Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

ESTONIYALI IKINCI ANDREAS CIĞALLIQ YOLUNDA ISVECRƏLI BIRINCI ANDREASI DA ÖTÜB KEÇDİ...

Bu yaxınlarda AŞ PA-nın nümayəndəsi, ölkəmizə növbəti səfərə gəlmiş cənab Herkel, necə deyərlər, salamsız-kəlamsız bəyan etdi ki, Azərbaycanda söz azadlığı yoxdur, burada mətbuata daim güclü təzyiq göstərilir. Bu bəyanat təhqiramiz və əsassızdır. Görəsən necə olub ki, AŞ PA-nın səlahiyyətli nümayəndəsi bizim müstəqil suveren ölkəmizə gələn kimi burada müasir dövlətin ciddi təsisatlarından sayılan söz azadlığı və mətbuat azadlığının olmamasından dəm vurmağı özünə rəva görüb? Yaşlı insanın elementar etika normalarına riayət etməməsi, adətən, onun tərbiyəsinin naqis olmasına dəlalət edir. Amma biz bu məqalədə tərbiyə və ləyaqətli davranış problemlərini müzakirə etmək niyyətində deyilik. Ona görə də, inciməyi bir kənara qoyub, sözügedən bəyanatların konkret mahiyyətini araşdırmağa çalışaq.

Hamıya məlumdur ki, hər hansı bir əşya barədə fikir yürütmək üçün əvvəlcə o əşyanı görmək lazımdır. Əgər birisinin görmə qabiliyyətinin zəifliyi buna imkan vermirsə, onda heç olmasa, həmin əşyanı əllə barmaqla yoxlamaq və yaxud onu iyləmək lazımdır. Cənab Herkel isə bunların heç birini etməmişdir.

Cənab Herkelin məsələyə bu cür özünəməxsus münasibət bəsləməsi həm də ona görə təəccüb doğurur ki, onun bir şəxsiyyət kimi yetişməsi, bəzən insanı həddən artıq sadəlövhlüyə sövq edən “istixana demokratiyası” dövrünə təsadüf etməyib. AŞ PA nümayəndəsi, indi özünü peşəkar demokrat sayan cənab Herkel keçmiş sovet respublikası Estoniyanın vətəndaşıdır. Bu isə o deməkdir ki, cənab Herkel də bizim kimi “sovok”dur və o, mahiyyəti barədə əsla təsəvvürü olmayan məsələlər haqqında bu qədər qəti fikir söyləməyin necə xoşagəlməz nəticələr verə biləcəyini heç şübhəsiz hiss etməlidir.

Müdriklər deyiblər ki, insan tanımadağı adam haqqında ya yaxşı fikirdə olmalı, yaxud, hər halda qərəzli fikirdə olmamalıdır. Mən də bu məsləhətə əməl edərək, belə düşünürəm ki, cənab Herkel sadəlövh adamdır və onun sadəlövhlüyündən kimlərsə həyasızcasına istifadə ediblər, nəticədə o, özünü biabır edib.

İş burasındadır ki, cənab Herkel Azərbaycan mətbuatı ilə tanış deyil. Və tanış olmadığı məsələyə girişməsi onun başına bəla olub. Əgər o aldığı təlimatlara rəğmən "Azadlıq", "Bakı xəbər", "Realğnıy Azerbaydjan", "Vedomosti" qəzetlərinin, bəzi başqa nəşrlərin bəxtəbət seçilmiş istənilən nömrəsini açıb vərəqləsəydi, yəqin ki, güclü şok keçirərdi. Hər halda, abırlı adam həmin nəşrləri vərəqləyəndən sonra Azərbaycanda söz azadlığının olmaması və mətbuata təzyiqlər barədə açıqlamalar verməzdi. Çünki həmin qəzetlərin məzmunu ilə tanış olan hər kəs birdəfəlik anlayardı ki, Azərbaycanda söz azadlığına heç bir məhdudiyyət yoxdur və üstəlik, bəziləri bu azadlıqdan o qədər həyasızlıqla istifadə edirlər ki, belə hal bu gün dünyanın heç bir ölkəsində – hətta, hazırda demokratiyanın apofeoz mərhələsində olan ABŞ-da da mümkün deyil. Əgər ABŞ-da bəzi jurnalistlər, dələduzluq edən azərbaycanlı həmkarları kimi, öz vətəndaşlarının ünvanına hər gün həyasızcasına böhtanlar yağdırsaydılar, əgər həmin jurnalistlər İnternet vasitəsilə öz gözəl ölkəsi və onun milli dəyərləri haqqında iyrənc uydurmalar yaysaydılar, onların başına nələr gələcəyini təsəvvürə gətirmək çətindir. Çox güman ki, bu halda şəxsi mənlik hisslərinə hörmət edən amerikalılar öz ənənələrinə, o cümlədən Linç məhkəməsi adı ilə tarixə düşmüş ənənəyə sadiq qalaraq, bu fəlakətdən həmişəlik yaxa qurtarmaq üçün bir çarə tapardılar. Amma azərbaycanlılar amerikalıların tayı deyil. Burada mətbuat naqis hərc-mərclik şəraitində inkişaf edir və bu baxımdan, Azərbaycanı unikal ölkə hesab edənlər tamamilə haqlıdırlar.

Mənim Azərbaycan mətbuatı haqqında bu məqalədə yazdıqlarımın hamısını çox asanlıqla yoxlamaq olar. Amma bundan ötrü həmin mətbuatın məzmunu ilə tanış olmaq lazımdır. Vəssalam. Həmin nümunələri, yaxud eston dilinə tərcümə etmək istəyən varsa, buyursun, tərcümə haqqını ödəməyi şəxsən öz üzərimə götürərəm. Təki istək olsun.

Yuxarıda adları çəkilən qəzetlər günbəgün ölkənin ən layiqli insanlarını haqsız təhqir edir, iqtidar nümayəndələrini ədəbsiz ifadələrlə lağa qoyur, ölkədə baş verən hadisələr barədə narahatlıq doğuran şayiələr yayırlar. Və bütün bunlara görə onlara “gözün üstə qaşın var” deyən yoxdur.

Mən bu məqalədə qəzetlərdə dəfələrlə haqsız yerə təhqiramiz şəkildə alçaldılan insanların adlarını çəkməyəcəyəm, çünki xoşagəlməz məqamları yada salmaqla onların qanını bir də qaraltmaq istəmirəm. Yalnız mənim özümə aidiyyəti olan bir hadisəni yada salacağam. 2005-ci ilin payızında Milli Məclisə seçkilərdə mən Şamaxı rayonundan deputatlığa namizəd idim və seçildim də. Bu münasibətlə "Realğnıy Azerbaydjan" qəzeti mənim böyük, qəzetin yarım səhifəsi ölçüsündə fotoşəklimi qara haşiyədə dərc etmiş, şəklin üstündə də nekroloq başlığı verilmişdi: - Maqsud İbrahimbəyov vəfat etmişdir. Nekroloqda "səmimi" mətndən əlavə, oxucuların “mərhumla vidalaşması” rahat olsun deyə, mənim gələcək dəfnimlə bağlı ətraflı məlumatlar da verilirdi. Nekroloqu "Realğnıy Azerbaydjan" qəzetinin baş redaktoru Eynulla Fətullayev yazmışdı. Bu xəbər “çox güclü” əks-səda doğurmuş, həmin gün mənim dostlarım, qohumlarım, tanışlarım güclü, dəqiq desək, həddən artıq güclü sarsıntı keçirmişdilər.

Maraqlıdır, görəsən eston qəzetlərindən biri Andreas Herkelin özü barəsində belə bir xuliqanlıq etsəydi, o buna necə reaksiya verərdi? Onun çıxışlarının üslub və məntiqini nəzərə alsaq, mənə elə gəlir ki, o, özünün ölümü barədə demokratik qəzetin dərc etdiyi xəbəri gerçək fakt kimi təsdiqləyərdi.

Bizim “demokratik qəzetlərdən” biri indi xəstə olan ahıl yaşlı, təmiz ad-san sahibi və gözəl insan kimi tanınmış bir alim haqqında yazmışdı ki, guya o, boş vaxtlarında azyaşlı məktəbli qızları zorlayır. Başqa bir layiqli insan haqqında xəbər verirdilər ki, bir vaxtlar onun atası tanımadığı adamlar haqqında DTK-ya "donos" yazırmış. Məqalədə adı çəkilən şəxs bu biabırçılığa dözə bilməyərək, özünə qəsd etmək istəmiş, yalnız xoşbəxt təsadüf nəticəsində onu xilas edə bilmişdilər. Sonradan məlum oldu ki, məqalədə yazılanların hamısı ağ yalandır, lakin qəzet təkzib vermədi. Belə misallardan çox gətirmək olar. Amma bu iyrənc həcvlərin rəzil müəllifləri, həmişə olduğu kimi, cəzasız qalırlar.

Azərbaycanda mətbuat dördüncü hakimiyyətə çevrilə bilməyib və əhali onu, haqlı olaraq, dörduncü bəla hesab edir.

Azərbaycanda hər gün çoxlu qəzet nəşr olunur. Bu qəzetlərin əməkdaşları işə vicdanlı münasibəti və peşəkarlığı sayəsində haqlı olaraq namuslu və ağıllı jurnalistlər kimi ad çıxarıblar. Lakin cənab Herkel əsl professional jurnalistlərin vəziyyəti ilə maraqlanmır, nə səbəbdənsə, onu həmişə cızmaqaraçı avaralar cəlb edir. O, jurnalistikaya yalnız xalis formal cəhətdən aidiyyəti olan adamları müdafiə edir. Soruşa bilərsiniz: bəs belələri jurnalistika aləminə necə gəlib çıxır? Cavab verirəm: Azərbaycanda bundan asan şey yoxdur. Yeni qəzet qanuni əsaslar təqdim edərək Ədliyyə Nazirliyində maneəsiz qeydiyyatdan keçir, sonra gizli maliyyəçi işləri düz gətirməyən adamlardan, patoloji paxıllıq azarına tutulmuş xəbis mizantroplardan ibarət bir “komanda” yığır. Onların çoxu adi xəbər başlıqlarının üzünü savadlı, səhvsiz köçürməyi, yaxud məktəbdə keçirilən hər hansı tədbir haqqında qısa bir xəbər yazmağı da bacarmır. Ancaq normal, maraqlı məqalə yazmağı onlardan heç tələb də etmirlər. Əksinə, hazırlıq dövründə onlara “ürəkli olmağı”, heç kimdən çəkinmədən yalan-palan uydurmağı və bu yalan-palanı KİV-in köməyilə əhalinin şüuruna yeritməyi öyrədirlər. Özünəməxsus təlimat dövrü başa çatandan sonra yeni "qəzet" fəaliyyətə başlayır. Bu başabəla mətbuat orqanlarının əksəriyyəti yaxın və uzaq xaricdən olan sifarişçilər tərəfindən maliyyələşdirilir. Özü də sifarişçilər pulları təkcə "jurnalist"lər üçün göndərmirlər. Artıq on yeddi ildir ki, Azərbaycanda özünəməxsus bir sindikat fəaliyyət göstərir. Ölkəmizdə vaxtaşırı informasiya təxribatları həyata keçirən bu sindikatın tərkibinə muzdlu "hüquq müdafiəçiləri" və "jurnalist"lərlə yanaşı, informasiya zərbələri endirmək metodları öyrədilmiş "ictimai" təşkilatlar və agentliklər də daxildir. Onlar hamısı tələsmədən öz  sifarişçilərinin ölkədə sabitliyi pozmaq, sonra hərc-mərclik və dağıntı vəziyyətinə salmaq üçün güclü fəaliyyətə başlamaq barədə göstərişini, əmrini gözləyirlər.

Amma biz də, necə deyərlər, fil qulağında yatmamışıq. Biz bunların hamısını görürdük və vaxtı hədər itirməmişik. Bu gün Azərbaycan kifayət qədər güclüdür və bilirik ki, xaricdən təşkil olunmuş heç bir inqilab bizi qorxutmur. Ancaq, hər halda, bu sindikatın fəaliyyəti insanların əsəblərinə təsir edir, çünki ağ yalandan başqa bir şey olmayan fasiləsiz neqativ informasiya axınına cavab olaraq, insanların şüurunda narahatlıq, həyəcan və gərginlik mexanizmləri işə düşür.

Sindikatı saxlamaq üçün müntəzəm olaraq ölkəmizə göndərilən o qədər pulun havaya sovrulmasına da adamın hayıfı gəlir. Axı biz bilirik ki, bu pullar əliəyri "jurnalist", "hüquq müdafiəçi"ləri və başqa acgöz tör-töküntünün ciblərinə gedir. Halbuki, həmin pulları ağılla sərf etmək, məsələn, Afrikada aclıqdan və xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım üçün ayırmaq olardı. Görəsən, bu fikri sindikat sahiblərinə kim çatdıra bilər? Mənə belə gəlir ki, Azərbaycana "demokratik islahatlar" üçün pulların konkret olaraq kim tərəfindən göndərildiyi cənab Herkelə məlum olmalıdır.

Cənab Herkelin çıxışı üstayaqda olan odlu silahın çaxmaq tətiyini çəkmək effekti verdi. Görünür, hər şey əvvəldən belə düşünülübmüş. Əslində, bu çıxış dünya ictimaiyyətinin gözündə ölkəmizə mənəvi ziyan vurmaq istiqamətində yeni kampaniyanın başlanmasına işarə oldu. Onun çıxışından dərhal sonra başlanan həngamə hələ də davam edir. İlk növbədə adəti üzrə hiddətlənərək balağını başına çəkən polkovnik Yunus AŞ PA-dan olan şefi ilə həmrəylik əlaməti olaraq, səsini ucaltdı. Polkovnikin ardınca, itirilmiş azadlığına tükürpədici ağı deyən bütün sindikat heyəti yüz səksən altı ayağını yerə döyərək tam tərkibdə ortalığa atıldı. Sonra məxsusi dəvət olunmuş üç mötədil qəzetin baş redaktorlarının çıxışı başladı, onlar ayaqlarını yerə döyə-döyə, populyar bir mahnının nəqaratını oxuyurdular:

“Hərəmizdə var iki üz,

İşlərimiz olub dürüst!”

Amma bu ifaya görə müğənnilərə çəpik çalıb onları alqışlayan tapılmadı, çünki ikiüzlülük – sağalmaz  xəstəlikdir və sindikata kuratorluq edən səfirliklərdə isti yağlı kökə paylanması mərasimlərində bu “jurnalistlər” həmin mərəzlərini tez-tez nümayiş etdirirlər. AŞ və Aİ-nin törəmə təşkilatlarının Bakıya gəlmiş yüksək rütbəli əməkdaşları da növbə ilə çıxış edərək bu aktual məsələ ilə bağlı fikirlərini bildirdilər. Özü də ilk baxışdan anlaşılmayan təsadüf nəticəsində onların hamısı, Bakıya gəlmiş qonaqlar da, sindikatın üzvləri də bir nəfər kimi, cənab Herkelin Azərbaycanda söz azadlığının yoxluğu və burada mətbuata olan təzyiqlər barədə dediklərini sözbəsöz təkrar etdilər. Bu günə qədər bütün mikroiclaslarda və tinlərdə, sifarişli qəzetlərin səhifələrində çıxış edərək söz azadlığı istəyənlər, heç bir dəlil-sübut təqdim etmədən başabəla "jurnalistlər"in həbsxanadan buraxılmasını tələb edənlər, demək olar ki həmişə eyni adamlardır, onların sifətləri gözlərimizi döyənək edib. Sindikatın provayderləri isə canfəşanlıq edir, bütün bu cılız vurnuxma barədə xəbərləri İnternet şəbəkəsi və bir xarici radiostansiya vasitəsilə çoxaldıb yayırlar. Çıxış edənlərin hamısının əsas və yeganə dəlili ondan ibərətdir ki, jurnalistləri həbs etmək və həbsxanaya salmaq olmaz. Soruşanda ki, nəyə görə müəllimi, naziri və ya baytar həkimini törətdiyi cinayətə görə mühakimə edib cəzalandırmaq olar, jurnalisti isə yox, - onlar bu suala bulanıq, mənasız baxışlarla cavab verirlər. Deməyə sözləri yoxdur, çünki onlar yaxşı bilirlər ki, dünyanın heç bir ölkəsinin Konstitusiyasında jurnalistlərin cinayət məsuliyyətindən azad edilməsi barədə müddəa yoxdur. Sindikat və AŞ PA nümayəndərindən savayı, bütün dünyaya bəllidir ki, digər vətəndaşlar kimi, jurnalistlər də törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar.

Belə təsəvvür yaranır ki, bu azadlıq aşiqləri jurnalistlərin hüquqlarını ruhi xəstələrin, habelə ağıldankəm doğulanların hüquqları ilə dolaşıq salırlar. Bəli, cinayət məsuliyyəti məsələsi ortaya çıxanda psixikalarında sapmalar olan bu cür insanların həqiqətən də toxunulmazlıq hüququ var, lakin bu hüquq heç də hüdudsuz deyildir. Məsələn, uzun müddət ətrafdakılar üçün təhlükə doğurmayan, psixopat kimi dispanserdə qeydiyyatda olmuş birisi bu yaxınlarda soyğunçuluğa və oğurluğa görə mühakimə edilmişdir. Həmin adam öz vəkilinin məsləhəti ilə məhkəmə salonunda fasiləsiz olaraq demokratiyanı, qardaşlığı və humanizmi vəsf edən şüarlar söyləyirdi, amma bu kələk ona kömək etmədi. Hakimlər müttəhimin tərifə layiq sözlərinə məhəl qoymadılar və onun uzun müddət qapalı tipli xüsusi müəssisədə saxlanması barədə hökm çıxardılar. Hökmdən aydın olur ki, bu adamı psixopat olduğuna görə deyil, törətdiyi konkret cinayətə görə məhkum etmişlər.

Qanuna görə, cinayət törətmiş vətəndaş, kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır – hətta həmin vətəndaş jurnalist, yaxud imtiyazlı psixopat da olsa. Sözün qısası, əgər "jurnalist" pul qoparmaqda və ya şantajda ifşa olunmuşdursa, əgər o, rüşvət alırsa və terrorçularla əməkdaşlıq edirsə, yaxud “eşqi başına vuranda” liftə girən qadına hücum çəkirsə, beləsini dərhal cəmiyyətdən təcrid etmək lazımdır, təcridetmənin müddətini isə məhkəmə müəyyən etməlidir.

Andreas Herkelin təhrikçi bəyanatlarından doğan kampaniyanın zirvəsi, apogeyi iyirmi-otuz nəfərdən ibarət etirazçı "jurnalistlər" qrupu oldu. Sindikat sahiblərinin hərtərəfli dəstəyinə güvənən bu insanlar özlərinin həyat tərzinə Azərbaycandan daha münasib hesab etdikləri ölkələrə daimi yaşamağa getmələrinə imkan verilməsini istəyirlər. Əgər həmin adamlar yalandan vay-şivən qaldırmırlarsa, onda bu, ölkəmizin əhalisinə taleyin çox gözəl və gözlənilməz bir hədiyyəsi olardı! Vaxt itirmədən mümkün olan hər şeyi etmək lazımdır ki, təki onlar fikirlərini dəyişməsinlər. Belə bir fürsəti əldən buraxmaq bağışlanmaz səhv olardı! Əgər Azərbaycan məmurları bu məsələdə kömək üçün cənab Herkelə müraciət etsələr, çox ədalətli iş olardı. Çünki yaranmış vəziyyətə görə mənəvi məsuliyyət əvvəl-axır məhz onun üzərinə düşür. Ümidvaram ki, cənab Herkel vicdanlı bir insan olaraq bu halda aradan çıxmayacaq və kol dibində gizlənməyəcək, əksinə, AŞ PA-nın beynəlxalq nüfuzundan və şəxsən özünün xarici siyasi əlaqələrindən istifadə edərək AŞ-nin qəyyumluq etdiyi ölkələrdən bakılı "jurnalistlərə" daimi yaşayış yeri verməyə razılıq alınmasına nail olacaqdır. Məsələnin həmin ölkələr tərəfindən müsbət həlli, şübhəsiz ki, bizim ölkəmizin əhalisinə qarşı yüksək humanizm və şəfqət aktı olardı. Lakin bu zaman həmin köçkünlərin Azərbaycan hüdudlarından kənarda işlə təmin edilməsi məsələsini də cənab Herkelə həvalə etmək nəzakətsizlik olardı, çünki bu, hətta çox güclü əlaqələrə malik nüfuzlu adamın belə gücü çata biləcək bir iş deyil. Ona görə yox ki, heç bir yaradıcılıq potensialı və normal redaksiya işi vərdişləri olmayan həmin "jurnalistləri" ongünlük sınaq müddətinin başa çatmasını belə gözləmədən, hətta heç yerdə adı olmayan əyalət qəzetindən də çölə atacaqlar. Xeyr, məsələ təkcə bunda deyil.

Mütləq nəzərə alınmalıdır ki, demokratik ölkələrin vətəndaşlarının yerli satqınlardan zəhlələri gedir və onlar bunu əsla gizlətmirlər, "gəmiylə gətirilən", şərəfsiz keçmişi olan və üst-başlarında ağzı açıq kanalizasiya quyularının çoxsaylı ləkələri qalmış subyektlərə aşkar şübhə və qərəzlə baxırlar. Buna görə də cənab Herkel qalmaqaldan uzaq olmaq, karyerasını qorumaq və özünü hörmətdən salmamaq istəyirsə, bu "jurnalistlər"lə tanış olması faktını Azərbaycandan kənarda bildirməməlidir.

Uzun illər boyu planetimizdə beynəlxalq siyasət iki fövqəldövlətdən biri olan Sovetlər İttifaqının hökmən iştirakı ilə həyata keçirilirdi. Lakin Sovetlər İttifaqı bəzi adamların qəlbində yaralar və nifrət hissi, başqalarında isə əvəzolunmaz itki hissi ilə qarışıq xiffət qoyaraq əbədiyyətə qovuşdu. Bundan dərhal sonra isə azad respublikaların yeni bir sarsılmaz birliyi - Avropa İttifaqı bütün həşəməti və qüdrəti ilə parlamağa başladı. Biri artıq haqq dünyasında olan, digəri isə hələ sağ-salamat olan bu iki ittifaq arasında ümumi cizgilər də müşahidə olunur. Özü də bu cizgilərin oxşarlığı ilbəil güclənir. Məsələn, Avropa İttifaqının, elə Avropa Şurasının özünün də, xarici siyasətindəki bəzi təzahürlər, istər-istəməz tarixin müxtəlif dönəmlərində Sovetlər İttifaqının dəst-xəttini və üslubunu xatırladır.

"Özüm oxumamışam, amma bu barəd öz rəyim var" sxemi vaxtilə çox bəlalar törədib. Lazımi məqamlarda həm ölkə daxilindəki arzuolunmaz qruplara, həm də ayrı-ayrı vətəndaşlara qarşı həmişə təsirli vasitə olmuş bu sxemi indi də bərpa ediblər. Oxumaq lazımdır, cənab Herkel! Özünüz oxumalısınız, yoxsa işlər elə korlanar ki, gəl görəsən!

Çox illər ötüb keçsə də, o dövrün hadisələri bir çox insanların yaddaşına əbədi həkk olunubdur. Sovet İttifaqında Boris Pasternak adında çox gözəl bir şair vardı. O, nəsr də yazardı. Pasternakın "Doktor Jivaqo" adlı gözəl romanına görə İsveç Akademiyası onu Nobel mükafatına layiq görmüşdü. Bundan dərhal sonra Pasternakı MK-ya dəvət etdilər və başa saldılar ki, sən şüurlu bir sovet vətəndaşı kimi bu burjua mükafatından imtina etməlisən. Amma şairlərin bəzən necə tərs və inadcıl olduqlarını təsəvvür etmək doğrudan da çətindir! Pasternak həmin mükafatdan imtina etməyəcəyini bəyan etdi. Bax, onda ucsuz-bucaqsız ölkənin bütün kənd və şəhərlərində, bütün müttəfiq respublikalarda isterik bir kampaniya başladı. On minlərlə zəhmətkeş - fəhlələr, kolxozçular, ziyalıların, o cümlədən yaradıcı ziyalıların nümayəndələri, onlarla birlikdə tək-tək kustarlar izdihamlı yığıncaqlarda, radio, televiziya və qəzetlər vasitəsilə hər gün "Doktor Jivaqo" romanını, onunla bir yerdə isə beynəlxalq imperializmin agenti olan şairin pozucu yaradıcılığını hay-küylə pisləməyə başladılar. Maraqlıdır ki, bu qədər odlu-alovlu, kinli-küdurətli çıxışlar edən zəhmətkeşlərdən heç biri romanı oxumamışdı, ona görə ki, o vaxtlar "Doktor Jivaqo" Sovet İttifaqında bircə dəfə də nəşr edilməmişdi.

Bəs Pasternak nə etdi? Böhtanlara tab gətirə bilmədi, geniş infarkt keçirdi və vəfat etdi - "Doktor Jivaqo"nun dünyanın hər yerində nəşr edilib yayıldığı günləri görmək ona qismət olmadı. Ay cənab Herkel, gördüyünüz kimi, məsuliyyətdən uzaq bəsirətsiz adamların oxumadığı mətnlər əsasında verdikləri siyasi bəyanatlar bəzən çox kədərli hadisələrlə nəticələnir.

Boşboğazlıq və ikili standartlar beynəlxalq məsələlərdə, xüsusilə onu tətbiq edən subyekt qarşı tərəfdən xeyli güclü olduğu hallarda, təsirli vasitələrdir.

Azərbaycanın qonşuları olan Gürcüstan və Ermənistana AŞ PA, demək olar ki, heç bir irad tutmur. Hərdən onları yüngülcə məzəmmətləsələr də, bunu mütləq çox nəzakətli, hətta iltifatlı bir tərzdə edirlər ki, bəs, uşaqlar, demokratiya ilə bağlı işləriniz qaydasına düşür, amma hər halda çalışın tez-tez şuluqluq etməyəsiniz. AŞ PA-nın fikrincə, bu ölkələrdə söz azadlığı məsələsi büsbütün və ya demək olar ki, tamamilə qaydasındadır, insan hüquqları sarıdan vəziyyət də babat, bəlkə də yaxşıdır. Nə etməli, onların nə bir qram nefti var, nə də ağ balıq kürüsü, belə olan halda AŞ PA onlardan nə uma bilər?!

Demokratiyanın keyfiyyətinə olan tələblərin səviyyəsi daim və bilavasitə neftin qiyməti ilə bağlı razılaşmalardan asılı olur. Bu, çox haldır! Özü də bu eybəcər asılılıq hər şeyə təsir edir - demokratik islahatların gedişinin dəyərləndirilməsinə də, Azərbaycanın ünvanına tənqidi rəylər söylənilməsinə də, üstəlik, bu işdə marağı olan nüfuzlu şəxslər tərəfindən Avropa Şurasında ölkəmiz haqqında formalaşdırılan rəyə də! Bu eybəcər asılılıq bütün səviyyələrdə seçkilərin təşkil olunmasının mənzərəsini tanınmaz dərəcədə dəyişdirməyə və onların nəticələrinə şübhə yaratmağa qadirdir.

Əgər bu - siyasətdirsə, onda çox pis siyasətdir. Ən azı ona görə ki, bu hiyləni burada artıq hamı çoxdan başa düşübdür.

Azərbaycanda insan hüquqları barədə bəzi qeydlərimi bildirmək istərdim. Azərbaycan ərazisində bu hüquqlar pozulur, özü də necə pozulur!.. Məsələn, özünün yerdəyişmə azadlığını həyata keçirmək arzusuna düşmüş vətəndaş nə etməlidir? Doğrudur, səfərinin məqsədini göstərməklə anket doldurmalı, xarici pasport almalı, tələb olunan başqa sənədləri toplamalı və onları fotoşəkilləri ilə birlikdə müvafiq səfirliyə və ya konsulluğa aparmalıdır. Bundan sonra həmin səfirlikdə və ya konsulluqda vizanın haqqını ödəyərək iki həftədən sonra icazə verilməsini gözləməli və yalnız bundan sonra həsrətində olduğu ölkəyə getmək üçün bilet almalıdır. Amma müəyyən olunmuş müddət başa çatanda Azərbaycan vətəndaşlarının çoxuna heç bir səbəb göstərilmədən rədd cavabı verilir. Narahat olmuş vətəndaşın bu cavabın səbəblərini öyrənmək cəhdləri nəticəsiz qalır, ona heç bir izahat verilmir: imtina olunub, vəssalam, necə deyərlər, bas bayıra! Belə hallarda səfirliyin, yaxud konsulluğun əməkdaşları sıravi vətəndaşın viza üçün ödədiyi pulu da ona qaytarmırlar. Bunun da səbəbini izah etmirlər, danışdıq, daha bəsdir, pul-zad yoxdur, bas bayıra! Alçaldılmış, bütün demokratik hissləri təhqir olunmuş sıravi vətəndaş ona qarşı bu cür ədəbsizliyin səbəbini başa düşmədən çıxıb gedir. Şikayət etmək fikrinə düşməyin mənası yoxdur, kimə və haraya şikayət edəsən?! Deyilənlərə onu da əlavə edək ki, bütün bünlar bu gün demokratiyanın dayağı sayılan ölkələrin səfirliklərində baş verir.

Sovet İttifaqında da ölkədən getmək üçün lazımi sənədlər təqdim etmiş sıravi vətəndaşları çox vaxt xaricə buraxmırdılar. Lakin bu zaman imtinanın səbəbini həmin vətəndaşlara nəzakətlə və ətraflı izah edirdilər. SSRİ dövründə əlilləri, ümumiyyətlə zahiri qüsurları olan insanları - axsaqları, taygözləri, barmağı olmayanları, çəpgözləri, çopurları və pəltəkləri, eləcə də özündən asılıolmadan gözlərini qırpan adamları xaricə buraxmırdılar. Məhkumluğu və ya partiya xətti ilə töhməti olanları, eləcə də partiyadan çıxarılanları buraxmırdılar. Narazı qalanlar Xalq Nəzarəti Komitəsinə və ya partiyanın Mərkəzi Komitəsinə şikayət edirdilər. Bəzən, çox nadir hallarda, qərara yenidən baxılırdı və bir bəxtəvər xaricə getməyə icazə ala bilirdi. Dayan! Pardon! Axı bütün bu biabırçılıqlar SSRİ-də – bu gün çoxlarını düşündüyü kimi, demokratiyadan əsər-əlamət olmayan, insanların, ümumiyyətlə, dəmir pərdə və həbs düşərgələri arasında daimi qorxu içində yaşadıqları bir ölkədə baş verirdi! Bəs indi nəyə görə belə olur? Açığını desək, çox zay bir vəziyyət yaranıb! Görəsən, peşəkar demokrat Andreas Herkel və onun dostları bu barədə nə fikirdədirlər? Bunu bilmək çox maraqlı olardı.

Bir məsələ də var. Bakıda şayiələr gəzir ki, səyahətə çıxmaq planları puç olanların bir qismi bir-iki həftə gözləyəndən sonra, əməlli-başlı rüşvət verməklə, hər halda, viza ala bilirlər - elə həmin o xarici əməkdaşlardan. Əlbəttə, bunlar fakt deyil, sadəcə yoxlanılmamış şayiədir, amma, təcrübə göstərirki, Bakıda şayiələr çox vaxt düz çıxır.

Mən "Qurd-quş bizi qorxutmur" sərlövhəli məqaləmdə ("Respublika" qəzeti, 13 fevral 2004-cü il) yazmışdım:

"Azərbaycan - Allahın xeyir-dua verdiyi ölkədir. Mən ümid edirəm ki, Allahın mərhəməti böyükdür və O, AŞ PA-nın və ATƏT-in rəhbərlərinə müdriklik bəxş edəcək və onlar ağlasığmaz hərəkətlərə, təhrikçiliyə və fitnəkarlığa qabil olan miskin subyektləri Azərbaycana göndərməyəcəklər. Qadir Allah, möcüzə göstər və elə et ki, bundan sonra ölkəmizə təmiz, vicdanlı və açıq niyyətli saf adamlar gəlsinlər. Mən başa düşürəm ki, bizim çətin zəmanəmizdə bu xahişimizi yerinə yetirmək, bəlkə, Sənin üçün də çətindir, amma, axı sən Allahsan. Qadir və ədalətlisən!"

AŞ PA birinci Andreası - Qrossu Azərbaycandan geri çağırıb, onun əvəzinə ikinci Andreası - Herkeli göndərdi. Və bu estoniyalı ikinci Andreas bütün siyasətçi keyfiyyətlərinə görə isveçrəli birinci Andreasdan da betərdir. Nə olar, gözləyək və belə bir fikirlə özümüzə təskinlik verək ki, Allahın işlərini bilmək olmaz. Onun xeyirxah niyyətlərinin dərin mənası olur, gizli mənaları anlamağa isə vaxt lazımdır.

Maqsud İBRAHİMBƏYOV,

xalq yazıçısı,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

(“Bakinskiy raboçiy”, 15.06.2007; “Vışka”, 15.06.2007; “Azərbaycan”, 17.06.2007; “Respublika”,
17.06.2007; “Xalq qəzeti”, 17.06.2007)