Adilə də üyüdüb-tökür.

– Toy! Toya bax e! Şükür Allaha, heç olmasa zaqsa gediblər! – Bu vaxt məni gördü, səsini kəsdi.

Mən də keçib onunla üzbəüz, stolun dalında oturdum, gözlədim nə vaxt çıxıb gedəcək.

– Nə yaxşı qaralmısan! Maşallah, nə uzanmısan! Amma deyəsən bir az sınıxmısan, ya mənə belə gəlir?

– Nə bilim!

– Bəs niyə bizə gəlmirsən? Qabaqlar tez-tez gələrdin?

– Gələrəm, – deyə cavab verdim, amma özüm də peşman oldum.

Gərək ayrı cür deyəydim: “Gəlmirəm ona görə ki, sizdən zəhləm gedir!” Ya da bundan yaxşı: “İyrənirəm”, hayıf ki, birdən-birə ağlıma gəlmədi, eyibi yoxdur, indi bir şey də soruşsa, cavabını verərəm!

Elə söz deyərəm ömrü boyu yadından çıxartmaz.

Nə olub belə pəncərədən gözlərini çəkmir?!

– Rəşid gəlir!

Bura gəlir. Gör bir necə sevinir, sevindiyindən yır-yır yırğalanır.

Kətil üstündə oturub belə yırğalanmağı bacarmaq lazımdır. Bu hələ harasıdır, bir dəfə ərini “Masya” – deyə çağırdığını öz qulaqlarımla eşitmişəm. Az qala qusacaqdım. Odu ey, “Masya” gəlir, görəsən burda nə iti azıb?

Nə qədər gəlməyib, qoy çıxım gedim. Kamil əmi də yuxudan durmuş olar.

– Salam, nə varnə yox, necəsiniz? – deyə Rəşid nənəmi salamladı.

Sonra qocalıqdan şikayətlənən nənəmə gülümsünə-gülümsünə dedi: – Qoyun görək, siz yaşda qocalıqdan danışmaq ayıbdır!

Nə qocalıq? İndi sizin oğul-uşağa, nəvə-nəticəyə baxıb sevinmək vaxtınızdır, fərəhlənmək! Sən də ki, əzizim, maşallah, lap böyük oğlan olmusan! Evinə qonaq gəlib, sən aradan çıxırsan! Belə şey olar?

– Kamil əmi məni gözləyir.

– Məndən salam deyərsən! Xoşum gəlir ondan, ləyaqətli adamdır, ağıllı, sakit, milçəyi də incitməz.

Düz eşitdim, bəlkə yanılmışam? Deyəsən yox, təəccübdən Adilənin ağzı açıla qalıb.

– ...Hayıf ki, onun arvadı ilə tanış deyiləm, heç yaxşı deyil.

Qonşuyuq, yan-yana yaşayırıq. Amma indiyəcən tanış olmamışıq.

Mən özüm təqsirimi boynuma alıram, təqsirkaram öz payıma. Amma Kamilin də taqsırı var. Tanış olmasaq da, ancaq görürəm ki, çox yaxşı, məlahətli adamdır. Elə belə də de, çox yaxşı və məlahətli, yadında qalar?

– Yaman zövqlə geyinir, – Adilə söz atdı. – Bilmirəm niyə özünə əziyyət verir, belə havada lap lüt də gəzə bilər. Özünə də xoş olar, kənardan baxan kişilərə də...

Rəşid nəvazişlə etiraz etdi:

– Sənin ürəyin gendi, təmizdi, ona görə də belə deyirsən.

Ürəyin açıqdır, qayğıkeşsən...

O, belə deyəndə Adilənin ürəyini gözümün qabağına gətirdim.

Bilə-bilə yox, elə öz-özünə oldu. Neyləyə bilərdim, böyük, özü də təmiz. Çalışdım onu adam ürəyi kimi təsəvvür eləyim, ancaq bundan bir şey çıxmadı. Əksinə, duydum ki, onun sol əmcəyi altındakı ürəyi nə qədər elastik və sürüşkəndir. Budur ey, adamlara tərəf, yəni bizə tərəf sürüşür. Hətta ürəyi o qədər böyükdü ki, tərpəndikcə Adilənin xalatının yaxası da silkələnir. Rəşid təzədən danışmağa başlayanda bu ürəyi birtəhər özümdən uzaq eləyə bildim.

– Ona görə də sən hamını öz arşınınla ölçürsən... Həmişə belə eləmək olmaz. Adam gərək dözümlü olsun. Xüsusilə söhbət cavanlardan gedəndə. Onların öz ölçüsü var, bizim də öz ölçümüz. Bir də sən ki məni yaxşı tanıyırsan. Heç vaxt yanılmamışam, o cür abırlı adamların qızı necə geyinirsə, geyinsin, pis ola bilməz! Elə kişinin aman-zaman bircə qızıdır...

– Necə kişi? – deyə Adilə soruşdu. – O necə kişidir ki, qızını toysuz-zadsız köçürüb. İki ayda bir dəfə də olsun gedib baş çəkməyib?

Amma əcəb atadı?

– Heç hövsələn yoxdur, – Rəşid təəssüflə səsləndi. – Hər şey düzələr. Toy olub, ya olmayıb, bunun nə dəxli var? Əsas məsələ odur ki, uşaq olsun. O ki qaldı gəlməyə, baş çəkməyə, vaxtı yoxdur, kişi dövlət adamıdır! İşini-gücünü buraxıb şəxsi məsələlər ilə məşğul olsa, onda qalan adamların işi necə olar? Heç bu barədə fikirləşmirsən?

– Axı onun atası kimdir? Qoy görək, dövlət adamı!...

– Bəsdir, – Rəşid Adilənin sözünü kəsdi. – Xahiş eləyirəm, artıqəskik danışma, deyirəm ki, dövlət adamıdır, deməli, bilirəm nə danışıram.

Mən xəlvəti onun arxasından sivişib keçmək istədim, ancaq görüb mənə tərəf döndü:

– Qoy elə mən də səninlə Kamilgilə gedim. Allah bağı nəyə görə yaradıb? Ona görə yaradıb ki, adamlar bir-birinin evinə getsinlər, telefonsuz-filansız... Gedib axşama evimizə çağıracağam.

Qoy gəlib bizdə televizora baxsınlar. Bu axşam “Baharın on yeddi anı” göstəriləcək. Yaxşı filmdir. Zarafat deyil, təzədən göstərirlər, elə sən də gəl... Nə olar ki, görmüsən, elə bircə Bronevoya təzədən baxmağa dəyər. Sən yaşda oğlançün bu, xüsusilə xeyirlidir. – Hiss elədim ki, Kamilin evinə yaxınlaşdıqca o daha ucadan və nəvazişlə danışır. Pilləkənləri çıxanda çiynimi qucaqladı. Danışanda da mənə tərəf əyildi, elə bil mən kar-zad idim.

Kamil əmi Rəşidi görəndə əvvəlcə özünü itirdi, sonra onunla salamlaşıb təəccüblə mənə baxdı, yəni bu kimdi gətirmisən? Kamil əmi Rəşidi Nailə ilə tanış elədi. Ancaq axşam onlara gəlib rəngli televizora baxmağa razı olmadı. Dedi axşam biz hamımız mayak gözətçisinə qonaq gedəcəyik. Rəşid o saat Kamil əmini təriflədi, bizim üçün belə maraqlı gəzintilər düzəltdiyini bəyəndi. Sonra öz cavanlığından danışdı, dedi ki, cavan vaxtlarında da, elə indi də sahildə, mayakda gəzməyi çox sevir. Ümumiyyətlə, təbiət vurğunudur...

Üçümüzün də kefimiz pozuldu. Çünki Rəşid stul çəkib oturdu, halbuki heç kəs ona oturmağı təklif eləməmişdi. Məlum oldu ki, Rəşid tezliklə getmək fikrində deyil...

Deyəsən, Vasif bizim bu təzə dostumuza qapaz vurası olmayacaq, tilovun qarovulu tərpəndi, özü də elə tərpəndi ki, batıb-çıxmaq əvəzinə birdəfəlik suya girdi. Tilovun qarovullarını biz özümüz düzəltmişik, Vasif onları puçtaxtadan yonur. Puçtaxta qəhvəyi rəngli böyük probka parçalarıdır. İki başından da deşiyi var. Yerli balıqçılar torları bu probkalara bərkidirlər. Vasif deyir ki, puçtaxtadan düzəldilmiş qarovullar fabrikdə hazırlananlardan yaxşıdır, çünki onların iyi balığı qorxudur... Qarovulun suya belə sürətlə baş vurması göstərirdi ki, böyük balıq düşüb. Qarmağı dartdı. Qarğı yay kimi dartılıb əyildi. Az qaldı ki, sınsın, tez tilovu kənara atıb vişdən yapışdı, çəkdi. Dayan, indi bir koma dəniz yosunu çıxacaq, peysərinə də bir qapaz dəyəcək! Vasif özünü hazırlamışdı. Adə, bu nədir?! Birdən nərə balığının uzun burnu, sonra yarısı sudan çıxdı...

Vasif yerində donub özünü onun üstünə atdı – köməyə gəldi. “Çox sağ ol, – deyib oğlan razı olmadı, – özüm çıxardaram”. Yaman tərbiyəli oğlandı. Sən bir buna bax – balıqla çəkişə-çəkişə ayaq üstə güclə durur, amma təşəkkür eləməyi yaddan çıxarmır. Vasif ondan əl çəkdi. Görünür, təəccübdən mat qalmışdı, nərə balığı idi! Elə qalxırdı ki, elə bil liftlə çıxır! Kaş qarmaqdan qopmayaydı! Çıxartdı!

Bax, budu, nərə balasıdır! Beş kilo olar. Heç zad qana bilmirəm.

Bu yerlərdə hələ heç kim tilovla nərə balığı tutmayıb. Buna mən yüz faiz qol çəkərəm! Nəinki uşaqlardan, heç böyüklərdən də tutan olmayıb. Düşüb, bir-iki dəfə kütüm tutan olub, amma nərə balığı görməmişəm. Həyəcandan Vasifin rəngi qaçmışdı, yaman əl-ayaq eləyirdi. Tez vedrənin suyunu dəyişdi. Amma matrosu paltar geyən oğlan heç əhvalını pozmurdu. Elə bil zalım oğlunun gündə işi-gücü nərə tutmaqdı, əvvəlcə qarmağı quyruğundan yapışıb qaldırdı, tələsmədən, sakitcə, təmkinlə... dönüb mənə tərəf baxdı, yəni, buyur, tamaşa elə! Nə demək olar? Balığa söz yoxdur. Başından köpəkbalığına oxşayır. Bədəni də elə bil açıq-boz metaldan tökülüb.

Balığa baxıb təəccüb eləyirdim. Gör neçə vaxtdır biz buralarda yol ölçürük, demək olar ki, Allahın var günü burdayıq. Hələ bir dəfə də olsun qarmağımıza belə şey keçməyib. Düzünə qalsa, bir balaca pərt olmuşduq.

Oğlan da ki, elə hey mənə baxırdı, olmaya təbrik-zad gözləyirdi?

– Zorba şeydir, – dedim, – doxsan santimetr olar, bəlkə də bir metr!

– Yaman ağırdır. Qorxurdum viş qırılar. Ehtiyatla çəkirdim. Qırılsaydı, əməyim zay olardı.

Elə ağzımı doldurub cavab vermək istəyirdim, Vasif sözümü kəsdi:

– Viş qırılar? Heç neylon da qırılar? Hansı axmaqdan soruşsan, bunu bilir. – Heç bilmirəm Vasif nə üçün belə özündən çıxmışdı?

– Danışanda da dünyanı başına götürmə. Tutmağına, tutmusan heç olmasa bizim ovumuzu korlama. Birkərəmlik ağzını yumsan yaxşıdır...

Onun yerinə olsaydım, dərhal çıxıb gedərdim. Öz-özümə fikirləşdim ki, belə sözlərdən sonra balığını götürüb əkiləcək. Deyirdim, görəsən, belə eləsə Vasif neyləyəcək? Amma getmədi. Mənə sarı qanrılıb təəccüblə baxdı, vəssalam. Vasifə baxmadı, mənə baxdı, elə bil üstünə çığıran mən idim.

Biz nərəni kəlləsi üstə vedrəyə soxduq. Üstündən də yaş kətan saldıq. Balıq bir göz qırpımında quyruğu ilə vurub kətanı kənara atdı. Məcbur olduq ki, kətanın üstündən üç-dörd dənə də daş qoyaq, bundan sonra bir az sakit oldu.

Tilovu sazlayıb atdım. Oturub fikirləşirdim: “Birdən mənim qarmağıma da beləsi düşdü! Bu günəcən nərə balığı tutmaq heç ağlıma da gəlməmişdi. Könlümdən keçməyinə keçirdi, ancaq düzü, inanmırdım ki, tutaram. Külmə tutanda da sevinmişəm. Külmə nədir, lap bapbalaca xul balığına, şahmayıya da şükür eləyirdim, amma bu gün xəyalımdan nərə keçirdi... Kim bilir, bəlkə də tutdum! Bu nərmə-nazik oğlan tutdu ki! Öz gözümün qabağında, çöməlib oturmuşdu, ovsun-zad da oxumurdu, amma tutdu”... O yenə də dönüb mənə baxdı:

– Olar bir dənə də soxulcan götürüm?

“İşə düşmədik? Hər dəfə də icazə istəyəcək?” – Çox sağ ol.

– Əşi, bu tərbiyəli uşaqmış? Lap ağın çıxartdın ki, bankadan soxulcanı götürüb o qədər o yan-bu yanına baxdı ki, dedim indi ondan da üzr istəyəcək. Amma bir söz demədi, keçirtdi qarmağa.

Elə bu vaxt Vasif yerindən durub ona yaxınlaşdı. Dedim, bəli, indi peysərini yağlayacaq. Deyəcək ki, niyə danışırsan. Vasif yaxınlaşıb öz tilovunu ona uzatdı.

– Tilovlarımızı dəyişək.

– Niyə?

– Elə-belə.

– İstəmirəm. Bu əlimə yatır.

– Qapaz necə, istəyirsən? Tilovlar kimindir? Hələ çox sağ ol deginən ki, sənə tilov vermişəm.

Oğlan tilovunu verib yenə mənə baxdı. Mənə niyə baxırsan, Vasifə bax da.

– Yerlərimizi də dəyişək! Dur ayağa.

– Yer də sənindir?

– Mənimkidir! Sürüş burdan!

Görəsən, balığını da götürüb niyə getmir? Heç başa düşmürəm.

Bəlkə qorxur ki, Vasif nərəni verməz? Doğrudan da vermədi, vermədi. Ya da kəsib üçdən birini verdi ki, qaydamız belədi, gərək bölüşək. Matros köynəkli oğlan yenə getmədi. İndi Vasif mənimlə yanaşı oturmuşdu. Baxaq görək, təzə yerdə, təzə tilovla işi necə gedəcək? Yəqin fikirləşir ki, bu tilov qismətli tilovdur, zarafat deyil, nərə balığı düşüb. Maraqlıdır, görəsən belə əlamət də varmı?

Gərək fürsət tapıb Vasifdən soruşam. Əşi, daha bəsdi uydurmalar haqda fikirləşdim. Yaxşı ki, mən belə şeylərə inanmıram. Heç vaxt da inanmayacağam. Belə şey olar, səhərdən o qotur bayquş yadımdan çıxmır! Görəsən bundan da axmaq uydurma olar? Mövhumat boş şeydir: keçmişin qalığıdır. Tarix dərsindən keçmişik ki, qədimlərdə, sonra da orta əsrlərdə adamlar quyruqlu ulduzlardan qorxarmış, deyərlərmiş bu ulduz axdımı, deməli, kimsə bu dünyadan köçdü. Yaxşı ki, heç olmasa indi bu əlamətə inanmırlar. Keçən il göydə quyruqlu ulduz görünəndə mən heç kəsdən heç nə eşitmədim.

Heç nə də olmadı. Gör ha, heç yadıma düşmədi ki, bunu nənəmə danışam! Bunu desəydim, bu olardı əsl sübut, elmi fakt, bunun əvəzinə Kamil əminin bağını dedim!

Yadıma düşdü. Bu məsələdə heç bir pislik yoxdur. Lap yəqin bilirəm. Ancaq yenə də nə isə ürəyimi sıxan bir şey var, mənə elə gəlir ki, Kamil əmiyə qarşı çox ədalətsiz bir iş görmüşəm. Bilirəm, axmaq fikirlərdi, amma özümlə bacara bilmirəm, fikrimdən çıxmır, vəssalam. Bilmirəm başqaları necədi. Mən fikirləşməyi bacarmıram.

Hərdən istəyirəm yaxşı şeylər haqqında fikirləşim, di gəl ki, başıma axmaq fikirlər gəlir. Yəqin ki, Kamil əmi belə şey barədə fikirləşməz. O özünü məcbur eləyə bilir. Elə götürək onun işləməyini.

Mən hələ onun mühəndisliyini demirəm. Aydın məsələdi: boş yerə maaş vermirlər ki... Mən onun evdə makinada yazmasını demirəm. Axı o, adi makinaçı kimi işləmir. Makinaçıya nə var, nə deyirlər, onu da yazır, nə verirlər, üzünü köçürür. Amma o, hər şeyi yazmamışdan əvvəl fikirləşməlidir. Məsələn, mən onun yerinə olsaydım, özümü fikirləşməyə məcbur eləyə bilməzdim. Darıxardım.

Zənnimcə, bu, bir dərsdən dalbadal “iki” almaq kimi şeydir.

Necə uşaq olur-olsun, bu onu darıxdırar, bir də bu dərsi öyrənməz.

Deyəsən, Kamil əmi də belə bir vəziyyətə düşüb. Gecə-gündüz işləyir, makinada yazır, amma di gəl ki, yazdığını çap eləyən yoxdur.

Evində beş-altı qovluq əsər yığılıb. Amma o elə hey işləyir.

Hər axşam, cümə və şənbə günləri lap çox, demək olar ki, səhərəcən işləyir. Əvvəllər yazdıqlarını tez-tez Nailəyə oxuyardı, sonda daha gec-gec oxudu, axırda heç oxumadı.

Vaxtını dürüst deyə bilmərəm. Bu gün onların evinə yaxınlaşanda eşitdim ki, Kamil əmi yazdıqlarını oxuyur, özü də yaxşı oxuyur, onun oxumasından çox xoşum gəlirdi. Səsi də ürəyə yatır, lap açığını desəm, radio və televiziya diktorlarının çoxundan yaxşı oxuyur. Kamil əmi oxuyurdu: Nailə də onun dizləri üstündə oturub qulaq asırdı. Diktor istəyirəm ki, belə bir vəziyyətdə – dizləri üstündə Nailə kimi qəşəng, boylu-buxunlu bir qadın otursun, görüm o, ağıllı-başlı bir şey oxuya bilər? Xüsusilə bir diktordan lap zəhləm gedir. Səsini eşidəndə başım ağrıyır. Sifətinə baxan kimi deyirsən nə isə çox mühüm, təntənəli bir şey oxuyacaq. Amma mən görən kimi bilirəm ki, heç bir təntənə-zad yoxdu, ya hava haqqında məlumat verəcək, ya da hardasa boş iş yeri olacağı barədə reklam oxuyacaq, ya da ki, istirahət parkındakı gəzintidən danışacaq. Adamın gözünə baxmır, həmişə çalışır ki, nəzərini yayındırsın. Bir dəfə, vallah düz deyirəm, bir iş oldu, ona lap yazığım gəldi. Düzdür, bilmirəm mən fikirləşən kimidir, ya yox, bunu gərək özündən soruşasan. O, nə isə oxuyub qurtardı, dayanıb gözlədi, gözlədi ki, nə vaxt kino kadrları göstərəcəklər. Birdən nə olsa yaxşıdır, qarnı quruldamağa başladı. Yazıq stulun üstündə qurcalandı. Yan-yörəsinə göz gəzdirdi, amma əlindən nə gələrdi, kino kadrları başlanana qədər qurultusu eşidildi. Qəribə şeydir, belə çıxır ki, onun qarnının qurultusunu bütün şəhər camaatı eşitmişdi!

Amma Kamil əmi Nailəni dizləri üstündə oturdub bir əlilə də boynunu qucaqlayıb oxuyurdu: özü də rəvan, sakit... Söz yox, mən özümü görməməzliyə qoydum, Nailə məni görən kimi, ayağa qalxıb çay təklif elədi. İstəmədim. Kamil əmidən xahiş elədim ki, mənə fikir verməsin, oxusun. Elə mən də qulaq asmaq istəyirdim. O, başı ilə razılığını bildirib, stolun üstündəki kağızı götürdü və oxumağa başladı. Çox maraqlı idi. Özü də ən maraqlısı o idi ki, orada heç bir hadisə, macəra-filan yox idi, amma di gəl ki, maraqla qulaq asırdım.

Orda müharibə vaxtı adamın başına gələn əhvalat yadımdadır.

Mən qabaqlar bilməzdim, heç demə, müharibə illərində Bakıya Ukraynadan xeyli adam köçürüblərmiş. Orda döyüşün qızğın çağı imiş. Ukraynalıları evlərə paylayıblarmış. Bir ailəni də həmin adamın mənzilinə köçürüblər – adı, peşəsi yadımda deyil... Deməli, günlərin bir günündə həmin adam işdən evə qayıdır, görür ki, tində pivə satırlar. O vaxtlar Bakıda belə şey çox nadir hadisə imiş. İşdən yorğun qayıtmağına baxmayaraq növbəyə durur, özü də bərk acmış.

Növbə uzun olur, o, fürsət tapıb yaxındakı mağazaya qaçır, böyük bir şüşə alır, – “çetvernoy” deyirmişlər, üç litr yarım tuturmuş. İndi nədənsə elə şüşələr yoxdur. Evə gec gəlib çıxır. O gələndə hamı yatıbmış, bircə o ukraynalı oyaq imiş. Ukraynalı pivəni görəndə çox təəccüblənir. Deyir ki, iki ildir dilimə pivə dəymir. Onda ev sahibi pivəni ukraynalı ilə bölüşməyi qərara alır. Onlar şüşəni dibinəcən içirlər, yaman da keflənirlər. Üç litr yarım pivədən keflənirlər!

Gör necə zəif imişlər, pivə içməyi də yadırğayıblarmış! Onlar pivəni içəndə ukraynalı davadan qabaq öz ailəsi ilə keçirdiyi güzərandan, evlərindən, bağlarından, işindən söhbət eləyirmiş. Vaxt gec olsa da oturub söhbət eləyirlərmiş, danışırlarmış ki, müharibə çox qorxulu şeydir, nə qədər bədbəxtliklər gətirib, itkilər törədib! Hələ nə qədər dəhşətli şeylər olacaq! Söhbət eləyib qurtarandan sonra ukraynalı soruşur ki, pivə neçəyəydi? Götürüb içdiyi pivənin pulunu verir. Bunun üstündən xeyli keçəndən sonra, həm müharibə vaxtı, həm də müharibədən sonra həmin adamın başına çoxlu qəribə işlər gəlir. Bir dəfə lap az qala öləcəkmiş. Qərəz, başına çox bəlalar gəlir, hamısı yadımda qalmayıb. Axır ki, ukraynalılar evlərinə qayıdırlar, hamı yerbəyer olur, amma o sakitləşmir, fikirləşir ki, gör müharibə insanları nə günə salır? Hər dəfə ukraynalıdan pivə üçün pul aldığını yadına salır. Povestdə bu barədə bir söz deyilməsə də mənə elə gəldi ki, o adam tutduğu işdən peşmandır, xəcalət çəkir. Birdən Kamil əmi dayandı, daha doğrusu, Nailə onu saxladı. Ona nəsə bir sual verdi. Povestdə nəyisə başa düşməmişdi.

Görünür, Nailənin bu sualı Kamil əmiyə qəribə gəldi, hətta deyəsən ürəyindən olmadı. Rəngi qaçdı. Suala birdən-birə cavab vermədi.

Bir az duruxandan sonra dedi ki, bunlar boş şeydir. O, görünür, xudpəsənd adamdır. Onları boş-boş şeylərə qulaq asmağa məcbur eləyir. Onun bu cavabından Nailə özünü itirdi. Mən işi belə görəndə, tez ayağa qalxıb dedim, daha vaxtdı, getməliyəm. Halbuki məni nənəm çağırıb eləmirdi.

Pillələri enəndə Nailənin səsi gəldi:

– Axı sən məni ədəbiyyatı başa düşdüyüm üçün sevməmisən?

Kamil əminin cavabını eşitmədim.

Ertəsi gün danışdıq ki, üçlükdə dənizə gedib çimərik. Evdən təzəcə çıxmışdıq ki, Rəşid bizi səslədi. O da getmək istəyirdi. Eh, bu hardan çıxdı! Yaxşı ki, gözləməli olmadıq. Hamı hazır idi. Rəşidin əlində iri bir çanta vardı. Adilə sonbeşiyini qucağına almışdı.

O biri uşaqlar da cürbəcür bağlamalar aparırdı. Birinin əlində yekə bir günlük vardı, həmişə özüylə aparır, ailəsini onun altına yığırdı.

Qəşəng günlükdür. Çimərlikdə hamı ona baxır. Günlük belə qəşəng olmasaydı, onu heç aparmağa da dəyməzdi. Çünki çimərlikdə dörd böyük dəmir talvar – günlük var. Amma həmişə altı boş olur. Mənə nə var, qoy lap Qayalı camaatının hamısı köçüb çimərliyə gəlsin.

Gərək elə bizimlə gələlər? Rəşid heç kəsə aman vermirdi. Bir dəqiqə də olsun dil-boğaza qoymurdu. Mən də ona bir-iki dəfə cavab verdim, sonra çəkildim kənara. Nailə ilə, Kamil əmi də demək olar ki, ağızlarını açmırdılar. Adətən, çimərliyə gedəndə hər ikisi zarafat eləyərdilər. Kamil əmi nə isə gülməli bir şey danışırdı, amma bu gün ikisi də susurdu, elə bil ağızlarına su almışdılar.

Bu gün çimərlikdə hava çox yaxşı idi. Elə bil kimsə bilə-bilə göydən bir-iki bulud asmışdı. Günəşin işığı da elə bil buludlardan yox, tutqun şüşədən keçirdi, ilıqlığı adamın canına yayılırdı. Ləpədöyəndə ayağımla suyu yoxladım. Əla idi, ləzzət verirdi.

Gördüyüm yuxudakı kimi. Mən o yuxunu bir neçə dəfə görmüşəm.

Dənizin sahilində isti qum, dörd yan qayalıq, qayaların üstündə yaşıl-yaşıl ağaclar, kollar... Elə su da yaşıldı. Özü də isti, dumduru, baxırsan, dibi görünür. Suyun dibi elə ağdı ki, elə bil buzdu, şəkərdi, əriməkdədi. Bir dəfə atamla Daşkəsənə, dağ-filiz kombinatına gedəndə də belə bir mənzərə görmüşdüm. Bir yaşıl dərəylə bir çay axırdı. Çayın suyu göz yaşı kimi dumduru idi. Dibi də yuxuda gördüyüm suyun dibi kimi... Çay elə bil gen, ağ pillələrdən axırdı. Hər pillənin sahəsi Kamil əminin bağı boyda olardı. Su da yaman lal axırdı, bir dənə də olsun, qırışığı yox idi. Dumduru, büllur su...

Nədənsə mənə elə gəlirdi ki, bu su çox soyuq olmalıdır. Atam da bunu təsdiq elədi, dedi ki, dağ çaylarının suyu çox soyuq olur.

Çayın dibi də ağ mərmər yatağının üstündən axdığına görə ağdır.

Hər dəfə belə yuxudan oyananda adam hayıfsılanır. Neçə dəfə çalışmışdım ki, təzədən yatıb, yenə də həmin dalğaların qoynuna qayıdam, üstündə qəribə ağaclar bitən qayaları görəm, amma heç bir şey çıxmamışdı. Düzdür, yatmışdım, ancaq təzədən o yuxuları görə bilməmişdim. İndi hərdən o yuxuları yadıma salanda deyirəm ki, bəlkə doğrudan da belə bir sahil var. Əlbəttə, burda – Qayalıda yox, harada isə başqa yerdə. Deyirəm, nə olaydı, o yerləri gözümlə görəydim. Bilirəm, adam yuxuda gördüyünü həyatda görə bilməz.

Bilirəm ki, bu, quruca arzudu! Amma yenə də ümidimi kəsmirəm.

Bugünkü çimmək əhvalatından da bir şey çıxmayacağını bilirdim. Nailə sudan çıxıb sahilə qayıtdı. Kamil əmi də onun ardınca.

Nailə meduzalardan həm qorxur, həm də iyrənirdi. Onlar çox sürüşkən və yapışqanlıdır. Çox olanda adama elə gəlir ki, xaş bişirib suya töküblər. Nə mən, nə də Kamil əmi buna fikir vermirik, xoşumuza gəlməsə də çəkinmirik. Amma meduza görən kimi Nailənin əti ürpəşir. Kamil əmi onun ardınca çıxdı.

Bu il dənizdə meduzanın sayı-hesabı yoxdur. Heç əvvəllər buralarda meduza-zad olmazdı. Nəinki Qayalıda, elə bütün Xəzər dənizində bir dənə də olsun meduza yox idi. İki il olardı ki, əmələ gəlmişdi. Zənnimcə, buna sevinənlər də vardı. Yəni bizim dənizimiz də başqa okeanlar və dənizlər kimi, meduzalı olub. Nə deyirəm, həftədə bir-iki meduza görünsə, buna nə var ki! Amma ilbəil artır. O qədər artıb ki, az qala sahilə çıxsınlar. Ancaq bərk külək əsdimi, bir neçə gün görünmürlər.

Kamil əmidən soruşdum ki, bu meduzalar Xəzər dənizində hardan əmələ gəlib, onları birtəhər təmizləmək olar, ya yox? O da məni başa saldı, dedi, görünür, Qara dənizdən, ya da Aralıq dənizindən gələn bir gəminin altına yapışıb, Volqa-Don kanalıyla Xəzər dənizinə gəlib çıxıblar, burda da şəraitləri yaxşı olub, artıb törəyiblər, şəraitə uyğunlaşıblar. Görünür, əvvəlki yerlərdə meduzaları delfinlər, ya da başqa-başqa balıqlar yeyirmiş, burda isə onların düşməni tapılmayıb. Bircə fırtınadan qorxub dərinə çəkilirlər. Nə olsun, bir az keçir, təzədən qayıdırlar. Buna görə də belə artıb törəyiblər.

Hələ ki, alim-bioloqlar bir çarə tapa bilməyiblər. Sonra Kamil əmi dedi ki, buna oxşar şeylər adamların arasında da olur. Əvvəl elə bildim zarafat eləyir, sonra gördüm yox, ciddi danışır, deyir ki, adamların arasında da elələri var ki, başqalarına nisbətən mühitə daha tez uyğunlaşırlar, özlərinə uyğun mühit seçməyi daha yaxşı bacarırlar. Bax, heç uzağa getməyək. O, instituta girəndə kim desəydi ki, bəzi müəllimlər tələbələrdən rüşvət alır, heç inanmazdı.

Sonra məlum oldu ki, alan varmış. Əgər bu məsələ ilə ciddi mübarizəyə başlamasaydılar, kim bilir axırı hara gedib çıxacaqdı. Kamil əmi deyir ki, gendən baxanda bu rüşvətxorlar heç adi, normal adamlardan fərqlənmirlər. Hətta onlar iclaslarda, pedaqoji şuralarda çıxış eləyir, doğru-düzgünlük haqqında danışırlar. O saat televizorda göstərilən bir məhkəmə yadıma düşdü. Həmin məhkəmədə bir institut müəlliminin işinə baxırdılar. Kamil əmi də elə həmin institutda işləyir. Prokuror da, şahidlər də müəllimə hər şeyi sübut elədilər.

Amma onun heç eyninə deyildi. Axırda durub nə desə yaxşıdır?

Durub dedi ki təqsiri-filanı yoxdur, ömrü boyu gənc nəslin tərbiyəsi ilə məşğul olub. Kamil əmi məni başa saldı ki, belə adamlar hər yerdə var, təkcə institutlarda deyil, hər yerdə var. Amma özlərini təmizə çıxartmağın yollarını elə öyrəniblər ki, onları ifşa eləmək get-gedə çətinləşir. Baxanda deyirsən adamdır da, üst-başı, geyimikeçimi öz qaydasında, qalstuk taxıb, teatra gedir, hamı necə, o da elə, qəzet oxuyur...

Rəşid də bunun cavabında söhbətə qoşulub dedi: “Hamı bilir ki, mən necə ürəyinazik adamam, heç qarışqaya da qəsd eləmərəm.

Ancaq Kamil əminin dediyi o əclafları öz əlimlə güllələrdim. Bax, divara dayayıb, güllələrdim”. Kamil əmi də gülümsünüb dedi ki, güllələməklə iş düzələn deyil.

– Bəs nəynən düzəltmək olar? – deyə Rəşid soruşdu.

Özü də çox təəccüb eləyirdi ki, Kamil əmi belələrinin güllələnməyinə razı deyil.

Kamil əmi gülümsündü:

– Bunu bilsəydim, onda başqa işlə məşğul olardım... Bilmirəm.

Rəşid əlindəki çantanı açdı, məlum oldu ki, bu, əl soyuducusudur.

Onun içindən bir şüşə şərab, bir neçə banka da portağal şirəsi çıxartdı. Hamını çətirin altına salınmış xalının üstünə dəvət elədi.

Portağal şirəsiynən şərab çox ləzzətliydi. O, növbə ilə hamının sağlığına içdi, hamıya xoşbəxtlik arzuladı. Sonra da əlindəki badəni qaldırıb dedi, ən böyük arzusu odur ki, Nailənin atası buralara gəlsin, qızıyla, Kamil əmiylə bir stolun başında otursun. – Bircə bunu, – dedi, – görsəm, özümü dünyada ən xoşbəxt adam hesab elərəm.

Nailə ilə Kamil əmi bir-birinin üzünə baxdılar. Ancaq daha Rəşidə bir söz deyib eləmədilər.

Mən görürdüm ki, Nailəyə olan münasibət bir az yaxşılaşıb.

Qonşular onu yavaş-yavaş qonaq çağırırdılar. Hətta özləri də onlara qonaq gedirdilər. Ancaq insafnan demək lazımdı ki, hamıdan əvvəl Adilə ilə Rəşid dəyişmişdi. İndi Adilə onu “Nelinka”, ya da “əzizim” deyə çağırırdı. Hər dəfə görəndə ovqatı təlx olsa da, hökmən gülümsünürdü. Tez-tez söhbət eləyirdilər. Ancaq hər nədən danışırdılarsa danışsınlar, axırda Adilə söhbətini məsləhətlə qurtarırdı.

Hər dəfə Adilənin “sənin yerinə olsaydım” sözünü eşidəndə o saat bilirdim ki, indi məsləhətə başlayacaq. Elə Rəşidin özü də...

O, Kamil əmidən qırx dəqiqə tez gəlirdi. Kamil əmi şəhərdən gəlib çatanacan Rəşid bu qırx dəqiqəni də Nailənin xeyrinə sərf eləməyə çalışırdı. Nailəyə məsləhət görürdü ki, məzuniyyəti qurtarandan sonra işlədiyi memarlıq emalatxanasından çıxsın, deyirdi ki, orda heç bir perspektiv yoxdur, gedib layihə institutuna girsin, ordan irəliyə gedə bilər. O hətta Kamil əminin də qayğısına qalırdı. Elə hey Nailəyə təsəlli verirdi ki, narahat olmasın, ötəri həvəsdi onun məşğuliyyəti, tezliklə keçib gedər. Ağlını başına yığıb əməlli-başlı bir işlə məşğul olar, özü də çox böyük uğurlar qazanar. Deyirdi ki, onu başa düşürəm, elə hamı çalışır ki, məşhur yazıçı, ya da artist olsun.

Ancaq çox təəssüf ki, bu, çətin məsələdi, çünki bunun üçün istedad lazımdır. Bax, elə mənim özümü götürək. Mənim istedadım yoxdur.

Amma heç yenimə deyil, varsa, ailəmə də, uşaqlarıma da, elə özümə də bəsdi. Kamil əmi də, vaxt gələr, bunu başa düşər, onda hər şey su kimi asan olar. Şükür ki, başı üstündədir, əsas da budur.

Adamın da başı oldu, təhsili oldu, onda daha nigarançılığa dəyməz.

Xoşum gəldi Nailədən, qayıdıb Rəşidə nə desə yaxşıdır, dedi ki, Kamil nə istəyir onu da eləsin. Bunun mənim üçün heç bir fərqi yoxdur.

Axır vaxtlar Nailə onlara çox tez-tez gəlirdi. Əvvəllər Kamil əmi işdə olanda bir də baxırdın durub getdi Rəşidgilə. Axşamlar da, Kamil əmi ki, makinada yazmağa başlayırdı, durub onlara gedərdi.

Görünür, saatlarla makinada yazan adama baxmaq o qədər də ürəkaçan şey deyil.

Nənəm bu söhbətlərdə demək olar ki, iştirak eləmirdi. Bu çox qəribə idi, çünki nənəm söhbətcil adamdı. Onlar bizə gələndə nənəm hərdənbir söhbətə qarışıb bir-iki söz deyərdi, özü də ona müraciət eləyəndə. Amma çox vaxt qarışmazdı, qulaq asardı, əli də işdə olardı. Ya görürdük əncir soyur, ya da ki, xörək bişirir... Amma əksinə, Nailə tək gələndə nənəm onu gülər üzlə qarşılayır, özü də həvəslə söhbət eləyirdi. Qəribə burası idi ki, nənəmin münasibətinə bir irad tutmaq olmurdu. Amma mən hiss eləyirdim ki, o, Nailəynən başqa cür danışır. Nailə iki-üç dəfə ondan xahiş elədi ki, fisincan bişirsin, nənəm o saat razı oldu, bişirdi. Axşamdan qoz hazırladı, özü də ət maşınından keçirtmədi, həvəngdəstəyə salıb döydü. Məni də göndərdi kəndə ki, gedib narşərab tapım, evimizdə sirkə ola-ola... O ki qaldı fisincanın rənginə, bunun üçün arvad çox çalışdı. Əvvəlcə çuqun qab götürüb içinə narşərab tökdü, sonra iki dənə girdə dəmir qoydu ki, fisincanın rəngi qaralsın. Əsl fisincan kimi. Ancaq bundan sonra həvəngdəstədə döydüyü qozu, xırda-xırda doğradığı soğanı və ördəyi qaba qoydu, üstündən də cürbəcür ədvəcat səpdi. Nailə fisincandan çox razı qaldı. Nənəmə təşəkkür eləyəndə nənəm də razılıqla dedi ki, nuş olsun!

Gördüyünüz kimi, hər şey öz qaydasında idi. Ancaq mən qəti surətdə bilirdim ki, Nailə onun döşünə yatmır, arvadın da belə xoş rəftarı ancaq nəzakət xatirinədir. Bəlkə də mənim xatirimə: nənəm bizim dost olduğumuzu bilirdi. Buna görə də ona yaxşılıq eləmək istəyirdi. Amma heç başa düşə bilmirdim ki, nə üçün Nailə kimi mülayim və yaxşı bir adam nənəmin xoşuna gəlmir? Nailənin özü onun xətrini çox istəyirdi. Ayağını qapıdan içəri qoyan kimi, hər şeydən əvvəl nənəmin kefini xəbər alırdı. Hətta Adilə də daha onu bəyənirdi. Di gəl ki, nənəmin münasibəti dəyişmirdi. Sual olur, nə üçün? Görəsən elə bircə geydiyi paltar üçün?

Nənəm eyvanda oturub bərk fikrə getmişdi. O, beləcə oturub dincini alır. Elə bil arvad birdən-birə taqətdən düşür, özü də çox oturmur. Bax elə indi də oturub gözlərini uzaqlara zilləyib, elə bil kiminsə yolunu gözləyir, ya da dənizə tamaşa eləyir. Amma əslində belə vaxtlarda nənəm heç nə görmür, çünki nə isə fikri özündə olmur. Gəlib bir şey soruşanda, əvvəlcə diksinir, elə bil yuxudan oyanır, özü də soruşulduğunu birdən-birə başa düşmür, ikinci dəfə soruşmaq lazım gəlir:

– Deyirəm ki, elə bircə paltarına görə?

– Onun paltarıyla nə işim var? – Nənəm etiraz eləyir. – Necə istəyir, elə də geyinsin. Ərinin ürəyindəndirsə, mənə nə...

– Bəs onda niyə ondan xoşun gəlmir?

– Gəlir, ya gəlmir... Axı onun nəyindən xoşum gəlsin? Kişiyə də belə arvadlıq eləyərlər? Bura gələndən görməmişəm ki, kişi qızı bir yerə mıx vursun, bir şeyi burdan götürüb ora qoysun, evi necə vardı elə də durur, heç olmasa bircə dəfə Kamilə xörək bişirsin.

Bişirdiyi nədir, qızardılmış kolbasa, pomidor çığırtması...

– Hələ xörək bişirə bilmir, öyrənər.

– Gözlə, öyrəndi ha! Heç olmasa kişi qızı bir gözünün ucu ilə baxaydı, görəydi mən xörəyi necə bişirirəm!.. Elə hey çal-oynadadır, belə şeylər də kişiləri çox tez yorur. Mən razılaşmadım:

– Ay nənə, bir özün fikirləş, gör bircə fisincan bişirmək üçün sənin nə qədər vaxtın gedir. Azı beş saat. Düzdür? Bəlkə başqalarının bu qədər vaxtı yoxdur...

Nənəm incidi:

– Bəs necə, elə avara bircə mənəm, heç bilmirəm vaxtımı hara sərf eləyim.

Yaman incidi. Artıq başa düşürdüm ki, yaşa dolduqca adamlarla əməlli danışa bilmirəm. Əvvəllər məndən inciməyi heç kəs ağlına da gətirmirdi. Nə deyirdimsə, deyirdilər ki, uşaqdır, başa düşmür.

Mənə elə gəlir ki, böyüklər bir-biri ilə danışanda sözü deməmişdən əvvəl xeyli fikirləşirlər. Ehtiyat eləyirlər ki, birdən bir-birinin könlünə toxunarlar.

– Yox, – dedim, – mən demirəm ki, sən vaxtını hədər keçirdirsən, demək istəyirəm ki, siz başqa-başqa adamlarsız, ona görə vaxtınızı da başqa cür keçirdirsiniz. Axı insafla desək, o bura dincəlməyə gəlib, sentyabrdan işə gedəcək. Onun fisincan, düşbərə bişirmək üçün vaxtı hanı? İndi öyrənsə də payızda yaddan çıxardacaq. Amma sən onu özünlə bir ölçürsən. Zənnimcə, məsələ bundadır.

– Adilə də işləyir!

– Sən də ona tay tapdın!

– Tay eləmirəm. Qoyunu qoyun ayağından, keçini keçi. Deyirəm ki, Adilə gözünün qabağındadır. Səhərdən-axşamacan əli dinclik bilmir – bir yandan uşaqlar, bir yandan da ev-eşik.

– Hələ bir gedib iynə də vurur.

– Pis eləyir?

– Qeybətçidir!

– Bu, qadası, onun öz işidir. Qeybətə qulaq asan olmasa, qeybət də olmaz.

– Bəs niyə bu sözləri Nailəyə demirsən?

– Quyuya su tökməklə quyu sulu olmaz. Gərək adamın özündə fərasət olsun.

Bazar günü səhər elə evimizdən çıxıb Kamil əmigilə gedirdim ki, gördüm Rəşid də ora gedir. Əvvəl bir istədim qayıdım, sonra özözümə fikirləşdim ki, çox ləngiməz, çıxıb gedər, özümüz qalarıq.

Gəlib oturduq Kamil əminin eyvanında, Rəşid söhbət eləyir, mən qulaq asıram. Axır ki, dözməyib soruşdu:

– Bəs xanım hardadı?

– Yoxdu.

Rəşid görəndə ki, Kamil əmi bir siqaretin oduna o birini yandırdı, dayana bilmədi, məsləhətə başladı, dedi papirosu atsın. Söz yox, birdən-birə olmaz, amma yavaş-yavaş mümkündür – ilk vaxtlarda yarım qutu, sonra onun dörddə biri, bir az keçəndən sonra da gündə bir siqaret. Bir də görəcəksən ki, tərgitmisən. Asan şeydir! Elə onun özü də bir vaxt çəkirmiş. Papirosu atanda birinci günlər çox çətin keçib, elə hey gözü siqaret axtarırmış, ancaq iradəsini toplayıb dözüb, iki ildir ki, çəkmir. Özünü də çox yaxşı hiss eləyir. Uşaqlara da xeyri var. Daha otağı tüstü ilə doldurmur. Ancaq bir şey pisdir ki, papirosu atandan sonra ayaqları bərk tərləməyə başlayıb, əvvəllər belə şey olmazmış.

Kamil əmi bunu eşidəndə gülməyə başladı. Mən də ona baxıb güldüm.

– Bağışlayın, – deyə Kamil əmi üzr istədi. Səsi o saat ciddiləşdi.

Elə bil bayaq gülən o deyildi. – Heç özüm də bilmədim niyə məni gülmək tutdu. Onda bəlkə təzədən çəkəsiniz... Bəlkə çəksəz ayaqlarınız daha tərləməz?..

– Yox, yox – Rəşid etiraz elədi. – Ürəyim xarab olmaqdansa, qoy elə ayaqlarım tərləsin.

– O da doğrudur, – Kamil əmi otağa girib makinasını gətirdi.

– Siz oturun, mən də bir az işləyim.

– İşləyin, işləyin, – Rəşid ayağa qalxdı. – Elə mən bir dəqiqəliyə gəlmişdim, gedim.

Mən də dedim ki, gedirəm. Kamil əmi başı ilə razılıq verdi:

– Axşam tez gəl, televizora baxarıq.

Adilə bizdə idi, öz rəfiqəsi ilə. Mən içəri girəndə səslərini kəsdilər. Sonra Adilə məndən soruşdu:

– Sən bilirdin ki, Nailə Kamildən ayrılıb?

– Necə ayrılıb?

– Ayrılıb da! Atıb, çıxıb gedib. Bəs sən bilmirdin?

Mən dinməz-söyləməz dönüb otaqdan çıxdım.

– Hara? – deyə nənəm dalımca səslədi.

– İşim var, – dedim. – Heç bilmirdim ki, hara gedirəm? Lap özümü itirmişdim. Hara gəldi gedirdim. Bir də gördüm ki, stansiyadayam.

Heç bura gəlmək fikrində deyildim. Nailənin getdiyini eşidəndə lap kefim pozuldu.

Qəribə də bu idi ki, Nailənin getməyində hamı Kamil əmini təqsirləndirirdi. Adilə elə belə dedi:

– Onun yerinə mən olsaydım, çoxdan baş götürüb qaçmışdım.

Misal üçün, mən ziyalı adamam, həkiməm, əsəbim də yaxşıdır.

Ancaq di gəl ki, öz evimdə onun makinasının səsini eşidəndə bədənimi əsməcə tutur. Gör indi o yazıq nə çəkirmiş! Elə onu görən kimi dedim, yadındadır, Rəşid, dedim ki, bu qız onun tayı deyil, bu qız onun üçün yaranmayıb.

– Elə demə, Adilə, elə demə. – Rəşid onu məzəmmət elədi.

– Olan olub, keçən keçib. İndi məni Kamilin dərdi götürüb. Deyirəm, bu bədbəxtin işi necə olacaq. Nə işi var, nə peşəsi. İşləmək də istəmir, tənbəlin biridir. Bəla da burdan başlayır. Bir adam gərək onu başa salsın ki, səhərdən axşamacan makina taqqıldatmaq kişiyə yaraşan iş deyil, əməlli-başlı bir işdən yapışmaq lazımdır.

Hamısı yer-yerdən üstümə tökülüb soruşurdular ki, Nailə niyə çıxıb gedib? İkisi də səs-səsə verib məni dilə tuturdu: sən Allah, danış görək niyə gedib? Axı hər axşam onlarda olurdun.

Özləri soruşur, guya can yandırırdılar, amma hiss eləyirdim ki, Nailənin getməyi ikisinin də ürəyindəndir. Özü də hiss olunurdu ki, onlar bunun intizarında imişlər, gözləyirmişlər ki, Nailə Kamil əmidən nə vaxt ayrılacaq. Elə bil əhd eləyiblərmiş ki, Nailə çıxıb getsin, bunlar da dinclik tapsınlar. Bəlkə Nailə ilə Kamil əmi eləbelə küsüblər? Bir neçə günlük... O gedəndən sonra üç-dörd gün belə fikirləşdim...

Ay sizə danışdım ha! Gözləyin! Ay danışdım ha!

Axı əslində mən bir şey bilmirəm. O niyə çıxıb gedib? Bilmirəm.

Mənim yanımda bir dəfə də olsun dalaşmayıblar. Elə mənsiz də.

Zənnimcə, belə şey olsaydı bizim evdə eşidilərdi. Odur ey, Seymur arvadı ilə dalaşanda xəzri əsməsə səsləri dənizin qırağında da eşidilir.

Düzünə qalsa, axırıncı günlər onlar nə isə çox qəmgin gəzirdilər.

Amma daha bir şeydən ötrü əri atıb getmək olmaz ki! Vasifin fikrincə, Nailə başqa kişinin yanına gedib. Mən deyirdim belə şey olmaz! Nailə Kamil əmini sevir, o, belə şey eləməz!

– Sənə deyirəm ki, eləyər. Mən birini çimərlikdə öz gözlərimlə görmüşəm. İyul ayını başdan-başa qırmızı “Moskviç”li bir oğlanla gəlirdi. Avqustda görürəm ki, boz “Jiquli”də gəlib. Elə ki, hava qaraldı, maşını çəkdilər qayaların dalına. Üsulluca yaxınlaşıb baxdım, gördüm ki, elə həmin məsələdir! Onlara etibar eləmək olar?

Hər nə isə, razılaşmırdım, deyirdim, Nailə başqaları ilə çimərliyə gedən qızlardan deyil. Amma ürəyimdə yaman qorxuya düşdüm, deyirdim bəlkə Vasif haqlıdır? Ürəyim elə sıxıldı ki, daha heç deyiləsi deyil.

Ola bilməz! Ola bilməz ki, bu məsələ belə qurtarsın. Onlar birbirini sevirdilər. Bunu ki mən lap yəqin bilirəm. Belə də şey olar?

Əgər adamlar bir-birini sevirlərsə, onlar da belə asanlıqla ayrılırlarsa, deməli, onda mənim məhəbbət haqqında oxuduqlarımın hamısı yalanmış. Belə çıxır ki, onda heç sevməyə də dəyməz. Adamlar məhəbbətin ucbatından ölümə gedirlər... Kamil əmi ilə Nailə isə bir-birini sevirdilər. O vaxtacan mənə elə gəlirdi ki, hər şeyi başa düşürəm. Amma indi anlamıram ki, niyə belə oldu. Vasif mənə dedi:

sir-sifətin niyə belə dəyişdi? Dedim, yadıma düşdü ki, evə qayıtmalıyam – getdim. Ancaq evə getmədim. Elə ağlıma hara gəldi, ora getdim. Dedim, bir az gəzim ki, fikrim dağılsın. Ancaq çox gəzmədim. Nənəm evdə tək idi. Onunla da söhbət eləmək lazımdı, darıxır, axı!..

Geri qayıdanda, yel dəyirmanının yanında dayandım. Bir az dayanıb tamaşa eləyəndən sonra yenə yola düzəldim, dəyirmanda nə var axı, pərlərini fırladıb quyudan su çəkir...

O qədər köhnəlib ki, cır-cır cırıldayır. Vaxtı çatıb, gərək dəyişdirib elektrik nasosu qoysunlar. Çoxu belə eləyib. Keçən il buna tamaşa eləmək heç ağlıma gəlməzdi. Axı burda tamaşa eləməli nə var ki! Belə yel dəyirmanlarından hələ on-on beş dənəsi qalıb.

Bir gün Nailə ilə axşamüstü kənddən qayıdırdıq. Nailə bu dəyirmanı görən kimi yerindəcə donub qaldı. Nə qəşəngdi, dedi. Gəl, içəri girək. Girdik, içərisində elə bir şey yox idi, cırıldamasın!

Dəyirman yır-yır yırğalanırdı. Deyirdin ki, indi yıxılar, bu saat yıxılar. İçəri girən kimi bir neçə yarasa yerlərindən qopub vurnuxmağa başladı. Nailə bunları da görəndə çox sevindi. Hətta nə qəşəngdir, dedi. Ona dedim ki, axı, deyirlər bunlar adamın saçına yapışır, özü də elə bərk yapışır ki, daha qopartmaq olmur, saçı kəsmək lazım gəlir. Bu, hamıya məlumdur. Mənə nə var, mənim saçım qısadır, amma onunku sıx və uzundur. Yarasaya da elə belə şey lazımdır. Birtəhər dilə tutub dəyirmandan çıxartdım. Amma nə olsun, hər dəfə yolu düşəndə Nailə bu dəyirmanın qabağında dayanıb tamaşa eləyirdi. Heç bilmirəm nə görmüşdü?! Nailənin saçlarından çox gözəl ətir qoxusu gəlirdi. Bu ətir hər dəfə burnuma dəyəndə nədənsə ürəyim sıxılırdı. Hətta bir az da qəmgin olurdum.

Nənəm Kamil əmiylə mülayim dolanmağa başlamışdı. Bu, mənim ürəyimdən idi. Özü mənə bir söz demirdi, amma hiss edirdim ki, Kamil əmiyə ürəyi yanır.

– Yeri, – deyə o, deyinə-deyinə məni yola salırdı, – yeri get, dostunu çağır, niyə tək-tənha oturub orda?

– Mənə qulaq asmaz. – Özüm qəsdən belə deyirdim. Belə deyəndən sonra arvadın səsi dəyişirdi.

– Get mənim adımdan çağır, deynən ki, nənəm səni şama çağırır.

O, tərbiyəli adamdır, boyun qaçırmaz, bilər ki, xatirimə dəyər.

Nənəm onu dəfələrlə çağırdı, amma Kamil əmi bizə ikicə kərə gəldi.

Kamil əmi yeyirdi, nənəm də ona baxıb xəlvətcə köksünü ötürürdü. O gedəndən sonra mənə dedi:

– Şər deməsən, xeyir gəlməz. Bəlkə də elə-belə lazımmış. Bir az xiffət eləyib sakit olar. O qız bunun tayı deyil. Belə xasiyyətli adam üçün başqa arvad lazımdı – əlli-ayaqlı, təmkinli.

– Adilə kimi?

– Adilə pisdi?

– Nə deyirəm? Bilirəm ki, ondan xoşun gəlir.

– Adilə... Heç bilirsən Zərifə kimə ərə gedib?

– Mən hardan bilim?

– Səhər əri ilə gəlmişdi. Gördüm ki, əvvəlcə Rəşidgilə girdilər, dedim Allahın işinə bax, gör necə tez yaddan çıxardıb. Sonra öyrəndim ki, əri Rəşidin uzaq qohumudur. Elə Rəşidgilin kəndindəndi.

Bakıya bu yaxınlarda köçüb. İndi Zərifəgildə olur. Axı Şahlarbəydən çox böyük mənzil qalıb. Zərifə söyündüyündən daha yerəgöyə sığmır. Bircə dərdi odur ki, uşağı olsun. Çox arıqlayıb.

– Bəs onlar bir-birini necə tapıblar?

– Allah bilir. – Nənəm çiyinlərini çəkdi, – soruşmadım. Görünür, bir Allah bəndəsi tanış eləyib. Kim bilir, bəlkə də Adilənin, ya Rəşidin işidi. Daha küçədə tapışmayıblar ki... – İlahi, – deyə nənəm birdən-birə nəyi isə xatırlayıbmış kimi köksünü ötürdü, – bircə sənin toyunu görsəydim, heç dərdim olmazdı. Yox, o vaxtacan ömür aman verməz. Bir görəydim ki, sən kimi alacaqsan?

Nənəm bu sözü deyəndən sonra elə özüm də fikrə getdim. Dedim, görəsən, mən kimi alacağam? Düzünü desəm, çox arvaddan xoşum gəlir. Bəlkə də həddindən artıq. Kinoda, teatrda gördüyüm arvadların hamısından xoşum gəlirdi. Xüsusilə aktrisalardan... Ancaq bu köhnə məsələdir. İndi evlənmək barədə fikirləşən kimi Nailə gəlib durdu gözümün qabağında. İstədim ki, mənim arvadım da Nailə kimi olsun. Onun kimi boylu-buxunlu, gözəl, o da Nailə kimi yaxşı rəqs eləməyi bacarsın. Onun saçlarından da o ətir qoxusu gəlsin. Bu barədə nə qədər çox fikirləşirdimsə, bir o qədər inanırdım ki, böyüyəndə Kamil əmiyə oxşayacağam. Bilmirəm, bu necə ola bilərdi.

Soruşmağa da bir adam yoxdu. Yəqin Kamil əmidən də soruşmaq olmaz. Axır günlər hər axşam gəzməyə çıxsaq da, ondan belə şeylər soruşa bilmirəm.

Özümüz üçün gəzirik, cürbəcür söhbətlər eləyirik, ya da ki, heç danışmırıq – elə bunun özü də mənə xoşdur. Bir gün mənə dedi ki, Rəşid ona bağı satmağı təklif eləyir. Yaman dilxor oldum. Dedim elə bircə bu çatmırdı, bircə o qalmışdı ki, Kamil əmi də çıxıb getsin.

– Heç bilirsən, nə qədər pul təklif elədi? – Kamil əmi gülümsünərək sözünə davam etdi. – Başını sındırma, onsuz da tapa bilməyəcəksən.

Pulun qədərini deyəndə, təəccübümdən az qaldım yıxılam.

– Bu qədər pulu hardan alır?

– Görünür, səksən-doxsan ildir ki, yığır. – Kamil əmi gülümsündü:

– Axı o, heç pul xərcləmir. Xərci bircə ailəsinə, maşınına, bağına çıxır. Maaşının qalan hissəsini aybaay yığır. Deməli, kişi yığıb da! Bilirsən maaşı da nə qədərdir? Yüz altmış manat... Belə fürsəti əldən vermək olmazdı. Amma rədd elədim. Deyirəm, bir az da bərkə çəksəydim qiyməti qaldırardı. Sən necə bilirsən?

– Məgər bir adam iki bağ saxlaya bilər?

– Bacaran adam saxlayar. Mənə dedi ki, ikinci bağı bacısının adına saldıracaq. Əzizim, sən heç narahat olma: nigaran-zad qalma, onlar qanunları hüquqşünaslardan da yaxşı bilirlər. Düzünü desəm, ürəyimdə Rəşidə çox sağ ol, deyirəm, axı, mən Bakıdan çıxıb getmək istəyirdim. Lap yerli-dibli. Belə bir fikrim var idi. Elə gedəcəkdim də! Rəşid olmasaydı da gedəcəkdim! Mənə əl tutmaq üçün bağı satmağı təklif elədi.

Birdən ürəyimdən keçdi ki, nəinki mənim bağımı, hətta bağların hamısını parça-parça alacaq... Fikrimi ona bildirdim.

Qətiyyən incimədi. Dedi ki, əsəbiləşmə, xahiş edirəm heç hirslənmə. Bağ nədi, zad nədi. Adamın canı sağ olsun. Başa düşdün? Polad kimi adamdı, bizim tayımız deyil!

O, son zamanlar az-az xiffət eləyirdi.

Nailə gedəndən sonra Kamil əmi yaman dəyişmişdi. Qaşqabaqlı, qaradinməz olmuşdu, yaman da arıqlamışdı. Elə əvvəllər də işləməkdən rahatlıq bilmirdi, indi heç makinadan ayrılmırdı. Şəhərdən gələn kimi, görürdün onca dəqiqədən sonra makinanı taqqıldadır.

Yanına da gələndə başınıca tərpədib deyirdi: “Salam, otur, bu saat qurtarıram” – qurtarmaq nədi, elə hey işləyirdi. Kamil əmi makinada yazanda nə isə pıçıldayırdı, nə qədər qulaq asırdımsa heç nə eşitmirdim. Bircə onu görürdüm ki, dodaqları tərpənir. Görünür, özü deyir, özü də yazır. Üzü rəngdən-rəngə düşür. Gah qayğıkeş, gah hiyləgər olur.

Bir dəfə hətta gözlənilmədən qəhqəhə çəkib güldü. Kənardan baxan olsaydı deyərdi ki, kişinin başına hava gəlir. Amma indi gülmürdü. Qaşlarını düyünləyib yazırdı. Həyatımda rast gəldiyim qadınların hamısından çox Nailəni xoşlayırdım. Ancaq Kamil əmiyə baxanda hiss eləyirdim ki, Nailəyə olan münasibətim yavaşyavaş dəyişir, pisləşir. Məgər o, Kamil əminin necə dərd çəkdiyini, əzab çəkdiyini başa düşmür?!

– Kamil əmi, bəlkə onun dalınca gedəsiniz?

Bunu deyəndə mənə elə gəldi ki, o da bu barədə fikirləşirmiş.

Çünki bir saniyədə, ləngimədən cavab verdi:

– Mən niyə onun dalınca gedim? Məgər təqsirim-zadım var?!

Heç yana getməyəcəyəm! – Özü də bu sözləri çox acıqla dedi. Mənə də təəccüblə baxdı. Görünür, belə şeyi məndən gözləmirdi. Yenə də işinə davam elədi.

Oturub televizora baxırdım. Bir də gördüm ki, makinanın səsi kəsildi. Otağa sakitlik çökdü. Ona tərəf döndüm. Kamil əmi dedi:

– Xahiş eləyirəm, bir də mənim yanımda onun adını çəkməyəsən, yaxşı?

269 * * * ...Birdən suda nə isə çırpındı. Ləpə şappıltı ilə qayanın üstünə sıçradı.

Birini də çıxartdı ki?! Ay balam, bu nədi? Əvvəlkindən də böyükdü?

Bu dəfə Vasif heç yerindən də tərpənmədi. Oğlanın çıxartdığı ikinci nərəyə mat-mat baxırdı. Ayağa qalxıb ona kömək elədim.

Balığı birtəhər vedrəyə yerləşdirdik. İndi vedrədən iki quyruq görünürdü. Özü də “görünür” demək az idi. Quyruqlar elə yellənirdi ki, deyirdin vedrə indi qanad açıb uçacaq. Üstündən basıb güclə saxlayırdıq, yoxsa nərələr çırpınıb vedrədən çıxardı. Sonra bu matros paltarı geymiş balıqçı yenə də məndən xahiş elədi ki, (doğrudan da “xahiş eləyirəm” dedi) balıqları beləcə saxlayım. Özü də vedrəni kətanla örtdü, üstündən də daş qoydu. Ancaq bundan sonra nərələr sakitləşdilər. Vasifin səsi çıxmırdı. Düzünü desəm, elə mən də danışmırdım, yəqin özümü itirmişdim. Mənim yerimdə kim olsaydı, özünü itirərdi. Yarım saatın içində tilovla iki nərə balığı tutmaq olar? Bunu Qayalıda kimə desən gülər. Qarmağı atdım.

Dedim bəlkə mənim də bəxtim gətirdi, balacası da olsa, bir nərə balığı mənim də qarmağıma düşdü. Oldu, oldu də! Oğlan yenə mənə tərəf döndü: “İcazə olar, soxulcan götürüm?” Vasifin soxulcan bankası ona daha yaxın idi. Amma ordan götürmürdü, məndən istəyirdi. Görəsən o da uydurmalara inanır? Yaxınlaşıb soxulcan götürdü. Əvvəlcə “sağ ol” dedi, sonra da qarmağa keçirib üstünə tüpürdü. Bəlkə bunun tüpürcəyində elə sirr var ki, dadı nərələrin xoşuna gəlir?

Vasifə dedim:

– Hə, indi bizim növbəmizdi, birinci sən başla. Mənim sözlərimə heç əhəmiyyət vermədi. Tilovu kənara qoyub o oğlana yaxınlaşdı.

Dedi:

– Dur ayağa görüm! – Oğlan əvvəlcə Vasifə, sonra da mənə baxdı. Öz-özümə deyirdim, axı bu Vasif nə istəyir ondan?

– Niyə durum?

– Dur deyirəm.

– O, Vasifin səsindən başa düşdü ki, mübahisə yeri deyil. Tilovu yerə qoyub qalxdı.

– Hə, durdum.

– Bilirsən nə var, tilovunu da yığışdır, daha balıq tutma, hələlik bir qıraqda otur, sonra baxarıq. Başa düşdün?

– Boş oturmaq istəmirəm. Balıq tutmaq istəyirəm.

– Kişisən tut! Tut də!

– Bura bax, – o mızıldandı. – Axı bu, düzgün iş deyil. Başa düşürəm nə istəyirsən. Mən iki nərə tutmuşam. Mane olma, qoy birini də tutum. Hərəyə biri düşər. Düz demirəm?

Nədənsə əməlli-başlı inandım ki, o, üçüncünü də tutacaq.

Dönüb mənə sarı baxdı. Yəni düz deyirəm, ya yox? Əlbəttə, düz deyirsən. Daha buna şəkk-şübhə ola bilməz ki!

– Eşitmirsən, – Vasif qışqırdı və o da mənə baxdı, – Görmürsən ki, qayaların dibindən nərə sürüsü keçir? Bu tip olmasaydı, özümüz tutardıq! Başa düşmürəm bizi dolayıb, yoxsa özünü? – Birdən dəli kimi qışqırdı: – Çəkil deyirəm!

– Çəkilib-eləməyəcəyəm! Tutacağam!

Tutaşdılar. Əvvəlcə Vasif onun üstünə cumdu. Dedim, Vasif indi onu əzişdirəcək. Amma tərsinə oldu. Sən demə, bu oğlan vuruşmağı da yaxşı bacarırmış. Lap qayanın qaşında vuruşurdular. Dedim, bu saat ayaqları sürüşüb dənizə yıxılacaqlar. Burdan lap bilə-bilə tullansan, yenə qorxuludur, o ki qalmışdı gözlənilmədən yıxılasan.

Özü də başı üstə! Qalxıb onlara sarı yüyürdüm. Özünü itirdi, qorxduğunu gözlərindən oxudum. Yəqin elə fikirləşirdi ki, birləşib onu döyəcəyik. Daban alıb qaçdı. Özü də yaman qaçırdı. Yetişib Vasifi yaxaladım. Oğlanın dalınca qaçmağa qoymadım.

– Neynirsən? Dəli olmusan? Nə istəyirsən ondan? Nə günahı var onun – Deməyinə deyirdim, ancaq hiss eləyirdim ki, bu sözlərin mənası yoxdur. Vasif lap özündən çıxmışdı.

– Əclafın biridi. Bizim nərələri tutdu. Nə qədər zəhmət çəkmişik.

Amma bu hazırına gəlib çıxdı.

Bir andaca Vasifdən zəhləm getdi.

– Mənim dalımca gəlmə, gedib onu çağıracağam. Bir də onunla işin olmasın, səndən çox xahiş eləyirəm!

Qayaların arasıyla yüyürüb açıqlığa çıxdım. Amma onu görmədim.

Dumandan heç nə seçilmirdi. Elə bil adam süd qabındaydı.

Görəsən hansı tərəfə qaçdı? Bəlkə mən ayrı tərəfə qaçıram? Yüyürə- yüyürə qışqırırdım: “Oğlan, ay oğlan!” Adını da bilmirdim. O qədər yüyürdüm, o qədər qışqırdım ki, boğazım qurudu! Cürbəcür adla çağırdım – “oğlan” da deyirdim”, “matros” da deyirdim, amma hay verən olmadı. Qayıdanbaş ayağım sürüşdü, dizimi də yaraladım.

Ağrıdan az qala ulayacaqdım. Özümü birtəhər sahilə çatdırdım. Elə yorulmuşdum ki, böyrüm sancırdı. Gördüm Vasif vedrələrin yanında dayanıb, kətanı açıb nərələrə tamaşa eləyir.

– Tapa bilmədim, – deyə hayıfsılandım. – Heç yaxşı iş tutmadın.

– Əşi, qoy cəhənnəm olsun, gör nəyin fikrini eləyir. Nərələr ki, bizə qaldı!

Bunu eşidəndə vedrəyə elə bir təpik vurdum ki, nərələr qarışıq dənizə yumalandı. Heç özüm də bilmədim niyə elədim. Vasif vedrənin dalınca baxıb, birdən üstümə cumdu... Bu da bizim balıq tutmağımız. Vasifin burnu partladı, mənim də dodağım qanadı, köynəyim də göbəyiməcən cırıldı. Hələ üstəlik dizim də göynəyirdi.

Əl-üzümüzü yuyub şeylərimizi yığmağa başladıq.

Vasif yerdəki iki balaca balığı götürdü. – Biri külmə idi, biri də xul balığı. O, nərələrə tamaşa eləyəndə bu balıqları götürüb yerə qoymuşdu. Vasif onları sapa keçirtdi, köksünü ötürüb dedi:

– Sən saydığını say, gör fələk nə sayır...

Hirsim soyumuşdu. Bu sözlərindən sonra Vasifə lap yazığım gəldi. Demək olar ki, qapıyacan danışmadıq.

– Onların hərəsinə on beş manat verdilər, ən azı... – deyə Vasif dilləndi. – Elə bu gün qayığı ala bilərdik.

– Gələn il alarıq. – Mən qapıdan içəri girdim. – Alarıq, nigaran qalma, hələlik...

Adilə bizdə idi. Nənəmlə oturub yarpaq dolması bükürdü. Məni görən kimi ikisi də sevindi. Əlimə bir qab verib düyü dalınca göndərdilər.

Tapşırdılar Rəşidə deyim ki, xörəyi bizdə yeyəcək, gecikməsin.

Onların eyvanına qalxdım. Gördüm Rəşid dostu ilə oturub söhbət eləyir. Nə üçün gəldiyimi biləndə dedi, – get mətbəxdə düyünü özün axtar, gör şkafdadır? – özü də söhbətinə davam elədi. Söhbət də, deyəsən çox şirindi. Dostlarından birini yağlı bir yerə qoymuşdular.

Belə ləyaqətli adamın bu cür yaxşı yerə qoyulması ürəklərindən idi. Üzlərindən, gözlərindən də görünürdü. Hər ikisinin kefi kök, damağı çağ idi! Çoxdan fikir vermişdim: Rəşidlə dostları demək olar ki, həmişə eyni şeydən danışırdılar – kimi hansı qulluğa qoyublar, ya qoyacaqlar, ya da əksinə, kimi hardan çıxardıblar...

Onları tanımayan adama belə söhbətlər mətləbsiz görünə bilərdi.

Deyə bilərdilər ki, boş-bekar adamlardır, veriblər özlərini kölgəyə, gəvəzələyirlər. Nabələd adama belə gələrdi. Amma əslində belə deyildi. Onların söhbətinə qulaq asanda mənə elə gəlirdi ki, çətin bir tapmaca, mürəkkəb bir məsələ həll eləyirsən. Əvvəllər nə qədər cavabını tapmağa çalışırdımsa bir şey çıxmırdı. Ancaq bir azdan yavaş-yavaş bu söhbətin sirrini açdım və tapmacanın cavabını da tapmağa başladım, həmişə yox, bəzən.

Elə bunu götürək: dostlarından birini tramvay-trolleybus parkına işlər müdiri təyin eləmişdilər. Bunlar da çox sevinirdilər. Təkcə ona görə yox ki, o adam, bunların dediklərinə görə, ləyaqətli adam idi, bir də ona görə sevinirdilər ki, məsələnin bunlara da xeyri var.

Öz-özümə fikirləşirdim, görəsən bunun bunlara nə xeyri? Axı həmin işlər müdiri onlara tramvay, trolleybus bağışlamayacaq ki!

Tramvay parkına ekskursiyaya da getməyin bir mənası yoxdur... Özü də park lap şəhərin kənarındadır, ora getməyin marağı-filanı yoxdu.

Düz deyirəm, ya yox? Amma əslində belə çıxırdı ki, xeyri var.

Əvvəla, ona görə ki, Rəşidin dostlarından birinin qardaşı oğlunu həmin parka işə düzəldəcəklər. Ona iş stajı lazımdı. Özü də elə iş ki, istəyirsən gəl, istəmirsən gəlmə. Elə bircə adın orda olsun. Maaş da ki, çox olmasa, hər halda xırda-xuruş cib xərcinə yarayardı. Nə olar ki, elə təki Allah eləsin, uşaq çox fərasətli uşaqdır, gələcəkdə instituta girəndən sonra özünü hökmən göstərəcək. Bu belə, sonra...

Yayın cırhacırında Rəşidin bağından çex, ya da alman pivəsi əskik olmur. Çünki pivələr tramvay-trolleybus parkının mağazasından gəlirdi. Rəşidin özü o qədər də pivəbaz deyildi. Ancaq qonaqlara belə tapılmayan şeyləri təklif eləmək ona ləzzət verirdi. Özü də elə adamlara təklif eləyirdi ki, belə pivələrin qədrini bilən olsun.

Dillərinə Bakı pivəsi vurmazdılar! Üçüncü də, təzə işlər müdirinin vasitəsilə Rəşid avqust ayında Yessentukidəki mədə-bağırsaq sanatoriyasına getmək üçün bir putyovka düzəltmişdi. Yenə də özü üçün yox, dostlarının birinin xəstə anası üçün. Çünki vaxtında həmin dostun Rəşidə bir yaxşılığı keçmişdi. Buna görə Rəşid də, Şahlarbəy demişkən, “borclu qalmaq” istəməyib, dostunun yaxşılığından çıxmışdı. Ən nəhayət, dördüncüsü... daha yoruldum, həvəsim gəlsəydi, bu səbəblərin sayını iyirmiyə, lap otuza çatdıra bilərdim. Onda görərdiniz ki, bir işlər müdirinin Rəşidə və dostlarına nə qədər xeyri dəyə bilər. Haçan gəlsəydin, danışdıqları elə belə-belə şeylərdən idi. Amma bu xeyirin nədən ibarət olacağını əvvəlcədən tapmaq çox çətin idi. Nə qədər fikirləşirdinsə fikirləş, fərqi yox idi, axırda gözləmədiyin ağlına sığmaz bir şey ortaya çıxırdı. Çox qəribə idi.

Kamil əmi heç vaxt Rəşidin belə söhbətlərini eşitməmişdi. Amma başa düşmüşdü. Bir dəfə dedim ki, onlar yalnız öz xeyirlərini güdürlər və bu barədə çox ustadırlar. Onların bu ustalığına heyran qalıram. Həmin gün qəzetlərdə maraqlı bir xəbər çıxdı. Yazırdılar ki, alimlər Şimal çaylarından bəzisinin axarını dəyişəcəklər, onlardan biri isə geri axıb Xəzər dənizinə töküləcək.

Kamil əmi bu xəbəri ucadan oxudu. Və bildirdi ki, daha dənizimiz qurumayacaq, əksinə, yaxın illərdə yenə də əvvəlki səviyyəsinə qalxacaq. Kamil əmi qəzeti yerə qoyub, bu layihənin bəşəriyyət tarixində ən əzəmətli layihələrdən biri olduğunu dedi. Özü də dedi ki, kaş bu məsələ həyata keçəndən sonra nələr baş verəcəyini görəydim.

Rəşid də fikrə getdi. Sonra qayıdıb dedi ki, doğrudan da çox mühüm və sevindirici məsələdir, ona görə sevindirici məsələdir ki, təsərrüfatımıza böyük xeyri olacaq. Məsələn, qiymətli balıqların miqdarı artacaq, gəmiçilik inkişaf eləyəcək. Bu layihə həyata keçiriləndən sonra dənizin suyu mütləq qalxacaq, bir halda ki, qəzetlərdə yazıblar, deməli, belə də olacaq. Onda, çox güman ki, şəhərin dənizkənarı hissəsi su altında qalacaq. Söz yox ki, hər şey öz qaydasına düşəcək, çünki Bakı Soveti razı olmaz ki, vətəndaşlar narahatlıq keçirsinlər. Bütün işlərin başlanğıcında olduğu kimi, bu işdə də təsadüflər ola bilər. “Şükür Allaha, – deyə o, Adiləyə tərəf döndü, – mənzilimizi dəniz sahilinə dəyişməmişik, belə bir fikrimiz vardı. Amma gözəl mənzildi, böyük, dənizə də axar-baxardı. Söz yox ki, daha dəyişmək lazım deyil”.

Kamil əmi təəccüblə ona baxırdı. Elə “onların bu bacarığına heyran qalıram” sözlərini də ondan sonra dedi. Nailə tez söhbəti dəyişdi. Gördü ki, söhbətin gedişatından Rəşid narazıdır, istəmir ki, ona heyran qalsınlar. Bircə Adilə üz vurmurdu, elə hey danışırdı, gedənə qədər dil-boğaza qoymadı. Onlar gedəndən sonra Nailə Kamil əmini məzəmmət elədi ki, qonağı incik saldın. Kamil əmi də üzr istədi. Ancaq yenə də dedi ki, Rəşidi görməyəndə özünü daha yaxşı hiss eləyir. Nailə razılaşmadı. Dedi, Rəşid zərərsiz, xoşrəftar adamdı. Onun həddən artıq xırdaçı olması, özünü ziyalı kimi göstərməyə çalışması isə onun nöqsanıdı. Ancaq bunlar o qədər də qorxulu deyil. Maraqla gözləyirdim, gözləyirdim ki, görüm Kamil əmi nə deyəcək. Bunun cavabında Kamil əmi nə desə yaxşıdır.

O, təntənəli bir ahənglə bizə bildirdi ki, iki nəfər sadəlövh və cahil adama, yəni mənimlə Nailəyə bildirməyi özünə vətəndaşlıq borcu hesab edir ki, Rəşid və onun kimi adamlar xüsusi elmi-tədqiqata möhtac olan bir ictimai hadisədir.

Nailə gülüb onun çox mübaliğə elədiyini, yəni məsələni çox şişirtdiyini bildirdi. Dedi ki, Rəşid kimi adamlar elə bütün dövrlərdə vardı. Həmişə öz xırda-mırda işləri ilə məşğul olublar. Heç vədə öz hədlərini aşmayıblar. Cızığından çıxmayıblar. Buna görə də ləyaqətli adamlar üçün heç vaxt qorxulu olmayıblar və olmayacaqlar da.

Özləri də heç bir ictimai hadisə-zad deyillər.

Daha Kamil əminin ona nə cavab verdiyini eşitmədim, çünki söhbətin elə bu yerində nənəm gəlib məni çağırdı. Sən demə, gecəyarıdan keçibmiş.

Qaba düyü tökdüm, Rəşidin dostu ilə vidalaşıb getdim. Pillələrimizi qalxanda bir maşının qapısı çırpıldı və gurultu ilə uzaqlaşdı.

Gətirib düyünü verdim. Adilə söhbət eləyirdi. Mən də qulaq asırdım (onsuz da günortaya qədər bir işim yox idi). Adilə Rəşiddən danışırdı. Deyirdi ki, şəkər xəstəliyindən şübhələnib. Elə-belə xəstə adama oxşamır. Hər səhər idman eləyir, qantel oynadır, amma bir tərəfdən də yaman dərmanbazdır, cürbəcür vitamin həbləri atır.

Əsəbləri sakitləşdirən dərman içir. Bir şeyi başa düşmürdüm. Başa düşmürdüm əsəbini niyə sakitləşdirir. Onun bir dəfə də olsun hirsləndiyini, ya həyəcanlandığını görməmişəm. Sən demə, şəkər xəstəliyindən qorxurmuş. Adilə bu xəstəliyin necə ağır xəstəlik olduğunu bizə başa saldı. Üstəlik müalicəsi olmadığını da dedi. Buna görə də Rəşid qət eləyibmiş ki, özünü axıra qədər yoxlatdırsın.

Əvvəlcə aparıb qanını analizə verib, sonra da özüylə şəhərə bir şüşə sidik aparıb, onu da analiz üçün... O gün Rəşid Adiləyə deyib ki, səhər onu nazirliyə, rəisinin yanına çağırıblar, guya bərk həyəcanlanıbmış, çünki rəis çox tündməcaz adamdır. Nazirlik başqa binada yerləşdiyinə görə, elə bağdan birbaş ora gedib. Rəisin kabinetinə girəndə məlum olub ki, narahatlığa bir əsas yoxdur. Əksinə, rəis çox mülayim danışıb, hətta Rəşidi eyhamla başa salıb ki, vəzifəsini böyütmək fikrindədir. Bu xoş xəbərdən sonra Rəşid işə qayıdanda kefi doxsan doqquz vururmuş. Ancaq ovqatının bu şirinliyi nahar fasiləsinəcən davam eləyib, poliklinikaya analizə getmək istəyəndə də elə bu əhvaldaymış. Birdən Rəşid görür ki, bağdan gətirdiyi şüşə yadından çıxıb rəisin stolunun üstündə qalıb. Evə qayıdanda vəziyyəti çox pis olub. Adilə ona təcili iynə vurub. Nə qədər çalışıb ki, Rəşidi sakit eləsin, bir şey çıxmayıb.

Rəşid elə öz sözünün üstündə durub ki, rəis çox tündməcaz adamdı, dilxor olacaq. Elə biləcək ki, qəsdən eləmişəm. Adilə ilə çox məsləhətləşdilər. Gah deyirdi ki, gözləyim, qoy şüşəni rəsmi surətdə qaytarsınlar. Gah da deyirdi ki, gedim özüm geri istəyim.

Bazar ertəsi işə gələndə də bu barədə fikirləşirdi. Axır ki, rəisin katibəsi Rəşidə zəng elədi ki, gəlib şüşəni aparsın. Katibə Rəşidlə çox mülayim danışıb, amma Rəşidin ürəyi sakit olmur, hələ də məsələnin nəynən qurtaracağını gözləyir. Qanındakı şəkərin miqdarının artmasını da bu məsələyə bağlayır, deyir ki, iş şüşə əhvalatında deyil, onun qorxusu başqa şeydəndi. Qorxur ki, heç nədən böyük bir əmma çıxartsın. Amma aparıb yoxlatdırıb, məlum olub ki, heç bir şəkər xəstəliyi-filan yoxdur.

Eyvanda süfrə açdıq. Bu gün ən çox xoşladığım yemək hazırlanmışdı – yarpaq dolması, ət kətəsi, göy kətəsi, balqabaq kətəsi...

Axır ki, Rəşid də gəlib çıxdı. Gələndə özü ilə bir zənbil “Borjom” da gətirdi. Onun dediyinə görə, “Borjom” çox xeyirli sudur, bədənə nə lazımdısa onun içində hamısı var.

Oğlunu qucağına alıb nazlaya-nazlaya oxşadı, ay mənim dovşan balam, ay mənim sərçə balam, ay mənim ördək balam...

Hər səhər işə getməmişdən oğlunun çarpayısına yaxınlaşıb salam verir: “Sabahın xeyir, əziz yoldaş naçalnik”. Sonra da oyanmasın deyə ehtiyatla öpüb gedir.

Adilə uşağı onun əlindən almaq istədi, Rəşid vermədi: “Dəymə, belə yaxşıdı, oğlum qucağımda olanda çörək boğazımdan rahat gedir. Bir də ki, onsuz da yorulub əldən düşmüsən. Bir az dincəlsənə”.

Sonra da hamıya nuşcanlıq dilədi.

Uşaq tox olduğu üçün sakit oturub hamının üzünə gülürdü. Çox yaxşı oğlandı: elə hey gülür... Bir dəfə eşitməmişəm ki, ağlasın, ya şıltaqlıq eləsin. Ancaq axırda oturmaqdan yoruldu – nə qədər bizim yeməyimizə baxsın? Yerə düşdü, Rəşid onu yenə qucağına aldı. Dedi ki, qoy atan çörəyini rahat yesin. Axı atan sənin üçün işləyib pul qazanmalıdır. Onda uşaq əlini Rəşidin döş cibinə saldı.

Rəşid gülüb mənə göz vurdu. Dedi ki, görürsən hərifi, pul lazım olub. Götür nə qədər istəyirsən. Atanın pulları sənə qurbandır. Nə qədər götürsən heç uf da demərəm. Oğlan ordan bir kağız çıxartdı, əlində oynadırdı. Rəşid heç buna fikir vermirdi. Başı qarışıq idi, dolmaya qatıq tökürdü. Adilə kağızı uşağın əlindən alıb öz yanında süfrənin üstünə qoydu. Sonra kağıza baxdı. Kağızda bir telefon nömrəsi var idi, ad-zad da yazılmamışdı. Adilə yaman fikrə getdi.

Rəşid ondan soruşdu ki, niyə belə fikrə getmisən, sonra iştahan küsər. Adilə kağızı götürüb yerindən qalxdı, pəncərəyə yaxınlaşdı, əl çantası orda idi. Hara getdi, çantasını da özüylə aparır, hətta çimərliyə gedəndə də, mağazaya gedəndə də, kinoya, qərəz ki, hər yerə... Gərək gözünün qabağında olsun. Çünki üzüklərini, qolbaqlarını, başqa qiymətli şeyləri də çantada gəzdirir. Nə qiymətli şey varsa ordadır. Hə, pəncərəyə yaxınlaşıb çantadan qeyd dəftərçəsini çıxartdı, nəyisə tapıb tutuşdurdu, dayandı, sonra bizim yanımıza qayıtdı. Sifəti ağappaq ağarmışdı. Özü də əsiməsim əsirdi. Ağzını açanda heç səsini də tanımadım. Kişi səsi kimi xırıltılı və kobud idi:

– Donuz oğlu, donuz!!! Yenə köhnə əməlinə qayıtmısan?

Rəşid ağzında nə vardısa, hamısını uddu. Az qala boğulacaqdı.

– Nə olub? Sənə nə olub?!

Vallah, bir mərəkə qalxdı ki, gəl görəsən! Mən o vaxtacan arvadın belə söyüş söydüyünü eşitməmişdim. Nə gizlədim, bu sözlərin hamısını bilirdim. Ancaq bunları arvad deyəndə, başqa cür olur, min dəfə pis səslənir. Özü də o danışmırdı, bağırırdı. O, xırıltılı səslə bağırırdı. Elə bağırırdı ki, çox güman sahildə də eşidilirdi.

Rəşid ona yaxınlaşmaq istədi. Hardan, ona yaxınlaşmaq olardı?!

Adilə az qala onun gözlərini çıxardacaqdı. Əlini atdı, amma gözünə dəymədi, təkcə yanağında iki qırmızı zolaq qaldı. Uşaqlar ağlaşırdı.

Mən də dayanıb neyləyəcəyimi bilmirdim. Bu vaxt nənəm ona bir stəkan su gətirdi. Guya evimizdə hər gün belə şeylər olurmuş kimi, sakit səslə dedi:

– Siz çəkilin, görmürsüz, arvadın ürəyi gedir, – deyə balaca uşaq kimi, Adiləyə su içirtməyə başladı.

O, bir az sudan içdi, təəccüb elədim ki, bu iki-üç qurtum suyu necə içdi. Dişləri stəkana dəyib taqqıldayırdı. Adama elə gəlirdi ki, stəkanı çeynəmək istəyir. Suyu içəndən sonra yenə də söyüşə başladı.

Əvvəlcə heç nə başa düşə bilmirdim. Sonra məsələ aydınlaşdı.

Heç demə kağızda Nailənin telefon nömrəsi yazılıbmış. Adilə gedib öz qeyd dəftərçəsindəki nömrə ilə bunu tutuşdurub. Nömrəni onun dəftərinə Nailə özü yazmışdı.

Nənəm kənara çəkildi. Adilə yenə Rəşidin üstünə şığıdı:

– Mən kim olduğumu sənə göstərərəm, görərsən! Yadından çıxıb ki, hər şey mənim adımadır – mənzil də, maşın da, əmanət kitabçası da! Yadından çıxıb?! Eybi yoxdur, yadına salaram! Hər şeyi sənə başa salaram. – Sonra gedib taxtda oturub gözünün yaşını yeddi yerdən axıtdı. Bir azdan sakit oldu, başını əllərinin arasına alaraq sakit-sakit ağlayırdı. Özü də elə yazıq-yazıq ağlayırdı ki, elə bil əziz bir adamı ölmüşdü.

Bu dəfə Rəşid bir stəkan su doldurub ona yaxınlaşdı:

– Sakit ol, götür sudan iç.

O, Rəşidi itələdi.

– Özün sakit ol. Yeri, yeri, get, bir də boşanmaq üçün ərizə ver!

Hələ qabağımda diz çöküb yalvaracaqsan. O vaxt diz çökməyin yadından çıxıb? Ancaq daha bu dəfə ərizəni cırmayacağam. O səfərkinin də payını indi alacaqsan!..

– Heç ayıb deyil? – Rəşid macal tapan kimi sözə başladı, özü də çox yavaşdan, nəvazişlə danışırdı. Elə bil nə isə anlaşılmayan bir şeyi başa salırdı. – Axı belə şey sənin ağlına hardan gəlib? Heç bilirsən ona niyə zəng eləmək istəyirdim? İstəyirdim onları barışdıram, deyirdim, qoy ailə dağılmasın. Dedim, qoy zəng eləyim, sonra fikrim dəyişdi. Dedim ki, adamdır, ağlına cürbəcür fikir gələr, daha zəng eləmədim. İndi özün görürsən ki, sən mənim can-ciyərim ola-ola belə fikirləşəndə gör başqaları nə fikirləşər? Vallah, zəng eləməmişəm, o balalarımızın canına and olsun ki, zəng eləməmişəm.

Yalan deyirəmsə, gözüm çıxsın... İnanmırsan? Sən ki, məni tanıyırsan.

Adilə daha yavaş-yavaş ağlayırdı.

– Səni lap yaxşı tanıyıram. Get bu nağılı onlara danış, bəlkə sənə inanalar!

– Sakit ol, – Rəşid yenə də onu sakit eləməyə çalışırdı. Yaman dilxor olmuşdu. – Yazıqsan, gör özünü nə kökə salmısan? Yaman vasvası adamsan! Yaxşı, razıyam, qoy sən deyən olsun, səhv eləmişəm.

İndi başa düşürəm ki, gərək əvvəlcə səninlə məsləhətləşəydim.

Bəlkə də gərək elə ikimiz bir yerdə zəng eləyəydik. Xahiş eləyirəm, sakit ol.

– O, arvadı ilə belə xoş danışsa da, mənə elə gəlirdi ki, ondan zəndeyi-zəhləsi gedir...

Çıxıb getdilər. Qabaqda Adilə gedirdi, dalınca da Rəşid. Bir əli ilə oğlunu sinəsinə basmışdı. O biri əli ilə də Adilənin qoluna girmişdi.

Dallarında da qızları gəlirdi. Biz də nənəmlə oturub birbirimizin üzünə baxırdıq – bu da bizim yeməyimiz!

Dinməz-söyləməz süfrəni yığışdırdıq. Sonra nənəmdən soruşdum:

– Sən bilirdin ki, Rəşid Kamil əminin bağını alıb bacısının adına saldırmaq istəyirmiş? – Arvad elə bil heç məni eşitmirdi. Fikrə getmişdi.

– Nə fikrə getmisən, ay nənə?

– Şahlarbəy yadıma düşdü, Allah rəhmət eləsin. Kişinin eyvanda oturub nərd oynamağını yadıma saldım. Zərifəyə uduzanda kişi yaman hirslənərdi.

Mən yenə dedim:

– Yəqin bizim bağı da almaq istəyir, indi ki, Kamil əmi ilə razılığa gələ bilməyiblər, deməli, bizimkini alacaq.

– Kim bilir, bəlkə də ürəyindən keçir, – deyə nənəm cavab verdi. – Bir-iki ildən sonra alar də... Onda bağ kimə lazım olacaq?

Atan-anan dəli keçi kimi dağları gəzir, yay gələn kimi o dağ sənin, bu dağ mənim. Daha dərə-təpə, düz qoymayıblar.

– Ata-anam? Bəs biz adam deyilik? Bizə ki, bu bağ lazımdır!

– Sən də gələn yay onlarla gedəcəksən. Elədir, ya yox? Mən də ki, bir-iki illik qonağam, bağsız da keçinərəm.

– Yox, – razı olmadım, – burda olacaqsan. Mən də gəlib tez-tez sənə baş çəkəcəyəm, yaxşı?

– Nə deyirəm, qoy sən deyən olsun, – nənəm başımı sığalladı.

– Yaxşı Rəşid bura gəlib bağ söhbəti salsa, onda özün deyərsən ki, biz heç nə satmırıq. Hə, indi get nənən üçün su gətir... Belə-belə şeylər barədə fikirləşmək sənin üçün hələ tezdir, uşaqsan.

– Mən uşağam? Balaca olsam da mövhumatçı deyiləm! Nənə, sən yəqin bilirsən ki, bayquş gələndə adam ölər?

– Ölməyi vacib deyil, sənə dedim ki, ya ölər, ya da başına bir bədbəxtlik gələr.

– Yəni bir şey olmaya bilməz?

– Yox. – Nənəm diqqətlə mənə baxdı. Sonra yaxınlaşıb yanımda oturdu. – Qurban olum, sən nigaran olma. Sənə heç nə olmayacaq.

Nə qədər ki, mən burda səninləyəm, lap arxayın ol. Bayquşun gəlib-gəlməməyinin sənə dəxli yoxdur. Başa düşdün? – O yenə də başımı sığalladı.

Gör söz gəlib hara çıxdı? O elə bilir ki, mən özümdən nigaranam!

Çox qəribə vəziyyətdir. Nə ki mənim başıma gəlməli pis şeylər var, öz üstünə götürmək istəyir? Günah-münah bilmirəm!

Kamil əmi gələn kimi gedib yalvaracağam ki, o bayquşu güllə ilə vursun. Təəccüblüdür, görəsən harda qalıb belə? Adətən, Rəşid gələndən qırx-qırx beş dəqiqə sonra o da gəlib çıxırdı, uzaq başı bir saata.

Bir az kitab oxudum, bir az da televizora baxdım. O vaxtacan hava qaraldı, amma Kamil əmi gəlmədi ki, gəlmədi. Çıxıb eyvanda oturdum.

Yağış başladı. Əvvəlcə adicə yağış idi, sonra elə yağdı ki, gəl görəsən! Mən neçə vaxtdı belə şey görməmişdim. Bilmirəm bu gün niyə belə olub – səhər duman, axşam leysan. Nənəm də eyvana çıxdı. Dedi ki, bu yağışın heç yeri deyil – ənciri korlayacaq. Heç bilmirəm bu da əlamətdi, ya yox? İndi ki, nənəm deyir, deməli, əlamətdir. O biri tərəfdən də bunu hava haqqında məlumat kimi qəbul eləmək olar. Baxaq görək on gündən sonra əncir necə olacaq?

Kamil əmi də gəlib çıxmır. Heç belə gecikməmişdi. Dalbadal ildırım çaxır. Adama elə gəlir ki, kim isə yuxarıda elektrik xəttinə qayçı keçirir. Bir dəfə axmaqlıq eləyib mən də belə iş tutdum. Fors göstərmək istəyirdim. Əvvəlcə qığılcım çıxdı, sonra da indiki kimi, ozon qoxusu gəldi. Əvvəlcə nənəm danladı, anam da işdən qayıdandan sonra mənə bərk acıqlandı. Bəlkə Kamil əminin başına bir iş gəlib? Belə tufanda nə desən olar! Keçən il qumun içində qəhvəyi rəngli şüşəyə bənzər bir şey görmüşdüm. Dedilər ki, guya ildırım yeridir, bura ildırım düşüb. İndi gör belə şey adama dəysə nə olar? Sonra da deyəcəklər ki, bayquşun ucbatından olub! Doğrudan, bu vaxtacan harda qaldı axı?!

Nənəm yenə eyvana çıxdı.

– Bu qaranlıqda niyə oturmusan? Əyninə bir şey geysənə!

Soyuqdan gör necə büzüşmüsən?

– Deyirəm, görəsən, Kamil əmiyə bir şey olmayıb ki?

– Bu hardan ağlına gəlib?

– Elə-belə. İndiyəcən gəlib çıxmayıb.

– Özündən şey uydurma... Heç nə olmayıb, odur ey, gəlir, bu da sənin Kamil əmin!

Elə sevindim ki, daha nə deyim, heç özüm də bilmirdim niyə sevindim. Yaşlı bir adam şəhərdən bağlarına qayıtmışdı. Elə yeriyir ki, elə bil heç yağış-zad yağmır, tələsmir, tənəklərin üstündən adlayaadlaya keçir. Mən də öz yerimdə oturub sevinirəm! Yaxşı ki, bundan heç kimin xəbəri yoxdur.

– Hara?

– Bu saat gəlirəm. Bircə şey soruşub qayıdıram.

– Əyninə bir şey geyməmiş heç yana buraxmaram. Sonra əziyyətin mənim üstümə düşəcək.

Bağ lap yaxında idi. Amma özümü ora yetirənəcən tamam islandım. Eyvandakı talvarın altında dayandım. Nə qədər ki, həyətdə yüyürürdüm, hər şeyi görürdüm, dalbadal ildırım çaxırdı.

Hər yer işıqlanırdı. Amma bura qaranlıqdı, iki addımlıqdan gözgözü görmürdü. Evin qapısı açıqdı, Ancaq xeyri nə idi, içəri eyvandan da qaranlıqdı. Elə bil heç evdə adam yoxdu. Qapqara zülmət! Kənardan içəri adlaya bilmirdim. Bircə küləyin vıyıltısı, bir də yarpaqları döyəcləyən yağışın səsi eşidilirdi. Meynə yarpaqlarına dəyən yağış lap karton səs verirdi.

– Axşamın xeyir! – deyə o, yaxınlaşıb işığı yandırdı. Sonra yenə də qayıdıb kresloda oturdu. Yaş paltarını da dəyişib eləmədi.

Üzümə baxdı, gülümsəmədi, sifəti çox yorğun idi.

Elə kənardan soruşdum:

– Kamil əmi, siz öləcəksiniz? – Amma özüm də başa düşdüm ki, axmaq söz danışdım. Ancaq neyləyə bilərdim, özümü saxlaya bilmirdim.

Doğrudan da sual o qədər axmaq sual idi ki, özüm də mat qalmışdım. Axırıncı sözü güclə dedim.

O gülümsəyib dedi:

– Öləcəyəm.

Öz-özümə fikirləşirdim ki, indi “salamat qalın” deyib getməliyəm.

– Necə ki? Bu barədə əlində bir məlumat-zad var?

İndi ona nə deyim?

Səsimi çıxarmadım. Yerindən qalxıb mənə yaxınlaşdı, çiyinlərimi qucaqlayıb dedi:

– Lap islanmısan, pencəyini çıxart, mən də çay qoyum.

Oturub bir az söhbət elədik. Dedi ki, bazar ertəsi aylıq hesabat verməlidir. Ona görə də bu gün idarədən gec çıxıb. İşlərini sahmana saldığı üçün ləngiyib. Danışdıqca, hiss eləyirdim ki, işindən çox narazıdır, işini ürəkdən sevmir.

Sonra gözlənilmədən söhbəti dəyişib dedi:

– Əlbəttə, öləcəyəm, bəs sən nə bilirdin? Ancaq belə tezliklə yox.

Heç bilirsən nə qədər görüləsi işim var? Lap istəsəm də indi ölə bilmərəm. Gərək bu işlərin hamısını sahmana salım.

Aydın məsələdir ki, iş deyəndə idarədəki işini nəzərdə tutmur.

Onda belə çıxır ki, ölənəcən beləcə gecə-gündüz makinanı taqqıldadacaq.

Əvvəllər heç olmasa ucadan oxuyardı. İndi yazdığını da oxumur...

– Axı nəyə lazım? Siz elə hey yazırsız, amma heç kim çap eləmək istəmir.

Bu sözləri deyəndə o mənim üçün çay süzürdü. Birdən gözünün altı səyridi, qaşlarını çatdı, stəkanı qabağıma qoyub diqqətlə mənə baxa-baxa başını buladı:

– Əhsən! – O, gülümsünüb ikinci stəkana da çay süzdü. – Əhsən, əcəb dostsan!

Adi vaxtlarda axşam saat on olan kimi nənəm məni evə səsləyirdi.

Amma indi on birə on beş dəqiqə qalmışdı, heç onun səsi gəlmirdi.

– Səbr elə, məni çap eləyəcəklər. Bilmirəm nə vaxt eləyəcəklər, sabah, bir aydan, bir ildən sonra, amma gec-tez eləyəcəklər.

O vaxtacan gərək mənim sözümə inanasan. Heç olmasa sənsə inan, xahiş eləyirəm. – O çox ciddi xahiş eləyirdi.

O matros paltarı geymiş balıqçı oğlan yadıma düşdü. Birinci dəfə görsəm də, nədənsə elə ilk dəqiqədən onun da sözünə inanırdım.

O deyəndə ki, üçüncü nərəni də tutacaq, heç şübhə eləmirdim.

– Sizə inanıram. And içirəm, Kamil əmi.

– Çap eləməyinə eləyəcəklər, – deyə o, fikirli halda cavab verdi, – Ancaq belə məlum olur ki, daha bu da əsas məsələ deyil.

Birdən məndən soruşdu:

– Heç bilirsən ki, insanın həyatında ən vacib məsələ nədir?

– Bilmirəm. Nədir?

– Yəni heç ağlına da gəlmir?

– Nə deyim... Gəlmir...

O, məyus halda başını buladı:

– Yaxşı yerdə axşamladıq... İki ağıllı adam baş-başa verib bir sadə sualın cavabını tapa bilmirik. – Mənə göz vurdu, onda başa düşdüm ki, zarafat eləyir.

Bugünkü balıq əhvalatını ona yerli-yataqlı danışdım. Bir dənə də sual vermədi, oturub qulaq asdı, çox diqqətlə qulaq asırdı.

– Onunla rastlaşarsan, – deyə məni arxayın elədi. – O matros paltarı geyən oğlan kimi adamlar asanlıqla yoxa çıxmırlar. Hələ görüşəcəksiniz. Məsələni ona başa salarsan, o da başa düşər. Bunun üçün fikir eləmək lazım deyil. Söz yox, yaxşı olmayıb, ancaq sənin təqsirin nədir?

Bir müddət danışmadıq. Bircə bizim pəncərəmizdən işıq gəlirdi.

Ətraf qapqara qaranlıq idi, heç nə görünmürdü. Yağışın səsindən, dənizin gurultusundan başqa heç nə eşidilmirdi. Səhərəcən beləcə oturardım – ya dinməz-söyləməz, ya da söhbət eləyə-eləyə – mənim üçün heç fərqi yoxdu.

Kamil əmi də fikrə gedib susurdu. Sifəti yenə də əvvəlki kimi yorğun görünürdü. Birdən yadıma düşdü, axı, deyəcəkdim ki, bayquşu vursun.

Qəflətən ildırımın işığında gözümə nə isə bir şey dəydi.

– Deyəsən gələn var!..

– Yox, sənə elə görünür. – O, ayağa qalxıb əlləri ilə məhəccərə söykənərək qaranlığa baxdı. – Heç kim görünmür...

– Yox, düz deyirəm. Kimsə gəlir.

Gördük ki, gələn Nailədir. Eyvana bir neçə addım qalmış dayandı. Başdan-başa islanmışdı. Amma nədənsə talvarın altına gəlmirdi. Mən dönüb Kamil əmiyə baxdım. Niyə susduğunu başa düşmürdüm. Elə bil heç onu görmürdü. O qalxıb pillələrə tərəf bir addım atdı. Mən də onun dalınca tərpəndim. Elə birlikdə də aşağı endik. Yaxınlaşdıq. Kamil əmi bir kəlmə də danışmırdı. Nailə soruşdu:

– İstəyirsən qayıdım?

Başları xarab olub deyəsən. Evə girməkdənsə yağışın altında qucaqlaşıb öpüşürlər. Üç addımlıqda bomboş ev, adamın gülməyi gəlir.

Çıxıb getdim evimizə. Nənəm oturub corab toxuyurdu. Dedim ki, Nailə qayıtdı.

– Sənə nə deyirdim? – O, yaman sevindi. – İndi gördün? Daha əlamətlərə şübhə eləmirsən ki?

Nənəmin bu sözlərinə lap məəttəl qaldım. Cavab verməyə söz tapa bilmədim.

– Nənə, mən nəyə inanmalıyam ki? Deyirdin hökmən bir bədbəxtlik olacaq, kişinin arvadı qayıdıb, daha bunun nəyi bədbəxtçilikdir?

– Bəs bədbəxtlik deyil, nədir? Qayıdıb. Daha onun başına bundan da böyük bədbəxtlik gələ bilməz ki? Ölüsünə də bəsdi, dirisinə də!

Özlüyümdə fikirləşirdim, görəsən bu ciddi danışır, ya zarafat eləyir. Daha onunla mübahisə eləmədim. Səhərdən belə qərara gəlmişdim ki, bir də onunla höcət eləməyim: axı ola bilməz ki, dünyada baş verən hadisələr haqqında hamı eyni cür fikirləşsin.

Evdə sakitlik idi. Nənəm də yerinə uzanmışdı. Həyətdən əvvəlki kimi, yağışın xışıltısı eşidilirdi. Çalışırdım ki, yadıma bir şey salım, mümkün eləyə bilmirdim. Səbəbi də yağış idi – onun səsindən gözlərim öz-özünə yumulurdu. Axır birtəhər özümü yığışdırıb soruşdum:

– Nənə can, insan üçün həyatda ən vacib şey nədir?

– Vacib şey? – deyə nənəm təkrar eləyib xeyli fikrə getdi. Mənə elə gəldi ki, arvad yatıb. – Mənə qalsa, – deyə o, nəhayət dilləndi.

– Qayalıda bunu ancaq Rəşid bilər. Səhər gedib ondan soruşarsan.

İndi yat. Boş-boş suallar vermə. Gecən xeyrə qalsın. – Onu görməsəm də, mənə gün kimi aydın idi ki, nənəm gülümsünür. Ona yaxşı bələdəm.

Bu gecə bayquş gəlmədi...